Azəri
Thursday 28th of March 2024
0
نفر 0

MÜSTƏBİDLİK (DİKTATORLUQ)

Arxayınlıqdan, özünəvurğunluqdan, təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa, despotizmə, əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.

Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor, yalan, hüquqları pozmaq yox, həm də onun müqəddəs İslam ayinlərini viran qoyması, müsəlmanları izzətdən zillətə qaytarması, insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət buyurur:

 

وَلاَ تَقُولَنَّ: إِنِّي مُؤَمَّرٌ آمُرُ فَأُطَاعُ، فَإِنَّ ذلِكَ إِدْغَالٌ فِي الْقَلْبِ، وَمَنْهَكَةٌ لِلدِّينِ، وَتَقَرُّبٌ مِنَ الْغِيَرِ

“Demə ki, bu gün mən onlara hakiməm, mənim işim əmr etmək, onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması, dində zəiflik və ne’mətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

MÜSTƏBİDLİYƏ QARŞI

Qeyd etdik ki, müstəbidlik, diktatorluq özünəvurğunluqdan, mənəm-mənəmçilikdən, ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki, bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan, Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan, bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir, özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək, Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:

وَإِذَا أَحْدَثَ لَكَ مَا أَنْتَ فِيهِ مِنْ سُلْطَانِكَ أُبَّهَةً أَوْ مَخِيلَةً، فَانْظُرْ إِلَى عِظَمِ مُلْكِ اللهِ فَوْقَكَ، وَقُدْرَتِهِ مَنْكَ عَلَى مَا لاَ تَقْدرُِ عَلَيْهِ مِنْ نَفْسِكَ، فَإِنَّ ذلِكَ يُطَامِنُ إِلَيْكَ مِنْ طِمَاحِكَ، وَيَكُفُّ عَنْكَ مِنْ غَرْبِكَ،يَفِيءُ إِلَيْكَ بِمَا عَزَبَ عَنْكَ مِنْ عَقْلِكَ!

“Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa, səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü, şübhəsiz, səni yerində oturdar, tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”

ƏDABAZLIQ VƏ MƏNƏM-MƏNƏMLİK

Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki, Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. Əmirəl-mö’minin Əli (ə) insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

إِيَّاكَ وَمُسَامَاةَ اللهِ فِي عَظَمَتِهِ، وَالتَّشَبُّهَ بِهِ فِي جَبَرُوتِهِ، فَإِنَّ اللهَ يُذِلُّ كُلَّ جَبَّار، وَيُهِينُ كُلَّ مُخْتَال

“Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

İNSAF VƏ ƏDALƏTƏ RİAYƏT, ZÜLMLƏ MÜBARİZƏ

Allaha qarşı insafın nə olması və necəliyi, xalqla insaf mövzularını aydınlaşdırmaq üçün öncə həzrətin buyuruğunun davamını oxuyacaq, sonra uyğun mövzuları nəzərdən keçirəcəyik:

أَنْصِفِ اللهَ وَأَنْصِفِ النَّاسَ مِنْ نَفْسِكَ، وَمِنْ خَاصَّةِ أَهْلِكَ، وَمَنْ لَكَ فِيهِ هَوىً مِنْ رَعِيَّتِكَ، فَإِنَّكَ إِلاَّ تَفْعَلْ تَظْلِمْ

“Allahla insaflı rəftar et. Xalqa, ailənin yaxın üzvlərinə, yaxın qohumlara, rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən, sitəm qılmış olacaqsan.”

ALLAHA QARŞI İNSAFIN MƏFHUMU

Adi həyatda elələri var ki, fiziki və ruhi sağlamlığa malik olmalarına baxmayaraq bu böyük ne’mətin dəyəri haqqında düşünmürlər. Bəli, insan nə qədər ki sağlamdır, sağlamlığın qədrini bilmir. Sağlam dişləri olan və gündəlik qidasını heç bir çətinlik çəkmədən dişləri altında əzib udan insan çox vaxt diş kimi ne’mət haqqında bir anlıq olsun fikirləşmir. Sağlam ayaqlarla daim rahat hərəkət edən, saatlarla bir yerdə dayanan insan sağlam ayaqların necə böyük ne’mət olduğunu adətən düşünmür. Amma elə ki dişlərdən birində problem yaranır, həmin an sanki bütün dünya zülmətə bürünür. Dişi ağrıyan insan nəinki rahat qidalana bilmir, hətta uyğun ağrılar onu divara qısır. Bu ağrı kəsilənədək insan heç bir işlə rahat məşğul ola bilmir. Dişi ağrıyan insanın nə qulaqları yaxşı eşidir, nə də gözləri yaxşı görür. Əslində onun beyni düzgün işləmir. Yalnız bu ağrılardan, əzab əziyyətdən sonra insan sağlam dişin nə qədər böyük ne’mət olduğunu anlayır. Amma həmin ağrılaradək ixtiyarında qoyulmuş bu misilsiz ne’mətlər haqqında düşünə bilmirdi. Məsələn, ayağı əzilmiş, yeriyə bilməyən insan məcbur olub yerində oturduqda anlamağa başlayır ki, sağlam ayaqlar necə böyük ne’mət imiş!

Müxtəsər işarələrimizdən nəticə çıxarıb qalan saysız-hesabsız ne’mətlər haqqında özünüz düşünün. Bu gün ixtiyarınıza verilmiş hər bir ne’məti diqqət mərkəzində saxlayın. Təsəvvür edin ki, bir gün həmin ne’mət əlinizdən alınacaq və ya həmin ne’mətə hansısa nöqsan gələcək. Düşünün ki, həmin kiçik nöqsan sizin üçün həyatda necə viranedici böyük problemlər yaradacaq. Bu çətinlik həm cisminizə, həm də ruhunuza öz tə’sirini göstərəcək. Bu yolla sizin təbii həyat yolunuz qırıla bilər.

Məhz bu məqamda Allaha qarşı insaflı olmaq məsələsi ortaya çıxır. Allaha qarşı insafın  bir qismi Onun ne’mətlərinə qədərincə şükür etməkdir. Bu iş üçün də əsas yol ilahi göstərişlərə və hökmlərə əməl edilməsidir. İnsafdandırmı ki, insan Allahın onun ixtiyarına verdiyi saysız-hesabsız ne’mətlər müqabilində nankorluq etsin və ilahi göstərişlərdən boyun qaçırsın?! Hansı ki bu göstərişlər olduqca sadədir və insanların öz xoşbəxtliyinə xidmət edir. Axı Allahın bizə nə ehtiyacı var?! Bizim kimi zəif mövcudların ilahi göstərişlərə əməl edib-etməməsinin Onun üçün əhəmiyyəti yoxdur.

Maraqlıdır ki, biz insanlar bə’zən özümüz kimi bəndələrə təşəkkür etdiyimiz qədər, Allaha şükür etmirik. Məsələn, bizə kiçik bir ehsan etmiş şəxsə təşəkkür edir və həmin ehsanı ömrümüzün sonunadək unutmamağı əxlaqi vəzifə sayırıq. İstənilən bir məqamda həmin yaxşılığın əvəzini çıxmağa çalışırıq. Bəs necə olur ki, Allah tərəfindən ixtiyarımıza verilmiş bir bu qədər ne’mətə, bütün həyatımızı əhatə etmiş ilahi lütflərə görə təşəkkürü əxlaqi vəzifə saymırıq?

Nə üçün bizim xoşbəxtlik və qurtuluşumuz üçün nəzərdə tutulmuş ilahi qanunlara əməl etməklə təşəkkürü özümüzə vəzifə saymırıq? Qeyd etməliyik ki, bu göstərişlər həm olduqca sadədir, həm də Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim ilahi göstərişlərə əməl edib-etməməyimizin Allah dərgahında fərqi yoxdur. Bu göstərişlərə əməlin bütün faydası öz təkamülümüz və tərəqqimizə yönəlmişdir.

Uyğun bəyanatdan belə bir nəticə əldə edirik ki, Allahın bəxşiş və lütfləri müqabilində istənilən bir nankorluq, Onun göstərişlərinə qarşı istənilən növ itaətsizlik bir növ Allaha qarşı insafsızlıqdır.

XALQA QARŞI İNSAF

Xalqa qarşı insaf dedikdə hər bir fərdin hüquqlarına yetərincə riayət etmək nəzərdə tutulur. Hakim xalqla iki baxımdan insaflı rəftar etməlidir: Şəxsi və dövləti məsələlərdə, özü ilə rabitədə, qohumlar, dostlar və yaxınlarla rabitədə.

İslam hökumətində ümumi mal bölüşdürülərkən müsəlmanları bir-birindən fərqləndirməmək, hamıya eyni gözlə baxmaq hakim üçün insaf sayılır. Şəxsi münasibətlərdə hakim qonşuluğa görə tabeliyində olanı nəyəsə məcbur edə bilməz. Məsələn, bir şeyi alarkən və ya satarkən məcburiyyətə yol verilmir. Hakim öz malını baha satmağa, qarşı tərəfin malını ucuz almağa sə’y göstərməməlidir. O, hər iki halda ədalət və insafı gözləməlidir.

VALİNİN (HAKİMİN) QOHUMLAR VƏ YAXINLARA MÜNASİBƏTDƏ VƏZİFƏSİ

Yuxarıda xalqa qarşı insaf mövzusunda iki hal nəzərdən keçirildi. Üçüncü hal hakimin qohumları və yaxınları ilə bağlıdır. Hakim yol verməməlidir ki, onun qohumları hakimin himayəsinə sığınıb xalqa qarşı insafsızlıq etsin. Hər bir insanda öz yaxınlarına, xüsusi ilə ailə-övladına təbii bağlılıq var. Bu bağlılıq səbəbindən insanın haqsız yerə öz yaxınlarının tərəfini saxlaması mümkündür. Hakim belə olmamalıdır. Yaxınlarının başqalarına münasibətdə insafsızlığına şahid olan hakim xalqın haqqını müdafiə etməlidir.

ZÜLM VƏ ONUN NƏTİCƏSİ

وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْباً حَتَّى يَنْزعَ وَيَتُوبَ

Həzrət buyurur: “Hər kəs Allahın bəndələrinə sitəm qılsa, Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə, Allah onun məntiqini alar, belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

ZALIMLA KİM HESAB ÇƏKƏCƏK?

Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur.

Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.”[1] Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.

Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ

Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.[2] O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq və dəlilə yox, quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.

ZALIMIN TÖVBƏSİ

İslam zülmü qəti şəkildə məhkum edib, onu çirkin və günah əməllərdən saysa da, Allah özü dərhal zülmə cavab versə də, zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır, hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.

Bu səbəbdən həzrət buyurur ki, zalım şəxs Allaha qarşı qalxmış, özü eynən savaş ocağı olmuşsa da, onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir, Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi, Allah onun günahlarını bağışlayır, onunla düşmənçilikdən daşınır.

Əlbəttə ki, tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki, bundan sonra həmin işi görməyəcək, bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı, Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.

MƏZLUM NALƏSİNİN TƏ’SİRİ

İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir.

Həzrət Əlinin (ə) nəzərincə, Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən, digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid), həm də dünyəvi ola bilər. Demək, bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib, onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur:

وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ

“Allahın ne’mətlərini zillətə çevirməkdə, Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.”

HAKİMİN QƏRARINDA ƏN ÜSTÜN ME’YAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR.

İslamda hakim İslam me’yarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında me’yar haqq-ədalətin bərqərar olması, ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir. Həzrət buyurur:

وَلْيَكُنْ أَحَبَّ الاُْمُورِ إِلَيْكَ أَوْسَطُهَا فِي الْحَقِّ، وَأَعَمُّهَا فِي الْعَدْلِ، وَأَجْمَعُهَا لِرِضَى الرَّعِيَّةِ، فَإِنَّ سُخْطَ الْعَامَّةِ يُجْحِفُ بِرِضَى الْخَاصَّةِ، وَإِنَّ سُخْطَ الْخَاصَّةِ يُغْتَفَرُ مَعَ رِضَى الْعَامَّةِ

“Haqda ən mö’tədil və ən orta, ədalətdə ən əhatəli, xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz, xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını tə’sirdən salır. Hansı ki, xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.”

Haqq-ədaləti gözləmək o demək deyil ki, xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir, hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət “əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə, cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət buyurur ki, haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin, mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məs’uliyyətdən qaçmasın.

XALQIN RAZILIĞINI BİR BU QƏDƏR ÖNƏ ÇƏKMƏYİN SƏBƏBİ NƏDİR?

Hökm altında olan cəmiyyət iki zümrəyə bölünür: Əksəriyyət və azlıqlar. Cəmiyyətdə əksəriyyəti adi insanlar, başqa sözlə, ümumi xalq kütləsi təşkil edir. Bu zümrə rifah imkanlarından qismən bəhrələnir. Cəmiyyətdəki digər bir zümrə əksər maddi imkanlardan bəhrələnən azlıqdır. Onlar tutduqları məqam əsasında özlərini üstün və xüsusi sayırlar. Onların nəzərincə, onları xalq kütlələrindən hansısa imtiyazlar fərqləndirir. Heç bir hakim əksəriyyət və azlığın tam razılığını əldə edə bilməz. Çünki əksəriyyətin xeyirinə çıxarılan qərar azlığı, azlığın xeyirinə çıxarılan qərar əksəriyyəti narazı salacaq. Müqayisə etdikdə mə’lum olur ki, əksəriyyətin razılığını qazanmaq hökumət və hakim üçün daha faydalıdır. Azlığın narazılığı aparıcı rola malik deyil.

ƏKSƏRİYYƏTİN VƏ AZLIĞIN XÜSUSİYYƏTLƏRİ, ONLARDAN HƏR BİRİNİN HÖKUMƏTDƏ ROLU

Qeyd olundu ki, hiylə və fırıldaqsız həm əksəriyyəti, həm də azlığı razı salmaq mümkünsüzdür.

Çünki bir zümrənin razı salınması o birinin narazılığı ilə şərtlənmişdir.

Bəs həzrət Əli (ə) bu zümrələri necə xarakterizə edir, onların hökumətdə hansı rola malik olduğunu bildirir? Həzrət buyurur:

 

وَلَيْسَ أَحَدٌ مِنَ الرَّعِيَّةِ، أَثْقَلَ عَلَى الْوَالِي مَؤُونَةً فِي الرَّخَاءِ، وَأَقَلَّ مَعُونَةً لَهُ فِي الْبَلاَءِ، وَأَكْرَهَ لِلاِْنْصَافِ، وَأَسْأَلَ بِالاِْلْحَافِ، وَأَقَلَّ شُكْراً عِنْدَ الاِْعْطَاءِ، وَأَبْطَأَ عُذْراً عِنْدَ الْمَنْعِ، وَأَضْعَفَ صَبْراً عِنْدَ مُلِمَّاتِ الدَّهْرِ مِنْ أَهْلِ الْخَاصَّةِ

“Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir.”

ÜMUMİ TOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ
Yuxarıdakı bəyanatlardan ümumi toplu və cəmiyyətdəki müstəzəflərin (haqqı ödənməyənlərin) xüsusiyyətləri mə’lum olur:

1. Ağırlığı az, köməyi çox

Adi insanların və cəmiyyətdəki müstəzəflərin ilkin xüsusiyyəti daim orta həddə qida, geyim və sair imkanlarla kifayətlənməsidir. Onlar qənaət əhlidir, az xərcləyir və dolanışıqlarını idarə edirlər. Bu baxımdan adi rəiyyət hökumət və vali üçün ağır yük olmur. Hansı ki cəmiyyətin rifah içində yaşayan xüsusi zümrəsi öz dəbdəbələrinə uyğun ehtiyacları ilə hakim üçün yük olur. Onlar öz israfçılıqlarının tə’mini üçün hökuməti və valini sıxıntıya salır. Bəla və savaş vaxtı müstəzəflərdən daha çox və daha tez meydandan qaçırlar. Hansı ki müstəzəflər savaş və çətinlik zamanı daha səbrli, daha müqavimətli, daha qənaətçildirlər. Onlar öz kömək və yardımlarını əsirgəmirlər.

2. Ədalət və insafın qəbulu

Xalq arasında ədalətin mövcudluğu ilahi, İslami və insani dəyərlərdən biridir. Hər bir hakim Qur’an əmri əsasında ədalətə diqqət yetirir, cəmiyyətdəki təbəqələr arasında insafı gözləyir.

Müstəzəflər və məhrumlar fitrətlərinin və İslamın hökmü ilə ədalətin icrasından xoşhaldırlar. Rifah içində yaşayanları isə ədalətin icrası razı salmır. Onlar bilirlər ki, ədalətin icrası və bərabərliyin tə’mini ilə bütün israf və dəbdəbəçilik yolları bağlanasıdır.

3. Ne’mətlər müqabilində təşəkkür

İnsan öz fitrətinin hökmü ilə ehsan və ne’mətə görə təşəkkürü özünə vəzifə bilir. Məhrumlar fitrətlərini dinləyərək şükr edir, hakimin ehsanı müqabilində qədrdanlıq edir, heç bir yaxşılıq və ən’amı unutmurlar. Rifah içində yaşayanlar üçün isə böyük intizar müqabilində hakimin ehsanları əhəmiyyətsizdir və hər hansı təşəkkürü öz şə’nlərinə sığışdırmırlar.

4. Üzürün qəbulu və isrardan uzaqlıq

Hökumətdə xalqın dolanışıq xərclərinin tə’mini hakim və İslam dövlətinin vəzifəsidir. Təbii ki, bu vəzifə fərqli şəraitlərdə fərqli şəkildə icra olunasıdır. Böyük imkanlar və münasib şərait olduqda dövlət öz vəzifəsini daha sür’ətlə və daha yaxşı yerinə yetirəcək və xalqı razı salacaq. Bə’zən isə müəyyən çətinliklər və böhranlar səbəbindən hökumət öz vəzifəsini layiqincə yerinə yetirə bilmir. Bəli, dövlətin qarşısına proqnozlaşdırılmamış çətinliklər çıxa bilər. Belə məqamlarda özünü xalqınkı sayan dövlət xalqı vəziyyətdən xəbərdar etməklə üzr diləyir.

Bu sayaq çətin şəraitlərdə cəmiyyətin məhrum təbəqəsi adətən dövlətin üzrünü qəbul edir və çox tə’kid göstərmir. Rifah içində yaşayanlar isə dövlətin üzürünü qəbul etmir, öz tələbləri üzərində israr göstərirlər.

5. Bəlalar qarşısında səbir və dözüm

Hər bir millət öz ictimai həyatında bir mərhələ rifah və əmin-amanlıq, digər bir mərhələ çətinliklər içərisində yaşayır. Heç bir millət və heç bir hakim iddia edə bilməz ki, heç vaxt çətinlik görməyəcək və daim rifah və əminamanlıqda yaşayacaq.

Cəmiyyətin məhrum təbəqəsi daim çətinlik içində yaşadığından bəlaları səbr və dözümlə qarşılayır. Amma daim rifah və asayişdə olmuş təbəqə çətinlik qarşısında dözümsüzlük göstərir. Bütün bu deyilənlər dövlət və hakimi müstəzəflərə, məhrurmalara yaxınlaşdıran xüsusiyyətlərdir. Bu nöqtələri nəzərə alan hakim məhrumların xeyiri, onların razılıq və asayişi üçün addım atır. Həzrət buyurur:

وَإِنَّمَا عَمُودُ الدِّينِ، وَجِمَاعُ الْمُسْلِمِينَ، وَالْعُدَّةُ لِلاَْعْدَاءِ، الْعَامَّةُ مِنَ الاُْمَّةِ، فَلْيَكُنْ صِغْوُكَ لَهُمْ، وَمَيْلُكَ مَعَهُمْ

“Dinin arxası müsəlman toplumu, düşmən üçün ehtiyat qüvvə yalnız xalq kütləsidir. Beləsə, üzünü xalqa tut, onlara yaxınlaş.”

 

--------------------------------------------------------------------------------

[1] “Əl-fiqh”, səh.369.

[2] bax: “Fəth” surəsi, ayə 10.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment