Azəri
Friday 29th of March 2024
0
نفر 0

QƏLBDƏ İMAN YARADAN SƏBƏBLƏR

 

Keçən bəhslərdə qeyd olundu ki, insanı bütün hallarda idarə və islah edən yeganə amil qəlbən iman və inamdır. Lakin qəlbən imanlı olmağın dörd yolu vardır.

1.Keçmiş günahlara tövbə.

2.Allaha ibadət etmək.

3.Əməldə ixlaslı olmaq.

4.Əhli beytə təvəssül etmək.

1. Tövbə

Qəlbdə iman yaradan amillərin birincisi keçmiş günahlardan tövbə edib, bir daha həmin günahlara qayıtmamaqdan ibarətdir. Çünki imanla günah bir qəlbdə heç vaxt qərar tutmaz. Günah iş görən və haram yeyən insanın qəlbində Allaha iman və inam olmaz. Tövbə əsl mənada üzr istəməyə deyilir. Lakin üzr istəməyin də üç yolu vardır. Yəni insan pis bir iş gördükdə üç cür üzr istəyə bilər.

Birincisi budur ki, insan pis iş gördükdən sonra etdiyi əməli boynuna almasın və desin ki, bu işi mən görməmişəm. Bir sözlə desək, yalan danışsın.

Üzr istəməyin ikinci yolu budur ki, insan pis iş gördükdən sonra etdiyi günaha bəhanə gətirərək özünü təmizə çıxarmaq istəyir. Məsələn, günah bir işi gördükdən sonra deyir ki, dostum bunu mənə təklif etdi, mən də o günahı elədim. Bu kimi misallar çoxdur. Bir sözlə desək, etdiyi günahların üstünü min cür bəhanə ilə ört-basdır edir.

Üzr istəməyin üçüncü mərhələsi budur ki, insan etdiyi günahı boynuna almaqla yanaşı peşman olub, bağışlanmasını istəsin. Yəni qəflət üzündən bir günah iş gördükdə üzünü Allaha tutub desin ki, İlahi, məni bağışla, şeytan məni yoldan çıxartdı.

Üzr istəməyin birinci və ikinci mərhələsi və yolu insanın öz-özünü aldatması və dünyasını düzəldib aqibətini pis günə qoymaqdır. Lakin üzr istəməyin üçüncü yolu isə tövbə adlanır və bizim əsas söhbətimiz də bu barədədir.

Alimlərin dediklərinə əsasən tövbənin tərifi belədir:

التَّوْبَةُ وَ هِيَ الرُّجُوعُ مِنَ الذُّنُوبِ القَوْلِيّ وَ الْفِعْلِيّ وَ الْفِكْرِيّ

“Tövbə-dildə, əməldə və fikirdə olan günahlardan qayıtmağa deyilir.”

Tövbənin ikinci tərifi belədir:

وَ هِيَ تَنْزِيهِ الْقَلْبِ عَنِ الذُّنّوبِ وَ الرُّجُّوعُ مِنَ الْبُعْدِ إِلَى الْقَرْبِ

“Tövbə qəlbi günahlardan təmizləmək və Allahdan uzaq düşənləri Ona yaxınlaşdırmaq deməkdir.”

Ayətullah Nəraqi tövbəni belə tərif edir:

وَ هِيَ تَرْكُ الْمَعاصِي فِى الْحَالِ وَالْعَزْمِ عَلَى تَرْكِهَا فِى الْإِسْتِقْبَالِ وَ تَدارُكُ مَاسَبَقَ مِنَ التَّقْسِيْرِ

“Tövbə - olduğu halda günahı tərk etmək, gələcəkdə bir daha günah etməyəcəyinə söz vermək və keçmişdə etdiyi günahları cübran etməyə (qılmadığı namazları qılmağa, tutmadığı orucları tutmağa və s.) deyilir.” 

Yeri gəlmişkən, burada tövbə bəhsinə aid olan bir mətləbi qeyd etməyi lazım bilirəm. O da budur ki, insan gərək tövbəni təxirə, bu gün sabaha salmasın və bacardığı qədər günahlardan tövbə edib tez qayıtsın. Çünki özlərini günaha bələmiş və günah dəryasında qərq olan insanların yeganə nicat yolu tövbə gəmisidir. Əgər bir şəxs günahdan qayıtmasa və tövbə etməsə, özünə zülm etmişdir. Allah-təala tövbə etməyənləri Hucurat surəsində zalım adlandırmışdır.

وَمَنْ لَمْ يَتُبْ فَأُوْلَئِكَ هُمُ الظَّالِمُونَ

“Məhz tövbə etməyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!)” 

Həzrət Peyğəmbər(s) İbn Məsuda buyurdu:

يَابْنَ مَسْعُود لا تُقَدِّم الذَّنْبَ وَ لا تُؤَخّْر التُّوبَةَ

“Ey İbn Məsud! Günahı qabağa salıb, tövbəni təxirə salma.”

قَالَ الصَّادِقُ(ع): إِنْ فَارَقْتَ سَيِّئَةَ فَعَجِّل مَحْوَهَا بِالتُّوْبَةِ

İmam Sadiq(ə) buyurur: “Günaha düşdüyün zaman, onu tövbə ilə məhv etməyə tələs” 

Buna görə də insan gərək günahlardan tezliklə tövbə etsin

قَالَ عَلِىٌّ(ع): عاص يقر بذنبه, خير من عامل يفتخر بعمله

İmam Əli(ə) buyurur: “Günahını boynuna alıb, tövbə edən günahkar şəxs öz ibadəti ilə fəxr edən şəxsdən yaxşıdır.”

قَالَ الْبَاقِرُ(ع): ما أراد الله من الناس الا خصلتين: ان يقرا له بالنعم فيزيدهم, و بالذنوب فيغفرها لهم

İmam Baqir(ə) buyurur: “Allah insanlardan iki xüsusiyyət və xisləti istəmişdir:

Birincisi budur ki, Allah istəyir ki, insanlar Onun verdiyi nemətlər qarşısında şükr etsinlər, O da onları bağışlasın. İkincisi də budur ki, Allah istəyir ki, insanlar etdiyi günahlarına iqrar edib tövbə etsinlər, O da onları bağışlasın.” 

Buna əsasən də tövbə edən şəxs günahlardan nicat tapmış olur. İnsanın günahı çox da olsa belə təmiz niyyətlə tövbə edərsə Allah onun tövbəsini qəbul edər. Lakin əgər bir şəxsin boynunda camaatın haqqı olarsa gərək birinci camaatın haqqını ödəsin, sonra tövbə etsin. Çünki həqqun-nasa riayət etməyən şəxsin tövbəsi qəbul olmur.

Üsuli-Kafi kitabında belə bir rəvayət olmuşdur ki, Nəxə vilayətindən bir nəfər İmam Baqir(ə)-ın hüzuruna gəlib dedi: Mən Həccac ibn Yusifin zamanından bu günə qədər onlar üçün işləmişəm. İndi mən tövbə etsəm qəbul olarmı? İmam bir söz danışmadı və sükut etdi. Həmin şəxs bir də imamdan soruşdu: Mən tövbə etsəm tövbəm qəbul olarmı? İmam Baqir(ə) buyurdu: Xeyr. Sənin boynunda hər kimin haqqı varsa və hər kimin malını qəsb etmisənsə gərək onların haqqını ödəyəsən. Sənin tövbən haqqı haqq sahibinə ödədikdən sonra qəbul olar 

Burada qeyd etmək lazımdır ki, tövbə iki cür olur. Biri həqqullah, yəni, Allahın qayda-qanunundan kənara çıxan şəxsin peşman olub tövbə etməsinə deyilir. İkincisi isə həqqün-nas adlanır. Həqqünnas odur ki, camaatın malını qəsb edən bir şəxs peşman olub camaata qəsb etdiyi mallarını verir və etdiyi bu günahlara görə də tövbə edir.

Əli ibn Əbi Həmzə deyir: Mənim bir dostum var idi. o bəni Üməyyənin işçilərindən idi. Bir gün İmam Sadiqin(ə) hüzuruna gəlib dedi: Ey Peyğəmbər nəvəsi, mən bəni Üməyyənin qapısında işləmişəm. Bu yolla çoxlu mal dövlət qazanmışam. Mənim üçün bir nicat və tövbə yolu varmı? İmam Sadiq(ə) buyurdu: Desəm əməl edəcəksənmi? Dedim: Bəli. İmam buyurdu: Sən hər kimin malını qəsb etmisənsə, gərək hamısını qaytarasan. Əgər tanıdığın adamların malını qəsb etmisənsə oparıb onların malını özlərinə qaytar. Yox əgər mallarını qəsb etdiyin adamları, tanımırsansa, onda apar onların adından sədəqə ver. Əgər belə etsən mən sənə Allah yanında Cənnətə getməyinə zamin duraram.”

Bu hədis və rəvayətlərdən belə məlum olur ki, insanı günahdan təmizləyən yeganə əməl tövbədir. Allah-təala Təhrim surəsinin 8-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا

“Ey iman gətirənlər! Allaha səmimi qəlbdən nəsuh tövbəsi edin.”

Nəsuh tövbəsi odur ki, insan etdiyi günahdan peşman olub əl çəksin və bir daha həmin günaha qayıtmasın.

İmam Kazim(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan etdiyi günaha tövöbə edib bir daha həmin günaha tərəf qayıtmasın.”  

İmam Sadiq(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan bir günaha tövbə etdikdən sonra bir daha həmin günaha qayıtmamasına söz versin.”

İmam Sadiqdən(ə) nəsuh tövbəsi nədir soruşduqda – İmam misal çəkərək belə cavab verdi: “Nəsuh tövbəsi odur ki, heyvanın döşündən sağılan südün bir daha geri qayıtmsı mümkün olmadığı kimi, eləcə də insan günahdan əl çəkdikdən sonra bir daha həmin günaha qayıtmasın.”

Əhməd ibn Hilal deyir: İmam Riza(ə)-dan nəsuh tövbəsinin nə olduğunu soruşdum.

İmam Riza(ə) belə cavab yazdı: “Nəsuh tövbəsi odur ki, insan onu etdikdən sonra daxili zahirindən gözəl olsun.”

Bu bəhsimizin nəticəsində qeyd etmək lazımdır ki, Allaha qəlbən imanlı olmağın birinci səbəbi günahlara tövbə etməkdir.

2. İbadət

Qəlbən imanlı olmağın ikinci yolu və səbəbi Allaha ibadət etməkdən ibarətdir. Allaha ibadət etdikcə tədricən insanda güclü iman yaranır və belə bir iman insanı bütün hallarda günahlardan qoruyub saxlayır və islah edir. Allah-təala “Hicr” surəsinin 99-cu ayəsində buyurur:

وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ

“Sənə yəqin hasil olanacan öz Rəbbinə ibadət et!”

Mərifət tapmaq (Allahı tanımaq) istəyən şəxs Ona ibadət etməlidir. Əgər bir kəs istəsə ki, Allah onun qəlbinə hakim olsun, gərək Allahın qarşısında səcdə edib, Ona ibadət etsin. Übudiyyət (Allaha ibadət və bəndəlik etmək) insanın yeganə nicat yoludur. Bəqərə surəsinin 21-ci ayəsində buna belə işarə edilir.

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey insanlar! Sizin və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi (təqvalı) olasınız.”

Ümumiyyətlə insanın yaranışından məqsəd elə həmin ibadətdir ki. Allah təala “Zariyat” surəsinin 56-cı ayəsində buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

“Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.”

Buna əsasən də insan Allaha ibadət edərkən eşq və məhəbbətlə ibadət etsin.

قَالَ رَسُولُ اللهِ(ص): أَفْضَلُ النَّاسِ مَنْ عَشَقَ الْعِبَادَةَ فَعَانَقَهَا وَ أَحَبِّهَا بِقَلْبِهِ وَ بَاشَرَهَا بِجَسَدِهِ وَ تَفَرَّغَ لَهَا

...

Həzrət Peyğəmbər(s) buyurur: “İnsanların ən fəzilətlisi Allaha eşq və məhəbbətlə ibadət edən, ibadəti tamam qəlbilə sevən, öz bədən üzvlərilə əmələ gətirən və ibadət üçün müəyyən bir vaxt təyin edən şəxsdir...”

İbadətin ikinci rükn və əsası günahlardan çəkinməkdən ibarətdir. Günah elə bir şeydir ki, insanın imanını yandırıb ruhunu fasidləşdirər.

Peyğəmbərin(s) buyurduğu kimi ibadət edənlərin dünyada heç bir narahatlığı olmaz. Onun üçün gecələri rahat və ya narahat yatmaq fərq etməz. Çünki Allaha ibadət edən şəxsin Allahdan başqasına heç bir ehtiyacı olmaz.

قَالَ الصَّادِقُ(ع): فى التوراة مكتوب: يابن آدم تفرغ لعبادتى أملأ قلبك غنى لى طلبك و على أن أسد فاقتك و أملأ قلبك خوفا منى وإ لا تفرغ لعبادتى أملأ قلبك شغلا بالدنيا ثم لا اسد فاقتك و أكلك الى طلبك

İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır: (Allah buyurur): Ey Adəm övladı, Mənə ibadət etmək üçün müəyyən bir vaxt ayır ki, sənin qəlbini (hər bir şeydən) qəni(ehtiyacsız) edim. Belə etsən səni öz başına buraxmaram və hər bir ehtiyac duyduğun şeyi sənə verərəm. Və sənin qəlbini Öz qorxu və məhəbbətimlə dolduraram. (Məndən başqa heç kəsdən qorxmazsan.) Əgər mənə ibadət etməsən və mənə ibadət etmək üçün vaxt ayırmasan, sənin qəlbini dünya (mal-dövlət) eşqi ilə dolduraram. Belə olduqda, sənin ehtiyaclarını ödəmərəm və səni başlı-başına buraxaram.” 

İbadətin mənası

İndi biz bilməliyik ki, ibadətin mənası nədir? Yaxşı olar ki, ibadətin mənasını məsumların hədislərindən öyrənək.

قَالَ الرضا(ع): اول عبادة الله معرفتة و صل معرفة الله توحيده

İmam Rza(ə) buyurur: “Allaha ibadətin birinci dərəcəsi Onu tanımaqdır. Mərifətin (Allahı tanımağın) əsli isə Onun vəhdaniyyətini qəbul etməkdir. (Ona şərik qoşmamaqdır.)

Ümumiyyətlə insan gərək ibadətdə Allahla öz arasında fasilə görməsin. Yəni insan həmişə bunu bilməlidir ki, Allah onun bütün əməllərini görür və onun nə edəcəyindən xəbərdardır. Allah-təala “Yunis” surəsinin 61-ci ayəsində buyurur:

وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلاَ تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ كُنَّا عَلَيْكُمْ شُهُودًا

“Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq.”

قَالَ رَسُولَ اللهِ(ص) اوصى النبى(ص) بأبى ذر: أُعْبُدُاللهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَراهُ فَإِنَّهُ يَراكَ

Həzrət Peyğəmbər(s) Əbuzərə vəsiyyət edərkən belə buyurdu: “Ey Əbuzər! Allaha elə ibadət et ki, guya Onu görürsən. Əgər sən Onu görməsən, bil ki, O səni görür.” 

Odur ki, insan əgər hər bir yerdə olursa olsun və hər hansı bir işi gərərkən başa düşsə ki, Allah onun əməllərinə şahiddir, o heç vaxt günah etməz.

İmam Baqir(ə) Yusif(ə)-la Züleyxanın əhvalatı barədə belə buyurur: “Züleyxa öz bütünün üstünə bir parça saldı. Yusif soruşdu: Niyə belə edirsən? Züleyxa dedi: Bütdən həya etdiyimə görə, bizi görməsin deyə üstünə parça saldım. Yusif dedi: Sən görməyi və eşitməyi bacarmayan bir bütdən həya etdiyin bir halda, mən öz Allahımdan həya etməyimmi?”

Həzrət Yusifi orada günahdan qoruyan qəlbində Allaha olan imanı oldu.

İbadətin rüknləri

Alimlərin tədqiqatına əsasən ibadətin üç rüknü vardır və hər bir ibadət edən şəxs bu üç rüknə əməl edərsə onun ibadəti öz kamil formasını almış olar. İbadətin rüknləri aşağıdakılardır:

1. Şəri vacib olan əməlləri yerinə yetirmək.

2. Günahdan qorunmaq.

3. Müstəhəb olan əməlləri yerinə yetirmək.

1 Şəri vacib olan əməlləri yerinə yetirmək

İnsan Allahın ona vacib etdiyi əməlləri mütləq yerinə yetirməlidir. Əgər bir şəxs dinin vacibatına əməl etməsə heç bir məqam və mərhələyə çatmağa nail olmayacaqdır. Mümkündür ki, bir şəxsnamaz qılmır, oruc tutmur və vacib əməlləri yerinə etirmir, lakin xəyalında özünün yüksək məqamda olduğunu və müqəddəs bir insan olduğunu fikirləşir. Xeyir belə insanlar heç vax yüksək məqama çata bilməzlər. Onların öz beyinlərində fikirləşdikləri məqamlar sadəcə olaraq bir xəyaldır və bu xəyal və təsəvvürlər şeytanın hiyəsidir ki, insanı Allahdan uzaqlaşdırır. Allahın vacib etdiyi əməlləri yerinə yetirməyən şəxsdə zərrə qədərdə olsun müqəddəslik yoxdur. Allahın ən acığı gəldiyi insan vacib əməlləri yerinə yetirməyən şəxslərdir.

قَالَ الصَّادِقُ(ع): يقول الله تعالى... ابن آدم اعمل بما افترض عليك تكن من اعبدالناس

İmam Sadiq(ə) bu barədə belə buyurur: Allah təala buyurur: ”Ey Adəm övladı, Mənim sənə vacib etdiyim əməlləri yerinə yetir ki, insanlar içərisində ən yaxşı ibadət edənlərdən olasan.”  

قَالَ رَسُولُ اللهِ(ص): من اتى بما افترض الله عليه فهو من اعبد الناس

Həzrət Peyğəmbər(s) buyurur: “İnsanlar arasında Allahın vacib etdiyi əməlləri yerinə yetirən şəxs hamıdan gözəl abiddir.” 

قَالَ عَلِىٌّ(ع): لا عبادة كأداء الفرائض

İmam Əli(ə) buyurur: “Vacib əməlləri yerinə yetirməkdən üstün ibadət yoxdur.”  

2 Günahdan qorunmaq.

İbadətin ikinci rüknü günahlardan çəkinməkdən ibarətdir. Günah elə bir şeydir ki, insanın imanını yandırıb ruhunu fasidləşdirər.

قَالَ السَّجَّادُ(ع): عجبت لمن يحتمى عن الطعام لمضرته و لا يحتمى من الذنوب لمعرفته

İmam Səccad(ə) buyurur: “Yeməyin ziyanından qorxub çəkinən, lakin günahın ziyanından qorxub çəkinməyən şəxslərə təəccüb edirəm.”

Bu hədisin mənasını daha aydın olması üçün bir misal çəkmək yerinə düşərdi. İnsanın qurluşu ruh və csimdən təşkil tapmışdır. Necə ki insan öz cisminin sağlamlığını qorumaq üçün zərərli yeməklərdən çəkinir, eləcə də ruhun sağlamlığını qorumaq üçün günahlardan çəkinməlidir. Məsələn şəkər xəstəliyinə tutulmuş şəxs şirin yeməklərdən çəkinir ki, xəstəliyi daha da artmasın. Eləcə də gərək günahlardan çəkinsin. Çünki günah insanın ruhunu fasid və xarab edir.

قَالَ عَلِى(ع): عجبت لأقوام يحتمون الطعام مخافة الأذى كيف لا يحتمون الذنوب مخافة النار

İmam Əli(ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, bəzi yeməklərin ziyanına görə onlardan qorxub çəkinirlər, lakin niyə görə günahın onları Cəhənnəmə aparmasından qorxub çəkinmirlər?”

Günahın insana ən böyük ziyanı odur ki, günah insanın qəlbini ləkələyir və insanın ruhunun nuraniyyətini aradan aparır. Allah-təala “Mütəffifin” surəsinin 14-cü ayəsində buyurur:

كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

“Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları günahlar pasla örtmüşdür.”

Ümumiyyətlə insan günah etdikcə qəlbin nuraniyyəti aradan gedir və qəlb qaralır.

قَالَ البَاقِرُ(ع): ما عبد الا فى قلبه نكتة بيضاء فإذا أذنب ذنبا خرج فى النكتة نكتة سوداء فإن تاب ذهب تلك السواد و إن تمادى فى الذنوب زاد ذالك السواد حتى يغطى البياض فإذا غطى البياض لم يرجع صاحبه الى خير أبدا و هو قول الله عزوجل "كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

İmam Baqir(ə) buyurur: “Hər insanın qəlbində ağ bir nöqtə vardır. İnsan günah etdikdə o nöqtədən bir qara nöqtə əmələ gəlir. Əgər insan etdiyi günaha tvbə edərsə qəlbində yaranan qara nöqtə pozulur. Əgər günaha davam edərsə, o, qara nöqtə o qədər çoxalar ki, qəlbin bütün ağlığını örtər və qəlbi tamamilə qaraldar. Qəlbin ağlığı aradan getdikdən sonra və qəlb tamamilə qaraldıqdan sonra, o qəlbin sahibi bir daha xeyir və səadətə çatmaz.

Sonra Həzrət buyurdu: Bu Allahın sözüdür “Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları günahlar pasla örtmüşdür.”

Bu ayə və hədislərdən belə məlum olur ki, insan günah etdikcə qəlbi qaralır və öz nuriyyətini əldən verir.

قَالَ عَلِى(ع): ما جفت الدموع الا القسوة القلب وما قست القلوب الا لكثرة الذنوب

Həzrət Əli(ə) bu barədə buyurmuşdur: “Allah qorxusundan ağlamağın səbəbi qəlbin paslanmasından, qəlbin paslanması isə günahların çoxluğundan irəli gəlir.”

Ən əsası budur ki, insan gərək həmişə Allahı öz başı üzərində nəzarətçi olduğunu başa düşüb hətta kiçik günahlardan belə çəkinsin. Çünki insan istər kiçik, istərsə də böyük günahları etmək fikrinə düşdükdə, başa düşməlidir ki, Allah onu görür. Ümumiyyətlə Allah qarşısında giçik günah etməyin özü Allaha cəsarət və hörmətsizlik sayılır. Və kiçik günahla Allaha cəsarət və hörmətsizliyin özü də böyük günahlardan hesab olunur. Çünki böyük günahın bir neçə əlaməti vardır ki, onlardan biri də kiçik günahların təkrar olunmasıdır.

قَالَ الرِّضا(ع): اصغائر من الذنوب طرق الكبائر و من لم يخف الله فى القليل لم يخفه فى الكثير

Bu barədə İmam Riza(ə) buyurur: “Kiçik günahlar böyük günahlara yol açır. Kiçik və az günahı edərkən Allahdan qorxmayan şəxs, böyük və çox günah etməkdən belə qorxmaz.” 

قَالَ الصَّادِقُ(ع): اتقوا المحقرات من الذنوب فإنها لا تغفر

قلت: و ما المحقرات؟ قال: الرجل يذنب الذنب فيقول طوبى لى لو لم يكن لى غير ذالك

İmam Sadiq(ə) buyurur: “Günahı kiçik saymaqdan çəkinin! Çünki o bağışlanmaz. Soruşdular: Günahı kiçik saymaq nədir?

Həzrət buyurdu: Bir şəxs günah iş gördükdən sonra deyə ki, mənim günahlarım etdiyim bu kiçik günahdırsa, xoş mənim halıma.

Kiçik günahları ardıcıl şəkildə edən və onları yüngül sayan şəxsi Allah bağışlamaz.

Həzrət Peyğəmbər(s) buyurur: “Allah-təala Üzeyr peyğəmbərə vəhy edərək buyurdu: Siz günahın kiçik olmasına baxmayın, lakin baxın görün ki, o günahı kimin qarşısında edirsiniz.”

Bu bəhsin nəticəsində Həzrət Əli(ə)-dan gözəl bir hədisi qeyd etmək yerinə düşər.

قَالَ عَلِى(ع): اتقوا معاصى الله فى الخلوات, فإن الشاهد و هو الحاكم

Həzrət Əli(ə) buyurur: “Gizlində də olsa belə Allaha günah etməkdən çəkinin! Çünki sizə şahid olan (Allah Özü də Qiyamət günü sizə) hakim olacaq.” 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment