Azəri
Friday 29th of March 2024
0
نفر 0

DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?

DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?

Indi cavabın əsas hissəsinə daxil olacağıq. Mühüm məsələ bizim dünyanın quruluşunu tanımağımızdır. Görəsən dünyanın quruluşu şərti bir quruluşdur, yoxsa zati? Bu baxımdan xilqət və yaradılışın mə`nası nədir? Görəsən onun mə`nası budurmu ki, Allah, aralarında heç bir gerçək və zati əlaqə və bağlılıq olmayan şeylər və hadisələr toplumu yaradır, onları cərgəyə düzərək bir-birinin arxasında yerləşdirir və həmin yerləşdirmədən quruluş və qanun, müqəddimə və nəticə yaranır? Yoxsa səbəb və nəticələr və həmçinin müqəddimələrlə nəticələr arasındakı əlaqə elə şəkildədir ki, hər bir nəticənin öz səbəbinin arxasında dayanması və nəticənin müqəddimədən sonra gəlməsi onun vücudunun zati və eynidir? Elmi dildə desək: ədədlərdə olduğu kimi «Dünyanın şaquli və üfüqi quruluşunda hər bir vücudun mərtəbəsi həmin vücudun zatının dayağıdır.» Bu məsələni izah etmək üçün ədədlərə aid bir misal çəkək.

Әdədlərdə birin ikidən, ikinin də üçdən əvvəl olması mə`lum məsələdir. Həmçinin birdən başqa bütün ədədlər, hansısa ədəddən əvvəl və hansındansa sonra gəlirlər. Hər bir ədəd bir mərtəbəni tutub və öz mərtəbəsində müəyyən hökm və tə`sirə malikdir və hansısa həddə məhdudlaşmayan ədədlər, birlikdə müəyyən quruluş yaradıblar.

Әdədlər hansı vəziyyətdədirlər? Görəsən ədədlərin vücud və mahiyyətləri onların mərtəbə və dərəcələrindən ayrı şeydirmi? Onların hər biri öz mərtəbələrində müstəqil vücud və mahiyyətə malikdir və istənilən dərəcə və mərtəbəni tuta bilərmi? Məsələn, beş rəqəmi onsuz da beşdir və onun dördlə altı və ya altı ilə səkkiz arasında yerləşməsi və yaxud dörd ilə altı arasında yerləşən ədədin məsələn, yeddi olması fərq etmirmi? Görəsən hər bir ədəd öz mahiyyətini qorumaqla, istənilən mərtəbədə yer tuta bilərmi? Məsələn bu, cəmiyyətdə müxtəlif mövqelər tutan və həmin ictimai mərtəbələr mahiyyətinə heç bir tə`sir göstərməyən və həmçinin mahiyyətləri də onunla heç cür bağlı olmayan insan kimidirmi? Yoxsa, məsələ bunun əksidir? Yə`ni beş ədədinin mahiyyəti beşdir və onun beş olması onun mərtəbə və dərəcəsi, yə`ni dörd ilə altının arasında yerləşməsi ilə eynidir? Beşin altı ilə səkkiz arasında yerləşməsini fərz etmək, beşin beş olmaması və yeddi olması ilə bərabərdir, yə`ni bizim fərzi və xəyali beşimiz beş deyil, yeddidir ki, o da öz yerində yerləşib və biz səhv olaraq onun adını beş qoymuşuq. Başqa sözlə desək, beş ədədinin yeddinin yerində yerləşməsini fərz etmək puç, mə`nasız və qeyri-əqli bir təsəvvürdür ki, bizim xəyalımız belə bir iş görür.

Indi səbəb-nəticə və müqəddimə-nəticə qanunlarının necəliyinə nəzər salaq. Görəsən onlar bir dəfə yaradılıb sonradan hardasa yerləşdirilirlərmi? Yoxsa, onların vücudu yerləşdikləri mərtəbə ilə bərabərdir? Məsələn, Sə`di Şirazi zaman və məkan baxımından bizdən əvvəl olub və xüsusi zaman və məkan şəraitində yerləşibsə, bu o deməkdirmi ki, o əvvəlcə yaradılıb və sonradan həmin xüsusi şəraitdə yerləşdirilib? Yoxsa Sə`dinin vücudu, onun həmin şərait, zaman və məkan, mövqe, məqama malik xüsusi vücudu və onun digər əşyalarla olan nisbəti ilə bərabərdir və onların hamısı onun vücudunun formulunun bir hissəsidir və Sə`di onların hamısının ümumi toplumu deməkdir? Buna görə də Sə`dini öz zaman və məkanından ayırmaq, onu özündən ayırmaq deməkdir. Bunun mə`nası odur ki, Sə`di, Sə`di deyil və biz ondan sonrakı zamanda olmuş Camini fərz edərək ona Sə`di adı vermişik.

Varlığın quruluşu haqqında olan bəhs yorucu bir mövzudur. Bə`ziləri belə fikirləşiblər ki, onların varlıq aləmi və hər bir nəticənin öz yerində yerləşməsini zəruri və qəti bir iş kimi fərz etmələri, Allah-taalanın qüdrət və iradəsi üçün bir növ məhdudiyyət qail olmaq deməkdir.

Amma onlar bu məsələdən xəbərsizdirlər ki, söhbət dünyada varlıqlardan başqa olması zəruri olan və olmaması mümkün olmayan varlığın olmasından getmir. Söhbət bu məsələdən gedir ki, varlıqların tərtib və quruluşları onların vücudlarının eynidir ki, Allah tərəfindən bağışlanır. Onlara müəyyən quruluş verən Haqqın iradəsidir. Amma bunun mə`nası Allahın, onları bir iradə ilə yaratması və digər bir iradə ilə şəklə salması demək deyildir ki, quruluş iradəsinin götürülməsi onların yaranma iradəsinin qalması fərzinə səbəb olan nəticəni versin. Varlıqların vücudları ilə vücud mərtəbələri bir olduğu üçün, onların vücuda gəlmələri iradəsi quruluş və quruluş iradələri vücud iradələrinin eynidir.

Buna görə də Allah-taalanın hər bir şeyin vücuda gəlməsinə olan iradəsi, yalnız həmin şeyin səbəbini istəmək yolu ilə həyata keçir və həmin səbəbin vücuda gəlməsi iradəsi, səbəbin səbəbinin yaranmasını iradə etmək yolu ilə baş verir və bundan başqa bir şeyin olması qeyri-mümkündür. Varlıqlar, şaquli və yüksələn xətt üzrə birbaşa Allahın iradəsinə bağlanmış səbəbdə sona çatırlar; Allahın, onun vücuda gəlməsini iradə etməsi bütün əşya və bütün quruluşların vücuda gəlmələrinin iradə edilməsinin eynidir.

وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

«Bizim buyuruğumuz bir göz qırpımında yerinə yetər...» (Qəmər-50).

Buna görə də, Allahın qüdrət və iradəsinin sonsuz olması və Onun Özünün yaratdığı quruluşa düçar olmamasına baxmayaraq, həm hikmət və həm də məsləhət məsələləri Onun barəsində də özünü doğruldur. Allah hikmətinin mə`nası Onun, əşyaları özlərinin vücudlarının son hədəf və kamilliklərinə çatdırmasıdır. Amma insanların işində olan hikmətin mə`nası budur ki, onlar özlərinin hədəf və kamilliklərinə çatmaları üçün müəyyən bir iş görürlər.

Nəticənin vücudu və onun öz səbəbi ilə bağlılığı, ayrılıq fərz edilməsinə gətirib çıxaran iki şey deyil, bir olduğu üçün Allah-taalanın onu iradə etməsi, onun öz xüsusi səbəbi ilə əlaqədə olmasını iradə etməkdən ibarətdir. Həmin səbəbin iradə edilməsi də, onun öz xüsusi səbəbi ilə əlaqəsinin iradəsinə bərabərdir və iş sonda, iradə edilməsi Haqqın zatı ilə əlaqəyə bərabər olan səbəbə çatır və Haqqın onu iradə etməsi bütün əşya, bütün əlaqə və bütün quruluşların iradə edilməsi ilə bərabərdir.

XOŞ VӘ ӘBӘDI XATIRӘ

Yadımdadır ki, Qum şəhərində təhsil aldığım illərdə bir gün özüm, təhsilim və həyatda seçdiyim yolu qiymətləndirirdim. Öz-özümə fikirləşirdim ki, görəsən dini təhsil yerinə, müasir təhsil sahələrindən birini seçsəydim yaxşı olardı, yoxsa yox? Təbii ki, malik olduğum ruhiyyə, iman və mə`nəvi maarifə qail olduğum dəyərə görə, zehnimə gələn ilk şey bu oldu ki, görəsən elə olan surətdə mənim ruhi və mə`nəvi vəziyyətim necə olardı? Fikirləşdim ki, indi tövhid, nübüvvət, məad, imamət və sairənin əsaslarına iman və e`tiqadım var və onları çox sevirəm, amma görəsən əgər təbii, riyazi və ya ədəbi elmlərdən hər hansı birisini oxusaydım, hansı vəziyyətdə olardım?

Öz-özümə cavab verdim ki, bu əsaslara inam və e`tiqad bəsləmək və ümumiyyətlə həqiqi ruhani olmaq, insanın qədimi elm sahələrində təhsil almasından asılı deyil. Bu təhsildən məhrum olaraq digər sahələrdə mütəxəssis olanlar çoxdur. Amma buna baxmayaraq, onlar güclü imana malikdirlər və əməldə təqvalı və pərhizkardırlar, hətta bə`zən az-çox islami mütaliə ilə məşğul olan belə şəxslər İslamın hami və təbliğatçısı da olurlar. Ola bilərdi ki, mən həmin elm sahələrində imanım üçün indi əldə etdiklərimdən daha yaxşı şeylər əldə edə biləm.

Mən həmin vaxtlar ilahi fəlsəfə ilə təzə-təzə tanış olmuşdum və onu, bu sahənin yalnız bir sıra əzbərçiliyə malik əksər iddiaçı və müəllimlərinin əksinə olan, İslam ilahiyyatını doğrudan da dadmış, onun düşüncələrini dərindən dərk etmiş və ən şirin ifadələrlə bəyan edən bir ustadın yanında öyrənirdim. Həmin günlərin ləzzəti və xüsusilə, ustadın dərin, lətif və şirin açıqlama və ifadələri ömrümün unudulmaz xatirələrindəndir.

Mən həmin günlərdə tam müqəddiməsi ilə öyrəndiyimiz bu məsələlərlə tanış olmuşdum. «Vahid varlıqdan yalnız vahid şey yarana bilər» qaydasını filosoflar tək dərk etmişdim (ən azı mən belə fikirləşirdim). Dünyanın qəti və xələl gəlməyən quruluşuna əql gözü ilə baxırdım, «sual» və «necə-nə üçün»lərimin birdən-birə necə yoxa çıxması, şeyləri bir quruluşda yerləşdirən bu qəti qayda ilə «vücudda Allahdan başqa heç bir tə`sir qüvvəsi yoxdur» prinsipi arasında heç bir ziddiyyət görməməyim və onları bir-birlərinin kənarında yerləşdirməyim barəsində fikirləşirdim. Mən artıq «iş Allahın işidir və o, bizim də işimizdir» cümləsinin mə`nasını başa düşürdüm və onun iki hissəsi arasında ziddiyyət görmürdüm və «orta mövqe» prinsipi mənim üçün həll olmuşdu. Molla Sədranın nəticə ilə səbəb arasındakı əlaqənin necəliyi barsindəki bəyanı və xüsusilə həmin mətləbdən «Vahid varlıqdan yalnız vahid şey yarana bilər» qaydasının isbatında istifadə edilməsi məni çox güclü tə`sir altına alaraq vəcdə gətirmişdi. Xülasə, zehnimdə əsaslı bir plan yaranmışdı və o, geniş dünyagörüşündəki problemlərimin həlli yolları idi. Bu mətləb və bu qism bir sıra digər mətləblərin dərki nəticəsində İslam maarifinin əsalətliyinə inanmışdım. Mən Qur`anın, Nəhcül- bəlağənin və həmçinin peyğəmbər və imamların hədis və dualarındakı tövhid maarifini çox yüksək səviyyədə hiss edərək duyurdum.

Onda fikirləşirdim ki, əgər mən bu sahədə təhsil almasaydım və həmin ustadın gözəl bəyanlarından feyz ala bilməsəydim, istər mə`nəvi və istərsə də maddi cəhətdən hər bir şey indikindən yaxşı ola bilərdi və indi malik olduğum şeylərin hamısına, ən azı oxşar və ya əvəzedicisinə, bəlkə bundan da yaxşısına malik olardım, amma həqiqətən nə özü və nə də əvəzedicəsinə sahib ola bilməyəcəyim yeganə şey, zehnimdə formalaşdığını dediyim həmin plan və onun nəticələridir. Mən indi də həmin fikirdəyəm.

Әvvəldə, sadə şəkildə irəli sürülməsi nəzərdə tutulan ilahi ədalət bəhsi, dərin fəlsəfi bəhslər «qalasının» qapısına kimi irəlilədi və əgər bir qədər də irəliləmək istəsək, onda gərək daha yüksək qüllələrə çıxmağa hazırlaşaq. Amma deyəsən belə bir iş üçün hazırlıq yoxdur. Buna görə də mətləbi sadə dillə, aşağı səviyyədə araşdırmağımız daha yaxşıdır. Məncə bu kitabı mütaliə edəcək oxucular, mətləbi sadə bəyan və açıqlamalarla daha yaxşı başa düşürlər. Sözün qısası budur ki, «şərlər» və «ayrı-seçkiliklər» barəsindəki iradın xülasə və qısa cavabı, yə`ni «ortada bir sıra məsləhətlər var və onlarda olan fayda və mənfətlərə görə həmin məsələlər sırf şər sayılmır, əksinə onlar xeyirlə qarışığı olan şərdirlər və məsələnin xeyirli cəhəti şər cəhətindən çox olduğu üçün onlar ümumi baxışda şər deyil, xeyirdirlər» cavabı, səbəb-nəticə qanunlarının şərti deyil, qəti, dəyişməz və zati olmasına əsaslanır. Bu mətləbi bilmək bizim «mövcud olan şey ayrı-seçkilik deyil, fərqlilikdir» barəsindəki gələcək bəhsimizin başa düşülməsinə şərait yaradır.

BURADA AYRI-SEÇKILIKDӘN YOX, FӘRQLILIKDӘN DANIŞMAQ LAZIMDIR!

Yaradılışda olan şey ayrı-seçkilik deyil, fərqlilikdir. Ayrı-seçkilik bərabər şərait və yeksan haqlılıqda, şeylər arasında fərq qoyulması deməkdir. Amma fərqliliyin mə`nası, bərabər olmayan şəraitdə şeylər arasında fərq qoyulmasıdır. Başqa sözlə desək, ayrı-seçkilik bəxş edənin tərəfindən, fərq isə qəbul edənin özündəndir.

Sadə bir məsəl çəkməklə məsələ aydınlaşacaq. Biz, əgər tutumu on litr olan iki qabı su kranının altına qoyub birinə on, digərinə isə beş litr su töksək, ayrı-seçkilik etmiş oluruq. Burada fərqin mənşəyi su tökən qüvvədir. Amma qarşımızda bir ədəd beş litrlik və bir ədəd də on litrlik qabımız olsa və biz onların hər ikisini dənizə batıraraq su doldursaq yenə də suların miqdarında fərq olduğunu görəcəyik. Amma bu fərqin mənşəyi dəniz və ya suyun təzyiqi deyil, həmin qabların tutum baxımından olan fərqləridir.

Başqa bir misal çəkim. Müəllimin, hamısı bir səviyyədə olan və dərsləri bərabər olan şagirdlərə müxtəlif qiymətlər verməsi ayrı-seçkilikdir. Amma birdən müəllim hamıya bir gözlə baxır və bir cür dərs keçirsə və hamıdan bir cür imtahan götürürsə və şagirdlərin bə`ziləri kütbeyinlik, yaddaşsızlıq, çalışmamazlıq və sairə səbəblərdən imtahanı pis vercələr və ya ümumiyyətlə verə bilməcələr, bə`ziləri isə güclü iste`dada malik olmaları və çalışqanlıq göstərmələri nəticəsində imtahanın suallarına tam cavab versələr və müəllim onlara, verdikləri cavab əsasında qiymət versə, burada ayrı-seçkilik deyil, fərq baş verəcəkdir. Әdalət, müəllimin bütün qiymətləri bir-birinin üstünə gələrək bütün şagirdlər arasında bərabər bölməsi demək deyildir. Әdalət odur ki, müəllim şagirdlərin hər birinə layiq olduğu qiyməti versin. Bu cür yerlərdə tərəflər arasında fərq qoymaq eynilə ədalət və bərabərlik, fərq qoymamaq isə ayrı-seçkilik və zülmdür.

Burada təbii olaraq qarşıya belə bir mətləb gəlir ki, Allahı müəllimlə müqayisə etmək olmaz. Allah varlıqların yaradanıdır və mövcud olan hər bir fərq onun tərəfindəndir. Amma müəllim şagirdlərin yaradanı deyil və onlardan birinin zehnli, digərinin isə kütbeyin olması müəllimdən asılı deyil. Әgər biri iste`dadlı və çalışqandırsa və digəri iste`dadsız və tənbəldirsə, bunun müəllimlə heç bir əlaqəsi yoxdur. Allah və varlıq barəsində isə, e`tiraf etmək lazımdır ki, bütün fərq və ayrı-seçkiliklər Onun tərəfindəndir. Allahın işi ikimərhələli olub. Belə ki, O, bir mərhələdə varlıqları fərqli yaradıb, digər mərhələdə isə onlarla fərqləri əsasında rəftar edərək onlara layiq olduqlarını verib. Irad işin birinci mərhələsinə aiddir ki, Allah nə üçün əvvəldə hamını bərabər və yeksan yaratmayıb? Fərqlərin sirri nədədir?

FӘRQLӘRIN SIRRI

Fərqlərin sirri bir kəlmədir:

«Varlıqlar arasındakı fərqlər onlar üçün zatidir və o, səbəb-nəticə qanununun zərurətlərindəndir.» Bu çox ağır cümlədir, amma izah etməkdən başqa heç bir çarə yoxdur. Biz burada dediyimiz şeyləri bir daha sadə dillə təkrar etmək və dərin bir bəhsin çətinliyini asanlaşdırmaq məcburiyyətindəyik. Ali və lazımi nəticə əldə etmək ümidi ilə əvvvəlki bəhsimizi davam etdirək və icbari olaraq bir az filosoflaşaq.

Әvvəldə dediyimiz kimi, bu bəhs ilahi fəlsəfədə «varlıqların Haqq-taalanın zatından xaric olma tərzi» adı altında irəli sürülür. Bəhsin mövzusu budur ki, görəsən Allah varlıqların yaranmasını ayrı-ayrılıqda, bir-bir iradə edib, yoxsa yox? Məsələn, iradə edərək əvvəlcə «A»-nı yaradıb, sonra başqa bir iradə ilə «B»-ni və sonra üçüncü iradə ilə «V»-ni və beləliklə, hər bir şeyi ayrı-ayrılıqda və özünəməxsus bir iradə ilə yaradıb, yoxsa bütün şeyləri vahid və bəsit bir iradə ilə vücuda gətirib?

Ilahi maarifdə səthi fikirləşən bir qrup mütəkəllim, birinci ehtimalın tərəfdarıdır. Amma əqli dəlillər və qəti fəlsəfi bürhanların sübut etdiyi və Qur`anın da düzlüyünü təsdiqlədiyi, ikinci nəzəriyyədir. Həmin nəzəriyyəyə əsasən, dünyanın hamısı əvvəldən axıra kimi bir iradə ilə vücuda gəlir və hamı Allahın iradəsi ilə yaranır. Amma onlar ayrı-ayrı iradələrlə deyil, bir iradə ilə, özü də bəsit bir iradə ilə yaranır. Qur`ani-kərim buyurur:

إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

«Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq.Bizim buyuruğumuz bir göz qırpımında yerinə yetər.» (Qəmər-49-50)

Bu əqidəyə əsasən, yaradılış üçün xüsusi quruluş, müəyyən qanun və tərtibat mövcuddur və Allahın, şeyləri yaratmaq iradəsi, quruluş iradəsinin eynidir. Səbəb-nəticə qanunu da oradan yaranır. Səbəb-nəticə qanununun mə`nası budur ki, hər bir nəticənin özünəməxsus səbəbi və hər bir səbəbin özünəməxsus nəticəsi var; nə müəyyən bir nəticə, heç bir vasitə olmadan, istənilən səbəbdən yarana bilər və nə də müəyyən bir səbəb vasitəsiz, hər bir nəticəni yarada bilər. Həqiqət budur ki, səbəb-nəticə qanununda, hər bir varlıq və şey müəyyən yer və məqama malikdir, yə`ni nəticə müəyyən bir şeyin nəticəsidir və bu ayənin «Şübhəsiz ki, Biz hər bir şeyi müəyyən ölçüdə yaratdıq» ifadəsinin dəqiq mə`nasıdır. Bu mətləbin aydınlaşması üçün, dünyanın quruluşunu şaquli və üfüqi hissələrə bölməklə izah edirik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment