Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ

ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ

«Bismillah» ayəsinin Qur᾽an ayələrinin ayrılmaz hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Əhli-beytin (ə) cəmiyyətdə tutduğu mövqe və Peyğəmbərin (s) müsəlmanlara bütün dini məsələlərdə onlara müraciət etmələri haqda etdiyi tövsiyələr bizə nəql olunmuş bu rəvayətlərlə kifayətlənmək və əsaslı mənbə kimi onlara istinad etmək imkanını verir.

1. Müaviyə ibni Əmmardan nəql olunmuş rəvayətdə deyilir: İmam Sadiq (ə)-dan soruşdum: Namazda Həmd surəsini tilavət etdiyimiz zaman «Bismillah» ayəsini də oxuyaqmı?

Buyurdu: Bəli.

Yenidən soruşdum: Həmd surəsindən sonra oxunan surələrdə də «Bismillah» ayəsini oxuyaq?

Buyurdu: Bəli.[1]

2. Yəhya ibni Əmran Həmdani deyir: İmam Baqirə (ə) yazdığım məktubda ondan məni maraqlandıran suallara cavab verməsini xahiş etdim. Suallardan biri budur:

Namazda Həmd surəsinin «Bismillah», sonrakı surəsinin isə «Bismillah»sız olması barədə nə deyə bilərsiniz? Bunu da deyim ki, Abbasi bunun heç bir nöqsanı olmadığını deyir.

İmam (ə) yazdığı cavab məktubunda «Yenidən qılınmalıdır» deyə buyurur. İmam (ə) Abbasinin söylədiklərini nəzərə alaraq bu kəlməni iki dəfə yazmışdır.

3. İbni Əzinə özünün Səhihə adlı kitabında yazır: Peyğəmbər (s) təkbir (Allahu əkbər) deyib namaza başlarkən vəhy nazil oldu: Ya Məhəmməd! Məni adımla yad et! Bundan sonra «Bismillah» ayəsi hər bir surənin əvvəlində oxunmağa başladı. Sonra Allah-taala Peyğəmbərin (s) ona şükür etməsini əmr etdi. Peyğəmbər (s) «Əlhəmdu lillahi rəbbil aləmin – Həmd olsun aləmlərin Rəbbinə — ayəsini təkrar etdikdən sonra qəlbən bir daha Allaha şükür etdi. Yenidən belə bir vəhy nazil oldu. İndiki mənim şükrümü yerinə yetirdin – bir daha Məni Öz adımla yad et! Bu səbəbdən də Həmd surəsində «Ər-Rəhmanir-Rəhim – Bağışlayan və mərhəmətlidir» Həmd ayəsi iki dəfə oxunur. Surənin sonuna çatdıqda Allaha şükür edərək dedi: «Əlhəmdu lillahi rəbbil aləmin» – Həmd olsun aləmlərin Rəbbinə — vəhyi nazil oldu: Adımı çəkərkən onu tam demədin, bir daha Mənim adımı yad et! Peyğəmbər (s) yenidən «Bismillah» ayəsini təkrar etdi. Bu səbəbdən də Həmd surəsindən əvvəl «Bismillah» ayəsi oxunur. Sonra Allah-taala, Peyğəmbərə (s) İxlas surəsini nazil etdi.

«[Ya Peyğəmbər!] Allahın zatı və sifətləri haqqında səndən soruşduqda müşriklərə de ki, [mənim Rəbbim olan] o Allah birdir. [Heç bir şəriki yoxdur – Allah [heç kəsə, heç nəyə] möhtac deyildir. [Hamı Ona möhtacdır: O əzəli və əbədidir – O nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir övlad götürməmişdir!] Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur».

ƏHLİ-SÜNNƏ RƏVAYƏTLƏRİ

«Bismillah» ayəsinin Qur᾽an surələrinin ayrılmaz hissəsi olduğuna dair əhli-sünnə mənbələrində də kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

1. Ənəs ibni Malik nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) birlikdə oturmuşduq. Bir qədər mürgü vurduqdan sonra gülümsəyərək üzünü bizə tutdu. Ondan gülümsədiyini soruşduqda buyurdu: Elə bu an bu surə mənə nazil oldu:

«İnna ə᾽təynakəl-Kovsər...»

2Dar Qutni mö᾽təbər mənbələrin birində nəql etdiyi rəvayətdə deyir: Əli (ə)-dan «Səb᾽ul-Məsani» barədə soruşduqda buyurdu: Səb᾽ul-Məsani “Həmd” surəsidir. Deyirlər Həmd surəsi altı ayədən ibarətdir. Buyurdu: «Bismillah» ayəsi də onun bir hissəsini təşkil edir.

3. Dar Qutni Əbu Hüreyrədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurur: “Həmd” surəsini oxuduğunuz zaman «Bismillah» ayəsini də oxuyun. Çünki bu surə Səb᾽ul-Məsani və “Ümmul kitab”dır – Qur᾽anın anasıdır.» «Bismillah» ayəsi «Həmd» surəsinin ayələrindən birini təşkil edir.[2]

4) İbni Xəzimə və Beyhəqi mö᾽təbər mənbəyə istinad edərək İbni Abbasdan nəql etdikləri rəvayətdə deyir: Səb᾽ul-Məsani «Həmd» surəsidir. Bəs yeddinci ayə hansıdır – deyə soruşduqda dedi: «Bismillah» ayəsi.[3]

5) Yenə də İbni Xəzimə və Beyhəqi «Əlmə᾽rifət» adlı kitabda mö᾽təbər mənbəyə istinad edərək Səid ibni Cubeyrədən və o da İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Şeytanın insanlardan oğurladığı ən böyük ayə «Bismillah» ayəsidir.

6) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Müsəlmanlar «Bismillah» ayəsi nazil olanadək surənin harada sona çatdığını bilməyirdilər. Bu ayə nazil olduqdan sonra onlar asanlıqla surənin harada sona çatdığını müəyyən edə bildilər.

7) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi başqa bir rəvayətdə deyir: Cəbrail nazil etdiyi vəhyi «Bismillah» ayəsi ilə başlarkən Peyğəmbər (s) başa düşürdü ki, ona nazil olan təzə surədir.

8) İbni Cərir deyir: Atam, Səid ibni Cubeyrdən nəql etdiyi rəvayətdə deyir:

«[Ya Məhəmməd!] Biz sənə hər namazda oxunub təkrarlanan yeddi ayəni və böyük əzmətli Qur᾽anı verdik» ayəsindəki Səb᾽ul-Məsani deyildikdə «Həmd» surəsi nəzərdə tutulur. Və bu surəyə “Ümmül-Qur᾽an” da deyilir.

İbni Cərir deyir: Atam deyərdi: Səid ibni Cubeyr «Bismillah» ayəsini mənim üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdi və sonra dedi: «Bismillah» ayəsini mən sənin üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdiyim kimi, İbni Abbas da onu mənim üçün tilavət edər və deyərdi: Allah-taala siz müsəlmanlara nazil etdiyi bu surəni əvvəlki ümmətlərin heç biri üçün nazil etməmişdir.[4]

ZİDDİYYƏTLİ RƏVAYƏTLƏR

«Bismillah» ayəsini Qur᾽an surələrinin bir hissəsi olduğuna dair nəql olunmuş rəvayətlərin müqabilində bu nəzəriyyəni rədd edən yalnız iki rəvayət nəql olunmuşdur.

1. Qətadə Ənəs İbni Malikdən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlikdə namaz qılardım. Lakin onların heç birindən «Bismillah» ayəsini oxuduqlarını eşitməzdim.

2. Yəzid ibni Abdulla İbni Müğəffəl nəql etdiyi rəvayətdə deyir: Namazı «Bismillah» ayəsi ilə oxuyardım. Lakin günlərin bir günündə atam mənə dedi: Oğlum namazı «Bismillah» ayəsini oxumadan başla. Əshabın bundan böyük bid᾽ətə yol verdiklərini görmədim. Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlikdə namaz qılardıq, lakin onların heç biri «Bismillah» ayəsini tilavət etməzdi. Sən də namazı (Əlhəmdu lillahi rəbbil aləmin – Həmd olsun aləmlərin Rəbbinə) ayəsi ilə başla.

BİRİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB

Bu rəvayət Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi kimi, bir neçə səbəbdən də tamamilə əsassızdır:

1. Bu rəvayət əhli-sünnə mənbələrində nəql olunmuş bir çox mütəvatir, xüsusilə İbni Abbas, Əbu Hüreyrə, Ümmi Sələmənin Peyğəmbərin (s) namazda «Bismillah» ayəsini oxuduğuna və onu Qur᾽an surələrinin bir hissəsi olduğunu hesab etməsinə dair nəql etdikləri rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir.

İbni Ömər deyir: Əgər «Bismillah» ayəsi oxunmalı olmasaydı, onu Qur᾽an nüsxələrində yazmağın mə᾽nası nə olardı? Həzrət Əli (ə) dəfələrlə bu mətləbə toxunar və buyurardı: «Bismillah ayəsini oxumayan kəs Qur᾽an ayələrini ixtisara salmış olur.» Bu ayə «Səb᾽ul-Məsani» (Həmd) surəsini təkmil edəcək bir ayədir.

Peyğəmbər (s) və digər böyük səhabələrin buyruqlarını kənara qoyaraq kimlər tərəfindənsə nəql olunmuş bu rəvayətə istinad etmək olarmı?

2. Bu rəvayət müsəlmanlar arasında adi hal almış [və eyni zamanda zərurətə çevrilmiş] şər᾽i əməl ilə ziddiyyət təşkil edir. Belə ki, «Bismillah» ayəsini müsəlmanlar elə ilk gündən oxumuş və bir dəfə də olsun namazlarını bu ayəni oxumadan başlamamışlar. Hətta Müaviyə camaat namazında «Bismillah» ayəsini oxumadıqda müsəlmanlar ona öz e᾽tirazlarını bildirərmişlər: “Bismillahı oğurladın, ya deməyi unutdun?”

Bütün bu dəlilləri nəzərə alaraq Peyğəmbərin (s) və ondan sonrakı xəlifələrin namazda «Bismillah» ayəsini oxumadıqlarına necə inanmaq olar?

3. Bu rəvayət Ənəs ibni Malikin özündən nəql olmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir.

Belə bir qənaətə gəlmək olur ki, son iki rəvayət heç bir əsası olmayan yalan və uydurmadan savayı bir şey deyildir.

İKİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB

Birinci rəvayətin zəif və əsassız olduğuna dair dediklərimiz, nəql olunmuş ikinci rəvayətə də şamildir. Və bunun üçün də bütün bunları bir daha təkrar etməyə ehtiyac duymuruq.

Lakin bunu qeyd etmək lazımdır ki, bu rəvayət İslam və müsəlmanların ilk gündən zəruri hesab etdikləri bir məsələ ilə ziddiyyət təşkil edir.

«Bismillah» ayəsinin Həmd və digər surələrdən əvvəl tilavəti daha da canlandırmaq məqsədilə oxunması və bunun müstəhəb olduğu bir halda Yəzid ibni Məğfəlin bunu bid᾽ət adlandırması insanda təəccüb doğurur. Məgər hər hansı bir işi Allahın adı ilə başlamaq bu qədər xoşagəlməz bir iş və dində bid᾽ət adlanarmı?

MÜSƏLMANLAR

Elə ilk gündən müsəlmanlar «Bəraət» surəsi istisna olmaqla Qur᾽anın bütün surələrini «Bismillah» ayəsi ilə oxumuşlar. Və nəql olunmuş bir çox mütəvatir hədislərdən belə bir qənaətə gəlmək olur ki, Peyğəmbərin (s) özü bütün surələrin əvvəlində «Bismillah» ayəsini tilvət etmişdir. Əgər bu ayənin oxunması zəruri olmasaydı, bir peyğəmbər kimi bunu hamıya çatdırmalı və düzgün oxunuş tərzini müsəlmanlara tə᾽lim etməli idi. Və əgər O həzrət bəyan etdiklərinin hansının Qur᾽an ayəsi, hansının da adi kəlam olduğunu bəyan etməsəydi, öhdəsinə düşən peyğəmbərlik vəzifəsini layiqincə yerinə yetirməmiş olardı. Bu isə Peyğəmbərə (s) – xüsusilə vəhy məsələsində – xas olmayan bir xüsusiyyətdir. O digər insanlarda müşahidə olunan bütün eyb və nöqsanlardan uzaq və pakdır.

Demək, «Bismillah» ayəsinin oxunması zəruri olmasaydı, Peyğəmbər (s) bunu bəyan edər və o da mütəvatir olaraq bizlərə gəlib çatardı. Halbuki, bu kimi rəvayətlər vahid xəbər halında da nəql olmamışdır.

BİSMİLLAH AYƏSİ BÜTÜN NÜSXƏLƏRDƏ YAZILMIŞDIR

Şübhə doğurmayan məsələlərdən biri də budur ki, Osmanın yığdığı Qur᾽an nüsxəsindən əvvəl, səhabə və tabeinlərin əlində olan Qur᾽an nüsxələrində «Bismillah» ayəsi Bəraət surəsi istisna olmaqla, qalan surələrin birinci ayəsi olaraq yazılır və müsəlmanlar Qur᾽an surələrini bu ayə ilə oxumağa başlayırdılar. Əgər «Bismillah» Qur᾽an surələrinin bir hissəsini təşkil etməsəydi, səhabə və tabeinlər onu öz nüsxələrində yazmazdılar. Çünki onlar Qur᾽anın yazılışına xüsusi diqqət yetirər və hər bir məsələyə böyük əhəmiyyət verərdilər. Belə ki, onlardan bə᾽ziləri hətta hərflərin üzərinə nöqtə və müxtəlif əlamətlər qoymaqdan qətiyyətlə imtina edərdilər.

Demək, «Bismillah» ayəsi hətta səhabə və onların davamçılarının, yə᾽ni, tabeinlərin nüsxələrində yazılmış və Qur᾽an surələrinin ayrılmaz bir hissəsi hesab olunmuşdur.

Buradan belə mə᾽lum olur ki, «Bismillah» ayəsi surələr arasında fasilə məqsədilə deyil, onların bir hissəsi kimi yazılmışdır.

Bu nəzəriyyənin batil və əsassız olduğuna dair gətirilən başqa bir dəlildə deyilir: Əgər «Bismillah» ayəsi surələrin əvvəlində yalnız fasilə məqsədilə yazılsaydı, bu ayə Həmd surəsinin əvvəlində deyil, əksinə Bəraət surəsinin əvvəlində yazılmalıydı. Çünki Həmd Qur᾽anın ilk, Bəraət surəsi isə doqquzuncu surəsidir. Demək «Bismillah» ayəsinin yazılmasında ən başlıca şərt heç də surələri bir-birindən aıyrmaq deyildir. Çünki özündən əvvəl heç bir surə olmayan Həmd surəsi «Bismillah» ayəsi ilə, özündən əvvəl və sonra surələr olan Bəraət surəsi isə «Bismillah»sız başlanır.



[1] Üsuli-kafi, 3-cü cild, 312-ci sәh.

[2] Mustәdrak 1-ci cild, 551-ci sәh.

[3] Itqan, 1-ci cild, 136-cı sәh.

[4] Mustәdrək, Hakim, 1-ci cild, Qur᾽anın fәzilәtlәr fәsli, 550-ci sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Həzrət Zeynəb (ə.s)
Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi

 
user comment