Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

DÜZ YOLDAN ÇIXMAĞIN SƏBƏBİ

 

Birinci dərsdə qeyd olundu ki, dünyagörüşü iki ümumi qismə – ilahi və materialist dünyagörüşünə bölmək olar. Onların arasında ən mühüm ixtilaf elmli və qüdrətli yaradanın olub-olmaması. İlahi dünyagörüş onu əsaslı bir prinsip kimi qəbul edir, materialist dünyagörüş isə inkar edir.

Əvvəlki dərslərdə Allahın varlığının isbat olunması, ən mühüm səlbi, sübuti, zati və feli sifətləri bu kitabın həcminə uyğun olan bir səviyyədə araşdırdıq. İndi bu əsas prinsipə etiqadın möhkəmlənməsi üçün maddi dünyagörüşü qısa şəkildə araşdırıb tənqid edirik ki, ilahi dünyagörüşün mövqeyini möhkəmlətməkdən əlavə materialist dünyagörüşün süst və əsassız olması da birbaşa aydın olsun.

Bu məqsədlə əvvəlcə ilahi dünyagörüşdən azıb inhirafa yuvarlanmanın, dinsizliyə yönəlmənin amil və səbəblərinə qısa işarələr edib daha sonra materialist dünyagörüşün zəif nöqtələrinin ən mühümünü izah edəcəyik.

DÜZ YOLDAN AZMANIN SƏBƏBLƏRİ

Bəşər tarixində dinsizlik və materializmin qədim keçmişi vardır. Arxeoloji qazıntılar və tarixi şahidlərin göstərdiyinə əsasən, bəşər tarixində yaradana olan etiqad həmişə mövcud olmuşdur. Qədim zamanlardan etibarən dinsiz və Allahı inkar edən (mülhid) şəxslər olmuşlar. Lakin dinsizlik 18-ci miladi əsrindən etibarən əvvəlcə Avropa ölkələrində güclənib, daha sonra isə yavaş-yavaş dünyanın digər məntəqələrinə yayılmağa başladı.

Bu hadisənin kilsə üsul-idarəsinin diktatorçuluq prinsiplərinə qarşı və məsihiyyətin ziddinə olan bir əksül-əməl kimi yaranmasına baxmayaraq, onun dalğaları başqa dinləri və məzhəbləri də bürüdü. Qərb ölkələrində dinsizliyə olan meyl onların sənətkarlıq və texnologiyası ilə yanaşı, dünyanın başqa ölkələrinə də nəql olunmuşdur. Son əsrdə marksizmin ictimai-iqtisadi təfəkkürü ölkələrin çoxunda yayılmış və insaniyyət üçün böyük bir bəlaya çevrilmişdir.

Bu inhirafçı nəzəriyyənin yaranıb inkişaf etmə və yayılma səbəbləri çoxdur və onların hamısının araşdırılması üçün ayrıca bir kitab yazılmalıdır. Lakin ümumi halda onu üç əsas amildə xülasələndirmək olar:

1.Psixoloji amillər. Yəni dinsizliyə meyl etmək üçün şəxslərdə yarana biləcək məqsədlər; hətta şəxsin özü bunun təsirindən agah olmaya da bilər. Onların ən mühümü rahattələblik, açıq-saçıqlığa meyl etmək və məsuliyyət hissi keçirməməkdir. Belə ki, bir tərəfdən xüsusilə maddi və hiss olunan ləzzətlərlə uyğun gəlməyən tədqiqatın zəhmətləri tənbəl, rahatlıq axtaran və himməti olmayan şəxslərin tədqiqat aparmasına mane olur, digər tərəfdən heyvanlara məxsus olan qeydsiz-şərtsiz azadlıq, açıq-saçıqlıq, məsuliyyət hissi keçirməmək və məhdudiyyətə razı olmamaq onların ilahi dünyagörüşə meyl etməsinin qarşısını alır. Çünki ilahi dünyagörüşü qəbul edib hikmətli yaradana etiqad bəsləmək bir sıra digər etiqadların da əsasını təşkil edir ki, onlar insanın bütün ixtiyari davranış və rəftarlarında məsuliyyət hissi keçirməsini tələb edir. Bu da çox hallarda öz istəklərindən keçməsini və müəyyən məhdudiyyətləri qəbul etməsini istəyir. Bu məhdudiyyətlərin qəbul edilməsi şəxsin açıq-saçıqlıq meylləri ilə uyğun gəlmədiyindən bu heyvani hiss, hətta özünün agahlığı olmayan bir şəkildə olsa belə, insanın bu məsuliyyətlərdən boyun qaçırmasına və nəticə etibarı ilə Allahın varlığını inkar etməsinə səbəb olur.

Digər psixoloji amillər də dinsizliyə meyl etməkdə təsirlidir və başqa amillərin ardınca yaranır.

2.İctimai səbəblər. Yəni bəzi cəmiyyətlərdə yaranan xoşagəlməz mühitlər və ictimai şəraitlər, eləcə də dini işləri öhdəsinə alan şəxslər dinsizliyin yaranmasında, yaxud yayılmasında müəyyən rol oynayır. Belə bir şəraitdə əqli təfəkkür və idrak baxımından zəif olan, mövcud məsələləri düzgün şəkildə təhlil edib araşdıra bilməyən, hadisələrin həqiqi səbəblərini dərk edə bilməyən insanlardan çoxu bu kimi uyğunsuzluq və xoşagəlməz halların baş verməsində dindarların rol oynadığını bəhanə edərək bu məsələləri ideologiya və dinin hesabına yazır və belə təsəvvür edirlər ki, bu kimi xoşagəlməz şəraitin yaranmasına məhz dini etiqad səbəb olmuşdur. Buna görə də dindən uzaqlaşırlar.

Bu kimi amillərin nümunəsini Avropanın renesans dövründəki ictimai şəraitində mülahizə etmək olar: kilsə məmurlarının siyasi, hüquqi və dini sahələrdəki yaramaz işləri camaatın məsihiyyətdən və ümumiyyətlə, din və dindarlıqdan uzaqlaşmasının mühüm amili olmuşdur.

Bu kimi amillərin təsirinə diqqət yetirməklə bütün din işçilərinə öz məsuliyyətlərinin əhəmiyyətini və həssas mövqeyini dərk etmələri zəruridir. Onlar bilməlidirlər ki, onlardan baş verən yaramaz hərəkətlər cəmiyyətin yoldan azıb bədbəxtliyə düçar olmasına səbəb ola bilər.

3.İdeoloji səbəblər. Yəni şəxslərin zehninə gələn, yaxud başqalarından eşitdikləri şübhələr. Belə ki, çoxları onları dəf etməyə qadir deyil və onlardan müəyyən qədər təsirlənirlər. Heç olmazsa onların fikirlərinin təşvişə düşüb iztirablı olmasına səbəb olur. Nəticədə bu şübhələr yəqin və xatircəmliyin hasil olmasına mane olur.

Bu amillər də öz növbəsinə kiçik dəstələrə bölünə bilər, o cümlədən, hissə (təcrübəyə) meyldən yaranan şübhələr, yanlış əqidələrdən törənən şübhələr, düzgün olmayan bəyanlardan və zəif sübutlardan meydana gələn şübhələr, ilahi ədalət və hikmətin əksinə olduğu təsəvvür olunan xoşagəlməz hadisələrlə əlaqədar yaranan şübhələr, dini əqidələrin ziddinə qələmə verilən elmi fərziyyələrdən törənən şübhələr, bir sıra dini qanunlar və hökmlər, o cümlədən, hüquqi və siyasi məsələlər barəsindəki hökmlərlə bağlı yaranan şübhələr.

Bəzən iki, yaxud daha artıq amil şəkk və tərəddüdə, inkar və dinsizliyə səbəb olur. Bəzən də müxtəlif psixoloji çatışmazlıqlar şübhələrə şərait yaradır və öz ardınca fikirdə vəsvəsə kimi ruhi xəstəlik əmələ gətirir və bu xəstəliyə tutulan şəxs heç bir dəlillə, bürhanla qane olmur. Necə ki, əməldə vasvasılığa düçar olan şəxs yerinə yetirdiyi işin düzgün olmasına heç vaxt xatircəm olmur. Misal üçün əlini on dəfələrlə suya batırır, yenə də onun paklanmasına əmin olmur, halbuki elə əvvəldən pak imiş və paklamağa da ehtiyac yoxmuş!


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment