Azəri
Thursday 25th of April 2024
0
نفر 0

DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR

 

Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şər”ən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir.

Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. “Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.” Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış “ləzzətlər” puç olub, əldən çıxma ərəfəsindədir.

Dünyaya vermə könül, bu vəfasız gözəlçə,

Kimsənin məhəbbətin yaşatmamış bir gecə.

DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR

Amma şərən: Qurani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: “Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.” (“Yunis”, 7). Başqa bir ayədə: “Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?” (“Tövbə”, 37) Yəhudilər haqqında isə belə buyurur: “Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.” (“Bəqərə”, 96).

Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: “Dünya məhəbbəti bütün günahların başıdır.”

ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI

Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün təxirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri təsirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, möminin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu möminin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin.

SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK NƏTİCƏSİDİR

Adamların çoxu, xüsusilə qadınlar, dünya məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər.

Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: “Kiçik müsibətdə haray-həşir qoparırsan, daha böyük müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin fikrində olmamağın oğlunun ölüm müsibətindən daha ağırdır.”

İLAHİ LÜTF VƏ ƏNAM

Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib, xidmətlərinin əvəzini, ən”am verəcəklər. Sözsüz ki, bu adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən”am almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra etmək üçün həmin vaxtın gec gəlməsini istəyir–bəli, mömin kəs ölüm xəbərini belə gözləməlidir! Mömin savab evinə yetişmək üçün bir əsl olan ölümdən fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün yubanmasını istəməlidir. Eyni halda, Allah onun ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında, Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə görüşdən razı qalmalıdır.

CANVERMƏ ZAMANI ƏHLİ-BEYT (ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI

Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bəzi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bəzilərində isə 14 məsum) möminin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.)

Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: “İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək məsumları görürəm.”

Həmçinin, “sizin də nurlu surətiniz görünür” dedi.

Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mərifəti, məhəbbəti qədər bəhrə aparar.

Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mömin olsun, istərsə də kafir.”

Bəli, bu görüş möminlər üçün nemətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.

ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR

Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Möminin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə möminin “məni tez öz mənzilimə çatdırın!”, kafirin isə “məni qəbrə aparmağa tələsməyin”! sədası gəlir. Möminə qüsl veriləndə mələk soruşur: “Dünyaya qayıtmaq istəyirsənmi”? Cavab verir: “Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.”

Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Quran tilavətinə yer verilsin.

Bəzi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.

Qəbirdə möminə verilən ilk müjdə odur ki, “Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı.” Möminlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edənlər getdikdən sonra, meyyitin vəlisi geri qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.

QƏBİR SUAL-CAVABI

Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də təsirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.

Əllamə Məclisi “Biharul-ənvar” kitabının 3-cü cildində və “Həqqül-yəqin”də buyurmuşdur: “Mötəbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”

ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU

Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.)

Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Məsumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə “sən Allahsan” deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Quran Allah kitabıdır (yəni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yəni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. (“Vaqiə”, 87) Ona deyərlər: “Yat, ərus yatışı ilə.” (“Vaqiə” 93)

Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).

QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?

İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?

Mömin üçün qəbir sorğusu nemətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün ləzzətdir.

Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.

ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN BAŞLANĞICI

Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları “Nəkir” və “Münkir” (müşkülçü, inkarçı)dır.

DİGƏR SUALLARDA ACİZ OLARLAR

Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi məlum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bəziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.

ƏMƏLLƏRDƏN SUAL OLUNAR

“Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: “Sənin haqqında yüz taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.

Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər məsum, günahsız şəxs “qəbrimdə Nəkir və Münkirin sualı üçün ağlayıram” deyərək nalə çəkirsə, mən və sən nə deyək?

QƏBİR DOSTU ƏMƏLDİR

Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun əməlləridir. Quranda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq “Xisal”, “Əmali”, “Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: “Qeys ibni Asim Bəni-təmim qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: “Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.” Həzrətin onlara verdiyi nəsihətlərdən:

“Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.”

Qeys bu moizəni elə oradaca şerə çevirdi:

Əməllərdən yardımçı seç özünə

Qəbir evində bir əməldir köməyin.

Şəksiz ki, bir zaman çıxacaq üzə

Onun gözəlliyi olsun istəyin.

Baş qatma hər işə, düşün Allahı,

Razılığı əsasıdır əməyin.

Dünyan, axirətin əmələ bağlı,

Bir xoş əməl qalxanı, min kötəyin.

Bəli, bir qonaqdı dünyada insan,

Haqq ayrılıq fərmanıdır fələyin.

ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR

Ölümdən sonra yalnız əməllərin insana yardımçı olması haqqında Quran ayələri çoxdur. Onlardan yalnız birini xatırlamaqla kifayətlənirik:

“Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz bəndələrinə mehribandır.” (“Ali-imran”, 30)

Məhz bu səbəbdən də Öz peyğəmbərləri vasitəsi ilə bəşəriyyətə saysız xəbərdarlıqlar çatdırmışdır.

PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR YOLDAŞIDIR

Şeyx Bəhaidən nəql olunur ki, buyurdu: “İsfahan qəbiristanlığında daim məqbərə üstə ibadətdə məşğul olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü işlərindən nə görmüsən? Dedi: Dünən qəbiristana bir cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. Qürub zamanı pis bir qoxu qalxdı və məni də narahat etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən itə oxşar qorxunc bir heykəl gördüm, pis qoxu da ondan gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə görünməz oldu. Bir az keçməmiş ətrafı xoş ətir bürüdü ki, belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl, dilruba bir surət gəlib həmin qəbrin başında yox oldu. (Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış, qana bulaşmışdı. Dedim, ey Rəbbim, bu işlərin hikmətini mənə anlat, bu surətlər nədir? Mənə anladıldı ki, gözəl surət onun yaxşı əməlləri, qorxunc heykəl isə pis əməlləri idi. Pis əməllər çox olduğundan, qəbir yoldaşı da o oldu. (Pislik paklanıb, növbə gözəl surətə çatanadək.)

QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR

Əllamə Məclisi “Həqqül-yəqin”də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yəni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mömin üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi nemətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: “Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: “Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!”

Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: “Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” (Allah onu Həzrət Rəsula bağışladı).

Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Səd ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:

SƏD DƏ QƏBİR ƏZABI GÖRDÜ

Ənsarın rəisi Sə”d ibni Məaz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun tabutunu çiyninə götürdü və buyurdu: “Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də gedirdim.” Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, “xoş halına, Behişt sənə ruzi oldu” deyə anası dilləndi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir sıxıntısındadır”! Səhabələr soruşdular ki, ya Rəsuləllah, Səd kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.”

Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir.

BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI MÜMKÜNDÜR

Kuleyni, Yunisdən rəvayət edir ki, İmam Riza (əleyhissalam)-dan sual etdim: Dar ağacında asılmış adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd (əleyhissalam) 3 il dar ağacında qaldı.) İmam (əleyhissalam) buyurdu: Bəli, Allah havaya əmr edər ki, onu sıxsın.

Digər rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur: “Torpağın və havanın yaradanı bir Allahdır. Havaya vəhy edər və hava qəbirdən daha pis sıxar.” Su da eynən.

QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ

Əvvəlki söhbətlərdən qəbir əzabının səbəbləri məlum oldu-ilahi nemətləri heç etmək, inkar etmək və ailədə tünd xasiyyətlilik, acı dillilik.

Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən də təsirlənsin. Əksinə, gözəl rəftarı, xoş əxlaqı olanlarsa, genişlikdə, vüs”ətdədirlər. Əlbəttə, burada da mərtəbələr vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir qisim adam da göz işlədikcə genişlikdədir (yəni ruhları genişlikdədir).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment