Azəri
Friday 29th of March 2024
0
نفر 0

BƏNİ-İSRAİL QÖVMÜ

Yəhudi dini Bəni-İsrail qövmünə mənsub edilir və bu qövmdən olan həzrət Musa (ə) Bəni-İsrail arasında peyğəmbərliyə seçilmişdi. Həzrət Musa (ə)-ın be’sətinin tarixi şəraitlərini və yəhudi şəriətinin tə’sis olunmasını aydınlaşdırmaq üçün bu qövmün tarixinə qısa bir nəzər salmaq zəruridir.

Bəni-İsrail İbrani və Sami irqindəndir. İbranilər ilk əvvəldə Ərəbistan yarımadasının şimalındakı səhralarda, Şam diyarının ətrafında köçəri həyat tərzi sürürdülər. Onların əqidələri sair bədəvi ərəblər kimi fetişizm və animizm olmuşdur. Həzrət İbrahim (ə) tövhid dininin əsasını qoyana qədər onlar bir neçə allaha inanırdılar.

Bə’zi tədqiqatçıların fikrincə, İbrami ləqəbini Kənanilər həzrət İbrahim (ə) Kənana daxil olduqdan sonra ona və onun ardıcıllarına vermişdilər. Çünki «İbrani» sözü «əyn», «bey» və «re» kökündən olub «keçmək» mə’nasındadır. Həzrət İbrahim (ə) Kənan diyarına çatmaq üçün Fərat çayından keçdiyinə görə ona bu ləqəb verilmişdi.

Həzrət İbrahim (ə) qoca yaşlarında iki övlad sahibi oldu; biri İsmail digəri isə İshaq. İshaqın iki ekiz oğlu oldu ki, birinə İsu (çox tüklü deməkdir) adı qoyuldu; çünki dünyaya gələndə onun bədəni tüklü idi. İkinci oğlu isə Yə’qub adlandırıldı. Yə’qub isə tə’qib edən mə’nasındadır; çünki birinci övladın ardınca doğulmuşdu.

Həzrət Yə’quba Tövratda qeyd olunan bir xurafatçı hadisə əsasında yə’ni, Allahla güləşmək (nəuzibillah) məsələsində[1] İsrail ləqəbi verildi; yə’ni, qəhrəmana qalib gələn bir şəxs. Həzrət Yə’qubun on iki oğlu oldu ki, onların nəsli Bəni-İsrailin on iki tayfasını təşkil edir.

Eramızdan əvvəl, təqribən 17-ci əsrdə həzrət Yə’qub əhli-əyalı ilə birlikdə Kənanda quraqlıq olduğuna görə Misirə köçmüşdü. Misirdə Yə’qubun oğlu Yusif oranın baş vəziri olmuşdu. Buna görə də Yə’qub və onun ailəsi orada çox hörmətlə qarşılandı; onlarla layiqli tərzdə rəftar edilərək əkinçilik üçün çox yararlı, münbit torpaq sahələrini onların ixtiyarında qoydular. Məhz bu dövrlərdə Bəni-İsrail on iki tayfaya bölündü. Lavi, yaxud Levi qəbiləsi həzrət Musa, Harun, Məryəm və İsanın mənsub olduğu on iki tayfadan biridir.

Bəni-İsrail tayfaları uzun illər Misirdə çox əzizlənib firavanlıqla yaşadılar və çoxlu sərvət toplaya bildilər. Onların çoxu yüksək hökumət məqamlarında idilər. Amma Misir fir’onları istilaçı qövm olan Higzus qövmünə qələbə çaldıqdan və onları öz diyarlarından qovduqdan sonra Bəni-İsrail illə çox pis rəftar etməyə başladı; çünki, Bəni-İsrail onların nəzərində qəribə və yad sayılırdı. Onlarla higzuslarla olduğu kimi çox da qəddar rəftar etmirdi, amma hər bir halda qibtilər[2] arasında yadlarla mübarizə ruhiyyəsinin icad olunması Bəni-İsraillə münasibətin dəyişməsinə səbəb oldu. Qur’ani-Kərimin bəyan etdiyi kimi, misirlilər Bəni-İsrail tayfalarına çoxlu zülmlər edir, onlara işgəncələr verirdilər. Onların oğlanlarını öldürür, qadınlarını özləri üçün saxlayır və onları qul kimi işlədirdilər.[3]

Bəni-İsrail qövmü uzun müddət çox ağır vəziyyətdə fir’onların amansız zülmləri altında yaşayırdılar və Fir’ona sitayiş etməyə məcbur edilirdilər. Nəhayət, Allah-taala həzrət Musanı (ə) onların arasından peyğəmbərliyə seçdi, tövhid dininə də’vət edərək, onları vahid bayraq altında birləşdirdi və Fir’ona pərəstiş etməkdən xilas etdi. Sonra onları və’də verilmiş diyara getmək üçün Misirdən çıxartdı. Amma Bəni-İsrail Sina səhrasına çatdığı zaman oraya daxil olmaqdan imtina edərək, Musaya dedilər: “Bu şəhərdə zalım bir qrup vardır. Nə qədər ki, bu qövm orada hakimdir, biz oraya daxil olmayacağıq.” Onlar Musadan istədilər ki, Allahının köməyi ilə zalımlarla müharibə etsin ki, ondan sonra oraya daxil olsunlar. Buna görə də Allah-taala onlara qəzəb etdi, müqəddəs diyara daxil olmağı qırx il müddətində onlara haram etdi və onları səhralarda sərgərdan qalmağa məhkum etdi.[4]

Bəni-İsrail qövmü biyabanlarda sərgərdan qaldığı qırx il müddətində öz üsyankarlıqlarını və bəhanə axtarmaqlarını davam etdirdilər; halbuki Allah-taala onlara buludlardan və dağlardan kölgələnəcək vermiş, “mənn” və “səlva” (çörək və qızardılmış toyuq) kimi xoşagələn yeməkləri onlar üçün müqəddər etmişdir. Həzrət Musa (ə) ümmətinin susuzluğu üçün Allahdan su istədikdə, Allah-taala ona öz əsasını daşa vurmağı əmr etdi. Əsanı daşa vurduqda Bəni-İsrail tayfalarının sayı qədər, yəni onlar üçün on iki çeşmə qaynadı ki, hər biri bir çeşməni öz ixtiyarlarında saxlasın və su üstündə bir-birləri ilə dava etməsinlər.[5] Amma bütün bunlara baxmayaraq, Bəni-İsrail qövmü yenidən irad tutmağa başlayıb Musa (ə)-a dedilər ki, biz eyni növdən olan bir qida ilə kifayətlənə bilmərik. Allahdan istə ki, bizim üçün yerdən paxla, dənli bitkilər, xiyar, sarımsaq, mərci və soğan göyərtsin.[6]

Həmin dövrdə Musa (ə) Allahla qırx gecə-gündüz danşımaq üçün Tur dağına getmək qərarına gəldikdə, Harunu öz yerinə canişin qoydu. Bəni-İsrail Samirin hiylələrinə aldandılar və Musanın tövhid dinini buraxıb danaya sitayiş etməyə başladılar.[7]

Bəni-İsrail qövmü qırx il səhrada qaldı və həzrət Musa da orada dünyadan köçdü. Amma yəhudilər razı oldular ki, gözəl mənzərələrə, səfalı yerlərə malik olan Fələstin diyarına varid olmaq üçün öz düşmənləri ilə müharibəyə başlasınlar; nəhayət onlar zor və qüdrət işlətməklə və’də verilmiş ərazi adlanan bu diyara daxil olub, oranı öz ixtiyarlarına keçirtdilər. Bu dövrdə Bəni-İsrail peyğəmbərləri bu qövmün hidayətini öhdəsinə almış, Harun, Davud və Süleyman kimi qüdrətli hakimlərin hakimiyyəti altında yaşamışdılar. Nəhayət Babilin məşhur padşahı Buxtunnəsər miladdan təqribən 600 il əvvəl Fələstini işğal etmək üçün oraya qoşun yeritdi və Beytul-müqəddəsi fəth etdi. Yəhudi qövmü ona itaət etməkdən imtina etdikləri zaman, Buxtunnəsər onlara divan tutdu. O, həddən artıq yəhudi qətlə yetirdikdən, səltənət xəzinələrini və mə’bədlərini qarət etdikdən sonra onların sərvətlilərindən və sənətkarlarından on min nəfərdən artığını əsir edib Babilə apardı və öz tərəfindən Fələstinə bir nümayəndə tə’yin etdi. Amma on il sonra Buxtunnəsərin nümayəndəsi istiqlaliyyət əldə etmək fikrinə düşdü. Nəticədə Buxtunnəsər ikinci dəfə güclü bir qoşunla Fələstinə hücum etdi və yəhudiləri kütləvi şəkildə qırmağa başladı; şəhəri, xüsusilə mə’bədləri və yəhudilərin dini mərkəzlərini dağıtdı. Bu hadisə nəticəsində Tövratın müxtəlif nüsxələri və yəhud dininin müqəddəs kitabının saxlandığı şəhadət tabutu, yaxud müqəddəs sandıq məhv edildi.

Yəhudi qövmünün yerdə qalanları əsir olaraq Babilə aparıldı və əlli il müddətində orada əsarətdə yaşadılar. Bu dövrdə öz dini kitablarından və xüsusi mə’bədlərindən istifadə edə bilmədilər. Nəhayət miladdan 530 il qabaq İran şahı və Həxamənişiyan sülaləsinin başçısı Kuruş Kəbir Babilə həmlə edərək Kildanilər səltənətinin kökünü kəsdi; Babili fəth etdi və yəhudi əsirlərini əsarətdən xilas etdi. Yəhudilər Kuruşun gördüyü tədbirlər nəticəsində İrana və iranlıların əqidəsinə meyl göstərdilər. Onlardan bir qurupu İrana gəldi. Kuruş böyük hörmət sahibi olan, hamının diqqət yetirdiyi Üzeyir adlı yəhudi alimini yəhud qövmünə rəis tə’yin etdi və ona icazə verdi ki, yəhudilər üçün yeni bir dini kitab yazsın. Üzeyir miladdan 457 il qabaq yəhudilərdən bir qurupu ilə Fələstinə qayıtdı; orada yəhudi alimlərinin həmkarlığı ilə Əhdi-ətiqi yazmağa başladı. Yəhudilərin hal-hazırda müqəddəs kitabı adı ilə tanınan məcmuə, Üzeyir tərəfindən toplanıb bir yerə yığılan həmin kitabdır.

Əzra adlanan Üzeyir barəsində Qur’ani-kərimdə qeyd olunub. Belə ki, o, xarab olub dağılmış bir kənddən keçəndə heyrətlə sual etdi ki, Pərvərdigara! Ölüləri necə dirildəcəksən? Allah-taala onu yüz il müddətində ölü vəziyyətində saxladı və sonra dirildib buyurdu: “Nə qədər yatmışdın?” Cavab verdi: “Bir gün, yaxud yarım gün.” Allah-taala buyurdu: “Xeyir. Sən yüz il yatmısan. Sən öz yeməyinə və içməyinə bax; onlar hələ də xarab olmamışdır. Öz ulağına bax (o, ölmüşdü və sümükləri bir-birindən aralanıb dağılmışdı) ki, biz Səni camaat üçün ayə və nişanə qərar veririk. Sonra sümüklərə bax; gör ki, Biz onları bir-birinə necə yapışdırıb ətə bürüyürük.[8] Qur’ani-Kərimin başqa ayələrində Allah-taala yəhudi qövmünün sözlərini nəql edir ki, onlar Üzeyiri Allahın oğlu kimi tanıtdırdılar və Allah bu işlərinə görə onları lə’nətləyir.[9]

 

--------------------------------------------------------------------------------

[1] Peydayiş sifri, 32-ci bab, 24-32-ci ayələr.

[2] Sami qövmünün bir şaxəsidir ki, Misirin fir’onları və qəbilələri həmin şaxayə mənsub edilir.

[3] Bəqərə-49, Ə’raf-141, İbrahim-6.

[4] Maidə surəsi 20-26-cı ayələr.

[5] Qur’ani-kərim, Nisa-154, Ə’raf-160 və 171, Bəqərə-57 və 60.

[6] Bəqərə-61.

[7] Ə’raf-248, Taha-85, 95.

[8] Bəqərə-259.

[9] Tövbə-30.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment