Azəri
Thursday 28th of March 2024
0
نفر 0

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR



QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR Həzrət Peyğəmbər (s) və mə`sum imamların həyatına nəzər saldıqda görürük ki, onlar öz həyat yoldaşları ilə mülayim və mehriban rəftar etmişlər. Bu böyük insanlarda mərhəmət elə bir həddə olmuşdur ki, hətta bə`zi zövcələri onların bu xüsusiyyətlərindən sui-istifadə etmişdir. Amma yerə də onların səbr kasası dolmamış, sərt rəftara yol verməmişlər. Nəql olunur ki, bir gün Əbu-Bəkr peyğəmbərin evinə gəldikdə qızı Ayişənin (peyğəmbərin həyat yoldaşı) peyğəmbərlə mübahisə etdiyini gördü. Onlar mübahisənin həlli üçün Əbu-Bəkri hakim tə`yin etdilər. Ayişə danışır və öz danışığında Peyğəmbərin (s) hörmətini gözləmirdi. Əbu-Bəkr Ayişənin bu hərəkətinə dözməyib ona bir sillə vurdu. Ayişə Peyğəmbərə (s) sığınıb onun arxasında gizləndi və yardım istədi. Həzrət Peyğəmbər (s) buyurdu: “Biz səni buna görə çağırmamışdıq, səndən belə rəftar istəməmişdik.” Nəql edirlər ki, bir gün peyğəmbərin zövcəsi onunla tünd davrandı. Anası onun bu hərəkətini görüb tənbeh etdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu rahat buraxın, bildiyini etsin.” Peyğəmbərin (s) yaxınları onun haqqında demişlər: “Peyğəmbər (s) qadınları və uşaqları bağışlamaqda xalqın ən üstünü idi.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman baxımından xalqın ən kamili onların ən xoş xasiyyətlisi və zövcəsinə ən mehriban olanıdır.” Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi xatırlatmışdır: namaz, əl altında olanlarla xoş rəftar, qadınların yanında Allahdan qorxub onlarla gözəl rəftar etmək. Digər bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları girami tutur, rəzil insanlar onları əskik sayır.” Dini bir rəvayətdə deyilir: Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir: “Bilin ki, Allah və peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.” Qur`ani-kərim kişilərə belə göstəriş verir: “Həyat yoldaşlarınızla yaxşı və xoş rəftar edin.” Qur`an ayələrində buyurulur ki, əgər müştərək həyatı davam etdirmək imkanınız yoxdursa, zövcənizin haqqını ödəyin, onunla yaxşılıqla ayrılın və elə etməyin ki, həyat ona sıxıntılı olsun; ona zərər-ziyan yetirməyin və Allah bəyənən tərzdə bir-birinizdən ayrılın.” İslamın qadınlarla rəftar haqqındakı buyuruqları göstərir ki, ailələrimizin bir çoxu İslam normalarından nə qədər uzaqdır. Bə`zi kişilər din öncüllərinin tam ziddinə olaraq bayırda xoş rəftar edir, evə qayıtdıqda ailə mühitini öz davranışı ilə zəhərləyir. Təəssüf ki, ailə ilə bağlı bir çox ən`ənələrimiz İslam tə`limindən uzaqdır, bə`zən isə ona ziddir. Deyilənlərə əsasən müsəlman ailələrindəki bu günkü gerçəkliyi İslamın ailə prinsipləri ilə eyni tutmaq olmaz. Qadınlara hörmət, onların girami tutulması, onlarla sərt rəftardan çəkinmək İslam qanunlarının gerçək prinsiplərindəndir. Haqqında danışdığımız məsələ ilə bağlı ayələr və rəvayətlər çoxdur. Bizim xatırladıqlarımız isə yalnız dəryadan bir damla idi.

ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI

ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI İslam tə`limlərini nəzərdən keçirdikdə mə`lum olur ki, qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş yoxdur. Yə`ni kişi qadına hörmət göstərib, onunla xoş rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını tə`min etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş rəftarı və onu razı salması cihad sayılmışdır. İslam tə`limlərinə əsasən kişinin qadın öhdəsində daha çox haqqı var. Qiyamət hesabında qadın üçün ərin razılığından böyük şəfaətçi yoxdur. Həzrət Fatimə (s) dünyasını dəyişdiyi vaxt Həzrət Əli (ə) dedi: “Pərvərdigara! Mən sənin peyğəmbərinin qızından razıyam.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xoş o qadının halına ki, əri ondan razıdır; vay o qadının halına ki, ərini qəzəbləndirmişdir.” İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, ərini incidən, qəm-qüssəyə qərq edən qadın məl`undur (lə`nətlənmişdir). Ərini əziz tutub onu incitməyən, ona itaət edən qadın isə xoşbəxtdir.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir qadın ərini incitsə, onu razı salanadək namazı və digər xeyir işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir. Arvadını incidən, ona zülm edən kişi cəzalanır.” Həzrət Fatimə (s) buyurmuşdur: “Həyat yoldaşı ilə mehriban rəftar edib onu bağışlayanlar insanların ən dəyərliləridir.” Bir şəxs həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı rəftarı haqqında danışıb dedi: “Evə qayıtdığım vaxt zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim mehriban rəftar edir.” Həzrət Peyğəmbər (s) buyurdu: “O, şəhid mükafatının yarısını almışdır.” Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu vəzifələrə əməl edilsə, ailə rabitələrində ciddi bir problem yaranmaz.

UYĞUNLAŞMA

UYĞUNLAŞMA İstənilən bir ictimai mühitdə, o cümlədən ailədə əsas prinsiplərdən biri uyğunlaşma prinsipidir. Hər bir toplumda, eləcə də, ailədə olan fərdlər fərqli xüsusiyyətlərə malikdir. Həyat yoldaşı seçimində nə qədər diqqətli olsaq da, seçdiyimiz fərddə fərqli xüsusiyyətlərin olması qaçılmazdır. Fərqli mədəniyyətlərin tərbiyə etdiyi şəxslər arasında düşüncə, psixologiya, əxlaq baxımından fərqlər olur. İki ailə mədəniyyət, adət-ən`ənə baxımından bir-birlərinə nə qədər yaxın olsalar da, onlar arasında fərqlərin mövcudluğu qaçılmazdır. (Ayrı-ayrı millətdən olan iki fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola bilər. Təbii ki, kökündən fərqli mədəniyyətlərdən bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır. Təcrübə göstərir ki, xarici vətəndaşla ailə quran şəxslərin xüsusi problemləri olur və onların izdivacı, adətən, uzun çəkmir. Əlbəttə ki, istisnalar da var. Hətta bu istisna hallarda da tərəflərdən biri o birinin əqidəsini və mədəniyyətini qəbul edir.) Bütün bu səbəblərdən ailə qurmuş tərəflər arasındakı fərqlər bizi təəccübləndirməməlidir. Həyat yoldaşı seçərkən belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz və bu seçimdə çalışmalıyıq ki, prinsipial məsələlərdə tərəflər bir-birinə uyğun olsunlar. Prinsipial fərqləri olan iki nəfərin qurduğu ailə çox çətin uyğunlaşır, bə`zən isə uyğunlaşmır. Əlbəttə ki, bə`zən ailədə prinsipial yox, xırda məsələlər ixtilaf yaradır. Hər halda, fərqlər azaldıqca rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir qismi onların iste`dadları ilə bağlıdır. İste`dad fərqi isə fərqli maraqlar, istəklər yaradır. Zövcələr arasındakı fərqlərdən bir qismi də onların uzun illər boyu formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir. Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa çarə yoxdur. Bütün toplumların, zümrələrin, eləcə də, ailənin uyğunlaşma prinsipinə ehtiyacı var.

source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment