Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Həya


HƏYA İSLAMIN LİBASIDIR
Qur᾽ani-Kərimdə həya haqqında bir çox buyuruqlar vardır. Həzrət Musanın (ə) və Şüeybin qızlarının əhvalatlarında «istihya» kəlməsi ilə rastlaşırıq. «O iki qadından biri həya edə-edə Musanın yanına gəldi…»[1].

Xüsusi ilə xanımlar haqqında bu mövzuda rəvayətlər çoxdur. Bə᾽zi rəvayətlərdən belə aydın olur ki, «həya» və «iman» bir-biri üçün zərurətdir. Yə᾽ni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarar. Belə rəvayətlər də var ki, Allah bir qövmü günahına görə cəzalandırmaq istəsə o qövmün həyasını əlindən alar. Təəssüf ki, bə᾽ziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən insan özünə inamı itirir və ictimai fəaliyyətdən dala qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yanlış təsəvvür İslami göstərişlərə tam ziddir. Həya böyük bir fəzilətdir və onu utancaqlıqla eyniləşdirmək olmaz.

Psixologiyada həya psixoloji bir durum kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tə᾽rif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq qeyri-mümkündür. Həya da bu qəbildəndir.

İmam Sadiq (ə) buyurur: «Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır». Həya çox böyük dəyərləri əhatə edir. Adətən, həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir, əmanəti sahibinə qaytarmır. Yalan danışır, bütün alçaq sifətlərə qucaq açır. İnsanı bir çox əxlaq qüsurlarından amanda saxlayan həyadır.

İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi və eyibləri örtmək arzusu. İnsanın çirkin işindən başqaları xəbər tutur. Yə᾽ni gizli eyib aşkarlanır. İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur ki, həyanın faydası xəcalət gətirəcək işlərin qarşısının alınmasıdır. İnsan öz eyibinin açılmasını istəmir və daim bu eyibləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Qur᾽anda oxuyuruq ki, Adəm və Həvva qadağan olunmuş meyvədən yeyən kimi eyibləri açıldı. Maraqlıdır, eyibin açıqlamasının səbəbi yeyilən meyvənin xüsusiyyəti idi, yoxsa bu meyvəni yeyən öz eyibindən xəbər tuturdu? Hər halda, bu işdə meyvə tə᾽sirli olmuşdur.

Demək, eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən məhz həya hissidir. Övliyaların həyası bütün bəşəriyyət üçün nümunədir. Səlman Farsi və bir çox başqa övliyalar ömrünün sonunadək öz ayıb yerinə baxmamışdır.

Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkir. Nəfsinə hörmət edən insan hər cür nöqsanlardan qaçmalı və nəfsini pak saxlamalıdır. İnsan kamil olmaq istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, mö᾽minlik, insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.

ƏSL HƏYA
Tutaq ki, adətə görə camaat bir şeyi pis bilir. Əslində isə bu iş eyib deyil və ona görə xəcalət çəkməməlidir. Məsələn, bir şəxsin gözündə qüsur var və müalicəsi mümkün deyil. Belə bir çatışmazlığa görə xəcalət çəkmək, onu gizlətmək lazım deyil. Çünki bu eybi gizlətməyə çalışan adam bir çox fəzilətlərdən məhrum ola bilər. Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməlidir. Fiziki qüsuru gizlətmək ifrat hesab olunur və bu işdən çəkinmək lazımdır.

Yaxşı sifətin həm ifrat, həm də təfriti pis sifətdir. Məsələn, cinsi istəyi tə᾽min etmək üçün evlənmək düzgün yoldur. Amma həm arvadbazlıq, həm də qadından birdəfəlik imtina pis haldır və günah hesab olunur.

Həyanın da ifratı və təfriti ola bilər. Əgər bir şəxs bədənindəki nöqsana görə həya edib cəmiyyətə çıxmırsa, bu ifratdır və həya hesab olunmur. Belə də ola bilər ki, insan öz çirkin işlərindən çəkinməyib bu halı normal hesab edər. Əgər həya insanın səciyyəvi xüsusiyyətidirsə, onu hansı əsasla tərk etmək olar? Həyasız insanın çirkin işlərdən çəkinmə ehtimalı sıfra bərabərdir. Eyibini aradan qaldırmağa gücü çatan insan hökmən bu işə ciddi yanaşmalıdır. Məsələn, cahil, savadsız olmaq eyibdir. Bu eybi aradan qaldırmaq üçün insan elmlə məşğul olmalıdır. Amma bə᾽ziləri susmaqla öz savadsızlığını gizlətmək istəyir. Hətta bə᾽zi tələbələr öz hazırsızlığını gizlətmək üçün müəllimə sual verməkdən də çəkinirlər. Hansı ki, belə bir yanaşma insanı uçuruma aparır. Şər᾽i məsələlərdə də guya, həya etdiyi üçün ehtiyacı olan məsələləri soruşub öyrənməyənlər çoxdur. Belə bir utancaqlıq insana çox baha başa gələ bilər.

Demək, xəcalət çəkməkdə ifrat və təfrit pislənilir. Əsl həya insanı günahdan çəkindirən həyadır. Yersiz utancaqlıq və sırtıqlıq isə bəyənilməyən sifətlərdir.

Əsas suallardan biri budur ki, pis nədir və nədən həya etmək lazımdır? Bu suallara İslam dini son dərəcə dəqiqliklə cavab verir. Dinimizdə böyük və kiçik günahlar, əxlaqa zidd olan bütün çirkin sifətlər ətraflı şəkildə şərh olunmuşdur. İnsan məhz dinin məzəmmət etdiyi işlərə görə xəcalət çəkməlidir. Amma ilk baxışda pis hesab olunan bir işi şəriət bəyənirsə bu işə görə xəcalət çəkməyə dəyməz. Məsələn hicabsızlıq, qadının açıq-saçıq cəmiyyətə çıxması el arasında adi bir iş olsa da dində yol verilməzdir. Hətta bir çox müsəlman cəmiyyətlərində qadınlar İslami hicaba riayət etməkdən utanırlar. Əslində, bu həya yox, Allahın buyuruğundan çıxmaqdır.

Digər bir mühüm nöqtə budur ki, insanın daxilində iki zidd istək mövcud ola bilər. Məsələn, xalqın hörmətini qazanmaq istəyən bir adam İslamın ziddinə hərəkət etməli olar. Bu insan birinci dəfə günah edəndə xəcalət çəkə bilər. Amma bu iş təkrarlandıqca insana elə gəlir ki, bu o qədər də pis iş deyil. Hər gün daxilində gedən mübarizədən qurtulmaq üçün belə insan özü kimi günahkar axtarır ki, heç olmaya ondan xəcalət çəkməsin. Beləcə, cəmiyyətdə günah artmağa başlayır. İslam şərqində hicabı ilk dəfə atanlar xalqın nəzərində ən iffətsiz qadınlar hesab olunurdular. Amma tədricən bu iş cəmiyyətə yayıldı və hicabsızlar yox, hicablılar xəcalət çəkməyə başladı. Belə azğınlar əvvəl hədis, sonra Qur᾽anı daha sonra isə Allahı inkar etməkdən xəcalət duymadılar. «Rum» surəsinin 10-cu ayəsində buyurulur: «Sonra da Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha pis oldu».

HƏYA İLƏ XƏCALƏTİN FƏRQİ
Həya məfhumu xəcalət məfhumundan tamamilə fərqlənir. Xəcalət insanın fəaliyyət dairəsini kiçildir, onun üçün problemlər yaradır. Əsl həya isə eyibli bir iş görən insanın keçirdiyi haldır. Həya yalnız öz şəxsiyyətini qiymətləndirən insanlarda olur. Onlar kiçik bir nöqsana yol verdikdə öz şəxsiyyətlərini itirməkdən qorxurlar.

İkinci bir tərəfdən, həya əxlaqi bir sifət olaraq yaxşını pisdən ayırır. Qeyd etdik ki, ifrat və təfrit pis, e᾽tidal (orta hədd) isə yaxşıdır. Bə᾽zən insan yaxşı bir işi eyib hesab edir. Müəllimə sual vermək istəyən tələbəni nəzərinizdə canlandırın. Onun qəlbi titrəyir, rəngi ağarır. Nə üçün bu hala düşdüyünü soruşsanız, deyər ki, xəcalət çəkirəm. Ona görə də belə bir məsəl məşhurdur: «Bilməmək eyib deyil, soruşmamaq eyibdir». Çoxları cəmiyyət içərisində qüsurlu görünər deyə danışmır.

Hərtərəfli bacarıq üçün məşq və təkrara ehtiyac vardır. İnsan özünə təlqin edə bilər ki, mən kütlə içərisində danışa bilər və sadə danışıq üsulu seçməklə müvəffəq ola bilərəm. Qəti şəkildə deyə bilərik ki, uyğun hallarda xəcalət çəkib susmaq pisdir. Belə xəcalət insanı təkmül yolundan saxlayır. Axı sual verməyən tələbə nə öyrənə bilər?

İnsan «bilmirəm» deməyi də bacarmalıdır. Əgər bunu bacarmırsa daha böyük nöqsanlara yol verərək yalan danışıb camaatı azdıra bilər. Yersiz xəcalətə görə kütləni azdıranlar bütün kütlənin günahına şərikdirlər.

İmam Sadiq (ə) buyurur: «Sizə verilmiş sualın cavabını bilmirsinizsə, deyin ki, bilmirəm!» Mərhum Əllamə Təbatəbai öz tələbələrinə «bilmirəm» deməyi öyrədən böyük ustadlardandır.

Demək, utancaqlıqdan vacib şər᾽i məsələni öyrənməmək, «bilmirəm» deməkdən utanaraq yanlış cavab vermək olduqca pis əxlaqi sifətlərdəndir.

Diqqət edin, əgər insanın öz eybini gizlətməsi onun özü və cəmiyyət üçün zərərli olmazsa daha yaxşı olar ki, bu eyib gizli qalsın. Məsələn, illərcə qabaq çirkin işə yol vermiş adam bu işi xatırlayanda xəcalət çəkir. Başqalarının ona bu işi xatırlatması yol verilməzdir.

ƏN YAXŞI HƏYA
Sual oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub? Bu çirkin iş kimin qarşısında baş verib?

Allahın hüzurunu hiss etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini görən olsun. İnsan Allahın hər yerdə hazır olduğunu bilsə də bu hüzur insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət çəkir. Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü adamların qarşısında səhvə yol verdikdə daha çox xəcalət çəkir. Amma bir çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.

Əgər özümüzdə belə bir hal müşahidə ediriksə hökmən tövbə etməliyik. Belə tövbələr rəvayətdə «həya tövbəsi» adlandırılmışdır. İmam Rizanı (ə) ziyarət etdikdən sonra oxuyuruq: «Həya istiğfarı edirik». Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə bu xalis tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik.

Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir. Daş divar arxasındakı insanı görən Allah üçün libas maneə deyil.

İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-təala buyurur: «Məni düşünmək heç halda pis deyil»[2].

Allahın çirkin hesab etmədiyi heç bir işə görə xəcalət çəkmək lazım deyil. Xüsusi ilə ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.

Həya ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur: «Həyası olmayanın imanı yoxdur»[3]; «Dini olmayanın həyası yoxdur».

 

--------------------------------------------------------------------------------

[1] «Qəsəs» surəsi, ayə 25.

[2] «Biharul-ənvar», cild 13.

[3]«Üsuli-kafi» cild 2, səh. 106.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...

 
user comment