Azəri
Saturday 20th of April 2024
0
نفر 0

DİGƏR ŞİƏ FİRQƏLƏRİ

Bu dərsimizdə haqqında söhbət açmadığımız üç firqə - «Kisaniyyə», «Vaqifiyyə» və «Ələvilər» barədə qısa şəkildə söhbət danışacağıq. Bu üç firqədən yalnız biri yə᾿ni, Ələvilər indi də Türkiyə və Suriyanın bə᾿zi məntəqələrində öz fəaliyyətlərini davam etdirirlər. Digər iki firqədən isə heç bir əsər-əlamət qalmamışdır.

1. KİSANİYYƏ
Kisaniyyənin nə zaman meydana gəlməsi barədə tarixçilər arasında fikir ayrılığı vardır. Üçüncü əsrin görkəmli alimlərindən olan, şiə firqələri barədə ilk dəfə olaraq ayrıca kitab yazan Həsən ibni Musa Növbəxti özünün «Firəquş-şiə» adlı əsərində Kisaniyyə barədə iki yerdə (bir-birindən fərqli olan) mə᾿lumat verir. Birinci yerdə, Əli ibni Əbu Talibin şəhadəti barədə söhbət açdıqdan sonra deyir: «Əli qətlə yetirildikdən sonra bə᾿ziləri hələ də onun rəhbərliyinə tabe olaraq, Allah və peyğəmbər tərəfindən onun imamətini vacib hesab edirdilər. Belə bir əqidədə olanlar üç hissəyə ayrıldılar. Onlardan biri Məhəmməd ibni Hənəfiyyənin imamətini qəbul edərək deyirdilər: Bəsrədə (Cəməl döyüşündə) orduya rəhbərlik etdiyi üçün imamət ona çatmalıdır. Sonralar bu dəstə Kisaniyyə adlandırıldı. Çünki onlara rəhbərlik edən Muxtar ibni Əbi Ubeydə Səqəfi, Kisan ləqəbini daşıyırdı.

Başqa bir yerdə Hüseyn ibni Əlinin şəhadəti barədə söhbət açdıqdan sonra deyir: Bə᾿ziləri Məhəmməd ibni Hənəfiyyəni imam olaraq qəbul etdi. Onlar belə bir əqidədə idilər ki, Həsən və Hüseyndən sonra Əmirəl-mö᾿minin Əliyə (ə) ondan yaxın bir şəxs olmamışdır və o, onlardan sonra imamətə hamıdan daha layiq idi. Necə ki, Hüseyn qardaşı Həsəndən sonra bu məqama hamıdan artıq ləyaqətli idi. Bu səbəbdən də Məhəmməd ibni Hənəfiyyə Hüseyndən sonra imam olmalıdır.

Növbəxtinin verdiyi mə᾿lumatlardan belə bir nəticəyə gəlmək olur ki, Kisaniyyə Məhəmməd ibni Hənəfiyyənin imamətini qəbul etmişdir. Lakin bu cərəyanın Əli ibni Əbu Talibin və ya Hüseyn ibni Əlinin şəhadətindən dərhal sonra baş verdiyi bir o qədər də dəqiq mə᾿lum deyildir. Onun «Firəquş-şiə» adlı kitabından bu sualın cavabı aydınlaşmır.

Firqənin tə᾿sis olunmasında nəzərə çarpan başqa bir ixtilaf bu cərəyanın başqa-başqa şəxslər tərəfindən tə᾿sis olunmasından ibarətdir. Növbəxti «Kisaniyyə»nin Muxtar ibni Əbi Ubeydə tərəfindən tə᾿sis olunduğunu göstərdiyi bir halda, Şəhristani onun Əmirəl-mö᾿minin Əli İbni Əbu Talibin qulluqçusu və Məhəmməd ibni Hənəfiyyədən dərs almış «Kisan» adlı şəxs tərəfindən yaradıldığını bildirir. Muxtarın tərəfdarlarını isə Kisaniyyənin firqələrindən biri hesab edir. Lakin heç bir tarixi sənəddə Əlinin (ə) Muxtar adlı qulluqçusu olduğu göstərilmir və o həzrət şəhid olduqda Muxtar ibni Ubeydə elə bir ictimai-siyasi mövqeyə də malik deyildi. Əlinin (ə) qulluqçusuna gəldikdə isə, bütün tarixi sənədlər bu şəxsin Qənbər olduğu göstərilir.

Göründüyü kimi Növbəxtinin verdiyi ikinci mə᾿lumat yə᾿ni, Hüseyn ibni Əli şəhid olduqdan sonra şiələrin bir qisminin Məhəmməd Hənəfiyyəyə meyl etmələri həqiqətə daha çox yaxındır.

Digər tərəfdən də Məhəmməd ibni Hənəfiyyənin şəxsiyyətinə nəzər saldıqda, onun həddindən artıq pəhrizkar və təqva sahibi olduğunun, bir cavan kimi həm atasının, həm də başqalarının e᾿timadını qazana bilməsinin şahidi oluruq. Bu səbəbdən də həm tarixi sənədlərə, həm də onun şəxsiyyətinə diqqət yetirməklə, belə bir insanın imamət iddiası etməsinə inanmaq olmur.

Kisaniyyə barədə verilən mə᾿lumatlar bir-biri ilə o qədər ziddiyyət təşkil edir ki, hətta bə᾿ziləri onların qondarma bir firqə olduğunu da təsəvvür etmişlər.[1]

Lakin Kisaniyyənin Məhəmməd ibni Hənəfiyyəni imam kimi qəbul etmələri göstərir ki, bu, onların əqidələrinin əsas hissəsini təşkil etmişdir. Tarixi mənbələrdə Məhəmməd vəfat etdikdən sonra onların bir neçə hissəyə bölündüyü göstərilir. Onlardan bə᾿ziləri Məhəmməd ibni Hənəfiyyənin ölmədiyini, Əli ibni Əbu Talibin canişini olaraq, Məkkə ilə Mədinə arasında yerləşən Rəzəvi dağında sakin olduğunu və zühur edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini hesab etmişlər. Bə᾿ziləri ifrata vararaq onu ilahiləşdirmiş, bə᾿ziləri isə vəfat etdiyinə inanaraq ondan sonra oğlu Əbu Haşim Əbdullaha üz tutmuşdur ki, sonradan Haşimiyyə adlandırılmışlar.

2. VAQİFİYYƏ
Növbəxti «Firəquş-şiə» kitabında deyir: Yeddinci imam Musa ibni Cə᾿fər Kazim vəfat etdikdən sonra şiələr həbs olunaraq bir daha Harun Ər-rəşidin zindanına atıldı və tərəfdarları arasında ixtilaf yarandığı üçün onlar beş dəstəyə bölündülər. Birinci dəstə imam Kazimin (ə) «Sindi be-şahək» zindanında vəfat etdiyini və ondan sonra oğlu imam Əli ibni Musa Rizanın (ə) imamətini qəbul etdi. İkinci dəstə imam Musa ibni Cə᾿fərin ölmədiyini və heç vaxt ölməyəcəyini, yer üzü zülm və ədalətsizliklə dolduqdan sonra zühur edərək haqq-ədaləti bərqərar edəcəyini, üçüncü dəstə isə onun qaim olduğunu və vəfat etdiyini, lakin yenidən qayıdıb gizli olduğunu hesab edirlər. Tərəfdarları məxfi şəkildə onunla görüşür, onlara haram və halala dair hökmlər verir. Dördüncü dəstə imamın vəfat etdiyini qəbul etmiş, lakin yenidən İsa ibni Məryəm kimi qayıdıb qiyam edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini bildirmişlər. Beşinci dəstə belə bir əqidədə olmuşdur ki, imam Kazim (ə) vəfat etmişdir, lakin Allah-taala onu göylərə qaldırmış və qiyamət günü yenidən dünyaya qaytaracaqdır. Birinci dəstədən başqa qalan dörd dəstə imam Musa ibni Cə᾿fərin imaməti üzərində dayandıqları və onun qeybə çəkildiyini güman etdikləri üçün «Vaqifiyyə» (dayananlar) və ya«Vaqifə» adlandırılmışlar.

Əbül Həsən Əş᾿əri özünün «Məqalatul-islamiyyin», «Əbdül Qahir Bağdadi» «Əl-fərqu beynəl-firəq» və Şəhristani «Əl-miləl vən-nihəl» adlı kitablarında bu nəzəriyyəni irəli sürmüşlər.

3. ƏLƏVİLƏR
Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bə᾿zi nahiyələrində yaşayırlar. On üç nəfərdən ibarət olan Ələvi alimlərinin Hicri 1392/8/24 tarixdə verdikləri bəyanata nəzər saldıqda, bu həqiqətin şahidi oluruq ki, şər᾿i hökmlər və üsulidin məsələləri baxımından ələvilərlə imamiyyə şiələri arasında heç bir fərq yoxdur. Eyni zamanda bə᾿zi imamiyyə alimləri də belə bir e᾿tiqadın doğruluğuna dair şəhadət vermişlər. Bu yaxınlarda dünyasını dəyişmiş Livanın görkəmli fiqh alimlərindən olan Şeyx Məhəmməd Cavad Muğniyə Ələvi alimləri ilə apardığı müzakirə və elmi məclislərdən sonra onların əqidələrinin imamiyyə şiələri ilə tamamilə müvafiq olduğunu bir daha e᾿tiraf etmiş və buna şəhadət vermişdir.[2]

Lakin burada belə bir sual meydana gəlir. Əgər Ələvilərin əqidəsi imamiyyə şiələri ilə tam uyğun gəlirsə, onda nə üçün onlar müstəqil firqə hesab olunurlar?

Bu sual müxtəlif məzhəb və dinlər barədə kitab yazmış bir çox alimlərin marağını özünə cəlb etmişdir. Onlar daim sə᾿y etmişlər ki, Ələviləri «Nusəyriyyə» firqəsi ilə eyniləşdirsinlər.

Nusəyriyyə Hicrətin beşinci əsrində İbni Nusəyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər. Lakin Ələvilər Nusəyriyyənin nəzəriyyələrini, əqidə və e᾿tiqadlarının heç birini qəbul etmədikləri üçün onları Nusəyriyyəyə aid etmək olmaz. Çünki Nusəyriyyə 12-ci imamın imamətini qəbul etmir. Əli ibni Əbu Talibə gəldikdə isə, bu işdə də ifrata vararaq o həzrəti ilahiləşdirmişlər. Həmçinin İbni Mülcəmi lə᾿nətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, tənasüxə e᾿tiqad bəsləyib şərabı halal hesab etmişlər.

Necə olursa-olsun, Ələviləri Nusəyriyyə əqidəsini rədd, şiə əqidəsini isə iqrar etdikləri üçün ayrı bir firqə deyil, məhz imamiyyə firqəsindən hesab etmək lazımdır.[3]

Ələvilərin belə adlandırılmasına gəldikdə isə, deyə bilərik ki, bəlkə də onlar Abbasi xəlifəsinə qarşı çıxmaları və apardıqları uzun sürən mübarizədən sonra dövlət qurmağa nail olmalarına görə bu adla məşhur olmuşlar.

Hələbdə təşkil olunmuş Həmdanilər və Təbəristanda tə᾿sis edilən Ələvi dövlətini buna misal çəkmək olar. Demək, Abbasilər öz şiə müxaliflərini Ələvi kimi tanıdıqları üçün bu ad sonralar onlara da verilmişdir.

 

 

--------------------------------------------------------------------------------

[1] Məzhəbu ibtədəəthəs-siyasəti fil-islam/Əbdül vahid Ənsari

[2] Əl-ələviyyun fi dairətuz-zov᾿/Əli Əzizul İbrahim.

[3] Əl-ələviyyun min darirətuz-zov᾿, Əli əziz İbrahim/Ələviyyun fit-tarix – Məhəmməd Əhməd Əli.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment