Azəri
Thursday 25th of April 2024
0
نفر 0

BİRİNCİ FƏSİL: İMAMƏT

BİRİNCİ FƏSİL: İMAMƏT

Peyğəmbəri Əkrəmin (s) vəfatından sonra yenicə qurulmuş İslam cəmiyyətində irəli çəkilən ən mühüm bəhslərdən biri də Peyğəmbəri Əkrəmin canişini və xilafət məsələsi idi. Peyğəmbərin bə`zi səhabələrinin rə`ylərinə əsasən, Əbu Bəkrin xilafətini qəbul etdilər, digər bir qrup isə inandı ki, Peyğəmbərin canişini elə o həzrətin tə`yin etməsi əsasında olub, İmam Əli (ə)-a məxsusdur. Sonrakı dövrlərdə də birinci dəstə Ammə, (əhli sünnət və cəmaət) ikinci dəstə isə xassə (şiələr) adı ilə tanınmağa başladılar.

Diqqət yetirmək lazımdır ki, şiələrlə sünnülərin arasında mövcud olan ixtilaflar təkcə Peyğəmbərin canişini barəsində deyildir; əksinə, onların hər birinin nəzərində İmamın xüsusi mə`nası, məfhumu və məqamı vardır ki, bu iki məzhəbi bir-birindən tamamilə ayırır.

Mövzunun daha aydın olması üçün «imam» və «imamət» kəlmələrinin mə`nasını araşdırırıq ki, bu iki məktəb və ideologiyaının arasındakı fərqlər aydın olsun.

Lüğətdə «imamət» kəlməsi «rəhbərlik» mə`nasına gəlmişdir. İmam da bir qrupun müəyyən bir yolda rəhbərliyini öhdəsinə alan şəxsə deyilir. Dini elmlər də və fiqhi istilahda imamət müxtəlif yozumlarla təfsir edilmişdir.

Sünnü alimlərinin nəzərinə əsasən, imamət dünyəvi bir hakimiyyətdir (və Allah tərəfindən tə`yin olunmayıbdır) ki, müsəlman cəmiyyətlərinə rəhbərlik və onların idarə olunması onun vasitəsi ilə baş verir. Hər bir cəmiyyət bir rəhbərə və böyük şəxsiyyətə ehtiyac duyulduğu kimi, müsəlman cəmiyyəti də Peyğəmbərdən sonra özü üçün bir rəhbər seçməli idi. Bu seçim üçün dində xüsusi bir qayda-qanun tə`yin olunmadığına görə Peyğəmbərin canişini müxtəlif yollarla, o cümlədən camaatın əksəriyyətinin rə`yini əsas tutmaqla, yaxud onların böyük şəxsiyyətlərinin nəzərinə istinad etməklə, yaxud da əvvəlki xəlifənin vəsiyyətinə, yaxud hətta çevriliş və hərbi yolla belə, tə`yin oluna bilər.

Lakin imaməti nübüvvətin davamı, imamı da Allahın yer üzündə bəndələrə olan höccəti və onunla məxluqat arasında feyz vasitəsi bilən  şiələr isə inanırlar ki, imam yalnız Allah tərəfindən tə`yin və Peyğəmbərin –vəhy gətirən bir şəxsin tərəfindən təqdim olunur. Bu, şiə təfəkküründə imamətin malik olduğu yüksək məqama görədir; belə ki, onlar imamı müsəlman cəmiyyətinin idarə edicisi və rəhbəri bilməkdən əlavə həm də ilahi hökmlərin bəyan edicisi, Qur`ani Kərimin təfsirçisi və səadət yolunda insanların rəhbəri hesab edirlər. Başqa sözlə desək, şiə təfəkküründə imam insanların həm dini, həm də dünyəvi yönlərdəki olan rəhbəridir, amma sünnülərin inandığı kimi, onun vəzifəsi yalnız hökuməti idarə etmək və insanların dünyəvi işlərini sahmana salmaq deyildir.

İMAMA OLAN EHTİYAC

İmam barəsində iki nəzəriyyənin aydınlaşmasından sonra bu suala cavab veririk: Qur`an və Peyğəmbər sünnəsinin varlığı ilə belə, şiələrin inandığı kimi dini rəhbərə və imama nə ehtiyac vardır?.

İmamın vücudunun zərurəti üçün çoxlu dəlillər bəyan olunmuşdur ki, onların arasından birini sadə bəyanla irəli çəkirik:

Bəşəriyyət üçün Peyğəmbərin varlığına ehtiyacın dəlili elə imamın da varlığının zərurətini bəyan edir. Çünki bir tərəfdən islam dini ilahi dinlərin və Peyğəmbəri Əkrəm də ilahi peyğəmbərlərin sonuncusu olduğuna görə islam dini insanların qiyamətə qədər olan ehtiyaclarını tə`min edib onların hamısına cavab verə bilməlidir. Digər tərəfdən də Qur`ani Kərim ilahi hökmlərin və maarifin külli qanun-qaydalarını bəyan etmiş, onun cüz`i şəkildə izah edilməsini isə Peyğəmbərə həvalə etmişdir. Qur`ani Kərim Peyğəmbərə xitab edərək buyurur: «Biz zikri (Qur`anı) sənə nazil etdik ki, onu (camaata nazil olanları) onlar üçün bəyan edəsən.»[1] Lakin mə`lum oluduğu kimi, Peyğəmbəri Əkrəm müsəlmanların rəhbəri ünvanı ilə ilahi ayələri öz dövründəki islam cəmiyyətinin tutum və ehtiyaclarına uyğun olaraq bəyan etmişdir. Amma gərək onun özü kimi, sonsuz ilahi elm dəryasına mütəssil layiqli olan canişinləri olsun ki, Peyğəmbəri Əkrəmin bəyan etmədiyi şeyləri camaat üçün açıqlasınlar və hər bir dövrdə müsəlman cəmiyyətinin ehtiyaclarına cavab verə bilsinlər.

Həmçinin, imamlar Peyğəmbərdən qalan mirasın keşikçiləri, Qur`an həqiqətlərinin həqiqi təfsirçiləri və bəyan ediciləridir. Onlar bu vəzifələri öhdələrinə almalıdırlar ki, Allahın dini düşmənlərin qərəzli təhriflərinə mə`ruz qalmasın və bu zülal çeşməsi qiyamət gününə qədər pak-pakizə bir halda qalsın.

Bundan əlavə, imam kamil bir insan ünvanı ilə insanların bütün yönlərdəki hərtərəfli nümunəsidir. İnsanlar belə bir nümunəyə ciddi ehtiyac duyurlar ki, onun hidayətlərindən istifadə etməklə insani kamala çatmaq üçün ləyaqəti və özünə layiq olan tərzdə tərbiyə olunsunlar, bu ilahi mürəbbilərin yol göstərmələri sayəsində zəlalətdən, azğınçılıqdan, inadkar nəfsin tələlərindən və xarici şeytanların azdırmalarından qorunub saxlana bilsinlər.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, insanların imama olan ehtiyacı həyati bir ehtiyacdır. İmamın vəzifələrindən bə`ziləri də aşağıda qeyd olunanlardır:

1-. Cəmiyyət işlərinin idarə olunması və ümmətə rəhbərlik (hökumət təşkil edilməsi);

2-. Dinin, Peyğəmbər ayininin təhrifdən qorunub-saxlanması və Qur`anın düzgün şəkildə bəyan olunması;

3-. İnsanların nəfslərinin saflaşdırılması və onların mə`nəvi cəhətdən hidayət olunması.[2]

İMAMIN XÜSUSİYYƏTLƏRİ

Dinin qorunması, onun həyatının davam etdirilməsi, eləcə də bəşərin dini-mə`nəvi ehtiyaclarını öhdəsinə alan peyğəmbər canişini çox mə`nəviyyatlı, pak-pakizə bir şəxsiyyət olmalıdır ki, rəhbərliyin yüksək məqamına mütənasib olaraq müxtəlif xüsusiyyətləri özündə ehtifa etsin. O cümlədən, və aşağıdakıları qeyd etmək olar:

Təqvalı və pərhizkar olmaq, ismət səciyyəsinə malik olmaq; belə ki, ondan ən kiçik günah belə, baş verməmiş olsun.

Peyğəmbərin elmindən qaynaqlanan və bunun vasitəsi ilə də ilahi elmə qovuşan bir elmdən faydalanmaq;

Buna əsasən o, insanların maddi, mə`nəvi, dini və dünyəvi zəminələrində qarşıya çıxan bütün suallarına cavab verə bilməlidir.

Ən yüksək əxlaqi səciyyələrə və fəzilətlərə malik olmaq;

Bəşər cəmiyyətini idarə etmək bacarığına malik olmaq və onu düzgün şəkildə, dini tə`limlər əsasında idarə etmək qabiliyyəti.

Qeyd olunan xüsusiyyətlərə diqqət yetirməklə aydın olur ki, belə bir şəxsin seçki əsasında tə`yin edilməsi insanların qüdrət dairəsindən xaricdir və yalnız Allah təala Özünün sonsuz elmi vasitəsi ilə Peyğəmbərin canişinlərini və ondan sonrakı rəhbərləri tə`yin edə bilər. Buna əsasən, imamın ən mühüm xüsusiyyətlərindən biri də Allah tərəfindən tə`yin olunmaqdan ibarətdir.

Bu xüsusiyyətlərin əhəmiyyətinə diqqət yetirməklə bu barədə qısaca izah veririk.

İmamın elmi

İnsanlara rəhbərlik etməyi  öhdəsinə alan imam gərək dini, onun bütün yönlərində tanısın, onun qayda-qanunları barədə kamil agahlığa malik olsun, həmçinin Qur`an ayələrinin təfsirinə, Peyğəmbər sünnəsinə tam əhatəli olmaqla din məarifini bəyan etsin, camaatın müxtəlif mövzulardakı bütün suallarına cavab versin, və onları ən gözəl surətdə hidayət etsin. Aydındır ki, yalnız belə xüsusiyyətlərə malik olan bir elmi mərcə insanların e`timad etdiyi bir şəxs ola bilər, belə bir elmi arxaya malik olmaq da yalnız ilahi elm mənbəyinə qovuşmaqla vücuda gələ bilər. Məhz buna görə də şiələr inanır ki, Peyğəmbərin həqiqi canişinlərinin imamların elmi məhz Allahın sonsuz elmindən qayanaqlanır.

İmam Əli (ə) haqq imamın əlamətləri barəsində belə buyurur:

«İmam Allahın halal və haram buyurduğu şeylərə, müxtəlif hökmlərə, əmr və nəhylərə və (bir sözlə) camaatın ehtiyac duyduğu hər bir şeyə hamıdan artıq agah olan şəxsdir»[3]



[1] «Nəhl» surəsi, 44-cü ayə.

[2] Qeyd olunmalıdır ki, mə`sum imam vasitəsi ilə hökumət təşkil olunması, lazım olan şəraitlərin yaranmasına bağlıdır. Lakin sair vəzifələr, hətta qeybət dövründə belə, yerinə yetirilir, həm də imamın zühur dövründə və camaat arasında olduğu bir dövdə belə hiss olunan və zəruri bir məsələdir. Digər məsələ bundan ibarətdir ki, camaatın imama olan ehtiyacı onların mə`nəvi həyatlarındadır. Amma aləm məcmuəsinin imamın vücuduna olan ehtiyacına gəldikdə isə, bu məsələ «qaib imamın faydaları» bölməsində araşdırılacaqdır.

[3] Mizanul-hikmət, birinci cild, səh. 861

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment