Azəri
Monday 2nd of August 2021
273
0
نفر 0
0% این مطلب را پسندیده اند

KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR



KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən başlanılmış eşqdir. Yalnız belə bir eşq qadın üçün heç zaman soyumur. Qadın tərəfindən başlanılmış eşq isə kövrək və davamsızdır. (Daha geniş mə`lumat almaq üçün “İslamda qadın haqları” kitabına müraciət edin) Qadınla kişi arasındakı münasibətlərdə qadın üçün fiziki yaxınlıq ləzzəti yox, kişinin qəlbini ram etmək ləzzəti önəmlidir. Başqa sözlə, qadın fiziki ləzzətlərdən daha çox ruhani ləzzətlərdən həzz alır. Kişidə isə əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu səbəbdən də deyirlər ki, kişi qadının cismi, qadın isə kişinin qəlbi sorağındadır. Ər-arvad münasibətlərində əsas nöqtə budur. Qadında özününümayiş, dilrübalıq, ram etmə hissinin izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi qəlbini fəth edib onu öz ardınca çəkir. Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın əsrarəngiz qüvvəsi ilə onu öz qarşısında diz çökdürür, qəlbini özünə əsir edir. Həzrət Əlidən (ə) nəql olunmuş məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli güldür.” Yə`ni qadın fiziki baxımdan kişi qədər güclü olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə almaqla qadından kişi kimi hərəkət etməsi tələb olunmamalıdır.

QADIN RUHUNDA ŞADLIQ VƏ TƏRAVƏT

QADIN RUHUNDA ŞADLIQ VƏ TƏRAVƏT Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əri tərəfindən sevilən, bu sevgidən arxayın olan qadın qəm-qüssədən uzaqdır. Belə bir arxayınlıq qadına daxili bir rahatlıq verir. Ərində özünə qarşı biganəlik görən, onun başqa kəslərə və başqa şeylərə maraq göstərdiyinə şahid olan, ərinin qəlbini ram etməkdə acizlik hiss edən qadın isə günbəgün pərişanlaşır, ruhi təravətini əldən verir. Qarşı tərəfin biganəliyi qadın ruhiyyəsinə o qədər mənfi tə`sir göstərir ki, o hətta övladlarına qarşı biganələşir. Yə`ni hətta analıq hissləri də ərin münasibəti ilə müəyyənləşir. Kişinin himayə və mehribanlığı qadın üçün o qədər dəyərlidir ki, bu hisslər olmadıqda ailə həyatı qadın üçün dözülməz olur. Belə bir izdivac heç vaxt xoşbəxtliyə aparmır. Beləcə, mə`lum olur ki, ərin öz arvadına münasibətdə həssaslığı ailə həyatının xoşbəxtliyində misilsiz rola malikdir. Belə bir nöqtəni də nəzərdən qaçırmaq olmaz: Qadın kişinin soyuqluğunu onun nəzərinə çatdıra bilmir! Ona elə gəlir ki, bu onun mənliyinə xələl gətirir. Amma bu biganəlik davamlı şəkil aldıqda qadının rəftarlarında onun mənfi təzahürləri özünü büruzə verir. Məsələ gündən-günə çətinləşir. Qadın dərin daxili hisslərə malik olduğundan təbii bir şəraitdə əri yolunda böyük fədakarlıqlar göstərib, məhrumiyyətlərə dözə bilər. Amma bütün bu fədakarlıqlar yalnız o zaman baş verir ki, qadın əri ilə münasibətdə ruhən tə`min olunsun və özünü alçaldılmış görməsin. Başqa sözlə, ailə rabitələrində e`timad, həyat yoldaşının diqqəti və mehribanlığı qadına güc verir ki, çətinlikləri adlasın, ərinə münasibətdə böyük fədakarlıqlar göstərsin. Hətta belə bir vəziyyətdə qadın öz məhrumiyyətlərindən ləzzət alır. Amma qadının sevgisi və fədakarlığı qiymətləndirilmədikdə onun ruhiyyəsi günbəgün zəifləyir, hansısa fədakarlığa yer qalmır. Beləcə, ixtilaf və qarşıdurmaların bünövrəsi qoyulur. Bir çox ailə ixtilaflarının kökü budur ki, qadın əsil istəyinə çatmır, ərinin qəlbini və məhəbbətini qazana bilmədiyini düşünür, amma bunu açıqlamır, bu hisslərin tə`siri altında qadın özündən asılı olmayaraq uyğunsuzluq və e`tiraz yolunu seçir. Təəssüf ki, bir çox kişilər qadın ruhiyyəsindən xəbərsiz olduqlarından onun qanuni istəklərinə biganəlik göstərirlər. Onlar öz rəftarlarının nə ilə nəticələnəcəyindən xəbərsiz həyat yoldaşlarına məhəbbətlərini əsirgəyir, onu iztirab aləmində tənha buraxırlar. Qadın öz ailə həyatında məğlubiyyət hiss edib eşq sərmayəsini hədərə verdiyini düşündükdə özünü ailə həyatına necə həsr edə bilər?! Bu sayaq düşüncələrlə qəlbin pak hisslərini səxavətlə paylaşmaq, həyat nihalına eşq və məhəbbətlə qulluq etmək mümkündürmü?!

ƏRIN ƏN MÜHÜM MƏ`NƏVI VƏZIFƏSI

ƏRIN ƏN MÜHÜM MƏ`NƏVI VƏZIFƏSI Deyilənlərdən belə mə`lum olur ki, ərin ilk mə`nəvi vəzifəsi həyat yoldaşını öz məhəbbətindən arxayınlaşdırmaqdır. Diqqətsizlik və biganəlik qoxusu gələn istənilən bir işdən çəkinmək lazımdır. Ər çalışmalıdır ki, öz məhəbbəti ilə ailə nihalını sirab etsin. Əlbəttə ki, bütün sahələrdə olduğu kimi məhəbbət sahəsində də ifrata varmaq düzgün deyil. Heç bir halda tarazlığı pozub orta həddi aşmaq olmaz. Təcrübə göstərir ki, ailə həyatının ilk dönəmində əsas məhəbbət hisslərdən qaynaqlanır və qısa bir zamanda biganəliyə çevrilir. (Hisslərə əsaslanan qəlb bağlılığı ifrata vardıqda nəticələr həm qadının, həm də kişinin zərərinə olur. Bə`zi gənc xanımlar ailə həyatının ilk dövründə qarşı tərəfə ifrat məhəbbətlə yanaşırlar. Bu səbəbdən onlar qarşı tərəfdən də eyni məhəbbətin intizarında olurlar. Amma qadının bu intizarını doğrultmaq, adətən, kişilər üçün çətin və yorucu olur. Bu zümrədən olanlar məsələyə agahlıqla yanaşıb münasibətləri tənzimləməli, ifratçılığa yol verməməklə mümkün problemlərin qarşısını almalıdırlar.) Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: “Kişinin öz həyat yoldaşına sevirəm” deməsi heç vaxt onun yaddaşından silinmir.” Bu hədis qadının öz həyat yoldaşına bağlılığını göstərir və öncə dediklərimizi təsdiqləyir. Bu əsas nöqtəyə diqqətli olmaq kişi üçün zəruridir. Bu diqqət kişinin bir çox əxlaqi vəzifələrini müəyyənləşdirir. (Qadının rahatlığını əlindən alan amillərdən biri onun ərinin başqa qadınlara diqqət yetirməsidir. Bu məsələ qadında belə bir fikir formalaşdırır ki, o, ərinin diqqətini özünə cəlb edə bilməmişdir. Kişinin başqalarına diqqət yetirməsi xoşagəlməz sonluqla nəticələndiyindən dini tə`limlərdə belə bir diqqət və baxışa icazə verilməmişdir. Bir qadınla ailə təşkil etmiş kişi bütün diqqətini ona yönəltməli və başqa qadınlardan gözünü çəkməlidir. Bu əhdə vəfa şərtidir və ailə bağlarını möhkəmləndirir.) Məsələn, kişinin aldığı kiçik bir hədiyyə onun yoldaşı üçün misilsiz olur. Çünki bu hədiyyə ərin öz arvadına diqqətini və onu yaddan çıxarmadığını göstərir. İş yerindən və ya şəhərin hansısa bir nöqtəsindən ərin sadəcə telefonla öz həyat yoldaşı ilə danışması qadını xeyli rahatlaşdırır. Bə`zi kişilərin öz həyat yoldaşlarına biganəliyinin necə böyük qəflət və cəfakarlıq olduğu göz qabağındadır. Hətta belə olur ki, ərindən inciyən qadın ər evini tərk edib ata evinə üz tutur. Belə bir hərəkət düzgün olmasa da, ər yenə də evlənmədən əvvəldə olduğu kimi arvadının arxasınca getməli, müxtəlif hədiyyələrlə onun diqqətini cəlb etməlidir. Ərdən incimiş qadına bu sayaq diqqət onun qəm-qüssəyə qərq olmuş qəlbini dirildib, müştərək həyata yenidən ruhlandırır. Kişi belə hallarda içindəki vəsvəsələrə təslim olmamalı və düşünməməlidir ki, onun qabağa addım atması qadın üçün pis örnək ola bilər. Ailə həyatında bu sayaq tərəddüdlərə yer yoxdur və kişi qadına məhəbbət göstərməyi özü üçün təhqir saymamalıdır. Məgər ailə qurmamışdan öncə tam təvazö ilə qadının qapısına gedib ona öz eşqini e’lan edən həmin ər deyildimi?! Axı bir vaxt təhqir sayılmayan iş nə üçün küsüşmədən sonra təhqir sayılmalıdır?! Kişinin irəli addım atıb məhəbbətini izhar etməsi qadının gözündən yayınmır və ailə həyatını möhkəmliyində öz tə`sirini göstərir. Qadınlar da ərin təvazökarlıqla ona yaxınlaşmasına müsbət cavab verməli, onun məhəbbətini düzgün qiymətləndirməlidirlər. Burada Qur`ani-kərimdən bir ayəni xatırlamaq yerinə düşərdi: “Yaxşılığın yaxşılıqdan başqa əvəzi varmı?”

ƏRLƏRƏ XƏBƏRDARLIQ

ƏRLƏRƏ XƏBƏRDARLIQ Deyildiyi kimi, qadın üçün ərin ona diqqətindən mühüm bir şey yoxdur. Bu sahədə qadın çox həssasdır. Bu səbəbdən də ərin başqalarını, xüsusi ilə hansısa qadınları və ya öz ana-bacısını tə`rif etməsi qadın üçün dözülməzdir. Qadın bu istəkdədir ki, ərinin qəlbini öz inhisarında saxlasın və bu qəlbdə kimsə onun yerini tutmasın. Ər öz həyat yoldaşının bu hisslərindən agah olmalıdır. O, yol verməməlidir ki, qadında onun sevgisi ilə bağlı narahatlıqlar yaransın. Ana-bacını, qardaşı, dostları sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim onlardan danışasan. Məsələn, həyat yoldaşı ilə ikilikdə səfərə çıxdıqda yeri gəldi gəlmədi başqa yaxınları xatırlayıb, onların olmamasına təəssüflənmək qadında iztirab yaradır. Həyat yoldaşına başqalarının bişirdiyi xörəkləri tə`rifləmək, əl işlərindən həvəslə danışmaq zərərlidir. Kişi bu şərtlərə riayət etməsə, daim öz həyat yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki, ər onun yanında da olsa, fikri başqa yerdədir. Belə bir hiss onun üçün dözülməzdir və onda əxlaqi nöqsan olan həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz anasının hüzurunda ardıcıl şəkildə həyat yoldaşını tə`rifləyib, başqalarına biganə qalması ilə bağlı şübhələr yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda bir çox problemlər yaradır və həmin sifətdən asanlıqla yaxa qurtarmaq olmur. Məhz bu məqamlarda kişinin müdiriyyət rolu aydın olur.) Təkrar-təkrar qeyd etdik ki, ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə inandırmalıdır. Qadın əmin olmalıdır ki, ərin qəlbində onun yerini başqa biri tuta bilməz. Qadın belə bir arxayınlıq olduqda müştərək həyatını sağlam və enerjili davam etdirir. Bə`zən qadın öz ərini onun sevdiyi hər şeyə, hətta heyvana, əşyaya, idman və ya əyləncəyə də qısqanır. Ərinin ona yox, digər şeylərə maraq göstərdiyini gördükdə nifrəti həmin şeylərə ünvanlanır. Ətrafda bu nümunələrlə rastlaşmaq çətin deyil. Əlbəttə ki, belə bir münasibət qadının öz hisslərində ifrata vardığını göstərir. Amma hər halda ər öz həyat yoldaşının bu hisslərindən xəbərdar olmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, qadındakı bu hisslər qıcıqlanmasın. Əgər buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının psixoloji aramlığı tə`min edilər.

MƏHƏBBƏT INTIZARINDA IFRATA VARMAYAQ

MƏHƏBBƏT INTIZARINDA IFRATA VARMAYAQ Qadınlara belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun intizar eşq və məhəbbət göstəricisi olsa da, ifrata varıb məntiqsiz tələblər irəli sürmək olmaz. Qəbul etmək lazımdır ki, ər öz həyat yoldaşından əlavə başqaları ilə də münasibət qurmalıdır. Bu hər bir insanın aşkar haqqıdır. Ana, bacı, qardaş, dostlar insanın sevgisindən bəhrələnmək haqqına malikdir. Bu səbəbdən də, ərin qəlbini inhisarda saxlamaq olmaz. Belə bir istək əslində yerinə yetəsi deyil. Müştərək həyatın ilk dönəmlərində qadın və kişi bir-birlərini dəlicəsinə sevsələr də, sonrakı dövrlərdə həmin sevgi odunu qorumaq mümkünsüz olur. Demək, bu sevgidə də ifrata varmayıb orta həddi gözləmək lazımdır. Başqalarına xoş münasibət həyat yoldaşını sevməmək deyil. Əgər ər öz ana-bacısını sevirsə, bu çox təbii bir bağlılıqdır. Bir insan illər uzunu ana ağuşunda ömür sürüb boya başa çatdıqdan sonra ondan üz çevirərsə, onun məhəbbətini e`tibarlı saymaq olarmı? Olsun ki, qısa bir müddətdən sonra o öz həyat yoldaşını da bu sayaq unudar və qəlbindən onun məhəbbətini çıxarar.


source : http://www.alhassanain.com
273
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-6
NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
DÖRD MÜHÜM VƏZİFƏ
İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ-2
Yaxşılıq haqqında hədislər
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?
“Qarabağ İslam torpağı olaraq Azərbaycana qaytarılmalıdır”- Ayətullah Şəbistəri
Həqiqəti göstərən eynək
ALLAH ÖVLİYALARININ HƏCCİ

 
user comment