Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara “ənsar” deyilirdi), xüsusilə, Məkkədən köçüb oraya gələn mühacirlərin misilsiz kömək və himayələrindən bəhrələndikdən sonra islam cəmiyyətinin əsasını qoyaraq onu idarə etməyə başladı.

İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara “ənsar” deyilirdi), xüsusilə, Məkkədən köçüb oraya gələn mühacirlərin misilsiz kömək və himayələrindən bəhrələndikdən sonra islam cəmiyyətinin əsasını qoyaraq onu idarə etməyə başladı. “Peyğəmbər məscidi” ilahi risalətin təbliğ olunduğu, ibadət və camaatın təlim-tərbiyə mərkəzi olmaqdan əlavə, mühacirlərin və məhrum kütlələrin də mənəvi sığınacaq yeri idi. Peyğəmbər (s) onların maddi çətinliklərini və iqtisadi məsələlərini məhz həmin yerdə həll edirdi. Həmçinin münaqişəli məsələlərin çözülməsi, hərbi tədbirlər barədə qərar qəbul edilməsi, cəbhələrə kömək və s. kimi hökumət məsələləri də burada həll olunurdu. Bir sözlə, camatın dini və dünya işləri Peyğəmbərin (s) əlində idi və müsəlmanlar o Həzrətin (s) göstərişlərinə itaət etməyi özlərinə vacib bilirdilər. Çünki Mütəal Allah müsəlmanlara o Həzrətə (s) mütləq şəkildə itaət etməyi əmr etməkdən əlavə, siyasi, məhkəmə, hərbi məsələlərdə də Rəsuli-Əkrəmə (s) itaət etmək barədə təkidli əmrlər vermişdi.

Başqa sözlə, Peyğəmbər (s) nübüvvət və risalət, İslam hökmlərini ümmətə bəyan edib öyrətməkdən əlavə, islam cəmiyyətinə rəhbərlik etmək kimi bir öhdəçiliyə də malik idi. Daha sonra o, qəzavət (məhkəmə), hərbi rəhbərlik və s. kimi mühüm vəzifələri də icra edirdi. İslam dinində ibadi və əxlaqi vəzifələrdən əlavə siyasi, iqtisadi, hüquqi və s. hökmlər də mövcud olduğundan islam Peyğəmbəri də (s) insanlara təlim-tərbiyə vermək və Allah tərəfindən dini vəzifələri onlara çatdırmaqla yanaşı, ilahi hökm və qanunların icra olunmasını və bütün hökumət işlərini də öz öhdəsinə almışdı.

Aydındır ki, dünyanın sonuna qədər bütün bəşər cəmiyyətlərini düz yola hidayət etməyə qadir olmasını iddia edən bir din bu kimi mühüm məsələlərə laqeyd yanaşa bilməz. Təməlini bu din təşkil edən bir cəmiyyət də bu kimi siyasi və hökumət mənsəblərindən məhrum ola bilməz. Bu mənsəblər də məhz “imamət məqamı” adı ilə tanınır.

Amma yenidən belə bir sual yaranır: Peyğəmbərin (s) vəfatından sonra bu məqamı kim öhdəsinə almalıdır? Mütəal Allah bu məqamı Peyğəmbərə əta etdiyi kimi, başqa şəxslərə də verirmi? Bu məqam yalnız Allah tərəfindən təyin olunması ilə özünə qanunilik tapırmı? Yoxsa, bu məqamın Allah tərəfindən əta olunması yalnız Peyğəmbərə (s) aiddir və o Həzrətdən (s) sonra camaat özü imam seçib özlərinə rəhbər təyin edir? Doğrudanmı camaatın belə bir haqqı var? Sünnilərlə şiələrin əsas ixtilafı da məhz bu məsələ üzərindədir. Belə ki, şiələrin inancına görə, imamət Allah tərəfindən olan bir mənsəb olub səlahiyyətli şəxslərə verilir. Mütəal Allah Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə həzrət Əlini (ə) o Həzrətin (s) özündən sonrakı canişini qərar vermiş, daha sonra onun on bir övladı biri digərindən sonra imamət məqamına təyin olunmuşdur. Sünnilər isə inanırlar ki, nübüvvət və risalətdə olduğu kimi, imamət də Peyğəmbərin (s) vəfatı ilə sona çatır və ondan sonra imam camaat tərəfindən təyin olunur. Sünnilərin bəzi böyük şəxsiyyətləri aşkar şəkildə iddia etmişlər ki, hətta əgər bir şəxs silah gücü ilə camaata hakim olsa, bundan sonra ona itaət etmək hamıya vacib olmalıdır! Halbuki, bu cür puç nəzəriyyələr hiyləgər, zalım və zorakı insanlar tərəfindən sui-istifadə edilərək müsəlmanları perik salıb tənəzzülə uğratmalarına şərait yaradır.

Həqiqətdə sünnilər imamətin Allah tərəfindən təyin olunmasını qanuni bir iş kimi qəbul etməklə “dinin siyasətdən ayrılığı” kimi istismarçı siyasətin əsasını qoymuşlar. Şiələrin əqidəsinə görə, məhz bu iş həqiqi İslamdan, Allaha pərəstiş yolundan azğınlığa düşmənin başlanğıcı, eləcə də Peyğəmbərin (s) vəfatından etibarən müsəlmanların arasında baş verən, yaxud gələcəkdə baş verəcək yüzlərlə inhiraf və azğınlığın mənşəyi olmuşdur.

Buna görə də müsəlman bir şəxs bu məsələni tam ciddiyyətlə, hər növ təqlidçilik və təəssübdən uzaq olmaq şərti ilə araşdırmalı və haqq məzhəbi seçərək var-qüvvəsi ilə onu himayə etməlidir.

Aydındır ki, İslam dünyasının ümumi məsləhətini nəzərə alaraq, İslam düşmənlərinin mövcud ixtilaflardan və müxtəlif məzhəblərin qarşıdurmasından istifadə etməsinə şərait yaratmaqdan uzaq olmaq lazımdır. Biz elə bir iş görməməliyik ki, müsəlmanların cərgələrində təfriqə yaransın və kafirlər qarşısındakı sıx birlikləri aradan getsin. Bütün müsəlmanlara vacibdir ki, ziyanı özlərinə qayıdan, İslam cəmiyyətinin zəifləməsindən başqa bir nəticəsi olmayan işlərdən çəkinsinlər. Digər tərəfdən də müsəlmanların vəhdət və birliklərinin qorunub saxlanması haqq məzhəbin ayırd edilməsi və imamət məsələsinin araşdırılması üçün sağlam mühit yaradılmasına lazım olan təhqiq və səylərə mane olmamalıdırlar. Bu elə bir məsələdir ki, onun düzgün şəkildə həll olunması müsəlmanların müqəddəratının həll edilməsində, onların dünya və axirət səadətlərində tam mənada təsirlidir.

İMAMƏT MƏFHUMU

“İmamət” sözünün lüğəti mənası rəhbərlik, başçılıq etmək deməkdir. Haqq və ya batil yolda olmasından asılı olmayaraq müəyyən bir qrupun rəhbərliyini öhdəsinə alan şəxsə “imam” deyilir. Belə ki, Qurani-kərim “əimmətəl-kufr” kəlməsini kafir başçıları ilə əlaqədar işlətmişdir. Namazda başqalarının iqtida etdiyi şəxs də camaat namazının imamı adlandırılır.

Amma kəlam elmində «imamət» sözündən aşağıdakı kimi istifadə olunur:

“İslam cəmiyyətində müsəlmanların bütün dünyəvi və dini işləri ilə əlaqədar olan hərtərəfli rəhbərlik».

“Dünyəvi” kəlməsinin imamətin əhatə hüdudlarının genişləndirir. Çünki cəmiyyətin dünyəvi işlərinin idarə olunması İslam dininin ayrılmaz bir hissəsidir.

Şiələrin nəzərinə görə belə bir rəhbərlik yalnız o zaman qanuni olacaqdır ki, Mütəal Allah tərəfindən təyin olunsun. Belə bir məqama əsalətən malik olan şəxs islami hökmlərin və maarifin dəqiq şəkildə bəyan olunması üçün hər növ xətadan, eləcə də günahlardan uzaq olmalıdır. Həqiqətdə məsum imam Peyğəmbəri-Əkrəmin (s) nübüvvət və risalətdən başqa malik olduğu bütün məqamlara malikdir. Həmçinin onun sözləri islam maarifi və qayda-qanunlarının və dini həqiqətlərin bəyan olunmasında höccətdir. Həm də müxtəlif hökumət işləri ilə əlaqədar məsələlərdə ona itaət etmək vacibdir.

Deməli, sünni və şiələrin imamət məsələsindəki ixtilafı üç məsələdən ibarətdir:

1.İmam Allah tərəfindən təyin olunmalıdır.

2.İmam Allah tərəfindən verilən xüsusi elmə malik və xətalardan uzaq olmalıdır.

3.Günahlardan pak və məsum olmalıdır.

Əlbəttə, məsum olmaq imam olmağı zəruri etmir. Çünki şiələrin etiqadına görə, həzrət Fatimeyi Zəhra da (s) məsumdur, amma imamət məqamına malik deyildir. (Eləcə də həzrət Məryəm də (s) ismət məqamına malik olmuşdur.) Allah övliyaları arasında belə bir məqama malik olan digər şəxslərin də olması mümkündür, baxmayaraq ki, onların barəsində bizim məlumatımız yoxdur. Ümumiyyətlə, məsum şəxsin Allah tərəfindən təqdimolunma yolundan başqa bir yolla ayırd edilməsi müyəssər deyildir.

İMAMIN VARLIĞINA EHTİYAC

Etiqadi məsələlərdə dərin düşüncəyə malik olmayanların çoxu belə təsəvvür edir ki, şiələrlə sünnilərin imamət məsələsindəki ixtilafları yalnız bundan ibarətdir: şiələrin inancına görə, Peyğəmbər (s) Əliyyibni Əbi Talibi (ə) cəmiyyətin işlərini idarə etmək üçün özünə canişin seçmişdir. Lakin sünnilər inanırlar ki, belə bir iş baş verməmişdir və camaat öz istəyi ilə özlərinə rəhbər təyin edərək onu şəxsən canişin təyin etmişlər. O da özündən sonrakı xlifəni təyin etmiş, üçüncü mərhələdə rəhbərin təyin edilməsi altı nəfərlik şuraya həvalə edilmiş və dördüncü xəlifə bir daha ümumcamaat tərəfindən seçilmişdir. Belə şəxslərin fikrincə müsəlmanlar arasında rəhbər təyin edilməsi üçün xüsusi bir üslub olmamışdır. Buna görə də dördüncü xəlifədən sonra hər kəsin daha artıq hərbi qüdrəti olmuşsa, bu məqamı öhdəsinə almışdır. Belə ki, qeyri-islami ölkələrdə də hakimiyyətəgəlmə əksər hallarda bu minvalla icra olunur.

Başqa sözlə desək, bəziləri belə güman edirlər ki, şiələr birinci imamın təyin olunmasında sünnilərin ikinci xəlifənin birinci xəlifə tərəfindən təyin olunması kimi etiqada malikdirlər. Fərq isə bundan ibarətdir ki, Peyğəmbərin (s) nəzəri camaat tərəfindən qəbul edilmədi, amma birinci xəlifənin nəzəri camaat tərəfindən qəbul edildi!

Lakin sual yaranır ki, görəsən, birinci xəlifə bu haqqı haradan əldə etmişdi? Nə üçün sünnilərin etiqadına əsasən Peyğəmbəri-Əkrəm (s) İslam üçün birinci xəlifə qədər ürək yandırmamışdı və bünövrəsi yenicə qurulmuş İslam cəmiyyətini başsız qoymuşdu?! Halbuki Mədinədən cihada getdiyi zamanlarda belə, öz yerində müəyyən bir şəxsi təyin edirdi. Həm də o Həzrət (s) öz ümmətinin arasında gələcək ixtilaf və fitnələrdən xəbər verirdi. Bu kimi çoxlu sualları nəzərə almasaq belə, əsas etibarı ilə buna diqqət yetirmək lazımdır ki, sünnilərin və şiələrin ixtilafı, hər şeydən öncə, imamətin dini bir məqam olub şəriət və Allah tərəfindən təyin edilməyə bağlı olmasımı, yoxsa, dünyəvi bir səltənət olub ictimai amillərə tabe olması ilə əlaqədardır. Şiələr inanırlar ki, hətta Peyğəmbərin (s) özü belə öz canişinini təyin etməkdə müstəqil deyilmiş, əksinə, onu ilahi vəhy əsasında təyin etmişdir. Həqiqətdə nübüvvətin sona çatması hikməti məsum imamın təyin edilməsi ilə tam mənada əlaqəlidir və Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətinin əməl olunması lazım olan məsləhətləri məhz belə bir imamın varlığı ilə müəyyən olunur.

Buradan şiələrin nəzərində imamət məsələsinin nə üçün etiqadi bir prinsip kimi irəli çəkilməsi və ona füruiddindən olan fiqhi bir hökm kimi baxılmaması, nə üçün onların imamda üçlük təşkil edən şərtləri (Allah verən elm, ismət və Allah tərəfindən təyin olunma) mötəbər saymaları, nə üçün şiənin kəlam istilahında bu məfhumların – İslam cəmiyyətinə rəhbərlik, hökumət və ilahi hökmlərin tanınmasında mərcəiyyətin məfhumu ilə qarışması aydın olur və sanki imamət kəlməsi onların hamısına dəlalət edir.

İndi imamət məfhumu və onun şiə etiqadında tutduğu mövqeyə nəzər yetirməklə bu əqidə barəsində söhbətə başlayırıq.

İMAMIN VARLIĞININ ZƏRURƏTİ

22-ci dərsdən aydın oldu ki, insanın yaradılışındakı hədəfin gerçəkləşməsi vəhy vasitəsilə yol göstərməyə bağlıdır və Allahın hikməti bunu tələb edirdi ki, dünya və axirətdəki səadət yollarını insanlara öyrətmək üçün müəyyən peyğəmbərləri göndərərək onların bu ehtiyaclarını təmin etsin. Onlar da öz növbəsində istedadlı insanları tərbiyələndirsinlər və onları müyəssər olan kamalın son mərhələsinə çatdırsınlar Eləcə də münasib ictimai şərait yarandıqda dinin ictimai qanunlarının icra olunmasını öhdələrinə alsınlar.

34-35-ci dərslərdə izah edildi ki, müqəddəs İslam dini hərtərəfli və əbədi bir dindir, heç bir şəriət vasitəsilə qüvvədən salınmır və Peyğəmbəri-Əkrəmdən (s) sonra heç bir peyğəmbər gəlməyəcəkdir. Peyğəmbərliyin sona çatması peyğəmbərlərin besətinin hikməti ilə yalnız o vaxt uyğun gələ bilər ki, axırıncı asimani şəriət bəşəriyyətin bütün ehtiyaclarına lazımınca cavab verə bilsin və dünyanın axırına qədər onun toxunulmaz şəkildə qalmasına zəmanət verilmiş olsun.

Bu zəmanət Qurani-kərim barəsində mövcuddur: Mütəal Allah bu əziz kitabın hər növ dəyişiklik və təhrifdən amanda qalmasına zəmanət vermişdir. Amma İslamın bütün qanunları və hökmləri Quranın ayələrinin zahiri mənasından istifadə olunaraq əldə olunmur. Misal üçün, namazın rəkətlərinin sayı, onun necə qılınması, eləcə də yüzlərlə vacib və müstəhəb əməllərin hökmü Qurani-kərimdən əldə edilə bilmir və əsas etibarı ilə Quran ilahi hökmləri təfsilatı ilə bəyan etmək iqtidarında deyil. Onların incəliklərinin təlim verilməsi və öyrədilməsi Peyğəmbərin (s) öhdəsinə qoyulmuşdur. Peyğəmbər də (s) Allahın ona əta etdiyi elmdən faydalanaraq (Quran vəhyindən başqa yollarla) onları camaata bəyan etsin. Beləliklə, o Həzrətin (s) sünnəsinin (İslamı tanımaq üçün əsas mənbələrdən biri kimi) höccət və mötəbər olmağı sübuta yetir. Amma o Həzrətin (s) ağır həyat şəraiti, o cümlədən, müsəlmanlarla birgə “Əbu Talib dərəsi”ndə bir neçə il mühasirədə qalması, İslam düşmənləri ilə onillik müharibə və s. kimi işlər bütün İslam qanunlarının və hökmlərinin camaata təfsilatı ilə öyrədilməsinə imkan vermirdi. Səhabələrin öyrəndiklərinin qorunub saxlanmasına da heç bir zəmanət verilmirdi, hətta uzun illər camaatın gözü önündə o Həzrətin (s) necə dəstəmaz almasına baxmayaraq yenə də dəstəmaz barəsində ixtilaf yaranmışdır. Belə aşkar əməllərin hökmlərində ixtilaf yarandığı halda (halbuki bu əməl bütün müsəlmanların gündəlik ehtiyac duyduğu və gələcəkdə də ehtiyac duyacağı məsələdir və onda qəsdən təhrif və dəyişiklik etməyə o qədər də qərəz yoxdur) dəqiq və mürəkkəb hökmlərin barəsində, xüsusilə, ayrı-ayrı şəxslərin həvayi-nəfsləri və müxtəlif qrupların mənafeləri ilə qarşı-qarşıya dayanan hökm və qanunlarda qəsdən təhrifedilmə və nəqledilmə zamanı xətaya yol verilməsi ehtimalı bir neçə qat artıq olacaqdır.

Bu kimi məsələlərə diqqət yetirməklə aydın olur ki, İslam dini məhz o zaman kamil və insanların dünyanın axırına qədər olan ehtiyaclarına cavab verəcək bir din kimi irəli çəkilə bilər ki, bu dində cəmiyyətin zəruri mənafeyini təmin etmək üçün bir yol nəzərdə tutulmuş olsun. Elə mənafelər ki, Peyğəmbəri-Əkrəmin (s) dünyadan getməsi ilə təhdidlərə, məhv olmaq təhlükəsinə məruz qalırdı. Bu yol da Peyğəmbəri-Əkrəmin (s) özü üçün layiqli bir canişin təyin etməsindən başqa yolla mümkün deyildi. Həmçinin belə bir canişin Allah tərəfindən əta olunan elmə malik olmalıdır ki, dinin həqiqətlərini onun bütün yönləri və incəlikləri ilə yanaşı açıqlaya bilsin. Bundan əlavə, o, ismət səciyyəsinə də malik olmalıdır ki, nəfsani və şeytani məqsədlərin təsiri altına düşməsin, dində qəsdən təhrifə yol verməsin. Eləcə də o, Peyğəmbəri-Əkrəmin (s) insanları tərbiyələndirmə kimi ilahi vəzifəni də öhdəsinə almalı, istedadlı şəxsləri kamalın ən yüksək mərhələlərinə çatdırmalı, ictimai şərait münasib olduğu təqdirdə cəmiyyətin işlərinin idarə olunmasını və hakimiyyəti öhdəsinə götürə bilməli, islamın ictimai qanunlarını cəmiyyətdə icra edə bilməli və haqq-ədaləti dünya səviyyəsində yaymalıdır.

Deməli, nübüvvətin sona çatması yalnız o zaman ilahi hikmətlə uyğun olacaqdır ki, bu iş məsum imamın təyin edilməsi ilə yanaşı olsun və o imam da Peyğəmbərin (s) nübüvvət və risalətdən başqa bütün xüsusiyyətlərinə malik olsun.

Beləliklə, həm imamın varlığının, həm də onun üçün Allah tərəfindən verilən elm və ismət məqamının zəruriliyi sübuta yetir. Eləcə də o, Mütəal Allah tərəfindən təyin olunmalıdır. Çünki belə bir elmi və səciyyəni kimə əta etdiyini yalnız Allahın Özü bilir. Bəndələri üzərində əsalətən vilayət haqqına yalnız O malikdir. Belə bir haqqı aşağı mərtəbələrdə şəraitə malik olan şəxslərə verə bilər.

Qeyd olunmalıdır ki, sünnilər bu xüsusiyyətlərin heç birini xəlifələrdə zəruri və kafi şərt bilmirlər; nə onların Allah tərəfindən, nə də Peyğəmbər (s) tərəfindən təyin olunmasına inanırlar. Bundan əlavə, xəlifələr üçün Allah tərəfindən verilən elm və ismət səciyyəsinin olduğuna da etiqad bəsləmirlər. Hətta onların düz yoldan çıxmaları, yol verdikləri səhvlər və camaatın dini suallarına cavab verməkdə aciz qalmaları özlərinin mötəbər kitablarında qeyd olunmuşdur. Belə ki, birinci xəlifənin belə dediyi nəql olunmuşdur: “İnnə li şeytanən yətərini – mənim bir şeytanım vardır ki, məni yoldan azdırır». İkinci xəlifə də birinci xəlifəyə beyət edilməsini “fəltə” (ölçüb-bililmədən görülən tələm-tələsik iş) adlandırmışdır. Həmçinin ikinci xəlifə bu cümləni dəfələrlə təkrar etmişdi: “Ləv la Əliyyun ləhələkə Ömər – əgər Əli olmasaydı Ömər həlak olardı».Üçüncü xəlifənin, eləcə də Bəni-abbas və Bəni-üməyyə xəlifələrinin yol verdikləri ciddi nöqsanlar və rüsvayçı əməllər tarixin danılmaz məsələlərindəndir. Müsəlmanların tarixi barədə azacıq məlumatı olan hər kəs bu mətləblər barədə kifayət qədər məlumat əldə edə bilər.

Yalnız şiələr yuxarıda qeyd olunan üç şərtin on iki imamda olduğuna inanırlar. Qeyd olunanlardan onların imamət məsələsindəki etiqadlarının düzlüyü sübuta yetir və əlavə dəlilə ehtiyac duyulmur. Eyni zamanda gələn dərsdə Quran və Peyğəmbər (s) sünnəsindən istifadə olunan bəzi dəlillər qeyd olunacaqdır.

İMAMIN TƏYİN OLUNMASI

Əvvəlki dərsdə izah etdik ki, nübüvvətin məsum imam təyin olunmadan sona çatdırılması Allahın hikməti ilə ziddir və İslam dininin əbədi və dünya səviyyəsində olan kamil bir din olması bununla şərtlənir ki, Peyğəmbəri-Əkrəmdən (s) sonra onun üçün layiqli canişinlər təyin olunsun və bu canişinlər nübüvvət və risalət məqamından başqa Peyğəmbərin malik olduğu bütün ilahi məqamlara malik olsun.

Bu mətləbləri sünni və şiə alimlərinin öz kitablarında qeyd etdikləri çoxlu rəvayətlərdən, eləcə də müxtəlif Quran ayələrindən əldə etmək olar.

Məsələn, “Maidə” surəsinin 3-cü ayəsində Allah-taala buyurur:

“Bu gün sizin dininizi kamil etdim, nemətimi sizə tamamladım və sizin üçün bir din olaraq İslama razı oldum.»

Bütün müfəssirlərin fikir birliyinə əsasən “Vida həcci”ndə və Peyğəmbərin (s) vəfatından bir neçə ay öncə nazil olan bu ayədə kafirlərin İslam dininə ciddi xəsarət vura biləcəklərindən ümidsiz olduqlarına işarə edərək, «əl-yovmə yəisəlləzinə kəfəru min dinikum» - bu gün kafirlər sizin dininizdən ümidsiz oldular buyurulduqdan sonra, «bu gün sizin dininizi kamil, nemətimi sizə tamam etdim» - deyə qeyd olunur. Bu ayənin nazilolma səbəbi (şəni-nüzulu) ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirməklə tamamilə aydın olur ki, kafirlərin İslam dininə xəsarət vuracaqlarından ümidsizliyini bəyan etməklə yanaşı bu dinin kamil olmasını və tamamlanmasını göstərən ayə Mütəal Allah tərəfindən Peyğəmbər (s) üçün bir canişinin təyin olunması əmri idi. Çünki İslam düşmənləri Peyğəmbərin (s) vəfatından sonra, xüsusilə onun oğlan övladı olmamasına istinad edərək İslamın rəhbərsiz qalacağını, nəticədə zəifləyib tənəzzülə uğramasının intizarını çəkirdilər. Lakin onun üçün canişin təyin olunması ilə İslam dini kamal həddinə çatdı, ilahi nemətlər tamamlandı və kafirlərin ümidi puça çıxdı.

Hadisə belə olmuşdu: Peyğəmbəri-Əkrəm (s) “Vida həcci”ndən qayıdarkən bütün hacıları Qədir-Xum adlı bir yerdə topladı, uzun bir xütbə söylədikdən sonra camaatdan soruşdu: «Allah tərəfindən mənim sizə vilayət haqqım yoxdurmu və sizə, sizin özünüzdən də artıq ixtiyar sahibi deyiləmmi?» Hamı bir səslə müsbət cavab verdi, sonra həzrət Əlinin (ə) əlindən tutub hamının görəcəyi bir yerdə yuxarı qaldırdı və buyurdu: «Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir». Beləliklə də o Həzrət (ə) üçün ilahi vilayət məqamını elan etdi. Sonra bu böyük və izdihamlı yığıncaqda iştirak edənlərin hamısı həzrət Əliyə (ə) beyət etdilər. İkinci xəlifə Əli (ə) ilə beyət edərək onu təbrik etdi və «Mübarək olsun, mübarək olsun sənə, ya Əli, mənim və bütün mömin kişi və qadınların mövlası oldun»-deyə söylədi.

Məhz belə bir gündə “əl yovmə əkməltu ləkum dinəkum...» ayəsi nazil oldu və Peyğəmbəri-Əkrəm (s) Əlini (ə) təbrik edərək buyurdu: «Əlinin vilayəti ilə Mənim nübüvvətim və Allahın dini tamam-kamal oldu.»

Sünnilərin bəzi görkəmli şəxsiyyətlərindən də rəvayət olunan bir hədisdə qeyd olunur: Əbu Bəkr və Ömər yerlərindən qalxıb Peyğəmbərdən (s) soruşdular: «Bu vilayət yalnız Əliyə məxsusdurmu?» Həzrət (s) buyurdu: «Bu, Əliyə və mənim qiyamətə qədər olan vəsilərimə məxsusdur.» Soruşdular: «Sənin vəsilərin kimlərdir?» O həzrət buyurdu: “Əli mənim qardaşım, vəzirim, varisim, vəsim, ümmət içərisində xəlifəm, məndən sonra bütün möminlərin vəlisidir. Ondan sonra oğlum Həsən, sonra oğlum Hüseyn, sonra oğlum Hüseynin övladlarından olan doqquz nəfər biri digərindən sonra (bu ümmətin imamları olacaqlar). Quran onlarla, onlar da Quranladır. “Kovsər” hovuzunda mənim yanıma varid olan vaxta qədər onlar Qurandan, Quran da onlardan ayrılmaz.»

Çoxlu rəvayətlərdən aydın olduğu kimi, Peyğəmbəri-Əkrəmə (s) bundan əvvəllər də Əlinin (ə) imamətini elan etmək rəsmi şəkildə əmr edilmişdi. Lakin Peyğəmbər (s) camaatın bu işi onun şəxsi nəzəri ilə əlaqələndirəcəklərindən və onu qəbul etməkdən boyun qaçıracaqlarından qorxurdu. Ona görə də bu iş üçün münasib şərait yaranacaq bir imkan gözləyirdi. Nəhayət aşağıdakı ayə nazil oldu:

“Ey Bizim Rəsulumuz! Rəbbinin tərəfindən sənə nazil edilənləri təbliğ et! Əgər bu işi görməsən, Onun risalətini yerinə yetirməmiş olarsan. Allah səni camaatın şərrindən qoruyacaqdır.»

Bu ilahi vəzifənin təbliğ olunmasının zərurətini təkid etməklə yanaşı, (bu iş Peyğəmbərin (s) işlərinin hamısına bərabər idi və onun çatdırılmaması bütünlüklə ilahi risalətin çatdırılmamasına bərabər idi) həm də o Həzrətə (s) müjdə verdi ki, Mütəal Allah onu bu işin nəticələrindən amanda saxlayacaqdır. Bu ayənin nazil olması ilə Peyğəmbəri-Əkrəm (s) artıq münasib bir imkan yarandığını başa düşdü və bildi ki, bundan da artıq təxirə salmaq rəva deyildir. Ona görə də bu vəzifəni Qədir-Xum çölündə yerinə yetirdi.

Əlbəttə, bu gündə əsas məqsəd həmin məsələnin camaata rəsmi şəkildə elan edilməsi və onlardan beyət alınması idi. Çünki Peyğəmbəri-Əkrəm (s) öz risaləti dövründə dəfələrlə və müxtəlif şəkillərdə Əlinin (ə) canişinlik məsələsini camaata çatdırmışdı. Misal üçün, elə besətin ilk illərində “öz qohum-əqrəbanı ilahi əzabdan qorxut»ayəsi nazil olduqda bütün qohum-əqrəbasını qonaqlığa dəvət edib onların hüzurunda buyurdu: “Mənim dəvətimi qəbul edən ilk şəxs mənim canişinim olacaqdır.” Sünni və şiələrin fikir birliyinə əsasən, bu dəvətə müsbət cavab verən ilk şəxs Əliyyibni Əbi Talib (ə) idi.

Eləcə də “Nisa” surəsinin 59-cu ayəsi (“Ey iman gətirənlər, Allaha, Onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin!») nazil olanda, başqa sözlə, “ulul-əmr” ünvanı ilə itaət olunmalarını mütləq şəkildə vacib sayan, onlara itaət edilməsini Peyğəmbərə (s) itaət edilməklə bərabər olduğunu göstərən bu ayə nazil olduqda Cabir ibni Əbdullah Ənsari soruşdu: “Ya Rəsuləllah! Onlara itaət edilməsi sizə itaət olunması ilə yanaşı (bir səviyyədə) olan ulul-əmr kimlərdir?”

Peyğəmbər (s) buyurdu: “Ey Cabir, onlar mənim xəlifələrim və məndən sonra müsəlmanların imamlarıdır. Birincisi Əliyyibni Əbi Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra Əliyyibni Hüseyn, ondan sonra Məhəmməd ibni Əli. O, Tövratda “Baqir” ləqəbi ilə tanınır, Ey Cabir, sən onu görəcəksən. Onu gördükdə mənim salamımı ona yetirərsən! Ondan sonra Cəfər Sadiq ibni Məhəmməd, ondan sonra Musa ibni Cəfər, ondan sonra Əliyyibni Musa, ondan sonra Məhəmməd ibni Əli, ondan sonra Əliyyibni Məhəmməd, ondan sonra Həsən ibni Əli, ondan sonra isə adı mənim adımla, künyəsi də mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti, bəndələri içərisində saxladığı şəxs – Həsən ibni Əlinin övladıdır.»

Peyğəmbəri-Əkrəmin (s) əvvəlcədən verdiyi xəbərə görə Cabir imam Baqirin (ə) dövrünə qədər yaşadı və Peyğəmbərin salamını ona çatdırdı.

Digər bir hədisdə Əbu Bəsir deyir: Mən “ulul-əmr” ayəsi barəsində imam Sadiqdən (ə) soruşduqda, o buyurdu: “Bu ,Əliyyibni Əbi Talib, Həsən və Hüseynin barəsində nazil olmuşdur.”

Ərz etdim: «Camaat deyir ki, nə üçün Qurani-kərim Əlini və onun Əhli-beytini tək-tək adları ilə təqdim etməmişdir?» Buyurdu: Onlara de ki, namaz ayəsi nazil olduqda üç, yaxud dörd rəkət qılınması qeyd olunmamışdı. Onu Peyğəmbəri-Əkrəm (s) camaat üçün təfsir etmişdi. Zəkat, həcc və s. ayələri də eyni qayda ilə. Bu ayə də Peyğəmbəri-Əkrəm tərəfindən təfsir olunmalı idi və o Həzrət də (s) buyurmuşdu: “Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir”. Eləcə də buyurmuşdu: “Allahın kitabını və Əhli-beytimi sizə tövsiyə edirəm. Həqiqətən mən Allahdan istəmişəm ki, onları “Kövsər” hovuzunda mənim yanıma gətirdiyi vaxta qədər onların arasında ayrılıq salmasın və Allah da mənim bu duamı qəbul etdi.»

Yenə də buyurdu: “Siz onlara bir şey öyrətməyin! Həqiqətən onlar sizdən daha biliklidirlər. Onlar heç vaxt sizi hidayət qapısından çıxarmaz və zəlalət qapısına aparmazlar.»

Eləcə də dəfələrlə, həmçinin mübarək ömrünün axır vaxtlarında buyurmuşdu: “Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın kitabı və mənim Əhli-beytim. Onlar “Kövsər” hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar.»

Həmçinin buyurmuşdu: “Agah olun və bilin! Həqiqətən mənim Əhli-beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin məsəli kimidir: hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa qərq olar.»

Peyğəmbər (s) dəfələrlə Əliyə (ə) xitab edərək buyurmuşdu: “Sən məndən sonra bütün möminlərin vəlisi, rəhbərisən.”

Bu barədə əlavə olaraq çoxlu hədislər də nəql olunmuşdur ki, onların hamısının qeyd olunmasına imkan yoxdur.

36-cı dərsdə qeyd olundu ki, şiələrlə sünnilərin imamət məsələsi ilə əlaqədar ixtilafları əsas etibarı ilə üç məsələ üzərindədir. Birincisi, imamın Allah tərəfindən təyin olunması, ikincisi, imamın ismət səciyyəsinə malik olması və üçüncüsü, Allah tərəfindən verilən elmə malik olması. 37-ci dərsdə bu üç məsələnin hər birini əqli bəyanla isbat etdik, 38-ci dərsdə imamların Mütəal Allah tərəfindən təyin olunması ilə əlaqədar nəqli dəlillərdən bir neçəsini qeyd etdik. Bu dərsdə isə imamların ismət və Allah tərəfindən verilən elmə malik olmalarını araşdırırıq.

İMAMIN İSMƏTİ

İmamətin Allah tərəfindən təyin olunan bir məqam olması, eləcə də Allah-taalanın onu Əliyyibni Əbi Talib (ə) və onun pak övladlarına əta etməsi isbat olunduqdan sonra onların ismətini aşağıdakı şərif ayəyə istinadən isbat etmək olar:

“Mənim əhdim (imamət məqamı) zalımlara çatmaz.»

Bu şərif ayədə belə bir ilahi məqamın günaha batan şəxslərə əta olunması inkar edilmişdir. Eləcə də, onlara mütləq şəkildə itaət edilməsini vacib bilən, onlara itaət etməyi Rəsuli-Əkrəmə (s) itaət etməklə yanaşı bəyan edən “ulul-əmr” ayəsindən də (“Nisa” surəsi, 59) məlum olur ki, onlara itaət edilməsi Mütəal Allaha itaət edilməsi ilə heç vaxt zidd olmayacaqdır. Deməli, onlara mütləq şəkildə itaət olunmasına olunan əmr ismətə zəmanət verilməsi mənasınadır.

Eləcə də Əhli-beytin (ə) ismətini “Təthir” ayəsindən də isbat etmək olar:

“Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinlikləri aradan aparıb sizi pak-pakizə qərar versin.»

Belə ki, Allahın bəndələri paklamaq ilə əlaqədar təşrii iradəsi heç kəsə məxsus deyildir. Deməli, Əhli-beytə (ə) məxsus olan bu iradə Allahın təkvini iradəsidir və ondan heç cür qaçmaq mümkün deyildir. Belə ki, “Yasin” surəsinin 82-ci ayəsində buyurulur:

“Onun əmri budur ki, bir şeyi yaratmağı iradə etdiyi zaman ona “ol!” deyər, o da dərhal vücuda gələr.»

Mütləq şəkildə paklamaq və hər növ aludəlikləri onlardan aparmaq elə ismət mənasındadır. Bildiyimiz kimi, heç bir müsəlman firqəsi Peyğəmbərə (s) mənsub olan şəxslərdən heç birinin ismət məqamında olması iddiasını etməmişdi, yalnız şiələr həzrət Zəhra (ə) və on iki imamın (ə) ismətinə, yəni hər növ günahdan pak-pakizə olmalarına inanırlar.

Qeyd olunmalıdır ki, əksəriyyəti sünni alimləri tərəfindən nəql olunan 70-dən artıq rəvayət bu şərif ayənin “Ali-əba” barəsində nazil olmasına dəlalət edir. Şeyx Səduq həzrət Əlidən (ə) nəql etmişdir ki, Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: «Ya Əli! Bu ayə sən, Həsən, Hüseyn və sənin nəslindən olan imamlar barəsində nazil olmuşdur.»

Əli (ə) deyir: “Soruşdum ki, sizdən sonrakı imamlar neçə nəfərdir?”

Buyurdu: “Sənsən, ya Əli, səndən sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra oğlu Əli, ondan sonra oğlu Məhəmməd, sonra onun oğlu Cəfər, sonra onun oğlu Musa, daha sonra onun oğlu Əli, ondan sonra onun oğlu Məhəmməd, ondan sonra da oğlu Əli, ondan sonra onun övladı Həsən, ondan sonra onun övladı olan Hüccətullah.”

Sonra əlavə edərək buyurdu: “Onların adları ilahi ərşdə beləcə yazılmışdır. Mən Allahdan onların kimlər olduğunu soruşduqda buyurdu: “Ya Məhəmməd! Onlar səndən sonrakı imamlardır, onlar paklaşdırılmışdır, məsumdur, onların düşmənləri də Mənim lənətimə düçar olacaqlar.”

Həmçinin “Səqəleyn” hədisində Peyğəmbəri-Əkrəm (s) öz Əhli-beytini (ə) Quranla eyni səviyyədə qərar verərək bildirmişdir ki, bunlar bir-birindən heç vaxt ayrılmayacaqdır. Bu hədis də onların ismətinə aydın bir dəlildir. Çünki, hətta, səhvən olsa belə ən kiçik günaha mürtəkib olmaq Qurandan ayrılmaq mənasınadır.

İMAMIN ELMİ

Şübhəsiz, Peyğəmbərin (s) Əhli-beyti (ə) başqalarına nisbətən o Həzrətin (s) elmindən daha artıq bəhrələnmişlər. Peyğəmbər (s) də onların barəsində buyurmuşdur: «Onlara bir şey öyrətməyin, həqiqətən, onlar sizdən daha elmlidirlər.»

Xüsusilə, uşaqlıq dövrlərini Peyğəmbərin (s) qucağında keçirən, o Həzrətin (s) ömrünün axırına qədər bir an belə ondan ayrılmayan və daim onun elm və mərifətindən bəhrələnən Əli (ə) barəsində Peyğəmbər (s) buyurur: «Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.»

Həzrət Əlinin (ə) özü də belə buyurmuşdur: «Rəsuli-Əkrəm (s) mənə min elm babı öyrətdi ki, hər babdan da digər min bab açılır. Onun məcmusu bir milyon bab olur. İndiyə qədər baş vermiş olan və qiyamət gününə qədər baş verəcək hadisələrdən agah oldum, «mənaya» və «bəlaya» (ölümlər və müsibətlər), «fəslul-xitab (haqq əsasında mühakimə etmək) elmlərini ondan öyrədim.»

Lakin Əhli-beytin (ə) elm xəzinələri Peyğəmbəri-Əkrəmdən (s) birbaşa, yaxud müəyyən vasitələrlə əxz etdikləri ilə sona çatmır; onlar qeyri-adi elmlərdən də bəhrələnmişlər ki, bu da ilham və təhdis vasitəsilə onlara verilir. Bu da həzrət Xızr (ə) və Zülqərneynə (ə) ilham olunan elmlər, eləcə də həzrət Məryəmə (ə) və Musanın (ə) anasına vəhy olunan şeylər kimidir. Bəzi hallarda Qurani-kərimdə “vəhy” təbiri gətirilmişdir ki, ondan məqsəd nübüvvət vəhyi deyildir. Məhz belə bir elm səbəbi ilə uşaqlıq çağlarında imamət məqamına çatan bəzi imamlarımız hər şeydən agah olmuş və kimdənsə bir şey öyrənməyə əsla ehtiyac duymamışlar.

Bu mətləb məsum imamlarımızdan nəql olunan çoxlu rəvayətlərdə qeyd edilmişdir. Onların ismət məqamına nəzər yetirməklə höccət olmaları aydınlaşır. Lakin onların nümunələrini göstərməzdən əvvəl Qurani-kərimin «mən indəhu ilmul-kitab» ünvanı ilə buyurduğu, yaxud bir neçə şəxsi nümunə olaraq qeyd edirik ki, bu da Peyğəmbərin (s) haqq olmasına bir dəlil kimi gətirilir. O ayə aşağıdakıdır:

“De: Mənimlə sizin aranızda şəhadət vermək üçün Allah və ilmul-kitaba malik olan şəxs kifayətdir.»

Şübhəsiz, verdiyi şəhadət Mütəal Allahın şəhadəti ilə yanaşı olan (məhz ilmul-kitaba malik olması onu belə şəhadətə layiqli edir) bir şəxs çox yüksək məqama malik olmuşdur.

Digər bir ayədə də bu şahidə işarə edərək onu Rəsuli-Əkrəmin (s) ardınca gələn şəxs kimi qeyd etmişdir: “Əfəmən kanə əla bəyyinətin min Rəbbihi və yətluhu şahidun minhu...” Bu ayədəki «minhu» kəlməsi göstərir ki, bu şahid Peyğəmbəri-Əkrəmin (s) sülaləsindən və onun Əhli-beytindəndir. Sünni və şiələr tərəfindən nəql olunan çoxlu hədislərdə “şahid” dedikdə məqsədin Əliyyibni Əbi Talib olduğu nəql olunmuşdur.

İbni Məğazili Şafei, Əbdullah ibni Ətadan belə rəvayət etmişdir: «Bir gün imam Baqirin (ə) hüzurunda idim, Əbdullah ibni Salamın (Peyğəmbəri-Əkrəmin (s) dövründə iman gətirən kitab əhli alimlərindən biri idi) oğlu oradan keçirdi. O Həzrətdən (ə) soruşdum: “İndəhu ilmul-kitab” dedikdə məqsəd bu şəxsin atasıdırmı?” Buyurdu: “Xeyr! Məqsəd Əliyyibni Əbi Talibdir ki, “və yətluhu şahidun minh» ayəsi, eləcə də “innəma vəliyyukumullah» ayəsi onun şənində nazil olmuşdur.”

Sünni və şiələr tərəfindən nəql olunan bir neçə rəvayətdə də “Hud” surəsindəki “şahid” sözündən məqsədin Əliyyibni Əbi Talib (ə) olduğu aşkar şəkildə bəyan edilmişdir. Bu ayədəki “minhu» kəlməsinin xüsusiyyətlərinə diqqət yetirməklə onun nümunəsinin həzrət Əlidən (ə) başqa heç kəsin olmadığı aydın olur.

İlmul-kitaba malik olmağın mahiyyəti o zaman aydın olar ki, Qurani-kərimdə həzrət Süleymanın (ə) əhvalatları nəql olunarkən Bilqeysin taxtının bir göz qırpımında gətirilməsinə diqqət yetirək. Bu barədə buyurulur: «İlmul-kitabdan bəhrəsi olan bir şəxs dedi: Mən onun (Bilqeysin) taxtını bir göz qırpımında gətirərəm.»

Bu ayədən məlum olur ki, ilmul-kitabın bəzi qismlərindən agah olmağın belə qəribə təsirləri vardır. Buradan da ilmul-kitabın hamısına malik olmağın nə kimi böyük təsirləri olduğu aydın olur. Bu məsələ Sədrin imam Sadiqdən (ə) nəql etdiyi bir hədisdən aydın olur. Sədir deyir: “Mən, Əbu Bəsir, Yəhya Bəzzaz və Davud ibni Kəsir imam Sadiqin (ə) məclisində idik, o Həzrət (s) qəzəbli halda məclisə girdi, oturduqdan sonra buyurdu: “Camaata təəccüb edirəm ki, bizim qeyb elminə malik olduğumuzu güman edirlər! Halbuki, Allahdan başqa heç kəsin qeyb elmi yoxdur. Mən kənizimi tənbeh etmək istəyirdim, o isə qaçdı. Hansı otağa girdiyini də bilmədim.”

Sədir deyir: Həzrət (ə) öz evinə (içəri otağa) getmək istəyəndə mən, Əbu Bəsir və Meysər onunla birlikdə gedib soruşduq: «Sənə fəda olum! Kənizin barəsində dediyin sözləri eşitdik. Biz inanırıq ki, sizin çoxlu elminiz vardır, lakin sizin barənizdə qeyb elmi iddiası etmirik.»

Həzrət (ə) buyurdu:

-Ey Sədir! Məgər Quran oxumamısanmı?

Ərz etdim:

-Əlbəttə!

Buyurdu:

-Aşağıdakı ayəni oxumamısanmı: “Qaləlləzi indəhu elmun minəl-kitab...»? (Yəni ilmul-kitabdan bir qədər nəsibi olan şəxs dedi...)

Dedim:

-Sənə fəda olum, oxumuşam.

Buyurdu:

-Bu şəxsin ilmul-kitabdan nə qədər məlumatı olduğunu bilirsənmi?

Ərz etdim:

-Siz buyurun.

Buyurdu:

-Böyük bir dəryadan olan bir damla qədərində!

Sonra buyurdu:

-Bu ayəni oxumusanmı: “Qul kəfa billahi şəhidən...»?

Dedim:

-Bəli.

Buyurdu:

-Kitabın bütün elmlərinə malik olan şəxs daha bilikli olar, yoxsa ondan bir damla qədərində bəhrələnən şəxs?

Dedim:

-Əlbəttə ki, bütün kitab elminə malik olan!

Sonra mübarək sinəsinə işarə edib buyurdu:

-Allaha and olsun! Kitabın bütün elmi bizim yanımızdadır. Allaha and olsun! Bütün kitabın elmi bizim yanımızdadır.

İndi isə Əhli-beyt (ə) haqqında nəql olunan bəzi hədisləri qeyd edirik:

İmam Rza (ə) imamət barəsində müfəssəl bir hədisi qeyd edərəkən buyurmuşdur:

“Mütəal Allah hər kəsi (imam ünvanı ilə) insanlara seçirsə, ona qəlb genişliyi əta edir. Onun qəlbində hikmət çeşmələri qərar verir və ona elm ilham edir ki, heç bir sualın cavabını verməkdə aciz və haqqı ayırd etməkdə naəlac qalmasın. Deməli, O, məsum, Allah tərəfindən tovfiq verilən və təyid olunan, xətalardan və günahlardan amanda olmalıdır. Mütəal Allah bu xüsusiyyətləri ona verir ki, bəndələrinə höccət və varlıqlara şahid olsun. Bu, Allahın Öz istədiyi bəndələrinə əta etdiyi bəxşişdir.”

Sonra buyurdu: “Görəsən, camaat belə bir insanı tanıyıb seçə bilərmi? İnsanların seçdikləri adam belə xüsusiyyətlərə malik ola bilərmi?»

Həsən ibni Yəhya Mədainidən nəql olunur: «İmam Sadiqdən (ə) soruşdum: «İmamdan bir şey soruşulanda ona necə (və hansı elm ilə) cavab verir?»

Buyurdu: “Bəzən ona ilham olunur, bəzən mələkdən eşidir, bəzən isə hər iki yolla.”

Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: “Başına hansı müsibətin gələcəyini, işinin nə ilə nəticələnəcəyini bilməyən bir imam Allahın bəndələr üzərindəki höccəti ola bilməz.”

İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə buyurulur: «Hərgah imam müəyyən bir şeyi bilmək istəsə Mütəal Allah onu agah edər.»

Həmçinin o Həzrətdən (ə) nəql olunan çoxlu rəvayətlərdə buyurulur: «Ruh Cəbraildən və Mikaildən daha böyük olan bir mələkdir ki, Rəsuli-Əkrəmlə (s) birgə olmuş və ondan sonra da imamlarla yanaşıdır və onu təsdid eləyir (qüvvətləndirir).»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment