Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İSLAM FƏLSƏFƏSİ İLƏ TANIŞLİQ-3

QƏDİM VƏ HADİS

Tarix boyu fəlsəfi bəhslər arasında geniş və köklü mübahisə obyektinə çevrilən məsələlərdən biri də mövcudatın «Qədim», yaxud «Hadis» olmasıdır. Fəlsəfi ədəbiyyatda bu iki kateqoriyanı əks etdirə bilən konkret bir termin tapa bilmədik. Buna görə də hər iki kəlməyə dair bir qədər açıqlama verməyi məqsədəuyğun saydıq. «Qədim» sözü, doğma ana dilimizdə olduğu kimi –uzaq keçmişə xas olan şeylərə deyilir. Məsələn, yaşı min illər olan tikili, uzaq keçmişləri xatırladan yaşlı ağac və s. xalq arasında qədim sayılır. Lakin fəlsəfi termin kimi «qədim» kəlməsi tarixi olmayan, əzəli varlıqlara deyilir. Daha dəqiq tə’rif vermək istəsək, belə deyə bilərik ki: «Qədim –əvvəli yoxluq olmayan əzəli varlığa deyilir». Bu tə’rifə əsasən, yaşı minlər, bəlkə də milyonlar olan bir varlıq fəlsəfi nöqteyi nəzərdən qədim sayılmır. «Hadis» kəlməsi isə, birincinin antonimi olaraq yaşı çox olmayan gənc varlıqlara deyilir. Konkret olaraq, hadis sözünü «yeni» kimi tərcümə etmək olar. Bu kəlmə də öz «əkizi» kimi fəlsəfə də başqa mə’nada qəbul olunmuşdur. Belə ki, yaşı nə qədər çox olsa belə, sonradan vücuda gələn varlıqlar hadis sayılırlar. Beləliklə, «Yaşından asılı olmayaraq əvvəli yoxluq olub, müəyyən tarixdə meydana gələn varlıqlar hadis adlanır». Ötən bəhsimizdə sübuta yetirdik ki, Allah-təalanın vücudu Onun zatındandır. Bunun izahında isə dedik ki, o Uca varlıq əzəldən mövcud olmuş heç kim (hətta özü) tərəfindən yaradılmamışdır. Bu, Allah-təalanın «qədim» olduğunu bizə açıq şəkildə bəyan edir. Fikrimizcə «Qədim və hadis» bəhsinin fəlsəfəyə daxil olması «Nəticənin səbəbə ehtiyacı» məsələsilə bağlıdır. Tarix boyu mütəfəkkir və filosoflar belə bir sual ətrafında düşünmüşlər: «Nə üçün nəticə öz səbəbinə ehtiyaclıdır?» Bu sualın cavabında, artıq bizə tanış olan kəlam məktəbləri nəticənin səbəbə ehtiyacını, onun hadis olmasında görürlər. Onlara görə hər bir nəticə öz səbəbindən sonra mövcud olmalı və onların arasında zaman fasiləsi hökm sürməlidir. Nəticənin öz səbəbilə bir zamanda vücuda gəldiyini qəbul etsək, onun səbəbə olan möhtaclığını inkar etmiş olarıq. Əlbəttə kəlam alimlərinin əsl məqsədi, ən’ənəvi olaraq, hər bir mövcudun səbəbi olan Allah-təalanın «Qədim», məxluqatın isə «Hadis» olduğunu və beləliklə, Ona möhtac olduğunu isbat etməkdir. Filosoflar arasında ilk dəfə olaraq Molla Sədra nəticənin səbəbə ehtiyacını düzgün və əsaslı şəkildə izah edə bildi. O, nəticənin səbəbə ehtiyacını, onun «Hadis» olmasında görənlərin nəzəriyyəsini yanlış hesab etdi. Filosof bu ehtiyacı nəticənin səbəblə müqayisədə «vücuda zəiflik və fəqirlik» anlamı ilə izah edirdi. Həmçinin o, vücudun vacib deyil, mümkün olmasını, onun öz səbəbinə möhtac olması üçün başlıca amil hesab edirdi. Mütəaliyə filosofları bu müddəanı isbat etmək və kəlam alimlərinin nəzəriyyəsini rədd etmək üçün gətirdikləri dəlillərdən birilə tanış olaq: Biz varlıq aləmində səbəb və nəticələri mülahizə edərkən bir çox möhtac nəticələr görə bilərik ki, öz səbəblərindən sonra yaranmışlar və onların arasında zaman fasiləsi yoxdur. Məsələn, günəşin şüası günəşlə eyni zamanda vücuda gəlmişdir, lakin bu şüanın günəşə nə qədər möhtac olduğu şübhəsizdir. Kəlamilərin məntiqinə əsasən, günəş səbəb, onun şüası isə nəticə olduğu üçün, əvvəl günəş yaranmalı, müəyyən zaman fasiləsindən sonra onun şüası vücuda gəlməlidir. Beləliklə, filosoflar öz nəzəriyyələrini isbat etmiş olurlar. Qeyd etmək lazımdır ki, bu nəzəriyyə yalnız nəticənin səbəbə ehtiyacını onun «Hadis» olmasında görən fikiri inkar edir. Lakin bə’zi filosoflar bu nəzəriyyədən daha kəskin nəticələr alaraq, aləmin «Qədim» olduğunu iddia etmiş, Allah-təaladan başqa bir əzəli varlığın mümkünlüyünü düşünmüşlər. Onlar hətta öz müddəalarına dəlil olaraq deyirlər: «Bütün aləm Allah-təalanın yaratdıqlarıdır. Xəlq etmək Onun lütfü, mərhəməti, ehsanı ilə eynidir. Öncə qeyd etdiyimiz kimi, Allah-təalanın sifətləri Onun zatı ilə eynidir. Onun zatı qədim olduğu üçün, bütün sifətləri, lütfü, mərhəməti, ehsanı da qədim və əzəlidir (Qədimul-Ehsan). Əgər bu sifətlər qədimdirsə, onun xəlq etdiyi aləm də qədim olmalıdır.» Filosofların bu fikrinə cavab olaraq, dövrümüzün ən böyük İslam filosoflarından biri olan Məhəmməd Təqi Misbahın iradı ilə tanış olaq:
Allahın lütfü, mərhəmət və ehsanının qədim olması, eləcə də heç bir zaman və məkan buxovları ilə məhdudlaşmaması şübhəsizdir. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Bu lütfü, mərhəmət və ehsanı əxz edən tərəf (məxluqat) də nəzərə alınmalıdır. Onlar qeyri-məhdud ilahi lütfə şamil olmaqda məhduddurlar. Necə ki, Allahın lütfünün nə qədər hədsiz olmasına baxmayaraq, maddə aləmi zaman və məkan məhdudiyyəti ilə yaradılmışdır. Dahi filosofun əvəzsiz iradına çox kiçik də olsa, daha iki irad əlavə etmək istəyirik: – Əvvəla mütəaliyə fəlsəfəsində əsas şərtlərimizdən biri fəlsəfi nəzəriyyələrin dini tə’limlərə uyğun gəlməsidir. Aləmin qədim olması bizim möhkəm əqidə üsullarımıza müvafiq deyil. Qur’ani-Kərim və səhih hədislər Allah-təalanın mövcudatı yoxdan var etməsini, Onun hər şeydən öncə mövcud oluduğunu tə’lim edir. Bu isə aləmin hadis olduğundan xəbər verir. İkincisi, biz Allah-təalanın sifətlərini diqqətlə nəzərdən keçirməliyik. Lütfkar olmaq lütf etmək demək deyildir. Mərhəmətli olmaq mərhəmət etmək kimi dərk olunmamalıdır. Diqqət etmək lazımdır ki, birincilər şəxsin zatı sifətləri, ikincilər isə bu sifətlərdən qaynaqlanan davranış və hərəkətlərdir. Mümkündür ki, şəraitdən asılı olaraq bu sifətlər mövcud olduğu halda, onlardan qaynaqlanan hərəkətlər icra olunmasın. Bu isə həmin sifətlərə və sifət sahiblərinə nöqsan gətirməz!


METAFİZİKA VƏ MATERİYA

Fəlsəfənin həll etməyə çalışdığı köklü problemlərdən biri də metafizika və materiya kateqoriyalarıdır. Metafizika materiyanın tam əksinə olaraq, maddi keyfiyyətlərdən kənarda olan bir aləmdir. Bu aləmə xas olan mövcudat İslam fəlsəfəsində «Mücərrəd varlıqlar» adlanır. Allah-təala, mələklər, ruh, şüur və s. bu varlıqlardan hesab olunurlar. Metafizikanın dərk olunması, yalnız əqli yollarla mümkündür. Hissi təcrübə yolu ilə bu aləmi dərk etmək imkan daxilində deyildir. Əgər materiyanı düzgün təhlil edə bilsək, metafizika anlamı bizim üçün aydınlaşar. Materiya dedikdə maddi keyfiyyətlərə malik olan bütün varlıqlar nəzərdə tutulur. Bu isə həm «maddə»yə, həm də «sahə»yə şamil olur. Maddə sükunət kütləsinə malik olan diskret varlıqlardan təşkil olunmuşdur. Diskret dedikdə isə «fasiləlilik» xarakteri olan atom, molekul və s. kimi varlıqlar anlaşılır. Sahə isə materiyanın sükunət kütləsi olmayan kontinual (fasiləsiz) növüdür. Elektromaqnit sahəsi və cazibə bu qəbildəndir. Yeri gəlmişkən kvant mexanikasında sübuta yetirilmiş düalist varlıqları da qeyd edək. Bunlar subatom səviyyəsində zərurətə görə həm korpuskulyar (diskret, fasiləli), həm də dalğa (kontinual, fasiləsiz) xassələri qazanan varlıqlardır. Həm maddə, həm sahə , həm də sonuncular fəlsəfi baxışla materiya sayılır. Materiyaya müxtəlif mütəfəkkirlər tərəfindən tə’riflər verilmiş, xüsusiyyətlər müəyyənləşdirilmişdir: *Dekarta görə materiyanın əsas xassəsi onun uzunluğudur.
*Fransız materialisti Pol Anri Holbax (1723-1789) materiyaya belə tə’rif vermişdir: «Bizə nisbətdə hər hansı yolla hisslərimizə tə’sir göstərən bütün şeylər materiyadır». *İngilis filosofu Con Lokkun fikrincə uzunluğa və sıxlığa malik olan subetansiya materiyadır.
*Sovet imperiyasının banisi Vladimir İliç Lenin (1870-1924) materiyanın tə’rifində deyir: «Materiya bizim duyğularımızdan asılı olmayaraq mövcud olan, eləcə də duyğularımız vasitəsilə əks olunan obyektiv gerçəkliyi göstərmək üçün fəlsəfi bir kateqoriyadır». *İslamın kəlam məktəbləri məkan və fəza zəbt edən bütün şeyləri materiyaya aid edirlər. *İşraqiliyin banisi Şihabəddin Sührəverdi hesab edirdi ki, materiya hiss üzvləri ilə işarə olunan varlıqlardır. Bütün bu deyilənlərdən yekun olaraq materiya üçün aşağıdakı xassələri saymaq olar: Materiyanın eni, uzunluğu, hündürlüyü (dərinliyi) var.
Materiya subyektdən asılı olmayaraq mövcuddur. Materiya duyğular, hiss üzvləri vasitəsilə əks olunur. Materiyanın bölünmə imkanı var.
Alim və filosofların diqqət mərkəzində duran digər bir məsələ materiyanın yaranmasıdır. Daha dəqiq desək, materiyanın yaranması məsələsində «ilk başlanğıc» problemidir. Hələ qədim zamanlardan bizi əhatə edən maddi aləmin «ilk başlanğıcı» hamını maraqlandırdı. *Abderli Demokrit materiyanın atomlardan yarandığına inanırdı. Filosofa görə atomlar keyfiyyətcə qeyri-müəyyən varlıqlardır. Onlar ölməzdir, əbədidirlər. Atomların birləşməsi materiyanı yaradır. *Klazomenli Anaksaqor (yunan filosofu, e.ə. V əsr) materiyanın kökünü «nus (nous –ağıl)»-da görürdü. O hesab edirdi ki, nus ən incə maddədir. *Aristotel də Anaksaqorun nus məfhumunu (bəlkə də başqa ifadə ilə) işlədirdi. Lakin Aristotel nusu maddə hesab etmirdi. O, materiyanın kökünü vahid qüvvə və imkanda görürdü. *Platon tə’limində isə materiyanın «ilk başlanğıcı» onun «ideyalar» aləmində axtarılır. Efesli Heraklit (yunan filosofu, e. ə. VI-V əsrlər) materiya aləmini «loqos (logos –zəka, qanun)»-la əsaslandırırdı. Antik fəlsəfənin nümayəndəsi materiyanın oddan yarandığını söyləsə də, bütün bu yaranış və inkişafı, loqos adlandırdığı mütləq zəkaya tabe edirdi. Görünür, alman idealisti Hegel «mütləq zəka (dünya ruhu)» prinsipini buradan götürmüşdü. *Miletli Falesin tə’limində materiyanın kökünün su olduğu göstərilir.
Materiyanın yaranmasında belə oxşar və ziddiyyətli fərziyyələr çoxdur. Lakin müasir elmlərə daha müvafiq fərziyyəni alman idealisti İmmanuil Kant irəli sürdü. O, 1755-ci ildə konkret olaraq Günəş sisteminin qaz və tozlardan ibarət seyrək dumanlıqdan əmələ gəldiyini söyləmişdir. Sonralar bu fərziyyə elmi şəkildə təhlil olundu. Belə ki qaz və toz dumanlığı Qalaktikada hərəkət zamanı yüksək cazibə və temperatur tə’siri ilə sıxılmaya məruz qalmışdır. Bu sıxılma nəticəsində onun əsas kütləsi mərkəzinə cəmləşmişdir. Hərarətin çox yüksək olması istilik nüvə reaksiyası ilə nəticələnmişdir. Bir neçə milyard il davam edən bu prosesdə kütlənin böyük olduğu mərkəzdə Günəş, kənarlarında isə digər planetlər yaranmışdır. Maraqlıdır, materialistlər bu elmi kəşfin (şübhəsiz ki, bu, indiyədək isbat olunmayan fərziyyədir) meydana gəlməsini özləri üçün əvəzsiz dəstək hesab edirdilər. Onlara görə materiyanın təbii inkişafının isbatı «Allah» məfhumuna kölgə salır. Lakin bu həmişə olduğu kimi, materialistlərin elmi nailiyyətlərdən məkrli istifadə etmə həvəslərindən doğur. Əvvəla, bu fərziyyə tamamilə isbat olunsa belə burada materiyanın yox, Günəş sisteminin yaranmasından danışılır. Fərziyyədə təsəvvür olunan toz və qazdan ibarət dumanlıq materiya deyilmi?! Bəs o özü necə və nədən yaranmışdır?! Digər tərəfdən isə materiyanın təbii inkişafı heç vəchlə ilahi varlığın mövcudluğuna və Onun bütün aləmə hakimliyinə zidd deyildir. Materiyada bu və ya digər proseslərin baş verməsinə bais olan fiziki səbəblərin (causa corporalis) mövcudluğu şübhəsizdir. «Səbəbin növləri» bəhsində qeyd etdiyimiz kimi, materiyada fiziki səbəblərin rolunu inkar etmək fatalizmə aparır. Lakin bu səbəbləri yaradan, onların idarə olunmasını, yaşamasını və hərəkət etməsini tənzimləyən ilkin səbəbi - bu elmə, bu qüdrətə malik olan vahid Allahı da inkar etmək mümkün deyil. Bütün səbəbləri yoxdan varlığa çevirən o uca varlıq onların yaşamasında da öz həyatverici rolunu davam etdirir. Eyni zamanda, hikmət sahibi olan ulu Tanrı, bütün hadisələri təbii və fiziki səbəblərin vasitəsilə idarə edir. Qeyd olunduğu kimi, burada Allah-təala «vasitəli», fiziki amillər isə «vasitəsiz» səbəblər sayılırlar. İlahi fəlsəfədə fiziki qanunlar və materiyanın təbii inkişafı rədd olunmur və insanlar bu barbədə təfəkkür və tədqiqata çağırılır. Zənnimizcə bu barədə Qur’ani-kərimə müraciət etsək daha yaxşı olar: «...Və Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq.» Gördüyümüz kimi kainatın təbii şəkildə, mərhələ-mərhələ yaradılması bu ayədə çox gözəl əks olunmuşdur. Altı gün dedikdə, şübhəsiz ki, bizim 24 saat hesabladığımız gün nəzərdə tutulmur. Müxtəlif sistemlərdə zaman vahidləri müxtəlif kəmiyyətli ola bilər. Bu, müasir fizikada, A.Eynşteynin nisbilik nəzəriyyəsində zamanın «yavaşıması», yaxud nisbiliyi kimi ifadə edilmişdir. Zamanın nisbiliyi A.Eynşteyndən on dörd əsr öncə «Qur’ani-kərim»də «...müddəti əlli min il olan bir gündə qalxarlar» ifadəsi ilə öz əksini tapmışdır. Haqqında danışdığımız ayədə işarə olunan «altı gün»ü «altı mərhələ» kimi də təfsir etmək olar. Gördüyümüz kimi, Allah-təalaya e’tiqad və Qur’ani-Kərimin tə’limləri materiya problemlərinin həll olunmasında müasir elmlərlə ziddiyyət təşkil etmir. Əksinə, Qur’ani-Kərimin düzgün təhlili onun müasir elmi kəşflərdən çox-çox öncə bu məsələlərə toxunduğunu vurğulayır. Qeyd edək ki, bu barədə Qur’ani-kərimdə onlarla ayə mövcuddur. Biz materiya və ona dair bə’zi qaranlıq məsələlərin həlli haqqında müəyyən qədər mə’lumat aldıq. Bütün bu xassələri kənara atsaq, metafizika anlayışı bizim üçün aydınlaşır. Metafizika teleskop, mikroskop, Vilson kamerası və Heyger sayğacı ilə deyil, yalnız və yalnız ağıl vasitəsilə dərk olunur. Materialistlərə görə: «Varlıq, yalnız materiyadan ibarətdir. Metafizika isə mövcud deyildir. O, insanların uydurduğu əsassız təxəyyüldür. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın bu və ya digər forması, xassəsi, yaxud da inkişaf məhsulu olmasın». Biz, materialistlərin bu müddəasını növbəti bəhsimizdə cavablandıracağıq.


ŞÜUR VƏ İDRAK

Ötən bəhsimizdə materialistlərin, varlığı, yalnız materiyaya aid etdiklərini qeyd etdik. Bu, «Dünyanın maddi vəhdəti» konsepsiyasıdır. Materialistlərə görə dünyada materiyadan başqa heç nə yoxdur və metafizika hissi yollarla dərk oluna bilmədiyi üçün onun mövcudluğunu qəbul etmək olmaz. Biz metafizikanın mövcudluğunu isbat etmək üçün özümüzə ən yaxın olan insan şüuru və onun funksiyası olan idrak barədə danışmağı məqsədəuyğun saydıq. Əvvəlcə belə bir sual qarşıya çıxır: –Şüur materiyadır, yoxsa metafizika?
Materialistlərə görə şüur materiyadan əmələ gəlmiş və onun ali formasıdır. Materiyanın hərəkət nəticəsində inkişaf etmiş ali forması və insan beyinin xassəsi şüur sayılır. Başqa sözlə desək, şüur –baş beyninin böyük yarımkürələrinin qabığında baş verən mürəkkəb proseslərin və ali sinir fəaliyyətinin nəticəsidir. Bu nəzəriyyənin psixo-fizioloji əsaslarını İvan Petroviç Pavlov1 şərti və şərtsiz refleks kimi ifadə etmişdi. Məsələnin psixo-fizioloji cəhəti o qədər də əhəmiyyət kəsb etmir. Ali sinir fəaliyyəti və beyinin siqnal sistemi funksiyası fiziologiya elminə aid olan adi bir məsələdir. Lakin bu maddi fəaliyyətin şüur adlandırılması materialistlərin son dərəcə gülünc olduqlarını göstərir. Əvvəla, şüurun materiyadan törənməsinin, daha dəqiq desək materiyanın inkişaf edib şüura çevrilməsinin elmi əsası varmı? Hər şeyi, yalnız hissi təcrübəyə bağlayan materialistlər, görəsən hansı «dəmiri döyüb» şüura çeviriblər? Şüur (onlara görə) materiyanın ali formasıdır. Amma hər halda şüur, hissi təcrübə ilə duyulmur. Elə isə, ümumiyyətlə, onun varlığına şübhə edə bilərikmi? İkincisi, materiyanın əsas xassələrindən biri onun bölünmə imkanıdır. Şüurun bölündüyünü isə təsəvvür etmək nə qədər gülüncdür. Daha dəqiqlik üçün şüurun komponentlərindən olan «Mən» fenomeninə baxaq. Şüuru materiya qəbul etsək, «mənliyin» bölünməsi kimi ağlasığmazlıqla rastlaşarıq. Üçüncüsü, ali sinir fəaliyyəti və beyinin psixo-fizioloji funksiyasını, eyni ilə müasir kompüter texnikası da yerinə yetirir. Belə olduğu halda, kompüterə «şüurlu» demək nə dərəcədə düzgündür?! Əgər kompüterdə şüur varsa, nə üçün özü-özünü proqramlaşdıra bilmir? Bütün bunları nəzərə alsaq, şüurun materiya, yaxud onun bu və ya digər forması, xassəsi olduğunu qəbul etmək çox çətindir. Digər tərəfdən, biz idrak barədə mə’lumat alarkən, şüur və onun fəaliyyətinin maddi olmadığını açıqca görəcəyik. İdrak nədir? İdrak konkret olaraq insan şüurunun kompleks fəaliyyət və funksiyasıdır. İnsanın xarici aləm predmetlərinin hər növünü, eləcə də onların biri-birləri ilə əlaqəsini dərk etməsinə idrak deyilir. İnsanı robotla eyniləşdirən materialistlər, onun idrakını da maddiləşdirməyə çalışırlar. Onlara görə şüur materiyanın duyğular vasitəsilə insan beyninə in’ikas etməsidir. Karl Marksın sözü ilə desək şüur insanın başına köçürülmüş və orada yeni şəkilə salınmış materiyadan başqa bir şey deyil («Kapital»-dan). Bu öncə qeyd etdiyimiz kimi psixo-fizioloji nöqteyi-nəzərdən refleks fəaliyyəti adlanır. Refleks fəaliyyəti aşağıdakı şəkildə qurulmuşdur: Beyində yerləşmiş hissiyyat üzvlərinin (duyğuların) mərkəzi sayılan analizatorlar retseptorlar vasitəsilə xaricdən siqnal və qıcıqları qavrayır və bu siqnallar da əsəb lifləri ilə sinir sisteminə ötürülür. Mərkəzi sinir sistemi informasiyanı işlədikdən (təhlil etdikdən) sonra yenidən əsəb lifləri ilə impulsları orqanlara (efektorlara) göndərir. Efektorlar dərhal əmrin icrasına –hərəkətə başlayır. Bütün bunlar çox mürəkkəb olsa da belə, sadə bir nəticə verir ki, bu da materialist təfəkküründə şüurun maddiliyi və idrakın yeganə yolunun duyğular və hissi təcrübə olmasıdır. Materialistlərin verdiyi bu fərziyyəyə çoxlu sayda cavablar vermək olar. Bu məntiqi cavabların bir neçəsi ilə tanış olaq:
*İnsan idrakını, yalnız duyğu və təcrübəyə əsaslandırsaq, ilk növbədə materialistlərin öz fərziyyələri şübhə altına düşər. «İdrakda təcrübənin zəruriliyi» tezisini hansı təcrübə üsulu ilə dərk etmək olar?! *Bu tezisi qəbul etsək, heç bir şeyin «qeyri-mümkün» olduğunu isbat edə bilmərik. Çünki «qeyri-mümkünü təcrübədən keçirməyin və duyğularla hiss etməyin özü də, qeyri mümkündür. Məsələn, iki paralel xəttin kəsişməsinin qeyri-mümkünlüyünü kim təcrübədən keçirmişdir? Yaxud, üçbucaqlı kvadratın qeyri-mümkün olduğunu duyğularla hiss etmək olarmı? *İdrakın, yalnız duyğularla bağlı olduğunu desək, «səbəbiyyət» kimi əqli nəticələr əldə olunmayacaq. Müəyyən hadisədə səbəb və nəticəni ayrı-ayrılıqda görmək və ya anlamaq mümkündür. Lakin onların arasında olan əlaqə və səbəbiyyəti duyğular vasitəsilə hiss etmək mümkün deyildir. Əgər bunun mümkünlüyünü söyləsək, demək, prosesdə üç predmet (səbəb, nəticə və səbəbiyyət) olduğunu e’tiraf etmiş olarıq. Məhz, bu çıxılmazlığa görə XVIII əsr empiristlərindən olan Devid Yum səbəbiyyəti belə izah edirdi (Bu barədə «səbəbiyyət qanunu» bəhsində danışmışıq): «İnsan iki şeyi ardıcıl və paralel şəkildə o qədər təkrar-təkrar görür ki, onların arasında olan səbəbiyyəti əldə edir». Lakin filosofun yanılması açıq-aydındır. Əvvəla, qeyd etdiyimiz kimi, səbəbiyyət ardıcıllıq və paralellikdən əldə olunmur. Bir çox ardıcıl və paralel mövcudlar vardır ki, aralarında səbəbiyyət qanunu hakim deyildir. İkincisi, səbəbiyyət, yalnız təkrarlanaraq dərk olunmamışdır. Biz iki şey arasında olan səbəbiyyəti laboratoriya araşdırmalarında, elə ilk təcrübəmizdə aşkarlaya bilərik. Elmi kəşflərin ən azı yarısı təkrar deyil, ilk təcrübədən əldə olunmuşdur. Yeni dövr materialistləri idrak prosesində öz tezislərinin çatışmazlığını görmüş, məhz buna görə də, idrakın daha bir mərhələsi olduğunu söyləmişlər. Bu «məntiqi idrak»dır. Hissi idrakdan qaynaqlanan bu mərhələ təfəkkür prosesi sayılır. İnsan, məhz, təfəkkür prosesində anlayış, mühakimə və əqli nəticələr əldə edir. Həmişə olduğu kimi materialistlər öz sələfləri –sofistlər kimi həqiqəti kəlmə (dialektika) ilə ört-basdır etməyə çalışırlar. Buna görə idrakın bu mərhələsini də materiya xassəsi hesab etmələrindən təəccüblənmirik. Yeni fərziyyənin puç olduğunu isbat etmək üçün kifayət qədər sübutlar olsa da, bütün bunlardan vaz keçir, materializmin düşdüyü daha çıxılmaz bir vəziyyəti nəzərinizə çatdırırıq. Xatırlayırsınızsa, əsas problem şüurun materiya və ya metafizika olması deyil, ümumiyyətlə, metafizikanın mövcudluğu və dərk olunması idi. Əgər materialistlər duyğularla qavranılmayan məsələləri məntiqi idrakla qavraya bilirlərsə, elə həmin idrakla metafizikanı dərk etmək olmazmı? «Məntiqi idrak» deyilən proses maddi, yaxud qeyri-maddi olmasından asılı olmayaraq, duyğulardan kənarda olan varlıqları dərk etməyə qadirdir. Beləliklə, metafizikanın dərk olunmasının mümkünlüyü və eləcə də onun mövcud olması sübuta yetir. Necə deyərlər, «Quod erat demonstrandum» - elə bunu sübut etmək tələb olunurdu. Məntiqi idrak fərziyyəsinə əsaslanaraq hətta şüur və idrakın maddiliyini qəbul etsək, metafizikanın dərk olunması və beləliklə də mövcud olması sübuta yetəcəkdir. Çünki bu fərziyyə ilə materialistlər duyğulardan kənar olan obyektlərin dərk olunmasını e’tiraf etmiş olurlar. Necə deyərlər, ––elə bunu sübut etmək tələb olunurdu.


MƏKAN VƏ ZAMAN

Materiyanın əsas xassələrindən biri də onun məkan və zaman kateqoriyaları ilə sıx bağlılığıdır. Biz materiyanın bu və ya digər formasını düşündükdə dərhal onun müəyyən həcmi və aləmdəki nisbi mövqeyi təsəvvürümüzdə canlanır. Bu materiyanın məkan kateqoriyasıdır. Məkan, yalnız və yalnız materiyaya xasdır və ondan ayrılmazdır. Metafizikanı məkanla əlaqələndirmək olmaz. Materiyanın mövcudluğu məkandan ayrılmazdır və onunla universal əlaqədədir. Lakin bu əlaqə İ. Kantın dediyi kimi hissiyyatın aprioru deyil, həqiqi əlaqədir. Bu fəlsəfi kateqoriya materiyanın üç ölçüsünü; en, uzunluq və hündürlüyünü müəyyən edir. Məkan barəsində çoxlu tə’rif və nəzəriyyələr irəli sürülmüşdür. Onlardan bə’ziləri ilə tanış olaq: Platon məkanı bütün aləmin həcminə bərabər tutaraq, onu materiyadan kənar bir cəhət hesab edirdi. Platonun tə’rifində qüsur yaradan əsas amil məkanın materiyadan kənar göstərilməsidir. Yəqin ki, Platon «Bütün aləmin həcmi» dedikdə, maddi aləmi nəzərdə tuturdu. Elə olmazsa, «Aləmin həcmi» ifadəsi tamamilə mə’nasızdır. Çünki bütün aləmə (materiya və metafizika) həcm müəyyənləşdirmək olmaz. Deməli, söhbət maddi aləmdən gedir. Maddi aləm isə, elə materiya deməkdir. Platonun belə bir tə’rif verməsi şübhə doğurur1. Lakin idealistlər, ümumiyyətlə, məkanı materiyadan təcrid etmək tezisi ilə çıxış edirlər. Bu tezisin nəticəsi isə məkan anlayışına qeyri-müəyyənlik gətirir. İdealist Kant yəqin ki, buna görə məkanın həqiqiliyini rədd edirdi. Aristotelin isə məkana verdiyi tə’rif belədir: «Cismin xarici səthi ilə təmasda olan (başqa cismə aid) daxili səthə məkan deyilir. Filosofun verdiyi tə’rifdə məkanın materiyaya xas olması açıq şəkildə ifadə olunmuşdur. Amma əvvəla, tə’rifdə məkanın özü də, bilavasitə, materiya təqdim olunub. Məsələn, suyun xarici səthi ilə təmasda olan stəkanın daxili səthi materiyadır. Lakin məkan özü materiya deyil, ümumiyyətlə, o, müstəqil varlıq (nə materiya, nə də metafizika) deyildir. İkincisi, cismin daxili səthi də təmasda olduğu cismin məkanı deyil, məsələn, axar suda dayanmış balığın xarici səthi ilə suyun daxili səthi təmasdadır. Deməli, həmin su Aristotelə görə balığın məkanıdır. Su axar olduğu üçün balıqla təmasda olan hissə dəyişir. Belə çıxır ki, balığın məkanı dəyişir. Lakin balıq dayandığı üçün heç kəs onun məkanının dəyişdiyini söyləmir. Mütəaliyə fəlsəfəsində məkana çox gözəl və dəqiq tə’rif verilmişdir. Belə ki, biz bütün aləmin həcmindən cismin həcmi qədər bir parça təsəvvür etsək, həmin cismin məkanı əldə olunar. Materiyanın əlaqəsi təkcə məkanla məhdudlaşmır. O, həm də zamanla sıx əlaqədədir. Zaman –cisimlərin və proseslərin bir-birlərinə nisbətən davamlılığını, dövrələr üzrə hərəkətini ifadə edir. Qədimdən bəri filosoflar zamanın həqiqətinə dair çoxlu fikir və mülahizələr irəli sürmüşlər. Məşşailiyin banisi sayılan İbn Sina «Şifa» kitabında bu fikirlərin əksəriyyətini işıqlandırmışdır. Filosofların zaman haqqında söylədikləri fikir və mülahizələrdən ümumi nəticə almaq istəsək, belə bir tə’rif hasil edərik: «Zaman –hərəkət vasitəsilə cisimlərlə uyuşan və sürəklilik (davamiyyət) xüsusiyyəti olan kəmiyyətdir». Verilmiş tə’rif sadə görünsə də, təhlilə ehtiyacı var. İlk növbədə zamanın hansı növ hərəkətlə və necə əlaqəli olduğu aydınlaşmalıdır. Növbəti bəhsimizdə hərəkətin müxtəlif növləri haqqında danışacaq və onlarla yaxından tanış olduqdan sonra zamanın hansı növ hərəkətlə bağlı olduğunu aydınlaşdıracağıq. Zamanın hərəkətlə necə əlaqəsi olduğuna gəlincə isə, Molla Sədraya görə bu əlaqə olduqca dərin və qırılmazdır. Müəmmalı qalan ikinci məsələ zamanın kəmiyyət adlandırılmasıdır. Buna görə qısa da olsa, kəmiyyət barədə danışmaq lazım gəlir. Kəmiyyət bölünmə imkanına malik olduğu üçün fəlsəfi nöqteyi-nəzərdən predmetə (zaman) də aid olan xüsusiyyətdir. İki növ kəmiyyət vardır: Riyazi kəmiyyət–ədədlər: Ədəd –predmetin bölünmə imkanı olan xüsusiyyətidir. Ədədin müstəqil mahiyyəti yoxdur, o, yalnız əşya biçimində təzahür edir.
Həndəsi kəmiyyət: Predmetin şəkil və görünüşünü ifadə edən xüsusiyyətdir. Həndəsi kəmiyyət də ədədlər kimi müstəqil deyil, əşya biçimində təzahür edir.
Zamanın kəmiyyət kimi təqdim olunması onun bölünmə imkanına malik olmasından irəli gəlir. Zaman –sonsuz bölünəndir. Fəlsəfədə zaman vahidi «an» hesab olunur. An konkret deyil zamanın bütün bölünüş hissələrinə deyilə bilər. Burada milyon illə saniyənin milyonda biri arasında fərq yoxdur. Lakin zamanın riyazi, yoxsa həndəsi kəmiyyət olması çox mürəkkəb məsələdir. Məkan üçölçülü idisə, zamanın, yalnız bir ölçüsü var. Zaman geriyə dönməz, təkrarolunmazdır.


HƏRƏKƏT VƏ SÜKUNƏT

Əgər materiya məkan və zaman məhdudiyyəti ilə mövcuddursa, onun hərəkətlə, bilavasitə, əlaqəsi aşkarlanır. Gördüyümüz (eləcə də görmədiyimiz) materiya aləminin bütün predmetləri hərəkətlə sıx əlaqədədir. Hərəkət materiyadan ayrılmazdır, daimidir. Maddi obyekt zahirən hərəkətsiz görünsə də, mövcud olduğu sistemlə birgə hərəkətdədir. Eləcə də, onun daxili elementlərinin hərəkəti bizim diqqətimizdən yayınır. Deməli, aləmdə mütləq sükunət mövcud deyildir. Sükunət nisbidir (Bu məsələyə bir daha qayıtmalıyıq). Biz hərəkətin «mexaniki yerdəyişmə» kimi sadə nümunələri ilə tanışıq, lakin fəlsəfi səviyyədə hərəkət, təkcə bu deyil. Elə isə, gəlin, hərəkətin fəlsəfi tə’rifi ilə tanış olaq: «Hərəkət –materiyada baş verən bütün tədrici dəyişkənliyə deyilir». Bəs, tədrici dəyişkənlik nədir?
Fəlsəfi baxışlara əsasən mövcudat iki qismə ayrılır:
Sabit mövcudlar: Bu mövcudlarda mexaniki yerdəyişmə, kəmiyyət və keyfiyyət kimi, ümumiyyətlə, heç bir növ dəyişkənlik olmur. Əslində, bu mümkün deyil. Sabit mövcudlara, ancaq metafizika daxildir. Dəyişkən mövcudlar: Bu mövcudlar isə, müəyyən dəyişkənliyə uğrayır. Dəyişkənlik, yalnız materiyaya aiddir. Metafizikada dəyişkənlik yoxdur. Dəyişkənlik özüdə iki cür baş verə bilər: a)Əgər mövcudların uğradığı dəyişkənliyə zaman sərf olunarsa (cüz’i olsa da belə), bu dəyişkənlik tədrici adlanır.
b)Dəyişkənlik zaman çərçivəsində olmazsa, qeyri-tədrici sayılır. Məsələn, diri insanın ölüyə çevrilməsi kimi dəyişkənlik zaman tələb etmir. Cismin ruhla əlaqəsi kəsilən kimi, bir an belə, zaman sərf olunmadan ölüyə çevrilir. Fəlsəfədə hərəkət, yalnız tədrici dəyişikliyə deyilir. Məhz bununla da, hərəkət və zaman arasındakı zərurət ortaya çıxır. Molla Sədranın sözü ilə desək, zamansız hərəkət və hərəkətsiz də zaman təsəvvür etmək olmaz. Materiyanın hərəkətlə, eləcə də, hərəkətin öz növbəsində zamanla əlaqəsi, habelə digər tərəfdən materiya-məkan bağlılığı fəlsəfi bir konsepsiyadır. Məşhur fizik A.Eynşteyn nisbilik nəzəriyyəsinin dünyagörüşü fundamenti kimi, məhz, bu dörd anlayışa istinad etmişdi. Materiyada hərəkətin mütləqliyi və sükunətin nisbiliyi məsələsinə bir də qayıdaq. Sükunət nisbidir. Deməli, mütləq sükunətdə olan heç bir şey yoxdur. Bu sözlər Molla Sədranın «Dörd səfər» kitabında da öz əksini tapmışdır. Ortaya belə bir sual çıxır: Metafizika mütləq sükunətdə deyilmi? Sükunətdə deyilsə, bu onların hərəkətinə (bununla da materiya olmalarına) dəlalət etmirmi? Burada bir məsələyə diqqət etsək, anlaşılmazlıq aradan gedəcək. Sükunət hərəkət imkanı olub, hərəkət etməyən varlığa aidddir. Məsələn, insanın fitrətən görmə imkanı və qabiliyyəti var. Buna görə də, görməyən insanlara kor deyilir. Lakin divar görmədiyi üçün kor adlanmır. Çünki o, fitrətən bu imkana malik deyil. Metafizika da belədir. O, əslən hərəkət imkanına malik olmadığı üçün hərəkətsizliyinə görə «sükunətdə olan» adlandırılmır. Deməli, metafizika nə hərəkətdə, nə də sükunətdədir. Hərəkət və sükunətin hər ikisi materiyanın xassəsidir. Hərəkətin növləri, onun materializm fəlsəfəsində necə ifadə olunmasına dair danışmazdan öncə hərəkətlə bağlı əsas terminlərlə tanış olaq: Hərəkətdə olan obyekt: Tədrici dəyişkənliyə uğrayan materiya hərəkətdə olan obyekt sayılır.
Hərəkətverici qüvvə: Bütün proseslərin səbəbə ehtiyacı olduğu kimi, hərəkəti də meydana gətirən səbəblər var. Bu, hərəkətverici qüvvə sayılır. Hərəkətverici qüvvələr obyektin daxilində və xaricində yerləşir, ona spesifik tə’sir göstərir. Hərəkətin başlanğıc və son nöqtəsi: Bütün hərəkətlər bu iki nöqtənin arasında baş verir. Məsafə: Başlanğıc və son nöqtə arxasındakı traektoriya məsafə adlanır. Bu iki nöqtə (başlanğıc və son) traektoriya ilə birlikdə hərəkətin məkanını təşkil edir. Zaman: Zaman barəsində xüsusi söhbət açmışıq. Onunla hərəkətin qırılmaz əlaqəsi, artıq bizə mə’lumdur. Sür’ət: Məsafə və zamanın nisbətinə bərabər olan kəmiyyət sür’ət hesab olunur. Bir cismin müəyyən məsafəni «tez», digərinin isə «gec» qət etməsi sür’ət fərqindən irəli gəlir. Hərəkət zamandan ayrılmazdırsa, onda bütün hərəkətlərdə sür’ətin mövcudluğu labüddür. Qədim dövrlərdən işığın sür’ətsiz olduğunu düşünürdülər. 1676-cı ildə danimarkalı Astronom Ole Kristensen Römer (1644-1710) ilk dəfə olaraq işığın təxmini sür’ətini ölçə bildi: 300 000 km/san. İşıq sür’ətinin bu qədər böyük olması yaxın məsafədə onun ölçülməsini çətinləşdirir1. İşığın vakkumdakı sür’əti ən yüksək sür’ətdir. İndi isə hərəkətin növləri haqqında; Hərəkətin aşağıdakı növləri mə’lumdur:
Mexaniki hərəkət – cismin fəzadakı məkanda nisbi yerləşməsidir. Bu hərəkət düzxətli olduğu kimi, dairəvi də ola bilər. Lakin dairəvi hərəkətdə hərəkətverici qüvvə biri digərinə zidd olan bir neçə tə’sirdir. Keyfiyyətdə hərəkət. Fəlsəfədə araşdırılan hərəkət növlərindən biri də «tədrici-keyfiyyət» dəyişkənliyidir. Bu növ hərəkəti başa düşmək üçün keyfiyyət haqqında qısaca mə’lumat lazımdır. İnsan ilk növbədə öz daxilində sevinc, kədər, qorxu və s. kimi, digər tərəfdən isə, xarici aləmdə rənglər, isti, soyuq və s. kimi hisslər duyur. Bütün bunlar keyfiyyət adlanır. İnsanın daxilində yerləşən keyfiyyətlər «nəfsani keyfiyyətlər», hissiyyat üzvləri ilə xarici aləmdən duyulanlar isə «hissi keyfiyyətlər» adlanır. Bundan əlavə «potensial keyfiyyətlər» də mövcuddur. Bə’zən, mövcudatda müəyyən keyfiyyət olmasa da, o, bu keyfiyyəti kəsb etmək imkanına malik olur. Bu imkan «Potensial keyfiyyət» sayılır. Bütün bu keyfiyyətlərin, tədricən, haldan-hala düşməsinə «keyfiyyətdə hərəkət» deyilir. Kəmiyyətdə hərəkət. Ötən bəhsimizdə kəmiyyət barəsində danışmışdıq. Riyazi və həndəsi kəmiyyətin tədrici dəyişkənliyi «kəmiyyətdə hərəkət» sayılır. Haqqında danışdığımız üç növ hərəkət filosoflar tərəfindən materiyanın ümumiliyi kimi ifadə edilmişdir. Deməli, fəlsəfə öz vəzifəsini icra etmişdir. Bu hərəkətlərin səciyyələri və fiziki mexanizmlərinin tə’yini, artıq fizika alimlərinin öhdəsinə düşür. Klassik mexanika materiyanın məkanda yerdəyişməsini (mexaniki hərəkət), yalnız qismən araşdıra bilmişdi. Kvant mexanikası və eləcə də nisbilik nəzəriyyəsi mexanikanın klassik təsəvvürləri ilə vidalaşsa da, keyfiyyət və kəmiyyət dəyişkənliyi barədə konkret bir şey deyə bilmədi. Haqqında danışdığımız bütün hərəkət növləri, yalnız təzahür (hadisə) xarakteri daşıyır. Mahiyyətin özündə hərəkətin mümkünlüyü haqqında isə nə filosoflar, nə də fiziklər danışmışlar. Mahiyyət, hamının fikrincə, dəyişməzdir. Subatom səviyyəsində diskret varlıqların kontinual (və əksinə) çıxış etməsi kimi müəmmalı dəyişkənliklər belə, mahiyyətin deyil, təzahürün hərəkətidir. Bəşər tarixində mahiyyətin hərəkətini ilk dəfə olaraq Molla Sədra Şirazi isbat etmişdi. Filosof bu nəzəriyyə ilə fəlsəfədə uzun illər problemə çevrilən sirləri aça bildi. Mahiyyətin hərəkəti («Cövhəriyyə hərəkəti – substansional hərəkət») düzgün qavranılarsa, bir çox fəlsəfi və fiziki nəticələrə yetişmək mümkün olar.1 Bəhsimizin əvvəlində hərəkətin materializm fəlsəfəsində necə ifadə olunduğunu açıqlayacağımıza söz vermişdik: Materialistlər özlərini hərəkətin yeganə ifadəçiləri hesab edirlər. Buna görə də onlar klassik və müasir mexanikanın bütün nailiyyətlərinin dünyagörüşü-fundamentini materializmdə görürlər. Xüsusilə, K. Marksın sistemləşdirdiyi dialektik materializm hərəkətə dair özünəməxsus təhlillər verir. Məsələ burasındadır ki, dialektika nümayəndələri metafizikləri hərəkətin müxalifətçiləri hesab etmişlər. Biz hərəkətlə bağlı materializmin nəzəriyyələrini açıqladıq. İslam-mütəaliyə fəlsəfəsində materiya metafizikadan fərqli olaraq, daimi hərəkətdə hesab olunur (nisbi sükunət istisna olmaqla). Əziz oxucunun diqqətini bir məsələyə cəlb etmək istəyirik. Dialektikanın qanunlarına səthi baxış materialistlərin həqiqəti necə dərk etdiklərini açıqlayır. Mahiyyət e’tibarı ilə eyni proses üç qanunla təhlil olunur: İnkarı inkar qanunu;
Kəmiyyətdən keyfiyyətə keçid qanunu; Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
Qanunların xüsusi şəkildə araşdırılması, o qədər də, əhəmiyyət kəsb etmir. Burada əhəmiyyət kəsb edən bir məsələ var. Dialektika qanunlarının «orta məxrəci» hərəkətin ziddiyyətlərdən təşkil olunmasıdır. Dialektikaya görə, hər bir şey öz ziddini özündə saxlayır (əksliklərin vəhdəti). Məsələn, sperma öz əksini (sperma olmayanı–insanı) özündə birləşdirir. Bu əksliklər vəhdət təşkil etdikləri kimi mübarizə də edirlər. Mübarizə isə, spermanın hərəkətdə olaraq insana dönməsi ilə tamamlanır. Bu qanun çox qəribə və gülüncdür. Sperma, bir gerçəklikdir və ona nisbətdə heç bir əkslik yoxdur. İnsanlıq isə onda, yalnız imkan formasında gizlənir. Əgər insanlıq da bir gerçəklik kimi spermada mövcuddursa, bəs, onda hərəkət nəyə lazımdır?! Sperma eyni zamanda öz əksi–insanı (gerçəkliklə) öz daxilində gizlədirsə, bəs, nə üçün yenidən insana çevrilir?! Bir şeyin başqa bir şeyə çevrilmək imkanı ziddiyyət sayıla bilməz! Hərəkət–bu imkanın gerçəkliyə çevrilməsidir. Materialistlərin hərəkəti ziddiyyət kimi başa düşmələri bə’zilərinin hərəkəti, hətta, qəti şəkildə rədd etmələrinə səbəb olub. Bunlardan biri qədim dialektikaçı sofist Eleyalı Zenondur1. Zenon hərəkətin bu və ya digər formasını qəti şəkildə rədd edir və onun saysız sükunətlər olduğunu deyirdi. İslam alimlərindən imam Fəxrəddin Razi2 hərəkəti ziddiyyətlərin vəhdəti kimi qavramaq səbəbinə yeganə şəxs kimi onu (hərəkəti) qətiyyən qəbul etməmişdir. Ziddiyyət gerçəklik formasında nə hərəkətdə, nə də başqa bir şeydə birləşə bilər. Bu, Aristotelin formal məntiqində ən mühüm nəzəriyyədir. Bu nəzəriyyə dəyişməz bir əqli nəticə kimi bütün mühakimələrdə ən əsas rol oynayır. Dialektik məntiqə əsasən, bir-birinin əksi olan nəzəriyyələrin hər ikisi həqiqət ola bilər. Elə isə, materialistlər növbəti çıxılmaz vəziyyət qarşısında qalırlar. Çünki, onlar, təkcə öz nəzəriyyələrinin doğru və həqiqət olduğunu deyə bilməyəcəklər. Beləliklə materialistlər özlərini hərəkətin yeganə müdafiəçisi hesab etmələrinə baxmayaraq onun ən böyük «düşməni» sayılmalıdırlar. Onların hərəkət barədə fundamental fəlsəfi baxışları, hərəkəti inkar etməkdə heç də öz sələfləri Zenon və digər sofistlərdən geri qalmır. Digər tərəfdən hərəkətin mütləq, sükunətin nisbi hesab edilməsi üçün materialistlər metodoloji nöqteyi-nəzərdən formal məntiqi ziddiyyət və paradoksla üz-üzə qalırlar. Çünki materialist təfəkkürün arxalandığı yeganə metod-təcrübə heç nəyi ümumiləşdirə bilmədiyi kimi materiya-hərəkət bağlılığını da ümumiləşdirməyə acizdir. «Sonsuz materiyada» hərəkətin mütləq və dükənməz olduğunu təcrübədən keçirmək şübhəsiz ki, imkan daxilində deyildir. Beləliklə, materialistlər özlərini hərəkətin yeganə müdafiəçisi hesab etməklərinə baxmayaraq, onun ən böyük «düşməni» sayılmalıdırlar. Onların hərəkət barədə fundamental fəlsəfi baxışları, hərəkəti inkar etməkdə heç də öz sələfləri Zenon və digər sofistlərdən geri qalmır. Digər tərəfdən hərəkətin mütləq, sükunətin nisbi hesab edilməsi üçün materialistlər metodoloji nöqteyi-nəzərdən formal məntiqi ziddiyyət və parodoksla üz-üzə qalırlar. Çünki, materialist təfəkkürün arxalandığı yeganə metod - təcrübə heç nəyi ümumiləşdirə bilmədiyi kimi, materiya-hərəkət bağlılığını da ümumiləşdirməkdə acizdir. «Sonsuz materiyada» hərəkətin mütləq və tükənməz olduğunu təcrübədən keçirmək şübhəsiz ki, imkan daxilində deyildir. * * *
Burada əziz oxucuları tanış etmək istədiyimiz fəlsəfi bəhslər sona çatır. Nəticə əvəzi olaraq bunu demək istərdik ki, hansı bir elmin qapısından daxil olsaq, müqəddəs İslamımızın sonsuz dərya olduğunu görəcəyik. Bu dəryadan heç olmazsa, damcılar mənimsəyib, doğma azəri xalqımızı bir əsrlik fikri-mə’nəvi böhrandan xilas etmək, ilk növbədə, biz gənclərin borcudur. Bu kitabın ilk işimiz olduğunu nəzərə alaraq, şübhəsiz mövcud olan hər növ qüsura görə üzr istəyirik.
Hər xeyir işə müvəffəqiyyət verib, Öz lütfünü əsirgəməyən Allaha həmd edir, Ondan bu kiçicik əməli qəbul etməsini diləyir, yalnız Onu tanıyır və yalnız Ona sığınırıq. Oxucu fikir və mülahizəsi hər bir müəllif üçün qiymətli hədiyyə və yardımdır. Hər növ fikir və mülahizənizi müəllifin elektron poçtuna göndərə bilərsiniz:

E-mail: az_al_nasr@yahoo.com
matlab@mynet.com


source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment