Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Şiə və şiəlik sözü lüğət və terminologiyada hansı mə᾿naları daşıyır?

 Şiəlik hansı məzhəbə deyilir?

ŞİƏLİYİN TƏ᾿RİFİ
Kitabın otuz dərsdən ibarət olan birinci cildində əhli-sünnə və xəvaric məktəbləri ilə tanış olduq. Lakin islam ümməti arasında «şiəlik» adlı özünəməxsus əqidə və ideologiyaya malik olan başqa bir cərəyan da vardır. Şiəlik öz üsul və əqidəvi əsasları ilə yanaşı, bütün məktəblərdən fərqli olan kəlami və fəlsəfi baxışlara da malikdir. Bu məktəb islam dininin ictimai, tarixi və siyasi cərəyanlarında böyük tə᾿sir qoymuş və bir çox yüksək əhəmiyyətli hadisələrin mənşəyi olmuşdur.

Elmi inkişaf və tərəqqiyə gəldikdə də, şiə alimləri tərəfindən minlərlə elmi əsərlər yazılmış və hətta onların vasitəsi ilə bə᾿zi elmlərin bünövrəsi də qoyulmuşdur. Bu səbəbdən də dərslərimizin bir hissəsini şiə məzhəbinin tarixinə, necə meydana gəlməsinə, daxilində yaranmış firqələrin təfəkkür-tərzi və ideologiyasına və eləcə də onun görkəmli şəxsiyyətləri ilə tanışlığa sərf edəcəyik. Araşdırmaya başlamazdan əvvəl şiəliyin leksik və istilahi mə᾿naları ilə tanış olaq.

LEKSİK MƏ᾿NASI
Şiə sözü lüğətdə müşayiət etmək, kömək etmək, dostluq etmək və kiminsə davamçısı olmaq mə᾿nasını daşıyır. (Sihahe Cohəri, Tacül-ərus). Qur᾿ani-kərimdə də şiə sözü davamçı və köməkçi mə᾿nasında işlənmişdir.

«Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərindən) idi Musanın adamlarında olan kəs düşməninə qarşı ondan   ».[1]

Bə᾿zi alimlərin nəzərinə görə, şiə sözünün digər mə᾿nalarından biri də kiminsə əqidə və məsləki ilə müvafiq olmaqdır. Bu mə᾿naya əsasən, özündən əvvəl və ya sonra mövcud olan bir kimsənin məslək və əqidəsi ilə müvafiq olan şəxs onun şiəsi hesab olunur. Səba surəsinin 54-cü ayəsində şiə kəlməsi həmin mə᾿nada işlənmişdir:

«Artıq onlarla istədikləri şey [iman və tövbə] arasında əngəl törədilmişdir. [Birdə dünyaya qayıdıb tövbə və iman sahibi olmaları qeyri-mümkündür]. Daha öncə özlərinə bənzər kəslər [kafirlər] barəsində də belə edilmişdi...»

Göründüyü kimi, bu ayədə «şiə» sözü, qeyd olunan şəxslərdən qabaq əzab verilən və istədikləri şeylərə qarşı maneə törədilən şəxslərə deyilir. Belə bir tə᾿rifə əsasən deyə bilərik ki, başqalarının həyat və düşüncə tərzi ilə müvafiq olan şəxslər onların «şiəsi» hesab olunur. Saffat surəsinin 83-cü ayəsində «şiə» sözü bu mə᾿nada həzrət İbrahim (ə) haqqında işlənmiş və o həzrət Nuh (ə) peyğəmbərin şiəsi adlandırılmışdır.

«Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən [Nuhun firqəsindən] idi.»

İbrahim (ə)-ın gətirdiyi şəriət Nuh (ə) peyğəmbərin şəriəti ilə müvafiq olduğu üçün o həzrət onun davamçı və şiəsi hesab olunur.

Sözsüz ki, həzrət İbrahim (ə)-ın şəriəti həzrət Nuhun (ə) şəriətindən bir qədər fərqli olmuşdur, amma onların hər ikisi tövhid dinində olduqları üçün biri digərinin ardıcılı sayılır.

İSTİLAHİ VƏ ELMİ MƏ᾿NASI
İslam tarixində və eləcə də bu dinin əqidə və maarifində «şiə» sözü adətən mö᾿minlərin əmiri Əli ibni Əbu Talibin (ə) davamçılarına deyilmişdir. Yə᾿ni, bu ifadə Peyğəmbərdən (s) bilavasitə sonra Əlini (ə) xilafətə ən layiqli şəxs hesab edən müsəlmanlara aid olunur.

Bununla yanaşı, şiələr belə bir əqidədədirlər ki, Peyğəmbər (s) özündən sonra xilafət və canişinlik məqamının təyin olunmasına islam dininin ən əhəmiyyətli bir məsələsi kimi yanaşmış, öz həyatında bu işin həllinə həddindən artıq diqqət yetirmiş, onu müsəlmanların öhdəsinə buraxmamış və hətta bu vəzifəyə kimlərin layiq olduğunu dəfələrlə bəyan etmişdir. Əlbəttə, şiə firqələri arasında bu barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Məsələn, imamiyyə firqəsi belə bir əqidədədir ki, Peyğəmbər (s) özündən sonrakı canişinləri adları ilə bəyan etmişdir. Zeydiyyə firqəsinə görə isə, Peyğəmbər (s) öz canişinlərinin adını çəkməmiş, onların hər birinin sifət və xüsusiyyətlərini bəyan etmişdir. Zaman və məkanından asılı olmayaraq, bu xüsusiyyətlərə malik olan hər bir şəxs yer üzündə Peyğəmbərin (s) xəlifəsi olacaqdır. Əlbəttə, onların nəzərinə görə həzrət Fatimə (ə) övladları bu məqama hamıdan daha layiqli və önəmlidirlər.

İslam alimləri şiə kəlməsinin elmi və istilahi mə᾿nasını müxtəlif şəkillərdə izah etmişlər. Burada onlardan bir neçəsini gətiririk:

Şəhristani özünün «Miləl və Nihəl» adlı kitabında yazır:

«Şiə sözü yalnız həzrət Əliyə (ə) tabe olub onun yolunu davam etdirən şəxslərə deyilir. (Yə᾿ni, onlar əvvəlki üç xəlifəyə tabeçilik və ardıcıllığı qəbul etmirlər.) Onlar Peyğəmbərin (s) aşkar və ya gizli buyuruqlarına əsasən, yalnız həzrət Əlinin (ə) imamət və xilafətini qəbul edirlər. Şiə əqidəsinə görə, imamət yalnız onun övladlarına məxsusdur. Əgər onlardan qeyrisi bu məqama yiyələnsə, demək bu iş ya zülm, ya da təqiyyə vasitəsilə həyata keçmişdir. Bu əqidəyə əsasən, imam (dini rəhbər) ümumi kütlənin rəy᾿i əsasında tə᾿yin olunmur. Dini əsasların ən ümdə hissəsindən biri olduğu üçün, Peyğəmbər (s) imamət məsələsində səhlənkarlığa yol verməz və onu camaatın öhdəsinə buraxmazdı.

Növbəxti özünün «Firəqüş-şiə» adlı kitabında yazır:

«Şiə sözü Əli ibni Əbu Talibin (ə) davamçılarına deyilir. Onlar Peyğəmbərin (s) dövründə də Əli şiəsi adlanırdı. Bundan əlavə, sevgi və məhəbbətləri Əli (ə) məhəbbəti ilə uyğun gələn şəxslərə də «şiə» deyilir.

Məhəmməd Fərdi Vəcdi özünün «İyirminci əsrin ensiklopediyası» adlı kitabında şiə sözünü belə izah edir:

«Şiə sözü Əlinin (ə) imamətini qəbul edib ondan sonra imamətin onun övladları ilə davam edəcəyinə e᾿tiqad bəsləyən şəxslərə deyilir. Onlar belə bir əqidədədirlər ki, imamlar kiçik və böyüklüyündən asılı olmayaraq, hər növ səhv, xəta və günahdan uzaq və mə᾿sumdurlar. Həmçinin zalımların şər və təcavüzündən yaxa qurtarmaq üçün təqiyyə etmək istisna olmaqla, söz və əməldə təvəlla* və təbərra* e᾿tiqadına da əsaslanırlar.»

Görkəmli şiə alimlərindən olan Şeyx Müfid şiə anlayışı haqda belə deyir:

«Şiə sözü Əlinin (ə) davamçılarına və onu Peyğəmbərin (s) bütün səhabələrindən üstün tutan şəxslərə deyilir. İmamiyyə əqidəsinə görə, imamət açıq-aşkar olaraq və Carudiyyə əqədəsinə görə isə, vəsf edilərək Peyğəmbərin (s) vəsiyyəti və ya Allah-taalanın istək və iradəsi əsasında tə᾿yin olunur.»

Şəhid Sani adı ilə məşhur olan Zeynəddin Əli ibni Amili şiə barəsində belə yazır:

«Şiə sözü Əlinin (ə) davamçılarına deyilir. Digər imamların imaməti ilə müvafiq olmasalar da, özlərini Əlinin (ə) davamçıları və onu başqalarından üstün hesab edən şəxslər şiə hesab olunurlar. Bu səbəbdən də İmamiyyə, Carudiyyə, İsmailiyyə, Vaqifiyyə və Fəthiyyə firqələri də bu məktəbin ardıcılı sayılırlar.»

PEYĞƏMBƏRİN (S) HƏDİSLƏRİNDƏ ŞİƏ ANLAYIŞI
Əhli sünnə və şiə mənbələrinin Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərində şiə sözünün istilahi və elmi mə᾿nada Əli ibni Əbu Talibin (ə) davamçılarına verilən ad olduğu göstərilir. İbni Əsakir, Cabir ibni Əbdullah Ənsaridən nəql edərək deyir: «Peyğəmbərin (s) hüzurunda idik, elə bu vaxt Əli (ə) da gəldi. Peyğəmbər (s) onu görcək buyurdu: «Vəlləzi nəfsi biyədihi innə haza və şiətihi ləhumul faizunə yovməl qiyaməti.» Yə᾿ni, and olsun canım əlində olan Allaha! Bu kişi (Əli) və onun davamçıları qiyamət gününün nicat tapacaq şəxsləridir. Sonra bu ayə nazil oldu:

«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır»[2]

Bunun üçün də səhabələr Əlini (ə) görəndə deyərdi: «Yaradılmışların ən yaxşısı gəlir».[3]

İbni Həcər, Ümmül-mö᾿minin Ümmi Sələmədən nəql edərək deyir: «Peyğəmbər (s) mənim yanımda olduğu gün Fatimə (ə) və onun ardınca Əli (ə) gəldi. Peyğəmbər (s) onları görcək buyurdu: «Ya Əli! Əntə və şiətukə fil cənnəti.» Yə᾿ni, ey Əli! Sən və sənin şiələrin Cənnətdə olacaqsınız![4]

Məğazəli, Ənəs ibni Malikdən nəql edərək deyir: Peyğəmbər (s) buyurur: «Yədxulunə min ummətiyəl cənnətə səb᾿unə əlfən la hesabə ələyhim.» Yə᾿ni, ümmətimdən yetmiş min nəfəri sorğu-sual olunmadan Cənnətə daxil olacaqlar. Sonra üzünü Əliyə (ə) tutub buyurdu: «Hum şiətukə və əntə imamuhum.» Yə᾿ni, onlar sənin şiələrin və sən də onların imamısan.[5]

 

--------------------------------------------------------------------------------

[1] Qəsəs-15.

[2] Bəyyinə-7.

[3] Süyuti, Dürrül-mənsur, 6-cı cild.

[4] İbni Həcər, Əs-səvaiqul-muhərrəqə.

[5] Məğazəli, Mənaqib.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment