Azəri
Friday 19th of April 2024
0
نفر 0

2- ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ

ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ

ƏN BÖYÜK MUZD (MÜKAFAT) AXTARIŞINDA

Əgər insan öz ömrünün xeyrə və ya ziyana sərf olunduğunu bilmək istəsə, diqqət yetirməlidir ki, görəcəyi işdən qazancı nədir. Əgər bir əməlin nəticəsi yalnız dünya ləzzəti olacaqsa, bu iş zərərlidir. Çünki naqis və məhdud dünya ləzzəti xalis və qeyri-məhdud axirət ləzzəti ilə müqayisədə heç nədir. Nəzərə almalıyıq ki, axirət ləzzətləri də eyni dəyərdə olmur. Behişt bağları və hurilər dünya nemətlərindən nə qədər üstün olsa da, «Allahın razılığı» adlı nemətlə müqayisədə çox məhduddur. Qurani-Kərimdə buyurulur: «Allah imanlı kişilərə və qadınlara (ağacları) altından çaylar axan bağlar vəd etmişdir; orada əbədi qalacaqlar. Həm də əbədi bağlarda pak mənzillər! Allahın razılığı daha böyükdür. Budur ən böyük feyz». («Tövbə», 72) Əbədi behişt, bağlar və çaylar imanlı kişilərin və qadınların intizarındadır. Amma buyurulur ki, Allahın razılığı daha böyükdür. Bu razılıq heç bir başqa behişt neməti ilə müqayisə oluna bilməz. Bu səbəbdən də Allahın övliyaları yalnız ilahi razılıq sorağındadır. Qurani-Kərim Allah yolunda çalışarkən bağlar, hurilər nəzərdə tutmayan bəndələrdən danışır. Buyurulur ki, belələri üçün ən böyük mükafat Allahın razılığıdır: «Bəzisi malından pak olmaq üçün verir, nemət əldə etmək məqsədi ilə bağışlamır, istəyi yalnız Allahın razılığıdır. Bu isə yetərincə üstündür». («Ləyl», 18, 20) Digər bir ayədə həmin bəndələr belə vəsf olunur: «Onlar nəzirlərinə vəfa qılır, əzabı böyük gündən qorxur, Allaha yaxınlıq üçün çarəsizə, yetimə, əsirə təam verir; (və deyir) biz Allahın razılığına görə sizə təam veririk, sizdən bir təşəkkür istəmirik». («İnsan», 7, 9) Qurani-Kərimdə Allahın razılığı haqqında bir sıra tə’birlər var, amma biz bu təbirlərə lazımınca diqqət yetirmirik. Ayələrdə işarə olunur ki, bağ, çay, meyvə, qəsr, huri umacağında olmayan və yalnız Allahın razılığını soraqlayan möminlər var. Allahın razılığı onlar üçün hər şeydən dəyərlidir. Aşiq məşuqun razılığını gördükdə heç bir nemətdən duymadığı şirinliyi duyur.
     İstənilən halda axirət mükafatlarının dərəcələri var. Ən üstün mükafat isə Allahın razılığıdır. Bu səbəbdən də Əmirəl-möminin (ə) buyurur ki, mükafat üçün çalışın. Həzrətin məqsədi insanın səmərəsiz işlərə yol verməyib, ali məqsədlər sorağınca getməsidir. Yuxarıdakı izahatlardan aydın oldu ki, ən böyük mükafat Allahın razılığıdır. Hürr, yəni azad insanlar öz itaət-ibadətlərində uyğun məqsədi izləyirlər. Demək, həzrətin uyğun buyuruğu ilə eyni mövzudakı digər buyuruqları arasında ziddiyyət yoxdur.
     Bəli, ağıllı insan səmərəsiz iş ardınca getmir. Məgər ağıllı işçi yüz tümənlik işi min tümənlik işdən üstün tutarmı? Əgər işlərin yüngül-ağırlığında fərq olmasa, şübhəsiz ki, insan daha çox muzd ardınca gedir. Az qazancı seçən şəxs isə ağıllı iş görmür. Şübhəsiz, bütün aqillər belə seçim aparanları məzəmmət edir. Axirətdə əldə edə biləcəyimiz mükafatlar da belədir. İnsan bir zikr, bir diqqət, bir təvəssüllə Allahın razılığını qazana bilərsə, nə üçün mümkün fürsəti əyləncələrə qurban versin?! Behiştdə insanın istifadə edəcəyi bir çox nemətlər var: «Sağ tərəf əhli! Kimdir onlar?
     Onlar tikansız sidr ağacları; meyvələri salxım-salxım möüz ağacları altında; daimi kölgəliklərdə; axar su kənarında; bol meyvələr; bitib-tükənməz və qadağan olunmamış meyvələr içində; hündür döşəklər üstə olacaqlar! Biz onları (behişt qadınlarını) yeni şəkildə yaratmışıq; onları toxunulmamış; ərlərini sevən; həmyaşıd qərar vermişik; sağ tərəf əhli!» («Vaqiə», 27, 37) Bəli, bütün bu nemətlər behiştdədir. Amma onlar Allahın razılığı ilə müqayisədə dəyərsizdir. Ömrümüzü Allahın razılığını qazanmaq üçün xərcləyə biləcəyimiz halda onu hansısa nemətlərə dəyişmək yanlışdır. Əlbəttə ki, yalnız dünya nemətləri üçün çalışanlarla müqayisədə axirət nemətləri üçün çalışanlar uca məqama malikdir. Sadəcə, Allahın razılığını qoyub, behişt nemətləri üçün çalışan şəxs milyonu qoyub, on min qazanc ardınca gedən şəxs kimidir. Şübhəsiz ki, daha üstün neməti seçən daha ağıllıdır. Axı Allahın razılığı hara, bağ-baxça, qəsr və huri hara?! Belə bir müqayisəyə dəyməz!
     Ümid edirik ki, Allah-Taala bizə Allahın razılığını qiymətləndirə biləcək bir mərifət əta edə. Elə bir məhəbbət ki, onun sayəsində insan varlıq aləminin yeganə həqiqi sahibinin razılığını heç bir nemətə dəyişmir. Əmirəl-möminin (ə) vəsiyyətində buyurur: «Mükafat üçün çalış». Əmirəl-möminin (ə) həmin şəxsdir ki, həzrət haqq qarşısında ixlasla ərz edir: «Pərvərdigara! İbadətim cəhənnəm qorxusundan və ya behişt tamahından deyil. Səni pərəstişə layiq görüb ibadət edirəm». («Biharul-ənvar», c.70, s.186, rəvayət 1, bab 53.) Bəli, həzrət yalnız Allahı pərəstişə layiq bildiyi üçün ibadət edir! Axı Ona necə pərəstiş etməsin?! O Allahdır! O mütləq kamaldır! O Mütləq camaldır! Axı Onu istəməyib kimi istəsin?!
     Həzrətin vəsiyyətnaməsindən belə bir qənaətə gəlmək olmaz ki, behişt savabı üçün çalışmamalıyıq. Həzrət sadəcə nəzərə çatdırır ki, zəhmətiniz hədərə getməsin, qazancınızı düşünün. Həzrət özü müəyyən buyuruqlarında Allah razılığının daha üstün və daha dəyərli nemət olduğunu bildirir. Amma bir şəxsdə belə bir dərin düşüncə və mərifət yoxdursa, heç olmaya axirət nemətləri üçün çalışmalıdır. Şübhəsiz, behişt nemətlərinə görə çalışmaq dünyanın ötəri nemətləri ilə kifayətlənməkdən çox-çox üstündür. Əgər bir insan nə Allahın razılığı, nə də behişt nemətləri üçün addım atmayıb, yalnız dünya ləzzətləri ilə kifayətlənərsə, çox axmaq iş görür və ömrünü hədərə verir. Böyük bir fayda gətirəsi sərmayəni alçaq bir işə xərcləmək düşüncəsizlik deyilmi?! Əmirəl-möminin (ə) buyurur: «Həqiqətən, sizin canlarınızın dəyəri yalnız behiştdir. Onu behiştdən başqa şeyə satmayın». («Nəhcül-bəlağə», Feyzül-İslamın tərcümə və şərhi, kəlam 448)
     İnsan həyatının bir göz qırpımını behiştdən ucuz satarsa zərər etmişdir. Çox böyük və təsəvvürə gəlməyən zərər! Həqiqətən də əbədi və zərrəcə əziyyətsiz axirəti fani və bəlalı dünyaya dəyişmək zərərdən başqa bir şey deyil. Ən ağıllı və ən xoşbəxt insan o insandır ki, axirət nemətləri arasında Allahın razılıq nemətini soraqlasın və nəhayət ona nail olsun. Şəhidlər bu zümrədəndir. Ümid edirik ki, Allah-Taala əziz və dəyərli şəhidlərin feyzindən bizə də lütf edəcək. Bir anlıq olsa belə Allahın razılıq nemətini dadaydıq!
     Ağıllı insan heç vaxt heç bir işi dünya mükafatına görə yerinə yetirmir. Dünyanın ən böyük mükafatını alan da zərər edir. Min illər boyunca nəsilbənəsil dünya nemətlərindən bəhrələnsək də bu nemətlər məhdud və tükənəndir. Axirət muzdu isə qeyri-məhduddur. Təsəvvür edin ki, bir kəlmə müqabilində bütün dünyanı sizə verirlər. Əlbəttə ki, dünyamızda belə işlər olmur. Hətta belə olsaydı da, zərər etmiş olardıq. Amma hər biriniz həmin bir kəlmə ilə əbədi nemət və sərvət əldə edə bilərdiniz. Bütün dünyanı əldə etsəniz də, bu müvəqqətidir. Əslində isə insan bir kəlmə yox, bütün ömür boyu təlaş hesabına nəinki bütün dünyanı, onun əhəmiyyətsiz bir hissəsini də əldə edə bilmir. Axı bir ömür zəhmət çəkib tər tökən insana dünyadan nə verilir?! Bu dünyanın neməti müvəqqəti səltənət, imarət və ya nəqliyyat ola bilər. Hətta bu nemətlər də insana gəncliyində yox, adətən ömrünün sonlarında nəsib olur. Yenə də insan çox qısa bir müddət onlardan faydalanır. Bir ömür zəhmət çəkib qoca yaşında müvəqqəti olaraq dünyadan nəsə əldə etmək nadanlıq deyilmi?! Ağıllı insan Əmirəl-mömininin (ə) vəsiyyətini qulağında sırğa edər, yetkinlik yaşına çatdığı andan bütün işlərində Allahın razılığını soraqlayar və ömrünün hər anından mümkün qədər faydalanar.
     

İSLAM VƏ MÜSƏLMANLAR ZÜLMƏ QARŞIDIR


     Əmirəl-mömininin (ə) dəyərli vəsiyyətinin növbəti hissəsində buyurulur ki, zalıma düşmən, məzluma yardımçı olun. Bu cümlə İslamın, ümumiyyətlə səmavi dinlərin çox vaxt diqqətdən kənarda qalan bir yönümünü bəyan edir. Bu diqqətsizlik əvvəlki peyğəmbərlərin dövründə, onların ardıcılları arasında da vardı və çox təəssüf ki, İslamdan sonra bəzi müsəlman tayfaları arasında da müşahidə olunur. İlkin İslam dövründən hazırkı günümüzədək bəzi müsəlmanlar günahlardan çəkinmiş, dünyanın dəyərsizliyinə inanmış, dünya ləzzətlərinə könül verməmiş, ibadətə məşğul olmuş, amma eyni zamanda böyük bir yanlışlığa düçar olaraq şeytan tərəfindən azdırılmışlar. Bu zümrədən olan insanlara elə gəlir ki, onlar yalnız öz iman və əməllərinə cavabdehdirlər, ictimai məsələlərin onlara dəxli yoxdur. Onlar özlərini bu sahədə məsuliyyətli saymırlar. Onlar elə düşünürlər ki, müsəlmanın namaz və oruc, zikir və duadan savayı işi yoxdur.
     Yetərsiz təhlil nəticəsi olan belə bir təsəvvür kökündən yanlışdır, səmavi dinlərdən heç birində ardıcıllar üçün belə bir çərçivə nəzərdə tutulmamışdır. İlahi dinlərdə müşahidə olunan mühüm çaşqınlıqlardan biri budur. İslam da bu yanlışlıqdan amanda qalmamışdır. Sufilik, tərk-dünyalıq, fərdiyyətçilik, xalqdan uzaqlıq çox təhlükəli və ciddi çaşqınlıqdır. İslam səhnəyə gəldiyi gündən bu qəbil meyillərlə mübarizə aparır. Allaha yaxşı bəndə olmaq qərarına gəlmiş bir çox müsəlman öz baxışları əsasında xalq və cəmiyyətdən uzaqlaşmış, xəlvətə çəkilmiş, günün yalnız namaz və dua üçün nəzərdə tutulduğunu güman etmişlər. Onlar öz həyat tərzləri ilə İslamın dünyadan uzaq olmaq göstərişinə əməl etməyə çalışmışlar!
     İslam təlimləri ilə qismən tanışlıq bu sayaqı düşüncə tərzinin yanlış olduğunu göstərir; şübhə qalmır ki, İslam heç vəchlə bu yanaşmaları təsdiqləmir. Qısa və əsrarəngiz «Əsr» surəsi İslam və müsəlmanlığın həqiqi simasını açıqlayır: «And olsun əsrə! Həqiqətən bütün insanlar ziyandadır. İman gətirib saleh işlər görən, bir-birini haqqa dəvət edib səbrə çağıranlardan başqa!» («Əsr», 1, 3.) İslam məntiqinə əsasən, müsəlman özü saleh iş görməklə yanaşı başqalarını da haqqa, İslam hədəflərinin gerçəkləşməsinə çağırmalıdır. Başqa sözlə, bütün yer üzünün İslam rəngi alması gerçək İslam prinsiplərindəndir. Öz ibadətlərini yerinə yetirib başqalarının əqidəsi ilə maraqlanmamaq İslam məntiqi deyil. Uyğun baxışı yaradanlar İslamı yetərincə tanımayanlardır. Əlbəttə, bəzən şeytanlar, dünyapərəstlər və din düşmənləri də bu xətti izləmişlər. İslam təlimlərinə əsasən, müsəlman şəxs nəinki müsəlmanların, hətta kafirlərin işinə biganə qalmamalıdır. İnsan mağarada tənha ibadət üçün yaradılmayıb. Fərdlərin həyatı rabitəlidir. İslam və digər səmavi dinlərin mühüm yönümlərindən biri ictimai yönümdür. İnsan bu istiqamətdə məsuldur: «Hamınız nəzarətçisiniz və nəzarətçiliyinizlə bağlı sorğuya çəkiləcəksiniz». («Biharul-ənvar», c.75, s.38, rəvayət 36, bab 35)
     Müsəlmanın ən mühüm ictimai məsuliyyətlərindən biri zülmə biganə qalmamaqdır. Bir şəxsin digərinə zülm etdiyini gördüyünüz vaxt kənara çəkilib biganə qalmağa ixtiyarınız yoxdur. Kim belə etsə, nə vaxtsa məzluma kömək etmədiyi üçün ittiham ediləcək. İnsan deyə bilməyəcək ki, bu işin mənə aidiyyatı yox idi. Ona bildiriləcək ki, öz sükutu ilə zülmə kömək etmişdir. Hansı ki, məzluma yardım əli uzatmağa borclu idi!
     Vacib ibadətlər namaz qılıb oruc tutmaqla başa çatmır. Məzluma yardım da zəruri dini göstərişlərdəndir. Əgər məzluma yardım etmək imkanınız varsa, bu işi görmək vacibdir. Zülmə qarşı çıxmaq, zülmə biganə qalmamaq İslamın mühüm prinsiplərindəndir. Əgər zalımın başına bir zərbə vurub onu yerində oturtmağa qadirsənsə bu işi görməlisən. Bir müsəlmanın haqsız yerə döyüldüyünü gördüyünüz vaxt ötüb-keçməyə haqqınız yoxdur. Siz bu işə müdaxilə edib zalımın əlini tutmalı və zülmün qarşısını almalısınız. Deyə bilməzsiniz ki, bu sayaq işlərə qatıldıqda, ictimai məsələlərə müdaxilə etdikdə ibadət halı pozulur! Bu sözlər şeytanın təlqinləridir. «Xalqın işlərinə diqqət məni Allaha diqqətdən uzaqlaşdırır» kimi sözlər İblis qoxusu verir. Adəmə səcdə etmək əmri verilən vaxt «mən yalnız sənə ibadət etmək istəyirəm, Pərvərdigara» deyən İblis idi! O həmin əmr verilənədək uzun müddət idi ki, ibadət edirdi. Əmirəl-mö’minin (ə) buyurur: «(İblis) altı min il idi ki, Allaha ibadət edirdi!» («Nəhcül-bəlağə», Feyzul-İslamın tərcümə və şərhi, xütbə 234) Həzrət sözünün davamında elə bir əlavə edir ki, insan lərzəyə gəlir. O buyurur: «Məlum deyil ki, bu altı min il dünya illərindəndir, yoxsa axirət illərindən?» (Həmin mənbə.)
     Dünyanın hər ili üç yüz altımış beş gündən, axirət ilinin hər günü dünyanın min ilindən ibarətdir. Belə bir ibadət sahibi olan İblis Allahın Adəmə səcdə əmrinə necə cavab verir! Allah-Taala buyurur: «Mənə öz istədiyim kimi itaət olunmasını diləyirəm». («Biharul-ənvar», c.2, s.262, rəvayət 5, bab 32)
     Allah-Taala öz bəndələrinin nəzərinə çatdırır ki, əgər mənə pərəstiş edirsənsə, mən istədiyim kimi pərəstiş et; itaət fikrindəsənsə, göstərişim əsasında itaət et; əgər Adəmə səcdə əmri verdimsə, səcdə qıl! Mən Adəmə səcdə əmri verdiyim vaxt sənin nə haqqın var ki, etiraz edəsən?!
     Bizim bəhsimizdə də Allah-Taala buyurur ki, ey mənim bəndəm, məzluma köməyə tələs. Əgər desəm ki, Pərvərdigara mən, yalnız sənin haqqında düşünmək istəyirəm, başqaları haqqında yox, bu qəbil işlərə müdaxilə edəndə ibadət halım pozulur, İblisin məntiqini davam etdirmiş olaram! Allah-Taala buyurur ki, əgər mənim bəndəmsənsə, mənə itaət edirsənsə, məzluma yardım əli uzat. Bəndə deyir ki, üzr istəyirəm, mənim halım pozulur! Allah-Taala buyurur ki, əgər mənə itaət edirsənsə öz istədiyin kimi yox, mənim istədiyim kimi itaət et; başqa cür etsən, mənə yox qəlbinə itaət etmiş olursan, Allaha yox, özünə pərəstiş edirsən.
     İslamdan öncə müxtəlif tayfalar arasında rəvac tapmış bu sayaq baxışlar təəssüf ki, İslamdan sonra da bəzi müsəlmanlar arasında davam etdirildi. Həmin məntiqə əsasən, həqiqi dindar tərki-dünyadır, dünya ləzzətlərinə göz yummuşdur, cəmiyyətdən kənara çəkilib gecə-gündüz ibadət və duaya məşğuldur. O bir an olsun belə diqqətini Allahdan yayındırmır. Olsun ki, belələri nəfslə mübarizə aparıb ruhlarını gücləndirərlər, hətta qeyri-adi işlər görərlər. Amma unutmamalıyıq ki, İslam öz ardıcıllarından qeyri-adi işlər intizarında deyil. Müsəlmanın vəzifəsi Allah buyuruğuna əməl etməkdir. Əgər namaz əmr olunursa, namaz qıl, oruc tutmaq göstərişi verilirsə oruc tut, məzluma yardım əli uzatmaq tapşırılırsa yardım əli uzat! Əlbəttə ki, bütün bu əməlləri yerinə yetirərkən Allahı unutmamamalıyıq. Məsələn, məzluma yardım edib zalımın əlini tutarkən Allahı yaddan çıxarsan, həddi aşa bilərsən. Əgər oğrunu yaxalamısansa onu təhqir etmək, vurmaq haqqın yoxdur. Bəli, yaxalanmış oğru qanun qarşısında cavab verməlidir. Kimsənin onu təhqir etmək haqqı yoxdur.
     Həqiqi İslam və həqiqi dindarlıq Allah əmrlərinə itaətdən ibarətdir. Bu əmrlər fərdi və ictimai yönümlü ola bilər. İctimai vəzifələri kənara qoyub, cəbhəyə getmək əvəzinə duaya məşğul olmaq İslam deyil. Dini vəzifələrin icrasında vacib göstərişləri başa çatdırmamış müstəhəb işlərə növbə çatmır. Heç bir müstəhəb əməl vacib əməlin yerini tuta bilməz. Məzluma yardım göstərmək Əmirəl-mö’mininin (ə) buyurduğu kimi vacibdir və mömin insan bu vəzifəni öz öhdəsindən ata bilməz. Zülmlə mübarizədən çəkilib Quran qiraətinə məşğul olmaq İslam deyil. Quran oxumaq üçün elə bir vaxt seçilməlidir ki, bu iş digər vacib vəzifələrə mane olmasın. Etiraf etməliyik ki, İslamın ictimai göstərişlərinə, o cümlədən zülmlə mübarizə və zalıma yardım əli uzatmaq göstərişlərinə çoxdan əməl olunmur. Əgər İslamın uyğun əmrlərinə əməl edilsəydi müsəlmanlar hazırkı acınacaqlı vəziyyətə düşməzdi. Peyğəmbərin vəfatından sonrakı gün onun ailəsinə zülm olundu. Müsəlmanlar bu zülm müqabilində susdular. Əgər həmin gün səsini çıxaran olsaydı, bir çox müsibətlərin qarşısı alınardı. Əgər bəziləri həzrət Zəhra və həzrət Əlinin (ə) qapısını təpikləyəndə müsəlmanlar fəryad qoparıb etiraz etsəydilər, Kərbəla hadisəsi baş verməzdi. Bugünki problemlərin də bir çoxunun kökü uyğun ilahi hökmün yaddan çıxarılması oldu. «Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun!»

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment