Azəri
Friday 19th of April 2024
0
نفر 0

O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.

51. O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.
52. Həqiqətən, Biz onlara (geniş) elm əsasında ətraflı izah etdiyimiz (kəlmələrini ayə və surələrə, möhkəm və mütəşabihlərə, «nəss» və «zahir»lərə, mənasını isə əsl və qollara, müxtəlif elm və maariflərə böldüyümüz) bir kitab gətirdik ki, o, iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir.
53. Yoxsa onlar onun təvil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Quranın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun təvili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da, Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaət kimsələr varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz, özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.
54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
55. Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən, O, həddi aşanları sevmir.
56. Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən, Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
57. Küləkləri rəhmətindən (yağışdan) qabaq mücdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.
58. Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.
59. Həqiqətən, Biz Nuhu öz qövmünə tərəf göndərdik. O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
60. Qövmünün böyükləri və başçıları dedilər: «Həqiqətən, Biz səni açıq-aşkar bir zəlalətdə görürük».
61. Dedi: «Ey mənim qövmüm, mən zəlalətdə deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.
62. Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin  xeyirinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm.
63. Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?»
64. Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər.
65. Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?»
66. Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən, səni yalançılardan hesab edirik».
67. Dedi: «Ey mənim qövmüm, məndə heç bir səfehlik yoxdur, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm
68. ki, Rəbbimin tapşırıqlarını sizə çatdırıram və mən sizin üçün inanılmış bir nəsihətçiyəm.
69. Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız».
70. Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».
71. Dedi: «Şübhəsiz, artıq Rəbbiniz tərəfindən sizin üçün bir əzab və qəzəb qərara alınmışdır. Özünüz və atalarınızın (bütlərə) qoyduqlarınız və Allahın, (haqq olması) barəsində heç bir dəlil-sübut nazil etmədiyi (tanrı, məbud və ruzi verən kimi) adlar barəsində mənimlə mübahisə edir və höcətləşirsiniz? Belə isə, (əzabı) gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm».
72. Beləliklə, ona və onunla birgə olanlara Öz rəhmətimizlə nicat verdik və Bizim ayələrimizi təkzib edən və mömin olmayanların kökünü və nəslini kəsdik.
73. Və Səmud (qövmünə) onların (qəbilə və ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar».
74. Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın».
75. Onun qövmünün təkəbbürlü başçı və böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».
76. Təkəbbürlük edənlər dedilər: «Şübhəsiz, biz sizin iman gətirdiyiniz şeyi inkar edirik».
77. Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».
78. Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
79. Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən, mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyirinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyirinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».
80. Və Lutu (yada sal, onun) o zaman(ını) ki, öz qövmünə dedi: «Siz aləmdəkilərdən sizdən qabaq heç kəsin etmədiyi o çirkin işi edirsiniz?
81. Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz».
82. Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»
83. Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki, o, (əzab əhli arasında) qalanlardan oldu.
84. Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!
85. Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə-fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır.
86. Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!
87. Və əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib və bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».
88. Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: «Hətta nifrət bəsləsək belə?
89. Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz də heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan».
90. Onun qövmünün kafir başçı və böyükləri dedilər: «Əgər Şüeybə tabe olsanız, onda siz mütləq ziyana uğramış olacaqsınız».
91. Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzləri üstə düşmüş halda hamısının canları çıxdı.
92. (Bəli,) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər.
93. Beləliklə, (Şüeyb) onlardan üz döndərdi və (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyirinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?»
94. Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.
95. Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq.
96. Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
97. Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?
98. Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?
99. Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.
100. Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment