Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Hüseyn, Ondan beyət alınma cəhdi

İmam Hüseyn, Ondan beyət alınma cəhdi

 

Hüseyn ibni Əli (ə) valinin yanına gedib əvvəlcə Müaviyənin vəziyyətini soruşdu. Vali ona belə dedi: Müaviyə artıq ölmüşdür. Ona bey’ət etmək təklif edildikdə isə belə dedi: Belə bir işin gizlində görülməsi münasib deyil. Camaatı məscidə topla, görək nə etmək lazımdır. Həmin məclisdə Mərvan Vəlidə dedi: Hüseyni bey’ət etməmiş buraxma, əgər bey’ət etməzsə onu öldür. Hüseyn (ə) qəzəblənərək dedi: Sizin heç biriniz məni öldürə bilməzsiniz. Sonra valiyə dedi: Yezid şərab içən və fasiq bir insandır, müsəlmanlara hakim olmağa ləyaqəti yoxdur. Hüseyn (ə) onların yanından çıxdıqdan sonra Mərvan Vəlidi tənbih edib dedi: İndi ki, onu öldürmədin böyük bir iğtişaşla üzləşəcəyinə hazır ol!
Vəlid dedi: Mənə nə təklif edirsən? Peyğəmbərin nəvəsini necə öldürüm?
Mərvan dedi: Belə bir işləri görə bilməyən kəs yaxşı olar ki, hakimiyyətdən əl çəkib ibadətlə məşğul olsun.
Hüseyn ibni Əli (ə) o məclisdən çıxdıqdan sonra Məkkəyə səfər etmək üçün yol tədarükü gördü. Lakin Zübeyrin oğlu kimi gizlində deyil, camaatın gözü qarşısında Məkkəyə gedən əsas yol ilə oraya yollandı. Hüseyn (ə)-ın və Abdullahın Məkkəyə gəlişi ilə bu şəhər Yezidin əleyhinə olan bir mərkəzə çevrildi.
Yezidin hakimiyyəti islamın siyasi tarixində yeni bir səhifə açdı. Yezid nəinki dini tərbiyə, bəlkə heç adi tərbiyə də görməmişdi. Qeyd edilir ki, Müaviyə bir gün Yezidin anası Məysunun yanına gedərkən onun şəhər həyatını məzəmmət edib bu sözləri dediyini eşidir: Əba geymiş qara çadırda yaşamaq şəhərdə qalıb ipək paltarlar geyməkdən daha yaxşıdır. Müaviyə bu sözlərdən inciyərək onu oğlu ilə birlikdə öz qəbilsinə - qohumlarının yanına göndərdi. Beləliklə Yezid səhra tərbiyəsi aldı. O, burada ov ovlamaq, şe’r söyləmək və artıq danışmaqdan (çərənləmək) başqa bir şey öyrənmədi. Müaviyənin canişini olduqdan sonra isə onun ətrafına toplaşanların da nə dindən, nə təqvadan, nə də camaatın vəziyyətindən xəbərləri yox idi. Yezid islam qanunlarına zahirdə olsa da riayət etmir, belə ki, aşkar şəkildə camaatın gözü qarşısında şərab içib qumar oynamaqdan çəkinmirdi. Əli (ə)-ın xilafətini və ondan əvvəlki xəlifələrin dövrünü görmüş bir dəstə müsəlmanlar Müaviyə dövründə baş vermiş bid’ətləri də görərək Yezidin Müaviyənin davamçısı olduğunu hiss edir, hətta onun Müaviyədən artıq dərəcədə dini ayinləri yararsız saymasını gördükdə Yezidin onlara hakim olması ilə barışa bilmirdilər. Amma saylarının az olması ilə yanaşı, onların hər biri ayrı-ayrı yerlərdə yaşayırdılar. Bu məsələyə aydınlıq gətirmək üçün böyük əyalətlərin ictimai durumunu bir-bir araşdıraq.
ƏRƏBİSTAN ƏYALƏTLƏRİNİN VƏZİYYƏTİ
Qeyd edildiyi kimi, neçə illər idi ki, Şam Müaviyənin tam ixtiyarında idi, ondan sonra isə Yezidə tabe olmuşdu. Hicaz əyalətindən də nigarançılıq yox idi, çünki bu ərazidə yaşayan dindar əhali yeni hökumətlə müxalif olmalarına baxmayaraq onların narazılığı sözdən əmələ çevrilmirdi. Əməvidən olan bir neçə əsilzadələr hakimiyyət xəyalı ilə yaşayırdılar. Onlar bilirdilər ki, Hüseyn ibni Əli (ə) və Zübeyrin oğlu Abdullahın tərəfdarı olsalar heç vaxt arzularına çata bilməyəcəklər. Elə ona görə də Hüseyn (ə) və Abdullahın yanında deyil, bəlkə Yezidin arxasında durmağa üstünlük verirdilər. Münaqişəyə qoşulmaq istəməsələr də özlərinə tamaşaçı mövqeyi seçmişdilər.
Demək olar ki, Hicazdakı bu durum Osmanın xilafəti dövründən başlanmışdı. Qüreyşin bəni Haşimlə olan münasibəti yaxşı deyildi, onların hakimiyyətini (yə’ni Haşimidən olan rəhbəri) qəbul etmək istəmirdilər. Bu düşmənçiliyin bariz nümunəsi Vəlid ibni Uqbənin yazmış olduğu beytlərdə gözə çarpır. Başqa bir nümunə isə Əli (ə) Hicazdan çıxaraq İraqa tərəf yollanan zaman Abdullah ibni Səlam onun yolunu kəsərək belə dedi: Mədinədən kənara çıxma, əgər çıxmış olsan bir daha geri dönə bilməyəcəksən. Əli (ə) Rəbəzəyə, oradan da İraqa getmək istəyən zaman onu yalnız üç yüz nəfərdən ibarət bir dəstə müşayiət edirdi ki, onların da əksəriyyəti Mədinənin ətrafından toplaşıb Osmanı xilafətdən kənar etmək üçün gələnlər idi.
İRAQ
Şamı narahat edən yeganə əyalət İraq idi. Ötən fəsillərdə İraqın mövqeyi, həmçinin ictimai-siyasi vəziyyəti haqda qısa da olsa mə’lumat verdik. Hicrətin 36-cı ilindən İraq Şamla üz-üzə dayanmışdı, məcburiyyət qarşısında Şama təslim olmasına baxmayaraq heç vaxt bu əyalətə və onun hakiminə qarşı olan kin-küdurətini yaddan çıxarmamışdı. Müaviyə özünün 20 illik hakimiyyəti dövründə bu əyalətin camaatı ilə tədbir və hiyləgərcəsinə rəftar etmişdi. İraqın böyük adamlarını gah ölümlə qorxudar, gah rişxənd və söyüş söyməklə, gah da hədiyyə verib mehribanlıq göstərməklə sakitləşdirərdi. Ziyadın Bəsrə və Kufədəki qəddar siyasəti qara camaatın gözünü qorxutmuşdu. Nəticədə İraq 20 il müddətində qaranlıq sükuta qərq olmuşdu. Müaviyənin ölüm xəbəri bu əyalətə çatdıqdan sonra bir tərəfdən mərkəzi hökumətin Dəməşqdən Kufəyə köçməsinə çalışanlar münasib fürsətin ələ düşdüyünü hesab etdilər, digər tərəfdən də islamın halına acıyanlar bu neçə illər ərzində dinə edilmiş əlavələrin təmizlənməsi üçün bu anın münasib olduğunu sayırdılar.
Müaviyə ölən zaman demək olar ki, İraq bütövlükdə Əbu Süfyan ailəsinin ziddinə idi. Camaat yekdilliklə Yezidin müsəlmanlara xəlifə olmağa ləyaqətli olmadığını söyləyirdilər. Ancaq görəsən hamı dinin halına yanaraq Yezidin bu yüksək vəzifəyə layiq olmadığına görə onu istəmirdilər, yoxsa yox? Bu suala qətiyyətlə doğru cavab vermək mümkün deyil. Mə’lumdur ki, bu ərazidə yaşayan peyğəmbər səhabələri, mühacir və ənsarın övladları hələ də islam fiqhi və peyğəmbər sünnəsi ilə tanış idilər, hakimlərin müsəlmançılığın zahiri ayinlərinə riayət etmədiklərini gördükdə artıq dərəcədə narahat olurdular. Ancaq başqaları necə? Onlar da Yezidi islamın zahiri əməllərinə riayət etmədiyinə və ya atasıyla olan düşmənçiliklərinə görə istəmirdilər. Yaxud da atasının Muzərilərin Yəmanilər üzərindəki hakimiyyətini qəbul etməməsinə görə istəmirdilər. Əgər bir az əvvələ gedib tarixin toz basmış səhifələrini vərəqləsək, Ləxmilərlə Ğəssanilər arasındakı düşmənçiliyi araşdırsaq, Şamla İraq arasındakı hakimiyyət davasını görüb Müaviyə ilə Yezidin yaratdığı ictimai şəraiti dəqiq şəkildə başa düşərik. Müaviyə öldükdən sonra şamlılara lazımi dərs verilməli, 20 il bundan qabaq İraqdan Şama köçürülmüş hakimiyyət yenidən əvvəlki mərkəzinə qaytarılmalı idi.
Fürsət güdən bu siyasətçilər Yezidin müqabilində kimə tərəfdar olmalı və kimi gücləndirməli idilər? Zübeyrin oğlundan bu işi gözləmək olmaz, cəsarətli olmasına baxmayaraq ictimai nüfuza malik deyildi. Bir tərəfdən o, özü də Muzəri tayfasından idi. Hakimiyyətə gəlsə də öz tayfasını himayə edəcəkdi. Qəhtanilər Məhəmməd (s)-la peyğəmbərliyin onuncu ilində tanış olmuş, əhd-peyman bağlayaraq onu öz şəhərlərinə də’vət etmişlər. Ondan sonra isə əmisi oğlu və kürəkəni olan Əli (ə)-ın yanında olmuş, həmçinin Həsən ibni Əli (ə)-la da bey’ət etmişlər. İndi isə Hüseyn ibni Əli (ə) təqvalı, əzəmətli, səxavətli, şücaətli, bir sözlə bütün insani keyfiyyətləri özündə cəm edən şəxs, hər iki dəstənin (dindarların və siyasətçilərin) arzularını həyata keçirməyə qadir olan bir kəs ola bilərdi. O, Yezidə bey’ət etməmişdi və bu baxımdan onun müqabilində heç bir cavabdehlik daşımırdı. Yezidin xilafətinə e’tiraz əlaməti olaraq Mədinədən Məkkəyə getmişdi və buna görə də onu İraqa də’vət etmək lazım idi.
Kufədə yığıncaq və toplantılar təşkil olunaraq gurultulu çıxışlar edildi. İslam dininin qürbətə düşməsinə dair, peyğəmbər sünnəsinin sıradan çıxarılıb bid’ətlərin dirçəlməsi haqda ah-nalə edərək göz yaşları axıdıldı və Müaviyənin Əli (ə) şiələrinə qarşı verdiyi əzab-əziyyətdən şikayətlər edildi. Deyilənlərə görə ilk toplantı Xuzaə tayfasından olan Süleyman ibni Sərdin evində təşkil edildi.
Süleyman öz yerlilərini yaxşı tanıdığına və öz əhdlərinə vəfasız olmasından xəbərdar olduğuna görə onlara dedi: Hüseyn ibni Əli (ə)-a yardım etmək bacarığına malik olduğunuz halda onu çağırın, boş yerə onu Allahın evindən uzaqlaşdırmayın! Toplantıda iştirak edənlərin hamısı “biz son anadək Hüseyn (ə)-ın yanında olub, Yezidə itaət etməyəcəyik” dedilər.
İRAQLILARIN MƏKTUB YAZMASI
Nəhayət imam Hüseyn (ə)-a məktublar göndərildi. Məktub yazanlar islam ayinlərinin və şəriət hökmlərinin dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yanaşı yazırdılar ki, biz Yezidi xəlifə saymırıq, yalnız səni imam olaraq qəbul edirik və Yezid tərəfindən Kufəyə hakim tə’yin olunmuş Nö’man ibni Bəşiri rəsmi olaraq hakim qəbul etmir və onun arxasında namaz qılmırıq. Kufədə əli qılınc tuta bilən 100000 min kişi sənə kömək etməyə hazırdır. Əgər onların də’vətini qəbul etməyib dini himayə etmək üçün ayağa qalxmasan Allah yanında cavabdeh olacaqsan.
Sonra yenidən məktublar göndərildi. Belə ki, ibni Əsir onların sayını 150-yə yaxın olduğunu yazmışdır. Lakin bə’ziləri məktubların sayını minə qədər qaldırmış, hətta bu rəqəmi həddindən artıq artırıb on iki minə çatdıranlar da vardır. Məktubların sayı lazımi həddi aşdıqdan sonra imam Hüseyn (ə) Kufə camaatını intizarda qoymamaq üçün onlara cavab verilməsini lazım və gərəkli hesab etdi. O, kiçik bir məktubda belə yazdı: E’tibar etdiyim əmim oğlu Müslimi sizin yanınıza göndərirəm ki, yaxından şəhərin vəziyyəti ilə maraqlanıb mənə mə’lumat versin, yazdıqlarınız doğru olsa sizin yanınıza gələcəyəm. Başqa bir tərəfdən bəni Üməyyə tərəfdarları, öz mənfəətlərini Dəməşqlə yanaşı olmaqda görənlər, həmçinin ağır günləri nəzərdən qaçırmayan kəslər Şama məktub yazıb göndərdilər. Yezidə yazırdılar ki, Kufəni, ümumiyyətlə İraqı əldən vermək istəmirsənsə oraya layiqli bir hakim göndərməlisən, çünki Nö’man ibni Bəşir bacarıqsız adamdır və ya özünü bilərəkdən belə aparır. Yezid rumlu müşaviri Sərcunla məşvərət edərək Bəsrənin hakimi olmuş Ziyadın oğlu Ubeydullahı Kufəyə hakim tə’yin etdi. Digər tərəfdən isə Müslim imamın məktubu ilə birgə Kufəyə getmişdi. Şəhər camaatı onu böyük təmtəraq, həyacan və istiqanlıqla qarşıladılar. O, özü pak əqidəli müsəlman olduğundan belə şövqlə ona bey’ət edən xalqın sonradan asanlıqla ondan ayrılıb ətrafını boş qoyacaqlarını belə, güman etmirdi. Camaatın bu istiqbalını gördükdə Hüseyn (ə)-a bir məktub yazdı: İraq və Kufə camaatı sənin tərəfdarındır və sənin gəlişini gözləyirlər, tezliklə İraqa gəlməyin məsləhətdir.
HÜSEYN (Ə)-IN İRAQA TƏRƏF YOLLANMASI
Müslimin məktubu imam Hüseyn (ə)-a çatdıqdan sonra öz ailəsi, övladları və bir dəstə dostları ilə birgə İraqa tərəf yollandı. Digər tərəfdən isə Ubeydullah Yeziddən göstəriş aldıqdan sonra Kufəyə yollandı. Ubeydullah İraq camaatını, xüsusilə də Kufə əhalisini lap yaxşı tanıyırdı. Atası uzun illər boyu bu şəhərdə hakim olmuş və o, da atasının əli altında böyümüşdü. O, Kufə camaatı ilə necə rəftar edəcəyini çox gözəl bilirdi. Şəhərə yetişdiyi ilk gündən qorxu və rüşvət gücünə əhalini, bacarıqlı şəxsləri ələ aldı və onların vasitəsilə başqalarını susduraraq öz yerlərində oturtdu. Casus tə’yin etmək vasitəsi ilə Müslimin gizlənmiş olduğu yeri öyrəndi. Əvvəlcə Müslimə sığınacaq vermiş Hani ibni Urvəni zindana saldı. Müslim öz tərəfdarları ilə birgə müharibəyə qalxdı. Ancaq bu dəstə (onların sayının 100000 olduğunu qeyd edirlər) müharibə hələ qızışmamış, şücaət nümayiş etdirmədən və heç bir tələfata mə’ruz qalmadan bir gün ərzində Müslimin ətrafından dağıldılar, beləki, o, axşam namazını qıldıqdan sonra ətrafında bir nəfərin belə olmadığını müşahidə etdi. Nəhayət Müslimin gizləndiyi yeri hakimə mə’lumat verdilər. Müslim yaxalandıqdan sonra Ubeydullahın göstərişi ilə Hani ilə birgə öldürülərək başsız bədənlərini Kufə bazarlarında yerlə sürüdülər. Kufənin başçıları evlərinə elə soxulmuşdular ki, guya heç bir hadisədən xəbərləri yox idi.
Hüseyn (ə) yolda olarkən Müslimlə Haninin ölüm xəbərini, həmçinin Kufə camaatının öz əhdlərinə vəfasız olduqlarını eşitdi, bu xəbəri onu müşayiət edən yoldaşlarına da yetirdi. Və onları yolu davam etdirməkdə və ya ondan ayrılmaqda azad buraxdı. Bir dəstə adamın geri dönməsinə baxmayaraq yaxın qohum-əqrəbası ilə bir neçə müxlis və imanlı yoldaş və sirdaşları onunla qalmışdılar. İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın keşikçi qoşunu ilə üzləşdi. Bəni Riyah qövmindən olan qoşun başçısı Ziyadın oğlu Hürr İmamın yolunu kəsərək nəhayət onları Kərbəla adlı ərazidə dayandırdı. Kufənin hakimi İmamın Kufəyə yaxınlaşmaq xəbərini aldıqdan sonra Sə’d ibni Əbi Vəqqasın oğlu Ömərin başçılığı ilə daha bir qoşun onun üzərinə göndərdi. Ubeydulah Hüseyn (ə)-dan Yezidə bey’ət etməsini istəyirdi, lakin İmam qəbul etməyib döyüşə hazırlaşdı.
KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏ’SİRLƏRİ
Hicri tarixinin 61-ci ili Məhərrəm ayının 10-u bir neçə saat müddətində baş verən mübarizədə imam Hüseyn (ə) və onunla birgə olan kişilər və cavanlar şəhid edildilər. Qadınlar və imamın yetkin yaşa dolmayan övladları əsir edilərək Kufəyə, ordan da Şama yollandılar. Yalnız xəstə halda olan Əli ibni Hüseyn (ə)-ı öldürmədilər.
Bu acınacaqlı faciə başdan-başa islam dünyasında narazılığa səbəb oldu, hətta Əməvilərin tərəfdarları belə keçirdikləri təəssüf hissini gizlədə bilmədilər. Bu vaxt Məkkədə yaşayan Zübeyrin oğlu Abdullah bu fürsətdən istifadə edərək Kərbəla faciəsini əldə əsas tutub Yezidi məzəmmət etməyə başladı. İraqlıları xəyanətkar, əhd-peymanı pozan adlandırıb camaatın onunla bey’ət etməsini istədi. Ubeydullahın mə’murlarının sərt nəzarətinə baxmayaraq Kufə əhalisi də əksül-əməl göstərdi. Ubeydullah mənbərdə Yezidi və onun nəslini tərif edib imam Hüseyn (ə)-a və atalarına nalayiq sözlər dediyi zaman Əzd qövmündan olan təqvalı, özü də kor olan Abdullah ibni Əfif ayağa qalxıb onun sözünü kəsdi. Peyğəmbər (s)-ın ailəsinə verdiyi söyüşləri onun özünə, bir də onu buraya hakim tə’yin edənə qaytardı. Dövlət məmurları onu susdurub tutmaq istədikdə Əzd tayfası onu himayə etmək üçün ayağa qalxdı və onlarla hakimin məmurları arasında toqquşma baş verdi.
Bu il Mədinənin hakimi Utbə ibni Əbu Süfyanın olmasına baxmayaraq şəhər sakit oturmamışdı. Təbəri bu şəhərdə vəziyyətin sakit olmamasına dair bir şey yazmışdır. Lakin iki il ərzində üç dəfə hakim dəyişikliyinin baş verməsi şəhərdə vəziyyətin qeyri-normal olmasını yetirir.
Təbəri yazmışdır: Zübeyrin oğlu Abdullah Mədinənin hakimi Vəlid ibni Utbənin əxlaqının kobud olmasından Yezidə şikayət etmiş və ondan oraya mülayim əxlaqlı bir hakim göndərməsini tələb etmişdir. Yezid də Osman ibni Məhəmməd ibni Əbi Süfyanı o şəhərə hakim yollamışdı. Ancaq inandırıcı deyildir ki, belə bir vəziyətdə Abdullah Yezidə Mədinənin hakimini dəyişmək məsələsinə dair məktub yazmış olsun. Ancaq həqiqətə uyğun gələn budur ki, Yezid cavan şahların yolu ilə gedərək təcrübəli kişiləri iş başına qoymaq istəmirdi. Bu səbəbdən də yeniyetmə cavanları hakim tə’yin edərdi, onlar da xalqı lazımınca tanıya bilmir və hökumətin idarə olunmasında çətinlik çəkirdilər.
Təbərinin yazdığına əsasən Osman da yeniyetmə və təcrübəsiz cavan idi.
Hər halda səbəb nə olsa da belə, yeni hakimin qədəmləri onun özünə və şəhərin əhalisinə düşərli olmadı. Güman etdiyi kimi özünün bacarıqlı olduğunu göstərmək, Mədinə böyüklərini razı salmaq və hakimin olduğu ərazini sakit saxlamaq istədi.
Mühacir və ənsar övladlarının bir dəstəsini cavan xəlifənin yanında görüb onun bəxşiş və mərhəmətini qazanmaq üçün Dəməşqə yolladı.
Yazdığımız kimi Yezid dini tərbiyə görməmiş, ümumiyyətlə adicə ailə tərbiyəsi almamışdı. Bundan əlavə belə bir hakimiyyətin xüsusiyyəti də budur ki, yaşlı və təcrübəli adamlar onun ətrafını boş qoyub gedər, əvəzində yaltaq, sərvət toplayan cavanlar yığışaraq onun dediyi hər bir sözə, etdiyi hər bir əmələ afərin deyərlər.
Yazılarda onun rumlu müşaviri Sərcunun da adı çəkilir. Görəsən xaçpərəst olan bu adam zahirdə müsəlman xilafəti sayılan Yezidin hakimiyyətində nə məqsədlə çalışırdı? Allah bilir!
Lakin bir şeyi tam qətiyyətlə demək mümkündür ki, Yezid geniş əraziyə malik müsəlmanların əhatə dairəsini idarə etməkdə aciz idi. Peyğəmbər nəvəsindən bey’ət alınmasında tələskənlik etməsi, 61-ci il Məhərrəm ayında elə bir faciə törətməsi, ən dəhşətlisi isə peyğəmbər ailəsini əsir edib Kufəyə, oradan da Şama aparması, bütövlükdə bunların hamısı onun təcrübəsiz, bəlkə də ağılsız bir insan olduğunu göstərir.
Ən pisi bu idi ki, Mədinənin hakimi ənsar və mühacir övladlarını onun yanına göndərdiyi zaman, Yezid onları elə qarşıladı ki, guya onun tay-tuşlarını və ya uşaqlıq dostlarını yanına gətiriblər. Əgər onun azacıq da olsa ağlı və ya təcrübəli müşavirləri olsaydı qonaqlar sarayda olan müddətə qədər gərək düşünülmüş surətdə rəftar etmiş olaydı. İslam ayininə əks olan hərəkət etməməli, zahirdə də olmuş olsa özünü dinə bağlı müsəlman kimi aparmalı idi. Lakin onun nə dindən xəbəri var idi və nə də xalqdan.
Mədinə şəhəri islam Peyğəmbəri (s) oraya köçdükdən sonra islam hökumətinin paytaxtına çevrilmişdi. Ora Peyğəmbər (s)-dan sonra hicri tarixinin 35-ci ilinədək xilafət mərkəzi olmuş və xəlifələrin üçü də bu şəhərdə yaşamışdır. Əli (ə) paytaxtı və hökuməti Kufəyə köçürməsinə baxmayaraq Mədinə yenə də öz dini və elmi rövnəqini əldən verməmişdi. Mühacir və ənsardan olan bir dəstə, böyük şəxsiyyətlər orada yaşayaraq dünyalarını dəyişmiş və onlardan sonra övladaları onların yerini tutmuşdular. Hicrətin ilk çağlarında təqva və pərhizkarlıq dalğası şəhəri bürümüş və az-çox hələ də davam etməkdə idi.
Yezid bu camaatı tanımalı, öz rəftarlarına fikir verməli idi. Lakin o, belə etmədi. Deyəsən elə bu günlər idi ki, meymuna paltar geyindirib ulağa otuzduraraq atlarla yarışa göndərmişdi. Hər halda bu hadisə onun başıboşluğunu çatdırır. Məs’udinin yazdığına görə Yezidin yaramaz bir meymunu var idi, şərab içən zaman saraya daxil olaraq balışa söykənərdi. Bu meymunun da əhilləşdirilmiş bir vəhşi ulağı var idi. Günlərin bir günündə meymunu ulağa mindirib atlarla yarışa çıxmağa göndərdi və o atları ötərək müsabiqənin qalibi oldu. Şam şairlərindən birinin yazdığı şe’rin məzmunu belədir:
Əbu Qeys, ulağın noxtasından bərk tut
Çünki onun üstündən yıxılsan ona heç bir cərimə yoxdur.
Kim indiyəcən görüb ki, vəhşi bir ulaq
Meymunu əmirəl-mö’minin atlarından qabağa salmış olsun.
Deyilənlərə görə bu şe’rləri Yezid özü yazıb, bəlkə də bu ehtimal doğrudur, çünki Ğərsün-nə’mə ibni Hübeyrə ilə Ziyad ibni Ubeydi Harisi arasındakı baş vermiş danışığa həsr etdiyi hekayənin sonunda belə yazır:
Ziyad deyir: Mərvanın yanına gedərkən o, məndən soruşdu ki, səninlə ibni Hübeyrə arasındakı danışığın məzmunu nədən ibarət idi? Cavab verdim ki, görəsən meymunun ləqəbi Əbu Qeysdir, yoxsa Əl-yəmən. Mərvan gülərək dedi: Doğrudur, məgər əmirəl-mö’minin “Əbu Qeys, ulağın noxtasını möhkəm tut” deməyibmi.
Yezid Mədinədən gəlmiş nümayəndələrə hörmət göstərib onlara saysız-hesabsız hədiyyələr bağışladı. Hətta onlardan birinə (Munzər ibni Zübeyrə) yüz min dirhəm verdi. Lakin onun ləyaqətsizliyi və alçaq tərbiyəsi qonaqlara gizlin qalmadı. Onlar öz şəhərlərinə qayıtdıqdan sonra Peyğəmbər məscidində fəryad edərək Yezid haqda yaramaz sözlər danışmağa başladılar. Və onlar “biz dini olmayan, şərab içən, it oynadan, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin yanından gəlirik” dedilər. Sizi şahid tutaraq onu xilafətdən azad etdik (yə’ni xəlifə hesab etmirik).
Şəhər əhalisi Abdullah ibni Hənzələ (mələklər vasitəsilə yuyulan) ilə bey’ət edərək bəni Uməyyədən olan min nəfəri ilk olaraq Mərvan ibni Həkəmin evində mühasirəyə aldılar sonradan onları şəhərdən qovdular. Bu çətin və ağır günlərdə Mərvan Abdullah ibni Ömərin yanına gedib onun ailəsini öz yanında saxlamasını istədi, ancaq Abdullah qəbul etmədi. Mərvan onun himayəsindən mə’yus olaraq Əli ibni Hüseyn (ə)-ın yanına gedib ona dedi ki, mənim də ailəm sənin ailənlə bir yerdə olsun. Əli ibni Hüseyn (ə) onun xahişini özünəməxsus bir böyüklüklə qəbul edib Mərvanın yaxın adamlarını özünün xanımı və övladı ilə birgə Yənbu’ adlı bir yerə göndərdi. Mərvan daim bu yaxşılıqdan razılıq edirdi. Lakin Təbəri yazır ki:
Əli ibni Hüseyn (ə)-la Mərvanın qədimdən dostluq əlaqələri var idi, ancaq bu sözün heç bir əsası yoxdur. Mərvan heç bir zaman Bəni Haşimlə xoş rəftar etməmişdir. Deməli onunla Əli ibni Hüseyn (ə) arasında dostluq münasibəti olmamışdır. Təbəri Haşimi ailəsinin malik olduqları səxavətə göz yumaraq onu yalnız şəxsi dostluqla əlaqələndirmək istəmişdir.
Mədinə əhalisinin iğtişaş xəbəri Yezidə çataraq onu həddən artıq hiddətləndirir. İlk olaraq bu şəhərin və Məkkənin işini Zübeyrin oğlu Abdullaha, qiyamı yatırtmaq məsələsini də Ubeydullah ibni Ziyada tapşırmaq istəyir, ancaq Ubeydullah qəbul eməyib dedi: Bir fasiqdən ötrü Hüseynin qətlini və Kə’bə evinin ehtiramsızlığını öz üzərimə götürə bilmərəm.
Əgər bu sözlər özgələrinin deyil, həqiqətən Ubeydullahın öz dedikləri olmuş olsa, onda demək lazımdır ki, o, Yezidə nisbətən uzaq görən olub. Çünki o, bilirdi ki, Süfyani ailəsinin hakimiyyəti artıq sona yetməkdədir, hər halda o, heç də günahdan qorxan adam deyildi. Yezid bu tapşırıqı Əmr ibni Səidin – Mədinənin keçmiş hakiminin öhdəsinə qoymaq istədi, lakin o da qəbul etməyib belə dedi: Mən əlimi Qüreyşin qanına batırmaq istəmirəm, bu işi qoy yad bir adam öz üzərinə götürsün.
Yezid çarəsizlikdən qoca və xəstəlikdən yataqda yatan Müslim ibni Uqbəni qoşunla birgə Mədinəyə yolladı. Müslim şəhəri mühasirəyə alıb Hərrə Vaqim tərəfdən şəhərə daxil olub əhaliyə üç gün möhlət verəcəyini söylədi. Əlavə olaraq dedi: Əgər təslim olsanız buradan birbaşa Məkkəyə, Zübeyrin oğlunun üzərinə gedəcəm, yox əgər təslim olmasanız məni üzürlü hesab edin.
Şəhər əhalisi müqavimət göstərsə də nəhayət məğlub edilərək təslim oldular. Müslim şəhəri üç günlüyə qan içən Şam ordusunun ixtiyarına qoydu ki, ürəkləri nə istəsə onu da etsinlər.
Allah bilir neçə dindar və təqvalı kişilər öldürülüb, neçə qadın və qızlara təcavüz edilib saysız-hesabsız hörmətsizliklər olundu! Bu faciədən yalnız bir şey anlaşılır ki, bu yürüşdə həm göstəriş verənlər, həm də icra edənlər islam fiqhindən xəbərsiz idilər, mə’lumatları olan şeylərə də biganə yanaşırdılar. Hər iki halda bu nəticəyə gəlmək olar ki, islam onlar üçün ilahi hökmləri icra etmək deyil, öz qüdrətlərini qorumaq üçün bir alətə çevrilmişdi. Təəccüblü burasıdır ki, Mədinə faciəsi sona yetdikdən sonra Müslim dedi: İlahi, Sənin təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə verdiyim şəhadətdən sonra Mədinə əhalisinin qırğınına səbəb olan işdən başqa heç bir işi sevmirəm və qiyamətdə bu işin müqabilində veriləcək əvəzdən başqa heç bir işin savabına göz dikməmişəm.
Bilmirəm bu sözləri o şəxsən özü deyib, yoxsa Əməviləri gözdən salmaq üçün Abbasilər dövründə yaşamış tarixçilər yazıblar. Həqiqətən bu sözlər onundursa (özünün deməsi də mümkündür) görəsən bu şəxs həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyini dilə gətirməklə yanaşı müsəlmanların kütləvi surətdə qırılmasını necə bir yerə sığışdıra bilib? Görəsən Yezidin əmrinə tabe olmaq hər hansı şəriət hökmünün yerinə yetirilməsinə, başqa bir hökmün isə ləğv olunmasına səbəb ola bilərmi?
Bu yaramaz hadisə hicrətin 62-ci ilində baş vermişdir. O, Yezidə göstərdiyi bu “xidmətə” görə tarixdə “müsrif” ləqəbi almışdır.
Nəhayət şəhərin yerdə qalan əhalisini toplayıb onlara, ölüm və ya şərtsiz olaraq Yezidə qul olmaq ixtiyarını verdi. Bir neçə nəfər onun bu şərtini qəbul etməyib öldürüldülər, başqaları isə onunla bey’ət etdilər.
İmam Əli ibni Hüseyn (ə) bu hadisələrdə sağ qaldı. Bir tərəfdən onun bu iğtişaşda əli olmamış, digər tərəfdən isə, hadisələrin başlanğıcında Mərvan ibni Həkəm onun yanına gedib ailəsini qorumağı xahiş etmiş, İmam da onun xahişini böyük bir mərdanəliklə qəbul edib onları Yənbuya göndərmişdi.
Hərrə hadisəsində Əli ibni Hüseyn (ə) Əbd Mənaf sülaləsindən olan 400 ailəni öz himayəsinə götürmüş, Müslim Mədinədən çıxana qədər onların xərcini ödəmişdi.
İslam dünyasında misli görünməmiş belə bir hadisə, yə’ni kişi və qadınların kütləvi surətdə öldürülməsi, müsəlmanların toxunulmazlığının tapdalanması şəhər əhalisində böyük bir dəyişikliyə səbəb oldu. Dini qayda-qanuna və islam əxlaqına əhəmiyyət verməyən dövlətlilər şərab içməyə və musiqiyə qulaq asmağa üz tuturdular. Demək olar ki, onlar bu haram işləri daxili əzabdan qurtarmaq və ətraflarında baş verən hadisələrdən xəbərsiz olmaq üçün edirdilər.
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
Mədinə hadisəsindən sonra Müslim Zübeyrin oğlu Abdullahı məhv etmək üçün Məkkəyə yollandı. Lakin o, yolda vəfat etdi və Hisəyn ibni Numeyr qoşuna rəhbərlik etməyi öz üzərinə götürdü. Hisəyn Məkkəni mühasirəyə aldı. Mühasirədə Kə’bə evini od bürüdü. Bu yanğının baş verməsini müxtəlif səbəblərlə əlaqələndirirlər. Məkkə mühasirə günlərini yaşadığı zaman Yezidin ölüm xəbəri çatdı. Şam qoşunun başçısı kim üçün vuruşacağını bilməyib Zübeyrin oğluna xəbər yetirdi ki, onun bey’ətini qəbul edir, ancaq o, onunla birgə Məkkədən Şama getməlidir. Əgər hakimiyyəti möhkəmlənsə onunla işim yoxdur, yox əgər belə olmazsa elə oradaca Şam əhalsinin köməyi ilə onun işini bitirəcək. Abdullah bəlkə də xilafət mərkəzinin Şamda qalmasına görə onun də’vətini qəbul etmədi və Hisəynin qoşunu Mədinədə yaşayan Əməvilərlə birgə Şama qayıtdı.
Yezid hicrətin 64-cü ili Rəbiül-əvvəl ayında 38 yaşında ikən öldü. Onun hakimiyyəti dövründə Səlm ibni Ziyad Səmərqəndə və Xocəndə qədər irəlilədi, qərbdə də müsəlmanların fəthləri davam edirdi.
Yezid öldükdən sonra şamlılar onun oğlu Müaviyə ilə bey’ət etdilər. Müaviyənin hökuməti 40 gündən artıq sürmədi, çünki o, evdə oturmağı xilafətdən üstün sayırdı. O, xütbəsinin birində Müaviyə və atası Yezidin rəftarını pisləmiş, daha sonra ağlayaraq belə demişdi: “İstədiyiniz şəxsi özünüzə xəlifə seçin.” Bu xütbədən sonra evə dönüb, əhalidən özünü gizlətdi. Elə həmin il də öldü və ya zəhər verilərək öldürüldü.
Yezidin ölümü ilə Ərəbistanda iğtişaşlar baş qaldırdı. Ötən fəsildən də göründüyü kimi, Müaviyə ölən zaman Şamda sakitlik hökm sürdüyü halda Hicazda nigarançılıq mövcud idi. Yezidin isə əleyhinə yalnız İraq qalxmışdı. Lakin Yezidin ölümündən sonra Hicazda və Şamda da vəziyyət dəyişdi. Hər üç əyalətin narazı təbəqəsi ayağa qalxdı. Hər əyalətin öz istəyi var idi, qiyamçı dəstələr öz gizlin istəklərini üzə çıxarmırdı. İndi də Şam və Hicazdan qabaq yenidən İraqdakı vəziyyəti araşdıraq.
İRAQDA PEŞİMAN OLANLAR
Göründüyü kimi, şamlıların iraqlılara bir-başa zərbəsini, üzərlərindəki qələbələrini və sonuncu məğlubiyyəti nəzərə alsaq onların nə dərəcədə peşiman olmaları mə’lum olar. Çünki onlar böyük rəğbət və tə’kidlə imam Hüseyn (ə)-ı çağırıb onun canişinini məhəbbət və həyacanla qəbul etdikdən sonra onu düşmənlə döyüşdə tək qoydular və ən başlıcası isə İraqın Şam qarşısında xar olması bu ölkənin əhalisinin daxili hisslərində nigarançılıq yaratmışdı. Kufə əhalisi Yezidin ölüm xəbərini eşidən kimi təzə nəfəs almaq üçün fəaliyyət göstərməyə başladı. Onların içərisindən şəxsən İmamı də’vət edən və onu düşmənlə döyüşdə yalqız qoyanlar böyük günah etdiklərini anlayırdılar. Ancaq bu günahı necə yumaq olardı?!
Xuzaə qövmündən olub şiələrin ağsaqqalı sayılan Süleyman ibni Sərd dedi: Biz bu günah vasitəsi ilə Allahı qəzəbləndirmişik. Heç kəs Allahı razı salmamış öz arvad-uşağının yanına dönməsin. Biz Musa (ə)-ın xitab etdiyi bəni İsrail qövmindən də pis olmuşuq:
“Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanızın yanında sizin üçün xeyirlidir!”
Təbərinin və başqalarının yazdığına əsasən qiyam məsələsinə dair peşiman olanlar içərisində Süleymanla digərləri arasında ixtilaf meydana gəldi. Süleyman deyirdi ki, Şama gedib imam Hüseyn (ə)-ın qatili olan Ubeydullah ibni Ziyadı öldürmək lazımdır. Başqaları isə Hüseyn (ə)-ın qatillərinin Kufədə yaşadığını deyib, ilk növbədə onların öldürülməsini istəyirdilər. Süleyman imam Hüseyn (ə)-ın intiqamını almaq fəryadı ilə car çəkərək öz adamlarını başına toplayan zaman on altı min nəfərlik qoşundan yalnız dörd min adam onun ətrafına yığışmışdı.
Əbu Mihnəfdən nəql olunur ki, o, bunun səbəbini soruşduqda dedilər: Sənin köməkçilərinin bir dəstəsini Muxtar öz ətrafına toplamışdır.
Süleyman Əynülvərdəyə qədər irəlilədi Mərvan ibni Həkəm Ubeydullah ibni Ziyadı onunla döyüşə göndərib dedi: Əgər İraqı əldə etsən oranın hakimi olacaqsan.
Süleyman Ziyadın oğlu ilə döyüşdə məğlub oldu, peşimanlıq çəkənlər bu dəfə də bir nəticə əldə edə bilmədilər (65-ci il Cəmadiul-əvvəl ayı).
Bu hadisələr zamanı bir nəfər şiə məşhurlaşdı və öz adını islam tarixində əbədi olaraq səbt etdi.
ƏBU UBEYDƏ SƏQƏFİNİN OĞLU MUXTAR
Muxtar, qoşun imam Həsən (ə) üzərinə hücum edərkən yaralanmış, sonra isə Mədain şəhərinin hakimi, yə’ni əmisinin evinə getmişdi. Yezidin xilafəti zamanı Kufənin hakimi Ubeydullah ibni Ziyad onu Müslim ibni Əqillə əlbir olduğuna görə zindana salmışdı. Lakin çox keçmədən onun bacısını almış Abdullah ibni Ömərin vasitəçiliyi ilə zindandan azad edilib Taifə sürgün olunmuşdu. Yezidin ölümündən və Zübeyrin oğlu Abdullahın qiymından sonra onunla bey’ət etmişdi. Bu zaman İraqda vəziyyət yeni bir partlayış həddində idi, bir tərəfdən rəhbərlik, digər tərəfdən isə Əhli-beytin qatillərindən intiqam almaq iddiasında olan Muxtar Kufəyə gəldi. Şiələri ətrafına toplayıb onlara dedi: Süleyman nə siyasi cəhətdən, nə də müharibə etmək baxımından düzgün fikrə malik deyildi və elə buna görə də məğlub oldu. Həmçinin onlara dedi ki, hər şeydən əvvəl imam Hüseyn (ə)-ın qatillərini aradan götürmək lazımdır.
Bildiyiniz kimi, bütövlükdə iraqlılar xüsusilə də qiyamçılar bu dövrdə peyğəmbər ailəsinə mənsub olan bir rəhbərə ehtiyaclı idilər. Muxtar öz mövqeyini möhkəmləndirmək üçün əvvəlcə Əli ibni Hüseyn (ə)-dan qoşun toplamaq və bu qiyamı onun adı ilə bağlamaq üçün rüxsət istədi. Ancaq Əli ibni Hüseyn (ə) onun bu də’vətini qəbul etməsə də, zahirən atasının və qohum-əqrəbasının qatillərini cəzalandırılmasından razılıq hissi keçirirdi. Muxtar Əli ibni Hüseyn (ə)-dan müsbət cavab almadıqda öz də’vətini Məhəmməd ibni Hənəfiyyənin adı ilə bağlayaraq onu ümmətin Mehdisi adlandırdı. Məhəmməd Hənəfiyyənin imamətinə boyun qoyanlar Kisaniyyə adı ilə məşhurlaşmışlar.
Kisaniyyə məzhəbi bu tarixdən meydana çıxmış və şiə tarixində çoxlu sayda tərəfdarları olmuşdur. “Kisan” nə deməkdir və hansı mə’nanı daşıyır? Mə’lum deyil “kəyyis” – zirəng və ya qəddar sözündən düzəlmiş sifətdir, yoxsa Muxtara verilən ali – Əli (ə)-ın qullqçusu deməkdir. Qeyd edildiyinə görə Əli (ə) Muxtarı dizi üzərində oturdaraq ona kəyyis, yə’ni zirəng (bacarıqlı) dediyinə görə o bu ləqəblə adlandırılmışdır. Mə’lumdur ki, bu fərziyyənin heç bir əsası yoxdur. Hər halda Muxtar haqqında bir çox nəzər və rə’ylər mövcuddur, belə ki, şiə alimləri onun barəsində eyni fikirdə deyillər. Dövrün son şiə alimləri onun həddən artıq mədh (tə’rif) etmişlər. “Əl-ğədir” kitabının müəllifi onun tə’rifində 21 kitab və məcmuə yazıldığını qeyd etmiş, həçminin onun şə’ninə yazılmış qəsidələri də sitat olaraq gətirmişdir. Muxtarı yüksək dəyərləndirənlər onun Abdullah ibni Zübeyrlə etdiyi sazişdə uzaqgörən olması ilə əlaqələndirir, həmçinin qiyam etməsinin peyğəmbər ailəsinə bəslədiyi məhəbbətdən irəli gəldiyini hesab edirlər. Bu gün onun məzarı Kufə məscidinin şərq tərəfində yerləşən bir ziyarətgaha çevrilib. Bunula belə demək olmaz ki, o, rəhbərlik iddiasında olmayıbdır. Deyilənlərə görə o, xalqı öz tərəfinə çəkib əldə saxlamaq üçün bir sıra heyrətdoğurucu işlər görərmiş. Təbəri və ibni Əsir öz istinadlarına əsasən yazırlar ki, Tüfeyl ibni Cə’də ibni Hübeyrə deyir: Mən ağır bir sıxıntı içərisində həyat sürdüyüm halda yağ alveri ilə məşğul olan qonşumun yanına getdim. Orada toz-torpaqlı bir kürsü gördüm və onu qonşumadan alıb təmizlədim. Öz-özümə dedim: Bəlkə Muxtarı aldada bilib ondan bir şey qoprtdım. Onun yanına gedərək dedim: Mənim illər boyu səndən gizli saxladığım bir sirrim var. Əli (ə)-ın Kufə məscidində üzərində əyləşərək xalq arasında hökm etdiyi kürsü məndədir. Muxtar dedi: Sübhanallah, belə böyük bir işi bu günə qədər necə olub ki, məndən gizlətmisən? Sonra əmr edir ki, xalqı məscidə çağırsınlar. Camaat toplaşdıqdan sonra Muxtar dedi: Camaat sizdən əvvəlki ümmətlərdə olan hər bir şey sizdə də mövcuddur. Bu kürsü sizin üçün bəni İsrailin Səkinə tabutu kimidir. Əgər bu kürsü qoşunun önündə olsa düşmənə məğlub olmayacaqsınız.
Allah bilir bu əfsanələri Zübeyrin oğlu Abdullahın tərəfdarları, ya da xalqın ona olan məhəbbətini qırmaq istəyən düşmənlər söyləyib.
Dəfələrlə qeyd etdiyimiz kimi, hicri tarixinin birinci və ikinci əsrinə aid olan tarixi rəvayətləri yalnız qəti sənədlər əldə etməklə qəbul etmək olar. Belə olmayan halda onlara şübhə ilə yanaşmaq lazımdır. Çünki hər əsrdə olduğu kimi, o illərdə də işlərin irəliləməsi üçün iftira, töhmət və yalançı hədislər ən çox yayılmış vəsitələrdən sayılırdı.
Hər halda Muxtar şiələri ətrafına toplayaraq ilk növbədə Kufəni ələ keçirdi, sonra isə hakimiyyətini Mosula qədər genişləndirdi. İmam Hüseyn (ə)-ın qatillərini bir-bir tapıb öldürdü. O cümlədən Ubeydullah ibni Ziyad, Ömər ibni Sə’d, Şimr, Xuli və başqalarını da qətlə yetirdi.
Muxtar özündən əvvəlki hakimlərdən fərqli olaraq şəhərin böyük adamlarından və qəbilə başçılarından deyil, bu illər ərzində İraqda qüdrətlənmiş, bir çox ictimai problemlər meydana çıxarmış, islam dinini yeni qəbul etmiş camaatdan köməklik diləyərək onları ətrafına toplayır və qüdrət sahiblərinə qələbə və’dəsini verirdi. Onun bu addımı Kufə ağsaqqalları arasında narahatçılığa səbəb oldu və ona qarşı ürəklərində kin-küdurət hissi oyatdı. Mus’əb ibni Zübeyr qardaşı Abdullah tərəfindən Muxtarın qoşununu darmadağın etmək üçün İraqa üz tutanda bu adamlar ona yardımçı oldular.
Muxtarın qoşunu Zübeyrin oğlu ilə döyüşməyə başlasa da sonda məğlub oldu və Muxtar da 67-ci hicri ilində öldürüldü
Göründüyü kimi, şiələr bu dəfə də bir nəticə əldə edə bilmədilər. Onların məğlubiyyətinin əsas səbəbini ötən qiyamlarda da gördük. Həmişə kiçik bir dəstə Allahın razılığına görə ayağa qalxmır, başqa dəstələr isə öz siyasi amallarına çatmaq üçün onların arxasında dayanırdılar. Onlar da təhlükəyə düçar olmayacaqları ana qədər müqavimət göstərirdilər. İş çətinliyə düşdükdə isə ya kənara çəkilir, ya da qəti qələbə əldə edən dəstəyə birləşirdilər. Allah razılığını əldə etmək istəyən və dinin adını yüksəltməkdən başqa bir şey güdməyən iman sahiblərini ölümə verirdilər.
İslam tarixi və xüsusilə də hicrətin birinci yüz illiyinin tarixi ilə tanışlığı olanlar yəqin ki, Şəbəs ibni Rəbə’inin adını eşitmişlər. Şəbəs siyasətçilərin ən kamil nümunəsi, tam dəqiqliyi ilə desək o dövrün nəbzini tutan şəxslərdən olmuşdur. O, bəni Təmim tayfasından, Muzəri ərəblərindən və peyğəmbər dövrünü yaxşı görmüş adamlardan idi. O, Peyğəmbər (s)-ın həyatının son dövrlərində, Əbu Bəkrin xilafətinin ilk çağlarında, Səcahın peyğəmbərlik iddiası etdiyi və Əbu Bəkrin dindən çıxmışlara qarşı mübarizə apardığı zamanda müsəlmanların cərgəsinə qoşulmuşdu. O, həmçinin Osmanın evini mühasirəyə alan iğtşaşçıların arasında olmuş, Süffeyn döyüşündə Əli (ə)-ın dəstəsinə qoşulmuşdu. Müaviyənin ölümündən sonra imam Hüseyn (ə)-a məktub yazıb də’vət edənlərdən biri də Şəbəs idi. Sonra o, Ömər ibni Sə’din qoşunu ilə Kərbəlaya gəldi və imam Hüseyn (ə)-ın qətlə yetirilməsində iştirak etdiyinə görə Kufə şəhərinin darğası vəzifəsinə yiyələndi. Muxtar Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam edəndə Şəbəs də ona qoşuldu. Lakin Mus’əb Muxtarla müharibəyə gələn zaman o, yenidən Muxtara düşmən kəsilir və müxalif dəstənin cərgəsinə qoşulur.
Bu illər ərzində öz əqidə və siyasəti yolunda mütəşəkkil surətdə çalışan demək olar ki, yalnız Xəvaric olmuşdur. İraqda hakimiyyət zəifləyən dövrlərdə onlar öz hərəkatlarını genişləndirərək Bəsrəyə, cənub-şərqi İraqdan Xuzistana, Bəhreynə, Yəmənə və Həzrə-mauta qədər yayılmışlar.
İraqdakı siyasi durum haqda qısa da olsa mə’lumat verdikdən sonra Hicaz və Şam haqqında da söhbət açacağıq.
Ərəbistanın islamdan əvvəlki tarixi haqda mə’luamt verən zaman qeyd etdik ki, bu ərazinin əhalisi ayrı-ayrı qəbilə və tayfalara bölünmələrinə baxmayaraq, onlar əsasən iki dəstəyə - cənub ərəbi, şimal ərəbi və ya Qəhtani və Ədnani dəstələrinə bölünmüşlər. Qəhtanilər yarmadanın cənub üçbucağında yaşayır, Ədnanilər isə şimal və səhrada məskunlaşmışdılar.
Qeyd etdiyimiz kimi, islamın zühurundan bir çox əsrlər əvvəl su səddinin dağılması və digər səbəblər üzündən cənubdakı ictimai həyat bir-birinə dəymişdi. Bu ərazidən bir çox dəstələr şimala tərəf üz tutaraq yaşayışları üçün münasib hesab etdikləri yerlərdə məskunlaşmışlar. Su quyuları və kəhrizləri olmasına görə Yəsribi özləri üçün yaşayış yeri seçənlər də elə bu dəstə, yə’ni cənub ərəbləri olmuşlar.
Göründüyü kimi, islama də’vət ilk olaraq Məkkədə başlamışdı. Şəhərin hakimiyyəti tacirlərin və Ədnani ağsaqqallarının əlində idi. Sevimli Peyğəmbərimiz 13 il bu camaatın müxlifəti ilə üzləşmiş və sonda Yəsrib əhalisi saziş imzalayıb onu öz şəhərlərinə də’vət etmişlər. Elə bu tarixdən Yəsrib camaatı ənsar ləqəbini almış, Məkkədən Yəsribə gələnlər isə mühacir adlanmışlar. Mühacirlərin əksəriyyəti Ədnani tayfasından və ya şimal ərəblərindən ibarət olmuşdur. Məkkəni tərk edib Yəsribdə məksunlaşmış bir dəstə camaat bir tərəfdən islam dininin tərbiyəsinə görə, digər tərəfdən də hicrətin ilk aylarında Peyğəmbər (s)-ın onların arasında bağlamış olduğu qardaşlıq müqaviləsinə əsasən uzun illərdən bəri bu iki dəstə (Ədnani, Qəhtani) arasında mövcud olan kin-küdurət və düşmənçilik sakitləşdi. Ancaq nəsildən-nəsilə irs olaraq ötürülən və yüz illər boyu davam edən bu düşmənçiliyin birdən-birə məhv olub getməsi heç də mümkün olmazdı. İslam tarixinə diqqətlə nəzər saldıqda görərik ki, hətta Peyğəmbər (s)-ın sağlığında belə, onlardan bə’ziləri münasib fürsət düşdükcə öz üstünlüklərini gözə soxur və biri digərindən intiqam almaq hissi ilə yaşayırdı. Məkkənin fəthi günü Xəzrəc qəbiləsinin rəhbəri Sə’d ibni Ubadə öz camaatının önündə irəliləyərək uca səslə belə deyərdi: Bu gün qanlar tökülməli, bütün hörmət və ehtiram sındırılmalıdır. O, təsəvvür edirdi ki, bu gün Qəhtanilər Ədnanilərdən öz intiqamını almalıdır. Lakin Peyğəmbər (s) Əli (ə)-a buyurdu: Get bayrağı Sə’din əlindən al və onun nalayiq sözlər söyləməsinə mane ol! Bu gün mərhəmət günüdür.
Peyğəmbər (s) zamanı Ərəbistanın son daxili döyüşü olan Hüneyn müharibəsindən sonra o həzrətin nüfuzu bir neçə il müsəlmanlar üzərində genişlənmişdi. Sevimli Peyğəmbərin vəfatından sonra onun vəsiyyətinə diqqət yetirilsəydi, Əmirəl-mö’minin Əli (ə) xəlifə olmaqla peyğəmbər sünnəsini diri saxlayar, keçmiş nəsil öz yerini yeni nəslə verər və ən azı üç nəsil müsəlman əxlaqı ilə tərbiyələnərdi. İctimai ədalət, dini qardaşlıq və islam tə’limləri sayəsində bu kin-küdurət və düşmənçiliyin kökü quruyardı. Ancaq təəssüflər olsun ki, dağınıq halda yaşayan qəbilələr kin-küdurəti kənara qoyub bir-birlərilə döyüşdüklərinin lüzumsuz olduğunu və Mədinədə tə’sis edilmiş ilahi hökumətə itaət etməyi anladıqları zaman sevimli Peyğəmbərimiz öz Rəbbinə qovuşdu (vəfat etdi). Peyğəmbər (s)-ın bədəni hələ torpağa tapşırılmamış ənsar mühacirlər müqabilində, daha doğrusu Qəhtanilərlə Ədnanilər qarşı-qarşıya gəldilər. Xəzrəc tayfasının başçısı müsəlmanlara rəhbər olmaq üçün özünü namizəd kimi irəli sürmüşdü, lakin o, mühacirlərin öhdəsindən gələ bilməyəcəyini gördükdə isə belə dedi: Sizdən bir əmir və bizdən də bir əmir tə’yin olunsun. Bununla da yenidən baş verə biləcək iğtişaşın qarşısı alındı və Əbu Bəkrin Peyğəmbərdən söylədiyi hədis ənsarı geri çəkilməyə məcbur etdi.
Qeyd etdiyimiz kimi, Əbu Bəkrin xilafəti zamanı bir tərəfdən müsəlmanlar dindən çıxmışları yatırtmaqla məşğul idilər, digər tərəfdən isə hökumət hələ inzibati təşkilatçılığa malik olmadığından və ya başqa sözlə desək, dövlətin icra orqanlarının gəliri olmadığından bu iki dəstə arasında çox nadir hallarda münaqişə baş verməsinə rast gəlinir. Ömərin xilafəti dövründə dövlətin ordu başçıları böyük şəhərləri əldə saxlamaqla, müharibədən əldə edilən qənimətlərin, vergilərin, İran və Rumdan alınan cizyələrin sayəsində ümumi xəzinənin gəlirini daha da artırdılar. Lakin xəlifə özünün sərt siyasəti nəticəsində hər iki dəstə arasında bərabərliyi müəyyən qədər tarazlaşdıra bilirdi. Əgər bir şəhərdə hakim Ədnanilərdən olurdusa, digər bir şəhərin hakimiyyəti Qəhtanilərə tapşırılırdı. Lakin Səqifə macərasından hələ 25 il ötməmiş Muzərilər – yə’ni Qüreyşlilər nəinki böyük işləri ələ keçirirdilər, hətta ümumi gəlirin hamısı birbaşa onların cibinə axırdı. Mərvan ibni Həkəm, Müaviyə, Təlhə, Zübeyr, Əbdürrəhman ibni Ouf, Yə’li ibni Üməyyə və digərləri hər birisi ayrı-ayrılıqda o günün pulu desək milyonlarla dirhəm və dinar toplamışdılar. Lakin bu üstünlüyə qane olmayıb yenə də mümkün qədər Qəhtaniləri hər şeydən məhrum etmək üçün səy göstərirdilər.
Hər şeyi inhisara almaları və mal-dövlət toplamaları nəticəsində kin-küdurətlər yenidən baş qaldırmağa başladı və Qəhtanilərlə Ədnanilər yenidən üz-üzə dayandılar. Hicrətin 36-cı ilindən üzü bəri bu düşmənçilik daha da artmağa başladı. Ziyad Əli (ə)-ın tərəfindən Bəsrəyə gedən gündən ona tərəfdar olan Əzd və Təmim tayfası ilə üz-üzə dayandı. Əzd tayfasından olan şair özünün qəhrəmanlıq dastanında öyünərək yazır: “Ziyada yardımçı olduğumuz halda həmpeymanımız Təmim tayfası alışıb odda yandı.” Bu şe’rdə və buna bənzər başqa şe’rlərdə islam qardaşlığına və ya müsəlmanların imamına itaət edilməsinə dair mövzuya toxunulmur. Artıq söhbət bundan getmir ki, hakim müsəlmanların imamının əmri ilə o şəhərə gəlmişdir və müsəlmanlar da onu qarşılamalıdırlar. Söz yalnız Əzd tayfasının Təmim tayfasına qalib gəlməsindən gedirdi.
Bu iki tirəlik ancaq adını dəyişib, Qəhtani və Ədnani, Yəmani və Qeysi, Mə’əddi və Muzəri, Təmim və Əzdi, Qeysi və Kəlbi formalarına düşərək əsrlər boyu davam etmişdir. Bu iki dəstə arasında baş verən döyüş İspaniyadan tutmuş şimali Afrikaya qədər, Siciliya və Aralıq dənizindəki adalardan tutmuş başdan-başa Suriya, Hicaz, İraq və İrana qədər yayılmışdır. Bir çox münaqişələr, o cümlədən bir xəlifəni taxtan salıb yerinə başqa bir xəlifənin əyləşməsi də belə qəbilələr arasında baş vermiş çəkişmələrdən törənmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment