Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

CƏBR VƏ İXTİYAR

 

Tövhid insanların ruhi cəhətdən tərbiyə olunmasına müstəqil surətdə təsir göstərən son dərəcə dəyərli olan bir maarifdir. Buna görə də Qurani-kərimdə bu məsələyə çox təkid olunmuş, müxtəlif bəyanlarla onun düzgün dərk olunmasına şərait yaradılmışdır. Onlardan biri də hər hadisə və varlığın Allahın izn, iradə, qəza və qədərinə əsaslanmasıdır.

Bu mətləbin düzgün şəkildə dərk olunması bir tərəfdən əql və fikir baxımdan inkişafa səbəb olsa da, düzgün təlim və bəyana ehtiyaclıdır. Ya kifayət qədər əqli inkişafdan məhrum olan, ya da məsum rəhbərlərin və Quranın həqiqi təfsirçilərinin təlimlərindən istifadə etməyən şəxslər bu məsələ barədə azğınlığa düşərək hər növ təsir və illətin birbaşa Mütəal Allaha məxsus olmasını düşünmüşlər, çoxlu Quran ayələrinin açıq-aşkar buyurduğunun əksinə olaraq hər bir illiyyətdən və təsirdən hər növ səbəb və vasitəçiliyi inkar etmiş və «Allah Öz ənənəsinə uyğun olaraq odu yaradan zaman hərarəti icad edir», yaxud «yemək yeyən zaman doymağı və su içmək zamanı sirab olmağı vücuda gətirir, əks halda odun hərarətdə, yeməyin doymaqda və suyun sirab olmaqda heç bir təsiri yoxdur» kimi fikirlər irəli sürmüşdür.

Bu cür fikir azğınlığının acınacaqlı və mənfi təsirləri o zaman aşkar olur ki, onun insanın ixtiyari işləri və məsuliyyətləri barəsində törətdiyi təsirlərini araşdıraq. Belə təfəkkür tərzinin nəticəsində insana məxsus olan fellər də birbaşa Allaha aid edilir və insanın onlar barəsindəki failiyyəti birdəfəlik ləğv olunur. Belə olan halda heç kəs öz işinə cavabdehlik daşımayacaqdır.

Başqa sözlə desək, bu cür yanlış fikirlərin nəticələrindən biri insanın cəbrə meyl edərək işlərinin məsuliyyətini boynundan atmasıdır. Bunun da mənası insanın ən mühüm xüsusiyyətinin inkar olunması, hər növ tərbiyəvi, əxlaqi, hüquqi sistemin, o cümlədən İslam şəriətinin əbəs olmasıdır. Çünki insan öz işlərini görməkdə ixtiyar sahibi olmasa, daha vəzifə və təklifə, əmr və nəhyə, mükafat və cəzaya heç bir əsas qalmır. Hətta bu, təkvin aləminin əsassız və əbəs olmasını belə gərəkli edir. Çünki Quran ayələrindən, şərif rəvayətlərdən və əqli dəlillərdən məlum olduğu kimi, təbiət aləminin yaradılmasında hədəf insanın yaranışına şərait yaratmaqdır ki, özünün ixtiyari felləri, ibadətləri və Mütəal Allaha bəndəçiliyi ilə imkan aləminin kamalının ən yüksək həddinə və ilahi qürb məqamına nail olsun, Pərvərdigarın xüsusi rəhmətlərini əldə etməyə ləyaqət tapsın. Əgər insanın ixtiyar və məsuliyyəti olmazsa Allahın əbədi mükafatlarını, nemətlərini və rizvanını əldə etməyə ləyaqəti olmayacaq və yaradılışın hədəfi nöqsanlı olacaqdır, yaradılış sistemi geniş bir səhnədə təşkil edilən teatr səhnəsinə bənzədiləcəkdir ki, onun da gəlincikləri (kuklaları) insanlardan ibarətdir, onlarda özlərinin ixtiyarı olmadan müəyyən hərəkətlər yaranır, sonra isə bəziləri məzəmmət və cəzaya, bəziləri isə tərif və mükafata layiq görülür!

Bu təhlükəli əqidənin yaranıb genişlənməsinin ən mühüm amili zalım hökumətlərin siyasi məqsədləri olmuşdur. Onlar bu fikirlərin vasitəsilə özlərinin yaramaz, qəddar əməl və rəftarlarına bəraət qazandırmaq, qəflətdə olan xalq kütlələrini özlərinin istila və hakimiyyətlərini qəbul etməyə vadar etmək, onları müqavimət və qiyam etməkdən saxlamaq məqsədi güdmüşlər. Həqiqətdə cəbr əqidəsinə uymağı millətlərin başını xarab edən ən mühüm amillərdən biri hesab etmək olar.

Digər tərəfdən bu əqidənin zəif cəhətlərini müəyyən qədər dərk edən, amma nə özləri kamil tövhidi qəbul etməklə cəbri inkar etmək əsasında olan bir mövqe seçmə qüdrətinə malik olan, nə də Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) təlimlərindən bəhrələnməyən şəxslər təfvizə (tam ixtiyara) inanaraq insanın ixtiyari işlərini Allahın failiyyət dairəsindən tamamilə çıxdığını güman etmiş, başqa bir növ inhirafa mütbəla olmuş və nəticədə İslam maarifindən və onun yüksək nəticələrindən məhrum olmuşlar.

Amma həm bu maarifi dərk etmək üçün kifayət qədər istedada malik olan, həm də Quranın həqiqi müfəssir və müəllimlərini tanıyan şəxslər bu azğınlıqdan amanda qalmışlar. Onlar bir tərəfdən öz ixtiyari failiyyətini Allahın onlara əta etdiyi qüdrət dairəsində bilərək onun ardınca gələn məsuliyyətləri qəbul etmiş, digər tərəfdən də Allahın ali-istiqlali təsirini yüksək səviyyədə dərk etmiş və bu dəyərli mərifətin nəticələrindən bəhrələnmişlər.

Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) gəlib çatan rəvayətlərdə bu barədə çoxlu bəyanlar mövcuddur. Hədis kitablarında “istitaət (bacarıq)”, “cəbr və təfvizin inkar edilməsi”, eləcə də ilahi izn, iradə, qəza və qədər bölmələrində qeyd olunmuşdur. Həmçinin bəzi rəvayətlər istedad və idrak qabiliyyəti az olan şəxsləri bu kimi incə məsələlərə baş qoşmasından çəkindirmişdir ki, inhirafa düçar olmasınlar.

Bəli, cəbr və ixtiyarın müxtəlif yönləri vardır ki, onların hamısının araşdırılması bu kitaba sığmaz, amma mövzunun əhəmiyyətinə görə müxtəlif yönlərdə və ehtiyac duyulan qədər sadə bəyan təqdim etmək istəyirik. Bu barədə daha artıq tədqiqat aparmaq istəyənlərə məsələnin fəlsəfi və əqli bünövrəsinin öyrənmək yolunda səbrli olmalarını tövsiyə edirik.

İXTİYAR BARƏDƏ İZAH

Qərar qəbuletmə və seçim qüdrəti insanın tanınmasından ötrü ən dəqiq yoldur. Çünki hər kəs daxilində xətaya yol verməyən hüzuri elmi vasitəsilə özünün ixtira sahibi olduğunu hiss edir. Ümumiyyətlə, insan məhz bu elm vasitəsilə özünün digər ruhi halətlərindən agah olur. Hətta, bir şey haqqında şəkdə olsa belə, şəkkin özünü heç bir tərəddüd etmədən hüzuri elmlə dərk edir.

Hər kəs batini aləmə azacıq diqqət yetirməklə anlayır ki, hər hansı bir sözü deyib-deməməkdə, yaxud əlini hərəkət etdirib-etdirməməkdə, yemək yeyib-yeməməkdə ixtiyar sahibidir.

İstənilən işi görməyə dair qərar qəbul etmək bəzən heyvani və qərizəvi meyllərin təmin olunması istiqamətində olur, məsələn, ac yemək istəyir, susuz şəxs su içmək istəyir. Bəzən də ürəyindən əqli istəklərini təmin etmək, yüksək insani məramları həyata keçirmək keçir. Məsələn, xəstə sağalmaq naminə acı dərmanı içir, amma ləzzətli xörəkdən çəkinir, yaxud elm əldə etmək və həqiqətləri kəşf etmək yolunda çalışan bir mühəqqiq maddi ləzzətlərdən keçir, əziyyətlərə sinə gərib qatlaşır, yaxud fədakar bir əsgər yüksək məramlara çatmaq yolunda həyatını belə qurban verir.

Həqiqətdə insanın dəyəri yalnız o zaman zahir olur ki, onun müxtəlif istəkləri arasında qarşıdurma yaransın və şəxs əxlaqi fəzilətlərə, əbədi ruhi kamallara və Allahın razılığına – qürb məqamına çatmaq üçün özünün alçaq və heyvani istəklərindən keçsin. Hər hansı iş daha artıq ixtiyar və daha çox agahlıq üzündən olan seçki ilə baş verərsə, ruhi və mənəvi təkamüldə, yaxud tənəzzüldə daha çox təsir qoyacaq, mükafat və cəza üçün daha artıq ləyaqət hasil edəcəkdir.

Əlbəttə, nəfsani istəklər müqabilində müqavimət qüdrəti bütün şəxslərdə və bütün şeylərə qarşı eyni səviyyədə deyildir, lakin hər insan bu ilahi nemətdən (azad iradədən) müəyyən qədər bəhrələnir. Nə qədər çox məşq edərsə, onu bir o qədər gücləndirə bilər.

Buna əsasən iradə və ixtiyarın varlığında heç şübhə yoxdur və insan müxtəlif şübhələrin zehnə düşməsi vasitəsilə təşviş keçirib bu cür açıq-aşkar şeyin varlığı barəsində özündə şəkk yaratmamalıdır. Qeyd etdiyimiz kimi, ixtiyarın varlığı ən aşkar prinsip və müddəa ünvanı ilə bütün tərbiyəvi və əxlaqi sistemlərdə, asimani din və şəriətlərdə qəbul olunmuşdur və onsuz vəzifə, təklif, məzəmmət, tərif, cəza və mükafat öz mənasını itirər.

Bu açıq-aşkar həqiqətdən azaraq cəbrə meyl etmənin səbəbi araşdırılıb cavab verilməlidir ki, vəsvəsə və şəkk-şübhəyə yer qalmasın. Buna görə də o şübhələrin ən mühümlərini qısa şəkildə araşdırırıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)
DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2)
İFTİDA – QADININ BOŞANMA HAQQI

 
user comment