Azəri
Wednesday 8th of December 2021
273
0
نفر 0
0% این مطلب را پسندیده اند

MƏ᾽NƏVİ KAMALLAR

ÜÇÜNCÜ FƏSİL
MƏ᾽NƏVİ KAMALLAR
Hədislər məcmuəsində «Qurbi-nəvafil» adı ilə tanınan bir məşhur hədis var. Bu hədisi sünnü və şiə hədisçiləri azacıq fərqlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.[1]

Hədisin məzmunu belədir:

Allah-taala buyurur: «Bəndələrimdən heç biri Mənim dərgahıma, vacib əməlləri yerinə yetirməklə yaxınlaşdıqları qədər başqa bir yolla yaxınlaşa bilməz. Amma o, müstəhəb əməlləri yerinə yetirərək Mənim dərgahıma o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim zaman onun eşidən qulağı, görən gözü, danışan dili, zərbə vuran əli olaram. Məni çağırsa cavab verərəm və bir şey istəsə əta edərəm.»[2]

«Qurbu-nəvafil» hədisində nafilə deyildikdə, vacib əməllərdən sonra yerinə yetirilən əmməllər nəzərdə tutulur ki, insanı mütləq kamala, mə᾽nəviyyatın yüksək mərtəbələrinə doğru sövq etdirir. Bu da bütün yaxşı və bəyənilmiş işlərdən ibarətdir.

Bu hədisə əsasən, insan Allah xatirinə yaxşı işləri yerinə yetirməklə mərhələ-mərhələ mütləq kamala və bəndəçiliyin son həddinə yaxınlaşa bilər , gözləri Allahdan başqası üçün bir şey görməz, qulaqları Allahdan başqası üçün bir şey eşitməz, dili Allahdan başqası üçün bir şey deməz və qəlbi Allahdan başqası üçün bir şey istəməz.

Başqa sözlə desək, insan öz iradəsini Allah-taalanın iradəsində fani və təslim etdikdə, Qurbu-nəvafil hədisində qeyd olunan tə᾽birlərə əsasən, Allah-taala bəndənin görən gözü, eşidən qulağı, danışan dili və fikirləşən qəlbi olur. Beləliklə də insan bir növ rübubiyyətdən (rəbb olmaq) ibarət olan übudiyyətin (bəndəçiliyin) zatına nail olur.

Şeyxin buyurduğu kimi:

«Əgər göz, qulaq, əl və digər üzvlər Allah üçün işləsə ilahi mütləqiyyətə əsaslanan əzalara çevrilər. Nəhayətdə növbə insanın qəlbinə çatır ki, bura da Allah məkanıdır. Hədisdə buyurulduğu kimi:

«Mö᾽minin qəlbi rəhman Allahın ərşidir.»[3]

İmam Hüseyn (ə) belə dua edirdi: «Pərvərdigara! Sən Öz dostlarının qəlbini Öz istək və iradənin məkanı qərar ver.»[4]

Şeyxin başına gələn hadisələrin dəqiq şəkildə araşdırılması göstərir ki, Allahın razılığı xatirinə cinsi ehtiraslara və şəhvətlərə qarşı çıxmağın nəticəsində onda əzəmətli ruhi dəyişiklik və mə᾽nəvi irəliləyiş baş vermiş, ilahi tərbiyə, qeybi imdad və ilhamlar sayəsində mə᾽nəviyyatın yüksək kamal nöqtəsinə nail olmuşdur. Bəlkə də bu məsələ onun həmişə zümzümə etdiyi bu şe᾽rlə əlaqədardır.

 

Dər dəbestane əzəl hosne to irşadəm kərd
Bəhre seydəm ze kərəm lotfe to imdadəm kərd

Nəfse bədseyrəte mən mayele hər batel bud

Feyzbəxşiye to əz dəste vey azadəm kərd.

Məzmunu:

Məktəbə ayaq qoyduğum ilk gündən sənin gözəlliyin məni irşad etdi. Məni özündə qərq etmək istəyən dərya sənin kərəminlə imdadıma yetişdi. Mənim murdar nəfsim hər bir çirkinliyə meyl edirdi. Sənin mərhəmətin məni onun əlindən xilas etdi.

TÖVHİDDƏ QƏRQ OLMAQ
Şeyxlə otuz ilə yaxın bir müddətdə ünsiyyətdə olan şagirdlərindən biri deyir: Şeyxin tövsiyələrinə əsasən Ayətullah Kuhistaninin görüşünə getdim. O, müəyyən mətləbləri qeyd etdikdən sonra Şeyxin barəsində belə buyurdu: Mərhum Şeyx Rəcəbəlinin malik olduğu hər bir şey tövhid sayəsində idi, o, tövhiddə qərq olmuşdu.[5]

 

FƏNA MƏQAMI
Uzun illər Şeyxin hüzurunda olan, onun mə᾽nəvi xeyirlərindən faydalanan doktor Həmid Fərzam onu belə vəsf edir:

Cənab Şeyx Rəcəbəli kamil arif idi və ilahi eşqdə qərq olmuşdu. O, nəfsinin saflaşdırılması və batini səfa nəticəsində fəna-fillah (Allahda fani olmaq) və bəqa-fillah (Allahda əbədi qalmaq) mərhələsinə nail olmuşdu. O, şəriət hökmlərinə, seyri-süluk və təriqət məqamlarına əməl etməklə Pərvərdigarın inayət və mərhəmətinə nail olaraq həqiqət mənzilinə çatmışdı.

ALLAH AŞİQİ
Şeyxin şagirdlərindən digər biri onu belə vəsf edir: Mərhum Şeyx, bütün varlığı Allahın əlində ram və müti olmuş şəxslərdən idi. O, Allahdan başqa heç nə görmürdü, hər nə deyirdisə, Allahdan deyirdi. Kəlamının əvvəli də, axırı da Allah idi. Çünki o, Allah, Peyğəmbər və Əhli-beyt (ə) aşiqi idi. Dediklərinin hamısını onlardan deyirdi. Müqəddəsliklə aşiqlik bir-biri ilə tamamilə fərqlənən halətlərdir. Şeyx Rəcəbəli aşiq idi, onun işi-peşəsi Allaha məhəbbət, Allah üçün işləmək idi. Mə᾽nəviyyatda aşiq olan şəxslərin baxışları göstərir ki, onların gözləri adi gözlərdən tam fərqlənir. Sanki onlar Allahdan başqa heç bir şeyi görmürlər.

Cənab Şeyx Allahdan başqalarından ləzzət almağı günah hesab edirdi. Qızmar yay günlərindən birində əlində tutduğu yelpiclə bir qədər sərinləşmək istəyirdi. Birdən nə isə xatırlamış kimi dedi: «Pərvərdigara! Sənin zikr və yadından başqa olan hər bir ləzzətə görə, Səninlə ünsiyyətdən doğmayan hər bir rahatlığa, Sənin dərgahına yaxınlaşmaqdan başqa olan hər bir sevincə və Sənə itaət etməkdən başqa olan hər bir məşğuliyyətə görə Səndən bağışlanmaq istəyirəm.[6]

Şeyxin şagirdlərindən biri onun Allah barəsində olan məhəbbətini belə təsvir edir: Şeyx Allaha o qədər aşiq idi ki, zəruri danışıqlar istisna olmaqla, məhbubundan başqa bir söz danışmağa razı olmazdı. Bə᾽zən Leyli və Məcnunun əhvalatını misal gətirib deyirdi ki, Məcnun Leylidən başqası barəsində söhbət olunmasına razı olmazdı. O deyirdi: Məcnundan soruşdular ki, haqq Əli ilədir, yoxsa Ömərlə? Cavab verdi: Haqq Leyli ilədir.

Şeyx yenə buyurur: Əgər bu hadisə baş verməmiş olsa belə, həqiqətin başa düşülməsi üçün çox münasibdir.

ƏN BÖYÜK MƏQAM
Allah məhəbbətinin şiddəti və ixlasın kamal həddi cavan Xəyyatı yüksək məqama, ali məqsədlərə çatdırmışdı. Hədisdə də qeyd olunduğu kimi, bu yolla o, hal-hazırda ariflər arasında mövcud olan qayda-qanunlardan tamam başqa yollarla kamala, mə᾽rifət əhlinin məqamına nail olmuşdu.

İmam Sadiq (ə)-dan nəql olunan hədisdə buyurulur: «Əql sahibi o şəxslərdir ki, təfəkkür qüvvəsindən istifadə etmək nəticəsində Allaha məhəbbət əldə etmiş olsunlar. (Hədisin davamında belə buyurulur:) Onlar bu məqama çatdıqları zaman öz istək və məhəbbətlərini Pərvərdigari-aləmə məxsus edərlər. Belə etdikdə ən böyük və yüksək məqama çatmış olur, Pərvərdigarı öz qəlblərində görür və hikməti tapırlar. (Onlar hikməti) həkimlərin, elmi alimlərin və sidqi (doğruçuluğu) siddiqlərin tapdığı yolla deyil, (başqa yolla tapırlar). Hikmət sahibləri hikməti sükutla, alimlər elmi təhqiqat və axtarışla, siddiqlər isə doğruçuluğu uzun-uzadı ibadət və Allah dərgahında öz acizliklərini izhar etməklə əldə edirlər.»[7]

BÜTÜN ALƏMLƏRƏ YOL TAPMAQ
Uzun illər boyu aşkarda və xəlvətdə Şeyx ilə birlikdə olan müridlərdən biri onun mə᾽nəvi kamalı barəsində belə deyir: Allaha və Əhli-beyt (ə)-a məhəbbətin şiddətindən onunla Allah arasında heç bir pərdə yox idi və o, bütün aləmlərə yol tapmışdı. Xilqətin əvvəlindən indiyə qədər Bərzəx aləmində olan bütün ruhlarla istədiyi vaxt söhbət edirdi. İradə etdiyi zaman hər kəsin ömür boyu gördüyü əməlləri görür, onların əlamətlərini deyir və (qeybdən) icazə verilən şeyləri aşkar edirdi.[8]

 

MƏLƏKUT ALƏMİNƏ NƏZƏR
Asimanların, yerin və mələkut aləminin bəsirət gözü ilə görünməsi şühudun yəqin dərəcəsinə, yaxud eynül-yəqinin ən yüksək mərhələsinə çatmağın müqəddiməsidir:

«Beləliklə asimanların və yerin mələkutunu İbrahimə göstərdik ki, yəqin əhlindən olsun.» (Ən᾽am surəsi-75).

Rəsuli-əkrəmdən (s) nəql olunan hədisdə buyurulur: «Əgər şeytanlar insanların qəlblərini bürüməsəydilər, hökmən insan mələkut aləmini müşahidə edərdi.»[9]

Əmmarə nəfsin və şeytanın tələsindən xilas olan, qəlbində olan hicab və zülmət pərdələrini kənara qoyan bir şəxs asimanların və yerin mələkut aləmini müşahidə edə bilər. Beləliklə də ülul-elm (elm sahibi) olan mələklərin cərgəsində qərar taparaq Allah-taalanın zati-müqəddəsinin haqq olmasına şəhadət verə bilər:

«Allah, mələklər və elm sahibləri şəhadət verirlər ki, Allahdan başqa heç bir mə᾽bud yoxdur».[10]

Şeyxin şagirdlərindən biri belə nəql edir: Mərhum hacı Müqəddəsdən soruşdular ki, Peyğəmbərdən (s) nəql olunan bu hədis (yuxarıda qeyd etdiyimiz hədis) düzdürmü?[11]

O cavab verdi: Bəli.

Dedim: Siz asimanların və yerin mələkutunu müşahidə edirsinizmi?

Cavab verdi: Xeyr, lakin Şeyx Rəcəbəli Xəyyat görür.

ŞEYX ALTMIŞ YAŞINDA
Mərhum Əbdül-kərim Hamiddən belə nəql olunur: Şeyx altmış yaşında olarkən elə bir halətdə idi ki, bir anlığa diqqət yetirsəydi, istədiyi hər bir şeyi başa düşərdi.[12]

BİZİM ELMİMİZ HARA, ONUN ELMİ HARA?!
Doktor Həmid Fərzam deyir: Mən adətən, cümə axşamları günü Şeyxin hüzuruna gedir və onun namaz və dua mərasimində iştirak edirdim. Axırda gördüm ki, bə᾽zi suallarımı xüsusi şəkildə ondan soruşmalıyam. Buna görə də həftənin ara günlərində də onun hüzuruna getməyi qərara aldım.

Bazar ertəsi günü günortadan sonra suallarımı soruşmaq üçün onun hüzuruna getdim. Çox gözəl bir gün idi. Çünki universitetin tanınmış müəllimlərindən olan doktor Məhəmməd Mühəqqiqi və Ayətullah Bürucerdinin nümayəndəsi də orada idi. O çox gözəl və nurani bir şəxsiyyət idi. Mən onu o vaxta qədər görməmişdim və tanımırdım. İcazə aldıqdan sonra onların hüzurunda oturdum və hər iki böyük şəxsiyyətin elmi söhbətlərindən faydalandım. Gün batmağa az qalanda söhbət qurtardı, doktor Mühəqqiqi sağollaşıb getdi. Mən də Şeyxlə xudafizləşib doktorun ardınca çıxdım. Sür᾽ətlə irəliləyib ona çatdım və dedim: Sizinlə yaxından tanış olmaq istəyirəm.

O, buyurdu: Familyam Mühəqqiqidir, özüm də müəlliməm.

Dedim: Mən Şeyxin hüzurundan faydalanmaq üçün buraya gəlirəm. Siz də Allaha şükür olsun ki, bu kimi işlərdən ehtiyacsızsınız. (Məqsədim onu yoxlamaq idi və bilmək istəyirdim ki, onun özü haqda təsəvvürü necədir.)

Buyurdu: Xeyr, əzizim! Bizim mə᾽lumatımız kitab üzündən və əzbərləməli şeylərdir, Şeyxin yanına gəl gör nə xəbərlər var! Cənab Şeyx elə bir məqamlara nail olubdur ki, çox şeyləri əyani olaraq görür. Bizim elmimiz hara, onun elmi hara?!

Dedim: Necə ki?

Dedi: İlk dəfə onun hüzuruna getdiyim vaxt hal-əhval tutandan sonra məndən ixtisasım barədə sual etdi. Dedim: Universitet müəllimiyəm, tədrislə məşğulam.

Buyurdu: Xeyr! Mən görürəm ki, siz kürəyə oxşar şeylər düzəldirisiniz.

Mən təəccübdən yerimdə donub qaldım və dedim: Bəli. Mən uzun illərdir ki, öz məişətimi tə᾽min etmək üçün coğrafi kürələr (qlobus) düzəldirəm və bundan heç kəsin xəbəri yoxdur.

Doktor Fərzam doktor Mühəqiqinin nəzərini tə᾽kid etmək üçün öz xatirələrini belə davam etdirirdi: Bu çox böyük bir mətləbdir. Amma əgər onların hamısını demək istəsəm, qalaq-qalaq kitab yazmaq lazım gələr. Ariflərin və sufilərin istilahında mövcud olan cümlə ilə desək, Şeyx nəfsin saflaşdırılması və batini səfaya nail olmaq nəticəsində «mükaşifə dənizində» qərq olmuşdu. Çox sadə tərzdə müəyyən şeyləri görüb bəyan edirdi. Belə ki, dəfələrlə öz müridlərinə açıq şəkildə belə demişdi: «Dostlar! Allah mənə bir inayət etmişdir. Mən şəxslərin bərzəx aləmində olan surətlərini müşahidə edirəm».

Mən də onun ardınca bu qəbildən olan bə᾽zi xatirələri təqdim edirəm:

ZƏHMƏTKEŞ FƏHLƏYƏ KÖMƏK
1. Əslən azərbaycanlı olan Əli Qüzati adlı çox düzgün, əməli-saleh və zəhmətkeş bir şəxs qonşumuzun mənzilində işləyirdi. O, bə᾽zi vaxtlar bizim evimizə də gəlib işləyir və muzd alırdı. O, yay-qış əyninə uzun bir hərbi paltar geyinirdi. Şeyx onu ümumiyyətlə görməmişdi. Amma bir gün müqəddiməsiz olaraq gözləmədiyim halda buyurdu: Hərbi paltar geyinən o uzun boylu kişi bə᾽zi vaxtlar sizin mənzilinizdə də işləyir. O, kasıb adamdı, əhli-əyalı da çoxdur. Ona bacardığın qədər çox kömək etməlisən.

MEYDANDAN NƏ TEZ ÇIXIRSAN?
2. Günlərin bir günündə sübh çağı evdə dava-dalaş saldım, küsüb evdən çıxdım. Axşam namaz qılmaq üçün Şeyxin hüzuruna gəldim, dostların hamısı orada idi. Hələ gün batmamışdı. Cənab Şeyx otağın bir küncündə əyləşmişdi. Gözləri mənə sataşan kimi, dərhal buyurdu: «Meydandan nə tez çıxırsan!» Bunu dedikdən sonra təəccüblə başını yellətdi və Hafizin bu şe᾽rini oxudu:

Zire şəmşire qəməş rəqskonan bayəd rəft,

Kan ke şod koşteye u neyk sərəncam oftad.

Məzmunu:

Qəm şəmşirinin altında rəqs etdiyin halda getməlisən,

Əgər nəticədə ölsən, aqibətin xeyir olar!

Bu sözlərdən sonra mən dərhal öz səhvimi anladım.

ONUN SAÇ-SAQQALININ AĞARDIĞINI GÖRÜRƏM
3. Qırx il bundan əvvəl ürək ağrısına düçar olmuşdum və müəyyən qədər təhlükə hiss edirdim. Doktor Quyaya dedim: Vəziyyətim yaxşı deyil, mümkündür ki...

O da bu xəbəri Şeyxə çatdırmışdı və o da buyurmuşdu: Narahat olmasın, onun saç-saqqalının ağaran gününü görürəm.

Səhv etməsəm, mənim yetmiş-həştad il yaşayacağımı demişdi.

İndi Allahın köməyi ilə yaşım yetmişi keçmişdir.

İxtisara riayət olunsun deyə, bu kimi mətləbləri qeyd etmirik. Amma əşyaların və işlərin mahiyyət və həqiqətlərinin müşahidə olunması ilə əlaqədar olan bə᾽zi şeyləri gətiririk.

DOKTOR FƏRZAMIN ATA-ANASININ RUHU İLƏ RABİTƏ
4. Təqribən 1337-ci ildə (1958), yə᾽ni Şeyxin ömrünün axırlarında mən Pakistanın Lahur şəhərinin universitetində fars dilini tədris etmək üçün səfərə hazırlaşırdım. Bir gün günortadan sonra məsləhət və xeyir-dua alım deyə, onun yanına gəldim. Ədəb əhlinin istilahında desək, heç bir təfəkkür və müqəddimə olmadan dedim: Cənab Şeyx, mən sizin hüzurunuza Pakistana getmək üçün məsləhətə gəlmişəm. Mümkündür ki, bu barədə mənim mərhum atam-anamla məşvərət edəsiniz?

Cənab Şeyx buyurdu: Üç salavat göndər.

Sonra isə onlarla (ata-anamın ruhi ilə) danışdı və axırda ağlamağa başladı. Mən dedim: Əgər bilsəydim narahat olacaqsınız, sizdən belə bir xahiş etməzdim.

 Şeyx buyurdu: Xeyr, əzizim! Mən həzrət İmam Zamanın (ə.f.) zühuru barəsində onlardan soruşdum, ağlamağımın səbəbi də budur.

Sonra atamın zahiri əlamətlərini deyib buyurdu: Ananın başında bir çadrası var idi, üzünü də örtmüşdü. Kermanın yerli ləhcəsində danışırdı. Mən onun sözlərindən bə᾽zilərini başa düşmürdüm.

Dedim: Bəli, Şeyx! Əgər Kerman ləhcəsində danışsalar, onların sözlərinin bə᾽zilərini başa düşməyəcəksiniz.

Şeyx sonra dedi: Onların sözlərinin xülasəsi bu idi ki, sən Pakistana səfər edə bilməyəcəksən və ümumiyyətə bu səfər sənin nəyinə lazımdır?

Sonralar bu iş baş tutmadı. Həm Şeyxin, həm də ata-anamın dedikləri düz çıxdı.

DOKTOR ŞEYXİN CƏNAB ŞEYX RƏCƏBƏLİ İLƏ ƏLAQƏSİNİN SƏBƏBİ
Şeyx Rəcəbəlinin övladlarından biri belə nəql edir: Mərhum doktor Əbulhəsən Şeyx[13]  ilk dəfə Şeyxlə necə tanış olması barədə deyir: Mənim mərhum Şeyx Rəcəbəli Xəyyatla tanış olmağım həyat yoldaşımın bir neçə ay ərzində itməsi ilə əlaqədar idi. Mən nə qədər axtardımsa, onu tapa bilmədim. Mə᾽rifət əhlindən çoxuna müraciət etdim, amma heç bir faydası olmadı. Vəziyyətimin çox gərgin vaxtlarında bir nəfər Şeyx Rəcəbəlinin ünvanını mənə verdi və onunla ilk dəfə məhz bu münasibətlə görüşdüm. Məni görən kimi diqqətlə nəzər salıb buyurdu: Sənin həyat yoldaşın Amerikadadır və iki həftəyə qayıdacaq, narahat olmayın.

Şeyx necə buyurmuşdusa, elə də oldu. Həyat yoldaşım Amerikadaydı və iki həftədən sonra qayıdıb gəldi.

Bu hadisədən sonra universitetdə işim tez qurtaran günlərdə əvvəlcə cənab Şeyxin evinə baş vurur, sonra evə gedirdim.

Mərhum doktor Şeyx 1996-cı ildə bu kitabın tərtib olunması ilə əlaqədar verdiyi müsahibəsində belə demişdir: Bir dəfə onunla birlikdə Pəsqəl᾽əyə getmişdik. O, kirayə etdiyimiz ulağa mindi və mən də onun qarşısında hərəkət edirdim. Öz-özümə dedim: Universitet müəllimi olmaqdan nə çıxar?! Əgər ustad olmaq istəyirəmsə, gərək bu yolu keçəm. Gərək addım-addım onun getdiyi yolları gedəm ki, axırda da onun kimi olam. Onunla birlikdə olmaq çox mə᾽nalı və ləzzətli idi!

MAŞIN DÜZƏLMİŞDİR, YOLA DÜŞ!
Doktor Səbati deyir: Bir gün Şeyx, ağa Mirza Seyid Əli və ağayi Əkrəmi ilə birlikdə Tehranın ətraf dağlarında «Bibi Şəhrəbanu» məzarına getmək istəyirdik. Dayanacaqda çoxlu adam var idi. Birinci avtobus gələn zaman Şeyx dedi: Bu avtobusa minmək bizə nəsib olmayacaq.

Avtobus gələn kimi dərhal doldu. İkinci avtobus gəldi, Şeyx yenə də buyurdu: Bu avtobusa da minə bilməyəcəyik.

Camaat növbəyə riayət etmədən avtobusa mindi, Şeyx və onun dostları yerdə qaldı. Şeyx buyurdu: Biz üçüncü avtobusa minib gedəcəyik.

Üçüncü avtobus da tez gəldi, hamı minməyə tələsdi. Şeyx və onun yoldaşları minə bilmədilər. Sürücü nə qədər çalışdısa, maşını işə sala bilmədi. Axırda sərnişinlərə dedi: Maşın xarab olub. Hamı yerə endi. Cənab Şeyx öz yoldaşlarına dedi: Minin maşına.

Hamımız mindikdən sonra sürücü dedi: Eşitmədiniz maşın xarabdır, hərəkət etmir.

Şeyx dedi: Maşın xarab deyil, hərəkət et.

Sürücü sükan arxasına keçib bir daha yoxladı, maşın dərhal işə düşdü. Bu zaman sair sərnişinlər də gəlib mindi və maşın yola düşdü. Yol əsnasında yol pulunu yığan zaman biz üç nəfərdən pul almaq istəmədi, lakin qəbul etmədik. Nəhayət Şeyxə işarə edib dedi: Mən o şəxsdən yol pulu almayacağam.

DUAN QƏBUL OLDU
Cənab hacı seyid İbrahim Musəvi Zəncani[14]  deyir: 1333-cü ilin Bəhmən ayının əvvəllərində (1954) Bağdadda İran konsulunun müavini vəzifəsində çalışırdım. Ailəvi şəkildə İraqa getmişdik. İraq inqilabından iki gün əvvəl mən və ailəm İrana qayıtdıq. Lakin anam və övladlarım Kazimeyn şəhərində qalmışdılar. İki gündən sonra bütün informasiya vasitələri ilə İraq inqilabının baş verməsindən xəbər verdilər. Sərhədlər bağlandı, anam və övladlarım barəsində (orada qaldıqları üçün) məndə qəribə bir nigarançılıq yarandı. Yenidən viza alıb İraqa qayıtmaq üçün səfirliyə get-gəl edirdim. Bir neçə nəfər də mənim kimi pis vəziyyətdə qalmışdı və müraciət edib mənfi cavab alırdılar.

Getdikcə nigarançılığım artmağa başladı. O vaxt Məhərrəm ayı idi, buna görə də Quma gedib həzrət Mə᾽sumə əleyhəssəlamın mütəhhər qəbrinin baş tərəfində çox yalvarışla həzrət Musa ibni Cə᾽fər (ə)-a məxsus olan salavatları qiraət etdim və viza almaqda Allahdan yardım dilədim.

İki gündən sonra Tehrana qayıtdım. Mərhum Əhməd Feyz Məhdəvi adlı bir iş yoldaşım var idi. O, məndən əmioğlusu - mərhum höccətül-islam hacı ağa Ziyauddin Feyz Məhdəvinin Şeyxlə görüşməsinə şərait yaratmağımı xahiş etdi. Birlikdə (Hacı ağa Ziyauddinlə) Şeyxin evinə getdik. Evə daxil olduqdan sonra bizi təkcə yarısı döşənmiş olan çox sadə bir otağa apardılar. Şeyx bizə ilk növbədə «Tövhid» surəsini yeddi dəfə oxumamızı tövsiyə etdi (O, yeddi rəqəminə çox inanırdı.) və sonra söhbətə başladı. Bizə çox gözəl nəsihətlər edib yol göstərdi, söhbət əsnasında birdən mənə üzü tutub dedi: Çox yaxşı ziyarət etdin. Sənin istəyin qəbul olundu və onun əlamətləri görünməkdədir, iltimasi dua!

Mən Şeyxdən soruşdum: Məqsədiniz hansı ziyarətdir?

Buyurdu: Qumdakı ziyarət.

Bundan sonra öz nəsihətlərini davam etdirdi.

 

--------------------------------------------------------------------------------

[1] Bax. Mizanul-hikmət 10/4856/33-30.

[2] Kafi-2/352/7, Mizanul-hikmət 10/4856/3330/16627

[3]  Biharul-ənvar, 58/31

[4]  Biharul-ənvar 85/214.

[5] Böyük alimlərdən, eləcə də Şeyxin ziyarət etdiyi görkəmli şəxsiyyətlərdən biri də Ayətullah Kuhistani idi. Cənab Şeyx onun barəsində buyururdu: «Ayətullah Kuhistanidən asimana doğru yüksələn bir nur çıxır». Bu görüşlərin birində mərhum Ayətullah Kuhistani piyada gedib Şeyxi təqribən bir kilometrlik məsafəyə qədər yola salır. Sonralar Ayətullah Kuhistani Şeyxin barəsində danışarkən çox təvazökarlıqla deyərdi: O zamanlar bizim bə᾽zi söhbətlərimiz var idi.

Burada çox yerinə düşərdi ki, Ayətullah Kuhistanidən baş vermiş çox qəribə bir hadisəni danışaq. Məşhur xətib höccətül-islam ağa seyid Qasim Şücai mənim üçün belə nəql edir: Rəştin vaizlərindən olan cənab Sədrai Eşkəvəri ürək xəstəliyinə tutulmuşdu. Onu Rəştdən Tehrana gətirdilər və Tehranın «Aban» xəstəxanasında yatırtdılar. Bir gün mərhum Fəlsəfi mənə zəng vurub birlikdə onun görüşünə getmək istədiyini bildirdi. Cənab Fəlsəfi Eşkəvəri ilə görüşündə ondan soruşdu: Sizin maddi vəziyyətiniz necədir?

Dedi: Həzrət Seyyidüş-şühəda (ə)-ın əta etdiyi bizi tə᾽min edir.

Dedilər: Bizim hamımız Seyyidüş-şühədanın süfrəsindən bəhrələnirik.

O dedi: Xeyr, bizim hesabımız tamamilə başqadır.

Cənab Fəlsəfi bir az da maraqlanıb bu hadisənin nədən ibarət olmasını soruşdu.

Cənab Sədrai dedi: Həzrət Seyyidüş-şühəda İmam Hüseyn (ə) mənə bir bağ əta etmişdir ki, qocalıq çağlarımda oranın gəliri ilə dolanım.

Ustad Fəlsəfi dedi: Hardan bilirsən ki, onu İmam Hüseyn əleyhissəlam əta edib?

O cavab verdi: Mən o bağı satmaq üçün müqavilə yazıb sonra Ayətullah Kuhistanini görməyə getdim. Onun yanına daxil olan kimi buyurdu: Sədra! Nə üçün səltənət hədiyyəsini satırsan? Ona dedim: Ağa, mənim şahlarla heç bir işim yoxdur. Buyurdu: Bunu demirəm, məqsədim İmam Hüseyn əleyhissəlamdır. Həqiqi səltənət mə᾽sumlarındır, bunlar bu sözləri oğurlayıblar. Yadındadırmı, cavanlıq vaxtında İmam Hüseyn əleyhissəlamın hərəminə getmişdin, qəbrin baş tərəfində dayanıb başını zərihə dayadın və dedin: Ağa mən sizdən elə bir lütf istəyirəm ki, qocalanda onunla həyat və məişətimi tə᾽min edim. Bu bağ həmin duanın nəticəsində sənə verilmişdi. Nə üçün onu satdın?!

Ağanın əlini öpdükdən sonra dərhal maşın tutub Rəştə qayıtdım və yazdırdığım müqaviləni cırdım. İndiyə qədər də o bağla məişətimi tə᾽min edirəm.

O vaxt mənim (Şücai) halım tamamilə dəyişildi. Qərara aldım ki, cənab Ayətullah Kuhistaninin hüzuruna gedim. Həcc mövsümündə bir ruhani kimi karvanların birində Məkkəyə getdim. Karvanda Təhmasibi adlı bir həkim də var idi. Ona dedim: Mən əvvəllər Ayətullah Kuhistanini görmək istəyirdim, amma mümkün olmadı. O dedi: Mən onun həkimiyəm. Dedim: Nə yaxşı oldu! Burada əhd bağlayaq ki, İrana çatan kimi məni onu hüzuruna aparasan. O dedi: Mən gələndə o çox xəstə idi, qan təzyiqi qalxmışdı. Bu sözdən sonra onun barəsində çox nigaran oldum. Nəhayət Ərəfata gəldik. Ərəfə duasının zümzümə edir və onun məzmun və məfhumuna diqqət yetirirdim. Nəhayət bu cümləyə çatdım. «Səni görməyən gözlər kor olsun!». Bu zaman kövrəldim, gözlərimdən yaş axmağa başladı. Dedim: Pərvədigara! Mənim heç nəyim yoxdur, lakin bilirəm ki, seyyidəm və bu seyyidliyimdən burada istifadə edirəm. Səni and verirəm cəddim Peyğəmbərin haqqına, Ayətullah Kuhistaniyə şəfa ver!

İrana gəldikdən sonra Ayətullah Kuhistaninin görüşünə getmək istədim,

lakin müyəssər olmadı. Məşhədə getdim. Gecə saat on ikinin yarısında Darüs-siyadətdə gördüm ki, bir qoca kişinin qoltuğuna girib gətirirlər. Soruşdum ki, o kimdir? Dedilər: Ayətullah Kuhistanidir. Mən onu əvvəllər görməmişdim. Salam verdim və əyilib əlindən öpdüm. Mən əyilən kimi o əlini sağ çiynimə qoyub dedi: Şücai, Allah sənin aqibətini xeyirlə qurtarsın. Ərəfatdakı duan bizə çatdı!!

Heyrətdən donub qaldım, bütün bədənim tərlədi. Elə həmin yerdəcə oturdum. Həyat yoldaşım dedi: Nə oldu? Dedim: Heç. Qoy bir qədər oturum. Təqribən yarım saat oturdum. Əzizlərim, Allahı şahid tuturam ki, Ərəfatda mənim yanımda heç kəs yox idi. Mən də ahəstə səslə, gözümdən yaş axan halda onu dua etmişdim. O isə həzrət Riza (ə)-ın hərəmində mənə deyirdi ki, Ərəfatdakı duan gəlib bizə çatdı. Bu mənim həyatımda çox qəribə və maraqlı bir xatirədir.

[6] Məfatihul-cinan, Münacati Zakirin.

[7] Mizanul-hikmət, 2/960/671/3159.

[8]  Bunun nümunəsi mənim Məkkəyə etdiyim ilk səfərdə görünmüşdü. «Məhəbbət edilən yeganə yer» adlı başlığa baxa bilərsiniz.

[9] Mizanul-hikmət, 10/4988/3390/16965.

[10] Ali İmran-1).

[11]  Tehranın müqəddəslik və təqvası ilə tanınan məşhur vaizlərindən biri idi.

[12] «İranın yeni sufilik tarixində iki il» adlı kitabın müəllifi həmin kitabın 103-cü səhifəsində «Fayda» adlı başlıqda belə yazır: Müəllif sözgəlişi belə bir hadisəni eşitdiyini deyir: Ağa doktor Müdərrisi belə deyib: Mən insitutda oxuduğum zamanlar bə᾽zən müəllimlərin bir neçəsi ilə birlikdə mərhum Şeyx Rəcəbəli Xəyyatın həftəlik yığıncaqlarında iştirak edirdik. Ondan müəyyən suallar soruşur, fizikadakı müxtəlif çətin və mürəkkəb məsələləri həll etməsini istəyirdik. O cümlədən maqnit sahəsi barəsində suallar soruşurduq, Şeyx bizə buyururdu: «Soruşub cavabını deyərəm». O, bir neçə anlığa başını aşağı salır, sonra başını qaldıraraq həmin sualın düzgün elmi cavabını verirdi.

[13] O, «İran iksirinin atası» ləqəbini almışdır.

[14] Zəncanın imam cüməsi mərhum Ayətullah seyid Mahmudun kürəkənidir.

273
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HACI AXUND TÜRBƏTİNİN VƏFATI
Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 ...
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək ...
AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-2
İzdivac, evlənmə astanasında
ƏR-ARVAD RABITƏLƏRI
YUXUDA DA ALLAHI YAD ETMƏK
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Nigeriya Paytaxtında Zariya Soyqırımının 3-cü il dönümü qeyd edilib – Foto

latest article

HACI AXUND TÜRBƏTİNİN VƏFATI
Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 ...
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək ...
AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR-2
İzdivac, evlənmə astanasında
ƏR-ARVAD RABITƏLƏRI
YUXUDA DA ALLAHI YAD ETMƏK
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Nigeriya Paytaxtında Zariya Soyqırımının 3-cü il dönümü qeyd edilib – Foto

 
user comment