Azəri
Friday 29th of March 2024
0
نفر 0

Əli (ə)-ın şəhadətindən sonra İslamın əhatə dairəsi

Əli (ə)-ın şəhadətindən sonra İslamın əhatə dairəsi

 

 

ƏSL HƏQİQƏTDƏ XƏVARİC NƏ İSTƏYİRDİ?
Qeyd etdiyimiz kimi, xəvaric dəstəsi əvvəldə hakim tə’yin etmək məsələsi ilə razılaşdılar. Lakin bir neçə ay ötəndən sonra Allah dinində hakim tə’yin etdiyinə görə Əli (ə)-a irad tutdular. Əli (ə) bundan sonra onlara: “Biz şamlılarla döyüşə hazırıq, lakin müvvəqqəti barışığın müddəti başa çatmalıdır” dedikdə, onlar qəbul etmədilər.
Dini işlərdə ifrata varanlar görəsən “əhdlərinizə vəfa edin” ilahi kəlamından xəbərsiz idilərmi? Biz tarixi mə’lumatlarda yalnız bir neçə sənədlərlə kifayətlənsək onların rəylərini dəyişdirməsindən heyrətə düşərik.
Doğrusu xəvaric hər iki tərəfdən hakim tə’yin olunmasını qəbul edəndən son həddə qədər, yə’ni Əli (ə)-dan uzaqlaşana qədər bir sözün üstündə durmamışlar. Onlar əvvəldə bir şeyi qəbul etsələr də sonda başqa bir şeyi tələb etdilər. İllər boyu tarixçilər bu iki əqidəni bir-birinə qarışdırıb onun bir problem olduğunu qeyd etmişlər. İlk tarixi mənbələrdə də bu ikiliyə (iki aspektə) işarə olunmamışdır, ancaq hadisələri dəqiq şəkildə tədqiq edib danışıqları araşdırsaq əsl həqiqət üzə çıxacaqdır.
Dediyimiz kimi, Müaviyənin başında xilafət sevdası dolanırdı. İraqı ələ keçirib dövrün xəlifəsini kənarlaşdırmaq üçün hazırlıq görsə də bu istəyi aşkar şəkildə dilə gətirmirdi. Çünki müsəlmanların xeyir və şərlərini həll edən mühacir və ənsarlardan yalnız bir-ikisinin Əli (ə)-ın əleyhinə müttəfiq olduğunu görürdü. Əgər Əli (ə)-ın imamətini qəti şəkildə qəbul etməsə də müsəlmanların sünnəsinə tabe olmaqdan boyun qaçıra bilməzdi. Elə bu səbəbdən də o, Osmanın qisasını bəhanə edərək deyirdi: “Əlinin ətrafındakılar Osmanı zalımcasına öldürmüşlər. Osmanın elə bir günahı olmayıb ki, islam fiqhi ona ölüm hökmü tə’yin etsin. Mən bir qohum kimi onun intiqamını alacağam. Osmanın qatillərindən qisas alınmalıdır, ancaq onlar Əlinin ətrafına toplaşıblar. Bəs o, qatillərə sığınacaq verdiyi üçün Allah hökmünü pozmuşdur”.
Osmanı öldürənlər deyirdilər: Osman bir çox böyük günahlara əl atdığından onun cəzası ölüm olmuşdur.
Şam hakiminin xalqı aldadıb müsəlmanları Qur’an hökmünə də’vət etməsindən məqsəd guya qiyamçıların Osmanı düzgün və ya nahaq yerə öldürmələrini aydınlaşdırmaq idi. Qərara alındı ki, hakimlər Allah kitabına və peyğəmbər sünnəsinə əsasən həqiqətin nədən ibarət olmasını müəyyən etsinlər. Əgər Osman haqq olaraq öldürülmüş olsaydı Müaviyənin onun intiqamını almağa ixtiyarı yox idi, yox əgər haqsız yerə öldürülmüş olsaydı, o, məzlum xəlifənin intiqamçısı sayılacaqdı. Hər iki qoşunun müştərək bir rə’yə gəldikləri məsələ bundan ibarət idi, sonralar xəvaric adı ilə məşhurlaşmış dəstə də ilk əvvəl bu məsələni qəbul etmişdilər.
Təbəri yazır ki, Əş’əs ibni Qeys barışıq sazişini İraq qoşununa oxuyan gün yalnız Urvət ibni Udəyy bu işlə müxalifət edib dedi ki, sizin hakim tə’yin etməyə haqqınız yoxdur. Lakin ətrafındakılar onun tərəfindən üzrxahlıq istədilər.
Şamın hakim tə’yin etdiyi nümayəndə öz rə’yini söylədikdən sonra xəvaric qəzəblənib dedi: “Hakimiyyət yalnız Allaha məxsusdur.”
Onlar nəyə görə belə deyirdilər? Bu sualın cavabı aydınlaşmayıb. Bütövlükdə tarixi və qeyri tarixi sənədləri araşdırarkən bu nəticəyə gəlmək olur ki, xəvaric, hakimlərin xilafət məsələsinə qarışmasını və onun səlahiyyətinin müəyyən edilməsini Əli (ə) razılığı ilə olduğunu düşünürdü. Xəvaric, hakimlərin onlara aid olmayan işə dəxalət etdiklərini iddia edirdilər (xəlifə tə’yin etmək və ya çıxarmaq). Onlar bu məsələni düzgün başa düşməmək ucbatından və ya pis niyyətli olduqlarından bu səhv hakimliyin günahını dövrün xəlifəsinin ayağına yazaraq bu hakimliyin məs’uliyyətini onun üzərinə qoyurdular. Onların nəzərincə xəlifənin səlahiyyətlərini bütövlükdə müsəlmanlar tə’yin etməli idi. Ona görə də Əli (ə) müsəlmanların ona verdiyi böyük məqamın səlahiyyətlərini tə’yin etməyi məxsus bir şəxsin öhdəsinə qoya bilməzdi və gördüyü bu günah işə görə tövbə etməlidir.
Şübhəsiz onlar belə bir iş görmək üçün hakim seçilməmişdilər, əslində arada heç belə bir məsələ də yox idi. Hakimlər yalnız həddi aşaraq səlahiyyətləri çatmayan işə qarışmışdılar. Əli (ə) da heç vaxt belə bir hakimliyi qəbul etməzdi, çünki bu məsələ sırf özbaşnalıq və xəyanət idi. O həzrət yalnız barışıq müddətini sona çatmazdan əvvəl müharibənin başlamasına razı deyildi. Ortada hansı hiyləgərliklərin olmasını aydınlaşdırmaq üçün az da olsa burada izah verməyimiz lazımdır. Həqiqətdə Şam hakiminin hiyləgərliyi və İraq hakiminin sadəlövhlüyü bu ixtilaflar üçün zəmin yaratmışdı. İki hakim birinci dəfə görüşdükləri zaman Əmr ibni As Əbu Musa Əş’əridən soruşdu:
“Bilirsənmi Osman məzlumcasına öldürülmüşdür? Dedi: Bəli!
Bilirsənmi Müaviyə onun intiqamını almaq istəyir? Dedi: Bəli!
Bəs nəyə görə Müaviyənin tərəfinə keçmirsən”
Gördüyünüz kimi, ilk anda söhbət Müaviyənin intiqam almağa hüququ olub-olmamağından gedirdi. Əgər hakimlər öz həddlərini aşmasaydılar bəlkə də xəvaricin əməli bu şəkildə qurtarmazdı. Lakin onlar xəlifəni tə’yin etmək və vəzifədən azad etmək işinə də qarışdılar. Son görüşdə (məclisdə) ilk olaraq Əbu Musa Əli (ə)-ı və Müaviyəni xilafətdən kənar etdikdən sonra Əmr ibni As dedi: “Mən də Əlini xilafətdən azad edib Müaviyəni xəlifə tə’yin edirəm.” Əbu Musa acıqlanaraq dedi: “Bizim qərarımız belə deyildi.” Beləliklə hər iki hakim bir-birlərini ağır sözlərlə söyüb təhqir etdilər. İraqlılar artıq bundan sonra Müaviyə və onun tə’yin etdiyi hakimə aldandıqlarını başa düşdülər. Elə buradaca xəvaric düşüncəsizlikdən və ya üzdə özünü dost kimi aparan qoşun daxilindəki düşmənlərin təhrikləri ilə araya başqa söz atdılar. Onlar öz əməllərinə belə don geyindirdilər ki, Əli (ə) hakim tə’yin etməklə özünün xilafəti barəsində şübhəyə düşmüşdür. Müsəlmanlar Əli (ə)-a bey’ət etmək ilə onu xəlifə seçmişlər, onun və ya başqasının xilafət barədə hakimlik etməyə hüququ yoxdur. İbni Abbasla xəvaric arasında olan danışıqlara bir nəzər salın:
“Niyə hakimin tə’yin edilməsinə irad tutursunuz, bir halda ki, Allah-təala buyurur:
Bir sıra məsələlərdə Allah bəndəsi hökm edə bilər, lakin bə’zi məsələlər vardır ki, xalqın o barədə hökm etməsi rəva deyildir.”
Belə nəzərə çarpır ki, xəvaricin son sözü müsəlmanların Əbu Musa ilə Əmr Ası Əli (ə)-ın və ya Müaviyənin xilafətə layiq olmasını araşdırmaq üçün göndərmədikləri olmuşdur. Nəyə görə? Çünki müsəlman cəmiyyəti Əli (ə)-ı xəlifə kimi qəbul etmişdi, Müaviyə və ondan başqaları onun hakimiyyətini qəbul etməli idilər. Onun hakim tə’yin edib özünün xilafətə layiq olub-olmamasını aydınlaşdırmağa haqqı yox idi. Məhəmməd ibni Cərirdən bir az əvvəl yazılmış tarix kitabında Yə’qubi yazır: Xalq Əbu Musa ilə Əmrin sözünü eşitdikdən sonra səs-küy salıb hər iki hakimin Allah kitabının və qoyulmuş şərtin əksinə rəy verdiklərini dedilər. Buradan aydınlaşır ki, xəvaricin hakim məsələsinə olan ilk iradı hansı nəzərdən olmuşdur. Onlar rəhbərlik məsələsini iki nəfərin öhdəsinə qoyulmasını qeyri-mümkün sayırdılar. Xəlifə tə’yin etməyi ümumxalq işi hesab edirdilər. Elə bu səbəbdən də Əli (ə)-a dedilər: Sən öz işində hakim tə’yin etməklə şəkkə düşüb günah işlətmisən. Əgər xilafətə layiq idinsə, nəyə görə hakimləri seçib öz işini onlara tapşırdın? Əgər özünün xilafətə layiq olmağın haqda şübhəyə düşmüsənsə, onda başqaları gərək səndən artıq dərəcədə şəkk-şübhəyə düşmüş olsunlar. Bu danışıqlardan mə’lum olur ki, xəvaric ilk dəfə hakim tə’yin olunmasına deyil, onların çıxardıqları rə’ylərə irad tutmuşlar. Hər halda əgər onların sözü bu da olsa, gördüyünüz kimi, onlar hakimlərin ölməsi haqda deyil, xilafət məsələsində hökm vermələrinə irad tutmuşlar. Qeyd etmək lazımdır ki, həzrət Əli (ə) hakimlik məsələsini məcburiyyət qarşısında, onların təhdid və təhqirləri müqabilində qəbul etmişdi. Əgər əvvəlcədən onun sonu mə’lum olsaydı nəinki o, bəlkə heç bir müsəlman bu məsələni qəbul etməzdi. Lakin o hakimlərin hər ikisi öz işlərində xəyanət etdilər.
Bir şeyi də unutmaq olmaz ki, bir dəstə adamlar nə hakimiyyətdən baş çıxara bilir, nə də xalqın gözündən yayınan siyasi quruplaşmalardan xəbərləri var idi. Bunlar yalnız şüar verməklə kifayətlənən, nə istədiklərini özləri də bilməyən adamlar idi.
Əli (ə) onlar haqqında buyururdu: “Bunlar haqq söz əsasında batil arxasınca düşənlərdir.” Hər halda başlanğıcda irad məhdud olmuşdur. Qeyd etdiyimiz kimi, xəvaric Əli (ə)-la döyüşə qalxdılar, çoxlu tələfat (itki) verdikdən sonra dağıldılar. Arada sağ qalmış bir-iki nəfər yayınaraq ucqar yerlərdə gizləndilər. Ancaq zaman ötdükcə kiçik sayılan bu mübahisə (münsiflər məhkəməsi) yeni ixtilafların doğmasına, bu məsələ ətrafında çoxlu sorğu-sualların meydana gəlməsinə səbəb oldu. Xəvaric Əli (ə)-ın münsiflər məhkəməsinin hakimliyini qəbul etməkdə kafir olduğunu deyirdilər (Allaha pənah aparırıq). Düzgün olmayan bu nəticədən yeni mübahisələr və e’tiqadi suallar ortaya çıxdı. Məsələn, bir müsəlman kafir olub tövbə etməsə Allah-təala onunla necə rəftar edəcək? Bunun ardınca Əli (ə)-la Osmandan söz açıb onların günah iş gördükdən sonra tövbə edib-etmədiklərini müzakirə edirdilər. Bu məsələ yenidən ayrı bir mübahisəni də doğurdu. Günah edən xəlifə tövbə etməzsə, müsəlmanlar yenidən ona tabe olmalıdırlar, yoxsa yox? O vaxtlar Kufə və bütövlükdə İraq (uzun illər boyu) belə mübahisələrin açıq meydanına çevrilmişdi. Mübahisə və müzakirələr “nə etmək lazımdır” ətrafında deyil, “nələr etmişlər” üzərində dolanırdı.Xəvaricin mübahisələrinin son nəticəsi bu oldu ki, Əli və Osman heç biri xilafətə layiq olmamışlar. Rəhbər tə’yin olunmasında bütün müsəlmanların haqqı var, bu iş məxsus bir dəstəyə (mühacir və ənsardan ibarət şura) aid edilmir. Qüreyşdən əlavə də hər bir şəxs xəlifə ola bilər. Belə ki, onlar “İmamlar Qüreyşdəndir” hədisini qəbul etmirdilər. Yavaş-yavaş məxluq barəsində yaranmış söz-söhbətlər həddini aşaraq xaliqə də şamil edildi ki, görəsən Allah mükafat və cəzanı hansı ümumi qayda əsasında verir. Mübahisə və müzakirələr genişləndikcə xəvaric çoxlu sayda firqələrə bölünürdülər. Şəhristani öz kitabında bu dəstəyə aid olan 22 firqə saymışdır.
Nəhrəvan döyüşü qurtardıqdan sonra Əli (ə) Şama gedib Müaviyəni məğlub etmək üçün hazırlıq görürdü. Lakin o həzrət hicri tarixi ilə 40-cı il Ramazan ayının 19-da sübh vaxtı namaz üstündə bəni Murad qəbiləsindən olan Əbdürrəhman ibni Mülcəmin vasitəsilə yaralanaraq həmin ayın 21-də vəfat etdi. Əbdürrəhmanın məqsədi barədə hekayələr yazılmışdır ki, onların bir hissəsi dastan yazanların uydurmasıdır. Bütövlükdə tarixçilər bu qətli xəvaricin işi olduğunu qeyd etmişlər, lakin xəvaric firqəsinin ardıcıllarından sayılan müasir tarixçilər Əbdürrəhmanı bəni Murad qəbiləsindən və xəvaricdən olmadığını iddia edirlər. Tarixi faktlardan aydın olur ki, İmamın şəhadəti ilə nəticələnən bu sui-qəsddə Kində qəbiləsinin rəisi Əşə’s ibni Qeysin də əli olmuşdur. Əşə’s təhlükəli bir münafiq idi, Əli (ə)-ın qoşununda olmasına baxmayaraq onunla düşmən olmuş və Müaviyə ilə gizli əlaqələr yaratmışdır. Təəccüblü deyil ki, Əşə’sdən əlavə başqaları da İmamın şəhid edilməsində iştirak etmişlər. İmama edilən sui-qəsd planının Müaviyə tərəfindən hazırlanıb-hazırlanmaması sualına cavab vermək çətindir. Bu günlər Əlcəzairdə yaşayan Əbaziyyə firqəsindən olan (xəvaric) bir tarixçi öz kitabında (onun bir nüsxəsini mənə də göndərmişdir) Əli (ə)-ın qətlində xəvaricin iştirak etməsini təkzib etmişdir! Onun nəzərinə görə, Əli (ə)-ın qətli planını Müaviyənin göstərişi ilə Əşə’s hazırlamışdır. O, hətta xəvaricdən olan üç nəfərin məşvərət edib Əli (ə)-ı, Müaviyəni və Əmr ibni Ası öldürmək qərarını da qəbul etmir və ümumiyyətlə tarixdə belə şəxslərin olmadığını yazır. Əli (ə)-ın qatili Əbdürrəhman bəni Murad qəbiləsindən olmuş və bu qəbilənin də xəvaricdən sayılmadığını qeyd etmişdir. Təəccüb doğuran bu nəzərin ikinci tərəfidir və onu heç bir şəkildə qəbul etmək olmaz, çünki bütün tarixi mənbələrdə Əli (ə)-ın qatilinin xəvaricdən olduğu yazılmışdır. Ancaq məsələnin birinci tərəfi-yə’ni Əli (ə)-ın qətlində Əşə’sin iştirak etməsi düzgün nəzərə çarpır.
Beləliklə zahid bir xəlifə, ümmətin qayğısını çəkən bir imam, Allah kitabı və Peyğəmbər (s) sünnəsini kamil surətdə bilən, islama artırılmış bid’ətləri təmizləyib mə’nəvi dəyərləri yenidən dirçəltmək istəyən bir şəxs nadan müsəlmanların əli ilə şəhadətə yetirildi. Müaviyə hakimiyyəti ələ aldı, Qüreyş fürsəttələbləri, xüsusilə Əməvi tayfası öz keçmiş arzusuna çatdı. Bununla da müsəlman cəmiyyətində varislik prinsipinə əsaslanan və Rum imperatorluğundan götürülmüş bər-bəzəkli hakimiyyət meydana gəldi.
Əbu Bəkrin xilafətindən Əli (ə)-ın şəhadətinə qədər ötən 30 illik dövrü “Raşidin xəlifələri” dövrü adlandırmışlar. Çünki bu illər ərzində az-çox peyğəmbər sünnəsinə riayət edilir və hakimiyyət irsən əldən-ələ ötürülmürdü.
HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİNİN ƏKSÜL-ƏMƏLİ
Qeyd etdiyimiz kimi, həzrət Əli (ə) hicri tarixi ilə 40-cı il Ramazan ayının 19-da bəni Murad qəbiləsindən olan Əbdürrəhman ibni Mülcəmin əli ilə yaralanaraq Ramazanın 21-də şəhid olmuşdur. O həzrətin şəhadəti ilə islam hökumətinin idarə olunmasında problemlər yarandı. İraqda olan həyacan və təhlükə əvvəlkindən daha da artdı. Aydındır ki, islam hökumətində 5 il müddətində iki xəlifənin öldürülməsi hadisəsinə bütövlükdə e’tinasız yanaşmaq olmazdı, onda bəs görəsən bu qətillərin əksül-əməli nədən ibarət idi? Onun açıq-aşkar tə’sirlərinə Şam və İraq ərazilərindən kənar yerlərdə rast gəlinmir.
Gördüyünüz kimi, Osmanın qətlinin ardınca idarəçilik məsələsində rəhbər tə’yin edilməsi çox tez bir zamanda aydınlaşdı. Şam, Hicaz və İraqda aşkara xilafət iddiasında olanlar üzə çıxmadı. Yalnız bir neçə nəfər Əli (ə)-a bey’ət etməkdən boyun qaçırdılar. Bəsrə (Cəməl) döyüşünü qaldıranlar da hakimlik iddialarını gizli saxlayaraq, ancaq şəriət hökmünün icrasını (məzlum xəlifənin intiqamını almaq) əldə və dildə şüar etmişdilər. Müstəqillik arzusunda, hətta bütün müsəlmanlara hakim olmaq iddiasında olan “Şam” hakimi də Osmanın ölmündən sonra bu iddianı açıq-aşkar bəyan etmirdi. Lakin Əli (ə)-ın beş illik xilafəti zamanı çox dəyişikliklər meydana gəldi. Şam qoşunu tərəfindən müəyyən olunmuş hakim öz rə’yini söylədikdən sonra Müaviyə özünü xəlifə e’lan etdi, ancaq bundan əvvəl ona yalnız əmir deyirdilər. Lakin bə’zi tarixçilər yazırlar ki, Əli (ə)-ın şəhadətindən sonra ona əmirəl-mö’minin deyilib.
İbni Əsir yazır ki, imam Həsən (ə)-la Müaviyə arasında sülh müqaviləsi imzalandıqdan sonra Müaviyənin işləri öz qaydasına düşdü. Sə’d ibni Əbi Vəqqas onun yanına gedərək belə dedi: “Salam olsun sənə ey şah.” Müaviyə gülərək dedi: Niyə mənə əmirəl-mö’minin demədin? Sə’d cavabında belə dedi: Müaviyə! Bu sözü sevindiyindən deyirsən. And olsun Allaha, mən heç vaxt bu yolla qazandığın xilafəti əldə etmək istəməzdim.
Göründüyü kimi, Süffeyn müharibəsindən sonra Müaviyə özünü son təşəbbüsə hazırladı. Əli (ə)-ın şəhadəti zamanı Şamda ona heç bir kəs müxalif olmamış, bəlkə bu nahiyənin əhalisi yekdilliklə ona tabe olmuşlar. O, iyirmi iki il, yə’ni hicri tarixinin 18-ci ilindən 40-cı ilinə qədər olan müddət ərzində bu əyalətə hakim olmuşdur. Uzun sürən hakimiyyət bir tərəfdən xalqın ona tabe olub istəklərinə cavab verməsinə, digər tərəfdən də onun işini asanlaşdırılmasına gətirib çıxarmışdır. Yersiz deməmişlər ki, Şamlılar öz hakiminə ən layiqli itaət edən xalq olmuşlar. Əli (ə) öz ətrafındakılara belə buyurur: Müaviyənin bir sirdaşı ilə sizin on nəfərinizi dəyişməyə hazıram.
İRAQDA MÖVCUD OLAN SİYASİ VƏ DİNİ TƏŞKİLATLAR
Ötən fəsillərdə qısaca da olsa İraqdakı ictimai vəziyyət barədə izah verdik. İndi isə bu ərazidə mövcud olan siyasi və dini təşkilatları tanıtdırmağa çalışacağıq. Əli (ə)-ın şəhadəti zamanı İraqda üç dəstə mövcud idi:
1.Osmanilər və ya bəni Uməyyə tərəfdarları;
2.Şiələr, Əli (ə) tərəfdarları və Peyğəmbər (s) ailəsini sevənlər;
3.Xəvaric;
OSMANIN TƏRƏFDARLARI
Bunlar Əməvi hakimiyyətinin tərəfdarları idilər. Bə’ziləri bu ürək bağlılığını aşkar etməsələr də, Peyğəmbər (s) ailəsinin rəhbərliyinə də tabe olmaq istəmirdilər. Bunun ən parlaq nümunəsini Osman öldürüldükdən sonra yazılan şe’rdə gördük.
İraqdakı Osman tərəfdarları Bəsrə şəhərində yaşayırdılar. Bu şəhərin sakinləri əsasən Ədnani (şimal) ərəblərdən təşkil olunmuşdur. Bunun əksinə olaraq Kufə əhalisini əsasən Qəthanilər (cənub ərəbləri) və ərəb olmayanlar təşkil edirdi.
Gördüyünüz kimi, Aişə, Təlhə və Zübeyr Bəsrəni özlərinin müqaviməti üçün mərkəz seçmişdilər. Müsəlmanlar arasında ilk daxili müharibə “məzlum xəlifənin” intiqamı bəhanəsi ilə bu şəhərdə baş vermişdi. Bəsrə şəhəri orada Muzərilərin (şimal ərəbləri) yaşamasına əsasən, qiyamçılar üçün böyük əhəmiyyətə malik idi. Bu iki qəbilə arasındakı münaqişələr haqda izah vermişdik, sonradan isə bu münaqişənin bütövlükdə islam dairəsində qoyduğu acı tə’sirlər haqda mə’lumat verəcəyik.
ŞİƏ
Bildiyiniz kimi, Peyğəmbər (s)-ın vəfatından sonra mühacir və ənsardan olan bir dəstə adam bəni Saidə eyvanı altında toplaşaraq müsəlmanlara rəhbər seçdilər. Oraya toplaşan mühacir və ənsar, tam dəqiqliyi ilə desək Qəhtanilər və Ədnanilər hakimin onların arasında seçilməsini istəyirdilər. Həmin gün Əli (ə) və peyğəmbər ailəsi Aişənin evində peyğəmbəri dəfn etmək üçün hazırlıq görürdülər və onlardan heç biri yığıncaqda iştirak etmirdi. Ancaq qeyd etdiymiz kimi, Peyğəmbər (s) son həcc ziyarətində Cöhfədə Əli (ə)-ı özündən sonra müsəlmanara hakmi tə’yin etmişdi. Beləliklə həmin gündən Mədinədə bir dəstə adam Peyğəmbər (s) xilafətinin etirazsız olaraq Əli (ə)-a məxsus olmasını qəbul etdilər. Onlar bununla da “şiə” və ya “Əli tərəfdarları” adını aldılar. Əli (ə) peyğəmbərdən sonra məcbur olub ümumi müsəlmanların sülhü və asayişi xatirinə üç xəlifə ilə bey’ət etmiş, şiələr də ona tabe olub sakit oturmuşlar. Osmanın ölümündən sonra mühacir və ənsarın əksəriyyəti Əli (ə) xilafətə yetişdikdən sonra ona bey’ət etdilər. Fürsət güdən Şam hökuməti üzdə xəlifəyə tabe olub öz müxalifətçiliyini aşkar etmirdi. Şamda deyilirdi ki, Osmanı öldürənlər yeni xəlifənin ətrafındadırlar. Qur’an hökmünə əsasən onlardan qisas alınmalıdır. Müaviyəni Osmanın qohumu və intiqamçısı hesab edib onun qisas hökmünün icrasında haqlı olduğunu deyirdilər. Onlar iddia edirdilər ki, guya Osmanın qatilləri lazımi cəzanı alsa Dəməşq Kufəyə tabe olacaqdır.
Əli (ə) Kufədə şəhid edilən gün yenidən şiə ilə qeyri-şiə dəstəsi müəyyən olundu. Şiələr onun böyük oğlu imam Həsən (ə)-ın ətrafına toplaşaraq ona bey’ət etdilər. Haşimi tayfasını xoşlamayan Osman tərəfdarları aydındır ki, yeni xəlifə ilə edilən bey’əti qəbul etməyəcəkdilər.
Peyğəmbərdən sonra Əliyə (ə) və peyğəmbər ailəsinə ürək bağlayanların əksəriyyəti ənsardan və ya Qəhtanilərdən ibarət olmuşdur. Keçmiş bəhslərimizdə Qəhtanilərlə Yəmanilər arasındakı düşmənçilikdən söhbət açmışdıq. Peyğəmbər (s) Məkkədən Mədinəyə gələrək mühacirlərlə ənsar arasında qardaşlıq sazişi bağladıqdan sonra tarixi keçmişi olan bu düşmənçilik müvəqqəti olaraq sakitləşdi. Osmanın dövründə bəni Uməyyə iş başına gəldikdən sonra onlar yavaş-yavaş yenidən keçmiş adətlərinə qayıtdılar. Əməvilərin dövlət işində özbaşnalıqları artdıqca Qəhtanilərin onlara qarşı nifrət və düşmənçiliyi də çoxalırdı. Bunlar Peyğəmbəri öz şəhərlərinə də’vət edib onunla çiyin-çiyinə durmuş, o həzrətin pak ailəsinə qarşı eşq və məhəbbət bəsləmiş və onunla amansız düşmən olan Qüreyşlə vruşmuşlar. Onlar Süffeyn müharibəsində Müaviyəyə deyirdilər: Dünənə qədər Peyğəmbərlə bir cəbhədə dayanıb Qur’anın nazil olması barədə sizinlə vuruşurduqsa, bu gün onun təfsir və izah edilməsi haqda sizinlə mübarizə edirik.
Mə’lum idi ki, ənsar bəni Haşimdən uzaqlaşmayacaqdı. Əli (ə) şəhid olduqdan sonra Kufədə yaşayan bu dəstədən olan ərəblər onun böyük oğlu Həsən (ə)-ı imam qəbul etdilər. Təbəri yazır: Həsən (ə)-la ilk bey’ət edən şəxs Qeys ibni Sə’d ibni Ubadə dedi: Əllərini irəli uzat ki, Allah kitabı, peyğəmbərin sünnəsi, bid’ətçiləri məhv edən bir şəxsə – sənə bey’ət edim. Bu Qeys Ənsardan olan Xəzrəc tayfasının rəisi Sə’d ibni Ubadənin oğlu idi ki, onun haqqında ötən fəsillərdə mə’lumat vermişdik.
XƏVARİC
Süffeyn döyüşündən bəhs edən zaman xəvaric adı ilə məşhurlaşmış dəstə haqqında qısaca da olsa mə’lumat verdik.
Əli (ə) şəhid olduqdan sonra yerdə qalmış xəvaric yenidən öz fikirlərini təbliğ etmək və yaymaq üçün fürsət əldə etmişdilər. Bunlar Əməvi hakimiyyətini bütövlükdə, Abbasiləri isə müəyyən dövrə qədər narahat etmişlər. Onlar o qədər şücaətli idilər ki, kiçik bir dəstə ilə böyük bir qoşunu məğlub edirdilər. Hicri tarixinin ikinci əsrində xəvaric firqələrindən birinin başçısı Əbdürrəhman ibni Rüstəm cənub-şərqi İran ərazisindən qiyam edib qərbdə Tahərt şəhərində 150 il ömür sürmüş və orada Rüstəmilər hökumətini təsis etmişdir.
MƏNFƏƏT GÜDƏNLƏR
Məzhəb və soy əsasında təşkil olunmuş bu üç dəstədən əlavə İraqda digər bir siyasi hərəkat da mövcud idi ki, şiəliyi dini cərəyan gördüklərindən tarixçilər onlara e’tina etməmişlər. Ötən fəsildə Ərəbistanın islamdan əvvəlki siyasi-ictimai durumunu şərh edərkən Ərəbistanın şimal və şərqində yerləşən kiçik dövlətlərin iki böyük imperiya Rum və İranın əlində alətə çevrildiyini də demişdik. Bu iki imperiya Asiyadan Avropa və Afrikaya uzanan ticarət yolunu əldə etmək üçün bir-birləri ilə vuruşmuş, ərəblər, daha doğrusu bu iki məntəqənin (Şam və İraq) sakinləri də onların arxasınca düşmüşdülər. Hər iki məntəqənin hakimiyyətinin güclü və zəif olması iki imperiya arasında əldə olunan qələbə və məğlubiyyətdən asılı idi. İki qüdrətdən birinin məhv olması, o birinin isə zəifləməsi ilə islam dininin yayılması sayəsində İraq islamın əhatə dairəsinə daxil olmasına baxmayaraq, onlar arasındakı düşməçiliyi də unutmadılar. Lakin dini qəbul etdiklərinə və müsəlmanların fəthlərə başları qarışdığına görə iraqlılarla şamlılar arasındakı düşmənçilik müvəqqəti unuduldu. Əbu Bəkrin, Ömərin, həmçinin Osmanın xilafəti zamanı hansı nahiyə və qəbilədən olmasından asılı olmayaraq ərəblər ərəb olmayan ölkədə qeyri-ərəb və qeyri-müsəlmanlara qarşı vuruşar, bə’zən də şamlılarla iraqlılar bir cəbhədə düşmənə qarşı döyüşərdilər. Əli (ə) öz xilafəti zamanı İraqı özünə mərkəz seçdikdən sonra iraqlılar onun ətrafına toplaşaraq şamlılarla qarşı döyüşdülər. İraq hakiminin Şam hakiminə aldanması ilə onlar yenidən Şama tabe olacaqlarını anladılar. Aydındır ki, bu dəstə insanlar həmişə öz arzularına yetişmək üçün dini əqidələrindən bir vasitə kimi istifadə etmişlər. Belə insanlar təhlükə hiss etməyib işləri düyünə düşməyincə zamanın məsləhətinə uyğun olaraq dini dəstələrin kənarında dayanmışlar. Xəvaric quru təfəkkürə malik olduğundan, həmçinin saylarının az olmasına görə peşəkar siyasətçilər kimi öz məsləhət və xeyirlərini şiələrin arxasında dayanmaqda, zahirdə Əli (ə)-ın ailəsinə tərəfdar olmaqda görürdülər.
Bu haqda yazdığımız mə’lumatlar tarixi faktlara əsaslanır. Biz görürük ki, Əli (ə) qələbə çaldıqda (Cəməl döyüşü və Süffeyn döyüşünün başlanğıcı) İraq əhalisi ondan uzaqlaşmırlar. Süffeyn müharibəsində siyasi uğursuzluqları gördükdən sonra onun əleyhinə qalxdılar. Əli (ə) onları döyüşə çağırdıqda bəhanə gətirirdilər. Əgər bunlar həqiqətən də Əli (ə)-ın davamçıları olub, onu İmam hesab edir və ona tabe olmağı vacib bilirdilərsə gərək həmrəy və müttəfiq olub onun arxasında dayanaydılar, ancaq belə etmədilər. Zahirdə Əli (ə)-la birgə olsalar da gizlində öz mənfəətlərini güdürdülər. Əlidən (ə) sonra övladları Həsən (ə), Hüseyn (ə) və nəvəsi Zeydlə də belə rəftar etdilər. Bu çirkin üslub Əməvi hakimiyyətinin sonuna qədər davam etdi. Başlarının üstünü qəddar və qüdrətli hakim aldıqda sakit oturar, siyasi qarmaqarışıqlıq düşdükdə isə gizli yuvadan eşiyə çıxaraq dəstələr və cəmiyyətlər təşkil edərdilər. Peyğəmbər övladlarından birinə arxa olub onu irəli verərdilər. Müqavimət göstərə bilməyəcəkləri aydınlaşdıqda isə onu və onun doğru ardıcıllarını düşmən müqabilində yalqız buraxıb yenidən yuvalarına dönər, münasib bir şəraitin yaranmasını gözləyirdilər. Əgər bunlar həqiqətən saf əqidə sahibləri olsaydılar xəvaric tək ölümdən qorxmamalı, dindar olsaydılar Hüseyn (ə) köməkçiləri tək son nəfərə qədər düşmənlə vuruşmalıydılar. Lakin bunlar belə deyildilər. Çünki din qayğısı çəkmirdilər, istədikləri əsas şey İraqın Şamın müstəmləkəsinə çevrilməməsi məsələsi olmuşdur. Mə’lum olduğu kimi, orada yenidən Ləxmililərlə Ğəssanilər arasındakı düşmənçilik başqa formada üzə çıxmışdı.
İraqda, xüsusilə də Kufədə başqa bir dəstə mövcud idi ki, təşkilati quruplaşmya malik olmasalar da get-gedə hökumətlərin qarşısında böyük bir problemə çevrilirdilər. Bunlar fəth olunmuş ərazilərdən gətirilmiş yeni müsəlmanlar idilər ki, hər biri ayrı-ayrı ərəb qurplaşmalarına bağlı idi. Bu səbəbdən də islam tarixində onları azad edilmiş qullar və ya nökərlər adlandırmışlar. Bu nökərlər və onların hərəkatı haqda söhbət açacağıq. Bunlar hansı siyasi qruplaşmalardan daha artıq mənfəət əldə edəcəklərini bildikdən sonra ona yaxınlaşırdılar.
Böyük müsəlman əyalətlərinin dini, siyasi və ictimai vəziyyətləri verdiyimiz qısa mə’lumatla aydınlaşdı. Bu üç əyalət (Şam, Hicaz və İraq) müsəlmanların üç dairəsində həlledici rola malik olduqları üçün böyük əhəmiyyət kəsb edirdilər. Gördüyünüz kimi, hicrətin 35-ci ilindən bu yana islami ərazilərin idarə olunmasında ən başlıca rolu İraq və Şam oynamışdır.
ŞƏRQ MƏNTƏQƏSİ
Digər nahiyələrdən, xüsusilə də şərq nahiyəsi barədə əlimizdə çox az mə’lumat vardır. Bu ərazinin tarixi uzun illər boyu araşdırılmamış qalmışdır. Buna görə də bu ərazidə bir-birinin ardınca baş vermiş hadisələrə dəqiq münasibət bildirmək olmur. Lakin bu dəyişikliklərin orada nəzərə çarpacaq dərəcədə tə’sir buraxmasını güman etmək olmaz. Əsrlər boyu təşkilata malik olan geniş bir ərazinin dağıldıqdan sonra az bir zamanda yenidən formalaşması üçün uzun illərin ötməsi lazım idi. Ancaq bir şey aydındır ki, o zaman şərq nahiyəsi bütövlükdə Kufənin ardınca gedirdi. Əgər Şamın və Müaviyənin müxalifətini nəzərə almasaq, bu illər boyu geniş islam dairəsinin müqəddəratını tə’yin edən Kufə şəhəri olmuşdur. Yenidən Kufəyə dönək.ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRAKI KUFƏ
Əvvəldə yazmışdıq ki, Əli (ə)-ı dəfn etdikdən sonra Kufədə şiələr onun oğlu imam Həsən (ə)-la bey’ət etdilər. Lakin o həzrətin xilafətinin ilk günündən problemlərlə üzləşəcəyi aydın idi. O, ilk növbədə Kufədə təhlükəsizlik yaratmalı, Misirə, Hicaza və şərq nahiyəsinə (Xorasan, Azərbaycan və sair) hakimlər seçməli idi. Ən başlıcası isə Müaviyəni işdən kənar edib Şam problemini həll etməli və ya onun İraqa uzanan əlini kəsməli idi. Hələ Əli (ə)-ın dövründə Şam problemi çox ağır bir məsələ idi. Müaviyə özünü müsəlmanların xəlifəsi e’lan etdikdən sonra bu məsələ daha da çətinləşmişdi. Dəməşqin işi asanlıqla həll olunası bir problem deyildi. İmam Həsən (ə) hansı qüvvə ilə Müaviyəyə qarşı vuruşacaqdı? O, atasının ömrünün son günlərində İraq əhalisini Müaviyə ilə mübarizəyə çağıran zaman onun çağrışına cavab verənlərin az olduğunu görmüşdü. Şamı hesaba almasaq belə, əlçatmaz və geniş əyalətlərdəki böyük və məs’uliyyətli dövlət işlərini kimə həvalə edəcəkdi? Bu vəzifənin öhdəsindən gələ biləcək imanlı, işbilən, şücaətli və bunların üçündən də mühüm hesab edilən tamahsız müsəlmanlara ehtiyac duyulurdu. Onun ətrafına toplaşanların əksəriyyəti düzgün iman sahibi deyildilər. Müaviyənin ətrafındakılara verdiyi saysız-hesabsız peşkəşlər onların gözünü heyrətə salmışdı. Bunlar atası Əli (ə)-ın ürəyini qana döndərən əhali idi. Artıq az bir müddət ərzində qruplaşmalar müəyyən olmuşdu. Bəsrədən və Osmanın tərəfdarlarından da bir şey gözləmək olmazdı, çünki onlar Müaviyədən əl çəkən deyildilər. Xəvaric də ona müvafiq üz göstərməyəcəkdi, onlar ötən il sadə bir şeyi özlərinin təsəvvürünə görə xoşagəlməz bilib onun əleyhinə idilərsə, bu il daha böyük məsələləri iddia edib hakimiyyət və xilafət istəyində idilər. Onun arxası yalnız şiəlik iddiasında olanlar idisə də, onların da bir çoxu özünü yalnız zahirdə şiəyə oxşatmışdı. O kəslər imamın atasını Hicazdan İraqa çağırıb sonda onu tək qoyanlar, ya onunla üzləşib ikiüzlü rəftar edənlər olmuşlar.
Özlərini şiə cildinə salanlar həmin siyasi dəstələr idi ki, onların dini cəbhədə durumaqla nə məqsəd güddüklərini yuxarıda qeyd etmişdik. Təbiidir ki, belə insanlar ataya göstərdikləri münasibətdən oğula da göstərəcəkdilər. Lakin saf ürəkli, əqidəsində möhkəm olan, atasının və özünün sadiq sirdaşları sayılan şiələr bə’zi hallarda bu saxtakarların yalanına uyub onların tələsinə düşürdülər. Çünki onlar təsəvvür edə bilmirdilər ki, bir belə hay-küylü qalmaqal Allah razılığı üçün deyil, dünyəvi məqsədlər üçün də ola bilər. Digər tərəfdən Müaviyə də sakit oturmamışdı. Onun muzdurları Hicazda, Misirdə, hətta İraqın daxilində belə, əks təbliğatla məşğul idilər. Qəbilə başçılarını ələ almaqla, rüşvət vermək və ya onları öldürməklə, İraq ərazisində şayə və yalan yaymaqla, sərhəd şəhərlərini qarət edib sakinlərini qorxutmaqla, Müaviyənin əli açıqlığı, zirəkliyi və hökuməti idarə etməkdə xüsusi bacarığa malik olması haqda əfsanələr uydurmaqla məşğul idilər. Bütün bunların hamısı İraqı ələ keçirmək üçün Müaviyəyə kömək idi.
Müaviyə öz qoşunu ilə İraqa yaxınlaşaraq Məskində mövqe tutdu. Əli (ə) ömrünün son günlərində Şama hücum etmək üçün qoşun toplamışdı, bu qoşun öz vəzifəsini yerinə yetirməli idi. Lakin sərkərdə kim olmalı idi? Sə’d ibni Ubadə, ya Əş’əs ibni Qeysm və ya Abbasın oğlu Ubeydulla? Qeys Şama tərəf getməyə hazırlaşdı, imam Həsən (ə) isə Mədainə yollandı. Lakin qoşunun içərisində hər gün yeni xəbərlər eşidilirdi. Bir gün Qeysin öldürülrmək xəbəri yayıldı. Bu xəbərin yayılması ilə qoşunun içində çaxnaşma baş verdi.
Əhali İmamın çadırına hücum edib oradakı əşyaların hamısını qarət etdilər, hətta ayaq altına salınan palazı belə çəkib apardılar. İmam bir yerə sığınmaq üçün yola düşdükdə yolda ona hücum edib qılıncla ayağını yaraladılar. Təbəri yazır: Həsən (ə)-ın çadırı qarət edilən gün o, Sə’d ibni Məs’ud Səqəfinin (Muxtarın əmisi) evinə getdi. Sə’d İmam tərəfindən Mədainə hakim tə’yin edilmişdi. Bu vaxtlar cavan oğlan olan Muxtar Sə’də dedi:
Sərvət və şərəf sahibi olmaq istəyirsənmi?
Necə?
Həsəni tutub Müaviyəyə təslim et və bunun müqabilində nə qədər pul istəsən ondan al!
Allah sənə lə’nət etsin! Nə pis adamsan!
Peyğəmbər nəvəsini onun düşməninə necə təslim edim.
Muxtar 25 il sonra Kufədə Əməvilər əleyhinə baş vermiş hərəkata rəhbərlik etmişdir (onun barəsində geniş söhbət açacağıq). Bəlkə də sonrakı dastan qoşanlar (Zübeyrin oğlunun havadarları) Muxtara bu töhməti vurmuşlar, lakin bu mə’lumatın doğru olması da mümkündür. Ancaq hər halda bu mə’lumatlardan bir şey aydın olur ki, hər bir hərəkatda dəyişkən və sabit qalan ünsürlər mövcud olur. O günlər Kufədə müsəlmanların ümumi asayişindən daha çox öz mənfəətlərini güdən bir dəstə də var idi.
İmam Həsən (ə) dostluq iddiası edənlərin itaətsizliyini və özbaşnalıqlarını gördükdə, müqavimət göstərməyin faydasız olduğunu hesab etdi. Əgər Müaviyəyə qarşı müqavimət göstərib qoşuna (əgər onun ətrafında qoşun qalmış olsaydı) irəli getmək əmri versəydi belə, onlar Mədaindən çıxmamış qaçardılar. Muxtarın öz əmisinə təklif edərək onun qəbul etmədiyi fikri yerinə yetirərdilər, yə’ni imamı tutub düşməninə təslim edərdilər. Nəhayət imam Həsən (ə) Müaviyə ilə sülh sazişi imzaladı.
SÜLH SAZİŞİ
Sülh sazişinin mətni və orada qeyd olunmuş şərtlər nədən ibarət olmuşdur? Allah bilir. Bu sazişi əldə olunan vaxtdan kitablarda yazılan günə qədər 200 il vaxt keçmişdi. Bu ötən 200 il ərzində Əməvilər, sonra isə Abbasilər sülaləsi, həmçinin siyasi və siyasi-məzhəbi dəstələr bacardıqca bu sənədi və buna oxşar digər sənədləri özlərinə sərf edən və müxaliflərinin zərərinə olacaq surətdə dəyişdirmişdilər. Mühəddislərin hədisi qəbul etmək üçün söylədikləri şərtlər də həqiqəti işıqlandırmır. Hədis düzəldib dillərə salan şəxs mümkün qədər çalışıb onun mətnini və sənədini araşdırmağın yolunu da bağlayırlar. Belə hadisələri araşdırmaq üçün xarici amilləri də nəzərdən qaçırmaq olmaz.
Təbəri yazır: Müaviyə əvvəldə, sonunda möhür vurulmuş ağ kağızı imam Həsən (ə)-a göndərdi, İmam da öz şərtlərini ona yazıb Müaviyəyə qaytardı. Müaviyənin göndərdiyi möhürlü ağ kağız ona yetişdikdə, birinci məktubda yazdığı şərtlərdən daha üstün şrtlər tələb etdiyindən Müaviyə onu qəbul etmədi. İbni Əsir də bu hadisəni elə bu məzmunda qeyd etmişdir. Şübhə yoxdur ki, bu əhvalatı bu formada Əməvi dövrünün tarixçiləri özlərindən yazmış, həqiqəti dəyişdirərək əvəzində yerinə yalan əlavələr etmişlər. Mən bu kitabda, həmçinin digər yazılarımda qeyd etmişəm ki, birinci və ikinci əsrin hadisələrini təhlil edərkən yalnız üçüncü və dördüncü əsrlərdə toplanmış sənədlərə istinad etmək olmaz. Tam qətiyyət əldə etmək üçün xarici amillərin də köməyinə ehtiyac duyulur. İmam Həsən ibni Əli (ə)-ın həyatını qərəzsiz araşdıranlar çox gözəl bilirlər ki, o, şiələrin əqidəsinə görə də imam olmasına baxmayaraq insani keyfiyyətlərə malik yüksək əxlaqlı bir şəxs olmuşdur. O, baş verəcək döyüşdə çoxlu qan axacağını, Müaviyə ilə müharibənin heç bir nəticə verməyəcəyini biləndən sonra onunla sülh sazişi bağlamışdır. O, sövdəgər deyildi ki, mal üstündə alıcı ilə söhbət edə və ya malının yaxşı satıldığını görüb qiymətini qaldıra. O, elə bir əxlaqi keyfiyyətə malik bir insan idi ki, düşmən də onu e’tiraf etməyə məcbur idi. Əgər Müaviyənin möhür vurulmuş o ağ kağızı imam Həsən (ə)-a göndərməsi hekayəsi düzgün olsa, onda demək lazımdır ki, imam Həsən (ə) şərtləri yazaraq Müaviyəyə qaytarmış, o, da son arzusuna - müharibənin olmayacağı arzusuna çatdığına və sazişdə qeyd olunmuş şərtlərin heç birinə əməl etməyəcəyinə görə belə yalanlar qoşub xalq arasında yaymışdır. Təəccüblü burasıdır ki, Təbərinin yazdığı sülh sazişinin surəti tarixi faktdan çox əfsanəyə oxşayır. Bu belə olduqda indi görün xarici rəvayətçilər nə yazarlar. Təəssüflər olsun ki, bu təhrif edilmiş qondarma sülh sazişi ölkəmizdəki dərsliklərdə də çap edilmiş, tarixçilər və müəlliflər hüsnü rəğbət göstərərək bütövlükdə onun hamısını yazmışlar. İmam Həsən (ə) bu şərtlə Müaviyəyə bey’ət etdi ki, Əlini mənbərlərdə söyməsinlər, bir də Kufənin xəzinəsini (beytül-malını), həmçinin Farsın Darabgerd əyalətinin vergisini İmamın ixtiyarına versin. Müaviyə Əli (ə)-a töhmət vurmaq şərtini qəbul etməsə də qərara alındı ki, Həsən (ə)-ın yanında Əliyə (ə) nalayiq sözlər deyilməsin. Lakin Darabgerdin vergisini Bəsrə əhalisi zəbt edərək dedilər ki, bu gəlir bizimdir. Daha təəccüblü burasıdır ki, müasir təhlilçilər də imam Həsən (ə)-ın bu mal-dövlətlə şiələrə dəymiş ziyanı bərpa etmək istəyini yazırlar.
Bu sadəlövh tarixçilər bir şeyə diqqət yetirmirlər ki, əgər imam Həsən (ə) mal-dövlətə görə Müaviyə ilə belə asan sülh sazişi bağlasaydı onun tərəfdarları onu sağ buraxmaz, ya da onunla elə tərzdə rəftar edərdilər ki, hətta müsəlman şəhərlərində asudə yaşaya bilməzdi. Kufə hara Darabgerdin vergisi hara?! Məgər İmam bu məbləği Şamın xəzinəsindən ala bilməzdimi? Müaviyə bu məbləği əsirgəyərdimi? Sülh sazişinin özəyini təşkil edən o əsas şərtlər bəs haradadır? Nə üçün Təbəri onların adını çəkmir?
Bu saxta sənədlər müqabilində həqiqəti açıqlayan bir neçə sənəd də varımızdır. Bu sənədlər göstərir ki, Əməvi və Abbasi dövrünün tarixçiləri hər hansı bir əhvalatın Peyğəmbər (s) ailəsinin mənfəətinə olduğunu gördükdə onu dəyişdirmişlər. Bəlazurinin yazdığı Təbəriyə nisbətən üstün və düzgün nəzərə çarpır.
O, yazır: Müaviyə möhür vurduğu ağ kağızı imam Həsən (ə)-a göndərdi. O, bununla demək istəyirdi ki, kağızda ürəyin istəyən şeyi yaz.
Bu Həsən ibni Əli (ə)-la Müaviyə ibni Əbu Süfyan arasında bağlanan sülh sazişidir. Onunla barışıq edib müsəlmanların hakimiyyətini aşağıdakı şərtlərlə ona tapşırır:
Allah kitabına, peyğəmbər sünnəsinə və dinin əmrlərinə uyğun hərəkət edən xəlifələrin əxlaqına əsasən rəftar etsin. Heç kəsi özünə vəliəhd (varis) tə’yin etməsin və ondan sonra iş müsəlmanların şurasına tapşırılsın.
Xalqın harada olmasından asılı olmayaraq canı, malı və övladları qorunmalıdır.
Müaviyə istər aşkarda, istərsə də gizlində Həsən (ə)-ın əleyhinə təxribat aparmamalı, onun yaxınlarından heç bir kəsi qorxutmamalıdır.
Abdullah ibni Haris və Əmr ibni Sələmə bu sülh sazişinə şahiddirlər.
İbni Həcər sülh sazişinin mətnini belə yazır:
Bu sülh sazişi Həsən ibni Əli (ə)-la Müaviyə arasında bağlanmışdır. Onunla sülh bağlayıb aşağıdakı şərtlər əsasında müsəlmanların hakimiyyətini ona tapşırır:
Allah kitabı, Peyğəmbər sünnəsi və Raşidi xəlifələrinin əxlaqı əsasında rəftar etsin.
Müaviyə ibni Əbi Süfyanın özündən sonra hər hansı bir şəxsi vəliəhd tə’yin etməyə haqqı yoxdur, ondan sonra iş müsəlmanların şurasına tapşırılsın.
Şamda, İraqda, Hicazda və ya Yəməndə və hər bir ərazidə yaşayan xalqın təhlükəsizliyi qorunmalıdır.
Əli dostları və şiələri harada olsalar da onların canı, malı, həyat yoldaşları və övladları qorunmalıdır.
Müaviyə ibni Əbi Süfyan Allah əhdini və sazişini öz üzərinə götürərək gizlində və aşkarda Həsənin və qardaşının və ya Peyğəmbər ailəsindən olan hər hansı bir kəsin əleyhinə təxribat aparmamalı, onlardan hər hansı birinin harada olmasından asılı olmayaraq qorxutmamalıdır. Filankəs və filankəs bu sülh sazişinə şahiddirlər.
Bu mətn yazılan sülh sazişinin əsl mətni olmasa da, demək lazımdır, o sülh sazişi təqribən bu məzmunda olmuşdur. Dövrün mövcud şəraiti bu nəzəri təsdiq edir. Belə ki, Müaviyə işləri elə qurmağa çalışırdı ki, müharibə baş tutmasın. O, deyərdi: Müharibənin ziyanları ona-buna bağışlanan sərvətdən daha artıqdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, ilk gündən o, sülh sazişində yazılanların hamısını olduğu kimi yerinə yetirilməyəcəyi qərarına gəlinmişdi. Belə ki, Müaviyə Kufəyə yollanaraq Nuxəylədə belə dedi: Bilin və agah olun ki, Həsən ibni Əli (ə)-a verdiyim imtiyazın hamısını tapdalayacağam.
Hər məzmunda və ya hər bir şərtlərlə imzalanmış sülh sazişi Kufədə, bütövlükdə İraq əhalisində narazılıq yaratdı. Din pərdəsi arxasında gizlənən siyasi dəstə Şamın İraqa qalib gəlməsini, paytaxtın Dəməşqdən Kufəyə qayıtmadığını gördükdə həddən artıq narahat oldular. Həqiqi dindarlar da Əbu Süfyan oğlunun müsəlmanlara hakim olmasını qəbul edə bilmirdilər. Onlar Əbu Süfyanın islam dininə qarşı son qüvvəsinə qədər vuruşmasını, onun qohumlarının müsəlmanlara verdikləri əzab-əziyyətlərin şahidi olmuş, onların yalnız qılınc təhlükəsini hiss etdikdə müsəlman olduqlarını görmüşlər. İndi heç rəva idimi ki, islama və islam peyğəmbərinə çətin günlərdə yardımçı olmuş ənsar və mühacirə belə bir ailənin üzvləri hakimlik etsin. E’tiraz səsləri eşidilməyə başlandı. İbni Əsirin yazdığına görə barışıq sazişi bağlanandan sonra bir nəfər imam Həsən (ə)-ın yolunu kəsib belə dedi: Sən bu işinlə müsəlmanların üzünü qara etdin. Və o həzrət cavabında belə buyurdu: Biz elə bir sülalədənik ki, olacaqla üzləşdikdə ondan əl çəkmirik. Mən babamdan belə bir günün gələcəyini eşitmişdim. Babam Peyğəmbər (s) buyurmuşdu: Yuxuda bəni Uməyyənin mənim mənbərimin üstünə çıxdığını görmüşəm.
Zəmanə imamına olan belə bir münasibət və bu sözlər onların həmin hadisədən, sülh sazişindən nə dərəcədə narahat olduqlarını və ya onların öz rəhbərlərinə olan imanlarını göstərir. Lakin görəsən döyüş baş tutsaydı şəxsən o kişi və onunla həmfikir olanlar dedikləri sözün üstündə həqiqətən duracaqdılarmı? Bəli, imtahan meydanında dindarların sayının az olacağı qəti bir məsələ idi.
Sülh sazişi bağlandıqdan sonra imam Həsən (ə) yaxın adamları ilə birgə Mədinəyə dönüb ömrünün sonunadək dost və düşmənin tə’nəsinə dözməli oldu. Hicri tarixi ilə 49-cu ildə Müaviyənin tərtib etdiyi plan üzrə o həzrətə zəhər verib şəhid etdilər.

 

 

 

 

 

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment