Azəri
Friday 19th of April 2024
0
نفر 0

SAHİBKARIN ÖVLADLARINI İNCİTMƏK


Şeyxin şagirdlərindən biri deyir: Şeyx buyurardı: Heç bir səbəb olmadan sizə çətinlik üz verməz.

Bir dəfə başım yaralandı, dostlarımdan biri ilə Şeyxin hüzuruna getdim. Dostum ondan soruşdu: Görün o nə etmişdir ki, başı əzilmişdir.

Şeyx bir qədər diqqət yetirdikdən sonra buyurdu: «Fabrikdə bir uşağı incitmisən».

Gördüm ki, düz deyir. Mən qəlib düzəldirdim və o zamanlar bu sənət çox az yayılmışdı. Qəlib düzəldənlər adətən sahibkarlarla necə istəyirdilərsə, elə də rəftar edirdilər. Ev sahibinin oğlu mənim işimə çox yersiz bir irad tutmuşdu və əslində bu işin ona heç bir dəxli də yox idi. Mən də onunla o qədər tünd və ciddi danışmağa başladım ki, o ağlamağa başladı. Şeyx buyurdu: Əgər onu razı salmasan, sənin giriftarçılığın davam edəcəkdir.

Mən gedib ondan üzürxahlıq istədim.

QULLUQÇUNUN İNCİDİLMƏSİ
Şeyxin müridlərindən birinin mənzilində maliyyə idarəsindən bir neçə nəfər onun hüzuruna gəlir. Onlardan biri deyir ki, bədənimdə qaşınma xəstəliyi var və sağalmaq bilmir.

Şeyx bir qədər diqqət yetirib buyurur: Çünki sən ələviyyə (Əli (ə)-ın nəslindən olan) xanıma əziyyət vermisən.

O şəxs dedi: Axı bunlar gəlib, stolun arxasında oturur və özlərindən bə᾽zi şeylər quraşdırırlar, bir söz deyəndə də ağlamaqları tutur.

Mə᾽lum oldu ki, o ələviyyə qadın onların idarəsində işləyirmiş. Həmin şəxs də öz rəftarı ilə o qadını incitmişdir.

Şeyx buyurdu: «O qadını razı salmayınca, sənin bu xəstəliyin sağalmayacaq».

Bu hadisənin oxşarını Şeyxin şagirdlərindən digər biri nəql etmişdir. O, belə deyir: Dostlarımdan birinin evinin həyətində Şeyxin hüzurunda oturmuşduq. Şeyxin məclislərində iştirak edən dövlət mə᾽murlarından biri də orada idi. O, müəyyən xəstəlik səbəbindən ayaqlarını uzatmışdı. Şeyxə üzünü tutub dedi: Cənab Şeyx! Bir müddətdir ki, ayaq ağrısına mübtəla olmuşam, üç il müddətində nə etmişəmsə müsbət nəticəsi olmayıb, heç bir dərmanın tə᾽siri yoxdur.

Şeyx həmişəki adətinə uyğun olaraq orada olanalardan istədi ki, bir həmd oxusunlar və diqqət yetirib buyurdu: Sizin ayağınızın ağrısı, yazını pis yazdığına görə katibəni danladığınız və onun üzərinə qışqırdığınız gündən başlamışdır. O, ələviyyə bir qadın idi. Qəlbi sındı və ağladı. İndi gedib onu tapmalı və könlünü almalısan ki, ayağın sağalsın.

O kişi dedi: Düz buyurursunuz. O, qadın idarədə katibə işləyirdi. Bir dəfə mən onun üzərinə qışqırdım və o da ağladı.

QOCA QARININ HAQQINI QƏSB ETMƏK
Şeyxin şagirdlərindən biri yemək yeyəndən sonra öz mə᾽nəvi halətini itirir. Şeyxdən kömək istədikdə, o buyurur: Yediyin kababın pulunu filan tacir vermişdir ki, o pul da qoca bir qarıdan qəsb olunmuşdu.

BAŞQALARINA HÖRMƏTSİZLİK
Şeyxin şagirdlərindən biri deyir: Şeyx bir neçə nəfərlə birlikdə imamzadə Yəhya küçəsindən keçən zaman bir nəfər piyadə bir velosipedçi ilə toqquşdu. Piyadə əsəbiləşib velosipedçiyə dedi: Ay eşşək!

Şeyx dedi : Onun batini (piyadənin) eşşəyə döndü!!

Şeyxin şagirdlərindən başqa birisi Şeyxin belə buyurduğunu nəql edir:

«Bir gün bazarın qabağından keçirdim. Gördüm ki, bir fayton hərəkət edir. Faytonu çəkən bir yabının cilovunu da başqa bir şəxs tutmuşdu. Gözlənilmədən bir nəfər faytonun qabağından keçdi. Faytonçu qışqırdı: Ay yabı!

Gördüm ki, faytonçunun mə᾽nəvi siması dərhal yabıya çevrildi və cilov iki dənə oldu!!

HEYVANLARA QARŞI RƏHİMSİZLİK
İslamda, hətta heyvanlara qarşı rəhimsizlik də məzəmmət olunmuşdur. Müsəlman bir şəxsin heyvanlara əziyyət verməyə, eləcə də onlara pis sözlər deməyə haqqı yoxdur.[1]

Buna görə də Peyğəmbəri-əkrəm (s) bir hədisdə belə buyurmuşdur:

«Əgər heyvanlara qarşı rəva gördüyünüz zülmlər sizin üçün bağışlansa, sizin günahlarınızdan çoxu bağışlanar».[2]

Əti halal olan heyvanların ətindən istifadə olunsun deyə, başının kəsilməsi islam nəzərindən caizdir, lakin eyni zamanda onların zibh olunması üçün müəyyən qayda-qanunlar qoyulmuşdur ki, mümkün olan qədər heyvanlar az əziyyət çəksinlər. Heyvanın kəsilmə qaydalarından biri də budur ki, başı kəsiləcək heyvan başqa heyvanların gözü qarşısında öldürülməsin.[3]

İmam Əli (ə) buyurur:

«Qoyunu qoyun yanında, dəvəni dəvə yanında bir-birinə baxdığı halda zibh etməyin».[4]

Buna əsasən bir heyvanın balasının başını anasının gözü qabağında kəsmək çox şiddətlə qadağan edilmişdir. Bu da həmən işi görən adamın qəlbinin daş olmasından və son dərəcə rəhimsizliyindən xəbər verir. Bu işin mənfi tə᾽sirləri onu görənin həyatında hökmən zahir olacaqdır.

Şeyxin şagirdlərindən biri belə nəql edir: Bir nəfər qəssab Şeyxin yanına gəlib deyir: «Uşağım ölüm ayağındadır, nə edim?»

Şeyx dedi: «Sən inəyin balasını onun anasının gözü qabağında kəsmisən!»

Qəssab iltimas etdi ki, bəlkə onun üçün bir iş görsün. Şeyx buyurdu: «Ola bilməz. Deyir ki, balamın başını kəsibdir, uşağı gərək ölsün!»[5]

İKİNCİ FƏSİL
RUHİ-MƏ᾽NƏVİ TƏRBİYƏNİN ƏSASI
«Fəlah» (qurtuluş), həqiqətdə bütün insani kamalları əhatə edən bir kəlmədir. Qur᾽an nəzərindən bu məqama çatmağın yolu nəfsin saflaşdırılması və mə᾽nəvi tərəqqidən ibarətdir. Allah-taala Qur᾽ani-Kərimdə təkrar andlardan sonra tə᾽kid edərək buyurur:[6]

Yə᾽ni, «Öz nəfsini paklayıb aludəliklərdən təmizləyənlər fəlaha (qurtuluşa) çatmışlar».

Bütün ilahi peyğəmbərlərin Allah tərəfindən insanları hidayət etmək üçün gətirdikləri şeylər fəlahın və insanın daxilində olan yüksək istedadların çiçəklənməsinin müqəddiməsidir. Nəfsin saflaşdırılmasında əsas məsələ bundan ibarətdir ki, insan bu işin haradan başlayıb necə yerinə yetirəcəyini bilsin.

İlahi peyğəmbərlərin nəzərində nəfsin saflaşdırılmasının əsası və bu yolda götürülən ilkin addım tövhiddən ibarətdir. Buna görə də bütün ilahi peyğəmbərlərin bəşəriyyət üçün gətirdikləri ilkin kəlam «la ilahə illəllah» kəlməsindən ibarətdir.

«Biz səndən qabaq hər peyğəmbəri göndərmişiksə, ona belə vəhy etmişik ki: Məndən başqa heç bir mə᾽bud yoxdur, belə isə mənə ibadət edin».[7]

Peyğəmbəri-əkrəmin (s) də insanlara xitabən bəyan etdiyi ilkin söz bundan ibarət idi:

«Ey insanlar, «la ilahə illəllah» deyin ki, qurtuluşa çatasınız».[8]

Digər tərəfdən, təkcə tövhid kəlməsini demək kifayət deyildir. İnsanın mə᾽nəvi saflaşmasına, ruhi tərəqqisinə və fəlaha nail olmasına səbəb olan, eləcə də insani kamalları çiçəkləndirən şey, tövhidin həqiqəti və insanın həqiqi mə᾽nada tövhidçi olmasıdır.

İnsanın tövhidin həqiqətinə tam və kamil mə᾽nada çatmasının əlaməti bundan ibarətdir ki, ilahi mələklərlə eyni səviyyədə Allahın hüzurunda haqq-taalanın yeganəliyinə şəhadət versin:

«Allah, mələklər və elm sahibləri şəhadət verirlər ki, Allahdan başqa heç bir mə᾽bud yoxdur».[9]

Şeyxin şagirdlərindən biri onun barəsində belə deyir: Allah ona rəhmət eləsin! Bütün sə᾽y və çalışmaları «la ilahə illəllah» kəlməsini dərk etmək, bütün danışıqları bu pak kəlmənin həqiqətinə çatmaq üçün sərf olunurdu.

Başqa birisi deyir: Şeyx bu sahədə mütəxəssis idi. Var gücü ilə çalışırdı ki, özünün əldə etdiyi həqiqəti başqalarına da ötürə bilsin, şagirdlərini şühudi tövhid məqamına çatdırsın.

Şeyx buyururdu:

«Mə᾽nəvi yüksəlişin və ruhi saflaşdırmanın əsası tövhiddən ibarətdir. Hər kəs bir ev tikmək istəsə, əvvəlcə onun təməlini möhkəmləndirməlidir. Əgər təməli möhkəm və əsaslı olmazsa, o binanın möhkəm olacağına arxayın olmaq olmaz. Allah yolunun davamçıları da öz yollarını tövhiddən başlamalıdırlar. Bütün peyğəmbərlərin ilkin sözü «la ilahə illəllah» kəlməsi olmuşdur. İnsan tövhidin həqiqətini dərk etməyincə, öz vücudunda Allahdan başqa heç bir şeyin tə᾽sirli olmadığına inanmayınca və Allah-taalanın müqəddəs zatından başqa hər bir şeyin fani olduğuna əqidə bəsləməyincə insani kamallara çata bilməz. Tovhid kəlməsini dərk etməklə insan bütün varlığı ilə Allaha diqqət yetirəcəkdir».

Həmçinin buyururdu:

«Əgər Allahın səni çağırmasını istəyirsənsə, müəyyən qədər mə᾽rifət qazanıb Allahla müamilə et. «La ilahə illəllah» deyərkən sözünüzdə doğruçu olmalısınız. İnsan yalançı mə᾽budları kənara qoymayınca həqiqi mə᾽nada müvəhhid (tovhidçi) və «la ilahə illəllah» kəlməsini deyərkən düz danışan ola bilməz. «İlah» dedikdə insanın qəlbini ovsunlayan hər bir şey nəzərdə tutulur. İnsanın qəlbini ovlayan hər bir şey, o şəxsin mə᾽budu sayılır. «La ilahə illəllah» deyəndə, biz Allaha heyran olmalıyıq.

Bütün Qur᾽an «la ilahə illəllah» kəlməsinə qayıdır. İnsan elə bir yerə çatmalıdır ki, qəlbində bu kəlmədən başqa heç nə həkk olunmasın, Allahdan başqa hər şey aradan götürülsün:[10]

İnsan tövhid ağacına bənzəyir ki, onun meyvəsi ilahi sifətlərin insanda zühur olmasıdır. O ağac bu səməri gətirməyincə kamil deyildir. İnsanın kamal həddi Allaha qovuşmaqla nəticələnir. Yə᾽ni, o, Allah-taalanın sifətlərinin zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın. O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin.

İnsanın dərdinə dəyən şeylər ilahi sifətlərdir. Yerdə qalan heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-ə᾽zəm də.

Əgər tövhiddə qərq olsan, hər an Haqq-taalanın mərhəmətlərindən bəhrələnəcəksən. Hər an yeni-yeni mərhəmətlər vücudunu bürüyəcək.

ŞİRKDƏN UZAQ OLMAQ
İnsanın şirki öz qəlbindən, ruhundan təmizləməsi tövhidin həqiqətinə çatmaqda ilkin addımlardır. Buna görə də tövhidin əsil şüarında, yə᾽ni «la ilahə illəllah»da yalançı mə᾽budların inkar olunması həqiqi Allahın isbat edilməsindən öncə gəlir.

İndi görək şirk nədən ibarətdir və müşrik kimdir. Görəsən şirk sadəcə cansız əşyaların Allah olmasına inanmaqdırmı? Və müşriklər də yalnız cansız bütlərə e᾽tiqad bəsləyənlərdirmi? Yoxsa məsələ tamamilə başqa cürdür?

Tövhid müqabilində şirk dedikdə xəyali qüvvələrə e᾽tiqad bəsləmək, onların varlıq aləmində tə᾽sir göstərməsinə inanmaq və həqiqi tə᾽sir edən qüvvə, yə᾽ni Allah-taalanın qarşısında bu e᾽tiqadlara malik olmaqdır.

Müvəhhid varlıq aləmində Allahdan başqa heç bir şeyi tə᾽sirli bilmir; Ondan başqa heç bir şeyə pərəstiş etmir; Nə cansız, nə də canlı bütlərə e᾽tiqad bəsləyir.

Müşrik o kəsə deyilir ki, yeganə Allahdan başqa nə isə bir şeyi varlıq aləmində tə᾽sirli bilir, Ondan başqasına itaət edir. Bə᾽zən cansız varlıqlara, bə᾽zən zorakılara itaət edir, bə᾽zən də nəfsani istəklərinə tabe olur, bə᾽zi vaxtlar isə hər üçünə tabe olur.[11]

İslam nəzərindən qeyd olunan şirkin hər üç növü məzəmmət olunmuşdur. Tövhidin həqiqətinə çatmaq üçün mütləq mə᾽nada olan şirkdən uzaqlaşmaq lazımdır.

Diqqət yetirilməli mühüm məsələ bundan ibarətdir ki, şirkin növlərinin ən təhlükəlisi üçüncü mə᾽nada olan şirk, yə᾽ni həvayi-nəfsin istəklərinə tabe olmaqdır. Bu qəbildən olan şirk əqli və qəlbi mə᾽rifətin maneələrinin mənşəyi, birinci və ikinci mə᾽naya olan şirkin başlanğıcıdır:

«O kəsi görmədinmi ki, öz həvayi-nəfsini özünə mə᾽bud qərar vermişdir?! Allah-taala onu bildiyi halda azğınlığa saldı, qulağına, qəlbinə möhür vurdu. Bəs Allahdan sonra kim onu hidayət edə bilər? Ayılmaq istəmirsinizmi?!»[12]

Buna əsasən Şeyx nəfs bütünü tövhidin ən təhlükəli bir bəlası hesab edərək buyururdu:

«Kəlamın əsas məğzi o böyük büt ətrafındadır ki, sənin qəlbində yatmışdır».

İmam Xomeyni (r.ə.) də bu barədə belə buyurur: Bütlərin anası sizin nəfsinizdən ibarət olan bütdür. Nə qədər ki, bu böyük büt və güclü Şeytan aradan qaldırılmayıb, Allah-taalaya doğru bir yol yoxdur. Nə qədər də çətindir ki, bu büt sına və bu Şeytan ram və müti ola».[13]

Əgər insan bu böyük bütlə mübarizədə qalib gəlsə, ən böyük qələbələrə nail olar.

NƏFSİNLƏ MÜBARİZƏYƏ QALX
O dövrün məşhur güləşçilərindən biri olan Əsgər Pəhləvan belə nəql edir: Bir gün məni Şeyxin yanına apardılar. O, mənim biləyimə əl vurub buyurdu: Əgər çox güclü pəhləvansansa öz nəfsinlə güləş!

Həqiqətdə nəfs bütünün sındırılması, şirkin aradan qaldırılıb həqiqi tövhid məqamına çatmaq üçün birinci və axırıncı məsələdir.

Bəlkə də bu mə᾽na Allaha çatmaqda ən yaxın yol ola bilər ki, Əbu Həmzə Somali imam Zeynül-abidin (ə)-ın dilindən belə nəql edir:

İlahi, Sənə tərəf gələn yoçuların yolu çox yaxındır![14]

Zahirən cənab Şeyx məhz bu məsələni Sərdar Kabuli kimi böyük bir şəxsiyyətə xatırlatmaq üçün Kermanşaha səfər etmişdi.

 

--------------------------------------------------------------------------------

[1] «Mizanul-hikmət» 3/1343

[2]  «Mizanul hikmət» 3/1344/981/4520

[3] «Vəsailüş-şiə», 16-cı cild, səh.24, «Təhrilül-vəsilə», 2-ci cild, kitabe-seyd və zübahə, səh.151, 20-ci məsələ.

[4]  «Kafi», 6/229/7 və «Təhzibul-əhkam», 9/80/341

[5]  Ayətullah Fehri cənab seyyid Məhəmməd Rza Kəşfidən nəql edir ki, onun qonşuluğunda bir qəssab var idi. Onun oğlu şiddətli ürək ağrısına düçar olmuşdu və cənab Kəşfiyə təvəssül etmişdi. Cənab Kəşfi onu Şeyxin yanına göndərmişdi, amma Şeyx qəssaba demişdi: «Bir dananı anasının gözü qabağında kəsmisən, buna görə də oğlunun sağalacağına ümid yoxdur.»

[6]  Şəms surəsi, 9-cu ayə.

[7] Ənbiya surəsi, 25-ci ayə.

[8] «Biharul-ənvar», 18/202

[9]  Ali-İmran surəsi ayə 18

[10] Ən᾽am surəsi, ayə 91

[11] Birinci dəstəyə Nuh surəsinin 23-cü ayəsi, ikinci dəstəyə Nəhl surəsinin 36-cı ayəsi və üçüncü dəstəyə Furqan surəsinin 43-cü ayələri dəlalət edir.

[12]  Casiyə surəsi-23)

[13]  «Səhifeyi-nur», 22/348.

[14] «Məfatihul-cinan», Əbu Həmzə Somali duası.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment