Azəri
Thursday 25th of April 2024
0
نفر 0

VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ



Şeyxin şagirdlərindən biri deyir: Mərhum Süheyli deyir:[1] Mənim dükanım Tehranın «Abbasi» meydanında yerləşirdi. Qızmar yay günlərinin birində Şeyx təngənəfəs halda mənim dükanıma gəldi, mənə bir qədər pul verib dedi: Yubanma, dərhal bu pulları Seyyid Behiştiyə çatdır.

O, «Ariyana» xiyabanındakı «Hacı Əmcəd» məscidinin imam camaatı idi. Mən hər hansı yolla olursa olsun, evinə gedib pulu ona çatdırdım.

Sonralar Şeyxdən soruşdum ki, bu nə məsələ idi. O, cavabında dedi: O gün mənə qonaq gəlmişdi və evdə yeməyə heç nə yox idi. O biri otağa keçib həzrət Vəliyyi Əsr (ə)-a mütəvəssil oldum, o da mənə bu həvaləni çatdırdı».

Cənab Şeyx deyirdi: Həzrət Vəliyyi Əsr (salavatullah əleyh) mənə buyurdu: «Tez ol, Seyyid Behiştiyə pul çatdır».
EHSAN SÜFRƏSİ BARƏDƏ TÖVSİYƏLƏR

Şeyxin birbaşa özü tərəfindən, yaxud müəyyən yollarla camaata yaxşılıq etməyə, onların müxtəlif çətinliklərini həll etməyə çalışmasından əlavə, müxtəlif münasibətlərlə, xüsusilə dini bayramlarda öz kiçik evində qonaqlara ehsan verirdi. O, iman əhlinə təam verməyə və mənzilində ehsan süfrəsinin salınmasına ciddi əhəmiyyət verirdi. Həmişə tövsiyə edərdi ki, çalışın, evinizdə ehsan süfrəsi olsun. O, inanırdı ki, əgər o yeməyin pulunu ehtiyacı olanlara versələr və onlar özləri üçün yemək hazırlasalar ehsan verilməsi qədər tə᾽sirli olmaz.

Doktor Fərzam deyir: Miskinlərə və fəqirlərə təam vermək Şeyxin həmişəki tövsiyələri idi. Bir dəfə mən ona dedim: Əgər pulunu versək nə olar?

Şeyx buyurdu: Xeyr! Yemək vermək tamamilə başqa bir şeydir və onun tə᾽siri daha çoxdur.

Hamı bilirdi ki, Şə᾽ban ayının on beşinci günü toyuq qızartması verəcəkdir. İstər ariflər, istərsə də sadə camaat Şeyxin evinə gələrək onun evindəki rəngi getmiş palazların üstündə oturub ehsan süfrəsindən bəhrələnirdilər. Şeyx qonaqlara çox ehtiram göstərir və onlara ehsan etməkdə əlindən gələni əsirgəmirdi.

Şeyxin iman əhlinə təam vermək, ehsan süfrəsini mənzildə salmaq və qonaqpərvərlik ədəblərinə riayət etməkdəki tə᾽kidləri elə bir halda idi ki, onun özü maddi cəhətdən çox çətinlikdə idi.
İNŞAALLAH Kİ, HAMIYA ÇATAR

Məclislərin birində günorta yeməyinə Şeyxin mənzilinə çoxlu adam gəlmişdi. Belə ki, onun kiçik evinin hər iki mərtəbəsi qonaqla dolu idi. 24 kilo düyü bişirilmişdi. Ev əhli qorxurdu ki, yemək qonaqların hamısına çatmaya. Şeyx bu nigarançılıqdan agah olduqdan sonra Qumdan gəlmiş ruhani aşpaza buyurdu: Ağa Seyyid Əbul Hüseyn! Bunlar nə deyirlər?! Qazanın ağzını aç baxım.

Sonra bir qədər düyü götürüb dedi: İnşaallah ki, hamıya çatar.

Təsadüfən o məclisdə yemək hamıya çatdı, üstəlik əllərində qab qapının ağzında dayanan qonaqlara da verildi. Heç kəs əliboş qayıtmadı.
CAMAATA XİDMƏT ETMƏYİN BƏRƏKƏTLƏRİ

Camaata yaxşılıq və ehsan etməyin insanın maddi və mə᾽nəvi həyatında çoxlu xeyir-bərəkətləri vardır. Şeyxin nəzərincə ehsan etməyin tə᾽sirləri qəlbin nuraniyyəti, dua və münacat halı tapmaq və Allah-taala ilə ünsiyyətdə olmaqdır ki, əvvəldə buna işarə edildi.

İndi isə camaata xidmət etməyin bərəkətləri ilə əlaqədar olaraq bir neçə maraqlı və ibrətamiz hadisəni qeyd edirik.
HƏZRƏT ƏBDÜL-ƏZİM HƏSƏNİNİN (Ə) MƏQAMI

Şeyxin dostlarından biri deyir: Şeyxlə birlikdə ziyarətə getdik. Cənab Şeyx (bərzəx aləmində) ondan (həzrət Əbdüləzimdən) soruşdu: Necə oldu ki, bu məqama çatdınız?

Həzrət Əbdüləzim (ə) buyurdu: Camaata ehsan etməklə. Mən Qur᾽an yazır və çox çətinliklə onları satıb pullarını ehsan edirdim.
TAKSİ SÜRÜCÜSÜNÜN XİDMƏTİNİN BƏRƏKƏTİ

Şeyxin şagirdlərindən biri deyir: 1337 və ya 1338-ci illərdə taksi işlədirdim. «Cümhuriye Qərbi» xiyabanına çatdım. O zaman marşurut avtobusları işləmirdi. Camaat sıraya düzülmüşdü. Bu zaman iki qadının irəli gəldiyini gördüm. Onlardan biri ucaboylu biri isə qısaboylu idi. Onlar dedilər: Bizim birimiz «Çaharrahi-ləşkəri», digərimiz isə Ariyana xiyabanına gedirik. Hər birimiz də beş riyal pul verəcəyik.

Mən qəbul etdim. Ucaboylu qadın düşdükdə öz pulunu verdi. Mən «Ariyana» xiyabanına tərəf hərəkət etdim ki, o biri qadını öz evinə çatdırım. O, türkdilli idi və fars dilini bilmirdi. Başa düşdüm ki, öz-özünə belə danışırdı: Pərvərdigara, mən türkəm və farsca bilmirəm. Evimizin də harada yerləşdiyini bilmirəm. Mən hər gün avtobusa minir və iki qran (iki riyal) pulla evimin qabağında düşürdüm. Səhər tezdən də paltar yumağa gedib, iki tümən pul qazanmışam, indi də onun beş riyalını bu taksiyə verməliyəm.

Mən ona dedim: Narahat olma, mən də türkəm. Ariyanaya gedəcək və mənziliniz harada olsa tapıb səni çatdıracağam.

Qadın bunu eşidib çox sevindi.

Nəhayət onun evini tapıb, dayandım. Boxçasından bir kisə çıxartdı və içindən iki tümən kağız pul götürüb mənə verdi. Mən dedim: Pul istəmirəm, xudahafiz.

Onu maşından endirdim və dərhal dönüb iş yerimə getdim.

Onun sabahısı günü dostlarımdan biri ilə cənab Şeyxin hüzuruna getdim. Öz kiçik otağında oturmuşdu, bir neçə nəfər də onun yanında idi. Salamlaşıb hal-əhval tutduqdan sonra Şeyx mənə baxıb dedi: Sən cümə gecələri müntəzirsən, sən...

Mən imam Zaman (ə) ilə əlaqədar müəyyən proqramlara əməl edirdim. Şeyxin «sən»—deyə buyurmaqdan məqsədi bu idi ki, imam Zaman (ə)-ın fərəcində sən də varsan. Əvvəllərdə Allah-taalanın mənə göstərdiyi mərhəmət səbəbi ilə Şeyxin bu sözünü dedikdə sabaha qədər şövqdən yata bilmədik. Biz də ağladıq, Şeyx də ağaladı. Onun ətrafındakılar həddindən artıq ağladılar.

Şeyx mənə xitabən buyurdu: Bilirsənmi necə oldu ki, buraya gəldin? Maşına mindirdiyin qısaboylu qadından pul almadın. O, sənin barəndə dua etdi, Allah da onun sənin barəndə etdiyi duanı müstəcəb etdi, səni bura göndərdi.
KORA KÖMƏK VƏ QƏLBİN NURANİLİYİ

Həmin şəxs deyir ki, bir gün həmin taksi ilə «Səlsəbil» meydanında gedirdim. Kor bir kişini gördüm. O, bir kəsin kömək edərək onu küçənin o biri tərəfinə keçirtməsini gözləyirdi. Maşını saxlayıb yerə düşdüm və soruşdum ki, haraya getmək istəyirsən?

Dedi: Küçənin o biri tərəfinə keçmək istəyirəm.

Dedim: Daha sonra haraya gedəcəksən?

Dedi: Daha sizə zəhmət vermərəm.

Mən çox israr etdikdən sonra dedi: «Haşimi» xiyabanına gedirəm.

Mən onu maşına mindirib evlərinə apardım.

Sabah tezdən Şeyxin hüzuruna getdikdə heç bir müqəddimə olmadan buyurdu: O kor kişini maşına mindirib evinə çatdırmağın hadisəsi nə idi?

Hadisəni dedim, buyurdu: Dünən bu işi yerinə yetirdiyin zamandan Allah səndə bir nur xəlq etmişdir ki, bərzəxdə hələ də qalmaqdadır.
QIRX NƏFƏRƏ TƏAM VERMƏK VƏ XƏSTƏNİN SAĞALMASI

Şeyxin dostlarından biri deyir: Oğlum yol qəzasına düşmüşdü və xəstaxanada yatırdı. Cənab Şeyxin yanına gedib dedim: Nə edim?

Buyurdu: Narahat olma, bir qoyun alıb kəs, meydanda iş axtaran fəhlələrdən qırx nəfəri çağırıb onlar üçün souz hazırla. Bir nəfər də rövzəxan çağır ki, dua etsin. O qırx nəfər «amin» dediyi zaman sənin oğlun sağalacaq və sonrakı gün evə qayıdacaqdır.

Mən bu məsələni bir neçə nəfərə dedim və onlar da buna əməl edib öz hacətlərini aldılar.
QURAQLIQ İLİNDƏ YAĞIŞ

Şeyxin övladı belə nəql edir: Sari əkinçilərindən bir neçə nəfər atamın yanına gəlib dedilər: Saridə bərk quraqlıqdır, hər şey susuzluqdan yanıb tələf olmuşdur. Camaat çox əziyyət çəkir.

Atam buyurdu: Gedin bir inək kəsib ehsan edin.

Onlar Tehrandan teleqraf vasitəsi ilə xəbər göndərdilər ki, bir inək alıb kəssinlər və min nəfərə ehsan versinlər. Yemək verən zaman o qədər yağış yağdı ki, axırda gələn qonaqlar çox çətinliyə düçar oldular. Bu hadisə də o yerin əhalisinin Şeyx ilə əlaqə yaratmalarına və bir neçə dəfə onun hüzuruna gəlmələrinə səbəb oldu.
ATANIN ÖZ ÖVLADININ HƏYATI ÜÇÜN EHSAN ETMƏSİ

Həmin şəxs yenə də nəql edir: Bir nəfər ölkə daxilində və xaricdə çoxlu müalicə olunmasına baxmayaraq, övlad sahibi olmurdu. Dostlarından biri onu Şeyxin hüzuruna gətirdi. O, hadisəni dedikdə Şeyx buyurdu: Allah bunlara iki oğlan uşağı verəcəkdir. Hər oğlanı verdikdə bir inək kəsib Allah bəndələrinə verin.

O kişi soruşdu: Nə üçün?

Şeyx cavabında buyurdu: Mən imam Riza (ə)-dan istəmişəm, o da qəbul edibdir.

Birinci oğlan dünyaya gəldikdə, atası Şeyxin göstərişinə görə ehsan etdi. Lakin ikinci oğlan dünyaya gələn zaman qohum-əqrəbaları müəyyən məsələləri irəli çəkərək, bu ehsanı etməyə mane olur və deyirdilər: Məgər Şeyx Rəcəbəli Xəyyat imamzadədir, ya imam övladıdır?! Mö᾽cüzə edibdirmi?! O nəçidir ki, deyir ki, gərək bu belə olsun?!

Onu Şeyxlə tanış edən şəxs bu işi yerinə yetirməsini tə᾽kid etsə də, o dedi: Boşla,
 bu xurafatdır.

Bir müddətdən sonra ikinci oğlu dünyadan getdi.
BİR AC HEYVANI DOYURMAĞIN BƏRƏKƏTİ

Şeyxin dostlarından biri deyir: Bir gün Şeyx mənə belə buyurdu: Bir nəfər Tehranın qədim küçələrindən keçərkən gözü su arxına düşmüş bir itə sataşır. O itin balaları onun döşlərini dartışdırır, lakin anası acından onlara süd verməyə qadir deyildi. Və bu vəziyyətdən əziyyət çəkirdi. O, dərhal yaxınlıqdakı kabab dükanından bir neçə şiş kabab alıb o itin qabağına tökdü. O gecənin səhəri Allah-taala o şəxsə böyük bir mərhəmət əta etdi.

Bu hekayəti nəql edən deyir: Şeyxin o şəxsin kim olmasını deməməsinə baxmayaraq, əlamətlərdən onun özü olduğu mə᾽lum idi.

Doktor Fərzam deyir: Şeyxlə xudahafizləşən zaman ona «Cənab Şeyx, mənə dair qulluğunuz yoxdurmu, bir tövsiyə etmirsinizmi?» dedikdə o, bu cümləni buyurdu:

«Bəndələrə ehsan edin. Hətta heyvanları da unutmayın».[2]
ALLAHIN İSTƏDİYİ ƏSASDA EHSAN ETMƏK

Cənab Şeyxin nəzərində camaata xidmət etməkdə əsas məsələ onun hansı məqsədlə və necə yerinə yetirilməsidir. Cənab Şeyx inanırdı ki, biz camaata məhz imamlarımız və ilahi övliyaların xidmət etdiyi kimi xidmət etməliyik. Onlar bəndələrə xidmət etməkdə Allahın razılığından başqa heç bir şeyi nəzərə almırdılar. Onlar camaata Allah üçün və Allah eşqi ilə xidmət edirdilər. Bu barədə buyururdu:

«Camaata ehsan etmək Allahın istədiyi əsasda olmalıdır:

«İnnəma nut᾽imukum livəcillah».

Sən övladının xərclərini necə tə᾽min edirsən, ona qurban kəsir, onun yolunda sədəqə verirsən? Məgər uşaq ata-anası üçün bir iş görə bilər? Ata-ana kiçik yaşlı övladının aşiqidir. Övladını sevdiklərinə görə onun yolunda pul xərcləyirlər. Ancaq nə üçün biz Allahla belə rəftar etməyək?! Nə üçün öz övladımızı sevdiyimiz qədər Allaha eşq-məhəbbət bəsləməyək?! Bə᾽zən bir kəsə də ehsan edəndə mükafat xatirinə kisə tikirsən?»
İMAM XOMEYNİNİN (R.Ə) İNSANLARA XİDMƏT BARƏSİNDƏKİ SÖZÜ

Bu fəslin axırında daha münasib olardı ki, imam Xomeyninin (rə) camaata xidmət barəsindəki sözlərini qeyd edək. O, öz övladı hacı Əhmədə yazdığı vəsiyyətnamədə belə qeyd edir:

«Oğlum! İnsani məs᾽uliyyət yükünün altından qaçma, çünki Allaha xidmət insanlara xidmət sayəsindədir. Şeytanın bu meydanda at oynatması məs᾽ul şəxslərin arasındakından heç də az deyildir. Hər hansı bir məqamı, istər maddi, istərsə də mə᾽nəvi məqam—ələ gətirmək üçün ciddi çalışma! Özün də belə üzürxahlıq etmə ki, ilahi mə᾽rifətə yaxınlaşam və ya Allah bəndələrinə xidmət edəm. Nəinki o məqamları əldə etmək üçün çalışmaq, hətta onlara diqqət yetrimək şeytan tərəfindəndir. Allahın etdiyi moizələrə can-dildən qulaq as, bütün varlığınla onları qəbul et və o xətt əsasında seyr et.

«De, sizi yalnız bir şeyə moizə və nəsihət edirəm: Allah üçün qiyam edin, təklikdə və iki-iki».[3]

Seyrin əvvəlində əsas me᾽yar Allah xatirinə işə başlamaqdır. Həm şəxsi işlərdə həm də ictimai fəaliyyətlərdə çalış ki, bu ilkin qədəmdə müvəffəq olasan. Bu işlər cavanlıq dövründə daha asan və daha müvəffəqiyyətli olur. Qoyma ki, qoca atan kimi olasan: Ya yerində sayasan, ya da geri qayıdasan. Bu işdə ciddi muraqibət və mühasibəyə ehtiyac var. Əgər ilahi məqsədlə cin və insin mülkü bir kəsin olsa, yaxud əldə etsə, Allahın haqqına arif və dünyada zahid olar. Əgər nəfsani və şeytani məqsədlərlə olsa, ələ gətirdiyi hər bir şey—hətta bir təsbeh qədər olsa belə, həmin qədər Allahdan uzaqlaşır».

[1]  O, cənab Şeyxin ən yaxın adamlarından biri idi. Dördüncü bölmədə qeyd olunacağı kimi Şeyx onun qucağında can vermişdi.

[2]  «Mizanül-hikmət», 8/3686/2674.

[3] Səba surəsi-46.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!

 
user comment