Azəri
Friday 29th of March 2024
0
نفر 0

Hər kəsin insan həyatının əqlə uyğun formasından bəhrələnməsi üçün həll etməli olduğu əsas məsələlər aşağıdakılardan ibarətdir:

Hər kəsin insan həyatının əqlə uyğun formasından bəhrələnməsi üçün həll etməli olduğu əsas məsələlər aşağıdakılardan ibarətdir:

1.Dünyanın və insanın varlığı kimin tərəfindəndir? Onların idarə olunması kimin öhdəsinədir?

2.İnsan həyatının sonu nədir və yekun məqsəd hara doğrudur?

3.Hər insanın düzgün həyat yolunu tanıması və onu ötməklə həqiqi səadətə və istənilən kamala çatması üçün zəmanət verilmiş vasitə vardırmı? Və bu kimin və kimlərin ixtiyarındadır?

Bu sualların cavabı bütün asimani dinlərin əsas əqidələri hesab olunan üçlük əqidə prinsipidir (tövhid, məad və nübüvvət).

Kitabın birinci bölməsində Allaha mərifət məsələlərini araşdırdıq. Belə nəticə alındı ki, bütün yaradılanlar öz varlığını yeganə Allahdan əldə edirlər və hamılıqla Onun hikmətli tədbiri altındadır. Onların heç biri, heç bir işdə, heç bir zaman və məkanda Ondan ehtiyacsız deyillər.

Biz sözügedən mətləbləri əqli bürhanlarla isbat edərkən qeyd etdik ki, bu kimi məsələləri yalnız əql yolu ilə isbat etmək olar. Çünki Allahın kəlamına istinad edərək təəbbüdi yolla olan istidlal o zaman düzgün ola bilər ki, Allahın varlığı, Onun sözü və o sözün etibarı əvvəlcədən əqli dəlillərlə sübut olunmuş olsun. Belə ki, peyğəmbərin və imamın sözünə istinad edilməsi də onların nübüvvət və imamətinin isbat olunmasına və sözlərinin höccət olmasının sübuta yetməsinə bağlıdır. Deməli, nübüvvətin özünü də vəhy yolu ilə isbat etmək lazımdır. Məadın özü isə həm əqli, həm də nəqli dəlillərlə isbat oluna bilər.

Buna əsasən nübüvvət və məad məsələlərini bəyan etmək üçün ilk növbədə bu məsələləri həmin iki əsas əqli dəlillə isbat etmək lazımdır. Peyğəmbəri-Əkrəmin (s) nübüvvəti və Qurani-kərimin haqq olması sübuta yetdikdən sonra hər iki bölmənin məsələlərinin təfsilatı kitab və sünnət əsasında bəyan edilməlidir. Amma bu iki bölmənin məsələlərinin bir-birindən ayrılması təlim üçün daha münasib və ürəyəyatan olduğundan biz də klassik metoda uyğun olaraq əvvəlcə nübüvvət məsələlərini bəyan edir, sonra da məad məsələlərini araşdırırıq. Bəzi hallarda, sonralar isbat olunmalı müəyyən mətləblərə ehtiyac duyulduqda o mətləbi yerində isbat olunmasından ötrü əsas mövzu kimi qəbul edirik.

BU BÖLMƏNİN BƏHSİNDƏ HƏDƏF

Bu bölmədəki bəhsin ilkin hədəfi varlığın həqiqətlərini və həyatın düzgün yolunu tanımaqda hiss və əqldən başqa, xəta və səhvin yol verilmədiyi bir yolun da mövcud olduğunu isbat etməkdir. O da ilahi təlimdən ibarət olan vəhydir ki, Allahın seçilmiş bəndələrindən bəzilərinə məxsusdur. Ümumcamaat o həqiqətdən agah deyildir, çünki onun nümunələrini özlərində görmürlər. Amma müəyyən əsər və əlamətlərdən onun varlığını dərk edib, peyğəmbərlərin (ə) ilahi vəhyi almaqla əlaqədar olan iddialarını təsdiq edə bilərlər. Təbiidir ki, vəhyin nazil olması bir şəxsə sübut olunsa və onun xəbəri başqalarına çatsa onlar da bunu qəbul edib onun əsasında əməl etməyə vəzifəlidirlər, heç kəs onunla müxalifət etməkdə üzürlü sayıla bilməz. Yalnız xüsusi şəxsə, yaxud qrupa aid olan, yaxud müəyyən bir zamanla əlaqədar olan müəyyən xəbərlər istisna olunur.

Buna əsasən bu bölmənin əsas məsələləri aşağıdakılardan ibarətdir:

Peyğəmbərlərin göndərilməsinin zərurəti, vəhyin camaata çatdığı vaxta qədər qəsdən, yaxud səhvən olan hər növ dəyişilmədən amanda olması, başqa sözlə desək, peyğəmbərlərin ilahi kəlamı alıb camaata çatdırmaqda ismətli, günahsız olmaları, eləcə də onların nübüvvətinin başqalarına isbat olunması üçün bir yolun mövcud olmasının zəruriliyi.

Vəhy və nübüvvətin əsas məsələləri əqli dəlil vasitəsilə bəyan olunduqdan sonra peyğəmbərlərin, asimani kitabların və şəriətlərin sayı, axırıncı peyğəmbərin təyin olunması, axırıncı asimani kitabın göndərilməsi, eləcə də axırıncı peyğəmbərin canişinlərinin təyin olunması kimi digər məsələlər araşdırılmalıdır.

Bu məsələlərin hamısının əqli bürhan vasitəsilə isbat olunması müyəssər deyildir, çox hallarda nəqli dəlillərdən bəhrələnmək lazımdır.

KƏLAM ELMİNDƏ TƏHQİQ METODU

Qeyd olunanları nəzərə almaqla fəlsəfə ilə kəlam elmi arasındakı əsas fərqlər aydın olur. Çünki fəlsəfə yalnız əqli dəlillər vasitəsilə isbat olunan məsələlərə, kəlam elmi isə nəqli və təəbbüdi dəlillərdən başqa bir şeylə isbat oluna bilməyən məsələlərə şamildir. Başqa sözlə desək: Fəlsəfə məsələləri ilə kəlam elmi məsələləri arasında ümum-xüsus min vəch münasibəti vardır. Yəni kəlam və fəlsəfə müştərək məsələlərə malik olmaqla yanaşı, təəqqülü üslubla (əqli yolla) isbat olunurlar. Onların hər biri də bu məsələlərdə özünəməxsus mövzulara malikdir. Fəlsəfənin təəqqülü üslubla bəyan olunan xüsusi məsələləri vardır, amma kəlam elminin xüsusi məsələlərində belə deyildir; onlar nəqli üslublarla isbat olunur. Başqa sözlə desək, kəlam elmində təhqiqat metodu iki yönlüdür. Onda həm təəqqülü, həm də təəbbüdü yoldan istifadə olunur.

Bir sözlə, fəlsəfə ilə kəlam arasında iki əsas fərq vardır:

1.Onlardan hər biri öz aralarında müştərək məsələlərə malik olmaqla yanaşı (Allahı tanımaq məsələsində olduğu kimi), digərində araşdırılmayan xüsusi məsələyə də malikdir.

2.Bütün fəlsəfi məsələlərdə təhqiq metodu təəqqülü metoddur, amma kəlam elmində bəzi məsələlərdə (kəlam və fəlsəfə arasında müştərək məsələlər kimi) təəqqülü metoddan, bəzi məsələlərdə (imamət məsələsi kimi) nəqli yollardan, bəzilərində isə (məad məsələsində olduğu kimi) hər iki yoldan istifadə olunur.

Qeyd olunmalıdır ki, kəlam elminin nəqli yolla isbat olunan xüsusi məsələlərinin hamısı eyni səviyyədə deyildir. Mətləblərin bir qrupu, o cümlədən, Peyğəmbəri-Əkrəmin (s) söz və əməlinin (yəni sünnətin) höccət olması birbaşa Quran ayələri vasitəsilə (əqli dəlil vasitəsilə Quranın haqq olması sübuta yetdikdən sonra) isbat olunur. Sonra o Həzrətin (s) canişininin təyin olunması və məsum imamların (ə) sözlərinin höccət olması kimi digər məsələlər bəyan olunur.

Aydındır ki, nəqli dəlillərdən əldə olunan nəticə o vaxt yəqin gətirən olacaqdır ki, qəti dəlillər vasitəsi ilə onların sənədinin mötəbər olması müəyyən olsun.

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏ ZƏRURƏTİ

Nübüvvət bölməsinin ən əsaslı məsələlərindən ibarət olan bu məsələni isbat etmək üçün aşağıdakı üç müqəddiməni təqdim edirik:

1.İnsanın yaradılışında əsas hədəf, onun ixtiyari işləri yerinə yetirməklə təkamülə, son kamala doğru yolunu qət etməsidir. Elə bir kamal ki, ixtiyar və seçki yolundan başqa bir şeylə ələ edilmir. Başqa sözlə desək, insan buna görə yaradılmışdır ki, Mütəal Allaha itaət və ibadət etməklə, kamil insanın xüsusiyyətlərindən olan ilahi rəhmətləri əldə etməyə ləyaqət tapsın. Allahın hikməti ilk növbədə insanın kamal və səadətə çatmasını iradə edir. Amma bu səadət və yüksək məqam ixtiyari felləri yerinə yetirməkdən başqa yolla hasil olmadığından insanın həyat yolu iki istiqamətdə qərar verilmişdir ki, onun üçün istədiyini seçməyə şərait yaransın. Təbiidir ki, onlardan biri insanı bədbəxtçiliyə və əzaba doğru aparacaqdır və bu da ilahi iradədən asılı olaraq baş verir. (Yəni ilahi iradəyə tabedir).

Bu müqəddimə ilahi ədalət və hikmət bəhslərində də aydın oldu.

2.Agahlıq üzündən olan seçki və ixtiyar bir işin görülməsinə qüdrət və bacarığın, müxtəlif işlər üçün xarici şəraitlərin və insan daxilində onlara doğru meylin varlığından əlavə yaxşı və pis işləri, layiqli və nalayiq yolları seçməkdə düzgün mərifətə də ehtiyac duyulur. İnsan o zaman özünün təkamül yolunu azadlıq və agahlıq üzündən seçə bilər ki, həm hədəfi, həm də ona aparan yolu tanıya bilsin, onun eniş-yoxuşlarından, uçurum və ya döngələrindən agah olsun. Deməli, Allahın hikməti belə bir mərifətin əldə edilməsi üçün lazım olan vasitələri insanın ixtiyarında qoymasını tələb edir. Əks halda, bu iş bir kəsi qonaqlığa dəvət edib amma evinin yolunu ona göstərməyən şəxsə bənzəyər. Aydındır ki, belə rəftar hikmətin əksinə və məqsədin ziddinədir.

Bu müqəddimədə artıq izaha ehtiyac duyulmur.

3.Əql və hiss vasitəsilə əldə olunan adi insanlar arasındakı mərifətlər həyat və məişət ehtiyaclarının təmin olunmasında mühüm əhəmiyyət ifa etməsinə baxmayaraq fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət yönlərində həqiqi səadət və kamal yollarını tanımaqda kifayət deyildir. Əgər bu ehtiyacların təmin olunması üçün başqa bir yol olmasa, Allahın insanı yaratmaqdakı hədəfi gerçəkləşməyəcəkdir.

Bu üç müqəddimədən belə nəticə alırıq ki, Allahın hikməti hərtərəfli təkamül yolunu tanımaq üçün əql və hissdən kənarda olan digər bir yolun bəşərin ixtiyarına qoyulmasını tələb edir ki, insanlar birbaşa, yaxud başqa şəxs və ya şəxslərin vasitəsilə onlardan bəhrələnə bilsinlər. O da peyğəmbərlərin (ə) ixtiyarına verilən vəhy yolundan ibarətdir ki, onlar birbaşa, başqaları da onların vasitəsilə həmin yollardan bəhrələnir, son kamal və səadətə çatmaq üçün lazım olan şeyləri əldə edirlər.

Bu bürhanın müqəddimələri arasında sonuncu müqəddimədə şəkk edilə bilər. Buna görə də bunun ətrafında daha artıq şərh veririk ki, bəşər elminin insanın hərtərəfli təkamül yolunu ayırd etmək üçün naqis olması, eləcə də vəhy yoluna ehtiyacı olması tamamilə aşkar olsun.

BƏŞƏR ELMİNİN ÇATIŞMAZLIĞI VƏ KİFAYƏT ETMƏMƏSİ

Düzgün həyat yolunun özünün bütün yönlərində aydın olması üçün insanın varlığının başlanğıcı və sonu, başqa varlıqlarla olan bağlılığı, öz insan növləri və sair varlıqlar arasında bərqərar etdiyi rabitə, müxtəlif rabitələrin onun xoşbəxt və ya bədbəxt olmasında göstərə biləcəyi təsirlər aydın olmalıdır. Həmçinin, müxtəlif fayda və qazanclar, məsləhətlər və zərərlər arasında hesab-kitab ayırd edilməli və dəyərləndirilməlidir ki, müxtəlif ruhi və fiziki xüsusiyyətlərə malik olan, müxtəlif təbii və ictimai şəraitlərdə yaşayan milyardlarla insanın vəzifəsi müəyyən olunsun. Lakin bu işlərin hamısının öhdəsindən gəlmək nəinki bir və ya bir neçə nəfər üçün müyəssər deyildir, hətta minlərlə mütəxəssis belə, insanla əlaqədar, onların fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət mənafeyinə zəmanət verə biləcək, müxtəlif mənfəət və zərərlər arasında yaranan qarşıdurmalarda daha mühüm olan məsləhəti təyin edəcək elm sahələrinin mürəkkəb formullarını kəşf edərək dəqiq qayda-qanunlar şəklində bəyan edə bilməzlər.

Tarix boyu bəşəriyyətdə baş verən qanuni və hüquqi dəyişikliklərin inkişafı göstərir ki, minlərlə mütəxəssis və alimin yorulmaz tədqiqatları və səyləri min illərlə davam etsə də, hərtərəfli, kamil və hüquqi bir sistem yarada bilməmiş, dünyanın bütün hüquqi və qanunçu təşkilatları özlərinin yaratdıqları qanunların yetərli olmadığını dərk etmiş, müəyyən müddəaları əlavə etməklə, yaxud qüvvədən salmaqla təkmilləşdirib islah etmişlər.

Unutmaq olmaz ki, bu qanunların yaradılmasında belə ilahi hüquq sistemlərindən və asimani şəraitlərdən çox istifadə etmişlər. Diqqət yetirməliyik ki, bütün hüquqçuların və qanunçuların səy və himmətlərinin hamısı ictimai və dünyəvi məsləhətlərin təmin olunmasına sərf olunur. Onlar insanların axirət məsləhətlərinin təmin olunmasına, maddi və dünyəvi məsləhətlərinin axirət ilə uyğunlaşdırılmasına heç vaxt səy göstərməmişlər və bu cür ən mühüm cəhətə riayət etmək istəsələr belə, heç vaxt qəti bir nəticəyə çata bilməzlər. Çünki maddi və dünyəvi məsləhətləri elmi təcrübələrlə müəyyən qədər ayırd etmək olar, amma mənəvi və axirət məsləhətləri təcrübə ilə hiss olunmağa qabil deyildir və onları dəqiq şəkildə dəyərləndirmək, maddi və dünyəvi məsləhətlərlə qarşıdurma yarandığı şəraitdə onlardan hər birinin əhəmiyyətinin dəyərini təyin etmək olmaz.

Bəşər qanunlarının mövcud vəziyyətinə diqqət yetirməklə insanların elminin min, yaxud yüz minlərlə il qabaq nə qədər yararlı olmasını təxmini ehtimal vermək və belə bir qəti nəticəyə çatmaq olar ki, ibtidai insanlar həyatın düzgün yolunu ayırd etməkdə müasir insanlardan çox-çox aciz imişlər. Müasir dövrdəki insanların min illik təcrübələrdən istifadə edərək düzgün, kamil və hərtərəfli bir sistemə çatdığını və belə bir sistemin əbədi və axirət səadətinə də zəmanət verməsini fərz etsək, yenə belə bir sual yaranır ki, tarix boyu milyardlarla insanı boşlayıb onları cəhalətdə qoymaq ilahi hikmət və insanların yaradılmasında olan məqsədlə necə uyğun gələ bilər?!

Bir sözlə, insanların əvvəldən axıra qədərki yaradılışında hədəf o zaman gerçəkləşə bilər ki, hiss və əqldən başqa həyat həqiqətlərini, fərdi və ictimai vəzifələrin ayırd edilməsində digər bir yol mövcud olsun və o, vəhy yolundan başqa bir şey olmayacaqdır.

Həmçinin, aydın olur ki, bu bürhana əsasən ilk insan Allah peyğəmbəri olmalıdır ki, düzgün həyat yolunu vəhy vasitəsilə tanısın, yaradılışın hədəfi onun barəsində həyata keçsin və sonra başqa insanlar onun vasitəsilə hidayət olunsunlar.

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI

İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yol göstərməkdən, vəhy alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm təsirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:

1.İnsan əqli çox mətləbləri dərk edə bilər. Lakin bunun üçün zamanın keçməsinə və çoxlu təcrübə əldə etməyə ehtiyac var. Bir yandan da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olmaq və yaxud da düzgün olmayan təlimlər və pis təbliğatlar sayəsində bu mətləblər xalq kütlələrindən gizlin qalır. Belə mətləblər peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düzgün və məntiqi təlimlərlə pis təlimatlara və çaşdırıcı fikirlərə sipər çəkilir.

Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qurani-kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi aydınlaşır.

Əli (ə) peyğəmbərlərin besətinin hikməti barəsində belə buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, öz fitri əhdi-peymanlarına vəfa etməyi camaatdan istəsin, unudulmuş nemətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsin.”

2.İnsanın təlim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün olmasıdır. Bunun əhəmiyyəti psixologiya elmində sübut edilmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif təlimatlardan əlavə, insanların ruhən təlim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə səy edirlər. Bildiyimiz kimi, Qurani-kərim təlim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bəzi hallarda təzkiyə təlimdən qabaqda gəlir.

3.Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, məsum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük nemətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunur.

BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ

Peyğəmbərlərin besətinin zəruri olmasına dair gətirilən dəlil və bürhanlar ətrafında müəyyən suallar və şübhələr meydana gəlir. İndi onları cavabları ilə birlikdə qeyd edirik:

1.Əgər ilahi hikmət bütün insanların hidayəti üçün peyğəmbərlərin göndərilməsini tələb edirsə onda nə üçün onların hamısı xüsusi coğrafi bir məntəqədə (Mərkəzi Asiyada) məbus olunmuşlar, yer üzünün sair məntəqələri isə bu nemətdən məhrum olmuşlar? Xüsusilə bunu nəzərə alsaq ki, qədimdə kütləvi informasiya vasitələri məhdud və zəif idi, xəbərlərin bir məntəqədən digər məntəqəyə nəql olunması çox zəif baş verirdi. Bəlkə də peyğəmbərlərin dəvətindən ümumiyyətlə heç bir məlumat əldə edə bilməyən müəyyən qövmlər və millətlər də olmuşdur.

Bu sualın cavabı budur ki, əvvəla, peyğəmbərlərin gəlişi xüsusi məntəqə ilə məhdudlaşmamışdır. Quran ayələri göstərir ki, hər qövm və ümmət üçün bir peyğəmbər olmuşdur. “Fatir” surəsinin 24-cü ayəsində buyurulur:

“Elə bir ümmət yoxdur ki, ondan bir peyğəmbər gəlib getməsin.”

“Nəhl” surəsinin 36-cı ayəsində buyurulur:

“Hər bir ümmətə rəsul (peyğəmbər) göndərdik (ki, onlara belə desin:) Allaha ibadət edin və tağutdan (şeytani qüvvələrdən) çəkinin.”

Quranda yalnız bir neçə peyğəmbərin adının çəkilməsi onların saylarının qeyd olunanlarla xülasələnməsi demək deyildir. Quranın özündə aşkar şəkildə göstərilir ki, peyğəmbərlərdən bir çoxunun adı bu kitabda qeyd olunmamışdır. “Nisa” surəsinin 164-cü ayəsində buyurulur:

“Və elə peyğəmbərlər ki, onların hadisəsini sənə nəql etmədik.”

İkincisi, yuxarıdakı bürhan bunu çatdırır ki, camaatın hidayət olunması üçün hiss və əqlin fövqündə dayanan bir yol olmalıdır. Amma ayrı-ayrı fərdlərin hidayət olunmasının gerçəkləşməsinin iki şərti vardır: Biri budur ki, onların özləri bu ilahi nemətdən bəhrələnmək istəsinlər, ikincisi, başqaları onların hidayət olunmasına maneçilik törətməsi. Camaatın çoxunun peyğəmbərlərin hidayətindən məhrum qalması onların pis seçim etmələrinə görə olmuşdur. Digər çoxlu məhrumiyyətlər də başqalarının peyğəmbərlərin dəvətinin yayılması yolu üzərində yaratdıqları maneələr üzündən olmuşdur.

İlahi peyğəmbərlər həmişə bu maneələrin aradan qaldırılmasına çalışmış, Allah düşmənləri, xüsusilə zalımlar və güclülərlə mübarizə aparmış, onların çoxu ilahi risalətin təbliğ olunub camaatı hidayət etmək yolunda canlarını fəda etmişlər. Onlar özləri üçün müəyyən qədər ardıcıl və köməkçi tapdıqları halda, Allah dininin yayılması yolunda maneçilik törədən ən mühüm amillərlə, yəni zalımlarla və zülmkar dövlətlərlə mübarizəyə başlamışlar.

Diqqət yetirmək lazımdır ki, insanın təkamül istiqamətindəki hərəkətinin ixtiyari olmaq kimi xüsusiyyəti bu hadisə və cərəyanların hamısının haqq və batil tərəfdarları üçün yaxşı, yaxud pis seçki şəraiti hazır ola biləcək bir tərzdə baş verməsini tələb edir. Amma əgər zorakı qüvvələrin və batil əhlinin hökmranlığı müəyyən bir həddə çatıb başqalarının hidayət yolunu tamamilə bağlasa və onlar cəmiyyətdə haqq və hidayət nurunu söndürsələr, bu halda Mütəal Allah qeyri-adi və qeybi yollarla haqq tərəfdarlarına yardım edəcəkdir.

Əgər peyğəmbərlərin yolu üzərində belə maneələr olmasaydı, onların dəvəti bütün dünya insanlarına çatar, hamılıqla vəhy və nübüvvət kimi ilahi nemətdən bəhrələnərdilər. Deməli, camaatın əksəriyyətinin peyğəmbərlərin hidayətindən məhrum olmasının günahı onların dəvətinin yayılmasının qarşısını alan şəxslərin öhdəsindədir.

2.Əgər peyğəmbərlər insanları təkamülə çatdırmaq üçün göndəriliblərsə, nə üçün onların varlığı ilə bu qədər fəsad və əxlaqi pozuntular yaranır, camaatın çoxu əksər dövrlərdə küfr və üsyankarlığa düçar olur, hətta asimani din ardıcılları belə bir-biri ilə mübarizə aparır, qanlı və amansız müharibələr törədirlər? Allahın hikməti bu fəsadların qarşısını almaq, yaxud heç olmazsa, peyğəmbərlərin ardıcıllarının bir-biri ilə mübarizə etməməsi üçün müəyyən səbəblər yaratmasını tələb etmirdimi?

Bu sualın cavabı, insanın təkamülünün ixtiyari olmaq kimi xüsusiyyətinə diqqət yetirməklə aydın olur. Çünki deyildiyi kimi, Allahın hikməti insanlar üçün (cəbri deyil) ixtiyari təkamül şərtlərinin və səbəblərinin vücuda gəlməsini tələb edir ki, istəyən şəxslər haqq yolunu tanıya bilsinlər və onu qət etməklə özlərinin kamal və səadətlərinə çatsınlar. Lakin belə bir təkamül üçün şərait və səbəblərin mövcud olmasının mənası bu deyildir ki, bütün insanlar onlardan gözəl məqsədlərlə istifadə edərək hökmən səhih yolu seçsinlər. Quran buyurur ki, Mütəal Allah insanları bu dünya şəraitində, onların hansının daha yaxşı əməl gördüyünü bilmək üçün imtahana çəkmək məqsədilə yaratmışdır. Qurani-kərimdə təkrar təkid olunduğu kimi, əgər Allah istəsəydi hamını düz yolda saxlaya bilər, onların inhiraf və azğınlıqlarının kökünü tamamilə kəsə bilərdi. Lakin bu halda ixtiyari seçki üçün heç bir şərait qalmaz, insanların əməl və rəftarları insani dəyərdən məhrum olar və Allahın, ixtiyar sahibi və seçki yolu ilə əməl edən insanı yaratmaqdakı məqsədi nöqsanlı olardı.

Deməli, insanların fəsada, təxribatçılığa, küfr və üsyankarlığa meyl etməsi onlara verilən azadlıqdan sui-istifadə etmələrinin nəticəsidir və belə rəftarlara qadir olmaq onların yaradılışı ilə qaynayıb-qarışdığından, onların nəticələrinə çatmaq da ona tabedir. İlahi iradə ilk növbədə insanların təkamülünə şamildir. Buna baxmayaraq bu iradənin aid olduğu şeylər ixtiyari olmaqla şərtləndiyindən düzgün olmayan seçki nəticəsində yaranan süqut və tənəzzülü istisna olunmur. İlahi hikmət bütün insanların ixtiyarsız olaraq düzgün yolda hərəkət etməsini, hətta onların öz iradələrinin əksinə olsa belə, tələb etmir.

3.Allahın hikməti insanların mümkün qədər artıq və yüksək kamala, səadətə çatmasını tələb etməsini nəzərə alaraq Mütəal Allahın təbiət sirlərini vəhy vasitəsilə onlara aşkar etməsi daha yaxşı olmazdımı ki, müxtəlif nemətlərdən bəhrələnərək öz təkamül yollarındakı hərəkətlərini sürətləndirsinlər?

Belə ki, son əsrlərdə çoxlu təbii qüvvələrin kəşf edilməsi və müxtəlif həyat vəsaitlərinin ixtira olunması mədəniyyətin çiçəklənməsində, insanların sağlamlığının qorunub saxlanmasında, xəstəliklərlə mübarizədə, məlumat mübadiləsində, əlaqələrin genişləndirilməsində və s. kimi işlərdə çox böyük təsirlər qoymuşdur. Aydındır ki, əgər peyğəmbərlər insanı heyrətə gətirən elm-texnika və sənətkarlığı təqdim etməklə, asayiş və firavanlıq vasitələrini tədarük görməklə camaata kömək etsəydilər, ictimai nüfuzlarını, siyasi qüdrətlərini artıraraq öz hədəflərinə daha yaxşı çata bilərdilər.

Cavab budur ki, vəyh və nübüvvətin varlığına olan ehtiyac bəşərin adi mərifət vasitələri ilə dərk edə bilmədiyi işlərlə əlaqədardır ki, onlar barəsində cahil olduqda həqiqi kamala doğru öz hərəkət istiqamətini müəyyən edib yolunda hərəkət edə bilmir. Başqa sözlə desək, peyğəmbərlərin əsas vəzifələri insanlara təkamülə və insani yaşayışa doğru istiqamətlənməkdə kömək etməkdir ki, hər bir şəraitdə öz vəzifələrini tanıyaraq qüvvələrini bəyənilən hədəflərə çatmaq yolunda sərf edə bilsinlər və istər səhralarda yaşayan köçərilər, istər okeanlarda, istərsə fəzalarda olan şəxslər əsl insani dəyərləri tanısınlar, ayrı-ayrı fərdlər istər Mütəal Allaha pərəstiş etmək, istərsə özlərinə, istərsə başqa insan və başqa canlılara qarşı hansı vəzifələrə malik olduqlarını bilsinlər və onları yerinə yetirməklə həqiqi və əbədi kamala, səadətə nail olsunlar. Amma təbii imkanların, istedadların və texnikanın fərqi (istər vahid zamanda, istərsə də müxtəlif zamanlarda) xüsusi səbəblər əsasında yaranır. Bunlar əbədi müqəddəratın və həqiqi təkamülün təyin olunmasında əsaslı rol ifa etmir. Belə ki, müasir dövrdə maddi bəhrələrin artmasına və elmi-texnikanın genişlənməsinə səbəb olan irəliləyişlər insanların mənəvi və ruhi təkamülündə azacıq belə təsir qoymamış, hətta demək olar ki, tamamilə əks nəticələr vermişdir.

Deməli, Allahın hikməti tələb edir ki, insanlar maddi nemətlərdən istifadə edərək öz dünyəvi həyatlarını davam etdirsinlər, əql və vəhydən bəhrələnərək özlərini həqiqi kamala və əbədi səadətə doğru olan hərəkət istiqamətlərini təyin etsinlər. Amma onların fiziki və ruhi qüdrətlərindəki fərqlər, eləcə də təbii və ictimai şəraitlərin bir-biri ilə fərqli olması, elm və texnologiyadan bəhrələnməkdəki ixtilaflar səbəb-nəticə qanunu əsasında yaranan xüsusi təkvini şərait və səbəblərə tabedir və bu ixtilaflar insanların əbədi taleyinin təyin olunmasında rol oynamır. Çox hallarda ən sadə vəziyyətdə yaşayan, ən zəruri maddi və dünyəvi nemətlərdə istifadə edən bir şəxs, yaxud bir dəstə adamın eyni halda kamal və səadətin ən yüksək dərəcələrinə çatması mümkündür. Bunun əksinə ən çox inkişaf etmiş elm və texnologiyadan, ən yaxşı və gözəl həyat şəraitindən bəhrələnən, amma naşükürlük, təkəbbür, qürur və zülm sayəsində bədbəxtçiliyin ən aşağı dərəcələrinə enən fərdləri də müşahidə etmək olar.

Əlbəttə, ilahi peyğəmbərlər əsl vəzifələrini yerinə yetirməkdən, yəni bəşəriyyəti həqiqi və əbədi kamala, səadətə hidayət etməkdən əlavə, onların elə bu dünyada firavan yaşamalarına da çoxlu köməklər göstərmişlər. İlahi hikmət müəyyən naməlum həqiqətlərin və təbii sirlərin aşkar olumasını, bəşəriyyətin mədəni inkişafına kömək göstərməsini tələb etdiyi yerlərdə bu kimi köməkləri görmək olar. Məsələn, həzrət Davudun (ə), Süleymanın (ə) və Zulqərneynin (ə) həyatında bunu müşahidə etmək olar. Peyğəmbərlər cəmiyyətin idarə olunmasında gözəl idarəçiliklə əlaqədar faydalı fəaliyyətlər etmişlər. Məsələn, həzrət Yusifin (ə) Misirdə göstərdiyi fəaliyyətlər buna misal ola bilər. Lakin bunların hamısı peyğəmbərlərin əsl vəzifələrindən kənarda olan xidmətlər olmuşdur.

Amma ilahi peyğəmbərlərin öz məqsədlərini həyata keçirmək üçün niyə texniki, iqtisadi və hərbi qüdrətdən istifadə etmədiklərinə gəldikdə isə bunu demək lazımdır ki, dəfələrlə qeyd olunduğu kimi, peyğəmbərlərin əsas hədəfi insanların azad və agahlıq əsasında yol seçməsinə şərait yaratmaq olmuşdur. Əgər onlar qeyri-adi qüvvələrdən istifadə etsəydilər, insanlar üçün azadlıq əsasında olan təkamül və mənəvi inkişaf hasil olmazdı, camaat ilahi məqsəd və azad seçki əsasında deyil, qüdrət və təzyiqlərinin sayəsində onlara tabe olardılar.

Əli (ə) bu barədə buyurub: “Əgər Mütəal Allah istəsəydi peyğəmbərləri göndərən zaman qızıl-gümüş xəzinələrini, əldəyməz gövhər mədənlərini, bol meyvəli bağları və ağacları onların ixtiyarına verər, havadakı quşları, qurudakı heyvanları onlara xidmətçi edərdi. Əgər Allah belə etsəydi imtahan və mükafat üçün olan şərait aradan gedərdi... Əgər (Allah) istəsəydi, peyğəmbərlərə heç kəsin əli çatmayan bir qüdrət, məğlubedilməz bir izzət, eləcə də mülk və səltənət əta edərdi ki, başqaları qorxu və yaxud tamah üzündan onlara təslim olsunlar, inadkarlıq və təkəbbürdən çəkinsinlər. Belə olan təqdirdə məqsədlər və dəyərlər eyni səviyyədə olardı. Lakin Mütəal Allah istəmişdir ki, peyğəmbərlərə tabe olmaq, Onun kitabını təsdiq etmək, təvazökarlıq və təslim olmaq (kimi işlər) yalnız ilahi məqsədlə, heç bir riyakarlıq olmadan baş versin. İmtahan və bəla nə qədər böyük olsa, ilahi mükafat və savab da bir o qədər artıq olar.”

Əlbəttə, insanlar azad seçki, rəğbət və meyl üzündən haqq dinə iman gətirsələr, həmçinin ilahi və Allah bəyənən bir cəmiyyət təşkil etsələr, ilahi hədəflərin irəliləməsi yolunda, xüsusilə təcavüzkarların məğlub edilib möminlərin hüququnu müdafiə etmək üçün müxtəlif qüdrətlərdən istifadə olunması bəyənilən olar. Bunun nümunəsini həzrət Süleymanın (ə) hakimiyyəti dövründə mülahizə etmisiniz.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment