Azəri
Friday 19th of April 2024
0
نفر 0

ALLAHIN VARLIQ ALƏMİ İLƏ ƏLAQƏSİ

QURANDA
DÜNYAŞÜNASLIĞIN
ƏSASLARI

DÖRDÜNCÜ FƏSİL
ALLAHIN VARLIQ ALƏMİ İLƏ ƏLAQƏSİ

Qurani-Kərimin varlıq aləmi haqqında təlimi çox geniş və əhatəli kosmologiya və kosmoqoniya elmindən ibarətdir. Bu təlimdə Allahın varlıq aləmi ilə əlaqə və bağlılığı isə öyrənilməsi vacib olan əhəmiyyətli mövzulardan biridir.
     Hələ qədimlərdən, dünyanın böyük filosof və mütəfəkkirləri bu mövzu ətrafında geniş bəhs etmişlər ki, bunu hazırkı kitabda araşdırmağa imkan yoxdur. Bu ayrıca tədqiqat işi tələb edir. Oxuculara təqdim olunan kitabda isə Qurani-Kərimin həmin mövzu ilə bağlı baxışları araşdırılır. Səmavi Kitabda bir çox ayələr Allah ilə varlıq aləmi arasındakı münasibəti açıqlayır. Həmin ayələr göstərir ki, Allah ilə varlıq aləmi arasında bir çox əlaqə və münasibətlər vardır və biz həmin münasibətləri ümumiləşdirməyə çalışırıq.
     Əlbəttə, Allah ilə varlıq aləmi arasındakı münasibətləri bölmələr üzrə təhlil etməzdən öncə bir məsələni yada salmaq istərdik ki, həmin münasibətlərin dəqiq təsnifatını böyük ustadımız Əllamə Məhəmməd Təqi Cəfəri vermişdir. Biz böyük ustaddan faydalanmaqla bu mövzunun təhlilini daha mükəmməl verməyə çalışırıq.
     

Xaliq və Yaradan baxımından münasibəti


     Qurani-Kərim baxımından Allah dünyanın xaliqi və yaradanıdır. O, bütün mövcud varlıqları yaradandır. Elə bir varlıq yoxdur ki, Allah onu yaratmamış və ya xəlq etməmiş olsun.
     Xaliqiyyət – yəni xəlq etmək, sansiyyət – yəni yaratmaq mənası daşıyır və Qurani-Kərim sözü gedən münasibəti bu iki məfhumla bəyan edir.
     Ənam surəsi, 102-ci ayə:
     O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin.
     O, hər şeyə vəkildir!
     Rum surəsi, 11-ci ayə:
     Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
     Ənkəbut surəsi, 19 və 20-ci ayələr:
     Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır!
     (Ya Məhəmməd) De ki: «Yer üzünü gəzib Allahın məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
     Nəml surəsi, 88-ci ayə:
     (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində yaradan və edən Allahın gördüyü işdir, həqiqətən, O, etdiyiniz bütün əməllərdən xəbərdardır!
     

İşıq baxımından münasibəti


     Quran ayələrinin birində Allah Göylərin və Yerin nuru hesab edilir. Başqa sözlə desək, varlıq aləmi Allahın nuru ilə yaranmışdır.
     Nur surəsi, 35-ci ayə:
     Allah Göylərin və Yerin nurudur. (Kainatı yaradıb ona nur verən, Yer və Göy əhlinə haqq yolu göstərən Xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, Günəş batdıqda, qərbdə də deyildir ki, Günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da sanki (hardasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna qovuşdurur. (İstədiyinə Öz nurunu bəxş edib cənnət yolu olan İslam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
     Nur anlamının tərifində belə deyilir: işıq öz mahiyyəti ilə zahir olan və başqa varlıq vasitəsilə bəlli olan bir məfhumdur. Nur elə bir həqiqətdir ki, başqa varlıq onu aşkar etmir, bəlkə əksinə, hər şey onun işığında zahir olur. Hər şeyin varlığı və vücudu onun zahir olmasına səbəb olur və nur özü bütöv və tam vücud dəyərincədir.
     Varlıq aləmi Allah tərəfindən yaradılıb və bu baxımdan Allah nurun həqiqi təmsilçisidir. Allah da nur kimi Öz substansiyası ilə var olan və məxluq vasitəsi ilə Öz qüdrətini zahir edən bir mütləq vücuddur. Bununla demək olar ki, Allahın varlıq aləmi ilə əlaqə və münasibəti nur kimi təsəvvür edilir və Allah həmin nurun vasitəsi ilə Göyləri və Yeri yaratmışdır. Bütün varlıqların zühura gəlməsi – Allahın Xilqətinin aşkar olması deməkdir. Allah şeylərə varlıq bağışlamasa, onlar heç vaxt zahir olmaz.
     Allahın varlıq aləmi ilə nur baxımından əlaqəsini izah etmək üçün başqa bir dəlilə əsaslanmaq mümkündür: nur bütün şəffaf cisimlərə nüfuz edir, lakin heç vaxt həmin cisimlərlə birləşib qovuşmur – yəni cisimlərdən ayrıdır. Nur cisimləri aydınlaşdırır. Buna uyğun olaraq Allahın nuru da bütün varlıq aləmini işıqlandırır, lakin heç vaxt varlıq aləmi ilə birləşmir.
     

Qəyyumluq münasibəti


     Varlıq aləmi ilə Allah arasında olan münasibətlər sırasında qəyyumluq əlaqəsi diqqəti cəlb edir.
     Quran ayələrində bu münasibətə işarələr vardır.
     Bəqərə surəsi, 255-ci ayə:
     Allahdan başqa heç bir tanrı yoxdur. O qəyyumdur. (Zatı və kəmal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylər və Yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) Göyləri və Yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!
     Taha surəsi, 111-ci ayə:
     (O gün) üzlər (bütün insanlar) əzəli və əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar).
     Qəyyumluq münasibətini araşdırmaq üçün öncə Quranda işlənən «qəyyum» sözünün məzmun qatlarını izah etmək gərəkdir. Bu sözün bir neçə mənası vardır ki, bunlardan ikisi burada bəhs edilən mövzu baxımından əhəmiyyətlidir.
     A. Qəyyum – saxlayan, bərpa edən mənasında işlənir. Qəyyum hər bir varlığı saxlayan və onun davamı və bəqasını təmin edən bir anlamdır. Allah varlıq aləmini saxlayan qəyyumdur.
     «Qəyyum» sözü haqqında Rağibin «Müfrədat» əsərində izah verilir: «Qəyyum bütün şeyləri saxlayan və qoruyan, onun davamını təmin edən məfhumdur. Allah-Taala xəlq etdiyi hər bir şeyə davamlılıq bəxş edir və onu hidayət edir».
     Gerçəklikdə olan məxluq mühitlə uzlaşaraq öz yaşamını davam etdirir və qoruyur. Bu isə Allahın məxluq ilə qəyyumluq münasibətindən doğur. Yəni Allah xilqət aləmindəki bütün varlıqları elə yaratmışdır ki, onlardan hər biri yaşayış mühiti ilə uzlaşır.
     Qurani-Kərim bir ayədə Həzrəti-Musanın (ə) dili ilə bu məsələyə işarə edir.
     Taha surəsi, 50-ci ayə:
     (Musa) belə cavab verdi: «Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır!»
     B. Qəyyumluq o deməkdir ki, bütün varlıqlar ona bağlıdır. Allah qəyyumdur – yəni Öz substansiyası ilə vardır və heç bir şeydən asılı deyildir, ancaq bütün məxluqat Allaha möhtacdır və Ondan asılıdır. Allah vacibül-vücud olaraq qəyyumdur. Mümkün varlıqlar isə Allahın qəyyumluğuna möhtacdır. Bu bir növ əqli zərurətdir. Başqa bir yandan, qəyyumluq münasibətində təkcə varlıq aləminin yaranmasının ilkin başlanğıcdan (məbdə) asılılığı məsələsi qoyulmur. Varlıq aləminin Allaha möhtac olması məsələnin bir tərəfidir. Burada eyni zamanda bütün külli aləmin saxlanması və qalması məsələsi də diqqət mərkəzində dayanır. Yəni varlıq aləmi Allahın qəyyumluğu ilə saxlanılır və qala bilir.
     Fəlsəfi mübahisələrdə maraqlı bir məsələ də qoyulur: mümkün varlıqların vacibül-vücuda olan ehtiyacının meyar və ölçüsü nədir? Mümkün varlığın mütləq vücuda olan ehtiyacı və yaxud səbəbin nəticə ilə əlaqəsi imkan çevrəsində, yoxsa baş vermə mərhələsində gerçəkləşir?
     Bu sualın düzgün cavabı belədir: Əşyanın səbəbə olan ehtiyacının meyarı substantiv imkan çevrəsində müəyyənləşir. Çünki mümkün varlıq və ya nəticə qeyri-zəruri məna daşıyır. Mümkün varlıq nə vücud, nə də yoxluğu (ədəm) inkar etmir, hər ikisinə eyni – bərabər münasibətdə olur.
     Beləliklə, varlıq aləmindəki məxluqat bütün hallarda substantiv imkana malik olduğuna görə, həm yaranma halında, həm də həyatda davam etmə mərhələsində başlanğıca (məbdə) möhtacdır.
     Hacı Molla Hadi Səbzəvari bu məsələni bənzətmə yolu ilə izah etmişdir. Mümkün ilə vacib bir növ kölgə ilə onun sahibinə oxşayır. Belə ki, kölgə qeydsiz-şərtsiz onun sahibinə tabedir. Kölgə nəyinsə hesabına yaranır, öz-özünə mövcud deyil. Əgər kölgənin predmeti yoxdursa, kölgə də yoxdur. Kölgəni yaradan predmet hərəkət edirsə kölgə də hərəkət edir. Kölgənin nəyi varsa mənbədən gəlir. Kölgə öz-özlüyündə heç nəyə malik deyil.
     Bu minval ilə, varlıq aləmi əslində vücud baxımından Allaha möhtacdır, onun bəqası da Allahdan asılıdır. Bu həmişə belədir. Varlıq aləminin feyzi həmişə üluhiyyət (ilahi məqam) aləmindən metafizik aləmə, oradan da maddi təbiətə yetişir.
     Varlığın daimi feyzinin qaynağı Allahdır. Bu qaynağın Pərvərdigarın rübubiyyət aləmindən varlıq aləminə necə sirayət etməsini aşağıdakı bənzətmə ilə təsvir edə bilərik. Fərz edək ki, elektrik mənbəyindən gələn cərəyan kabel və simlər vasitəsilə elektrik cihazlarına daxil olur. Əgər elektrik mənbəyindən gələn cərəyan bircə an kəsilərsə, heç bir elektrik cihazı işləməz, çünki onların işləməsi əsl mənbədən gələn enerjidən asılıdır. Bu enerji elektron sxemə daxil olmaqla cihazı hərəkətə gətirir. Varlıq aləmi ilə Allah arasında münasibət buna bənzər. Əgər Haqqın feyzindən varlıq aləminə gələn enerji kəsilərsə, bu aləm qala bilməz. Haqqın feyzi kəsilərsə bütün aləm dağılar.
     Bir neçə Quran ayəsini izləyək.
     Rəhman surəsi, 29-cu ayə:
     Göylərdə və Yerdə kim varsa, hamısı Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalimə zülm edər, birinin duasını qəbul edər; birinə mərhəmət əta edib, digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
     Bəqərə surəsi, 245-ci ayə:
     Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınız.
     Ənam surəsi, 12-ci ayə:
     De ki: «Göylərdə və Yerdə olanlar kimindir?» De ki: «Allahındır!» O, Özü Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O müəyyən etmişdir.) Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər.
     Bu ayələrə görə, varlıq aləmi hər an ilkin başlanğıcdan öz vücudu üçün feyz alır, çünki varlıq aləmi həmişə öz Tanrısı ilə bağlıdır. Bu peyvənd və münasibət pozularsa, bütün aləm məhv olar. Deməli, Allah ilə varlıq aləmi arasında pozulmaz bir əlaqə və peyvənd vardır və varlıq aləmini saxlayan həmin peyvənd qəyyumluq məfhumu ilə bəyan edilir. Mövlana Rumi bu məsələni bədii dil ilə belə ifadə edir:
     «Külli yövm huvə fi-şən» söylə,
     Onu bir an felsiz bilmə sən böylə.
     Tanrının hər anlıq ən kiçik işi
     Sanki üç ordunun bir-bir yürüşü.
     Birisi ümməhat tərəfdən gələr,
     Varlığın bətnində bitki cücərdər.
     Birisi topraqdan çıxıb yetişər,
     Cüt-cüt dolaşıb dünyanı bürər.
     Birisi yetişər əcəl elindən
     Hər kəsin əməlin görər əlindən.
     Şəksiz ki, bunlardan çox işlər törər
     Haqdan nazil olub canlara yetər.
     Candan da yetişər ürək sirrinə
     Ürəkdən yol açar güli-nəsrinə.
     Saysız-hüdudsuzdur Haqq qoşunları,
     Zikri-bəşər söyləyər fərmanları.
     Şeyx Mahmud Şəbüstəri həmin məzmunu başqa bir deyimlə bəyan edir:
     Külldən hər cüzvə ədəm yoludur
     Külldən fənaya varlıq doludur.
     Cahan külldür, lakin hər göz qırpımı,
     Yaranar yox olar, bitməz davamı.

 

 

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment