Azəri
Friday 29th of March 2024
0
نفر 0

Etika və dini əxlaq

Filosoflarımızın elmi işlərinin monitorinqi göstərir ki, din və əxlaq məsələləri onların diqqət mərkəzində durmur. Aydındır ki, din, dini dəyərlər teoloqların diqqət mərkəzində olmalıdır, amma filosofu dindar şəxsin əxlaqı, onun dini əxlaqi dəyərlərə münasibəti və cəmiyyətin həyatında iştirakı maraqlandırmaya bilməz. İstənilən sosioloji sorğu 90% azərbaycanlının dindar, lakin dinə münasibətlərinin fərqli olduğundan xəbər verir. Bu münasibətlərin keyfiyyəti etiklər və filosoflar tərəfindən öyrənilməlidir. Zənnimizcə, dindarın dinin tələblərini mütləq şəkildə qəbul etdiyi təqdirdə dinə münasibətin patriarxal olmasını fərz etmək mümkündür. Dindar həmin tələbləri əksər hallarda dini biliklərdən xəbərdar olmayan mollalardan götürür. Dinə münasibət Müqəddəs Quranın biliyi, surələrin düzgün şərhi və dərkinə əsaslanır, lakin çox vaxt insan yalnız Allaha (c.c.) inanmaq istəyir və kortəbii olaraq Ona inanır. Bir çoxları əmindir ki, müsəlman əxlaqı cəmiyyətə ideallar təklif edəcək, onu mənəvi cəhətdən dəyişdirəcək, yeni bazar iqtisadiyyatı şəraitində dəyərlər vakuumunu dolduracaq. Yeri gəlmişkən, müasir Rusiya üçün xristian inamı və dəyərlərinin dəyərlər və əxlaq boşluğunu dolduracağına əmin olan  rusiyalıların da ümidləri oxşardır. Rusiyada keçirilən sorğuların nəticələrinə görə, əhalinin əksəriyyəti ateist olsa da, pravoslavların sayı get-gedə artmaqdadır (hazırda 57% özünü pravoslav hesab edir). Ən səmərəli düşüncəli alimlər, o cümlədən müasir Azərbaycanda «akademik İslamın» nümayəndələri ölkəmizdə dindarların «faizlərini» göstərərkən, dərhal çoxlarının inamını dəb, fayda və nüfuzla bağlayılar. Biz heç də həmin «dindarları» qınamaq niyyətində deyilik, çünki məqsədimiz dini əxlaqın nəzəri cəhətdən dindarların hansı mənəvi səylərilə cəmiyyətin əxlaqi nizamı bərpa edəcəyi və xeyirxahlıqla etibarın daha çox olacağına ümid verəcəyini müəyyənləşdirməkdir. Uzaq keçmişdə məhz belə olmuşdur. Müqəddəs kitabın əxlaqını biz ikinci əxlaq sistemi, yaxud ənənəvi sistem adlandırırıq. Sözsüz ki, monoteist dinlərdən hər birinin Mütləq haqqında öz təsəvvürləri olub, çünki onların hər biri dua və ibadətə dair unikal təsəvvürləri işləyib hazırlamışdır. Eyni zamanda, onları əxlaqın bir sistemində birləşdirən ümumi məqam da var. Bu, insan həyatı, mövcudluğu və Mütləq arasında əlaqənin mövcudluğu və keyfiyyətidir ki, simvolik formalarda ifadə olunur. İlk müsəlmanlar İslamı yaymaqla bərabər, digərlərindən insanpərvərlikləri ilə seçilirdi. Şübhəsiz ki, VII əsrin həyat şəraiti son dərəcə ağır, çox vaxt asketizm və fədakarlıq tələb edirdi. Amma maraqlıdır ki, bütün monoteist dinlərdə insanları qurban verməkdən imtina olunur və qoyun-quzular uşağı (oğul) əvəz edir. Həmçinin İslam qadına qarşı münasibətin dəyişdirilməsini tələb edir. Dərk etmək lazımdır ki, müsəlmanlığı qəbul etmiş insan daha yaxşı olmağa, məqsəd və arzularını saflaşdırmasına cəhd etməlidir. Saflaşdırma biliklə yanaşı, digər insanlara qarşı xeyirxah münasibətdir. İndiki müsəlmanlarla söhbətlərdən aydın olur ki, onlar insanlara xeyirxahlıq və özlərinə qarşı tələbkarlıqdan çox dinin təbliğinə meyillidir. Ənənəvi əxlaqda Bibliya ədəbiyyatında olan «etikanın qızıl qaydası» formalaşmış və müxtəlif ifadələrlə bizlərə çatdırılmışdır. Yeri gəlmişkən, bu qayda Quranın bəzi tərcümə və şərhlərində mövcuddur. Quranın surələrindən birində deyilir: «Pisliyə yaxşılıqla cavab ver ki, düşmənin dostuna çevrilsin. Buna yalnız dözümlü insan nail ola bilər». Bu qayda çərçivəsində cəmiyyət, yaxud «digərləri» özlərini hər hansı əməllərdən qorunması modeli kimi qəbul olunur. Fəlsəfədə «etikanın qızıl qaydası» haqqında insanların qarşılıqlı münasibətlərində interaktivliyin etirafı, digərlərinə qarşı dialoq və dözümün zərurəti yarandığından söhbət açılır. Məsələn, Quranın 5-ci surəsinin 65-ci ayəsində xristianlar «Cənnət bağlarına» müsəlmanlarla eynihüquqlu namizədlərdir, 66-cı ayədə isə yəhudi və xristianlar müsəlmanlara daha da yaxınlaşdırılır. Quranın 69-cu ayəsində deyilir ki, «Allaha və Axirət Gününə  inanan və yaxşı iş görənlər möminlər, həmçinin yəhudilər, xristianlar və səbiilər qorxu tanımaz və qəm-qüssə görməzlər». Məşhur rus şərqşünası V.Bartold vaxtilə bu surə ilə bağlı Quranda müxtəlif qatlardan söhbət açırdı. Bizim üçün isə vacibi odur ki, burada insanların özününkü və yadlara bölünməsi yoxdur. Elə həmin surənin 66-cı ayəsində deyilir ki, «Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə endirilənə düzgün əməl etsəydilər, onlar həm başları üstündə, həm də ayaqları altında olanlardan yeyərdilər. Onlar arasında mötədil (İslam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən) bir camaat vardır. Lakin onların çoxunun gördüyü işlər necə də pisdir!» Müsəlman ədəbiyyatında (həmçinin İncildə) mötədillik ifratlar arasında «güzəşt» kimi yüksək dəyərləndirilir. Müqəddəs rəvayətə görə, Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərin birində tərəfdarının birinə müraciət edərək demişdir: «Böyük Allah səndə ən çox iki keyfiyyəti qiymətləndirir: birincisi – mötədillik, ikincisi – səbir». Digərlərinə qarşı səbir onları tanımaqda müsbət və azadlıq məqamını nəzərdə tutur. Quranda deyilir: «Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq» (49:13). Bu qayda çərçivəsində qalmaqla, xoşuna gəlmədiyin məsələdə iştirak etməyə bilərsən (hər kəs eləsə belə). Amma digərlərinin sənə qarşı etmədiyini sən də edə bilməzsən. Monoteist dinlərdə əhəmiyyətli yeri Allahdan (c.c.) qorxu hissi tutur. Quranda çox vaxt belə səslənir: «Əgər (Məhəmməd əleyhissəlamdan üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi? Onlar (münafiqlə, fitnə-fəsad törədənlər) Allahın lənət elədiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!» (47:22-23). Bir çox tədqiqatçılar bütpərəst imanlar arasında əlaqələrin olduğunu güman edir. Lakin bu ikitərəflik monoteist dinlərlə bağlı olan qədim yunan fəlsəfəsinə də sirayət edir. Yeri gəlmişkən, Azərbaycan filosofları Şərq müsəlman peripatetizmi (Aristotelin nəzəriyyəsi), ilkin müsəlman fəlsəfəsinin İslamla əlaqələri haqqında çox yazıblar. Xristian və yəhudi dinlərinin qədim yunan fəlsəfəsi ilə əlaqələri barəsində ətraflı məlumata  Qərb və Rusiya filosoflarının yazılarında rast gəlmək mümkündür. Qədim yunan fəlsəfəsi insanı kainata daxil edir və eyni zamanda etika və normaların köməyilə kainat qaydalarının pozulmasına meyilli olan «fərdiyyətin dağıdıcı gücünü» tənzimləmək, yaxud zərərsizləşdirməyə çalışırdı. Amma insan ədəbsizliyi birmənalı deyil («allahlardan» «odu» alan, onlar tərəfindən cəzalandırılan və insanlar tərəfindən ilahiləşdirilən Prometeyin qəhrəmanlığı və faciəsi). Bu amillər həm monoteizm, həm də antik fəlsəfədə müşahidə olunur. Maraqlıdır ki, yunanlar onları ölçü (Aristotel) və mötədilliyin vasitəsilə barışdırmağa çalışırdı. Beləliklə, istənilən dini əxlaqın, yaxud ənənəvi sistemin ikitərəfliliyi  yaranır. Orada rasionalizm və fərdin azadlığına aparan mötədillik, yaxud da radikalizm, dözümsüzlük və fərdi azadlığın məhdudlaşdırılmasına gətirib çıxaran günah və qorxu hökm sürür. Müsəlmanlıq və xristianlıq tarixində bu ictimai əxlaqın hər iki qanadı olmuşdur. Ənənəvi sistemdə radikalizm üstünlük təşkil etməyə başlayanda cəmiyyətdə xeyirxahlıq azalır, həyatda humanizmdən əsər-əlamət qalmır və inkişaf dayanır. Belə olan halda əxlaq qadağalar və digərlərinə qarşı nifrət funksiyasını daşıyır, həyat isə keçmişlə əsaslandırılır. Demək olar ki, bu əxlaq çərçivəsində fərd biliklər və dəyərlər mənbəyi kimi keçmişə yönəlir. Məsələn, İslamda fundamentalizmdən qurtulmaya dair intensiya, yəni Peyğəmbər dövrünün  nəzəriyyəsi, dəyərləri və təcrübəsinə qayıdış mövcuddur. Yeri gəlmişkən, bu cür fundamentalizmdən xristian və yəhudi dinləri də sığortalanmamışdır. Hazırda bizi fundamentalizmin hansı din və əxlaqlarda daha çox olması, yaxud onun real proseslərə təsiri məsələsi maraqlandırmır. Bizi maraqlandıran həyat təcrübəsinə söykənən bu cür əxlaq və həyata münasibəti domonoteist əxlaqdan fərqləndirən keçmişin biliklər və əsas dəyərlər mənbəyi kimi refleksiya, intellektual cəhd olmasındadır. Məsələn, Quranın surələrində deyilir: «O bilmədiyinizi Allah adına çıxmağı da qadağan edib». «Diliniz yalana vərdiş etdiyi üçün: «bu halaldır, o haramdır!» - deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar!» (16:116 ayə). Məhəmməd Peyğəmbərin (s.ə.s.) belə bir kəlamı da məşhurdur ki, Allah (c.c.) insanların qəlbindən çıxardığı biliyi özündə deyil, alimlərin əlində saxlayır. Əgər bir alim belə qalmasa, insanlar dayaq kimi özlərinə cahilləri seçəcək və onlar biliklərə söykənməyən qərarlar çıxararaq özlərini və başqalarını yanlış yola sürükləyəcəklər. Quran var-dövlət və oğul sahibi olan «nacinsə» belə itaət etməyi qadağan və tələb edir: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!»(4:59).  Bu isə o deməkdir ki, Quranın və dini dəyərlərin izahlarında çox şey insanın özündən, onun yaxşılıq və yamanlığa meyilliliyindən asılıdır. Bu səbəbdən qayıdış refleksiya müsəlman fəlsəfəsi və şüura yox, İncil və Quranda mövcud həyat təcrübəsinə əsasən mümkündür. O zaman o patriarxal əxlaqa qayıdış olacaq ki, orada müqəddəs kitablar əvvəlki adətləri ört-basdır edir. Burada qeyd etmək istərdik ki, birincisi, bu sistemi refleksiya, intellektual cəhd dəyişdirmək iqtidarındadır və tarixdə bu cür faktlar kifayət qədərdir. İkincisi, əgər insanın bu sistemdə xoşuna gəlməyən bir şey varsa, o həmin əməllərdən əl çəkməlidir ki, ətrafdakılara ibrət olsun. Bir halda ki, o, cəmiyyətin üzvüdür, həmin əxlaqın tərəfdarları olan başqa insanlar da özlərini layiqli aparmadıqlarını hiss edərlər. Etiraf edək ki, başlanğıcda yeniliyi qəbul etməyən bu sistemin cəmiyyətləri son dərəcə mühafizəkardır. Burada şərin mənbəyi tamahkarlıq, özbaşınalıq, acgözlük, təmtəraqlı həyata meyl və gedonizmdır. Məlumdur ki, bu gün ölkəmiz məhz bu çətinliklərlə bağlı sınaq dövrünü yaşayır və hələ nəticə aydın deyil. İstənilən halda, onların qəti şəkildə qəbul edilməməsi və əksinə, həddən artıq maraq göstərməsindən cəmiyyət üçün müsbət nəticələr gözləməyə dəyməz.   
Aydındır ki, intellektual səyə, dünya və digərlərinə qarşı yeni tolerant  münasibəti qəbul etməyə qadir olan insanlar azdır. Lakin müsbət dəyişikliklərə dair şans hər zaman onlarla bağlıdır. Qeyd etmək lazımdır ki, Avropada gedən dəyişikliklərdə əsas rolu fəlsəfə və dünyaya humanist münasibəti ilə seçilən filosoflar oynamışdır. Belə ki, XX əsrin tanınmış fransız filosofu Rene Genon hələ sağlığında M.Eliade, A.Breton kimi alim və azad mütəfəkkirlər nəslinin kumirinə çevrilmişlər. Tələbkar katolik mühitində tərbiyə almasına baxmayaraq, Genon İlahi vəhyin ən yaxın forması kimi İslamı qəbul edir. Şübhəsiz ki, onun İslama gəlişi dəb, yaxud ölüm qorxusundan qurtuluş naminə olmamışdır. Bu misal ondan ötrüdür ki, müasir Avropa ənənəsi bunda qadağan ediləcək, yaxud cəza və təqib tələb edən bir şey görmür. Yeri gəlmişkən, Genon yəhudi, xristian və İslam, xüsusilə də bu dinlərin əhdi-ətiqlərində təəssüf ki, ayrı-ayrı dinlərin kölgədə qoyduğu ümumi trassendent başlanğıcını, ümumi metafizikanı qeyd edirdi.  Bu məqamda əxlaq və dini əxlaq məsələsi ilə bağlı Viktoriya Poroxova ilə söhbətim yadıma düşür. İslamı qəbul etmiş, Quranın sərbəst bədii tərcüməsi ilə tanınan bu xanım hesab edir ki, İslamdan kənarda heç nə müsbət və əxlaqi ola bilməz. Hər zaman humanizmə, yaxşılığa və intellektə meyilli olan bu əxlaq sisteminin aqibəti, dinə, fəlsəfəyə münasibətini gözdən keçirərkən XI əsrdə Əl Qəzali və İbn Rüşd arasında fəlsəfə ilə Allah (c.c.), fəlsəfə ilə Quranda həqiqət arasındakı münasibətlərə dair məşhur mübahisə yada düşür. Belə ki, Əl Qəzalinin fikrincə, fəlsəfə Quranla qarşılaşdığı halda geri çəkilməlidir. İbn Rüşd isə iddia edirmiş ki, fəlsəfə ilə Quran arasında heç bir ziddiyyət ola bilməz. Onun qənaətinə görə, onlar arasındakı ziddiyyət insanlardan asılıdır və bu səbəbdən də fəlsəfəni və Quranı dərk etmək lazımdır. O həmçinin hesab edirdi ki, Quran surələrinin dəqiq şərhi ağlın həqiqətlərinə ziddirsə, onları metaforik, yaxud alleqorik surətdə yenidən izah etməyə dəyər. Oxşar mübahisələr Avropa fəlsəfəsində də mövcud olmuşdur, lakin müsəlman ölkələrinin tarixində Əl Qəzalinin mövqeyi müasir zamanlaradək üstünlük təşkil etmişdir. Fəlsəfi məktəblərin birinin üstünlük təşkil etməsi digər məktəblərin bağlanması və başqa cür düşünənlərin təqibinə haqq qazandırılması təhlükəsini yaradır. İranın müasir hakimiyyəti tərəfindən Salman Rüşdiyə ölüm hökmünün çıxarılması, yaxud Nəsiminin edamını əsrlər ayırsa da, onlar bir qəbildən olan faktlardır.
Din haqqında dərindən fikirləşəndə çox vaxt keçmişə, dini başlanğıca qayıdışın cəmiyyəti xilas edə biləcəyini düşünürsən. Belə olan halda bilmək lazımdır ki, bu cür cəmiyyətin mühafizəkarlığı çoxsaylı qadağaları nəzərdə tutur və o, bir növ fəaliyyətsizliyi ilə seçilir. Radikalizm və dözülməzlik, bir qayda olaraq, dövlətlər və cəmiyyətləri alt-üst edir. Onlar daim tarixdə iflasa uğramış və möhkəm olmamışdır. Şərqə müraciət etsək, fars, ərəb Xilafətı, türk imperiyalarının dağılmasını yada salarıq. Müasir tarixdən İrandakı daimi inqilablar, Rusiyadakı inqilab və çevrilişlər yada düşür. Yaddan çıxarmayaq ki, Sovet İttifaqı kommunizmə inamın itməsi səbəbindən iflasa uğradı. Həmin dövlətin ateizmi rəhbər və baş katiblərin hakimiyyəti ilə gücləndirilmiş Marks və Leninə inam, özüllərin ənənəviliyinə zidd deyildir. Bu cür cəmiyyətlərdə hökmdarın ölümü dövlət və cəmiyyətin təməlinə təhlükə yaradan ciddi kollapsdır. Zənnimizcə, söhbət ayrı-ayrı şəxslərdən gedirsə, inam ruh və ağlın özünütəkmilləşdirməsinə dair səy tələb edən şəxsi məsələdir. Lakin transformasiya dövrünü yaşayan digər ölkələr kimi, Azərbaycana da cəmiyyət və dövlətin mütəşəkkilliyini təşkil edən və insanların rifahı üçün zəruri olan ictimai əxlaq lazımdır. Bununla belə, ictimai əxlaq bu günə qədər yalnız mütəşəkkillik kimi qəbul olunur, yaxud oluna bilərdi. Amma mütəşəkkillik və nizamasalınma fərdlərin azadlığı və əxlaqını ictimai əxlaqın əsasına salan razılaşma, yaxud uyğunlaşma  əsasında da həyata keçirilir. Şəxsi niyyətlər fərdlərin məsələsi olsa da, kölgədə qalmamalı, ictimai təcrübəyə əsaslanmalıdır. Çox vaxt mənəvi axtarışlara qadir olmayan sakinə cəmiyyət müsbət, xeyirxah münasibətlərə yönəldən praktik tələblər və dəyərlər təklif etməlidir.  Sözsüz ki, bu tələblər və dəyərlər bütövlükdə cəmiyyət və siyasi-inzibati, biznes, iqtisadiyyat, mədəniyyət kimi müxtəlif sahələrdə əks, yaxud təcəssüm etdirilməlidir. Hazırkı şəraitdə İslam əvvəllər və başqa şəraitdə olduğu kimi, ictimai əxlaq qismində çıxış edə bilərmi? Bu sualın cavabını gələcəyimiz verəcək. Lakin keçmişdə həm xristianlıq, həm də İslam bu və ya digər dərəcədə ictimai əxlaq və hüquq kimi dini normaların kəsərliliyini təmin etmişdir. Möhkəm hüquqlara malik qruplar, cəmiyyətin təbəqələri formalaşmışdır ki, onları hökmdarlar belə poza bilməzdi. Bu cür hüquqların mövcudluğu cəmiyyətin mənəvi şüurunda şərəf və ləyaqət, həmçinin əsasında İlahi harmoniyanın olduğu şəxsi ədalət və məsuliyyət prinsipinin formalaşmasına gətirib çıxarırdı. Lakin əksər tədqiqatçılar əmindir ki, bu sistemdə ictimai-dini əxlaq əsasən ruhanilik, elita və zadəganlığın keyfiyyətindən asılıdır. Məhz həmin səbəbdən bu gün Azərbaycanda İslamın ictimai əxlaqın əsasını təşkil edə bilib-bilməyəcəyi sualını cavablandırmaqda çətinlik yaranır. Zənnimizcə, ictimai əxlaqın konturlarını eskiz halında çızsaq, Azərbaycanda İslamın ictimai əxlaq qismində çıxış edə bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirə bilərik. Amma istərdik ki, sualın cavabı ictimai əxlaqın mümkün olmasından ötrü cəmiyyətin nə edəcəyini əks etdirsin. Birincisi, ictimai əxlaq ümumi əxlaqi prinsiplərin mövcudluğu, yaxud işlənib-hazırlanmasını nəzərdə tutur. Həmin prinsiplər bütün qrup, təbəqə, siniflərin həyat fəaliyyəti təcrübəsinə işləməklə, onları birləşdirməlidir. Nəzərə almaq lazımdır ki, ailə əxlaqı ictimai əxlaqın yerini tuta bilməz, yalnız onun tərkib hissəsi ola bilər. Bundan başqa, vahid ailə əxlaqı yoxdur, müxtəlif həyat tərzi və dəbləri olan müxtəlif ailələr mövcuddur ki, onların hər biri, bir qayda olaraq, problemlərini digərləri ilə rəqabətdə həll etməyə çalışır. Hal-hazırda biz əyani surətdə ailə əxlaqının daha çox fərdlər arasındakı əlaqələri pozduğunu, vətəndaş cəmiyyətinin formalaşmasına və birgə sahibkarlığa mane olduğunu görürük. Bizim ailələrdə tərbiyə almış vətəndaşlar bir-birinə inanmır. İkincisi, şübhəsiz ki, ictimai əxlaq insanların bir-birinə olan münasibətlərində xeyirxahlığa yönəlməli və ilk növbədə, dövlət və ictimai institutların insanlara dair münasibətlərində ifadə olunmalıdır. Belə olan halda, yaxşılıq özünü xeyirxah ədalət kimi göstərməlidir. Üçüncüsü, bu cür fəaliyyət dövlət və ictimai institutların ictimai əxlaq çərçivəsində insanların həmrəyliyi və rifahına səbəb olur. Dördüncüsü, ictimai əxlaq fərdin müasir cəmiyyət və dövlətdə həyata keçirdiyi rola müvafiq olan əxlaq standartlarını təqdim etməlidir ki, onlar da fərdin ailə, cəmiyyət və dövlətdə özünü aparma qaydalarını göstərməlidir. Beşincisi, ədalət prinsipinə əsaslanan ictimai əxlaq cəmiyyət üzvləri arasında nemətlərin, hüquq və vəzifələrin, onların iddialarını tənzimləyən prinsiplərin bölüşdürülməsi mexanizmi kimi də çıxış edə bilər. Aydındır ki, hazırkı keçid cəmiyyətimizdə problemlər çoxdur və onlardan biri hələ ötən dövrlərdən miras qalmış ictimai əxlaq böhranıdır. Lakin yaddan çıxarmaq olmaz ki, bu böhran fərdi əxlaqlar böhranından irəli gəlmiş, yəni rifah haqqında fərdi, yaxud ailə təsəvvürləri onların doğruluq meyarları, digərlərinin fikirləri və maraqları ilə tamamlanmır.


source : http://dfws.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK

 
user comment