Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ŞİƏLİYİN YARANMASI (3)


4. ŞİƏLİK İRANLILARIN MƏZHƏBİDİR
Şiəlik haqda irəli sürülən dördüncü nəzəriyyə bu məzhəbin iranlılar tərəfindən meydana gəlməsidir. Onlar qeyri-islami ünsürləri dinə əlavə edərək sadə məzhəb halından çıxarmış, daha da genişləndirərək qol-budaq vermişlər. Bu nəzəriyyəni irəli sürənlər üç hissəyə bölünmüşlər, başqa sözlə desək, bu fikir üç müxtəlif tərzdə bəyan edilmişdir:

A) ŞİƏLİK QOHUMLUQ ƏLAQƏLƏRİ NƏTİCƏSİNDƏ MEYDANA GƏLMİŞDİR
Tarixçilərin bə᾿ziləri şiə məzhəbinin meydana gəlməsini Hüseyn ibni Əlinin Sasani sülaləsinin sonuncu padşahı üçüncü Yəzdgerdin qızı ilə evlənməsi ilə əlaqələndirirlər. Belə ki, iranlılar bundan sonra Əli və onun övladlarına meyl etməyə başlamış, imam Hüseynin (ə) Kərbəla faciəsindən sonra onlara olan diqqəti daha da artırmış və şiə məzhəbinin əhli-sünnənin müqabilində olduqca ciddi mövqe tutmasına səbəb olmuşlar.

Əhməd Əmin yazır: «Tarixçilər yazırlar ki, iranlıların Əliyə (ə) meyl etmələri oğlu Hüseynin İran padşahı 3-cü Yəzdgerdin qızı ilə evlənməsindən irəli gəlmişdir. Beləliklə, iranlılarla Əli övladları arasında qohumluq əlaqəsi yaranmışdır. Lakin Fatimə övladlarına bəslədikləri sevgi və məhəbbət onların qədim əqidələrindən irəli gəlir. İranlılar belə bir əqidədə olmuşlar ki, Allah-taala aləmin bütün işlərini kəsraların* öhdəsinə buraxmış və Öz vücudunun bir hissəsini onlarda yerləşdirmişdir. İslamı qəbul etdikdən sonra bu əqidəni xəlifələrə də aid etmişlər. Yə᾿ni, Allahın vücudunun bir hissəsi xəlifələrin vücudunda yerləşmiş və irsi olaraq atadan övlada keçmişdir.[1]

Doktor Həsən İbrahim Həsən yazır: Hüseyn ibni Əli Sasani sülaləsinin sonuncu padşahı Yəzdigərdin qızı Şəhrəbanu ilə evləndikdən sonra iranlılarda ərəblərə qarşı meyl yarandı. Onlar Hüseynin övladlarını qədim padşahlarının məzhəbi hesab edir və Əli ibni Əbu Talibə qarşı sonsuz sevgi və məhəbbətlə yanaşırdılar. Bütün bunlar şiə məzhəbinin İranda asanlıqla yayılmasına münasib şərait yaratdı.

Hüseynin Kərbəlada qətlə yetirilməsi pərakəndə vəziyyətdə olan İran şiələrini həyəcana gətirərək birləşdirdi. Hüseynin qanı şiəliklə yoğrularaq onların qəlblərinə nüfuz etdi. Beləliklə, şiəlik Hüseyn ilə qohum olan iranlılarda özünə yer taparaq daha da genişləndi. Onlar Hüseyni ərəb və iranlı irqinin ən gözəl məzhəbi hesab etdikləri üçün xilafəti onun övladlarının haqqı hesab edirdilər.»[2]

TƏNQİD VƏ MÜLAHİZƏLƏR
Hüseyn ibni Əlinin Şəhrəbanu ilə evlənməsi Ömər ibni Xəttabın dövrünə təsadüf edir. İran fəth olunduqdan sonra müsəlmanların əsir aldıqları şəxslərin arasında Yəzdgərdin üç qızı da var idi. Əsirlər satıldıqdan sonra xəlifə Yəzdgərdin qızlarının da satılmasını əmr etdi. Lakin Əli ibni Əbu Talib xəlifənin yanına gəlib buyurdu: Onlarla digər əsirlər kimi rəftar etmək olmaz. Xəlifə dedi: Bəs nə etməli? Əli dedi: Qiymətlərini tə᾿yin et, istəyən şəxslər seçib pulunu versinlər. Xəlifə onların qiymətlərini tə᾿yin etdikdən sonra Əli onların hər üçünü alıb birini Əbdullah ibni Ömər, birini oğlu Hüseyn, digərini isə Məhəmməd ibni Əbu Bəkrlə evləndirdi. Əbdullahın o qadından Salim, Hüseynin Şəhrəbanudan Zeynəlabidin, Məhəmməd ibni Əbu Bəkrin isə evləndiyi qadından Qasim adlı oğlanları oldu. Demək, onların (Salim, Zeynəlabidin və Qasim) anaları Yəzdgərdin qızları olduğu üçün bir-birləri ilə xalaoğlu hesab olunurlar.[3]

Burada belə bir sual yaranır. Əgər şiəlik Hüseyn ibni Əlinin iranlılara kürəkən olmasından irəli gəlibsə, bəs nə üçün hər ikisi xəlifə oğlu olan Əbdüllah və Məhəmmədin iranlılara kürəkən olması onların (yə᾿ni iranlıların) məzhəb və e᾿tiqadına tə᾿sir göstərə bilməmişdir.

Bütün bunlarla yanaşı, Yəzid ibni Vəlid ibni Əbdülməlik və Əməvi sülaləsinin sonuncu xəlifəsi olan Mərvan ibni Məhəmmədin anası da iranlı olmuşdur.[4]

Belə bir halda nə üçün bu ailə və qohumluq münasibətləri iranlıların Bəni-üməyyə sülaləsinə, onların məzhəb və e᾿tiqadlarına rəğbət göstərməsinə səbəb olmamışdır?

B). ŞİƏLİK ALİ-BƏVEYH TƏRƏFİNDƏN MEYDANA GƏLMİŞDİR
Tarixçilərin bə᾿zilərinin fikrincə, şiəlik Ali-Bəveyh sülaləsinin hakimiyyət dövründə və onlar tərəfindən meydana gəlmişdir. Sə᾿d Məhəmməd Həsən özünün «Əl-məhdəviyyə fil islam» adlı kitabında yazır: «Qüdrətli və vüqarlı İran sultanlığı olan Ali-Bəveyh şiə məzhəbinin zühur və rəsmən e᾿lan olunmasına səbəb oldu.»

Başqa bir yerdə deyilir: «İslamdan sonra Ali-Bəveyh səltənətinin hakimiyyət illərində İran tarixində nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Çünki bu tayfa başqalarından fərqli olaraq, milli hissləri yaşatmağa və özünü onların bir nümayəndəsi kimi tanıtdırmağa nail ola bildi. Onlar Bağdad xilafətini süquta uğradıb, onun qarşısında şahlığı, sünnülüyün müqabilində şiəliyi və ərəb adət-ən᾿ənəsinin müqabilində isə İran adət-ən᾿ənələrini yaşadıb gücləndirə bildi.»[5]

Həmin kitabda yazılır: «Ali-Bəveyh mərkəzi xilafətə ağır zərbə vuraraq Sasanilərdən sonra ilk dəfə Bağdadı Mədainin canişini etdi. İran, islam dinini və Abbasi xilafətini darmadağın edən şiə məzhəbini rəsmi məzhəb e᾿lan etdi və xilafətlə müxalif olduğunu bildirdi.

TƏNQİD VƏ MÜLAHİZƏLƏR
Ali-Bəveyh sülaləsi Hicrətin 320-ci ilindən 447-ci ilinədək İranın cənub və qərb nahiyələrində (Fars, Kerman, İsfahan vilayətlərində) və İraqda hakimiyyətdə olmuşdur. Lakin qeyd olunan müddət ərzində onlar vahid hakimiyyət şəklində hökmranlıq etməmişlər. Onlar müxtəlif vaxtlarda ayrı-ayrı məntəqələrdə hökmranlıq etmiş və səltənətlərini daha da genişləndirməyə çalışmışlar.

İbni Əsir özünün «Əl-kamilu fit-tarix» adlı kitabında qeyd edir ki, elmə xüsusi diqqət yetirdiyi üçün Ali-Bəveyh xilafətinə tabe olan ölkə və şəhərlərdə, hətta ətraf məntəqələrdə alimlərin sayı getdikcə artır və saysız-hesabsız kitablar yazılırdı. Yaranmış münasib şəraitdən istifadə edərək alimlər həmin məntəqələrə üz tutur və öz elmi-tədqiqat işlərini o yerlərdə aparırdılar. Onların arasında hətta sünnü alimlərini də görmək olardı. İbni Əsir özünün «Əl-izah fin-nəhv», «Əl-huccə fil-qiraət», «Əl-mulki fit-tib», «Ət-taci fit-tarix» kitablarını məhz bu dövrdə yazmışdır.[6]

Buradan belə bir nəticəyə gəlmək olur ki, Ali-Bəveyh nə sünnü, nə də şiə alimlərinə qarşı bir tərəfli mövqe tutmamış, həmçinin sünnü alimlərinə təzyiq göstərmək məqsədi ilə şiə alimlərinə xüsusi diqqət yetirməmişdir.

V) ŞİƏ MƏZHƏBİ SƏFƏVİLƏR TƏRƏFİNDƏN MEYDANA GƏLMİŞDİR
Bə᾿zi tarixçilərin fikrincə, digər müsəlmanların qarşısında dayanmaq üçün Səfəvi şahları şiə məzhəbini sadə haldan çıxarmış, ona qeyri-dini ünsürlər əlavə edib genişləndirməyə çalışmışlar. «...Sasani dövlətinin e᾿tiqad və ayinləri şiə adı ilə meydana gəldi. Sonralar yaranan Səfəvi dövləti əslində islam libasını geymiş Sasani dövləti idi.»[7] Başqa bir yerdə deyilir: «Səfəvilərin gördükləri iş ölkə və şəhərləri fəth edib orada dərvişlərin Əli və onun övladlarını mədh etməsi üçün kiçik ibadətgahlar tikməkdən ibarət idi.»[8]

«Şah İsmayılın şan-şöhrəti ucaldıqda Allahlıq iddiası etdi. Olduqca zalım və qaniçən bir şəxs idi. Amansızcasına öldürdüyü günahsız insanların sayı-hesabı bəlli deyildi. Ordusu onu gördükdə qarşısında səcdə edirdi. Şəhərləri, ölkələri fəth edir, günahsız Allah bəndələrinin qanını tökürdü. Küframiz bir məzhəb yaradıb alimləri öldürür, sünni alimlərinin Qur᾿anlarına da od vurub yandırırdı. Öldürdüyü hər bir əmirin zövcəsini başqa birinə ya halal, ya da hədiyyə edərdi.[9]

TƏNQİD VƏ MÜLAHİZƏLƏR
Səfəvilər Hicrətin 905-ci ilindən 1135-ci ilinədək İran və İraqın bir hissəsində hakimiyyətdə olmuş və bu müddət ərzində şiə məzhəbini rəsmi dövlət məzhəbi e᾿lan etmişlər. Lakin onları şiə məzhəbinin bünövrəsini qoyan ilk sülalə hesab etmək olmaz. Eyni zamanda şiə əqidəsinin Səfəvilər tərəfindən meydana gəldiyini iddia etmək də tamamilə əsassız bir fikirdi. Çünki Səfəvilərdən çox-çox əvvəl alimlər bu barədə yüzlərlə kitab yazmış və ətraflı izahlar vermişlər. Seyyid Mürtəza, Seyyid Rəzi, Şeyx Tusi, Şeyx Müfid, Koleyni, Xacə Nəsrəddin Tusi və onlarla digər şiə alimi bu məzhəbin fiqh, kəlam və e᾿tiqadı barədə yüzlərlə əsərlər yazaraq bu baxımdan islam dininin əsaslarını şərh etmişlər. Bütün bunları nəzərə alaraq, irəli sürülmüş üçüncü nəzəriyyənin nə dərəcədə düzgün olduğunu bilmək olar.

Eyni zamanda mö᾿təbər tarix kitablarında Səfəvilər barədə verilən mə᾿lumatları yuxarıda adları çəkilən alimlərin şiə məzhəbinin e᾿tiqadına dair yazdıqları əsərlərlə müqayisə edərək, onların rəftar və davranışları barədə deyilənlərin nə dərəcədə düzgün olub-olmadığını da yoxlamaq olar.

 

*  *  *

 

Bu bəhsin sonunda qeyd etmək istəyirik ki, şiə əqidəsinə əsasən, bu məzhəb hələ Peyğəmbərin (s) həyatında mövcud olmuşdur. O həzrətin özündən «Əli şiəsi» kimi ifadələrin istifadə olunduğu onlarla hədis və rəvayətlər nəql edilmişdir. (Otuz birinci dərsdə bu hədislərin bir neçəsini qeyd etdik). Həmçinin onlar belə bir əqidədədirlər ki, Peyğəmbər (s) vəfat etməzdən əvvəl onlar şiəliyin ayrı məzhəb halında formalaşmasını istəməmişlər. Çünki şiəlik Peyğəmbərin (s) tə᾿lim etdiyi şeylərdən savayı bir şey deyildir. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra o həzrətin canişinlik məsələsi ortaya çıxmaqla, şiələr təbii olaraq, Peyğəmbər (s) vəsiyyətinə əsasən xilafət və imamətin Əliyə (ə) çatmasında sə᾿y göstərmək məcburiyyətində qalmışlar. Beləliklə, səhabələrdən bir qisminin xilafət məsələsində müxalifət etməsi ilə, islam ictimaiyyəti bir-birindən fərqli olan fikri-siyasi hissəyə ayrıldı. Onlardan biri şiə adı ilə məşhurlaşdı. Zaman keçdikcə şiə məzhəbinin fiqhi, ictimai, əqidə və təfəkkür məsələləri mə᾿sum imamlar tərəfindən açıqlanmış, şərh edilmiş və tədricən vahid və müstəqil məzhəbə çevrilmişdir. Şiə əqidəsinə əsasən, imamlar Peyğəmbərin (s) tə᾿limlərindən savayı öz davamçılarına heç bir şey söyləməmiş, dini hökmlərə düzgün əməl etmək üçün sadəcə olaraq onun sünnə və buyuruqlarını təfsir etməyə və açıqlamağa çalışmışlar.

Bütün məzhəblərdə olduğu kimi, şiə məzhəbinin tarixində də bə᾿zi cərəyanlar baş vermiş və müxtəlif firqələr yaranmışdır. Növbəti dərsimizdən başlayaraq, islam tarixi və ideologiyasında öz tə᾿sirini qoymuş və bu günədək davam edən şiə məzhəbinin mühüm firqələri barədə söhbət açacaq, sonda sair firqələr haqda danışacağıq.

 

--------------------------------------------------------------------------------

[1] Əhməd Əmin Misri, Fəcrul islam.

[2] İslamın siyasi tarxi, Həsən İbrahimhəsən.

[3] Fəcrul-islam, Əhməd Əmin.

[4] Diyarbəkri; Tarixul-xəmsin, 2-ci cild.

[5] Bəhmənyar, Ali-Bəveyh tarixi, Rəşid Yasəmin müqəddiməsi, Kerman nəşri

[6] Əl-kamilu fit-tarix, İbni Əsir, 9-cu cild

[7] Lutrup Stevard; «Yeni islam aləmi» kitabına Əmir Şəkib Ərsəlanın əlavələri.

[8] Məhəmməd Rəşid Riza; «Əs-sünnətu vəş-şiətu».

[9] Əhməd Zeyni Dəhlan; Futuhatul islamiyyə, 2-ci cild.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment