Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

RUHİ YÜKSƏLİŞ VƏ MƏ᾽NƏVİ TƏRƏQQİ

 BİRİNCİ FƏSİL
İLAHİ TƏ᾽LİM-TƏRBİYƏ
Şeyxin mə᾽nəvi kamalları və yüksək məqamları onu yaxından tanıyan, onunla tanış olan hər bir şəxs üçün mə᾽lumdur.

Bu böyük mə᾽nəviyyatlı şəxsiyyətin həyatı ilə əlaqədar yaranan əsas sual bundan ibarətdir ki, necə oldu ki, o insaniyyətin yüksək məqamlarına nail oldu? Necə oldu ki, elmiyyə hövzəsi və ali məktəblərin rəsmi dərslərindən heç bir bəhrəsi olmayan bir şəxs elə bir məqama çatdı ki, təkcə adi camaat deyil, hövzədə və universitetlərdə təhsil alan şəxslər də onun hidayətinin bərəkətlərindən istifadə edib bəhrələndilər? Bir sözlə, cənab Şeyxin birdən-birə ruhi yüksəlişinin və müvəffəqiyyət qazanmasının sirri nədir? Hansı ustadın məktəbində tərbiyə görmüş və onun mə᾽nəvi tərbiyəçisi kim olmuşdur?

ŞEYXİN MÜRŞİDLƏRİ
Cənab Şeyx hövzə və universitetlərdə rəsmi şəkildə oxunan dərslərdən bəhrəsiz olduğuna baxmayaraq, böyük elm-mə᾽rifət və mə᾽nəviyyat sahiblərinin hüzurunda olmuşdur. İmam Xomeyninin müəllimi mərhum Ayətullah Məhəmmədəli Şahabadi, Ayətullah Mirza Məhəmmədtəqi Bafiqi və onun ustadı olmuşdur. Şeyx iki böyük alimin - Seyyid Əli Müfəssir və Seyyid Əli Qərəvinin dərslərindən də bəhrələnmişdir.[1]

Şeyx rəsmi olmayan bu təhsillərinin nəticəsində Qur᾽ani-kərim və islam rəvayətləri ilə dərindən tanış olmuşdu. O, təşkil olunan məclislərdə Qur᾽anı, hədisləri və duaları tərcümə və təfsir edir, ondan elə incə mə᾽nalar çıxarırdı ki, digərləri çox az ona diqqət yetirirdilər.

Buna əsasən cənab Şeyxin islam maarifi ilə olan tanışlığı bu kimi böyük şəxsiyyətlərdən istifadə etməsi nəticəsində əldə olunmuşdur. Lakin onun mə᾽nəviyyatında böyük dəyişikliyə və ruhi sıçrayışa səbəbi başqa yerdə axtarmaq lazımdır ki, o, Şeyxin həyatında dönüş nöqtəsi olmuşdur. Şeyxin «Mənim ustadım olmamışdır» deməsi də məhz bu dönüş nöqtəsinə işarə edir.

Cənab Şeyxin müridlərindən biri belə deyir: Şeyx buyururdu: Mənim ustadım yox idi. Lakin mərhum Şeyx Məhəmməd Təqi Bafiqinin həzrət Əbdül-əzim (ə)-ın pak hərəmində bərqərar olunan dərslərində iştirak edirdim.

O, mə᾽na əhli idi. Gecələrin birində məclisə baxıb mənə xitabən buyurdu: «Sən müəyyən məqamlara çatacaqsan».[2]

 

DÖNÜŞ NÖQTƏSİ
Mənim (yə᾽ni müəllifin) nəzərimə görə, Şeyxin həyatında dönüş nöqtəsi və mə᾽nəvi dəyişikliyin, ruhi sıçrayışın sirri insani heyrətə gətirən ibrətli bir hadisə olmuşdur. Şeyxin cavanlığının ilk çağlarında, həzrət Yusif əleyhissəlamın başına gələn bir hadisənin oxşarı onun üçün də baş vermişdi. Bu və bundan sonra baş verəcək hadisələr təcrübi tövhidin nümunələrindəndir. Bu hadisə göstərir ki, Qur᾽ani-kərimin həzrət Yusif əleyhissəlamla əlaqədar olan hadisələrin axırında buyurduğu «İnnəhu mən yəttəqi və yəsbir fə innəllahə la yuzi᾽u əcrəl muhsinin» (Yusif-90) ayəsi ümumi bir qanundur və təkcə həzrət Yusifə aid deyildir. Bu ayənin davamında buyurulur: «Hər kəs təqvalı olsa və (nəfsani istəklərin müqabilində) səbr edib dözümlülük göstərsə, Allah-taala yaxşı əməl sahiblərinin əməllərini zay etməz».

Bu hadisə göstərir ki, Qur᾽ani-kərimin həzrət Musa (ə)-ın başına gələn əhvalatların axırında buyurduğu «və ləmma bələğə əşuddəhu atəynahu hukmən və ilmən və kəzalikə nəczil-muhsinin» yə᾽ni («O kamal həddinə çatdıqda ona hikmət və elm əta etdik və Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq».) (Yusif surəsi 22 ayə) Hökmlər də ümumi bir qanundur. Qur᾽ani-Kərimin nəzərində bütün ehsan əhli və bütün yaxşı əməl sahibləri hikmət nurundan, xüsusi ilahi elmdən bəhrələnəcəklər.

HƏZRƏT YUSİFİN ƏHVALATINA OXŞAR BİR HADİSƏ
Şeyx bu hadisəni təfsilatı ilə çox az adamlar üçün bəyan edərdi. Bə᾽zən müəyyən münasibətlərlə əlaqədar olaraq ona işarə edərək deyirdi: «Mənim ustadım yox idi, lakin dedim ki, Pərvərdigara, bu işi sənin razılığın xatirinə tərk edir və buna göz yumuram. Sən də məni Özün üçün tərbiyələndir.»

Böyük fəqih mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani bu hadisəyə işarə edərək buyururdu: Şeyxə Allah tərəfindən xüsusi inayət olunmuşdu. Bu da cavanlıq dövrlərində onun öz nəfsani istəklərinin qarşısını ala bilməsi ilə bağlı idi.

Şeyxin özü bu hadisəni onunla görüşdə bəyan etmişdi. Höccətül-islam Seyyid Məhəmməd Əli Milani (Ayətullah Milaninin oğlu) onun hüzurunda iştirak etdiyi zaman Şeyxin dilindən belə bəyan edir:[3]

Cavanlıq dövrlərində yaxın qohumlarımızdan olan gözəl bir qız mənə aşiq olmuşdu. Nəhayət bir gün xəlvət bir evdə məni tələyə saldı və mən öz-özümə dedim: «Rəcəbəli! Allah səni çox imtahan edə bilər. Gəl bir dəfə də sən Allahı imtahan et! Bu ləzzətli və hazır olan haram işdən Allahın xatirinə keç».

Sonra Allaha belə ərz etdim: «Pərvərdigara! Mən bu günahı Sənin xatirinə tərk edirəm. Sən də məni Özün üçün tərbiyə et».

Bu zaman Şeyx həzrət Yusif (ə) kimi çox şücaətlə günah qarşısında müqavimət göstərərək özünü saxlayır və sür᾽ətlə həmin tələdən çıxıb qaçır.

Şeyxin nəfsani istəklərin qarşısında müqavimət göstərməsi və günahdan uzaqlaşması onun bəsirət gözlərinin açılmasına səbəb olur. Onun bərzəx gözləri açılır, başqalarının görmədiyi şeyləri görür, başqalarının eşitmədiklərini eşidir. Belə ki, öz evindən çıxanda camaatın bə᾽zilərini onların həqiqi simasında görür, bə᾽zi qeyb sirləri onun üçün aşkar olur.[4]

Şeyxin özündən belə nəql olunur: «Bir gün Mövləvi xiyabanı ilə Sirus xiyabanının kəsişdiyi yerdən Gəlubəndək meydanına qədər gedib-qayıtdım, bu qədər məsafədə yalnız bir nəfəri adam sifətində gördüm!»

İLAHİ TƏRBİYƏ NECƏ BAŞ VERİR?
Şeytanın tələsinə düşən bir cavanın «Pərvərdigara, məni Özün üçün tərbiyə et»—deyə etdiyi dua çox həyəcanlı və iztirablı bir fəzada qəbul olundu və bu səadətli cavanın mə᾽nəvi həyatında əsaslı bir dönüş yaratdı ki, onu zahiri şeyləri müşahidə edən adi insanlar dərk etməkdə acizdirlər. Rəcəbəli bu təkamülü ilə yüz illik yolu bir gecədə keçmiş və bununla da Şeyx Rəcəbəli Xəyyat kimi məşhurlaşmışdır.

Neqare mən ke be məktəb nərəfto xət nəneveşt

Beğəmze məs᾽əle amuze səd mudərres şod

Məzmunu:

Mənim yarım  məktəbə getmədən və yazı yazmadan,

Bir işarə ilə yüzlərlə müəllimin ustadı oldu.

İlahi tərbiyənin ilk mərhələlərində bu cavanın bəsirət gözü açılır, artıq varlığın batinində, mələkut aləmində başqalarının görmədiyi şeyləri görür, başqalarının eşitmədiyi səsləri eşidir. Bu batini təcrübə nəticəsində Şeyxdə belə bir e᾽tiqad yaranmışdı ki, ixlaslı olmaq bəsirət gözünün açılmasına səbəb olur.

BƏSİRƏT GÖZÜ
Burada belə bir sual yaranır ki, məgər qəlbin gözü və qulağı vardırmı? Məgər insan zahiri qulaq və gözündən başqa bir şeylərlə də görüb eşidə bilərmi?

Cavab mə᾽lumdur. Həm şiə, həm də sünnülər tərəfindən nəql olunan islam hədislərində bu suala müsbət cavab verilmişdir. Burada nümunə olaraq onlardan bir neçəsini qeyd edirik:[5]

Peyğəmbəri-əkrəm (s) buyurur: «Hər bir bəndənin üzündə iki gözü vardır ki, onun vasitəsilə dünya işlərini görür. (Onların) qəlbində də iki gözü vardır ki, onunla axirət işlərini müşahidə edir. Hər vaxt Allah-taala bir bəndənin yaxşılığını istəsə, onun qəlbindəki gözlərini açır ki, onun vasitəsilə qeybi və᾽dələri görsün və qeybi görmək vasitəsilə də ona iman gətirsin».[6]

Başqa bir hədisdə o həzrətdən belə nəql olunur: «Əgər yalan danışmaqlarınız və qəlbinizdəki pərakəndəliklər olmasaydı, şübhəsiz mənim eşitdiklərimi siz də eşidərdiniz.»[7]

İmam Sadiq (ə) belə buyurub: «Həqiqətən qəlbin iki qulağı vardır: İman ruhu ona xeyir şeyləri, Şeytan isə şər işləri təlqin edir. Bunlardan hər biri qələbə çalsa, digərini məğlub edər.»[8]

İKİNCİ FƏSİL
QEYBİ YARDIMLAR
«Nəhcül-bəlağə»də qeyd olunduğu kimi, imam Əli (ə) buyurur: Tarixdə elə layiqli bəndələr olub ki, Allah-taala onlarla əql və əndişə qüvvəsi ilə danışıb. İmam Əli (ə)-ın bu barədəki kəlamı belədir: «Allah-taalanın hər bir əsr və zamanda, xüsusilə peyğəmbərlərin mövcud olmadığı dövrlərdə elə bəndələri vardır ki, onlarla (ilham yolu ilə) əndişə və əql qüvvəsilə danışır, onların gözlərini, qulaqlarını və qəlblərini ayıqlıq nuru ilə işıqlandırır.»[9]

Layiqli bəndələrin xüsusiyyətləri «Şə᾽baniyyə» münacatında belə qeyd olunur:

«Pərvərdigara, məni o kəslərin cərgəsində qərar ver ki, Sən onları çağıranda Sənə cavab verərlər, onlara diqqət yetirəndə Sənin cəlalının nurunun təcəllisi onları bihuş edər. Sən gizlində onlarla sirlərdən danışarsan, onlar da aşkarda Sənin üçün əməl edərlər».[10]

Cavan oğlan olan Rəcəbəli əmmarə nəfsinin əlindən və şeytanın tələsindən xilas olduqdan, bəsirət gözləri açıldıqdan sonra Allahın layiqli bəndələrinin sırasına keçir və bundan sonra bə᾽zən yuxuda, bə᾽zən də ayıqlıqda Allah-taalanın hidayətedici imkanlarından, Allah yolunun ixlaslı bəndələrinə və həqiqi mücahidlərinə məxsus olan hidayətdən bəhrələnir.[11]

Bu hidayət növü Peyğəmbərdən (s) nəql olunan bir hədisdə belə bəyan edilir: «Allah-taala bir bəndəsinin yaxşılığını istəsə, onu dində fəqih və agah qərar verər, bu yolu ona ilham edər. [12]

MƏKRUH FİKRİN YÜKSƏK HƏDDİ
Allah-taalanın xüsusi tərbiyəsi altında qərar tutan şəxslər üçün ilahi hidayətin bərəkətlərindən biri də, onların Öz eyblərindən agah olmasıdır.

Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur: «Hər vaxt Allah-taala bir bəndəsinə yaxşılıq etmək istəsə, onu dində fəqih və agah, dünyaya e᾽tinasız və öz eyblərinə bəsirətli edər.[13]

Şeyx də xüsusi ilahi tərbiyə mehvərində qərar tutduqdan sonra bu ilhamdan bəhrələnmişdir.

Ayətullah Fehri nəql edir ki, cənab Şeyx belə buyururdu: Bir gün bir iş görmək üçün bazara getdim. Beynimdən məkruh bir fikir keçdi. Lakin dərhal tövbə etdim. Yol əsnasında şəhərin kənarından odun daşıyan dəvə karvanı mənim yanımdan keçəndə gözlənilmədən onların biri mənə təpik atdı. Özümü kənara çəkməsəydim, mənə xəsarət dəyəcəkdi. Məscidə getdim. Beynimdə bu sual dolaşırdı ki, bu hadisənin mənşəyi nə ola bilər. İztirab və yalvarışla ərz etdim. Pərvərdigara! Bu nə idi? Mə᾽na aləmində mənə deyildi: Bu, beynindən keçirdiyin o pis fikirlərin nəticəsi idi.

Dedim: Axı mən günah iş görmədim?!

Deyildi: O dəvə də səni vurmadı![14]

 

BƏL᾽ƏM BAURANIN TALEHİNƏ DÜÇAR OLMAQLA TƏHDİD
Şeyxin müridlərindən biri də Zəncanın imam cüməsi Ayətullah ağa Mirza Mahmud idi. Çox fəzilətli şəxs olan Mirza Mahmud mərhum Mirza Naininin tələbələrindən biri idi. Belə fəzilətli bir şəxs də rəsmi təhsildən bəhrəsi olmayan, lakin öz növbəsində ləyaqətli və insani nuraniyyətə, qəlb səfasına malik olan bir şəxsə mürid olmuşdu. Şeyx bir gün buyurdu: Zəncanın imam cüməsi və zahirdə Tehranın möhtərəm sayılan şəxsiyyətlərindən bir qrupu bura gəlmişdilər. O öz yoldaşlarını təqdim etdi və...

Bu gediş-gəliş nəticəsində məndə bir halət (özündən razılıq) baş verdi. Fikirləşdim ki, elə yerə çatmışam ki, böyük şəxsiyyətlər mənim görüşümə gəlirlər və...

Gecə qəribə bir hala düşdüm, vəziyyətim pisləşdi. Ağlayıb-yalvarmaqla Allah-taalanın dərgahına üz tutdum, ilahi mərhəmətlə bu batini səfa yenidən bərpa olundu.

Mən fikrə daldım ki, əgər bu halət davam etsəydi, onda mənim vəziyyətim necə olardı? Mən nə üçün belə olmuşam?

Bu fikirdə idim ki, Bəl᾽əm Bauranı mənə göstərdilər və dedilər:

Əgər bu halət davam etsəydi, sən də onun kimi olacaqdın. Çəkdiyin zəhmətlərin hamısının nəticəsi bu olacaqdı ki, həmin şəxsiyyətlərlə məşhur olardın, bu halda sənin dünyan olacaqdı, lakin axirətdə heç bir şey sənə nəsib olmayacaqdı.[15]

Bu hadisə keçib getdi. Cümə günləri bizim yığıncağımız olurdu. Bir gün yığıncaq günortaya qədər uzandı. Ev sahibi və dostlar dedilər: «Elə burada günorta yeməyini yeyərik». Biz də qəbul etdik. Sonrakı həftə yenidən yığıncağımız günortaya qədər davam etdi və yenidən süfrə salındı. Təbiidir ki, bu dəfəki süfrə keçən həftəyə nisbətən daha rəngarəng idi. Bu hadisə bir neçə həftə təkrar olundu və hər dəfə süfrə əvvəlkilərə nisbətən daha çeşidli və rəngarəng idi. Süfrənin ortasında bir ədəd kərə var idi və hamının diqqətini özünə cəlb etmişdi. Mən öz-özümə fikirləşdim ki, bu süfrə mənə görə salınıb, məclis özü mənə görə təşkil olunub və dostlar da buraya mənə görə yığılıblar. Buna görə də mən onu yeməyə hamıdan artıq haqlıyam. Bu fikirlə bir qədər çörək parçası götürüb əlimi uzatdım ki, o kərəni götürəm. Gördüm ki, Bəl᾽əm Baura otağın guşəsindən mənə gülür. Dərhal əlimi çəkdim.

SƏN TOX, QONŞUN İSƏ AC?!
Şeyxin şagirdlərindən biri deyir ki, Şeyxin belə buyurduğunu eşitdim:

Bir gecə rö᾽ya aləmində gördüm ki, mən müqəssir kimi tanınmışam. Mə᾽murlar gəldilər ki, məni zindana aparsınlar. O gün çox narahat oldum və bu yuxunun səbəbini bilmək istədim. Allah-taalanın inayəti sayəsində başa düşdüm ki, bu yuxu mənim qonşumla əlaqədar baş vermişdir. Öz əyalımdan istədim ki, bu barədə axtarış aparıb bir xəbər gətirsin. Qonşum bənnalıqla məşğul olurdu. Mə᾽lum oldu ki, bir neçə gün işsiz qalıb, keçən gecəni özü və əhli-əyalı ac yatmışlar. Mənə deyildi: Vay olsun sənə! Sən gecəni tox yatasan, qonşuların isə ac?!

O zaman mənim üç abbası ehtiyat pulum var idi. Dərhal məhəllədəki dükançıdan bir abbası da borc edib verdim, sonra üzürxahlıq edərək xahiş etdim ki, hər vaxt işsiz qalsa və pulu olmasa məni xəbərdar etsin.

ÖVLADINI ALLAHA GÖRƏ İSTƏ!
Cənab Şeyx bir dəfə buyururdu: Bir gecə gördüm ki, zülmət pərdələri vücudumu bürüyüb.[16]

Öz məhbubuma (Allaha) yol tapa bilmirəm. Araşdırma apardım ki, görəsən bu hicablar haradan yaranıb. Təvəssül edib çoxlu axtarış apardıqdan sonra mə᾽lum oldu ki, bu, keçən gecə övladımın gözəl və rə᾽na qiyafəsini görməklə atalıq məhəbbətinin coşmasının nəticəsidir. Mənə deyildi: Onu Allaha görə istəməlisən. Mən də bu işdən peşman olub istiğfar etdim.

QİDANIN ZÜLMƏTİ
Şeyxin müridlərindən biri belə nəql edir: Şeyx dostlarından birinin evində təşkil olunmuş yığıncaqda söhbətə başlamazdan əvvəl özündə zəiflik hiss edib bir qədər çörək istəyir. Evin sahibi bir lavaşın yarısını gətirir və o da yeyib söhbətə başlayır.

Sonrakı gecə Şeyx buyurur: Keçən gecə imamlarımıza (ə) salam verdim, lakin onları görmədim. Təvəssül etdim ki, görəsən bunun səbəbi nədir?! Mə᾽na aləmində deyildi: O çörəyin yarısını yediyin zaman bədənindəki zəiflik aradan qalxdı. Bəs nə üçün ikinci hissəsini də yedin?!

Bədənin təbii ehtiyaclarını tə᾽min olunması qədər yeməyin eybi yoxdur. Lakin ondan artıq yeyilməsi ruhun zülmətə düşməsinə səbəb olur.

 

--------------------------------------------------------------------------------

[1]  Nəql olunduğuna görə, ağa Nəcəfi İsfahani adı ilə məşhur olan Ayətullah Mirza Camal İsfahani hacı ağa Nurullah İsfahaninin qardaşıdır. O, Rza xanın hakimyyətinin əvvəllərində Tehran bazarında olan «Seyyid Əzizullah» məscidində imamlıq edirdi. Onun məclisləri haqda mərhum Şeyx Rəcəbəlidən nəql olunur ki, o belə deyirmiş: «Ağa Camalın minbərdəki moizələri Allah aşiqi yetişdirirdi». O, Rza xan hökuməti ilə müxalifət etdiyinə görə İsfahana sürgün edildi və orada da şəhadətə çatdırıldı. Onun qəbri «Təxtfulad» qəbristanlığında yerləşir. Doktor Əbul Həsən deyir: Cənab Şeyx ilə İsfahandakı həmin qəbristanlıqda idik. Bir qəbrin yanında oturduq. Buyurdu: Bu qəbrin sahibi mənim ustadım olmuşdur.

Höccətül-islam Kərimi Ayətullah seyyid Kazim Əssaddan Əmirəl-mö᾽minin Əli (ə)-ın Ayətullah Mirza Camal İsfahani barəsində olan kəramətlərindən maraqlı bir əhvalat danışmışdır. O hadisə belədir:

Həzrət Ayətullah Əssar Tehranın «şəhid Mütəhhəri» ali səviyyəli mədrəsəsində (keçmiş Sepəhsalar) Əsfar dərsini tədris edirdi. Mən, Kərəməli Kərimi Qərtəmani mədrəsənin altı illik kursunu onun və sair müdərrislərin hüzurunda keçirmişdik. Onun barəsində baş verən birinci mö᾽cüzəli hadisəni gözlərindən yaş axan halda Əsfar dərsində bizə belə nəql etdi: Həzrət Ayətullah hacı ağa Camal Nəcəfi İsfahani (o zaman Pəhləvi hökuməti tərəfindən Tehrana sürgün olunmuşdu və bazarın «hacı seyyid Əzizullah» məscidində camaat namazını qılırdı). O sübhlər Mərvi mədrəsəsində tədris edirdi. Onun dərsləri çox yüksək səviyyəli və dolğun olduğundan Mərvi mədrəsəsinin elm əhlindən olan alim və tələbələrin yığıldığı məkana çevrildi. Hamı onun dərslərindən faydalanmaq istəyirdi. Hətta, imam camaatlardan bə᾽ziləri ona qarşı həsəd aparırdılar.

Buna görə də bir yığıncaq təşkil edərək onun savadsız olduğunu isbat etmək istəyirdilər. Onlar ruhaniləri öz ətrafına yığaraq qərara almışdılar ki, hacı ağa Camal İsfahanini üç dərs barəsində imtahana çəksinlər:

1. Fəlsəfə;

2. Fiqh;

3. Üsul.

Cənab Əssar buyururdu: Ondan fəlsəfədən, yə᾽ni Əsfar kitabından imtahan götürməyi mənə həvalə etdilər. Adlarını unutduğum iki nəfər də ondan fəlsəfə və fiqh barədə imtahan tutmağa mə᾽mur oldular. Qərara alındı ki, biz üç nəfər onun dərsinə gedib, hər birimiz sinfin bir tərəfində oturub, dərs əsnasında ondan sual edək.

Mən Əsfar kitabını özümlə götürdüm. Dərsin ortasında hacı ağa Camal fəlsəfi bir mətləbi izah edərkən ona bir sual verdim. O minbərin üstündən mənə diqqətlə baxıb buyurdu: Mən sizin cavabınızı belə sadəliklə vermərəm. Siz Əsfarı istədiyiniz yerdən açın və səhifənin əvvəlini mənim üçün oxuyun.

Mən onun dediyi kimi edib, açdığım səhifənin birinci cümləsini oxuduqda «kifayətdir» dedi. Həmin səhifəni heç bir səhv və xəta olmadan əvvəldən axıradək əzbərdən dedi, tərcümə də etdi və buyurdu: Siz məni imtahan etməyə gəlmisiniz? Mənim özümə aid etməyə heç nəyim yoxdur, hər nəyim vardırsa Mövlayi müttəqiyyan Əli (ə) tərəfindəndir.

Sonra hacı ağa Camal Əmirəl-mö᾽minin Əli (ə)-ın kəramət və mö᾽cüzəli işləri barəsində belə nəql edir: Mən qırx il Nəcəfdə elmlə məşğul oldum, ictihad dərəcəsinə nail olub yüksək elmi səviyyəyə çatdım. Atam bir dəstə alimi mənim ardımca göndərdi ki, İsfahana qayıdam və İsfahanın elmiyyə hövzəsinin başçılığını öhdəmə alam. İrana yola düşmək istədiyim gecə gözlənilmədən qorxunc bir xəstəliyə tutuldum və qırx gün huşsuz halda qaldım. Qırx gündən sonra Allah mənə mərhəmət etdi, tərləyib huşa gəldim. Ayıldıqda gördüm ki, ömrümün əvvəlindən öyrəndiklərimin hamısını unutmuşam,.

Çarəsizlikdən Əmirəl-mö᾽minin Əli (ə)-ın müqəddəs hərəminə gedib yalvarmağa başladım və bərkdən ağladım. Həzrətə ərz etdim: «Ağa! Qırx il müddətində sizin süfrənizin başında əyləşib sizin elminizi əxz etmişdim. İndi vətənə qayıtmaq istəyirəm, amma əlim boşdur. Siz kərəm dəryasısınız». Bu zaman mərhum Əssar ağlamağa başladı. Mərhum hacı ağa Camal buyurdu: O qədər ağladım ki, huşdan getdim, yarı yuxulu və yarı oyaq halda Mövlamı gördüm. Ağa şəhadət barmağını ağzıma qoydu və mənə nəvaziş göstərdi. Huşa gəldim və evə qayıdanda gördüm ki, ömrümün əvvəlindən oxuduqlarımın hamısını əzbərdən bilirəm.

Sonra ağa Camal ağlayıb buyurdu: Cənablar, mənim özümdən heç nəyim yoxdur. Hər nəyim varsa Əmirəl-mö᾽minin Əli (ə)-dandır. Gəlin məni imtahan edin. Mən Allahın köməyi və Əli (ə)-ın inayəti ilə oxuduğum dərslərin hamısını əzbərdən bilirəm.

Cənab Əssar burada ağlayaraq deyirdi: Bu hadisəni hacı ağa Camal bəyan edərkən orada mə᾽nəvi bir dəyişiklik yarandı. Mən qalxaraq o böyük şəxsiyyətin ayaqqabılarını gözümə sürtüb təbərrük etdim.

[2]  Böyük alim, kamil arif və yorulmaz mücahid Şeyx Məhəmmədtəqi Bafiqi Yəzdi «çadra və hicabla mübarizə» hərəkatında Rza xanla həzrət Mə᾽sumə (ə.s.)-ın hərəmində qarşılaşdı. Məsələ belə olmuşdu: Rza xan açıq-saçıqlığı yaymaq və çadranı qadağan etmək məqsədi ilə öz xanımını qadına yaraşmayan bir geyim formasında Qum şəhərinə göndərmiş və o da müqəddəs məkana hörmətsizlik edərək Həzrət Mə᾽sumə əleyhəssəlamın hərəminin eyvanına çıxaraq özünü xalqa nümayiş etdirmişdi. Bu xəbəri eşidən mərhum Ayətullah Bafiqi tələsik oraya gəlmiş, kimsənin bu ehtiramsızlığa e᾽tiraz etməyə cür᾽ət etmədiyini görüb özü şəxsən şahın arvadını təhqir edərək eyvandan qovmuşdu. Buna görə də Rza xan onu döyüb hörmətsizlik etdikdən sonra Rey şəhərinə sürgün etmiş və o da ömrünün axırına qədər həmin şəhərdə yaşamışdır. Bu böyük alimlə yaxından tanış olanlar ondan çoxlu qəribə hadisələr və kəramətlər nəql etmişlər. Misal olaraq bunu qeyd edirik: Onun xidmətçisi mərhum Şeyx İsmayıl mənim (yə᾽ni kitabın müəllifi) üçün belə nəql edir: Ayətullah Bafiqi ömrünün axırlarında xəstəlik nəticəsində evdən çıxa bilmirdi. Bir gün məndən soruşdu: «Sən həzrət Əbdüləzim (ə)-ın ziyarətinə gedərkən hər üç imam övladını hərəmin daxilindən ziyarət edirsən, yoxsa imamzadə Tahirə çöldən salam verirsən?»

O zaman hərəmin həyətyanı sahəsi genişləndirilməmişdi. İmamzadə Tahirin hərəmi o birilərindən ayrı idi. Cavabında dedim: «İmamzadə Tahiri ziyarət etmək üçün onun hərəminə daxil olmuram. Sadəcə həyətdən ziyarət edib salam verirəm».

Şeyx buyurdu: «Bu iş düzgün deyildir. Siz üç böyük şəxsiyyətin hərəminə gedirsiniz, ikisini yaxından, birini isə uzaqdan ziyarət edirsiniz. Bu əməl bir növ ehtiramsızlıq sayılır. Bu dəfə ziyarətə gedəndə həzrət Tahir (ə)-ın hərəminə daxil olub onu ziyarət et və de ki, axund da salam göndərir.

Şeyx İsmayıl deyir: «Şeyxin tövsiyələrinə əsasən həzrət Tahir (ə)-ın hərəminə daxil oldum. Orada heç kəs yox idi. Şeyxin sözlərini yadıma salıb onun tərəfindən salam çatdırmaq istədikdə, məqbərənin daxilindən üç dəfə «ləbbeyk, ləbbeyk, ləbbeyk».sözlərini eşitdim.

Həzrət imam Xomeyni (r.ə) mərhum Bafiqinin sürgün olunduğunu eşitdiyi zaman camaatı onunla sıx rabitə saxlamağa təşviq etmək üçün öz xüsusi yığıncaqlarında bu beyti buyurmuşdu:

Çe xoş bud ki bərayəd be yek kereşmə do kar
Ziyarəti şəh əbdüləzim və didəne yar

Məzmunu:

Bir səfərlə iki mühüm iş görmək çox xoş olar,

Şah Əbdüləzimi ziyarət etmək və dostu görmək.

[3]  Görüşdə Şeyx daha incə nöqtələri bəyan etmişdir ki, onlar üçüncü bölmənin birinci fəslində qeyd olunacaqdır.

[4]  Şeyx 23 yaşında olarkən bu hadisə baş vermişdi.

[5]  Bu barədə daha artıq hədislərlə tanış olmaq istəyənlər «Mizunul-hikmət» kitabının 10/4988/3390 və 3391-ci hədislərinə baxa bilərlər.

[6] «Mizanul-hikmət», 10/4988/3390/16942

[7]  Mizanul-hikmət 10/4990/3391/16956

[8] Mizanul-hikmət 10/4990/3391/16956

[9] Nəhcül-bəlağə, 222-ci xütbə

[10] «Məfatihul-cinan», «Şəbaniyyə» münacatı

[11] «O kəslər ki, Bizim yolumuzda çalışarlar, hökmən onları öz yolumuza hidayət edərik. (Ənkəbut-69).

[12] Mizanul-hikmət, 4/1602/1160/5359

[13] Mizanul-hikmət, 4/1602/1160/5360.

[14]  Bu hekayəni Şeyxin müridlərindən iki nəfəri azacıq fərqlə nəql etmişlər. Bizim qeyd etdiyimiz də Ayətullah Fehrinin nəql etdiyinə uyğun idi. Fərq yalnız bundadır ki, məkruh sözü sair mətnlərdə qeyd olunub.

[15] Bəl᾽əm Baura böyük bir alim idi, onun duası dərhal qəbul olunurdu. Onun on iki min nəfər tələbəsi vardı. Lakin həvayi-nəfsinə itaət edib dünyapərəstlik meyllərinə malik olduğundan öz əsrinin zalım padşahına kömək etdi. İş o yerə çatdı ki, o həzrət Musa (ə)-ın qoşununa qarğış etdi. Qur᾽ani-kərim bu ibrətamiz əhvalata işarə edərək onu itə oxşadır. Ə᾽raf surəsi, 176-cı ayə. Bax: «Əl-mizan» təfsiri, 8-ci cild, səh 339, «Təfsiri Qumi» 1-ci cild, səh.248 və «Munyətil Murid» səh.151.

[16]  Məqsəd batini zülmət və ruhun qaranlığıdır


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...

 
user comment