Azəri
Saturday 20th of April 2024
0
نفر 0

VƏHHABİLİK (2)


ƏQİDƏLƏR (1)
 

1. Vəhhabiliyin əsas e᾿tiqadi üsulları hansılardır?

2. Şəfaət barəsində vəhhabilərin nəzəri nədir?

 

 

Əslində İbni Teymiyyənin əqidəsi olan vəhhabi əndişəsi əsasən tövhidlə şirkin arasında müəyyən bir sərhəd tə᾿yin etməklə əlaqədardır. İbni Teymiyyə və onun ardıcıllarının fikrincə, müsəlmanların arasında çoxlu şirk növləri, xüsusilə ibadətdə olan şirk nüfuz etmiş və onları tövhiddən uzaq salmışdır. Buna görə də İslami cəmiyyətlərdə yayılmış müxtəlif şirk nümunələrini üzə çıxarıb onu başqalarına da tanıtdırmaq lazımdır. Əməl məqamında da bu kimi təzahürlərlə ciddi mübarizə aparılmalıdır.

Tövhid və şirk məsələsi İslamda ən mühüm e᾿tiqadi məsələlərdən birdir. Çünki İslam tövhid dini olduğu üçün şirki qadağan edir. Bütün İslami məzhəblər bu nəzərdə yekdil fikrə malik olub, özlərini müvəhhid (təkallahlı) hesab edirlər. Amma ayrı-ayrı vaxtlarda müsəlmanlar arsında bə᾿zi şəxslər tapılmışdır ki, bə᾿zi firqələrin əqidə və rəftarlarını şirklə qarışmış hesab etmişlər. İbni Teymiyyə, İbni Əbdül Vəhhab və onların ardıcılları bu barədə ifratçı nəzəriyyələr irəli sürərək öz müasirlərinin hamısını şirkdə ittiham etmişlər. Onlar öz fikirlərini isbat etmək üçün müsəlmanların əməl və rəftarlarından bir çoxunu öz müddəalarına şahid gətirərək, şirk nümunələrini rədd etməyə çalışmışlar.

İbni Teymiyyə deyir: «Peyğəmbərlərin risalətində çatdırılmalı olan tövhid prinsipi, ilahilik prinsipini yalnız Allaha məxsus edir; yə᾿ni bəndə şəhadət verir ki, Allahdan başqa heç bir mə᾿bud yoxdur. Nəticədə Allahdan başqa heç kəsə pərəstiş və heç nəyə təvəkkül etməməli, Onun xatirinə olmadıqda heç bir şəxsi sevməməli, Onun xatirinə olmayan heç bir kəslə düşmənçilik etməməli və heç bir iş Onun razılığı olmadan yerinə yetirilməməlidir.

Bu deyilənlərin hamısı Qur᾿anda Allahın Özü üçün isbat etdiyi tövhidi əhatə edir.

Buna əsasən, sadəcə olaraq Allahın vahid olmasına e᾿tiqad bəsləmək, yaxud vahid Allahın dünyanın xaliqi olduğuna inanmaq, həmçinin Allahın sifətlərini e᾿tiraf etmək və Onu eyblərdən pak bilmək, tövhid sayılmayacaq. Yalnız o vaxt tövhid sayıla bilər ki, Allahdan başqa heç bir mə᾿budun olmamasına, yalnız Allahın pərəstişə layiq olmasına şəhadət versin».

İbni Teymiyyə və onun ardıcılları inanırdılar ki, Allahdan başqasından kömək istəyib, onun qarşısında kiçilmək, Peyğəmbər (s) və övliyalardan şəfaət diləmək, imamların və peyğəmbərlərin qəbirlərini ziyarət etmək, onların məqbərələri qarşısında qurbanlıq kəsib, nəzir etmək və namaz qılmaq, onlara təvəssül etmək, övliyaların qəbirləri üzərində hər hansı bir bina inşa etmək və s... tövhidlə ziddir və şirkin aşkar nümunələrindən sayılır.

İndi isə İbni Teymiyyənin və ümumi şəkildə vəhhabi məzhəbinin müsəlmanların tövhidlə zidd olan, şirk və küfr sayılan əməl və əqidələri barədə irəli sürdükləri nəzərləri araşdırırıq.

1. ŞƏFAƏT
Vəhhabilərin nəzərində şirkin bariz nümunələrindən biri hesab olunan ən mühüm məsələ peyğəmbərlər və övliyalardan şəfaət diləməkdir. Onların əqidəsinə görə, Allah övliyaları və peyğəmbərlərinin dünyada şəfaət etməsinin heç bir tə᾿siri yoxdur, bu yalnız axirətdə, özü də yalnız Allahın izni ilə mümkündür. Buna əsasən bəndələrin özləri ilə Allah arasında müəyyən şəxsləri vasitəçi qərar verib onlar üçün şəfaət etməsini istəməsi şirkdir və Allahdan başqasına ibadət hesab olunur. Buna görə də bəndələr yalnız Allaha dua edərək belə deməlidirlər: Pərvərdigara! Bizim peyğəmbərimiz Məhəmmədi (s) və ya Özünün sair saleh bəndələrini, yaxud mələkləri qiyamət günündə bizim şəfaətçimiz qərar ver.

Lakin bizim «Ey Allahın Rəsulu! (yaxud) Ey Allahın vəlisi, səndən istəyirəm ki, mənim barəmdə şəfaət edəsən» - yaxud buna oxşar cümlələr deməyə haqqımız yoxdur. Çünki, Allahdan başqa heç kəsin şəfaət etmək qüdrəti yoxdur. Deməli, əgər hal-hazırda bərzəx aləmində olan Peyğəmbərdən belə bir şey istənilsə, şirk hesab olunacaqdır».[1]

Vəhhabilər bu əqidələri əsaslandırmaq və doğrultmaq üçün aşağıdakı Qur᾿an ayələrinə istinad edirlər:

Allah-taala buyurur:

«Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin.»[2]

Buna görə də Allah dərgahından başqa heç bir yerdə səcdə və ibadət olmaz.

Əgər duada hər hansı bir şəxsi Allahla şərik etsək, şirkə mübtəla olarıq.

Başqa bir ayədə şəfaət yalnız Allahın izn və icazəsi ilə

mümkün hesab edilmişdir.

«Kim Allah yanında Onun icazəsi olmadan şəfaət edə bilər?!»[3]

Digər bir yerdə Allah-taala buyurur:

«Onlar yalnız Allahın razı olduğu şəxslər üçün şəfaət edərlər, başqası üçün yox».[4]

Buna əsasən razılığı Allahın Özündən tələb etmək lazımdır.

Başqa bir ayədə isə belə oxuyuruq:

«Qiyamət günündə Allah tərəfindən peymanı alınan şəxslərdən başqa heç kəs şəfaətə nail olmaz».[5]

Deməli, şəfaət Allahın izni ilədir, özü də Qiyamət günündə olacaqdır.

TƏNQİD VƏ ARAŞDIRMALAR
Birinci məsələ:

İlahi övliyaların və peyğəmbərlərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. İlahi övliyalar Allah dərgahında malik olduqları yüksək məqam sayəsində günahkar insanların barəsində dua etdikləri zaman, Allah tərəfindən daha tez qəbul olunur və həmin günahkar şəxs ilahi məğfirət və rəhmətə nail olur. Buna əsasən şəfaət, dua və istiğfar mə᾿nasında olsa, nəinki ilahi övliyalardan, hətta hər bir mö᾿min şəxsdən dua etməsini xahiş etməkdə kim şübhə edə bilər? Adi bir müsəlman Peyğəmbəri-Əkrəmdən (s), yaxud sair ilahi övliyalardan şəfaət istəyirsə, həqiqətdə hacət tələb etmir, əksinə onun barəsində istiğfar və dua etməsini xahiş edir.

Başqa sözlə desək, ondan istəyir ki, Allah dərgahında olan məqamına diqqət yetirməklə, Allahın əvəzində onun hacətini yerinə yetirib günahlarını bağışlanmasını deyil, Allahdan onun üçün istiğfar edib onun hacətini istəməsini diləyir. Bu o haldadır ki, Allah-taala Qur᾿ani-kərimdə Peyğəmbərdən (s) istəyir ki, özü və mö᾿minlər üçün Allahdan məğfirət və bağışlanmaq istəsin.

«(Ya Məhəmməd!) Bil ki, Allahdan başqa heç bir tanrı oxdur. (Ondan) həm öz günahlarının, həm də mö`min kişilərin və qadınların günahlarının bağışlanmasını dilə...»[6]

Allah-taala başqa bir ayədə və᾿də verir və buyurur ki, əgər Peyğəmbər günahkarlar üçün məğfirət və bağışlanmaq istəyərsə, Allahın tövbə qəbul edən və rəhimli olduğunu görərlər.

«Əgər özlərinə zülm edən kəslər sənin yanına gələrək bağışlanmaq istəsələr və Peyğəmbər (s) də onlar üçün bağışlanmaq istəsə, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.»[7]

Əgər şəfaət istəyən şəxs şəfaət edəndən yalnız Allahın öhdəsində olan bir işi istəyərsə, bu düzgün ola bilməz. Çünki şəfaət istəyən, şəfaət edən şəxsdən onun hacətinin rəva olunmasını deyil, yalnız onun barəsində dua etməsini istəyir.

İkinci məsələ:

«Duada Allahla yanaşı bir kəsi çağırmayın» - deyilməsinin səbəbi budur ki, Allah-taala Özü bu işi qadağan etmişdir Bu söz də rədd olunur, çünki şəfaət, şəfaət edənlə şəfaət olunanın dua və istəyində yanaşı olmasıdır. Çünki «şəfi᾿» cüt mə᾿nasınadır. Yə᾿ni, insan öz hacətinin rəva olunmasında özünü müqabil tərəfə yanaşdırır ki, onunla müştərək şəkildə Allahdan hacətini istəsin. Buna əsasən, şəfaət Allah-taaladan istənilən bir dua və hacətdir. «Şəfi᾿» Allahdan dua edərək istəyir, nəinki dua edən duada bir kəsi Allahla şərik edir. Deməli, əgər ayəyə diqqət edilsə aydın olacaqdır ki, bəndə dua edən zaman Allahdan başqasını Ona şərik etsə, bu iş qadağan edilmişdir. Məsələn, əgər bir kəs «Ya Rəsuləllah! Səndən və Allahdan istəyirəm ki, mənim günahımı bağışlayasınız» - desə, bu halda Peyğəmbəri də öz duasında Allahla şərik etmişdir. Halbuki, şəfaət diləyən şəxs sadəcə olaraq Peyğəmbərdən (yaxud başqa bir ilahi övliyadan) onun barəsində dua etməsini və Allahdan onun üçün bağışlanmaq istəməsini diləyir.

Üçüncü məsələ:

Əgər Allah-taala şəfaət icazəsini və bu işə ləyaqəti Peyğəmbərə və sair ilahi övliyalara vermişsə, onlardan şəfaət istənilməsinin caiz olmaması (qadağan olması) necə mümkün ola bilər?! Halbuki, Allah-taala Qur᾿ani-kərimdə Peyğəmbərə buyurur:

«Onların barəsində dua et, çünki sənin duan onların qəlblərinə aramlıq bəxş edir».[8]

Başqa bir ayədə buyurulur:

«Bir kəs başqasının barəsində yaxşı şəfaət edərsə, şəfaətdən onun da bir nəsibi, payı olacaqdır».[9]

Əgər bir mö᾿minin başqa bir mö᾿min barəsində yaxşı şəfaəti caizdirsə, mö᾿mindən şəfaət və dua istəməsi də caiz olacaqdır. Əgər şəfaət istəmək qadağan bir iş və ya şirk olsaydı, şəfaətə icazə verilməsi də əbəs bir iş olacaqdı.

Dördüncü məsələ:

Vəhhabilər inanırlar ki, Allah bütpərəstləri ona görə müşrik və kafir kimi təqdim etmişdir ki, onlar bütləri Allah yanında şəfaətçi bilərək deyirdilər:

«Biz bu bütlərə ona görə pərəstiş edirik ki, bizi Allah dərgahına yaxınlaşdırsınlar».[10]

Buna görə də Allahdan başqasını vasitəçi və şəfi᾿ qərar vermək şirk və küfr hesab edilmişdir. Amma bunun cavabında deyilməlidir ki, Peyğəmbərin şəfi qərar verilməsi bütlərin şəfaətçi qərar verilməsi ilə tamamilə fərqlənir. Çünki bütpərəstlər bütləri Allaha yaxınlaşmaq üçün bir vasitəsi qərar verərək onlara pərəstiş edirdilər. Belə ki, Qur᾿an aşkar şəkildə bu məsələni çatdırır. Halbuki, şəfaət istəyən şəxs şəfaət edənə pərəstiş etmir.

Beşinci məsələ:

Müsəlmanlardan heç biri (hətta vəhhabilərin özü belə) Peyğəmbərin və ilahi övliyaların şəfaət etmə haqqına malik olduqlarını inkar etmirlər. İndi biz soruşuruq ki, günahların bağışlanması üçün şəfaətçi olan şəxs Allahla şərikdir, yoxsa günahların bağışlanmasında şəfaət olunan şəxslə şərikdir?

Aydındır ki, birincini qəbul etmək olmaz. Çünki o, şirkdən başqa bir şey deyildir. İkinci qism də sair müsəlmanların e᾿tiqad bəslədiyi bir məsələdir. Bundan əlavə, dünya ilə axirət arsında fərq qoymaq və yalnız axirətdə şəfaətə inanaraq dünyada onu inkar etmək düzgün ola bilməz. Çünki, əgər dünyada şəfaət istəmək və şəfaətin özü şirkdirsə, axirətdə də şirk olacaqdır.

Altıncı məsələ:

Vəhhabilər deyirlər: Peyğəmbər (s) dünyadan gedib bərzəx aləmində olduğuna görə, ondan şəfaət istəməyin heç bir tə᾿siri ola bilməz. Bu iddianın cavabı bundan ibarətdir ki, o həzrətdən, yaxud hal-hazırda dünyadan getmiş ilahi övliyalardan şəfaət istəmək həqiqətdə onların cismlərindən yox, onların yüksək məqamda olan ruhlarından şəfaət istəməkdir; bir çox Qur᾿an ayələrindən aydın olur ki, insanın həyatı öldükdən sonra da davam edir. O cümlədən «Ali-İmran» surəsinin 169‒170-ci, «Bəqərə» surəsinin 154-cü, «Mu᾿minun» surəsinin 46-cı ayələri buna misaldır.

 

--------------------------------------------------------------------------------

[1] Məhəmməd ibni Əbdül Vəhhab, «Əl-hədiyyətu səniyyə».

[2] Cinn‒18.

[3] Bəqərə‒255.

[4] Ənbiya‒28.

[5] Məryəm‒87.

[6] Məhəmməd‒19.

[7] Nisa‒64.

[8] Tövbə‒103.

[9] Nisa‒85.

[10] Zümər‒3.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment