Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ALLAHLA ÜNSİYYƏTİN YOLU



Cənab Şeyx inanırdı ki, Allahla ünsiyyət bərqərar etməyin ən yaxşı yolu Allahın bəndələrinə ehsan etməkdir. Əgər bir kimsə özündə dua halının yaranmasını, Allahla zikr edib münacatından ləzzət almağını istəyirsə, Allah xatirinə Onun bəndələrinə xidmət etməlidir. O, bu barədə buyururdu: Əgər Allahdan bəhrələnmək, Onunla münacat edib ünsiyyətdə olmaqdan ləzzət almaq istəsən Onun məxluqlarına ehsan et. Əgər tövhidin həqiqətinə yol tapmaq istəyirsənsə Allah bəndələrinə ehsan et və ehsan yolunu Əhli-beyt (ə)-dan öyrən:

«Öz yeməklərini istədikləri halda miskinə, yetimə və əsirə verirlər. (Və üərklərində deyirlər:) Biz yalnız Allahın razılığı xatirinə təam veririk. Sizdən nə bir mükafat istəyirik, nə də təşəkkür».[1]

Yenə də buyururdu:

«Vacib əməlləri yerinə yetirdikdən sonra insanda Allaha bəndəçilik halını icad edən şey—insanlara yaxşılıq etməkdir.
ALLAHDAN NƏ İSTƏYƏK?

Dua məqamında ən mühüm məsələlərdən biri də budur ki, dua edən şəxs Allahla raz-niyaz edəndə nə dediyini və Allahdan nə istədiyini bilsin. Cənab Şeyx duaları şərh edərkən:

«Ya ğayətə amalil-arifin, ya müntəha əməlil amilin, ya nəimi və cənnəti və ya dünya və ya axirəti» və sair kimi cümlələrə tə᾽kid etdikdən sonra buyurardı: Dostlar! Zirəkliyi İmamlarınızdan (ə) öyrənin. Görün İmam (ə) Allah ilə necə raz-niyaz edir:

«Mən gəlmişəm Sənin pənahına, gəlmişəm özümü Sənə qovuşduram, gəlmişəm Səni ağuşuma alam! Mən Səni istəyirəm!»

Cənab Şeyxin özü dua və münacat zamanı deyərdi: Pərvərdigara! Bunları Sənin vüsalına çatmağın müqəddiməsi qərar ver!
AŞİQ ÖZ MƏŞ᾽UQUNDAN NƏ İSTƏYİR?

Doktor Həmid Fərzam yuxarıdakı mətləbləri qeyd etdikdən sonra Şeyxin barəsində belə buyurur: Bə᾽zi hallarda Şeyx ali irfani mətləbləri bizə başa salmaq üçün çox sadə və incə məsəl gətirərdi. Məsələn deyirdi: Bir aşiq öz mə᾽şuqunun evinin qapısını döydü, mə᾽şuqu soruşdu: Çörək istəyirsən?

Dedi: Xeyr.

Dedi: Su istəyirsən?

Dedi: Xeyr.

Mə᾽şuq dedi: Bəs nə istəyirsən?

Dedi: Mən səni istəyirəm!

Dostlar! Evin sahibini sevməlisiniz, onun yeməyini, plovunu yox! Sə᾽di demişkən:
Gərəz dust çeşmət bəri ehsani ust

Tu dərbəndi xişi nə dərbəndi dust

Bu şe᾽ri bizim üçün oxuduqdan sonra deyərdi:

Yalnız Allahı istəməlisiniz, hər nə iş görürsünüzsə, Allah xatirinə görün. Allahın Özünə aşiq olun. Hətta Ona savab qazanmaq üçün də ibadət etməyin.

Bə᾽zən çox şirin avazla buyururdu: Elə bir iş gör ki, zülflərin ora ilişsin.

Çox münasib məsəllər, xüsusilə Hafizin şe᾽rlərini şahid gətirirdi ki, bu da şagirdlərinin qəlbinə çox tə᾽sir edirdi:
Gərət həvasət ke mə᾽şuq nə qosilət peyvənd
Niqahdar sərreşte ta niqahdarəd
KİMSƏSİZLİK HARAYI ÇƏK

Cənab Şeyx buyururdu: Gecələr Allah dərgahında gədalıq etməyə müvəffəq olduğun zaman, kimsəsizlik harayı çək və Allaha de: Pərvərdigara! Mən əmmarə nəfs ilə mübarizə aparmaq qüdrətinə malik deyiləm. Nəfsim məni zəlil etmişdir, dadıma yetiş! Məni əmmarə nəfsimin şərindən xilas et!

Və burada Əhli-beyti vasitə qərar ver!

Sonra aşağıdakı ayəni tilavət edirdi:

«Nəfs (insanı) pisliklərə əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa».[2]

Əmmarə nəfsin şərindən yalnız Allahın lütf və mərhəməti sayəsində xilas ola bilərsən.
ƏHLİ-BEYTƏ (Ə) TƏVƏSSÜL ETMƏYİN FƏLSƏFƏSİ

Cənab Şeyx buyururdu: Camaatın əksəriyyəti Əhli-beytə (ə) təvəssül etməyin səbəbini bilmirlər. Onlar sadəcə olaraq özlərinin dünyəvi və məişət çətinliklərinin, giriftarçılıqlarının aradan qaldırılması üçün Əhli-beytə (ə) təvəssül edirlər. Halbuki, biz tövhid və mə᾽rifət yollarını qət etmək üçün Əhli-beytin (ə) qapısına gedirik. Tövhid yolu çox çətindir və insan, yol gösətərən bir şəxsin çırağı olmadan bu yolu keçməyə qadir deyildir.
«AŞURA» ZİYARƏTİ

Cənab Şeyxin Əhli-beytə (ə) təvəssül etməkdə tə᾽kidlə buyurduğu incəliklərdən biri də «Aşura» ziyarətini oxumaqdır. O, bu barədə buyurdu: Mə᾽na aləmində mənə tövsiyə etdilər ki, «Aşura» ziyarətini oxuyum.

Həmçinin bizə tövsiyə edirdi ki: Nə qədər ki, sağsınız «Aşura» ziyarətini fövtə verməyin.

Şeyxin bu tövsiyəsinə əməl etmək istəyən şagirdlərindən biri qırx il müddətində «Aşura» ziyarətini həmişə oxuyardı.
DUANIN QƏBUL OLUNMA ŞƏRTİ

Duanın qəbul olunma şərtlərinin ən mühümü yeməyin halal olmasıdır. Bir şəxs Peyğəmbərdən (s) soruşdu: İstəyirəm ki, dualarım müstəcəb olsun. Peyğəmbər (s) buyurdu:

«Yeməyini pakla, haram yeməyi qarnına daxil etmə».[3]
ƏVVƏLCƏ DUZUN PULUNU VERİN!

Şeyxin müridlərindən biri deyir: Bir neçə nəfər Şeyxlə birlikdə dua və münacat oxumaq üçün Rey şəhərinin ətrafında olan Bibi Şəhrəbanu məqbərəsinə getdik. Çörək və xiyar aldıq, xiyar satan şəxsin yanından bir qədər duz da götürdük və dağa qalxdıq. Məqbərəyə çatanda Şeyx buyurdu: Gəlin aşağı enək, bizi qaytardılar. Deyirlər ki, əvvəlcə duzun pulunu verin, sonra münacata məşğul olun.
RAZ-NİYAZ EDƏN ŞƏXSİN TUTUMU

Raz-niyaz edən şəxsin diqqət yetirməli incə məsələlərdən biri də onun Allahdan istədiyi şeylərlə ruhi tutumu arasında mütənasibliyin olmasıdır. Belə ki, əgər lazımi qədər tutuma malik olmasa dua oxumaqla özünə çoxlu çətinliklər və müşküllər yarada bilər.

Şeyxin dostlarından biri belə nəql edir: Bir zamanlar mənim məişət vəziyyətim çox çətinləşmişdi. Buna görə də çox narahat idim. Nəhayət bir gün Şeyx məndən soruşdu: Nə üçün narahatsan?

Mən də olan hadisəni onun üçün danışdım.

Buyurdu: Məgər namazın tə᾽qibatını oxumursan?

Dedim: Əlbəttə, oxuyuram.

Buyurdu: Nəyi oxuyursan?

Dedim: Mən həzrət Əmirəl-mö᾽minin Əli (ə)-ın «Səbah» duasını oxuyuram.

Buyurdu: «Səbah» duasının yerinə namazın tə᾽qibatında «Ədilə» duasını və «Həşr» surəsini oxu ki, sənin çətinliyin aradan qalxsın.

Soruşdum: Nə üçün «Səbah» duasını oxumayım?

Buyurdu: Bu duada elə incəliklər vardır ki, bunu oxuyan şəxs onlara dözməyə qadir olmalıdır. Həzrət Əli (ə) bu duada Allahdan istəyərək deyir:

«Pərvərdigara! Mənə elə bir dərd ver ki, o anlarda da Səndən qafil olmayım».

Bu dua xüsusi tutum tələb edir. «Səbah» duasını lazımi qədər tutuma malik olmadığınız halda oxuduğunuz üçün bu qədər çətinliklər sizin üçün yaranmışdır. Buna əsasən siz «Səbah» duasının yerinə «Həşr» surəsini və «Ədilə» duasını oxuyun. İnşaallah çətinlikləriniz həll olar.

Mən «Həşr» surəsini və «Ədilə» duasını oxumağa başladığım vaxtdan bir müddət keçdikdən sonra dostlardan biri mənə on min tümən borc verdi. Onunla işləyib ev aldım, yavaş-yavaş maddi vəziyyətim də düzəldi.
DUA OXUYANIN ƏDƏB QAYDALARI

Dua məqamında Şeyxin tövsiyə etdiyi incəliklərdən biri də dua edənin ədəb qaydalarına riayət etməsidir. Doktor Fərzam bu barədə onun belə buyurduğunu nəql edir: Duada Allah qarşısında zəlilanə olmalı, iki dizləri üstə, ədəblə üzü qibləyə oturmalısan.

Bir dəfə mənim ayağım ağrıdığından istədim ki, bardaş qurub oturam. O, mənim arxamda otağın dal tərəfində oturmuşdu və buyurdu: Düz otur, dua zamanı dizlər üstündə oturmalısan. Ədəb qaydalarına riayət et.
YEDDİNCİ FƏSİL
ALLAH ÖVLİYALARININ EHSANI

İnsanlara yaxşılıq və xidmət etmək ən mühüm tərbiyəvi məsələlərdən biridir. İslam rəvayətlərində buna çox tə᾽kid olunmuşdur. İslam Peyğəmbəri (s) buyurur:

«Camaatın ən yaxşısı odur ki, başqaları ondan fayda aparsın».[4]
XİLQƏTİN SİRRİ

Cənab Şeyx bu tərbiyə prinsipi əsasına son dərəcə diqqət yetirirdi. Şagirdlərindən biri onun belə buyururduğunu nəql edir:

«Allahla ünsiyyətdə idim, iltimas etdim ki, xilqətin sirrini bəyan etsin. Mənə anladıldı ki, xilqətin sirri başqalarına ehsan etməkdir.

Həzrət Əli (ə) buyurur:

«Sizə Allah qarşısında təqvalı olmaq əmr olunmuşdur. Siz başqalarına ehsan edib, Allaha itaət etmək üçün xəlq olunmusunuz».[5]

Şeyxin dostlarından biri belə nəql edir: Bir gün ona dedim: Ağa Mirzə! Mənə elə bir şey verin ki, istifadə edim!

Mənim qulağımı yavaşca burub, buyurdu: Camaata xidmət, camaata xidmət!!

Cənab Şeyx buyururdu: Tövhidin həqiqətini tapmaq üçün Allahın bəndələrinə ehsan et. Tövhid yükü çox ağır və xətərlidir. Hər kəs ona təhəmmül etməyə qadir deyildir. Lakin Allah bəndələrinə ehsan etmək bu işi asanlaşdırır.

Bə᾽zən zarafatyana buyurardı: Gündüzlər Allah bəndələrinə yaxşılıq et, gecələr isə Allahın dərgahına gədalığa get!
YOXSULLUQLA EYNİ ZAMANDA İNFAQ ETMƏK

İslam rəvayətlərində tövsiyə olunduğu kimi, insanlara yaxşılıq və infaq barəsində buyurulan mühüm nöqtələrdən biri də məhz yoxsul olan vaxt infaq etməkdir. Həzrət Peyğəmbər (s) bu barədə buyurur:

«Üç şey imanın həqiqətlərindəndir: Yoxsul olan vaxtı infaq etmək, camaatla insafla rəftar etmək və elm axtarana elm öyrətmək».[6]

Hafiz Şirazi də yoxsulluq zamanı infaq etməyin mühüm əhəmiyyəti və onun insan ruhunun tərəqqisindəki rolunu belə bəyan edir:

Hengami təngdəsti dər eyşi kuşi məsti,

Kin kimyayi həsti, qarun konəd gəda ra
ORUC TUTUB SƏDƏQƏ VER

İmam Kazim (ə)-ın dostlarından biri rəvayət edir ki, mən fəqirlikdən və yoxsulluqdan şikayət edib dedim: Paltarsızlıqdan o qədər əziyyət çəkirəm ki, filankəs öz geydiyi iki libasını mənə geyindirdi.

İmam (ə) buyurdu: «Oruc tut və sədəqə ver».

Dedim: Din qardaşlarımın mənə verdikləri sədəqədən ehsan edimmi? Hətta az olsa belə?

İmam (ə) buyurdu: «Allahın sənə ruzi verdiyi şeylərdən, hətta öz haqqından keçməli olsan belə, sədəqə ver».[7]
İŞSİZ AİLƏ SAHİBİNƏ EHSAN

Şeyxin dostlarından biri belə nəql edir: Bir müddət işsiz qalıb çox giriftarçılıqlara düçar oldum. Şeyxin evinə getdim ki, mənə bir çıxış yolu göstərsin, bu vəziyyətdən xilas olum. Şeyxin otağına daxil olduqda gözü mənə sataşan kimi dedi: Səndə çox qəribə zülmət pərdələri görürəm! Nə üçün Allaha təvəkküldən məhrum olmusan? Şeytan səni elə aldadıb ki, yuxarıları dərk edə bilmirsən.

Şeyxin yol göstərməsi sayəsində qəlbimdə bir dəyişiklik hiss etdim, mənə buyurdu: İndi hicab aradan qalxdı, lakin çalış ki, bir daha gəlməsin.

Sonra buyurdu: Bir nəfər həm işsizdir, həm də xəstə, üstəlik iki ailəni dolandırır. Əgər mümkünsə, onun ailəsinə bir qədər parça alıb gətir.

İşsiz və maddi cəhətdən yoxsul olmağıma baxmayaraq, dostlarımın birinin dükanından bir qədər nisyə parça aldım və onun hüzuruna apardım. Parça boxçasını Şeyxin yanında yerə qoyduğum zaman mənə bir nəzər saldı və buyurdu: Çox heyf ki, sənin bərzəx gözlərin açıq deyil, açıq olsaydı Kə᾽bənin sənin ətrafında dövr etdiyini görərdin, nəinki, sənin Kə᾽bə ətrafına!

Doktor Səbati deyir: Şeyxin ən tə᾽kidli göstərişlərindən biri də camaata ehsan etmək idi. O, camaata ehsan etməyə çox əhəmiyyət verirdi və Allah dərgahına doğru seyr etməkdə ehsan etməyi ən tə᾽sirli yollardan biri hesab edirdi. Belə ki, əgər bir kəs seyri-süluk yolundan aciz olsaydı, ona belə tövsiyə edərdi: Ehsan etməkdə səhlənkarlıq etmə, bacardığın qədər ehsan et.
Ta təvani be cahan xidməti möhtacan kun

Bedəmi ya dərmi ya qələmi ya qədəmi

Özü də camaata yaxşılıq etməkdə hamıdan irəlidə idi. Bir nəfər üçün giriftarçılıq irəli gəldi. O, Şeyxə müraciət etdikdə, buyururdu: Bu şəxs təkcə xumsdan öz qohum-əqrabasına kömək edir, başqa ehsanlar etmir.

(Yə᾽ni təkcə xums vermək kifayət deyildir.)
BACIYA EHSAN

Şeyxin şagirdlərindən biri deyir: Bir gün Şeyxə ərz etdim ki, atamın ruhu ilə əlaqə saxlasın və ondan soruşsun ki, ehtiyacı varsa, onun üçün lazım olan iş və ehsanı edim. Şeyx buyurdu: «Bir Həmd surəsi oxu».

Oxuduqdan sonra qırx il bundan qabaq rəhmətə getmiş atamın bütün əlamətlərini mənim üçün sadaladı və sonra buyurdu:

«Atan deyir ki, mənim heç nəyə ehtiyacım yoxdur. Oğluma de ki, özünün kiçik bacısına ev əşyaları almaqla ehsan etsin».
ŞEYX VƏ CAMAATA XİDMƏT

Cənab Şeyxin bərəkətli həyatının müxtəlif yönlərinin mütaliə edilməsi göstərir ki, bu böyük ilahi şəxs çətinlikdə olan camaata xidmət etməkdə və onların işlərini sahmana salmaqda həqiqətən nümunəvi şəxs idi. Onun göstərdiyi xidmətlərdən bə᾽ziləri bu kitabın müxtəlif yerlərində, o cümlədən, «İsar və fədakarlıq» bölməsində qeyd olunmuşdur. Burada nümunə olaraq onlardan bir neçəsini də qeyd edirik.

[1]  İnsan surəsi 8-9

[2]  Yusif surəsi-53.

[3]  «Mizanül-hikmət», 4/1658/5599.

[4] «Mizanül-hikmət», 8/3688/2675/12635

[5]  «Mizanül-hikmət» 1/428/314/1555.

[6] «Mizanül-hikmət», 13/6452/3946/20664.

[7]  «Kafi», 4/18/2.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment