Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

FƏDAKARLIQ VƏ İSAR


Şeyxin həyat və davranışlarında olan ən parlaq xüsusiyyətlərdən biri də onun möhtac və kasıb şəxslərə xidmət etməsi, özü yoxsul olduğu halda başqalarına əl tutması olmuşdur. İslam hədisləri baxımından isar, fədakarlıq və insanın öz haqqından keçməsi yaxşılıqların ən gözəli, imanın ən yüksək mərtəbəsi və gözəl əxlaqların ən yaxşısıdır.

Şeyx öz ailəsini dərziliklə çox çətin dolandırmasına baxmayaraq, isar və fədakarlıq fəzilətlərindən də bəhrəsiz qalmamışdır. Bu ilahi şəxsiyyətdən bu barədə nəql olunan əhvalatlar doğrudan da insanı heyrətə gətirir və ona ibrət dərsi öyrədir.

BAŞQALARININ ÖVLADLARINA QARŞI İSAR
Şeyxin övladlarından biri deyir: Anam deyirdi ki, qəhətlik və aclıq illərində Həsən və Əli (mərhum Şeyxin böyük övladları idi ki, sonradan vəfat etmişdilər) evin damında od qalamışdılar. Onlardan nigaran qalıb oraya getdikdə gördüm ki, o iki uşaq tuluğun dərisini odda qızardıb yeyirlər. Bu səhnəni gördükdə çox kövrəldim, qəhərlənib ağlamağa başladım. Aşağı enib evdən bir qədər mis qab götürüb kiçik bazarda satdım və uşaqlar üçün bir qədər xörək hazırladım. Həmin gün qardaşım Qasımxan bizə gəlmişdi. O, mənim həddindən artıq narahat olduğumu görüb səbəbini soruşdu və mən də hadisəni olduğu kimi danışdım. Qasımxan bu hadisəni eşidib çox təəccüblə dedi: Nə danışırsan?! Şeyx Rəcəbəlini bazarda gördüm, camaata kabab qəbzi paylayırdı. (Yeməkxanalardan biri ilə əvvəlcədən razılığa gəlinir, müəyyən miqdarda xörək pulu ödəndikdən sonra həmin məbləğ dəyərində qəbz alınır, o qəbzlər adətən kasıbların arasında paylanır və onlar da gedib qəbzi göstərməklə ya oradca xörək yeyir və ya alıb evə aparırlar.) Bu nə deməkdir, misal var deyiblər, evə lazım olan çırağı məscidə aparmaq haramdır. Bu kişi nə etmək istəyir? Düzdür ki, abid və zahid adamdır, lakin onun bu işləri düzgün deyil.

Bu sözləri eşitdikdə narahatçılığım daha da artdı. Gecə Şeyx evə gəldikdə onunla ciddi danışıb e᾽tirazımı bildirdim və narahat halda yatdım. Gecə yarısı birdən əyan oldu ki, məni çağırırlar. Diqqətlə qulaq asdım, bir daha səs gəldi: «Qalx ayağa!» Ayağa qalxdım. Gördüm ki, Əli əleyhissəlamdır. Özünü tanıtdırıb dedi: «O, camaatın uşaqlarını saxlayır, biz də sizin uşaqlarınızı! Hər vaxt uşaqların acından ölsə, onda danışarsan!»

MÜFLİSLƏŞMİŞ QONŞUYA QARŞI İSAR
Şeyxin övladlarından biri belə nəql edir: Bir gecə atam məni yuxudan oyatdı. Evdən iki kisə düyü götürdük. Birini mən, digərini isə atam çiyninə aldı. Onu aparıb məhəlləmizin ən varlı şəxsinin qapısına qoyduq. Atam onları təhvil verərkən ev sahibinə dedi: Qardaş! Yadındadırmı, ingilislər camaatı öz səfirliklərinə apardılar və onlara düyü verdilər. Sonradan hər dənə düyünün əvəzində bir xaral düyü alıblar, yenə də onlardan əl çəkmirlər.

Bu zarafatlarla düyüləri təhvil verib qayıtdıq. Həmin günün sabahı atam məni çağırıb dedi: Mahmud! Bir çərək (təqribən 250 q.) düyü yarması və iki riyallıq da quyruq piyi alıb anana ver, günortaya xörək hazırlasın.

O zaman atamın bu cür hərəkətləri mənim üçün çox ağır və anlaşılmaz görünürdü. Fikirləşirdim ki, nə üçün evdə olan düyüləri məhəllənin ən varlı şəxsinə verir, özümüz isə günortaya düyü yarması alırıq?

Sonradan başa düşdüm ki, zahirdə varlı hesab etdiyim bu Allah bəndəsi son günlərdə müflisləşibmiş. Cümə günü həmin şəxsin bir dəstə qonağı olacaqmış və evində də tədarük görmək üçün heç bir şey yoxmuş.

BAYRAM AXŞAMI İSAR
Mərhum Əbdül-kərim Hamid nəql edir ki, mən dərzilikdə Şeyxə şagirdlik edirdim və hər gün bir tümən zəhmət haqqı alırdım. Novruz bayramı gecəsində Şeyxin on beş tümən pulu vardı. Onun bir qədərini mənə verdi ki, düyü alıb bir neçə ünvana aparım. Axırda o puldan beş tümən qaldı, onu da mənə verdi.

Öz-özümə fikrləşdim ki, ustam bayram axşamı evə əliboş gedəcək. Həmin vaxtlar şeyxin ailə vəziyyəti həddindən artıq ağır idi. Buna görə də pulu siyirtməyə qoyub qaçdım. Cənab Şeyx nə qədər çağırdısa qayıtmadım. Evə çatanda başa düşdüm ki, Şeyx hələ də məni arxadan səsləyir. Acıqla dedi: Nə üçün pulları götürmədin? Sonra tə᾽kidlə pulları mənə verdi.

DÖRDÜNCÜ FƏSİL
DİNİ QAYDA-QANUN VƏ GÖSTƏRİŞLƏRƏ SÖZSÜZ ƏMƏL ETMƏK
Cənab Şeyxin dini göstəriş və qayda-qanunlara əməl etməsi təriqət iddiaçılarının məsləki ilə kökündən fərqlənirdi. O, sufilik firqələrinin heç birini qəbul etmirdi. Onun seçdiyi yol Əhli-beyt (ə)-ın göstərişlərinə sözsüz əməl etmək idi. Buna görə də təkcə vacib əmrlərə deyil, müstəhəb əməllərə də ciddi əhəmiyyət verirdi.

Adətən sübhlər oyaq olur, gün çıxandan sonra yarım saatdan bir saata qədər istirahət edirdi. Bə᾽zən günortadan sonra da bir qədər istirahətlə məşğul olurdu.

Şeyxin özü kəşf və şühud əhli olmasına baxmayaraq, təkrar-təkrar buyurardı: «Mükaşifatda (bəsirət gözünün açılması və hər bir şeyi həqiqi simasında görmək) deyilənlərə yəqininiz olmasın, heç vaxt mükaşifədə gördüklərinizə arxalanmayın. Biz imamların rəftar və əməllərini, sözlərini özümüzə nümunə götürməliyik.»

Cənab Şeyx ilahi hökmlərə əməl etməklə Allahın göstərişlərinə və Əhli-beyt (ə)-ın buyurduqlarına qeydsiz-şərtsiz itaət etməyə tə᾽kid edir, bununla yanaşı ümumi yığıncaqlarda aşağıdakı ayəyə istinad edirdi:

«Əgər siz Allaha kömək etsəniz, Allah da sizə kömək edər və qədəmlərinizi möhkəmlədər.» (Məhəmməd-7).

Sonra deyirdi: «Allah hər şeydən ehtiyacsızdır. Allaha kömək etmək dedikdə, Onun hökmlərinə əməl etmək, Peyğəmbərinin sünnəsinə əsaslanmaq nəzərdə tutulur.»

Başqa bir yerdə buyururdu: « Heç bir şey ilahi hökmlərə əməl etmək qədər bəşərin ruhi yüksəlişində tə᾽sirli ola bilməz».

Şeyx dəfələrlə bunu təkrar edərdi: «Haqq din elə minbərlərdə deyilən sözlərdir. Lakin onda iki şey çatışmır: Birincisi ixlas, digəri isə mütəal Allah ilə dostluq. Bu iki şey minbərdəki çıxışlara artırılmalıdır.

Yenə deyirdi: «Müqəddəslərin işlərinin hamısı yaxşıdır, lakin insan vücudunda olan «mən»ləri «Allah» ilə dəyişmək onların ən önəmlisidir».

Yenə buyururdu: «Əgər mö᾽minlər öz «inniyyət»lərini kənara qoysalar, yüksək mə᾽nəvi məqamlara çatarlar.»

«Əgər insan Allaha təslim olsa, öz rə᾽y və şəxsi nəzərini kənara qoyar, özünü tam mə᾽nada Allaha tapşırar, Allah da onu Özü üçün tərbiyələndirər».

TƏQLİD
Şəriət qanunlarına qeydsiz-şərtsiz tabe olmaq məsləkinə əsasən, Şeyx ilahi hökmlərdə müctehidə təqlid edirdi. Onun mərcəyi təqlidi dövrünün böyük alimlərindən olan Ayətullah Höccət idi. Şeyx özü belə bir şəxsiyyətə təqlid etməsi barədə buyurur: «Quma getdim, mərcəyi-təqlidləri gördüm, onların içərisində həvayi-nəfsinə ən az tabe olan ağayi Höccət idi».

Başqa bir nəqlə görə buyurur: «Gördüm ki, onun qəlbində cah-cəlal, şan-şöhrət və rəyasət məhəbbəti yoxdur.

Şeyx öz dostlarını bu yoldan azan firqələrdən çəkindirirdi. Şeyxin dostlarından biri deyir: Bu tayfalar barəsində ondan soruşdum. (Bunu nəql edən şəxs tövsiyə etmişdi ki, bu tayfanın adlarını kitablara salmasınlar.) Şeyx buyurdu: Kərbəlada idim. Gördüm ki, bir tayfa gəlir. Şeytan onların qarşısında hərəkət edən bir şəxsin cilovunu əlinə almışdı. Dedim: Bunlar kimdir? Dedilər:...

Cənab Şeyx inanırdı ki, seyri-sülukda Əhli-beyt (ə)-ın tutduğu yoldan uzaq düşənlər riyazət nəticəsində müəyyən ruhi qüdrət və məqamlara çatmalarına baxmayaraq, həqiqi mə᾽rifətdən tamamilə məhrumdurlar.

Şeyxin övladlarından biri belə nəql edir: Atamla birlikdə Bibi-Şəhrabanı dağına getmişdik. (Bu Tehran ətrafında olan dağların birinin adıdır ki, imam Hüseyn (ə)-ın həyat yoldaşı Şəhrəbanının məzarı orada yerləşir.) Yol əsnasında riyazət əhlindən biri ilə rastlaşdıq. Onun çox böyük iddiaları var idi. Atam ona dedi: Axı de görək, sənin riyazətlərinin hasili nə olub?

O şəxs bu sözləri eşidən kimi əyilib yerdən bir daş parçası götürdü və onu əlində armuda döndərdi. Sonra atama təklif edib dedi: Buyurun, meyl edin.

Atam buyurdu: Çox yaxşı! Bu işi mənim üçün gördün. De görüm Allah üçün nə nəyin vardır və nə etmisən?

Həmin şəxs bu sözü eşidən kimi ağlamağa başladı.

ALLAH ÜÇÜN OLAN İŞİN DƏYƏRİ
Şeyxin dostlarından biri onun belə buyurduğunu nəql edir:

Gecələr Tehranın cümə məscidində oturub camaatın «Həmd» surəsinin oxunuş və tələffüzünün düzəlişinə fikir verirdik. Bir gecə iki uşaq bir-biri ilə savaşdı, onlardan biri döyülməmək üçün mənim yanımda oturdu. Mən də fürsətdən istifadə edərək ondan «Həmd» surəsini soruşdum. Həmin gecə yalnız o uşağın qiraəti ilə məşğul oldum. Sonrakı gecə bir dərviş mənim yanıma gəlib dedi: Mən iksir, simya, himya, limya elmlərini bilirəm və onların hamısını sənə verməyə razıyam, bu şərtlə ki, dünənki işinin savabını mənə verəsən.

Ona belə cavab verdim: Xeyr! Əgər bu elmlər sənə faydalı olsaydı, heç vaxt mənə verməzdin.

ŞƏRİƏTLƏ UYĞUN OLMAYAN RİYAZƏTLƏ MÜXALİFƏT
Cənab Şeyx inanırdı ki, əgər bir şəxs doğrudan da islamın nurani hökmlərinə əməl etsə, bütün mə᾽nəvi məqamlara və kamallara nail olacaqdır. O, Peyğəmbər (s) sünnəsi və Əhli-beyt (ə) məktəbiinin əksinə olan riyazətlərlə kəskin müxalifət edirdi. Onun müridlərindən biri belə nəql edir: Bir müddət riyazətlə məşğul oldum, seyyid övladı olan həyat yoldaşımdan ayrılıb bir otaqda zikr deməyə başladım. Gecələr də həmişə ayrı yatırdım. Dörd-beş aydan sonra dostlarımdan biri məni Şeyxin görüşünə apardı. Qapını döyüb içəri girdim, Şeyx məni görən kimi buyurdu: İstəyirsənmi deyim...?!

Başımı aşağı saldım, Şeyx sanki bir anda bütün səhvlərimi mənə xatırlatdı. Bu nə rəftardır ki, həyat yoldaşınla edirsən? Nə üçün onu tərk etmisən?...

Bu riyazət və zikrləri kənara qoy! Bir qutu şirni alıb əhli-əyalının yanına get. Namazı vaxtında və adi qaydada olan tə᾽qibatlarla yerinə yetir.

Daha sonra Şeyx bu hədisi tə᾽kid etdi ki, «əgər bir şəxs qırx gün əməllərini Allaha görə xalis etsə, hikmət çeşmələri qəlbində cuşə gələr.»

Şeyx bu hədisə işarə edərək buyurdu: Bu hədisə əsasən, əgər bir şəxs qırx gün müddətində öz dini vəzifələrinə əməl etsə, şübhəsiz, xüsusi nuranilik tapacaqdır.

O şəxs Şeyxin tövsiyələrinə əsasən, riyazəti tərk etdi və adi həyatına qayıtdı.

XUMSUNUN HESABINI ET!
Doktor Həmid Fərzarəm özünün Şeyxlə necə tanış olmasını belə xatırlayır: 1333-cü Şəmsi ilin ortalarında (1968) mənim əziz dostum və həmkarım mərhum doktor Əbdül Əli məni Cənab Şeyxin yanına apardı. Bir-iki saat onun hüzurunda oturduq. Mənə yol göstərmək və həqiqətləri başa salmaq üçün mərhəmətli nəzərlərlə hər sahədən bir şey danışırdı. Qəlbimdə ona qarşı son dərəcə məhəbbət hissi yaranmışdı. Zahirən həmin gün «Ya Əlimu, ya Rəşid, səlli əla Muhəmmədin və alihi əcməin» zikrini birlikdə mənə təlqin etdilər. Onun hüzurundan getdikdən sonra doktor Əbdül Əli mənə təbrik dedi və bildirdi ki, cənab Şeyx sizi öz hüzuruna qəbul etdi. Allaha şükr olsun, mən çoxlarını onun hüzuruna aparmışam, o hətta onlarla bir kəlmə olsun danışmayıb. Soruşdum. Bunun mə᾽nası nədir?

Doktor dedi: «Allaha şükr olsun ki, o səni qabiliyyətli və iste᾽dadlı gördü. Mən də buna görə Allaha şükr etdim».

Şeyxin şagirdlərindən biri onun ibadətdə necə ciddi olduğunu belə bəyan edir: Şeyx şəriət, təriqət və həqiqəti bir-biri ilə eyni bilirdi. Dərvişlər kimi deyildi və şəriəti boşlamırdı. Onun mənə dediyi ilk söz bu idi: Get xumsunun hesabını et.

Sonra məni mərhum Ayətullah Əhməd Aştiyaninin yanına göndərib dedi: Sən onun hüzuruna getməlisən.

O necə də böyük şəxsiyyət idi! Doğrudan da Allahın ayəti və nişanəsi idi. Mən ondan nə qədər mə᾽nəvi qida aldım! Ondan necə böyük işlər gördüm! Onun hüzuruna gedib öz kiçik evimin xumsunu hesablayıb ödədim.

BEŞİNCİ FƏSİL
ƏXLAQ
Şeyx çox mehriban, gülərüz, xoşəxlaqlı, mətanətli və ədəbli bir şəxs idi. Həmişə dizi üstə əyləşər, arxasına qoyulan mütəkkəyə söykənməz və həmişə ondan bir az aralı oturardı. Bir kəslə əl verib görüşsəydi, əlini həmin kəsdən tez çəkməzdi. Çox aram idi. Söhbət zamanı əksər hallarda gülərüz olar, çox az hallarda əsəbləşərdi. Yalnız şeytan və nəfs onu öz toruna salmaq istədikdə narahat olardı. Belə olan halda vücudunu büsbütün qəzəb bürüyər, evdən çıxıb özünü nəfsinə qalib etdikdən sonra aram halda geri qayıdardı.

Şeyxin gözəl əxlaqında diqqəti cəlb edən nöqtə və eləcə də onun başqalarına tövsiyə etdiyi məsələ bu idi ki, insan Allah xatirinə xoş əxlaqlı olmalı və camaatla gözəl rəftar etməlidir. Bu barədə belə buyurur: «Təvazökarlıq və gözəl əxlaqlı olmaq Allaha görə olmalıdır, camaatı özünə cəlb etmək və riyakarlıq məqsədi ilə yox.»

Şeyx çox az danışardı. Onun hərəkət və rəftarı göstərirdi ki, o, həmişə Allaha diqqət yetirir, Onu yad edir və Onun barəsində fikirləşir. Söhbətinin əvvəli də, axırı da Allah idi. Ona nəzər salmaq insanı Allahla tanış edirdi. Hər kəs ona baxsaydı, Allahı yad edərdi. Bə᾽zi vaxtlar ondan soruşurdular ki, harada idin?

Buyururdu: İndə məlikin muqtədir. (Qur᾽an ayəsi: iqtidarlı məlik olan Allahın yanında).

Dua məclislərində, Hafizin, yaxud Taqdisin şe᾽rləri oxunanda bərk tə᾽sirlənib ağlayardı. Ağladığı zaman təbəssüm etməyi də bacarar, yaxud müəyyən lətifə nəql etməklə hamını yorğunluq halından çıxarırdı. Həzrət Əmirəl-mö᾽minin Əli (ə)-a qarşı həmişə eşq bəsləyər, pərvanə kimi onun vücud şamının ətrafında qol-qanad çalardı. Oturan zaman hər bir neçə dəqiqədən bir «Ya Əli, ədrikni» zikrini təkrar edərdi.

TƏVAZÖKARLIQ
Doktor Fərzam bu barədə belə deyir: Şeyx başqaları ilə ünsiyyətdə olarkən çox təvazökarlıq göstərirdi. Qapını həmişə özü açar və gələnləri evə də᾽vət edərdi. Bə᾽zi vaxtlar bizi dərzilik avadanlıqları olan iş otağına aparardı. Bir dəfə qış idi. Ona iki nar gətirdilər, birini mənə verib dedi: Ye, Həmid can!

Çox təkəbbürsüz bir adam idi, ümumiyyətlə onun şəxsiyyətində lovğalıq və kobudluq xüsusiyyəti yox idi. Sanki özü ilə başqaları arasında heç bir fərq qoymurdu. Nəsihət etməsi yalnız Allaha görə və camaata yol göstərib onlara şər᾽i vəzifələrini öyrətmək məqsədi ilə olardı. Həmişə qapının ağzında oturar, gələnləri içəri də᾽vət edərdi.

Şeyxin şagirdlərindən digər biri deyir: Dostları ilə birlikdə olanda onlardan qabaq evə daxil olmazdı.

Başqa birisi deyir: Məşhəddə Şeyxin otağına getmişdim. Hərəmin ziyarətinə getdik, Heydər Əli Mö᾽cüzə (mərhum Mirzə Əhməd Mürşid Çəluyinin oğlu) dəlisov adam kimi özünü Şeyxin ayaqlarına atdı və ondan istədi ki, ayağını onun gözlərinin üstünə qoysun. Şeyx buyurdu: Ey qeyrətsiz! Allaha bu qədər itaətsizlik etmə və bu işlərindən xəcalət çək. Mən kiməm ki?!

BARIŞIQ YARATMAQ
Cənab Şeyxin çox əhəmiyyət verdiyi mühüm əxlaqi məsələlərdən biri də ayrı-ayrı kəslər arasında barışıq yaratmaq idi. Bir-biri ilə küsülü olan şəxsləri də᾽vət edib Qur᾽an və islam hədislərinə istinadən onları barışdırardı.

SEYYİDLƏRƏ XÜSUSİ EHTİRAM
Şeyx, seyyidlərə çox ehtiram göstərərdi. Çox hallarda onların əllərindən öpər və başqalarına da seyyidlərə ehtiram qoymağı tövsiyə edərdi.

Alicənab bir seyyid bə᾽zən Şeyxin görüşünə gəlirdi. O, qəlyana adət etmişdi. Şeyx siqaret çəkən olmamasına baxmayaraq, qəlyan hazırlandıqdan sonra seyyid xəcalət çəkməsin deyə, əvvəlcə ondan bir neçə qüllab çəkər, özünü siqaret çəkən kimi göstərər və sonra onu seyyidin qarşısına qoyardı.

Şeyxin dostlarından biri belə nəql edir:

Soyuq bir qış günündə Şeyxin hüzurunda idim. O buyurdu: Gəl birlikdə Tehranın qədim məhəllələrindən birinə gedək.

Birlikdə yola düşdük. Qədim küçələrin birində uçub-dağılmış bir mağaza var idi. Orada, yaşı ötməsinə baxmayaraq hələ də subay olan qoca bir seyyid kişi yaşayır və gecələr həmin dükanda qalırdı. İşi də kömür satmaqdan ibarət idi.

Mə᾽lum oldu ki, keçən gecə onun buxarısı od tutmuş, bütün paltarları və iş avadanlıqları yanıb tələf olmuşdur. O qoca seyyidin həyat şəraiti elə ağır və acınacaqlı idi ki, heç kəs onun yanında beş dəqiqə oturmağa razı olmazdı. Şeyx son dərəcə təvazökarlıqla onun yanına gedib hal-əhval tutduqdan sonra çirkli paltarlarını yuyub-təmizləmək üçün götürdü. Qoca kişi dedi: Ağa, sərmayəm qurtarıb, artıq kömür sata bilmirəm.

Şeyx mənə dedi: Ona bir şey ver ki, əlində sərmayə kimi istifadə etsin.

BÜTÜN İNSANLARA QARŞI HÖRMƏT
Cənab Şeyx təkcə seyyidlərə deyil, bütün insanlara ehtiram göstərirdi. Bir şəxs səhvə yol versəydi, onu başqalarının yanında təhqir edib yüngül saymazdı. Heç kəsin xətasını üzünə çəkməz və zahirdə onunla mehriban rəftar edərdi.

DÜNYƏVİ MƏQAMLARA QARŞI E᾽TİNASIZLIQ
Şeyxin ömrünün axırlarında böyük şəxsiyyətlər tədriclə onunla tanış olmağa başlayırdılar. Təkcə elmiyyə hövzələri və universitetlərin böyük və tanınmış şəxsiyyətləri deyil, həm də ölkənin siyasi və hərbi məqamları da müxtəlif məqsədlərlə onun hüzuruna gəlirdilər.

Şeyx yoxsul və kasıb sinifdən olanlar, xüsusilə seyyidlər arasında təvazökarlıq etməsinə baxmayaraq, dünyəvi məqamları böyük olan şəxsiyyətlərə əsla e᾽tina etməzdi. Onlar Şeyxin evinə gəldikdə Şeyx buyurardı:

«Qoca arvadın» sorağına gəliblər.[1]

Şeyxin oğlu deyir: Şeyxə çox məhəbbət göstərən ordu başçılarından biri mənə dedi: Bilirsən sənin atanı nə üçün çox istəyirəm?! İlk dəfə onun hüzuruna gələndə o, otağın qapısının ağzında əyləşmişdi. Salam verdim, salamımı aldı və ayağa durmadan oturmaq üçün yer göstərdi, mən də keçib oturdum. Bu zaman kor bir kişi gəlib çıxdı. Şeyx ayaq üstə qalxaraq onu ehtiramla qarşıladı, qucaqlayıb görüşdü və üzündən öpüb öz yanında oturtdu.

Mən burada qəribə işlər gördüm və hər şeyi gz gözlərimlə müşahidə etdim. Axırda bu kor kişi yerindən qalxıb getmək istədi. Şeyx onun ayaqqablarını cütləyib qabağına qoydu və ona on tümən pul da verdi!

Lakin mən getmək istəyəndə əsla yerindən tərpənmədi və mənimlə oturduğu yerdəcə xudafizləşdi.

SƏFƏR ƏXLAQI
Şeyx öz uzun, bərəkətli və nurani ömründə Məşhədə, Kaşana, İsfahana, Mazandarana, Kermanşaha səfərlər etmişdi. Xaricə isə yalnız İraqa, İmamların qəbirlərini ziyarət etmək məqsədilə getmişdi. Adətən öz dostları ilə birlikdə etdiyi bu səfərlərdə çox ibrətli xatirələr yadigar qalmışdır ki, bu kitabda onlardan yalnız səfər əxlaqına aid olanlarını qeyd edəcəyik.

Şeyxin dostlarının dediyinə görə, o, çox gözəl səfər yoldaşı idi, öz səfər yoldaşları ilə gözəl davranardı. Özü ilə şagirdləri və müridləri arasında heç bir fərq qoymazdı. Əgər səfər vəsaitini daşımaq lazım olsaydı, o da daşıyar, öz payına düşən səfər xərclərini də özü verərdi.

 

--------------------------------------------------------------------------------

[1] Yə᾽ni, axirət işi üçün deyil, dünya çətinliklərini həll etmək üçün mənim yanıma gəliblər. Şeyx dünyanı «qoca arvad» ifadəsi ilə bəyan edərdi. Bu da ərəb dilində olan islam hədislərində «əcuz» kəlməsi kimi işlənmişdir. Kitabın 3-cü bölməsinin 3-cü fəslinə «Allah məhəbbətinin bəlaları» adlı hissəsinə müraciət edə bilərsiniz.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...

 
user comment