Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Ayətullah Behcətin həyatına qısa bir baxış

 İRFANDA PARLAYAN YENİ GÜNƏŞ
Mö`minlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bə`zən bəndələrə xüsusi məhəbbət göstərir. “Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”
Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mə`nəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı   başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mə`rifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.
Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub. O, əkinçilikdən əlavə, şəhər əhalisinə idarə işlərində də yardım edirmiş. Camaatın e`timadını qazandığı üçün onun adı sənədlərdə zamin kimi qeyd olunur. Ədəbiyyat sahəsində gözəl zövqə malik olan Kərbəlayi Mahmudun yazdığı şe`rlərdə Əhli-beyt (ə), o cümlədən İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin adı xüsusi vurğulanır. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şe`rlər hələ də o diyarın xətib əhli və məddahlarının dillər əzbəridir.
Behcət bir il dörd aylığında ikən anası vəfat edir.  Elə körpəlikdən yetim qalaraq çətinliklərlə üz-üzə duran Behcət bu ilahi imtahanda sınanmaq üçün enişli-yoxuşlu yollar keçməli olur.
O, MƏHƏMMƏDTƏQİNİN ATASIDIR
İlahi insanların haqq yola hidayət olunması və onların bu yolda təkamülə çatmasında Allah-təalanın gözəl və aşkar tədbiri vardır. Bu ibrətamiz gözəlliklərdən ariflər şeyxi Ayətullah Behcətin həyatında olduqca çoxdur. Onlardan biri atasının cavanlıqda başına gələn maraqlı əhvalatdır. Həmin əhvalat  belədir:
Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt, qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.”
Elə bu vaxt dərin yuxuya gedir və hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş tamamilə sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir və artıq o əhvalatı (xəstəlik) yadından çıxarır. Evləndikdən sonra ilk övladının adını Mehdi qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını Məhəmməd Hüseyn qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu Məhəmməd Təqi deyə çağırır. Amma Allah-təala onun bu övladı üçün qəribə alın yazısı yazıbmış. Bu uşaq elə körpə ikən su hovuzuna düşüb boğulur. Allah ona başqa bir övlad da nəsib edir. O, bunun da adını Məhəmməd Təqi qoyur. İllər keçdikdən sonra həmin uşaq zamanımızın ariflər şeyxinə–Ayətullah-Üzma Şeyx Məhəmməd Təqi Behcətə çevrilir.
MƏHƏMMƏDTƏQİ BEHCƏTİN TƏHSİLİ
Ayətullah Behcət ibtidai təhsilini Fuməndə başa vurduqdan sonra, dini elmləri öyrənməyə başlayır.
Elə uşaq yaşlarından böyük ruha malik olan Məhəmməd Təqi uşaq oyunları oynamaqdan pərhiz edərmiş. Təhsilə olan böyük marağı və iste`dadı bais olur ki, elə ilk günlərdən şəhərin ruhanilərilə get-gəli artsın.
1927-ci ildə ərəb ədəbiyyatını bitirdikdən sonra, hövzə elmlərini təkmilləşdirmək üçün hicrət etmək qərarına gəlir. Əvvəlcə Qum şəhərinə yollanır. O zamanlar hələ Qum elmi hövzəsi yaranmamışdı. Bir müddət bu şəhərdə qalandan sonra aşiqlər diyarı Kərbəlaya yollanır. Təqribən dörd il bu şəhərdə sakin olan Məhəmməd Təqi dini təhsil almaqla yanaşı nəfsinin islahı ilə də məşğul olur. O, bu diyarın böyük ustadlarından olan Şeyx Əbdül Qasim Xoyinin  dərslərindən də səmərəli istifadə edir.
Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəf-Əşrəfə hicrət edir. Ali təhsilin son mərhələlərini Nəcəfin yüksək dərəcəli alimlərindən kəsb edərək başa vurur. Onların sırasında Şeyx Mürtəza Taliqani kimi tanınmış şəxslərin adı qeyd olunur.
Ayətullah Behcət Hacı Ziya Əraqi və Mirzə Naininin dərslərini bitirdikdən sonra Şeyx Məhəmməd Qərəvi İsfahaninin çox yüksək səthdə hövzə dərslərinə qatılır, ali fiqh və üsul nəzərlərini beləcə daha da təkmilləşdirir. O, həmin vaxtlar 20 yaşlı bir cavan olmasına baxmayaraq, yüksək qavrama qabiliyyətinə malik imiş. Keçilən hər dərsə tənqidi-təhlili baxımdan yanaşma bacarığı  onun çox tez bir zamanda elmi və mə`nəvi təkamülə çatacağından xəbər verirmiş. Nəcəf alimlərindən biri bu barədə belə deyir: “O, çox vaxt Ayətullah Kompaninin dərslərində bəhsə qatılır və yeri gələndə öz fikrini söyləməyi də çox yaxşı bacarırdı.”
O, eləcə də Seyyid Əbülhəsən İsfahani, Şeyx Məhəmməd Kazim Şirazidən dərs almış və həmçinin Ayətullah Milaninin “məkasib” dərslərində də iştirak etmişdir.
Ayətullah Behcət mərhum Seyyid Hüseyn Badkubinin yanında fiqh və üsul bəhslərini öyrənməklə yanaşı, İbn Sinanın “İşarat və Tənbihat” və Molla Sədranın “Əsfari ərbəə” kitablarını da mənimsəmişdir. O, bu dərslərə məşğul olduğu zaman Nəcəfdə ali səthdə hövzə dərslərini tədris edirmiş. Behcət “kifayə” tədris edən təcrübəli müəllimlərdən hesab olunurmuş. Bütün bunlardan əlavə “Səfinətül-bihar” kitabının yazılmasında Abbas Qummi ilə həmkarlığı olubmuş. Hal-hazırda “Səfinətül-bihar”ın Behcət tərəfindən yazılmış əlyazma nüsxəsinin böyük bir hissəsi mövcuddur.
AYƏTULLAH BEHCƏT VƏ TƏHSİLDƏ TƏLATÜM
Yuxarıda qeyd olunduğu kimi, Ayətullah Behcət elm yolunda rahatlıq nə olduğunu bilməyib. O, islam maarifini kamil mənimsəmək üçün bütün gücünü bu səmtə yönəldibmiş. Nəcəf alimlərindən biri bu barədə deyir: “Siz Behcətin zahirdə bu cür sakit olmasına baxmayın. O, rəhmətlik Qərəvi İsfahaninin (Kompani) dərsində ustada aman vermirdi. Hey irad tutur, məntiqli suallar verirdi. Bu mətləbi Ayətullah Milaniyə deyəndə, razılıq əlaməti ilə gülümsünüb demişdi: Ondakı bu iste`dadı görüb onu Şeyxin (Kompani) dərslərinə hazırlaşdırdım.” Behcət də ustadı Milaninin sözünə cavab olaraq belə deyir: “Onun (Milani) “Məkasib” dərsləri adi səth dərsləri sırasında yer tutsa da, bu dərsləri çox geniş və dərin izah edirdi. O əksər hallarda kitabdan iki-üç sətir söyləyib, qalan bütün dərsi (vaxtı) uyğun məsələ ətrafında bəhs edirdi. Həqiqətdə onun bu dərsləri “xaric” səthinə (ictihad bölümlərinə) aid idi.”
TƏHSİLDƏKİ NAİLİYYƏTLƏRİ
Allaha bağlı olaraq yaşamaq səadətdir. Belə həyat tərzində təravətli sükut və qəribə lətiflik vardır və həyatın bütün sahələrində insana müvəffəqiyyət qazanmasında yardımçı olur. Təhsilə başladığı ilk günlərdəki fəzilət və zahidliyi onun çox tez bir zamanda tərəqqi edəcəyinə dəlalət edirdi. Deyilənə görə, Ayətullah Şahrudinin “Kifayə” dərsində tələbələr arasında Ayətullah Behcət ən az yaşlısı idi.
Günlərin birində Behcət öz müəlliminin “təqrir” dərsinə irad tutur. Tələbə yoldaşları onu ələ salıb gülürlər. Elə bu vaxt qapıdan içəri girən Ayətullah Şahrudi məsələnin nə yerdə olduğunu başa düşür. Deyir ki, onunla işiniz olmasın. Mən bu məsələni sizin üçün izah edərəm– deyən Ayətullah Şahrudi tələbələri sakitləşdirir. O əlavə edərək deyir: Mən dünən axşam Axundun təqriratını mütaliə etdim. Ayətullah Behcət düzgün irad tutmuşdur. Ayətullah Şahrudi onun dərsə qarşı bu cür ciddi olması və dərin düşüncəsini alqışlayır.
Əllamə Məhəmməd Təqi Cə`fəri buyurmuşdur: “Fiqhin xaric dərsinin “Məkasib” bölməsini Şeyx Kazim Şirazi bizə tədris edən zamanlar Behcət də bu dərsə gəlirdi. Dərs əsnasında sual verəndə Şeyx Kazim diqqətlə qulaq asar, onun suallarına dəqiq cavab verməyə çalışardı. Yə`ni Behcətin dəqiq və dərin suallarına xüsusi diqqət yetirərdi. Elə o vaxtlardan Nəcəfdə öz fəzl və irfani ilə tanınan Ayətullah Behcət, ariflər ustadı Ağa Qazinin də yanına get-gəl edirdi.”
İRANA DÖNÜŞ
1943-cü ildə Ayətullah Behcət qəlbi elm və mə`rifət nuru ilə cilalanmış bir halda vətəni–İrana geri dönür. Ayətullah Quçani deyir: “Ayətullah Behcət Nəcəf-Əşrəfdə olduğu müddətdə çəkdiyi ibadət və riyazət nəticəsində Allah tərəfindən ona iyirmi bir xüsusi kəramət bəxş edilmişdir. O bu barədə mənə danışanda, bu haqda kimsəyə bir söz deməməyimi istədi. Bir gün İmam Rzanın (ə) hərəmində Ayətullah Behcətlə görüşüb ondan soruşdum: Allah-təala tərəfindən əta olunan həmin iyirmi bir kəramət hələ də sizin ixtiyarınızdadırmı? Dedi: Bəli. Həmin iyirmi bir kəramətdən biri də budur ki, istədiyim vaxt geri dönmədən arxamda nə baş verdiyini deyə bilərəm.”
Ayətullah Behcət İrana qayıtdıqdan sonra ailə həyatı qurur. Bir neçə ay Fuməndə (doğulduğu şəhər) yaşadıqdan sonra Nəcəf-Əşrəfdəki elmi hövzəyə qayıtmaq qərarına gəlir. Yolüstü Həzrət Mə`sumənin (ə) hərəmini ziyarət etmək və Qum elmi hövzəsi ilə yaxından tanış olmaq niyyətilə bu şəhərə yollanır. Elə bu vaxtlar bir neçə ay əvvəl Quma hicrət edən Ayətullah-Üzma Bürucerdi şəhərin dini-elmi hövzəsində fiqh və üsul dərslərinin “xaric bölməsi”ni və yüksək maarif dərslərini tədris edirdi. Nəcəf elmi hövzəsində böyük ustadların bir neçəsinin ölüm xəbərini eşidən Ayətullah Behcət müqəddəs Qum şəhərində qalmağı qərara alır.
Bu şəhərdə Ayətullah-Üzma Höccət Kuhkəmərinin dərslərindən və Ayətullah Bürucerdinin üsul və fiqh dərslərindən istifadə edən Ayətullah Behcət, elə ilk günlərdən dillər əzbəri olur.
AYƏTULLAH BEHCƏT TƏDRİS SAHƏSİNDƏ
Ayətullah Behcət 50 ildən çoxdur ki, fiqh və üsul dərslərinin “xaric bölməsi”ni tədris edir. Şöhrət və ad-sandan uzaq olmaq üçün həmişə öz evində dərs deyər. Hal-hazırda uzun illər onun dərslərindən feyz almış alimlərin çoxu böyük ictihad məqamına çatmışlar.
Ayətullah Behcət üsul dərslərinin tədrisində əksər alimlərdən fərqli olaraq, başqalarının nəzəriyyələrini söyləməkdən daha çox məsələ üzərində öz tədqiq və təhlillərini bəyan edər. O əvvəl qısa məzmunda digər alimlərin nəzərini söyləyəndən sonra öz nəzərini açıqlayıb təhlilə keçər. Buna görə də ibtidai hövzə tələbələri üçün onun “xaric” dərsləri olduqca ağır gəlir. Amma onun fiqh dərsi Qur`an ayələri və rəvayətlərə istinad edildiyinə görə asan sayılır.
Böyük ustadlardan biri belə nəql edir: “(Əlli il bundan əvvəl) Ayətullah Behcətin Qum şəhərində “xaric” dərsi tədris etdiyini eşidəndə çox sevindik. Rəhmətlik Qərəvi Kompaninin çox çətin və dəqiq nəzəriyyələrinin şərhini onun şagirdinin dilindən eşitməyə hövzədə böyük ehtiyac var idi. Hətta bir çoxları bu haqda Qərəvi Kompaniyə irad da tutmuşlar. Fazil şəxslərdən bir neçəsi ilə birlikdə Ayətullah Behcətin bu dərslərinə qatıldıq. Dərslərin başlamasından iki ay keçdiyinə baxmayaraq, rəhmətlik Qərəvi İsfahaninin “təqrir” və üslubuna heç bir işarə etməyən Ayətullah Behcətin fikirləri öz ustadının nəzəriyyələri ilə bərabər idi. O, dərsə başlayan kimi əsl mətləbi bəyan edir, ustadın (Ayətullah Qərəvi) nəzəriyyələrinə çox cüz`i işarə etdikdən sonra tədqiq və təhqiq mərhələsinə keçirdi. Hələ biz mərhum Qərəvinin nəzəriyyələrini doğru-düzgün başa düşməmiş Ayətullah Behcətin bəyan etdiyi dəqiq və çox ağır mətləblər də buna əlavə olurdu. Beləliklə, bizim işimiz lap çətinləşdi və dərsi tərk etməli olduq.”

 
BİRİNCİ FƏSİL
Mə`nəviyyat yolçusu
Ayətullah Behcət mə`nəviyyat aləmində zati iste`dada malik bir şəxsdir. Kiçik yaşlarından ismət və paklığa xüsusi diqqət yetirən, bə`zən alimlərin namazlarında iştirak edən Behcət mə`nəvi halları ələ gətirməyə uşaq yaşlarından sə`y edərmiş.
O, on dörd yaşında olarkən Kərbəlaya ziyarətə gedir. Özü bu haqda deyir: “İmam Hüseynin (ə) hərəmində olduğum vaxt namaz qılarkən qəribə mə`nəvi hala sahib olan bir şəxslə rastlaşdım. O vaxtlar mükəlləf olmağıma hələ bir il qalırdı. Ertəsi gün hərəmdə sübh namazı qılarkən həmin şəxsə iqtida etdim. Namazda “cümə” surəsini oxumağa başladı. Onu da qeyd edim ki, bu şəxsin namazda olan qəribə halını o vaxta qədər heç kəsdə görməmişdim. Demək olar ki, sonralar bu halı çox az adamda görə bildim.”
Bütün bu deyilənlər onun kiçik yaşlarından bə`zi yüksək məqamlı şəxslərin idrak və batinindən xəbərdar olmasına işarədir. Halbuki həmin şəxsin alim kimi tanınmasına baxmayaraq, heç kim onun belə yüksək məqam və mə`rifət sahibi olduğunu zənn etmirdi.
Etdiyi bütün moizələrin əsasını və kamala çatma yollarını günahları tərk etmək tövsiyyələri təşkil edir və bu mövzuya çox tə`kidlə yanaşır. Belə mə`nəvi halları dərk və vəsf etmək, onun məqam və idrak sahibi olmasından xəbər verir.

 


Ustad Qazinin dərslərinə qatılması
Təlatümlü dənizə bənzər aramsız ruhu hündür ləpələri ilə torpağa baş qoymaq üçün həmişə sahilə doğru can atırdı. Ayətullah Behcət bu yolu keçən bir arif ustadın sorağında idi ki, əl-ələ verərək çox dəqiq və mürəkkəb olan insanlıq yolunu birgə getsin. Həmin vaxtlar Kərbəlada Əllamə Təbatəbainin qardaşı arif və böyük filosof olan Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai Təbrizi ilə tanış olur. Ayətullah Təbatəbai Əllamə Qazinin şagirdlərindən idi. O, Ayətullah Behcətin Mirzə Əli Qazi ilə görüşməsinə imkan yaradır. Ayətullah Behcət 17-18 yaşlarında olarkən Qazinin əxlaq dərslərinə qatılır.  Bu isə onun axtardığı həmin inci idi.
Mə`nəvi yolun ilk çətinlikləri
Günəş xəlq olduğu vaxtdan onun şəfaverici şüalarının qarşısını almaq niyyəti də yaranmışdır. Yarasalar günəşin yandırıcı şüaları qarşısında aciz və kor olurlar. Bə`zi insanlar da başqalarının ələ gətirdiyi bir çox məsələləri özləri dərk etmədiklərindən, inkar etməyə çalışırlar. Bu cür yanlış düşüncə tərzi cəmiyyətdə əsaslı problemlər yaratmışdır. Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mə`rifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur. Əllamə Təbatəbai bu məsələni öz qəzəlində belə qeyd edir:

Çe Həllacha rəfte bər darha,
Çe Fərhadha morde dər kuhha.

Dar düşüncəli və naqis insanlar üçün mə`nəviyyat yolunun dərki çox çətindir. Bu bəd xislətli adamlar İlahi arif Ayətullah Behcətin seçdiyi səadət yolunda da əngəl yaratmağa çalışmışlar. Bə`zi e`timadlı şəxslər belə nəql edirlər ki, Ayətullah Behcətin Əllamə Qazi ilə get-gəl etdiyini eşidən və mə`rifət məsələsinə e`tiqadı olmayan Nəcəfin fazil şəxslərindən bir qismi Ayətullah Behcətin atasına məktub yazıb onun həqiqət yolundan azdığını və Əllamə Qazi ilə get-gəl etdiyini qeyd edirlər. Atası məktubun cavabında yazır ki, vacib əməllərdən başqa bir şey öyrənməyinə və filankəslə (Ustad Qazi) get-gəl etməyinə razı deyiləm.
Ayətullah Behcət atasının yazdığı məktubla əlaqədar Əllamə Qazidən üzərinə düşən vəzifəsini soruşur. Ustad Qazi ona bu barədə təqlid etdiyi müctəhiddən sual etməsini buyurur. Ayətullah Behcət, Seyyid Əbül-Həsən İsfahaninin yanına gedib, məsələnin nə yerdə olduğunu danışanda “atadan itaət etmək vacibdir”–deyə Seyyid İsfahaninin cavabını eşidir.
Bu əhvalatdan sonra dərin sükuta qərq olan Behcət daha heç kimlə danışmır. Hətta lazım olan şeyləri almaq üçün mədrəsə xidmətçisindən xahiş edir və yaxud kağız üzərinə yazıb bir söz demədən satıcıya verərdi. Oxuduğu Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsində iki qapı vardı. Qapılardan biri geniş xiyabana, digəri isə dar küçəyə açılırdı. Camaatdan uzaq gəzən Behcət həmişə dar küçə qapısından get-gəl edərdi.
Ayətullah Behcətin dostu və tələbə yoldaşı Şeyx Abbas Quçani tələbəlik illərini belə yad edir: “Ayətullah Behcət sükut ixtiyar edəndən sonra mə`nəviyyat aləmindən onun qəlbinə qapılar açılır. O məndən xahiş etdi ki, bu sirri heç kimə açmayım.”
Ayətullah Qərəvi İsfahanini xatırlarkən
Ayətullah Behcətin müəllimlərindən biri də Ayətullah Qərəvi İsfahani olmuşdur. Hacı Məhəmməd Həsən Muinüt-tüccarın oğlu və Kompani ləqəbiylə məşhur Şeyx Məhəmməd Hüseyn İsfahani Nəcəfi 1875-ci ilin məhərrəm ayında dünyaya göz açmışdır. Ayətullah Seyyid Məhəmməd Hüseyn Tehrani onun şərhi-halını Ağa Bozorg Tehraninin dilindən belə nəql edir:
Qərəvi ibtidai dini dərsləri (müqəddimat) bitirdikdən sonra şiə aləminin böyük mərcələrindən Seyyid Məhəmməd Feşarəki İsfahani, Şeyx Rza Həmədani, Şeyx Məhəmməd Kazim Xorasani və başqalarının yanında fiqh və üsul dərslərini öyrənmişdir. Son zamanlar isə Axund Məhəmməd Kazimin dərslərinə gedərdi. O, on üç il Axundun elm gülüstanından bəhrələr götürmüş, yüksək sə`ylər nəticəsində fiqh elmindən böyük sərmayə toplamışdır.
Hikmət və fəlsəfə dərslərini Nəcəfin tanınmış ustadı Ayətullah Mirzə Məhəmməd Baqir İstehbanatinin yanında öyrənmişdir. Ayətullah Qərəvi İsfahani daha çox fəlsəfədə ad çıxarmış və bu elmin dirçəlməsində xüsusi rolu olmuşdur. Bütün bunlarla yanaşı kəlam, təfsir, tarix, irfan, ədəb elmlərində yüksək savadı olan Qərəvi İsfahani bir nazim və nasir kimi ərəb və fars dillərində də tanınmış qələm sahibi idi. O zamanın nadir şəxsiyyətlərindən olub ruhu həmişə mələkut aləmində pərvaz edər, ilahi mə`rifət dəryasında qərq olardı. Ustadı Axund Məhəmməd Kazimin vəfatından sonra Nəcəf şəhərində daha bariz şəkildə özünü göstərməyə başladı. Artıq fiqh və üsul dərslərini müstəqil tədris etməyə başlayan Ayətullah Qərəvinin dərslərində çoxlu tələbə iştirak edərdi. Nəcəf alimləri ona xüsusi hörmət göstərir, onun hərtərəfli bilik sahibi olduğunu təsdiq edərdilər. Onun dərsləri kəlam əhlinin ülfət məkanına çevrilmişdi. Çünki o, fiqh və üsulda, xüsusilə də fəlsəfədə dərin mühakimələr yürüdürdü. Əksərən hikmət elmini tədris edərdi. Bu sahədə olduqca dərin biliyə sahib olan Ayətullah Qərəvi öz müasirlərindən daha üstün idi.
O, var gücünü elmin tədris və təbliğinə həsr edər, tələbələr pərvanə kimi onu dövrəyə alardılar. Qərəvi üsuli-fiqh, fiqh, hikmət elmləri və ali fəlsəfənin nəzmə çəkilmiş mənzum formasında çox dəyərli kitablar yazmışdır.
İnfarkt keçirən Ayətullah Qərəvi müalicədən sonra tədricən gümrahlaşmağa başlayarkən, qəfil dünyasını dəyişir.
Tələbələrin daha çox ehtiyacı olduğu və elmindən bəhrə götürəcəkləri bir vaxtda Qərəvinin vəfatı hamı üçün gözlənilməz oldu. Onun vəfatı Nəcəf elmi hövzəsi üçün böyük zərbə idi. Çünki böyük fəqih Ayətullah Ziyauddin Əraqinin vəfatından bir həftə keçməmiş, Nəcəf elmi hövzəsi ikinci dahi şəxslə, yə`ni 65 yaşlı ustad Qərəvi ilə də vidalaşmalı oldu. Ayətullah Əraqi 1940-cı il zilqə`də ayının 28-də dünyasını dəyişdi. Nəcəf elmi hövzəsində hamının ümidi Qərəvi İsfahaniyə idi ki, Ayətullah Əraqinin yerini dolduracaqdır. Amma əcəl ona da fürsət vermədi. Ayətullah-Üzma Seyyid Cəmaləddin Gülpayqani bu haqda belə nəql edir:
“Rəhmətlik Ziyauddin Əraqinin vəfatından sonra Nəcəf elmi hövzəsinin idarə hey`ətinə rəhbərlik və tədris işləri Qərəvi İsfahaniyə tapşırıldı. Heç kim onun belə tezliklə vəfat edəcəyini güman etmirdi. Artıq, Ayətullah Əraqinin vəfatından bir həftə keçirdi. Mən öz hücrəmdə gecə namazı qılırdım. “Vətr” namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin at üstündə gəldiyini çox aydın şəkildə gördüm. O, şeyx Məhəmməd Hüseynin (Qərəvi) evinə tərəf gedib içəri daxil oldu. Mən onun vəfat etdiyini yəqin etdim. Dan yeri söküldüyü zaman Əmirəl-mö`mininin (ə) hərəminin minarəsindən camaata xəbər vermək istəyərkən mən evdəkilərə dedim ki, indi Şeyx Məhəmməd Hüseyn Qərəvinin vəfat etdiyini deyəcəklər. Doğrudan da carçı o böyük şəxsiyyətin fani dünya ilə vidalaşma xəbərini deyərək camaatı meyit namazına çağırmağa başladı.”
Mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn müraqibə, mühasibə və sükut əhli idi. Daim fikrə qərq olar, çox az hallarda danışardı. Əksər məclislərdə elmi mübahisələr getdiyi zaman o sükut edər, daha çox qulaq asmağa üstünlük verərdi. Məclisdə harada boş yer olsa, keçib orada da oturardı. Olduqca təvazökar, xoş əxlaqlı və sakit təbiətli bir insan idi. Atası Kazimeynin adlı-sanlı tacirlərindən biri olduğuna görə, oğluna (Qərəvi) ondan çoxlu var-dövlət qalmışdı. Ömrünün son illərini çox yoxsulluqla keçirən Qərəvi həmişə qəlbi şad, gülərüz və möhkəm iradəli idi. Nəcəf-Əşrəf alimlərindən Seyyid Məhəmməd Rza Xəlxali belə nəql edir: “Bir gün Huvəyş bazarına getmişdim. Bazarda Şeyx Məhəmməd Hüseyni gördüm. Küçənin ortasında əyilib yerə dağılan soğanları yığır və öz-özünə hey gülürdü. Mən salam verib, soğanları yığmağa ona kömək etdim. O, soğanları köynəyinin ətəyinə yığandan sonra evinə yollandı. Mən dedim: Mə`lumdur ki, soğanlar sizin köynəyinizin ətəyindən yerə tökülürmüş, amma gülüşünüzün səbəbini anlaya bilmədim. Rəhmətlik şeyx dedi: Cavan yaşlarımda təhsil üçün Nəcəfə gələndə maddi cəhətdən heç bir problemim yox idi. Bahalı libas geyinər, qiymətli təsbih və üzük gəzdirərdim. Bir gün Həzrət Əmirəlmö`mininin (ə) hərəmində ziyarət edərkən, təsbihimin ipi qırıldı və dənələri yerə töküldü. Hər dənəsi bir dinara bərabər olan çox qiymətli təsbih idi. İzzəti-nəfs və ya lovğalığım məni əyilib yerə tökülən təsbih dənələrini yığmağa qoymadı. Bunu özümə yaraşdırmadığım üçün, həmin qiymətli təsbehdən vaz keçdim. Bu gün bazara gedib bir qədər soğan aldım. Soğanları köynəyimin ətəyinə yığıb evə qayıtmaq istəyirdim ki, sənin gördüyün həmin küçədə camaatın arasında yerə töküldü. Mən əyilib soğanları yığmağa başladım və bu iş mənə çox asan gəldi. Amma soğanları topladığım vaxt gülməyimin səbəbi isə cavanlıqda təsbihimin ipinin qırıldığı və əyilib onları yığmaq mənim üçün nə qədər çətin olması idi. Halbuki o təsbihin qiyməti yüz dinar idi. Amma and olsun Allaha, bu gün yerə dağılan soğanları yığmaq mənim üçün çox asan idi. Buna görə də çox şadam.”
Rəhmətlik Şeyx Məhəmməd Hüseyn mükaşifə əhli də olmuşdur. Deyilənlərə görə, bir gün İmam Hüseynin (ə) hərəmində uzun müddət səcdədən sonra seyyidüş-şühədanı görür. İmam Hüseyn (ə) ona buyurur: “Burada camaatın sıx olduğu bir yerdə uzun-uzadı səcdə etmək yaxşı deyil. Belə əməlləri xəlvət yerlərdə (təklikdə) edin.”
Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti
Ayətullah Behcət buyurur: “Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: “Allahdan istəyirəm ömrünün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mə`nəvi qida və ləzzət alıram.”
Ayətullah Behcət deyir: “Mən bə`zən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun “Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta “Cə`fər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bə`zi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.
Cənab Yəhya, doğrusunu bilmək istəsən...
Höccətül-islam Seyyid Məhəmməd Rza Meybudi ustadı Seyyid Yəhya müdərris Yəzdinin dilindən belə nəql edir:
1940-cı il ustadımız Ayətullah Ziyauddin Əraqinin vəfatına görə Nəcəf elmi hövzəsi üç gün tə`til e`lan etdi. Bu böyük alimin xatirəsini yad etmək üçün əzadarlıq məclisləri quruldu. Bir-neçə gün keçəndən sonra Ayətullah Kompaninin evinə gedib, ondan tədrisə başlamasını xahiş etdik. Ayətullah Kompani buyurdu: “Ay Seyyid Yəhya, mən qərara almışdım ki, bu gün dərsə başlayım. Amma doğrusu, sübh namazından sonra Allah zikrilə məşğul idim. Yarı yuxulu-yarı oyaq halda Ayətullah Əraqini gördüm. Evin qapısında dayanıb dedi: Şeyx Məhəmməd Hüseyn! Hazırlaş, gələn cümə günü bizim yanımıza gələcəksən. Mən ömrümün son günlərini yaşadığımı yə`qin edirəm.”
Belə də oldu. Həftənin son günü heç bir xəstəliyi olmadan o da dünyasını dəyişdi.
Bu haqda başqa maraqlı bir hadisəni də aşağıda qeyd edirik.
Ayətullah Seyyid Mustafa Səfayi Xonsari Seyyid Məhəmməd Haşimi Gülpayqaninin dilindən belə nəql edir: “Ayətullah Kompaninin vəfat etdiyi gecə atam (Seyyid Cəmaləddin Gülpayqani) məni çağırıb dedi: Oğlum, elə indi Ziyauddin Əraqi gəlib mənə dedi ki, Ayətullah Kompani bizim yanımıza gəlir.” Dedim: Seyyid Məhəmməd Hüseyn sap-sağlam adamdır. Mən onu bir neçə saat bundan əvvəl görmüşəm. Atam dedi: Oğlum! Ağa Ziyauddin indicə gəlib bu xəbəri mənə dedi. Sən get bu barədə sorğu-sual et. Mən Ayətullah Kompaninin halını soruşmağa getmək istəyərkən, birdən mərhumun evindən şivən səsi qalxdı. Tez onun evinə getdim. Doğrudan da Ayətullah Kompani vəfat etmişdi.
Mərhum Ayətullah Şirazinin nəvəsi Seyyid Rəzi Şirazi deyir: “Rəhmətlik Ayətullah Cəmal Gülpayqani şeyx Kompaninin dəfn mərasimində dedi: Dünən axşam vətr namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin Kompaninin qolundan tutub Ayətullah Mirzə Mehdi Kəfayigilə getdiyini gördüm. Qəribə burasıdır ki, Ayətullah Kəfayi də bir həftədən sonra vəfat etdi!

 

 

Ayətullah Misbah Yəzdi ilə müsahibə
Allah övliyalarının həyat yolu bütün insanlar üçün gözəl nümunədir. Bu ilahi şəxsiyyətlərin həyat təcrübəsindən daha səmərəli istifadə etmək üçün onları daha yaxından tanımaq lazımdır. Bu ilahi övliyalar insanın hidayət olması üçün bir növ Allah tərəfindən əta olunan gözəl ne`mətlər sırasındadır. Dövrümüzün belə dəyərli şəxsiyyətlərindən biri də Ayətullah Behcətdir. O, başqalarına nümunə olacaq insanlardan biridir.
İlk tanışlıq
1953-cü ildə Qum şəhərinə gəldiyim vaxt Ayətullah Behcətlə tanış oldum. Bir il sonra Höccətiyyə mədrəsəsində oxuyurduq. Onun mənzili mədrəsənin yanındakı küçədə yerləşirdi. Demək olar ki, onunla hər gün yolda və hərəmdə rastlaşardıq. Nurani siması hər görənin diqqətini özünə cəlb edirdi. Gözəl xüsusiyyəti və rəftarı ilə həmişə başqalarından seçilir, bütün bunlar onun xüsusi mə`nəvi aləmdə yaşadığından xəbər verirdi. Başqalarının o qədər də əhəmiyyət vermədiyi incəliklərə o daha dəqiq yanaşardı. O cümlədən, həmişə sübh erkən durub Həzrət Məsumənin (ə) ziyarətnaməsini oxuyar və özü üçün proqramlaşdırdığı bir çox başqa müstəhəb ibadətləri heç vaxt tərk etməzdi. Bu dərin mə`nəvi əxlaqlı şəxs hər görəni valeh edərdi. Hidayət nuru sorağında olanlar üçün də gözəl nümunə idi. Onda olan bu ilahi cazibə məni də özünə cəzb etmişdi. Mən Ayətullah Behcətlə daha yaxından tanış olmaq niyyətilə onu tanıyanlardan sorğu-sual edirdim. Apardığım təhqiqat nəticəsində onun həm elmi və həm də mə`nəvi cəhətdən daha üstün olduğu mənim üçün aydınlaşdı.
Bir müddət keçəndən sonra ara-sıra onun mənzilinə gedib ibrətamiz nəsihətlərindən faydalanmaq üçün izn aldıq. Behcət o zamanlar çox kiçik bir mənzildə yaşayırdı. Pərdə ilə iki hissəyə bölünən otağın bir tərəfində biz, o biri tərəfində isə onun ailəsi olardı. O çox sadə, amma mə`nəviyyat və nuraniyyət dolu bir həyat yaşayardı. Biz onun elmindən bəhrələnmək istəyirdik. Çünki, rəhmətlik Ayətullah Bürucerdi Qum elmi hövzəsində tədris etməyə başladığı ilk vaxtlardan dərs dediyi tələbələr arasında ən fəal və hamıdan çox sual verən Behcət imiş. Adətən, xaric dərsi tədris edən alimlərin tələbələri arasında ustadın dediyi yeni bəhsləri daha yaxşı dərk etmək üçün sual verən iki-üç tələbə tapılır. Bu tələbələr keçilən yeni bəhslər haqqında olan sualları ustada verərək dəqiq cavab tapmağa  çalışarlar.
Behcət o vaxtlar Ayətullah Bürucerdinin belə fəal tələbələrindən biri idi. Əvvəllər bizi onun daha çox ruhani və mə`nəvi əxlaqı özünə cəzb etmişdi. Amma zaman keçdikcə onun elm və fiqh baxımdan böyük alimlər sırasında olduğu bizim üçün aşkar oldu. Elə buna görə də elmindən bəhrə almaq və hər gün onun ruhi mə`nəvi aləmindən istifadə etmək istəyirdik. Bu səbəbdən də ondan bizə tədris etməsini xahiş etdik.
Ayətullah Behcətin hüzurunda
Ayətullah Behcət fiqh dərsinin təharət bölməsini bizə tədris etməyə başladı. Bir ilə yaxın Feyziyyə mədrəsəsinin hücrələrindən birində tədris etdi. Bu dərslərdə tələbələrdən bir neçəsi də iştirak edirdi. Sonralar bir-iki il də Xan mədrəsəsində tədris edən Behcət, fiziki cəhətdən zəiflədiyinə görə evdə dərs deyirdi. Təqribən, on beş il fiqhin “təharət” “məkasib” və digər bölmələrini ondan dərs aldıq. Onun dərslərindən aldığımız faydaları başqa dərslərdə ala bilmirdik. Mətləbləri bəyan edərkən əvvəl onu Şeyx Ənsarinin kitabından söyləyər, yeri gəldikdə başqalarından xüsusilə də “Cəvahir”dən, təharət bölümündə Hacı Rza Həmədanidən və digər alimlərin bu barədəki mühüm nəzərlərini də nəql edərdi. Sonra lazım gəldikdə, öz xüsusi nəzərini söyləyərdi. Ustadın bu metodu bizim eyni zamanda başqa nəzər sahiblərinin həmin mövzu haqqında olan fikirlərini öyrənməyə və vaxta qənaət etməyə kömək edirdi. Digər ustadların da tədrisdə özlərinə məxsus şivələri vardı. Hər hansı bir alimin nəzərini ayrı-ayılıqda bəyan etmək həm vaxtın tələf, həm də bə`zi mətləblərin təkrar olmasına səbəb olurdu. Onun dərslərində qeydə aldığımız bə`zi yaddaşları özü ustadlarından şifahi mənimsəmişdi. Bu yaddaşlar elmi baxımdan olduqca dəqiq və çox dəyərli idi.
Ayətullah Behcətin müəllimləri
Ayətullah Behcət əsasən, fiqh dərsini Mirzə Məhəmməd Təqi Şirazinin şagirdi Şeyx Məhəmməd Kazim Şirazidən dərs almışdı. Üsul dərsini isə rəhmətlik Ayətullah Naininin, sonra isə Ayətullah şeyx Məhəmməd Hüseyn Kompani İsfahaninin yanında oxumuşdu. Daha çox Ayətullah Kompanidən dərs almış, əxlaqi cəhətdən də bu ustadın ona mühüm tə`siri olmuşdu. Bə`zən ustadından eşitdiyi mətləbi qəribə bir tərzdə bəyan edər və onun nümunələrini biz Behcətin rəftarında görərdik. Bu ustadın (Kompani) onun mə`nəvi formalaşmasında da böyük rolu olduğu aşkar gözə çarpırdı. Çox yaxşı yadımdadır ki, Ayətullah Behcət həmişə deyərdi: “Rəhmətlik Şeyx Məhəmməd Hüseynin (Kompani) elmi fəaliyyətlərinə diqqət edən hər bir şəxs onun gecə-gündüz mütaliə və tədqiq işlərindən başqa heç bir iş görmədiyini güman edər. Amma onun ibadi proqramlarından xəbərdar olsaydılar, ibadətdən başqa bir işi olmadığına əmin olardılar. Elmi fəaliyyətlərə olduqca məs`uliyyətli idi. Hətta bu barədə belə nəql edirlər: Mən (Kompani) on üç il “Kifayə” kitabının müəllifi rəhmətlik Axund Xorasanidən dərs almışam. Bu on üç il ərzində cəmi bir dəfə onun dərsinə gedə bilmədim (gecələr tədris edərmiş). Onun da səbəbi bu idi ki, Kazimeynə ziyarətə getmişdim. Qayıdarkən bir müşkül ortaya çıxdı. Elə buna görə də vaxtında dərsə çata bilmədim. Yolda qayıdarkən ustadın bu gecə hansı dərsi deyəcəyini zənn etdiyim üçün qabaqcadan həmin mətləbi yazdım. Nəcəfə qayıdandan sonra dostlarımdan dərs haqqında soruşanda mə`lum oldu ki, mənim qabaqcadan yazdığım mətləbi ustad bəyan edibmiş.
Elmi baxımdan belə yüksək məqam sahibi olmasına baxmayaraq (ustadın deyəcəyi yeni dərsi qabaqcadan bilmək), dərslərinə qarşı olduqca məs`uliyyətli idi. Şeyx Məhəmməd Hüseyn İsfahani on üç il tamam rəhmətlik Axundun yanında dərs aldı.”
Onun elm sahəsində çox mühüm fəaliyyətləri olmuşdur. O cümlədən, “Kifayə” və Şeyxin “Məkasib” kitablarına yazdığı haşiyələr daha dəqiq və dərin haşiyələrdən hesab olunur. Adi adamların bə`zən 50-60 yaşına qədər müvəffəq olmadıqları bu elmi işi o, 27 yaşına qədər yazıb qurtarmışdı. Bütün bunlar Ayətullah Behcətin öz ustadı haqqında nəql elədikləridir.
Ayətullah Qərəvi və ibadət
Ayətullah Behcət bu barədə belə nəql edir:
“Ayətullah Qərəvi mühüm elmi fəaliyyətləri ilə yanaşı ibadətə də çox əhəmiyyət verərdi. Kənardan baxana elə gələrdi ki, onun ibadət etməkdən başqa bir işi yoxdur. Hər gün “Aşura” ziyarətnaməsini oxumaq və “Cə`fər Təyyar” namazı qılmaq onun gündəlik və adi proqramlarından idi. Nəcəf alimləri arasında olan adətə görə həftənin hər cümə axşamı və ya cümə günü “rövzə” məclisi qurulardı. Belə məclislər bir növ ustadların, tələbələrin və dostların görüşməsinə şərait yaradırdı. Şeyx Məhəmməd Hüseyn İsfahani bu məclislərdə çay vermək və ayaqqabıları səliqəyə salmaq işlərini həmişə öz öhdəsinə götürərdi. Ayaqqabıları səliqəyə sala-sala dodaqaltı hansısa zikri zümzümə edər və çox tez-tez dediyindən biz onun hansı zikri dediyini başa düşməzdik. Bizə çox maraqlı idi ki, görən bu hansı zikrdir və ayaqqabıları düzəldərək onu təkrar edir. Günlərin birində onun yaxın dostlarından olan şeyx Məhəmməd Əli Bürucerdi Qərəvidən soruşur: Bu nə zikrdir ki, ona bu qədər əhəmiyyət verirsiniz? Hətta salam verib hal-əhval tutanda da diliniz bu zikrdən dayanmır? O gülümsünüb deyir: Çox yaxşıdır ki, insan hər gün min dəfə “Qədr” surəsini oxusun.”
Bəli, Behcət elə ustadlardan dərs almışdır. Onlar elmi fəaliyyətləri müqəddəs saymaqla namaz, ziyarət və dualara da böyük əhəmiyyət verərdilər. Bir çox böyük ustadların, o cümlədən Naininin yanında əxlaq dərsi alsa da, Behcətin əxlaqi və mə`nəvi formalaşmasında xüsusi rol oynayan ustadı hacı Mirzə Əli Qazi olmuşdur. Rəhmətlik Əllamə Təbatəbai, Şeyx Məhəmməd Təqi Amuli, Şeyx Əli Məhəmməd Bürucerdi, digər böyük alimlər və hətta mərcəi-təqlidlərdən bir çoxu onun bu dərslərindən faydalanmışlar. Tez-tez yad etdiyi ustadlardan biri də rəhmətlik Şeyx Mürtəza Taliqani idi.
Ayətullah Behcətin şəxsiyyətində müxtəlif cəhətlər
Yuxarıda qeyd etdiyimiz kimi Behcət elmi və mə`nəvi cəhətdən üstün olan böyük ustadlardan dərs almışdır. Bütün bunların onun hərtərəfli formalaşmasında əvəzsiz tə`siri olmuşdur. Mə`nəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük ne`mətlərdən sayılır. Onun bərəkətli ömrünün hər anından səmərəli istifadə edərək, belə gözəl ne`mətlərə görə Allaha həmd etməliyik.
Allah-təala ona xass xüsusiyyət və zati iste`dad əta etmişdir. O fövqəladə iti zehnə malik bir insandır. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşır. Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi, çoxlarına təəccüblü gəlir. Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs, onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşər. Onu da qeyd edək ki, məni (Misbah Yəzdi) ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur. Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda sifariş edib deyərdi: Elmi-mə`nəvi məsələlərə e`tiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və islam cəmiyyətini azğınlığa sürükləyər. Hətta İmam Xomeyniyə də siyasi məsələlər barədə xüsusi sifarişlər edərdi. Bir dəfə də İmam Xomeyniyə göndərəcəyi belə sifarişlərdən birini çatdırmağı dostlardan biri ilə mənə tapşırmışdı.
İxtiyari ölüm məqamı
İmam Xomeyninin Behcətə xüsusi rəğbəti vardı. Mən bunu bilavasitə onun özündən eşitməmişəm. Çünki ustadları suallarımla zəhmətə salmağı özümə icazə verməzdim. Sizə nəql edəcəyim bu xatirələrin bə`zisini özüm şəxsən müşahidə etmiş, bə`zilərini də ustadların özləri buyurmuşlar. Rəhmətlik hacı Mustafa (İmam Xomeyninin oğlu) onun haqqında İmam Xomeyninin dilindən belə nəql edirdi: İmam Xomeyninin rəhmətlik Bürucerdi ilə get-gəl etdiyi vaxtlar idi. Behcətin olduqca sadə və kasıb yaşadığını bilən İmam Xomeyni onun ailəsinə kömək etmək niyyətilə Ayətullah Bürucerdidən bir miqdar pul alır. Məsələnin nə yerdə olduğunu bilən Behcət pulu götürməkdən boyun qaçırır. İmam Xomeyni aldığı pulu bir də geri qaytarmaq istəmədiyi üçün ona deyir: Bu pulu mən öz malımdan sənə verirəm. Behcət bu pulu İmam Xomeyninin hədiyyəsi kimi qəbul edir. İmam Xomeyni ilə yaxın dost olan cənab Məs`udi nəql edirdi ki, İmam Xomeyni bə`zən çətin vaxtlarda və ya evdə xəstəsi olanda məni Behcətin yanına göndərərdi. Belə vaxtlarda bə`zən Behcət qurbanlıq kəsməyi tövsiyə edərdi. Bir neçə dəfə Behcətin sifarişi ilə İmam Xomeyninin tərəfindən qoyun alıb qurbanlıq kəsmişəm. İmam Xomeyni onun böyük mə`nəvi məqam sahibi olduğunu təsdiqləyirdi. İmam Xomeyninin dediyinə görə, Behcət ixtiyari ölümə malik idi. Yə`ni istədiyi vaxt ruhunu bədəndən çıxarır və yenidən geri qaytara bilir. Bu ilahi şəxsiyyətlərin mə`nəviyyat yolunda ələ gətirdikləri böyük məqamlardan biridir. Allah övliyalarının ələ gətirdikləri elə ali məqamlar vardır ki, onu hətta düzgün dərk etmək belə bizim üçün çox çətindir.
Allah-təalanın Behcətə xüsusi mərhəməti
Ayətullah Behcətin fövqəladə kamal sahibi olduğuna e`tiqadı olan şəxslərdən biri də əxlaqi və irfani məsələlərdə rəhmətlik Qazinin canişini Şeyx Abbas Quçani idi. Şeyx Abbas Quçaninin oğlu Şeyx Mahmud Quçani atasının dilindən belə nəql edir: “Behcət çox cavan yaşlarında ilahi məqama çatmışdı. Mən onun yaxın dostu olduğuna görə bunları bilirdim. Amma mən Behcətə söz vermişdim ki, onun sağ olduğu müddətdə bu sirri heç kimə açmayım. Həmin vaxtlar təqribən, 17-18 yaşlarında olan Behcət belə böyük məqama çatmışdı.”
 Mənə elə gəlir, həmin “ixtiyari ölüm” məsələsini deyirdi. Uzun illər Allah yolunda xalis bəndəlik edən bir şəxs əgər 20 yaşından əvvəl “ixtiyari ölüm” məqamına çatarsa, onun 80 yaşında hansı ilahi dərəcəyə çatdığını güman etmək olar. Behcətin bu mə`nəvi xüsusiyyətləri hər mö`min şəxsin diqqətini özünə cəlb edir. Əlbəttə, nəql etdiyimiz bütün bunlar böyük şəxsiyyətlərin kamal dəryasından bir damladır.
Behcətə xass əlamətlər
Öz mə`nəvi məqamını başqalarından gizlətmək Behcətə xass olan xüsusiyyətlərdən biridir. Çox nadir hallarda müqabilindəki şəxs onun danışıqlarından və ya rəftarından bu insanın xariqüladə olmasını başa düşərdi. Onunla yalnız uzun illər yaşamış yaxınları onda gözə çarpan o əlamətləri qəti olaraq hiss etmişlər. Onun yanında dərs aldığımız vaxtlar, adətən biz (Misbah Yəzdi) hamıdan qabaq dərsə gələr və bir neçə dəqiqə ustadın əxlaqi söhbətlərindən faydalanardıq. Adətən, dərsə başlamazdan qabaq müxtəlif yollar və çox vaxt da dolayısı ilə bizləri nəsihət edərdi. Söhbətini həmişə bir tarixi hekayə ilə başlayar, nəql etdiyi tarixi əhvalatlar bizim ötən gündəki rəftarımızla çox bağlı olardı. Sanki, bütün dedikləri bizə aid idi. Rəftarımızda olan nöqsanı bir hədis və ya bir şəxs barəsində olan tarixi əhvalat vasitəsilə bizə bildirərdi. Bu dediklərimi başqaları da təsdiq edib deyirdilər ki, biz də eyni şeyləri öz həyatımızda təcrübə etmişik. Behcət qarşı tərəfin ehtiramını gözlədiyi üçün, onun səhvini birbaşa üzünə deməyib, sözünü dolayısı yolla çatdırardı. Çox vaxt onun nəql etdiyi hədislərdə hər kəs öz nöqsanını başa düşər, bu nəsihətin ona da aid olduğunu hiss edərdi.
Qırx beş-qırx altı il bundan əvvəl Behcətlə tanış olandan onun gündəlik xüsusi sübh proqramı var idi. O hər gün sübh azanından gün çıxana qədər Həzrət Məsumənin (ə) hərəmində ibadətlə məşğul olar və gündəlik “Cə`fər Təyyar namazı”nı qılardı. Axşam çağı gün batmazdan əvvəl piyada gəzişərək “Səfaiyyə” məhəlləsinə tərəf gedərdi. Axşam namazını Səfaiyyə ətrafındakı əkin sahələrinin kənarında–təbiətin qoynunda qılardı. Onu görmək istəyən dostlardan bə`ziləri namazlarını Behcətlə birgə qılar və onun namazdakı qəribə halını müşahidə edərdilər.
Dostlardan biri belə nəql edir: Bir dəfə Behcət şam namazını qılandan sonra buyurdu: “Əgər yer üzündəki bütün padşahlar insanın ibadətdən necə ləzzət aldığını bilsəydilər, heç vaxt maddi ləzzətlər dalınca getməzdilər.”
Uzun illər kirayənişin yaşayan Behcət hal-hazırda da çox kiçik və sadə evdə yaşayır. Əhli-beyt yolunda olmaq və şər`i qayda-qanuna (ədəb-ərkan) olan xüsusi diqqəti Behcətin tərbiyəvi üsulundakı mühüm xüsusiyyətlərdən biridir. Şər`i ədəb-ərkan və Əhli-beyt yolunda olmaqda hamı eyni səviyyədə deyildir. Amma Behcətin öz həyat tərzində və rəftarında bu məsələlərə çox dəqiq yanaşdığı açıq-aşkar özünü büruzə verir. Hətta öz rəftarında elə incəliklərə diqqət edir ki, bunları vəsf etmək belə çox çətindir. Ata yurdundan irs olaraq ona kiçik bir mülk (torpaq sahəsi) çatmışdı. Bu torpaq sahəsində əkilən çəltik (düyü) ailəsinin illik düyü payının çox az bir hissəsini tə`min edirdi. Həmin mülkdə əkilən düyüdən qonşulara və yaxın dostlara az da olsa pay verməyi heç vaxt yaddan çıxarmazdı.
İnqilab vaxtı baş verən bə`zi hadisələrə görə yaxın dostlarımdan bir neçəsi şahın adamları tərəfindən həbs olunmuşdu. Ələ keçən mühüm sənədlər arasında mənim (Misbah Yəzdi) öz xəttimlə yazılmış bir neçə kağız da var idi. Dostların məsləhəti ilə bir müddət Qum şəhərindən çıxmalı oldum. Müsafirətdə olduğum vaxtlar hətta yaxın adamlarım belə mənim harada olduğumu doğru-düzgün bilmirdilər. Ailəmin yanında olmadığım müddətdə bir dəfə Behcət bir kisə düyü və bir miqdar pulu oğlu ilə xanımına verib bizim evə göndərmişdi. Oğlu küçənin başında durur və Behcətin xanımı düyü ilə pulu mənim ailəmə çatdırır. Mən bunu eşidəndə, əvvəl çox təəccüblənmişdim. Amma Quma qayıdandan sonra başa düşdüm ki, Behcət şər`i adət-ən`ənəyə çox əhəmiyyət verdiyinə görə mən evdə olmadığım vaxt öz xanımını bizim qapıya göndəribmiş. Şər`i qayda-qanuna görə əri müsafirətdə olan qadının qapısına naməhrəm şəxsin getməsi düzgün deyil. Ona görə də oğlu küçənin başında durubmuş ki, bu şər`i məsələyə riayət olunsun. Onun o vaxtı ailəm üçün göndərdiyi pul elə də çox deyildi. Amma o öz imkanı daxilində və şər`i qayda-qanuna dəqiq riayət edərək həmin əmanətləri bizim evə çatdırmışdır.
Allah övliyalarının rəftar və danışıqda incəliklərə dəqiq riayət etməklərini bilməkdən əlavə, onları doğru-düzgün başa düşmək üçün insana böyük elm lazımdır.

 

 

 


Höccətül-islam Fehri ilə müsahibə
Ayətullah Behcət haqqında xatirələrimdən bir-neçəsini burada sizin üçün nəql edirəm.
Birinci əhvalat
Nəcəf-Əşrəfdə olduğum vaxtlar Ayətullah Behcətin mə`nəvi məqamları barəsində çox eşitmişdim. Qum şəhərinə gələndə onu görmək arzusunda idim. Evləndikdən sonra təsadüfən onunla qonşu olduq. Bacardığım qədər onun camaat namazlarında iştirak etməyə çalışırdım.
Günlərin birində “mehrab şəhidi” Ayətullah Dəstğeyb bizim Qum şəhərindəki evimizə gəlmişdi. Təsadüfən həmin gün Ayətullah Behcət də bizə gəldi. Behcətin başqalarıyla çox get-gəl etmədiyini bildiyimə görə, onun bu gəlişi məni çox təəccübləndirdi. Bu böyük şəxsiyyətin hər ikisi rəhmətlik Şeyx Kazim Şirazinin tələbələrindən olmuşlar. Səmimi salamlaşıb-görüşəndən sonra Behcət oturub zikr deməyə məşğul oldu. Şəhid Dəstğeyb onunla üz-üzə əyləşərək sükut ixtiyar etmişdi. Təqribən on dəqiqədən sonra Behcət sağollaşıb getdi.
Şəhid Dəstğeyblə söhbət əsnasında onun mə`nəvi kamal və məqamları barəsində danışdıq. Ayətullah Dəstğeybdən soruşdum: Behcətin Nəcəfdə olduğu vaxtlarından hansı xatirə yadınızdadır? Ayətullah Dəstğeyb buyurdu: “Behcətin mə`nəvi məqamları barəsində danışmağa biz çox acizik. Amma Behcətlə öz haqqımda olan bir hekayəni sizin üçün nəql edərəm. Bir gün Nəcəfin tanınmış və böyük fəqihlərindən olan Şeyx Kazim Şirazinin dərsindən sonra Behcət ustada dedi: Dünən axşam bir yuxu görmüşəm. Əgər izin versəniz, sizin üçün bu yuxunu danışardım. Şirazi soruşdu: Yuxuda kimi görmüsən? “Dəstğeybi” – deyə Behcət cavab verdi. Ustad icazə verdikdə o, belə ərz etdi: Yuxu aləmində Dəstğeybin Nəcəfdən Şiraza getdiyini gördüm. Onun Şiraza gəlişi islam və şiənin daha da güclənməsinə səbəb olur. Şiraz əhalisi üzərində “La ilahə illəllah, Məhəmməd rəsuləllah, Əliyyən vəliyyullah” yazılmış plakatlarla onu qarşılamağa çıxmışdılar. Şirazda böyük müvəffəqiyyətlər qazanır və oranın alimləri onun camaat namazında iştirak edirlər. Camaat arasında bir günəş kimi nur saçan Ayətullah Dəstğeybin bərəkətli vücudundan hamı istifadə edir.
Behcət yuxusunu danışıb qurtarandan sonra Şeyx Kazim Şirazi mənə xitab edərək dedi: “Ağa Dəstğeyb! Mən sizə elə günü bu gün Şiraza getməyi əmr edir və Nəcəfdə qalmağınızı haram bilirəm.”
Bu elə bir vaxtda idi ki, mən Nəcəfə Həzrət Əlinin (ə) hərəminin kənarında həmişəlik qalmaq üçün getmişdim. Şiraza qayıtmaq fikrim belə yox idi. Hətta dünyadan köçərkən məni Nəcəfdə basdırmağı da vəsiyyət etmişdim. Amma şər`i hakimin hökmünə əməl etmək vacib olduğu üçün ailəmlə birlikdə Şiraza qayıtmağa hazırlaşdıq. Behcətin dediyi kimi, camaat bizim Şiraza gəlişimizi çox yaxşı qarşıladı. Namaz qılmaq üçün şəhərin “Came” məscidinə getdik. Şirazın alimləri məscidə yığılıb mənimlə birgə namaz qıldılar. Beləliklə, mən Şirazda qalıb öz dini-təbliğati fəaliyyətlərimi davam etdirdim.”
Bəli! Böyük fəqih Şeyx Kazim Şirazi Ayətullah Behcətin yuxusunun sadiq olduğunu bilərək, elə buna əsasən, şər`i hökm vermişdir. Amma Dəstğeybə gəldikdə isə, Ayətullah Behcətin yuxuda gördüklərinin hamısı çin oldu. O, Şirazda elmilə böyük ad-san qazandı. Köməyə ehtiyacı olan insanlar onun yanından heç vaxt əli boş qayıtmazdılar.
İkinci əhvalat
İnqilabdan əvvəlki illərdə atam həmişə “Darüs-səlam” məscidində (Tehran) pişnamaz olardı. Bir gün atam zəng edib dedi ki, bir müddət onun yerinə məsciddə camaat namazı qılım. Mən üzürxahlıq edib dedim: Qumdan Tehrana gəlib bir-iki həftə qalmaq mənim üçün çox çətindir. Amma atam da Tehrana gəlməyimi tə`kid edirdi. Atam narazı olduğumu başa düşüb dedi: Əgər belədirsə, get Behcət istixarə etsin. Behcəti görmək üçün “Fatimiyyə” məscidinə getdim. Namaz qurtarandan sonra onunla salamlaşıb halını soruşdum. Mənim üçün istixarə etməsini xahiş etdim. Behcət istixarə etmədən dedi: Valideynin sözünə itaət etmək vacibdir.
Mən təəccüblə dedim: Hər halda istixarə etməniz yaxşı olardı. Qur`anla istixarə edib dedi: “Elə mən deyəndir.”
Heç kəsin bilmədiyi bu məsələdən onun xəbərdar olması mənim üçün çox təəccüblü idi. Bu əhvalatı atama nəql edərkən o dedi: Belə məsələlər Behcət üçün çox sadədir. Allah rizasına görə qırx-əlli il riyazət çəkən bir şəxs üçün belə şeyləri bilmək o qədər də çətin deyil.
Üçüncü əhvalat
İnqilabdan əvvəlki illərdə evimi dəyişmək qərarına gəlmişdim. Bu, Behcətlə Ayətullah Dəstğeybin qonaq gəldiyi həmin ev idi. İstixarə etmək üçün Behcətin mənzilinə getdim. O, dəstəmaz alırdı. Dəstəmaz alıb qurtarandan sonra elə həmin dəqiqə belə dedi: “Evi satmayın. Çünki Həzrət Məsumənin (ə) hərəminin yanında xüsusi bərəkət vardır. Oradan uzaqlaşdıqca həmin bərəkətdən də uzaq olacaqsan.”
Sanki, mən istixarə üçün xahiş etməzdən əvvəl onun bu məsələdən xəbəri vardı. Mən Behcətə dedim: Elə bu məsələyə görə sizin yanınıza gəlmişəm. Bir nəfər mənim mənzilimi almaq istəyir. Xahiş edirəm buna görə bir isitixarə edəsiniz. Mənzil şərikli olduğundan, şərik öz payını (səhmini) satmaq istəyir və bir nəfər evi almağa hazırdı. Amma mən evi bu adama və yaxud başqasına satmaqda tərəddüd edirəm. Çünki onun pulunun halal olmadığı barədə bə`zi şeylər eşitmişəm. Behcət istixarə edib dedi: “Bu işi görməyin, çünki çox kərahəti var.”
Elə buna görə də evi həmin şəxsə satmadım. Bir müddət keçəndən sonra möhtərəm bir şəxs evi almaq üçün gəldi. Borcumu ödəmək və şərikimin səhmini vermək üçün evi həmin şəxsə satdım.
Dördüncü əhvalat
E`timadlı dostlardan biri belə nəql edirdi: “Bir gün Behcətin həmişə namaz qıldığı məscidə tərəf gedəndə, onun məscid qapısından çölə çıxdığını gördüm. Onun salamatçılığına astadan salavat göndərdim. Behcətə yaxınlaşıb əlini öpmək istəyəndə, dedi: Sizə minnətdaram.”
Sonda xülasə şəkildə ərz edirəm ki, Behcətin hədəfi dinə, şiəliyə, irfana və Əhli-beytə (ə) xidmətdir. Mən onu mə`sumlarımızın davamçısı hesab edirəm.
Məşhəd dini-elmi hövzəsinin böyük ustadlarından Məhəmmədi ilə müsahibə
Sual: Müsahibəyə razılıq verdiyiniz üçün sizə minnətdaram. Bildiyimizə görə siz uzun illər Behcətdən dərs almısınız. Xahiş edirik onun şəxsiyyəti barəsində xatirənizdə olan maraqlı hadisələri bəyan edəsiniz.
Cavab: Bismillahir-rəhmanir-rəhim. Böyük alimlərin mə`nəvi məqamları haqqında (kitab) yazdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Behcət barəsində bir neçə mövzuda danışmaq olar:
Xüsusiyyətləri
Əhli-beytə saxlanılan rövzə məclislərinə Ayətullah Behcətin xüsusi rəğbəti vardı. Bu məclislərdə özü əvvəldən axıradək qalardı. Məşhədin rövzə məclisləri çox uzun çəkərdi. Bir gün Ağa Behcətə dedim: Sizin üçün çox çətindir. Çalışın məclislərə sonuna yaxın gəlin. Behcət buyurdu: “Yuxuda mənə dedilər ki, rövzə məclislərinə çox get.”
Bir gün Behcətlə tək olanda dedim: İcazə verirsinizmi bir rövzə  oxuyum? Dedi: “Bəli.”
Rövzə qurtarandan sonra buyurdu: “Mirzə Məhəmməd Təqi Şirazinin həmişə həm ümumi, həm də xüsusi rövzə  məclisi olardı. Xüsusi məclisdə bir nəfər təklikdə ancaq onun üçün rövzə  oxuyardı.
Behcətin hərəmə getməsi və orada oxuduğu dualar çox maraqlıdır. Evdən çıxıb hərəmə gedərkən “təqibatı” oxumağa başlayar və həmişə bu duanı zümzümə edərdi: “Allahummə inni əs`əlukə xəyrə umuri kulliha və əuzu bikə min xizyid-dunya və əzabil-axirə”
Bu duadan sonra “Nas”, “Tövhid”, “Fələq”, “Kafirun” surələrini oxuyar, “Məfatih”dən günəşin çıxmasından əvvəl və sonrakı duaları zikr edərdi. Hərəmin həyətində dəfn olunan alimlər, o cümlədən rəhmətlik Valeh, Əbuturabi, Şeyx Bəhayi, Höccət və başqaları üçün fatihə oxuyar.
“Darüz-zöhd”də İmam Rzanın (ə) məxsus ziyarətnamə və dualarını zikr etməyə məşğul olar, həmişə dua və zikr dediyi vaxtlarda gözlərini yumar, camaat da onun ətrafına toplaşıb tamaşa edərdi. Amma Behcətin uzun müddət bu halda qalmasından yorulub, oradan dağılışardılar. Sonra pak zərihin qarşısında gözlərini yumub dua zümzümə edərdi.
Bir gün ondan bu halda (gözlərini yumub) dua oxuması barədə soruşanda belə cavab verdi: “Belə halda fikrimi daha yaxşı toplaya bilirəm.” (Əvvəllər bel və diz ağrıları olmayanda ayaq üstə saatlarla dua və zikr deməyə məşğul olardı. Onun yanında olanların çoxu, hətta cavanlar da yorulardı. Amma Behcət ayaq üstə yorulmaq bilmədən davam edərdi.)
Rəhmətlik ustadları və dostları üçün “Əminəllah” ziyarətini oxuduqdan sonra Cə`fər Təyyar namazını qılar, namazdan sonra mərhum Məclisinin “Zadül-məad” kitabında çox tövsiyə olunmuş duanı və hərəmdən evə qayıdarkən həzrət Əlinin (ə) Səbah” duasını zikr edərdi.
Bir gün yolda gedərkən iki dəfə ona sual verdim. Behcət buyurdu: “İki dəfə “Səbah” duasını oxumağa başladım, hər ikisində də duamı yarımçıq kəsdin.”
Günlərin biri İmam Rzanın (ə) hərəmində bir tələbə ondan bir sual soruşur. Behcət tələbənin sualına cavab verir. Tələbə ikinci dəfə soruşanda o deyir: “Mən özüm İmamın qapısına dilənməyə gəlmişəm. Niyə qoymursunuz rahat dilənim?
Behcətin dilindən
1. Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: “Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm. Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma cavab eşitməsəm, məclisdə olanlardan üzürxahlıq edib oranı tərk edirəm. Bir nəfər ondan (Ayətullah Mirvarid) bu məqama necə çatması barədə soruşanda, belə cavab verir: Bir dəfə bir məclisə moizə etmək üçün iki nəfər də`vət etmişdilər. Həmin iki nəfərdən biri də mən idim. O biri şəxs məndən əvvəl minbərə çıxıb moizə etməyə başladı. Öz-özümə dedim: Gərək elə söhbət edəm ki, onun danışdıqları heç ola. Amma mən öz nəfsimlə mübarizə aparıb qırx gün minbərə çıxmadım. Əvəzində isə Allah-təala mənə bu kəraməti bəxş etdi.
2. Behcət buyurur: “Rəşt tacirlərindən biri Məşhəd sakini idi. Rəştdən Məşhədə gələn başqa bir tacir onun evində qalırdı. Bir gün ev sahibi pəncərəni açıb İmam Rzaya (ə) salam verəndə, qonağın yeniyetmə oğlu İmamın cavabını eşidir. Oğlan təəccüblə ev sahibinə deyir: Mən sizin salamınızın cavabını eşitdim. İmam sizin salamınıza cavab verir? Ev sahibi deyir: Bəli. Səndə onu eşitmək iste`dadı olduğu üçün İmamın cavabını eşitdin. Doğrusu İmam Rza (ə) hamının salamına cavab verir.”
3. Behcət belə nəql edirdi: “Şeyx Əli Zahid olduqca imanlı və zahid bir şəxs idi. Çörəyini həmişə özü bişirərdi. Bir dəfə Kərbəla ziyarətinə gedən Şeyx Əli Zahid bir neçə gün orada qalmalı olur. Bir gün bir şəxs ona yaxınlaşıb çörək istəyir. Şeyx deyir: Əgər çörəyimi sizə versəm gərək tezliklə Kərbəlanı tərk edəm. (Çünki başqa çörəklərdən istifadə etməzdi.)”
4. Ayətullah Behcət buyurur: “Ayətullah Şərəbyani böyük alimlərdən biri idi. Soyuq qış günlərinin birində bir dilənçi ondan kömək istəyib, deyir: Əgər kömək etməsən acından öləcəyəm. Amma Şərəbyani onun dediklərinə əhəmiyyət vermir. Dilənçi mənzilinin qapısına qədər onun dalınca gəlir. Şərəbyani evə girib qapını bağlayır. Onun fəqirə əhəmiyyət vermədiyinə görə evdəkilər də bir söz demir. Səhər dilənçinin qapının ağzında öldüyünü görürlər. Ayətullah Şərəbyani ona qüsl verməyi tapşırır. Paltarlarını çıxaranda, onun cibindən içi dolu pul kisəsi tapılır.”
5. Bir nəfər Şeyx Cə`fər Şüştərinin yanına gedib deyir: Uşağımın gözləri kordur. Siz “Həmd” surəsini oxuyun, övladımın gözləri açılsın. Şeyx dedi: Atam olan yerdə mənim oxumağım yaxşı deyil. Get atamın yanına. Uşağı Şeyx Cə`fərin atasının yanına aparır. O əlini uşağın gözləri üstünə qoyub Həmd surəsini oxuyur. Elə bu vaxt uşaq deyir: (Barmaqların arasından) Görürəm. O, Həmd surəsini oxuyub qurtaranda, uşaq artıq görürdü.
6. İsfahan alimlərindan Muniri rəhmətlik Mirzə Şiraziyə irad tutur və bu barədə məktub yazıb İsfahan alimlərindən də imza toplayır. Məktubu sahibinə (Mirzə Şirazi) çatdırmaq üçün Nəcəf-Əşrəfə yollanır. Əvvəlcə mərhum Molla Fəthəli Sultanabadinin görüşünə gedir. Rəhmətlik Sultanabadi ona cibindəki məktubun məzmunundan xəbər verəndə çox təəccüblənir. Özünü başqalarından üstün bilən bu şəxs təvazökarlıqla Molla Fəthəliyə deyir: Bizə bəhrələnmək üçün bir şey deyin. Sultanabadi buyurur: Siz özünüz böyük alimsiniz. O çox israr etdikdə, Molla deyir: Üç şeyə həmişə əməl et:
1. Ayın əvvəlinin xüsusi namazını qıl.
2. Hər gün “Aşura” ziyarətini oxu.
3. Hər axşam iki rəkət Vəhşət namazı qılıb kimsəsiz mö`min bacı-qardaşların ruhuna hədiyyə et.”
Oğurlanmış gəlindən xəbər
Toy günü bir ailə üçün bədbəxt hadisə baş vermişdi. Qız evi ilə düşmən olanlar gəlini oğurlamış və hara apardıqlarından heç kimin xəbəri yox idi. Gəlinin ata-anası və oğlan evi çox nigaran idilər. Yaxın qonşulardan biri bu iki ailənin narahatçılığını görüb Behcətin yanına gedir və baş verənlərin hamısını ona danışır. Behcət bir az fikirləşdikdən sonra çox adi tərzdə deyir: “Gedin hərəmə, bəlkə ora getmiş ola.” O, çox arxayın olduğundan gəlinin ailəsinə xəbər verir ki, hərəmə getsinlər. Hərəmə gələndə qızı Həzrət Mə`sumənin (ə) zərihinin yanında olduğunu görürlər. Gəlinin belə bir yerdə tapılacağı isə heç kimin ağlına da gəlməzdi.
“Oğlunun adını Məhəmmədhəsən qoy”
Dostlardan biri belə nəql edirdi: Mənim həyat yoldaşım hamilə idi. Ramazan ayından qabaq müsafirətə getmək istəyirdim. Ayətullah Behcətlə sağollaşmaq üçün onun mənzilinə getdim. O, mənim üçün dua edəndən sonra dedi: “Allah-təala bu ayda sizə bir oğlan uşağı nəsib edəcək. Adını Məhəmmədhəsən qoyarsınız.”
Mən ona həyat yoldaşımın hamilə olması barədə heç bir şey deməmişdim. Ona görə də uşağın oğlan olacağından xəbər verməsi mənim üçün çox təəccüblü idi. İmam Həsənin (ə) təvəllüdü gecəsi– yə`ni ramazan ayının 15-də Allah-təala bizə bir oğlan uşağı əta etdi ki, Ayətullah Behcət qabaqcadan adını Məhəmmədhəsən qoymuşdu.
Şeyx Mürtəza Taliqanini yad edərkən
Ayətullah Behcətin bəhrə aldığı ustadlardan biri də Şeyx Mürtəza Taliqani olmuşdur. Burada bu böyük alimin həyatından qısa mə`lumat verməklə kifayətlənirik.
İlahi arif Şeyx Mürtəza Taliqani Nəcəfi 1847-cü ildə Taliqan şəhərinin Dizan kəndində dünyaya göz açmışdır. Yazıb-oxumağı doğulduğu kənddə öyrəndikdən sonra “müqəddəmat” dərslərinin təhsilinə başlayır. Tehrana hicrət edəndən sonra “müqəddəmat və səth” dərslərini orada başa vurur. Əqli dərsləri–yə`ni fəlsəfəni Tehranda oxumağa başlayan Şeyx Taliqani bu elmlərə daha dərindən yiyələnmək üçün iki böyük alim, arif Axund Molla Məhəmməd Kaşi və Cahangirxan Qaşqayinin dərslərinə qatılır. O fiqh elmini öyrənmək üçün dövrünün böyük ustadlarından, o cümlədən Nəcəfi Məscidşahi İsfahani, Seyyid Məhəmməd Baqir Dərəçeyi, Əllamə Gəzi və Şeyx Mürtəza Dizi İsfahanidən dərs almışdır.
1880-cı ildə Nəcəf-Əşrəfə hicrət edən Şeyx Mürtəza Taliqani, Mühəqqiq Xorasani, “Ürvətül-vüsqa” kitabının müəllifi və Nəcəfin digər böyük ustadlarından istifadə edərək “ictihad” məqamına çatır.
İlahi arif Şeyx Mürtəza Taliqani zamanın böyük övliyalarından hesab olunurdu. O, nafilə və müstəhəb əməllərə çox dəqiq fikir verər və Allah zikrini yaddan çıxarmazdı. Bu böyük alim, adətən təkliyi sevər və başqalarıyla çox da get-gəl etməzdi. Nəcəfdə tədrislə məşğul olan Şeyx Taliqani Həzrət Əlinin (ə) hərəmi, mədrəsə və bə`zi zəruri yerlərdən başqa bir yerə getmirdi. Dərslərində ondan kömək istəyən hər bir tələbəyə öz köməyini əsirgəməz və ibtidadi dərslərdən tutmuş ali səthə qədər bütün səviyyələrdə tədris edərdi. Yazdığı məktubların sonunda vurduğu möhürun üzərinə bu cümlə həkk olunmuşdu: “Allahummə nəcci Murtəza minən-nar” (İlahi, Mürtazanı cəhənnəm atəşindən nicat ver.)
Şeyx Mürtəza Taliqanidən nəql olunan hekayə və əhvalatlar avtobioqrafi şərhdən çox onun ruhi mə`nəvi hallarını bəyan edir. Beləliklə, birneçəsini nəql edərək onun həyatı barəsindəki sözümüzü sona çatdırırıq.
Hidayət nuru
Ustad Əllamə Məhəmməd Təqi Cə`fəri şeyx Mürtəza Taliqaninin dilindən belə nəql edir: “Mən (Şeyx Taliqani) uzun müddət Taliqanda çobanlıq edirdim. Bir gün yenə qoyunları otararkən Qur`an səsi eşitdim. Bu səs, sanki məni yuxudan ayıltdı. Mən Allahla danışaraq dedim: İlahi, sən öz çağırışını bizim üçün yer üzünə göndərdin. Amma mən ömrümün sonuna qədər sənin bu çağırışına cavab verməməliyəmmi? Həmin vaxt kəndə qayıdıb qoyunları sahiblərinə qaytardım. İşlərimi səhmana salandan sonra təhsil almaq üçün İsfahana yollandım. Beş il İsfahanda təhsil alandan sonra Nəcəfə gedib Axund Xorasaninin dərslərinə qatıldım. Bir müddətdən sonra gördüm ki, bu dərslərdən heç bir fayda ala bilmirəm.
Mürtəza, Mürtəza...?
Alim və ariflərin şərhi-halını yazan mühəqqiqlərdən biri belə deyir: Mö`təbər nəqlə görə, böyük arif şeyx Mürtəza Taliqani bir məsələyə görə narahat olub, Nəcəf hövzə tələbələrindən birinə əsəbiləşmişdi. Amma sonradan səhv etdiyini başa düşən Şeyx Taliqani özünü məzəmmət edərək ağlaya-ağlaya deyirdi: “Mürtəza, Mürtəza, it oldun? Mürtəza, Mürtəza, it oldun?
Axirət səfərinə hazırlıq
Rəhmətlik həkim Əllamə Cə`fəri buyurur: “Şeyx Mürtəza Taliqaninin yanında “Əsfar” dərsi oxuduğum vaxtlar idi. Məhərrəm ayının başlanmasına hələ iki gün qalmışdı. Yenə dərs almaq üçün onun (Şeyx Taliqaninin) yanına getdim. Şeyx mənə dedi: “Durun gedin. Nə üçün gəlmisiniz?” Mən dərsə görə gəldiyimi ona bildirəndə, dedi: “Ağa dərs qurtardı!”
Öz-özümə fikirləşdim ki, bəlkə Şeyx Məhərrəm ayına görə dərsləri tə`til edib. Ona görə də dedim: Dini-elmi hövzələrdə dərslər tə`til olmayıb. Axı məhərrəm ayının başlanmasına hələ iki gün qalır. Şeyx Mürtəza buyurdu: “Bilirəm. Amma mən müsafirəm, mən müsafirəm! Taliqaninin eşşəyi gedib, palanı qalıb. Ruh gedib, cəsədi qalıb. La ilahə illəllah.” Bunu deyəndə gözləri yaşardı.
Mən bu sözlərin onun tezliklə rəhmətə gedəcəyindən xəbər verməsini başa düşdüm. Baxmayaraq ki, onun ruhi-cismi cəhətdən heç bir dərdi yox idi. Şeyx Mürtəza Taliqanidən mənim üçün nəsihətamiz bir söz deməsini xahiş etdim. O belə dedi: “Afərin, ağa! İndi başa düşdünüz.” Sonra bu şe`ri oxudu:
Vaxt varikən belləyib çatdır başa
Qocalıb bükülərkən döyərsən başa
Yenə də La ilahə illəllah kəlməsini təkrar etdikdə, çöhrəsi daha da nurlandı.
Biz iki gün sonra, yə`ni məhərrəm ayının əvvəlində Şeyx Mürtəza Taliqaninin vəfat etdiyini eşitdik.
Əlidən (ə) kömək
Hacı Hadixan Sənəmi Əbhəri belə nəql edirdi: Bir dəfə İraqa ziyarətgahlara getmişdim. Nəcəf-Əşrəfdə olduğum müddətdə hər gün İmam Əlinin (ə) ziyarətinə gedirdim. Bu müddət ərzində bir nəfər axtarırdım ki, onunla danışıb ürəyimi boşaldım.
Bir gün yenə hərəmə gedib, bir xeyli orada əyləşdim. Amma faydası olmadı. Həzrət Əliyə (ə) ərz etdim: Ey Mövlam! Mən sizin qonağınızam. Nəcəfdə olduğum bu neçə gün ərzində danışmağa bir nəfər tapa bilməmişəm.
Hərəmdən çıxıb ixtiyarsız olaraq “Huvəyş” bazarına tərəf yollandım. Oradan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsinə daxil oldum. Mədrəsənin həyətində kiçik bir hücrənin qabağındakı daşın üzərində əyləşdim. Artıq zöhr azanının vaxtı idi. Yuxarı təbəqədəki otaqlardan birindən nurani simalı bir şeyx çıxıb, mədrəsənin damı üstündə azan deməyə başladı. Şeyx qayıdıb hücrəsinə girmək istəyəndə, bir anlıq gözüm onun nurlu çöhrəsinə sataşdı. Azan deməyin tə`sirindən onun yanaqları nur saçırdı. O hücrəsinə girib qapını örtdü.
Mən ağlaya-ağlaya ərz elədim: Ey Əmirəl-mö`minin! Neçə gündən sonra bir nəfər tapdım ki, onunla danışım. Amma o da mənə e`tina etmədi. Elə bu vaxt həmin şəxs hücrə qapısını açıb, işarə ilə məni yuxarı çağırdı. Yerimdən qalxıb yuxarı təbəqəyə çıxdım. Hücrəyə daxil olanda hər ikimiz qucaqlaşıb bir müddət beləcə ağladıq. Sonra sakitcə oturub bir-birimizə tamaşa etdik. Mən sonra şeyxlə sağollaşıb getdim.
Bu fazil şeyx rəhmətlik Şeyx Mürtəza Taliqani idi.
Bir gecə də qənimətdir.
Arif Taliqani rəhmətə getməmişdən bir gün qabaq mədrəsənin tələbələrini öz hücrəsinə də`vət etmişdi. O, tələbələrlə deyib-gülür və zarafatlaşırdı. Tələbələr hər dəfə durub getmək istəyəndə şeyx deyirdi: “Bir gecə də qənimətdir.”
Mədrəsənin xidmətçisi belə deyirdi: Şeyx rəhmətə getməmişdən qabaqkı gün axşam çağı mənimlə rastlaşanda dedi: “Səhər sübh namazına durub dəstəmaz alanda mənim rəhmətə getdiyimi eşidəcəksən.” Mən onun dediklərini başa düşməyib, zarafat kimi qə`bul etdim.
Sübh azanında Şeyx mədrəsənin damına çıxıb azan dedi. Sonra qayıdıb öz hücrəsinə girdi. Şeyx həmişəki adəti üzrə hər gün sübh namazından sonra mədrəsənin həyətində gəzişərdi. Amma həmin gün onun hücrəsindən çıxmadığını görəndə, hamı narahat oldu. O, hücrəsində üzü qibləyə uzanıb canını Allaha tapşırmışdı. Tələbələr qışqırdılar: Şeyx Mürtəza öldü! Elə bu vaxt dəstəmaz alan mədrəsə xidmətçisi Şeyxin dünən dediklərinin zarafat deyil, həqiqət olduğunu başa düşdü.
İlahi arif şeyx Mürtəza Taliqani 1942-ci il məhərrəm ayında vəfat edir və Həzrət Əlinin (ə) hərəminin həyətində dəfn olunur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Həzrət Zeynəb (ə.s)
Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi

 
user comment