Azəri
Friday 19th of April 2024
0
نفر 0

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (HƏR BİR CƏHƏTDƏN GÜNAHSIZ OLMASI) VƏHYİN TOXUNULMAZLIĞININ ZƏRURƏTİ

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (HƏR BİR CƏHƏTDƏN GÜNAHSIZ OLMASI)

VƏHYİN TOXUNULMAZLIĞININ ZƏRURƏTİ

Vəhyin lazımi mərifət əldə etmək üçün bir yol kimi zəruri olması, insanın əql və hissinin çatışmayan cəhətlərini bərpa etməsi aydın olduqdan sonra digər bir məsələ irəli gəlir:

Adi fərdlərin bu mərifət vasitəsindən birbaşa bəhrələnə bilmədiyindən, ilahi vəhyi almağa istedad və ləyaqəti olmadığından və ilahi xəbərlər çarəsizlikdən xüsusi şəxslər (peyğəmbərlər) tərəfindən onlara çatdırılmalı olduğundan belə xəbərlərin düzgün olmasına necə zəmanət verilə bilər? Peyğəmbərin özünün ilahi vəhyi düzgün almasına və onu camaata çatdırmasına necə xatircəm olmaq olar? Əgər Allahla peyğəmbərin arasında bir vasitə olmuşsa, onda peyğəmbərin öz vəzifəsini səhih şəkildə yerinə yetirib-yetirməməsi necə məlumdur? Çünki vəhy yolu o zaman lazımi dəyərə malik olar və bəşər elminin çatışmazlığını bərpa edə bilər ki, başlandığı mərhələdən insanlara çatdırıldığı mərhələyə qədər qəsdən və səhvən olan hər növ təhrifdən uzaq olsun. Əks halda, vasitədə, yaxud vasitələrdə səhv və unutqanlığa ehtimal verildiyi, yaxud onun məzmununda qəsdən təsərrüf edilməsi (əl gəzdirilməsi) gözlənildiyi halda insanlara çatdırılan xəbərdə xəta və düzgün olmamaq ehtimalı verilir. Bu da camaatın etimadının aradan getməsinə səbəb olur. Onda ilahi vəhyin camaatın əlinə düzgün və toxunulmadan çatdığına hansı yolla xatircəm olmaq olar?

Aydındır ki, vəhyin həqiqəti camaata naməlum qalsa, həmçinin onu almaq və onun barəsində agahlıq əldə etmək onlar üçün mümkün olmasa, aradakı vasitələrin düzgünlüyünə nəzarət etmək üçün heç bir yol olmayacaqdır. Yalnız xəbərin məzmununun əql tərəfindən qəbul edilən hökmlərlə müxalif olduğu halda onda müəyyən çatışmazlıqların olduğunu başa düşəcəklər. Misal üçün, əgər bir şəxs zidd olan şeylərin bir yerə toplanmasının mümkün, yaxud, vacib olmasını, yaxud nəuzubillah, ilahi zatda çoxluq, tərkib, yaxud zavala yer olduğunu Allah tərəfindən ona vəhy olunmasını iddia etsə, əqlin danılmaz hökmü ilə belə bir mətləbin batil və bu iddianın yalan olmasını isbat etmək olar. Amma vəhyə olan əsl ehtiyac əqlin isbat və ya inkar etməyə qadir olmadığı, xəbərin məfhum və məzmununu dəyərləndirib onun səhih və ya səhv olmasını ayırd edə bilmədiyi məsələlərdə duyulur. Belə hallarda vəhyin möhtəvasının səhih olmasını və onun vasitələrin (vəhyi çatdıranların) qəsdən, yaxud səhv üzündən etdiyi dəyişikliklərdən amanda olmasını necə isbat etmək olar?

Sualın cavabı: əql ilahi hikmətə diqqət yetirməklə 22-ci dərsdə bəyan olunan bürhan əsasında anlayır ki, əməli vəzifələri və həqiqətləri tanımaq üçün, həqiqətindən agah olmasa belə, başqa bir yol da olmalıdır. Həm də dərk edir ki, onun xəbərləri ilahi hikmətin tələbinə görə heç bir təhrif olmadan camaatın əlinə çatmalıdır. Əks halda, Allahın məqsədinə xələl gələr. Başqa sözlə desək, insanların ixtiyari təkamülləri üçün şəraitin yaranması və bəşərin xilqətindəki ilahi hədəfin gerçəkləşməsi üçün ilahi xəbərlərin bir, yaxud bir neçə vasitə ilə camaata çatmasının zəruri olması məlum olduqdan sonra ilahi kamal sifətlərinə istinad etməklə sübut olunur ki, bu xəbərlər qəsdən, yaxud səhvən olan dəyişilmədən mütləq amanda olmalıdır. Çünki əgər Mütəal Allah Özünün əmr və fərmanlarının bəndələrinə düzgün şəkildə çatmasını istəməsə, bu iş hikmətin əksinə olacaqdır. Halbuki, Allahın hikmətli iradəsi onu inkar edir. Əgər Allah Öz xəbərini bəndələrinə hansı yolla və kimlərin vasitəsilə göndərməsini bilməsə bu məsələ Onun sonsuz elmi ilə zidd olacaqdır. Əgər lazımi vasitələr seçərək onları şeytanların hücumlarından hifz edə bilməsə, bu məsələ də Onun sonsuz qüdrəti ilə uyğun gəlməyəcəkdir.

Deməli, Mütəal Allah hər şeyə alim olduğundan, Onun xətakarlığından agah olmadığı bir vasitə seçməsini ehtimal vermək olmaz. Allahın sonsuz qüdrətinə nəzər yetirməklə Öz vəhyini şeytanların təhrifindən, səhv və unutqanlıq kimi amillərdən qoruya bilməməsini ehtimal vermək olmaz. Eləcə də ilahi hikmətə nəzər yetirməklə Allahın Öz peyğamlarının xətadan amanda qalmasını istəməməsini qəbul etmək olmaz. Deməli, Allahın elm və qüdrəti Öz əmrlərinin sağlam və təhrif olunmadan bəndələrinə çatdırmasını tələb edir. Beləliklə də ilahi vəhyin toxunulmazlığı əqli dəlillərlə isbat olunur.

Buna əsasən vəhy mələyi (yaxud mələklərinin), eləcə də peyğəmbərlərin vəhyi almaq, həmçinin, onların ilahi xəbərləri çatdırmaq məqamında unutqanlıq, səhv, yaxud qəsdən ola biləcək xəyanətlərdən amanda olması sübuta yetir.

Buradan da Qurani-kərimin vəhy mələyinin əmanətdar olması, onun ilahi əmanəti qorumaqda qüdrəti, şeytanların ona dəxalət etməsinin qarşısının alınması, peyğəmbərlərin əmanətdar olması və bir sözlə, vəhyin insanlara çatdığı vaxta qədər hər bir xətadan toxunulmazlığına təkid etməsinin səbəbi aydın olur.

İSMƏTİN SAİR HALLARI

Yuxarıdakı bürhan əsasında mələklər və peyğəmbərlər üçün isbat olunan ismət məqamı vəhyin alınıb insanlara çatdırılmasına aiddir. Lakin ismətin digər halları da vardır ki, bu bürhanla sübuta yetmir. Onları üç qismə ayırmaq olar: 1-Mələklərin isməti, 2-Peyğəmbərlərin isməti, 3-Məsum İmamlar (ə), həzrət Məryəm (ə) və həzrət Fatimə (ə) kimi pak insanların isməti.

Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar iki məsələni irəli çəkmək olar: Birincisi, vəhy mələyinin vəhyi alıb peyğəmbərə çatdırmasına aid olmayan digər hallardakı isməti, başqası vəhy məsələsi ilə əlaqəsi olmayan sair mələklərin isməti. Məsələn, insanların ruzisinə, əməllərin qeyd olunmasına, ruhların alınmasına əmr olunan mələklər və s.

Peyğəmbərlərin ilahi risalətləri ilə əlaqədar olmayan işlərdəki ismətində də iki məsələ irəli çəkilir: Biri peyğəmbərlərin qəsdən olan günah və üsyankarlıqdan uzaq olmaları, digəri isə onların səhv və unutqanlıqdan uzaq olmaları. Bunların hər ikisini peyğəmbərlərdən başqaları barəsində də araşdırmaq olar.

Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar məsələlər o zaman əqli bürhanla həll oluna bilər ki, mələyin mahiyyəti məlum olsun. Lakin onların mahiyyəti ilə əlaqədar məsələlər nə asandır, nə də bizim kitabımızın həcmi ilə münasibdir. Buna görə də mələklərin ismətinə dəlalət edən iki Quran ayəsini zikr etməklə kifayətlənirik. Onlardan biri “Ənbiya” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:

“Onlar (mələklər) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz (Allahın əmrindən çıxmaz), yalnız Onun əmri ilə iş görərlər.”

Digəri isə “Təhrim” surəsinin 6-cı ayəsidir.

“Allahın onlara əmr etdiyi şeylərdə üsyankarlıq etməz, onlara əmr olunanlara əməl edərlər.”

Bu iki ayədə mələklərin dəyərli bir məxluq olması, işlərini yalnız Allahın hökmləri əsasında görmələri, Allahın fərmanlarına qarşı heç vaxt itaətsizlik etməmələri aşkar şəkildə görünür. Baxmayaraq ki, bu ayənin başqa mələklərlə əlaqədar olub-olmaması üzərində münaqişə irəli gələ bilər.

Peyğəmbərlərdən başqa digər insanlardan bəzilərinin isməti barəsində məsələ imamət bəhsi ilə daha münasib olduğuna görə, burada yalnız peyğəmbərlərin isməti ilə əlaqədar məsələləri araşdırırıq. Bu məsələlərin bəziləri yalnız nəqli dəlil əsasında həll oluna bilər. Lakin qayda üzrə bu, kitab və sünnənin höccət olmasının isbat edilməsindən sonra irəli çəkilməlidir. Buna baxmayaraq bu məsələnin mövzuları arasında uyğunluğa riayət olunması üçün onları elə burada araşdırır, kitab və sünnənin höccət olmasını isə bir əsas kimi qəbul edirik ki, öz yerində isbat olunsun.

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ

Peyğəmbərlərin günaha mürtəkib olmaqdan hansı həddə uzaq olmaları məsələsi ilə əlaqədar müsəlmanlar arasında ixtilaf mövcuddur. On iki imam şiələrinin etiqadına görə peyğəmbərlər təvəllüdün əvvəlindən ömürlərinin axırına qədər hər növ günahlardan (istər böyük olsun, istərsə də kiçik) amandadırlar. Hətta səhv və unutqanlıq üzündən belə onlardan heç bir günah baş vermir. Amma başqa məzhəblərdən bəziləri peyğəmbərlərin yalnız böyük günahlar qarşısında, bəziləri həddi-büluğa çatdıqdan sonra, bəziləri isə peyğəmbərliyə seçildikdən sonra ismətli olduğuna mötəqiddirlər. Sünnülərin bəziləri (həşəviyyə və əhli-hədisin bəziləri) ümumiyyətlə, peyğəmbərlərin ismətini inkar etmiş, onlardan hər növ günah baş verməsini, hətta, nübüvvət dövründə və qəsdən günah etmələrini mümkün hesab etmişlər.

Peyğəmbərlərin ismətini isbat etməzdən əvvəl bir neçə məsələni xatırladırıq:

1.Peyğəmbərlərin, yaxud başqa insanlardan bəzilərinin məsum olması dedikdə məqsəd təkcə günaha mürtəkib olmamaları deyildir. Çünki adi bir insanın da günaha mürtəkib olmaması, xüsusilə ömrü qısa olduqda belə mümkündür. Məqsəd budur ki, şəxs güclü nəfsani bir səciyyəyə malik olsun ki, ən ağır şəraitlərdə belə, onu günahdan saxlasın. Bu səciyyə də günahın çirkin olması ilə əlaqədar kamil və daimi agahlığa, nəfsani istəkləri cilovlamaq üçün qüvvəli iradəyə malik olmaqla hasil olur. Belə bir səciyyə Allahın xüsusi inayəti sayəsində mümkün olduğundan onun failiyyəti Mütəal Allaha nisbət verilir. Amma Mütəal Allahın məsum insanı günahdan məcburi olaraq çəkindirməsi və onun ixtiyarını əlindən alması da düşünülməməlidir. Nübüvvət və imamət kimi ilahi mənsəblərə malik olan şəxslərin isməti digər bir mənaya əsasən də Allaha nisbət verilir. Çünki, Allah onların günahdan amanda olmalarına zəmanət vermişdir.

Digəri budur ki, bir şəxs ismətli olduqda ona haram olan işləri tərk etməlidir. Məsələn, hər bir şəriətdə haram olan günahlar, həmçinin tabe olduğu əvvəlki şəriətdə mürtəkib olduğu haram olan işlər. Deməli, bir peyğəmbərin isməti onun öz şəriətində və onun özünə icazə verilən, amma əvvəlki şəriətlərdə haram olan, yaxud sonradan haram edilən işləri görməsi ilə zidd deyildir.

Üçüncüsü budur ki, məsum şəxsin ismətli olduğu günah dedikdə məqsəd fiqhdə haram adlandırılan əməldir. Eləcə də onun fiqh istilahında vacib olan əməlləri tərk etmək qarşısında da məsum olmasıdır. Amma günah və onun kimi kəlmələr daha geniş mənalara da malikdir ki, “tərki-övlaya” da buna şamildir. Belə günahların görülməsi ismət məqamı ilə zidd deyildir.

PEYĞƏMBƏRLƏRİN İSMƏT DƏLİLLƏRİ

Peyğəmbərlərin günah qarşısında istər qəsdən, istərsə də səhvən olan ismətinə etiqad şiələrin məşhur və danılmaz əqidələrindən biridir. Bunu məsum imamlar (ə) öz ardıcıllarına təlim vermiş və bu barədə müxaliflər qarşısında müxtəlif bəyanlarla dəlil gətirmişlər. Onların bu barədə gətirdiyi elmi mübahisələrin ən məşhuru imam Rzanın (ə) hədis və tarix kitablarında qeyd olunan mübahisəsidir.

Amma adi və mübah işlərdə səhv və unutqanlıqların inkar olunması məsələsinə gəldikdə isə bir qədər ixtilaf gözə dəyir və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərin zahiri də ixtilafsız deyildir. Onların barəsində dərin tədqiqat aparmaq geniş vaxt tələb edir. Hər bir halda onu zəruri etiqadlardan biri kimi qələmə vermək olmaz. Amma peyğəmbərlərin isməti üçün qeyd olunan dəlillər iki dəstəyə bölünür:

1.Əqli dəlillər

2.Nəqli dəlillər

Bunların içərisində ən çox nəqli dəlillərə etimad olunur. Biz burada iki əqli dəlili qeyd etdikdən sonra bəzi Quran ayələrini də qeyd edəcəyik.

PEYĞƏMBƏRLƏRİN İSMƏTİ BARƏSİNDƏ ƏQLİ DƏLİLLƏR

Peyğəmbərlərin günaha mürtəkibolma qarşısında ismətinin zəruri olması barədə birinci əqli dəlil bundan ibarətdir ki, onların besətində əsas hədəf bəşəriyyətin Allah tərəfindən təyin olunan həqiqət və vəzifələrə doğru hidayət edilməsidir və onlar həqiqətdə Allahın insanlar arasında olan nümayəndələridir ki, başqalarını düz yola hidayət etməlidir. Deməli, əgər bu nümayəndələr ilahi göstərişlərə laqeyd yanaşsalar və öz vəzifələrinin əksinə əməl etsələr, camaat onların əməl və rəftarlarının dediklərinə zidd olduğunu görəcək, artıq onların sözlərinə lazımi qədər etimad etməyəcək və nəticədə onların besətində nəzərdə tutulan hədəf, ümumiyyətlə, həyata keçməyəcəkdir. Deməli, Allahın hikmət və mərhəməti peyğəmbərlərin pak, günah qarşısında məsum, hətta səhv və unutqanlıq üzündən belə, yaramaz işlər baş verməyən şəxslər olmasını tələb edir ki, camaat səhv və unutqanlıq iddiasını günaha mürtəkib olmaq üçün bir bəhanə qərar verdiklərini güman etməsinlər.

Peyğəmbərlərin ismətinə ikinci əqli dəlil budur ki, onlar öz risalətlərini və vəhyin möhtəvasını camaata çatdırıb onlara düz yolu göstərməyə, eləcə də onların ruhən və mənən təlim-tərbiyəsinə, aludəliklərdən təmizlənməsinə, istedadlı şəxsləri insaniyyətin kamal mərhələsinə çatdırmağa vəzifəlidirlər. Başqa sözlə, onlar təlim və yol göstərmək vəzifəsindən əlavə insanları tərbiyə edib onlara yol göstərməyi də öhdələrinə almışlar. Bu özü də cəmiyyət fərdlərinin ən görkəmli və ən istedadlı şəxslərinə şamil olan hərtərəfli tərbiyədən ibarətdir. Belə bir məqam yalnız özləri insani kamalın ən yüksək dərəcələrinə çatan və nəfsani səciyyələrin (ismət məlakəsinin) ən kamil həddinə malik olan kəslərə layiqdir.

Bundan əlavə, əsas etibarı ilə bir mürəbbinin başqalarını tərbiyə edərkən özündən göstərdiyi davranış və rəftarın rolu onun sözündən daha mühümdür. Rəftar və davranış baxımından müəyyən nöqsanlı hallara və çatışmazlıqlara malik olan bir şəxsin sözləri də gözəl nəticələr və təsirlər qoymayacaqdır. Deməli, Allahın, peyğəmbərləri cəmiyyətin tərbiyəçiləri və mürəbbiləri ünvanı ilə göndərməkdə hədəfi yalnız o zaman kamil şəkildə həyata keçəcəkdir ki, onlar əməldə, rəftarda və danışıqda hər növ sapmadan, günahdan uzaq olsunlar.

PEYĞƏMBƏRLƏRİN İSMƏTİNƏ NƏQLİ DƏLİLLƏR

1.Qurani-kərim insanlardan bir qrupunu müxləs (Allah üçün xalis olunmuş) adlandırır ki, hətta İblisin belə onları aldatmağa ümidi yoxdur. Belə ki, o, Adəm övladlarını aldadıb yoldan çıxaracağına dair and içdiyi zaman müxləsləri istisna etmişdir. “Sad” surəsinin 82-83-cü ayələrində İblisin dilindən belə deyilir:

“İblis dedi: (Pərvərdigara!) Sənin izzətinə and olsun, onların hamısını aldadıb yoldan çıxarcağam, yalnız Sənin müxləs bəndələrindən başqa.”

Şübhəsiz, İblisin onları azdırmağa ümidi olmaması onların azğınlıq və aludəlik cəhətindən toxunulmaz və ismətli olduğuna görədir. Əks halda, onun düşmənçiliyi peyğəmbərlərə də şamil olar və əgər belə olmasaydı, onları azdırmaq fikrindən heç vaxt əl çəkməzdi.

Deməli, müxləsin mənası məsumla bərabər olacaqdır. Bu sifətin yalnız peyğəmbərlərə aid olmasına heç bir dəlil mövcud deyil, amma, buna baxmayaraq onlara da şamil olur. Belə ki, Quran peyğəmbərlərdən bir qrupunu müxləs hesab etmişdir. “Sad” surəsinin 45-46-cı ayələrində buyurulur:

“Bizim bəndəmiz İbrahimi, İshaqı, Yəqubu yada sal. Onlar əl (qüdrət) və bəsirət sahibi idilər. Biz onları xalis etdik...”

“Məryəm” surəsinin 51-ci ayəsində buyurulur:

“Kitabda Musanı zikr et. Həqiqətən o müxləs, rəsul və nəbi idi.”

Həzrət Yusifin günaha düşməyin ən ağır şəraitlərində olmasına baxmayaraq, günahdan amanda qalmasının səbəbi onun müxləs olması hesab edilir. “Yusif” surəsinin 24-cü ayəsində belə buyurulur:

“Beləliklə, Biz ondan pisliyi və yaramaz işləri kənarlaşdırdıq. Həqiqətən o, Bizim müxləs bəndələrimizdən idi.”

2.Qurani-kərim peyğəmbərlərə mütləq şəkildə itaət etməyi vacib bilmişdir. O cümlədən “Nisa” surəsinin 63-cü ayəsində buyurulur:

“Biz hər bir peyğəmbəri göndərdiksə, yalnız Allahın izni ilə itaət olunsun deyə (göndərdik).”

Onlara mütləq şəkildə itaət edilməsi o zaman səhih ola bilər ki, Allaha itaət etmək məqsədilə olsun və onlara itaət edilməsi Mütəal Allaha itaət etməklə zidd olmasın. Əks halda Allah-taalaya mütləq şəkildə itaət əmri verilməsi ilə xəta və inhiraf ərəfəsində olan şəxslərə mütləq şəkildə itaət edilməsinə əmr edilməsi ziddiyyətə gətirib çıxarar.

3.Qurani-kərim ilahi mənsəbləri o kəslərə aid edir ki, onlar zülmə aludə olmasınlar. İbrahim (ə) imamət məqamının öz övladlarına da çatmasını Allahdan istədikdə cavabında buyuruldu:

“Mənim əhdim zalımlara çatmaz.”

Bildiyimiz kimi, hər bir günah ən azı nəfsə zülm etmək sayılır və Quranın istilahında hər bir günahkar şəxs zalım adlandırılır. Deməli, peyğəmbərlər, yəni ilahi məqam, nübüvvət və risalət sahibləri hər növ zülm və günahdan amanda olmalıdırlar.

Digər ayələrdən və nəql olunan çoxlu rəvayətlərdən də peyğəmbərlərin ismətli olmasını aydınlaşdırmaq olar ki, onları burada qeyd etmirik.

PEYĞƏMBƏRLƏRİN İSMƏTİNİN SİRRİ

Bu dərsin sonunda peyğəmbərlərin ismətinin sirrinə işarə etmək lap yerinə düşərdi. Onların vəhyi almaq məqamında günahsız olmalarının sirri bundan ibarətdir ki, ümumiyyətlə, vəhy idrakı xətaya yol verilən idraklar qəbilindən deyildir. Onu almağa ləyaqət və istedadı olan şəxsdə bir elmi həqiqət vardır ki, hüzuri olaraq onu dərk edir və onun vəhy edən şəxslə olan rabitəsini müşahidə edir, istər mələk bunda vasitə olsun, istərsə də olmasın.

Vəhyi alan şəxsin onu alıb-almamaq barəsində şəkkə düçar olması, yaxud kimin ona vəhy etməsi, vəhyin məzmun və məfhumunun nədən ibarət olması barədə şəkk etməsi qeyri-mümkündür. Amma bəzi saxta hədislərdə qeyd olunan “bir peyğəmbər öz peyğəmbərliyində şəkk etdi”, yaxud “vəhyin məzmununu dərk etmədi”, yaxud da “vəhy edən şəxsi tanımadı” kimi sözlərin hamısı sırf yalandır. Bu kimi batil mətləblər öz varlığında, yaxud öz hüzuri elmində şəkk etməsini deyən şəxsin sözünə bənzəyir!!!

Amma peyğəmbərlərin ilahi vəzifələrini yerinə yetirmək, yəni Pərvərdigarın sözünü camaata çatdırmaq məqamında ismətinin sirri bir neçə müqəddiməyə bağlıdır:

Bəşərin ixtiyari işləri belə baş verir: İstənilən işlə bağlı insanın daxilində bir meyl yaranır və müxtəlif amillər nəticəsində təhrik olunur. Şəxs müxtəlif elm və idrakların köməyi ilə istədiyi şeyə çatmaq yolunu ayırd edərək onunla münasib olan bir işə əl atır. Əgər bir-biri ilə zidd olan meyl və keşməkeşlər mövcud olsa, onların ən yaxşısını və ən dəyərlisini seçib götürməyə çalışacaqdır. Lakin bəzi hallarda elmin yetərli olmadığına görə ən yaxşısını seçib dəyərləndirməkdə səhv edir. Yaxud daha yaxşı işdən qafil olması, daha pis işə adət edib onunla ünsiyyətdə olması pis seçimə səbəb olur və düzgün təfəkkür edib ən səlahiyyətlisini seçməyə macal qalmır.

Deməli, insan həqiqətləri nə qədər yaxşı tanıyıb onlar barəsində agahlıq əldə etsə və daha çox diqqət yetirib daha artıq müqavimət göstərsə, eləcə də batini həyəcan və meyllərinin cilovlanmasında daha güclü iradəyə malik olsa daha yaxşı seçimdən bəhrələnəcək və bir çox sapmalardan və əyintilərdən amanda qalacaqdır.

Məhz buna görə də istedadlı şəxslər lazımi nəzəriyyə və elmdən bəhrələndiklərinə, səhih tərbiyəyə malik olduqlarına görə fəzilət və kamalın müxtəlif mərtəbələrinə çatır, bəzən ismət sərhədlərinə belə yaxınlaşırlar, hətta günah və çirkin işin fikri belə onların başlarından keçmir. Məsələn, heç bir ağıllı adam öldürücü zəhəri içmək, üfunətli və murdar şeyləri yemək fikrini beynindən keçirməz.

İndi fərz edək ki, hər hansı bir fərdin həqiqətləri tanımaq üçün istedadları özünün son həddindədir. Onun ruhi səfası və qəlbinin paklığı da ən yüksək səviyyədədir. Qurani-kərimin dili ilə desək, “xalis və zülal zeytun yağı kimi yanmağa hazırdır, sanki odla təmasda olmadan öz-özünə şölə çəkib yanmaq istəyir.” Onlar bu kimi güclü istedadların və zati sifətlərin sayəsində ilahi tərbiyədən bəhrələnir və Ruhul-qudsun vasitəsilə qüvvətləndirilirlər. Belə bir şəxs kamal mərhələlərini vəsfə sığmaz sürətlə qət edib adi insanın yüz ildə ötə biləcəyi yolu ani olaraq ötüb keçir, hətta uşaqlıq çağlarında və ana bətnində belə başqalarından üstün olur. Belə bir şəxs üçün bütün günahların çirkin olması başqalarının zəhər içməsi, murdar və iyrənc şeyləri yeməkdən çəkinməsi qədər aşkardır. Adi bir şəxs belə işlərdən çəkinməkdə məcbur olmadığı kimi məsum şəxsin də günahdan çəkinməsi onun ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir.

BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ

Peyğəmbərlərin isməti ilə əlaqədar bəzi şübhələr irəli çəkilmişdir ki, onların cavabını veririk:

Birinci şübhə: Əgər Mütəal Allah peyğəmbərləri günaha mürtəkib olmaqdan saxlayıbsa və bu da vəzifələrinin yerinə yetirilməsinə zəmanət verirsə, bu halda onlar üçün “ixtiyari olmaq” imtiyazı sübuta yetmir. Nəticədə vəzifələrini yerinə yetirmək və günahlardan çəkinmək üçün mükafata layiq görülməyəcəklər. Çünki əgər Mütəal Allah başqa bir şəxsi də məsum qərar versəydi, onlar da peyğəmbərlər kimi olardılar.

Bu şübhənin cavabı yuxarıda qeyd edilənlərdən aydın olur. Onun xülasəsi budur ki, məsum olmağın mənası vəzifələrin yerinə yetirib günahları təkr etməkdə məcbur olmaq deyildir. (Bu, əvvəlki dərsdə bəyan olundu.) Allahın da məsumlar üçün ismət bağışlayan və onları günahlardan qoruyan olmasını demək ixtiyari işlərin onlardan alınması demək deyildir. Çünki bütün varlıqların, nəticə etibarı ilə Allahın təkvini iradəsinə istinad verilməsinə baxmayaraq Allah tərəfindən xüsusi bir izahat (tövzih) mövcud olduqda işlərin Ona istinad verilməsi ikiqat olacaqdır, lakin Allahın iradəsi insanın iradəsi ilə eninə deyil, uzununadır və Onun iradəsinin əvəzedicisi ünvanı ilə deyildir.

Amma Allahın məsumlar ilə əlaqədar xüsusi inayətinə gəldikdə, xüsusi şəxslər üçün nəzərdə tutulan müəyyən imkanlar (şərait və səbəblərdə olduğu kimi) onların məsuliyyətini və işlərinin mükafatını, müxalifət edəcəkləri təqdirdə isə onların cəzalarını qat-qat artırır. Beləliklə, məsum şəxsin özünün gözəl seçim və ixtiyarına əsasən cəzaya layiq olmayacağına baxmayaraq, mükafat ilə cəza arasında tarazlıq yaranır. Bu uyğunluğu xüsusi nemətlərdən bəhrələnən şəxslər barəsində də mülahizə etmək olar. Belə ki, din alimləri və Peyğəmbər Əhli-beytinə (ə) bağlı olan şəxslər daha həssas və ağır məsuliyyətə malikdirlər. Buna görə də onların yaxşı əməllərinin mükafatı daha çox, (günaha mürtəkib olduqları fərz edildikdə) günahlarının cəzası isə daha artıq olur. Məhz buna görə də hər kəs yüksək mənəvi məqama malik olsa onun süquta düşmə təhlükəsi daha artıq, sapma qarşısında qorxusu daha çox olacaqdır.

İkinci şübhə: peyğəmbərlər və sair məsumlar dua və münacatlarında özlərini günahkar hesab edir və günahlarından istiğfar edirdilər. Onları, bu cür etiraf və iqrarları ilə necə məsum hesab etmək olar?

Bu sualın cavabı budur ki, mövcud dərəcələrindəki fərqlərlə yanaşı, kamalın ən yüksək mərhələsində, ilahi qürb məqamında olan məsumlar özləri üçün başqalarının vəzifələrindən qat-qat artıq olan vəzifə hiss edirdilər, onlar hətta məbuddan və öz məhbublarından başqasına diqqət yetirməyi belə böyük bir günah hesab edirdilər, məhz buna görə də üzrxahlıq məqamında istiğfar edirdilər. Əvvəldə qeyd olunduğu kimi, peyğəmbərlərin isməti dedikdə məqsəd hər hansı yolla günah sayıla bilən işlərdən amanda olması deyil, onların fiqhdə haram sayılan əməllərə mürtəkib olmaları, vacib vəzifələrlə müxalifət etmək qarşısındakı isməti nəzərdə tutulur.

Üçüncü şübhə: Quranın peyğəmbərlərin isməti barəsində gətirdiyi dəlillərdən biri də onların müxləs olması, şeytanın onlarda heç bir tamah gözünün olmamasıdır. Halbuki Qurani-kərimin özündə şeytanın peyğəmbərlərdə təsərrüf etməsi qeyd olunur. O cümlədən “Əraf” surəsinin 27-ci ayəsində buyurulur:

“Ey Adəm övladı! Şeytan sizin ata-ananızı (aldadıb) behiştdən çıxartıdğı kimi, sizi də aldatmasın.”

Belə ki, həzrət Adəm və Həvvanın aldadılaraq behiştən çıxarılması şeytana nisbət verilir. “Sad” surəsinin 41-ci ayəsində həzrət Əyyubun dilindən belə deyilir: “O, Rəbbini çağıraraq dedi: Şeytan mənə bəla və əzab yetirmişdir.” “Həcc” surəsinin 52-ci ayəsində bütün peyğəmbərlər üçün şeytanın müəyyən təlqinləri olduğu göstərilərək buyurulur:

“Səndən əvvəl elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o, bir şeyi arzu edəndə Şeytan onun arzusuna bir xələl qatmasın.”

Cavab budur ki, bu ayələrin heç birində peyğəmbərlərin vacib vəzifələrlə müxalifət etməsinə səbəb olacaq heç bir təsərrüf şeytana nisbət verilməmişdir. Amma “Əraf” surəsinin 27-ci ayəsi şeytanın qadağan olunmuş ağacın meyvələrindən yemək barəsindəki vəsvəsəsinə işarə edir ki, onun meyvələrini yemək barədə təhrimi nəhy (haram olması məqsədilə çəkindirmə) olmamışdır, yalnız Adəm və Həvvaya xatırladılmışdır ki, o ağacın meyvələrindən yemələri cənnətdən çıxaraq yer üzünə enmələrinə səbəb olacaqdır. Şeytanın vəsvəsəsi onların bu irşadi nəhy (tərbiyə məqsədi ilə çəkindirmə) ilə müxalifətinə səbəb oldu. Ümumiyyətlə, onların olduğu aləm təklif aləmi deyildi və hələlik şəriət də nazil olmamışdı. Amma “Sad” surəsinin 41-ci ayəsi şeytan tərəfindən həzrət Əyyuba yönələn əzab-əziyyətlər və giriftarçılıqlara işarə edir. Amma bunlar o həzrətin Allahın əmr və nəhyləri ilə müxalif olmasına heç bir dəlalət etmir. “Həcc” surəsinin 52-ci ayəsi şeytanın bütün peyğəmbərlərin camaatı hidayət etməklə əlaqədar arzularının gerçəkləşməsi yolunda törətdiyi maneələrə işarədir. Nəhayət, Mütəal Allah onun hiylə və məkrini batil edərək haqq dini möhkəmləndirir.

Dördüncü şübhə: “Taha” surəsinin 121-ci ayəsində həzrət Adəmə üsyankarlıq, həmin surənin 115-ci ayəsində isə unutqanlıq nisbəti verilir. Belə nisbətlər o Həzrətin isməti ilə necə uyğun gələ bilər?

Bu şübhənin cavabı keçən bəyanlardan aydın olur: belə üsyankarlıq və unutqanlıqlar vacibi təkliflərlə əlaqədar deyildi.

Beşinci şübhə: Qurani-kərimdə bəzi peyğəmbərlərə yalan nisbəti verilmişdir. O cümlədən “Saffat” surəsinin 89-cu ayəsində həzrət İbrahim (ə) “Mən xəstəyəm” - deyir, halbuki, o, xəstə deyildi. “Ənbiya” surəsinin 63-cü ayəsində o Həzrətin dilindən deyilir:

“Bu işi onların bu böyüyü etmişdir.”

Halbuki bütləri özü sındırmışdı. “Yusif” surəsinin 70-ci ayəsində isə buyurulur:

“Sonra carçı: «Ey karvan əhli! Siz, həqiqətən, oğrusuzun!» - deyə haray çəkdi.”

Halbuki Yusifin qardaşları oğurluq etməmişdilər.

Cavab budur ki, bəzi rəvayətlərdə daha mühüm məsləhətə riayət etmək üçün başqa mənanı nəzərdə tutmaqla digər sözlər işlədilmişdir. Bəzi ayələrdən də aydın olur ki, bu ilahi ilham sayəsində olmuşdur. Belə ki, həzrət Yusifin barəsində buyurulur:

“Biz Yusifə belə bir tədbir öyrətdik.”

Hər halda belə yalanlar günah və ismətlə müxalif deyildir.

Altıncı şübhə: Həzrət Musanın (ə) əhvalatında qeyd olunur ki, o, Bəni-İsraildən olan bir nəfərlə dalaşan qibti bir şəxsi qətlə yetirdi. Buna görə də Misirdən qaçdı və Mütəal Allah tərəfindən fironçuları Allah yoluna dəvət etməyə məmur edildiyi vaxt dedi:

“Onlar qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürücəklərindən qorxuram.”

Sonra Firon həmin qətl hadisəsini Musaya xatırlatdığı zaman onun cavabında dedi:

“Bunu etdiyim zaman mən cahillərdən idim.”

Bu hadisə peyğəmbərlərin hətta besətdən qabaqkı dövrdəki ismətləri ilə necə uyğun gələ bilər?

Cavab budur ki, əvvəla qibti bir şəxsin öldürülməsi qəsdən olan bir iş deyildi, əksinə o, təsadüfi olaraq yumruq zərbəsindən ölmüşdü. İkincisi “və ləhum ələyyə zənbun” (onların qarşısında boynumda bir günah da var) sözü fironçuların nəzərinə əsasən deyilmişdi. Məqsəd bu idi ki, onlar məni qatil və günahkar hesab edirlər. Qisas alaraq məni öldürmələrindən qorxuram. Üçüncüsü “və ənə minəz-zalimin” (cahillərdən idim) cümləsi ya fironçularla mülayim rəftar etmək üçün deyilmişdir, (yəni “tutaq ki, o zaman mən yolumu azmışdım, lakin indi Allah məni hidayət etmiş və qəti bürhanlarla sizə doğru göndərmişdir” demək istəyir), yaxud “zəlal” kəlməsindən məqsəd bu işin axır aqibətindən agah olmamaqdır. Hər halda bu ayə həzrət Musanın (ə) ilahi vacib təkliflərlə müxalifət etməsinə əsla dəlalət etmir.

Yeddinci şübhə: “Yunis” surəsinin 94-cü ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurulur:

“Əgər sənin, Bizim sənə nazil etdiyimizdə şəkkin olsa səndən qabaq kitab oxuyan şəxslərdən soruş. Həqiqətən, Rəbbin tərəfindən sənə doğru haqq gəlmişdir. Şəkk-şübhə edənlərdən əsla olma.”

“Bəqərə” surəsinin 147-ci, “Ali-İmran” surəsinin 60-cı, “Ənam” surəsinin 114-cü, “Hud” surəsinin 17-ci, “Səcdə” surəsinin 23-cü ayəsində də o Həzrət (s) şəkk və tərəddüddən çəkindirilmişdir. Necə demək olar ki, vəhy idrakında şəkk və tərəddüdə yer yoxdur?

Cavabı budur ki, bu ayələr o Həzrət (s) üçün şəkk baş verməsinə dəlalət etmir. Əksinə bunu çatdırmaq istəyir ki, onun risaləti, Quranın haqq olması və onun məzmunu barəsində şəkk və tərəddüdə yer yoxdur. Həqiqətdə bu cür xitablar “qızım sənə deyirəm, gəlinim sən eşit” atalar sözünə bənzəyir.

Səkkizinci şübhə: Qurani-kərim Peyğəmbəri-Əkrəmə (s) müəyyən günahları nisbət vermiş və buyurmuşdur ki, Allah onları bağışlamışdır:

“Ta ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın.”

Cavab budur ki, bu şərif ayədəki “zənb” kəlməsindən məqsəd müşriklərin hicrətdən qabaq və sonra o Həzrət üçün inandıqları günah idi. Çünki, Peyğəmbər (s) onların məbudlarını təhqir edirdi. “Onları bağışlamaq” dedikdə isə məqsəd həmin işlərin ehtimal veriləcək təsirinin aradan aparılmasıdır. Bu təfsirin şahidi budur ki, Allah Məkkənin fəthini onun bağışlanması hesab edərək buyurur: “İnna fətəhna ləkə fəthən mubina” (Həqiqətən, Biz sənə açıq-aşkar bir fəth bəxş etdik). Aydındır ki, burada məqsəd şəriət istilahında olan günah olsaydı, onun bağışlanmasının Məkkənin fəthi ilə əlaqələndirilməsinin heç bir əsası olmazdı.

Doqquzuncu şübhə: Qurani-kərim Peyğəmbərin (s) Zeydin boşadığı arvadla evlənməsi (Zeyd onun oğulluğu idi) ilə əlaqədar buyurur:

“Sən camaatdan qorxursan. Allah, Ondan qorxmağa daha layiqdir.” Belə bir təbirin ismət məqamı ilə necə uyğunluğu var?

Cavab budur ki, Peyğəmbər (s) qorxurdu ki, camaat imanlarının zəif olduğuna görə Allahın göstərişi ilə və cahiliyyət dövrünün yanlış adət-ənənələrini (oğulluğu həqiqi övlad saymağı) pozmaq üçün gördüyü tədbiri o Həzrətin (s) şəxsi meylləri ilə əlaqələndirsinlər və bu da onların dindən çıxmalarına səbəb olsun. Mütəal Allah bu şərif ayədə Öz Peyğəmbərinə (s) bu adətin pozulmasındakı məsləhətin onun (s) əməli mübarizəsi əsasında ilahi iradə ilə bu yalnış təsəvvürə və əqidə arasında yaranacaq qorxudan daha mühüm olduğunu xəbər verir. Deməli, bu şərif ayə o Həzrətə heç bir vəchlə tənə vurmur.

Onuncu şübhə: Qurani-kərim Peyğəmbəri (s) məzəmmət edir. Onun (s) bəzi şəxslərə müharibədə iştirak etməmək icazəsi verməsi ilə əlaqədar buyurur:

“Allah səni əfv etsin, nə üçün onlara icazə verdin?!”

Həyat yoldaşlarından bəzisini razılığını cəlb etmək məqsədi ilə bəzi halal işləri özünə haram etməsi barəsində isə buyurur:

“Ey Peyğəmbər! Nə üçün Allahın sənə halal etdiyi şeyləri haram edir və bununla da zövcələrinin razılığını qazanmaq istəyirsən?!”

Bu cür tənə və məzəmmətlər o Həzrətin (s) ismət məqamı ilə necə uyuğun gələ bilər?

Cavab budur ki, bu cür xitablar həqiqətdə məzəmmət formasında olan mədh və tərifdən ibarətdir. Bu da Peyğəmbərin (s) (nəuzubillah) Allahın hökmünü dəyişdirib halalı camaata haram etmiş olmasını deyil, onun son dərəcə mehribançılıq və ürəyiyananlığına dəlalət edir. Belə ki, o, hətta münafiqləri və qəlbləri xəstə olanları belə ümidsiz etməyir, onların sirlərinin üstünü açmır, zövcələrinin razılığını öz istəklərindən qabağa salır, and içmək vasitəsilə mübah işi özünə haram edir.

Həqiqətdə bu ayələr bir baxımdan o Həzrətin (s) kafirlərin hidayəti üçün son dərəcə səy göstərib ürəyiyananlıq etməsini göstərən ayələrə bənzəyir. Belə ki, buyurulur:

“Onların iman gətirmədikləri üçün bəlkə özünü həlak edəcəksən?!”

Yaxud Mütəal Allaha ibadət etmək üçün özünü həddindən artıq əzab-əziyyətə salmasını göstərən ayələr:

“Biz Quranı sənə nazil etmədik ki, məşəqqətə düşəsən.”

Hər bir halda bu kimi ayələrin o Həzrətin ismət məqamı ilə heç ziddiyyəti yoxdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment