Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)


Nəql olunur ki, günlərin birində Peyğəmbər (s) məsciddə olduğu vaxt Cəbrayıl (ə) nazil olub, salam verdikdən sonra dedi:

“Ey Allahın Rəsulu! Bəqi qəbiristanlığına gedin. Bəlkə sizin mübarək qədəmlərinizin sayəsində dar və qaranlıq qəbir içində əzab çəkənlər nicat tapalar.”

Peyğəmbər (s) səhabələrdən bir neçəsi ilə birlikdə Bəqi qəbristanlığına yollandı. Əli (ə) Peyğəmbərlə (s) yolda rastlaşarkən salam verib hara getdiklərini soruşanda “Bəqi qəbristanlığına”–deyə Peyğəmbər (s) cavab verdi. Həzrət Əli (ə) də onlarla birgə Bəqi qəbristanlığına yollandı. Qəbristanlığa çatanda Peyğəmbər (s) qəbirlərin birindən gələn səsi eşitdi:

“Dadıma çat, ya Rəsuləllah!

Peyğəmbər (s) səs gələn qəbirə yaxınlaşıb dedi: “Ey qəbir əhli! Nə üçün və necə əzab çəkdiyinin səbəbini söylə.

Qəbirdən cavab gəldi: “Ey günahkarların dadına yetən! Ana qarğışı məni bu əzaba düçar etmişdir. Ona görə ki, anamı çox incitmişdim.”

Peyğəmbər (s) üzünü Bilal Həbəşiyə tutub dedi: “Mədinə camaatına xəbər verin ki, hamı öz ölənlərinin qəbirləri ətrafında toplaşsın.” Bilalın çağırışını eşidən Mədinə camaatı qəbristanlığa toplaşdılar. Beli bükülmüş qoca bir qarı da gəlib həmin qəbrin kənarında dayandı. Qarı Peyğəmbərə (s) salam verib, soruşdu: “Ey Allahın Rəsulu! Bizi buraya yığmağınızın səbəbi nədir?”

“Ay qarı, bu sənin övladının qəbridir?–deyə Peyğəmbər (s) soruşdu.

Qarı dedi: Bəli.

Peyğəmbər (s) qarıya dedi: “Sənin övladın çox dəhşətli əzaba düçar olub. Gəl sən onun təqsirindən keç və haqqını ona halal et!”

“Yox, onu heç vaxt bağışlamaram!–deyə qarı dilləndi.

Peyğəmbər (s) səbəbini soruşanda qarı dedi: “Ey Allahın rəsulu! Bu uşağı min bir əzab-əziyyətlə böyütdüm ki, qocalanda mənə hayan olsun. Amma o, böyüyüb mənə daha da əziyyət verdi.

Peyğəmbər (s) buyurdu:

“Ay qarı, övladının təqsirindən keç ki, bu dəhşətli əzabdan qurtula bilsin.”

Peyğəmbər (s) əllərini göyə qaldırıb dua etməyə başladı:

“Ey Rəbbim, Səni and verirəm “Pənc tən Ali əba hörmətinə, bu övladın səsini anasının qulağına çatdır. Bəlkə ana ürəyi övladının yalvarışlı səsini eşidib rəhmə gələ!” Sonra üzünü qarıya tutub dedi:

“Qulağını oğlunun qəbrinə söykə ki, onun fəryad səsini eşidəsən.” Qarı qulağını qəbrə söykəyəndə ürək ağrıdan nalə səsi eşitdi. İxtiyarsız olaraq ağlamağa başladı. Qarı dedi:

“Ey günahkarlara şəfaət edən, bu necə fəryad və nalə səsidir ki, qəbirdən gəlir? O deyir: “Başımın üstündə və ayağımın altında, sağ və sol tərəfimdə hər yer alovdur! Ey ana! Məni bağışla və güna-hımdan keç. Yoxsa qiyamət gününə qədər bu əzab içində qalacağam.”

Bu sözləri eşidəndən sonra qarının ürəyi yumşaldı və oğlunun halına acıyaraq dedi: “Ey Allahım! Övladımın günahından keçdim və onu bağışladım.”

Ana övladına halallıq verən kimi Allah-təala öz rəhmət libasını ona geydirib, günahlarını əfv etdi.

Qəbirdən səs gəldi:

“Ay ana! Sən məndən razı olduğun kimi, Allah-təala da səndən razı olsun.”[1]

 

 

 

 

 

 

 

 

ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (2)
Günlərin birində Əshabi-Kəsa—Peyğəmbər (s), Əli (ə), Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseyn (ə) Bəqi qəbristanlığında olarkən qəbirlərdən birindən əzablı səsin gəldiyini eşitdilər. Peyğəmbər (s) üzünü həmin qəbrə tutub ölünü səslədi:

“Ey Allahın bəndəsi! Allahın izni ilə qəbirdən qalx!”

Peyğəmbərin (s) mö`cüzəsi nəticəsində qəbir aralandı və qəbirdən cavan bir oğlan çıxdı. Onun üzü qaralmış və əl-ayağı zəncirlənmişdi. Həzrət (s) həmin cavana buyurdu: “Vay olsun sənə! Axı hansı əməlinə görə belə dəhşətli əzaba düçar olmusan?”

“Ey Allahın Rəsulu! Anam məndən narazı olduğu üçün bu əzab içindəyəm.”–deyə həmin cavan cavab verdi.

Peyğəmbər (s) ondan soruşdu: “Məgər sən anana nə etmisən?”

Oğlan cavab verdi: “Bir gün evə qayıdanda arvadım anamdan giley-güzar etməyə başladı. Bunu eşidəndə çox əsəbiləşdim. Anam təndirdə çörək bişirirdi. Əsəbi halda anama yaxınlaşıb onu təndirə itələdim. Səs-küyə qonşular yığışıb gəldi. Anam yanmış döşünü göstərərək əlini göyə qaldırıb dedi: “İlahi sən özün intiqamımı oğlumdan al!

Ya Rəsuləllah! Anamın qarğışından üç gün sonra öldüm və qəbir evində bu əzaba düçar olmuşam. Nə olar mənə dua edin ki, bu əzabdan qurtula bilim.”

Peyğəmbər (s) yanında olanlara buyurdu: “Bu cavanın anasını buraya gətirin. Çünki anası halallıq verməyincə duamız qəbul olmaz.” Peyğəmbərin (s) səhabələri oğlanın anasını qəbristanlığa gətirdilər. Peyğəmbər (s) buyurdu:

“Ey ana! Oğlunun günahlarını bağışla ki, qəbir əzabından qurtula bilsin.”

Qadın dedi: “Mən onu heç vaxt bağışlamaram!

Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) və imam Həsən (ə) nə qədər israr etdilərsə də qadın razı olmadı. Sonra İmam Hüseynə (ə) çatanda üzünü həmin qadına tutub buyurdu:

“Ey qadın! Babamın, atamın, anamın və qardaşımın şəfaətini qəbul etmədin. Heç olmasa mənim şəfaətimi qəbul et.”

Qadın başını qaldırıb göyə baxdı. Sonra hər iki əliylə İmam Hüseynin (ə) əbasını tutub dedi:

“Oğlumun təqsirindən keçdim və haqqımı ona halal etdim.”

Peyğəmbər (s) buyurdu: “Mənimçün çox təəccüb-lüdür ki, mənim, kürəkənimin (Əli), qızımın və Həsənin (ə) şəfaətini rədd etdiyin halda ancaq Hüseynin (ə) şəfaətini qəbul etdin.”

“Ya Rəsuləllah! Hüseynin (ə) də şəfaətini qəbul etmək istəmirdim. Birdən göy üzünün qapıları açıldı və əllərində alovlu dəmirlər tutmuş mələklər mənə dedilər:

“Hüseynin şəfaətini qəbul et. Yoxsa bu qızmış dəmirlərlə səni vuracağıq. Hüseynin (ə) şəfaətini qəbul etməyimin əsas səbəbi bu idi.[2]

 

ATA QATİLİ ÇOX YAŞAMAZ
Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi. O, İmam Hüseynin (ə) hərəmi ətrafında dəfn olunmuş səhabələrdən on yeddisinin qəbrini dağıtdırmışdı. Onun xilafət etdiyi dövrdə ələvilərə, xüsusilə də Mədinə şəhərində yaşayan seyyidlərə çox əzab-əziyyət edirdilər. Bu ağır vəziyyət 247-ci (h.q) ilə qədər davam etdi. Amma Mütəvəkkilin ölümündən sonra oğlu Müntəsir hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.

Atasından tam fərqli olaraq Müntəsir, Peyğəmbərin (s) Əhli-beytinə xüsusi hörmət göstərər və İmam Hüseynin (ə) zəvvarlarının ziyarət etməsinə heç bir maneəçilik törətməzdi. Onun əmrilə “Fədəki”[3] İmam Həsənin (ə) övladlarına qaytardılar. O, bundan əlavə Mədinə əlvilərinə pul və mal da göndərdi.

Mütəvəkkilin ölümünün səbəbi haqqında belə yazılır:

“Həzrət Əlini (ə) öz düşməni hesab edən Mütəvəkkil həmişə o Həzrətə hörmətsizlik edərdi. Bir dəfə yenə öz çirkin adəti üzrə saray məclislərindən birində Həzrət Əlinin (ə) şəxsiyyətinə hörmətsizlik edəndə, oğlu Müntəsir onun bu ədəbsiz rəftarına öz e`tirazını bildirir. Mütəvəkkil isə bu cəsarətinə görə oğlunu tənbeh edir.

Bu əhvalatdan sonra atasından kinli qalan Müntəsir münasib bir vaxtda onu qətlə yetirməyi qərara alır. O, müəllimi Əbu Übeydə ilə bu haqda məsləhətləşəndə müəllimi ona deyir:

“Həzrət Əlinin (ə) şəxsiyyətini təhqir edən adamı öldürmək vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısa olur. Müntəsir qəti qərara gələndən sonra bu işi Mütəvəkkilin xüsusi qulamlarından bir neçəsinə həvalə edir. Mütəvəkkil bir gün yenə saray xidmətçiləri ilə eyş-işrət məclisində idi. Elə bu vaxt “Kiçik Buğa” məclisə daxil oldu. Onun işarəsi ilə bütün xidmətçilər məclisi tərk etdilər. Yalnız Fəth ibn Xaqan Mütəvəkkilin yanında qaldı. Mütəvəkkili öldürmək üçün gələn qulamlar qılınclarını siyirib onun üstünə hücum çəkirlər.

Vəziyyəti belə görən Fəth ibn Xaqan özünü Mütəvəkkilin üstünə atıb qışqırmağa başladı: “Vay halınıza! Siz Mütəvəkkili öldürmək istəyirsiniz?”

Qulamlar onların hər ikisini öldürəndən sonra Müntəsirin yanına qayıdıb ona xilafət müjdəsi verirlər.

Mütəvəkkil qətlə yetən gecənin səhəri günü oğlu, 25 yaşlı Müntəsir xilafəti ələ aldı. Müntəsirin xilafəti dövründə bir dəfə sarayda onun ayaqları altına salınmış bir xalı diqqətimi özünə cəlb etdi. Xalının kənarlarında keçmiş xəlifələrdən bir neçəsinin təsviri toxunmuşdu. Fars əlifbası ilə hər birinin altından onların adı və xilafət etdikləri müddət qeyd olunmuşdu. Fars dilini çox gözəl bildiyim üçün orada yazılanları oxuya bilirdim. Xalının sağ guşəsindəki rəsmin altında bu sözlər yazılmışdı:

“Bu, atasını qətlə yetirmiş Şiruyənin rəsmidir. O, cəmi altı ay xilafət etmişdir.” Xalının sol tərəfindəki xəlifənin rəsminin altında belə bir cümlə qeyd olunmuşdur: “Bu öz əmisi oğlu Vəlid ibn Yəzid ibn Əbdülməliki öldürmüş Yəzid ibn Vəlid ibn Əbdülməlikin rəsmidir. Onun hakimiyyət dövrü altı ay olmuşdur.”

Müntəsirin ayaqları altına sərilmiş xalının sağ və solundakı bu təsvirlərin yanaşı toxun-masına təəccüb etdim. Qəribə burasındaydı ki, Müntəsir də öz atasının qatili idi. Öz-özümə fikirləşdim ki, məbada onun da xilafət dövrü belə qısa ola. Amma gümanımda yanılmamışdım. Müntəsir atasının qətlindən altı ay sonra vəfat etdi.[4]

 

ATASINA ƏL TUTMAYAN KASIB OLAR
Nəql olunur: “Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı.

Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:

“Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.

Peyğəmbər (s) kişinin oğlunu çağırıb dedi: Niyə atana əl tutmursan? Nəyə görə onun yemək və geyimini tə`min etmirsən? Arvad-uşağının nəfəqəsi (gündəlik xərcləri) kimi, atanın da nəfəqəsi sənə vacibdir. Gərək imkanın olduğu qədər atanın gündəlik xərcini ödəyəsən.”

Sonra əlavə edib dedi: “Atanın bu aylıq tələbatını mən ödəyirəm. Amma gələn aydan e`tibarən sən özün verməlisən.”

Peyğəmbər (s) bir miqdar xurma, buğda və digər ərzaq məhsullarından kişiyə verib yola saldı.

Beləliklə, ay sona yetdi. Peyğəmbərin (s) kasıb kişiyə verdiyi azuqə artıq bitmişdi. Kişinin oğlundan da bir xəbər çıxmadı. O, Peyğəmbərin (s) tapşırığını əhəmiyyətsiz sayaraq, atasına xərclik vermədi. Zavallı kişi Peyğəmbərin (s) yanına gedib şikayətləndi:

Ya Rəsuləllah! Oğlum hələ də mənə xərclik vermir. Mənim yeməyə və geyməyə bir şeyim yoxdur.” Peyğəmbər (s) həmin kişinin oğlunu çağırıb atasına xərclik vermədiyinin səbəbini soruşdu. Oğlan dedi:

“Ya Rəsuləllah! Mənim heç nəyim yoxdur. Atam yalandan deyir ki, mən var-dövlət sahibiyəm. Hətta mən arvad-uşağımın da xərcini tə`min edə bilmirəm.

Peyğəmbər (s) buyurdu: “Atan yalan demir, bu sənsən ki, yalan deyirsən. Bunu da bil ki, axşam olmamış sən atandan da fəqir olub pis günə qalacaqsan.”

Axşamın düşməsinə hələ qalırdı. Oğlanın qonşuları qapını döyüb dedilər: Sənin xurma və buğda anbarlarından qalxan üfunət iyi bizi narahat edir. Çünki xurmalar qurd basmış və buğdalar da kiflənmişdir. Anbardakı iylənmiş məhsulunu apar şəhərdən kənarda basdır.”

Cavan oğlan anbarların qapısını açanda doğrudan da xurma və buğdaların iyləndiyini gördü. Əlacsız qalıb anbardakı xarab olmuş məhsulu şəhərdən kənara daşıtdırmaq üçün bir neçə hambal tutdu. Hambalların zəhmət haqqını vermək üçün sandıqçanı açanda oradakı pulların dəmir parçasına döndüyünü gördü. Oğlan hamballara dedi: “Sandıqçanın içində pul yoxdur. Mən sizin zəhmət haqqınızı ödəyə bilməyəcəyəm.

Hamballar bunu eşidəndə onu o ki, var döydülər. Ona lə`nət deyə-deyə çıxıb getdilər.

Peyğəmbər (s) bu xəbəri eşidəndə dedi:

“Bütün bunlar oğlanın atasına–“Atam yalan deyir, mənim heç nəyim yoxdur”–deməsinin nəticəsidir.

 

ANANI UNUTMAĞIN AQİBƏTİ
Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət və bəndəliyini görən bir çoxları, o cümlədən də dövrün padşahı Curəyhə mürid olmuşdular.

Bir gün anası Curəyhi görmək üçün biyabana, onun ibadət yerinə gəlir. O, həmişəki adəti üzrə yenə də ibadətlə məşğul idi. Anası onu çox səslədi. Amma Curəyh namazını kəsib ona cavab vermədi.[5] Anası onu qarğıyıb dedi:

“Ey oğul! Səni görüm fasiqlərə tay olmamış bu dünyadan getməyəsən. Mən bu uzun-uzadı yolu səni görmək üçün gəlmişəm. Səni nə qədər səsləyirəmsə də cavab vermirsən, qapını da üzümə açmırsan.”

Qadın bunu deyib getdi. O dövrün abidləri camaatın, o cümlədən də padşahın Curəyhə olan xüsusi məhəbbətindən xəbərdar idilər. Ona görə də Curəyhə paxıllıq edirdilər. Elə bu səbəbdən də onu öldürmək qərarına gəldilər. Onlar əxlaqsız bir qadına pul verib dedilər:

“Sənin uşağın dünyaya gələn kimi, onu Curəyhin ibadətgahına apar. De ki, qeyri-qanuni doğulan bu uşağın atası sənsən və mən onu böyüdə bilmərəm.”

Əxlaqsız qadın abidlərin qoyduğu şərti və pulu qəbul etdi. O, öncədən deyildiyi kimi, uşağı bir parçaya büküb Curəyhin ibadətgahına yollandı.

Üzünü Curəyhə tutub dedi: “Ey abid! Bu uşaq səndən törəyib. Onu böyüdüb başa çatdırmaq da sənin vəzifəndir.”

Curəyhin düşmənlərindən bir neçəsi həmin uşağı padşahın hüzuruna aparıb dedilər: “Gördüyünüz bu uşaq qeyri-qanuni yolla Curəyhdən törəyib. Elə bir şəxsdən ki, padşahın özü onun xüsusi müridlərindəndir.

Padşah bu barədə heç bir araşdırma aparmadan Curəyhin ibadətgahını dağıtdırdı. Curəyhin də əl-ayağını zəncirləyib sürüyə-sürüyə padşahın yanına apardılar. Padşah əmr etdi: Camaata xəbər verin bir yerə toplaşsınlar. Qoy hamı onun dar ağacından asıldığını görüb, ibrət alsınlar.[6]

Bəli! Budur anaya diqqətsizliyin acı aqibəti; övlad sevgisi ilə coşub-daşan ana ürəyini incitməyin nəticəsi; Curəyh, ana qarğışı ilə elə bir səviyyəyə çatdı ki, dar ağacından asılan zaman fasiqlər onun ətrafına yığılıb, üzünə tüpürürdülər.

 

ATASINA LAQEYD OLANIN AQİBƏTİ
Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq üçün həmin vilayətə gedirlər. O, qardaşlarının vasitəsilə köynəyini atasına göndərir. Həmin köynəyi həzrət Yaqubun (ə) kor olmuş gözlərinə sürtən kimi gözləri açılır.

Həzrət Yaqubun (ə) tapşırığı ilə elə həmin gün ailə üzvləri Misirə yola düşürlər. Karvan böyük şadlıqla və iti sür`ətlə Misirə tərəf hərəkət edirdi. Kən`andan yola düşən karvan doqquz günə mənzil başına çatdı. Çünki neçə il övlad həsrətində olan ata oğlunu görməyə gedirdi.

Atası və qardaşlarının gəlişini eşidən Yusif (ə) təmtəraqla onları qarşılamaq üçün yola düşdü. Padşahın xüsusi qoşunundan əlavə, minlərlə şəhər camaatı Yusifi (ə) müşayiət edirdi.

Bu təmtəraqlı mərasimi görən Yaqub (ə) oğlu Yəhudadan soruşdu:

Bu gələn Misir padşahıdır?

“Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı.

Yusif (ə) uzaqdan atasını görəndə tez atdan enmək istədi. Amma öz padşahlıq məqamına görə bir az ləngidi. Atası ilə salamlaşıb görüşəndən sonra (mərasim sona yetəndə) Cəbrayıl (ə) nazil olub dedi:

“Ey Yusif! Allah-təala buyurur:

“Bizim saleh bəndəmiz və sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin? İndi isə əlini aç. Elə bu vaxt Yusifin barmaqları arasından parlaq bir nur xaric oldu.”

Yusif (ə) dedi: Ey Cəbrayıl! Barmaqlarımın arasından çıxan bu nur nə idi belə?

“Bu peyğəmbərlik nuru idi. Sənin atandan sonra atdan enməyin, atana qarşı hörmətsizlik sayılır- dı. Ona görə də Allah-təala peyğəmbərliyi sənin nəslindən kəsdi. Səndən sonra gələcək peyğəmbər daha sənin nəslindən olmayacaq.” – deyə Cəbrayıl (ə) cavab verdi.

 

ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:

İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Qur`anın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.

1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:

“Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...

2-Həmçinin Ən`am surəsinin 151-ci ayəsində buyurur:

“Ya Rəsuləllah! De: “Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...”

3-Allah-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə də`vət edib buyurur:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”

4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:

“Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”

 

Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:

“Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və Allah yolundakı cihaddan qat-qat üstündür.”[7]

 

Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.

Peyğəmbər (s) buyurur:

“Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”

Ərz olundu: “Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?

Buyurdu: “Bəli! Mehriban Allah o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”

 

 

 

 

 

 

 

ATAYA HÖRMƏT VƏ PEYĞƏMBƏRLİK NURU
Lavi, Həzrət Yusifin (ə) ən böyük qardaşı idi. Onun o biri qardaşlarından fərqli olaraq bir çox müsbət xüsusiyyətləri vardı. Biz burada bir-iki nümunəyə işarə etməyi lazım bilirik.

Lavi digər qardaşlarından daha ağıllı və uzaqgörən idi. Qardaşı Yusiflə (ə) də çox mehribanlıqla rəftar edərdi. Qardaşları Yusifi (ə) öldürmək istəyəndə o belə bir təklif edir:

Gəlin Yusifi su quyusuna ataq. Su götürmək üçün quyuya yaxınlaşan karvan onu oradan çıxarıb özləri ilə başqa bir vilayətə aparacaqlar. Qardaşlar onun bu təklifi ilə razılaşırlar.[8]

Həmçinin Lavi atasına çox bağlı idi. Onu narahat görməyə dözümü yox idi. Elə bu səbəbdən də Yusifin (ə) anabir qardaşı olan Benyamini oğurluq adıyla öz yanında saxlamaq istədiyini eşidəndə Lavi qardaşlarına deyir: Mən sizinlə Kən`ana qayıtmayacağam. Çünki Benyaminin həbs olunması xəbərini atamız Yaquba (ə) xəbər vermək mənimçün çox çətindir. Hər kəsin ixtiyarı öz əlindədir və mən burada qalmaq üçün qəti qərara gəlmişəm. Vətənə qayıtmağım üçün ya gərək atam izin verə və ya Allah-təala özü mənə kömək ola.[9]

Allah-təala onun bu iki yaxşı əməlinin əvəzini bu dünyada ona nəsib etdi və peyğəmbərlik nurunu onun nəslində bərqərar etdi.[10] Həzrət Musa ibn İmran (ə) üç vasitə ilə onun övladlarındandır.[11]

 

YAXŞILIQ VƏ VAR-DÖVLƏT
Bəni-İsrail tayfasında çox ağıllı və ədəbli bir cavan varmış. Bu cavan oğlan ata-anasına hədsiz hörmət edər və onların sözündən heç vaxt çıxmazdı. O, valideynlərinin icazəsi olmadan bir iş görməzdi.

Günlərin birində həmin cavan oğlan bir miqdar mal alır və aldığı malların pulunu vermək üçün evə getməli olur. O, içərisinə pul qoyduğu sandıqçanın açarını axtarır. Təsadüfdən atası açarı ciibnə və paltarları da başı altına qoyub yatmışdı. Oğlanın atasını oyatmağa ürəyi gəlmədi. Atasının yanında oturdu ki, bəlkə o yuxudan ayıla. Amma kişi çox yorğun olduğundan ağır yuxuya getmişdi.

Oğlanın mal aldığı adam hava qaralmamış öz vilayətinə qayıtmalı idi. O səbəbdən də çox gözləyə bilməzdi. Oğlan sandıqçanın açarını götürmək üçün atasını oyatmadı və aldığı malı sahibinə geri qaytarıb üzrxahlıq etdi.

Atası yuxudan ayılandan sonra oğlundan soruşdu: “Oğlum, bu günkü alış-verişin necə olub? Bir-şey qazana bilmisənmi?

Cavan oğlan almaq istədiyi mal barədə atasına danışıb dedi: “Əgər açar sizin başınız altında olmasaydı və həmin malları alsaydım çoxlu mənfəət əldə edərdim.”

Atası oğlunun bu işinə görə çox sevindi. Dedi: “Ey əziz oğul! Bu gün əlindən çıxan həmin gəlirin əvəzində öz inəyimi sənə bağışlayıram. Bununla da bu gün əldən qaçırdığın fürsətin əvəzini gələcəkdə əldə edəcəyinə ümidvaram.”

Bu əhvalatdan bir müddət keçəndən sonra oğlanın atası öldü. O vaxtlar Bəni-İsrail tayfasından bir nəfəri öldürmüşdülər. Camaat qatilin kim olduğunu bilmək üçün həzrət Musanın (ə) yanına gedirlər. Musa (ə) onlara deyir: “Əgər qatilin kim olduğunu bilmək istəyirsinizsə, bu nişanələri olan inəyi alıb kəsin. Həmin inəyin quyruğunu ölən adama vursanız dirilər və qatilin kim olduğunu deyər.

Həzrət Musanın (ə) dediyi bütün nişanələr ancaq bu cavan oğlanın inəyinə aid idi. Bəni-İsrail tayfası inəyi almaq üçün oğlanın yanına gedirlər. Anası oğluna deyir: Bəni-İsrail tayfasına de ki, inəyi almaq istəyirlərsə, gərək onun dərisini soyub içərisini qızıl sikkələrlə doldurub təhvil versinlər.

Onlar oğlanın qoyduğu şərt ilə razılaşmağa məcbur olduqlarından inəyin dərisini qızılla doldurub oğlana verdilər.[12]

Valideynlərinə etdiyi hörmət və yaxşılığın əvəzində Allah-təala ona belə böyük bir sərvət əta etdi. Həmçinin Qur`anın ən böyük surəsi həmin inəyin əhvalatına görə Bəqərə (yə`ni inək) adlanmış və Allah-təala bu surədə həmin əhvalata işarə etmişdir.

 

ATAYA XİDMƏTİN MÜKAFATI
“Nəql olunur ki, bir kişinin dörd oğlu var idi. Oğlanların atası ağır xəstə idi. Oğlanlardan biri o biri qardaşlarının yanına gedib dedi: “Mənim belə bir şərtim var: Ya siz atama baxın və ölümündən sonra mirasdan əl çəkin və ya mən özüm ona baxıb, mirasdan imtina edirəm.

Qardaşlar ona dedilər: “Yaxşısı budur ki, sən atamıza qulluq edəsən. Həmçinin ölümündən sonra sənə düşəcək mirasdan imtina edəsən. Oğlan razılaşıb atasını öz evinə apardı. Bir müddətdən sonra atası dünyasını dəyişdi. Günlərin birində bu oğlan atasını yuxuda görür. Atası ona deyir: Ey əziz oğlum! Filan yerdə bir dinar qoymuşam. Get onu götür və ehtiyacın olan şeyə xərclə. Allah-təalanın o bir dinara çoxlu bərəkət verəcəyinə və beləliklə də sənin var-dövlət sahibi olacağına ümidvaram. Bu vasitə ilə də mənimçün çəkdiyin zəhmətin bəhrəsini görərsən. Oğlan soruşdu: “Məgər o bir dinarda nə bərəkət var?

“Bəli, bu bir dinarın bərəkəti çoxdur”– deyə atası cavab verdi.

Oğlan yuxudan ayılandan sonra atasının qoyduğu bir dinarı götürüb bazara yollandı. Bazarda qarşısına bir balıq satan çıxır. O, əlində tutmuş iki balığı göstərərək müştəri səsləyirdi. Oğlan yaxınlaşıb balıqların qiymətini soruşdu. Balıqsatan dedi: “İkisini bir dinara satıram. O həmin bir dinarı verib, balıqların ikisini də aldı. Balıqların içindən iki dənə cəvahir çıxdı. O, beləsini heç yerdə görməmişdi. Bu xəbər padşahın qulağına çatanda onları çox baha qiymətə oğlandan aldı. Beləliklə də oğlan dövrünün tanınmış var-dövlət sahiblərindən oldu.[13]

 

 

 

 

 

 

 

 

 

Dövrümüzün sufi şairlərindən olan Mün’im Ərdəbili valideynlərə münasibətin hansı nəticələr doğurduğunu nəzmə çəkmişdir:

Aqvalideynə dünya tufandı, Allah, Allah!

Dünyavü-axirətdə veylandı, Allah, Allah!

Vurmuşdu valideyni bir şəxsi-bimürüvvət

Dünyadə fəqr odunda odlandı, Allah, Allah!

İncitmə valideyni, axır zəlil olarsan

Aqvalideynə dünya zindandı, Allah, Allah!

Nifrin edəndə valid, amin deyər muhasen

İzzət yolu ol şəxsə bağlandı, Allah, Allah!

Öp əllərindən indi, qəbrin daşından öpmə

Beş gün sənin evində mehmandı, Allah, Allah!

Pul ver, məhəbbət eylə, mehmandı xidmət eylə

Bir gün baxıb görərsən, üryandı, Allah, Allah!

Düş, öp ayaqlarından versin duai-xeyri

Dərdə həmin dualar dərmandı Allah, Allah!

Bir şəxsin altı oğlu getdi biri dayandı

Çox-çox böyük məqamə qovzandı, Allah, Allah!

İndi həmin cavanın sərvət yağır başından

 İqbalı, təxtü-bəxti tabandı, Allah, Allah!

Aləmdə sərvətilə xoşbəxt olammaz insan

Şərti-rizayi madər rizvandı, Allah, Allah!

Hər evdə nığ-nığ olsa, cəncalü-şurü-qoğa

Axırı ol dudmanın virandı, Allah, Allah!

Hər evdə ki səfa var, ya mehü ya vəfa var

Ey xoş ol dudmana ki, xəndandı, Allah, Allah!


--------------------------------------------------------------------------------

[1] “Qafillərin tənbehi”, səh. 88.

[2] “Töhfətul-vaizin”, c. 1, səh, 131. (Minhacüs-sadiqin dediklərinə əsasən)

[3] Peyğəmbərin (s) sağlığında Həzrət Zəhraya (s) bağışladığı torpaq sahəsi.

[4] “Pəndi-tarix”, c. 1, səh. 73.

[5] Həzrət Məhəmməd (s) buyurdu: “Əgər Curəyh alim olsaydı, müstəhəbbi namazı kəsib anaya cavab verməyin savabının daha çox olduğunu bilərdi.

[6] “Cameən-nurin”.

[7] “Camiüs-sadat”, c. 2, səh. 264.

[8] Yusif surəsindən götürülmüşdür, 9-10-cu ayə.

[9] Həmin ayə-79.

[10] Bürhan təfsirindən çıxarış, c. 2, səh. 270, hədis 12.

[11] Nəzhətul-məcalis, c. 1, səh. 111.

[12] Bəqərə surəsindən götürülmüşdür, 67-72-ci ayə. Məcməul-bəyan təfsiri, c. 1, səh. 137. burhan təfsiri, c. 1, səh. 111.

[13] Xəzinətul-cəvahir kitabından ixtisarla, səh. 621, hekayə-42.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment