Azəri
Thursday 18th of April 2024
0
نفر 0

ƏHLİ-BEYT (Ə) QURANDA

Dar menuy aval bashe.

 

ƏHLİ-BEYT (Ə) QURANDA

Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:

1. Bəzən xüsusi ifadələrlə onlardan söhbət açır və Əhli-beytin (ə) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Buna misal olaraq «Vilayət» (Maidə/55) ayəsini qeyd etmək olar. Necə ki, Qurani-kərimdə buyurulur:

«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.»

Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (ə) haqqında nazil olmuşdur.

2. Bəzən də Əhli-beytə (ə) aid olan hadisələri zikr edir və bu barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Məsələn, «Ali-İmran» sürəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «İtam» ayəsini buna misal göstərmək olar.

Əhli-beyt (ə) haqqında çox ayələr nazil olmuşdur, lakin biz burada onların bəziləri haqda söhbət edəcəyik: 

1- XÜSUSİ AYƏLƏR:

Quranda bir çox ayələr vardır ki, Peyğəmbərin (s) qardaşı və O həzrtin (s) Əhli-beytinin (ə) ilkini hesab olunan imam Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmuşdur. Əli (ə) uşaqlıq vaxtından həzrət Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və o həzrətin (s) ecazkar əxlaqını mənimsəmişdir. On yaşında ikən iman gətirərək Peyğəmbərin (s) dəvətini qəbul etmiş, döyüşlərdə İslam bayraqdarı, qəhrəman sərkərdə və lazım gəldikdə adi əsgər kimi İslam aləminə misilsiz xidmətlər göstərmişdir. İslam tarixində məşhur olan müharibələrdə, o cümlədən Ühüd, Bədr, Hüneyn, Əhzab, Xeybər və Zatus-səlasil kimi ağır döyüşlərdə o həzrətin qazandığı zəfərlər hamıya məlumdur. Peyğəmbərimizin (s) o müqəddəs vücud barədə buyurduğu sözləri tarix səhifələrini bəzəmiş və Əlinin (ə) yüksəkliyinə dəlalət edən əbədi nişanələrə çevrilmişdir. Əgər Quran ayələrinin nazil olma səbəbləri ilə maraqlansaq görərik ki, bir çox ayələr də vardır ki, həzrət Əmirəl-möminin Əli (ə) haqqında nazil olmuşdur. Bu ayələr:

1. O həzrətin (ə) şücaət, qəhrəmanlıq və Allah yolunda fədakarlığını;

2. Düşmənlərin əziyyət və məsxərələri qarşısında səbr və mətanətini;

3.Təqvasi, pərhizkarlığı, başqalarına etdiyi bəxşiş və ehsan, nəhayət, möminlərin üzərində olan ilahi rəhbərlik və vilayətini əhatə edir.

Həmin ayələrdən nümunə üçün burada bəzilərini qeyd edirik.

VİLAYƏT AYƏSİ

Müqəddəs Quranda oxuyuruq:

«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir. Allahı, Peyğəmbəri (s) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi qalib gələnlərdir.» 

Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün o həzrət (ə) məsciddə namaz qılıb ruku halında olduğu zaman, bir yoxsul ondan kömək istədi. Əli (ə) öz üzüyünü çıxardıb ona verdi.

Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (ə) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deməliyik ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onun kimi savab qazanmağa nail etməkdir. Həmçinin möminlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər. 

Digər tərəfdən unutmamalıyıq ki, müqəddəs Quran bu kimi misallarla (bir nəfər üçün cəm şəkilçisi işlətməklə) doludur.

Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir:

Bu ayənin sonuncu hissəsi Əli ibn Əbi Talib (ə) haqqındadır. Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü yoxsula vermişdir  

Bu ayənin həzrət Əli (ə) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları da vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı məlumat əldə etmək istəyənlər Əhli-beyt və Əhli-sünnə məzhəblərinin müxtəlif hədis və təfsir kitablarına müraciət edə bilərlər.

TƏBLİĞ VƏ İKMAL AYƏLƏRİ

Tarix və mötəbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (s) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (ələyhis-salam) o həzrətə nazil oldu və Əlini (ə) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbər (s) bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata elan etməyi qərara aldı.

Lakin Allah-taala “Təbliğ” (Maidə/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər bu məsələni hal-hazırda camaata elan etməsə, həqiqətdə öz ilahi vəzifəsini yerinə yetirməmişdir.

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan. Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır"  .

Həmçinin ayənin davamında həzrət Peyğəmbərə (s) ürək-dirək verərək, onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi. 

Odur ki, Peyğəmbər (s) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın, dəstədən geri qalanlar isə özlərini ona çatdırsınlar.

Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (s) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.

Əhli-beyt (ə) və əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri bu xütbənin tam və ya bə’zi hissələrini öz kitablarında nəql etmişlər.

Burada Əhli-beyt (ə) məzhəbinin görkəmli alimi Əbul-Fütuh Razinin təfsirinə əsaslanaraq, həzrət Peyğəmbərin (s) çıxışının xülasəsini nəql edirik:

Həzrət Peyğəmbər (s) “Qədir-Xum” xütbəsində buyurdu:

“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Onlara itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız. Onlar; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytimdir.

Xəbərdar və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənədək bir-birindən ayrılmayacaqlar.”

Sonra buyurdu: “İlahi! Görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”

Daha sonra əlavə etdi: “[Ey camaat]! Mən sizin üçün özünüzdən daha önəmli deyiləmmi?”

Onlar cavab verdilər: “Bəli.” Peyğəmbər (s) buyurdu:

“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”

Sonra buyurdu: “İlahi! Özün onlara şahid ol!” 

Əhli-sünnə məzhəbinin alimləri də bu xütbəni gah kamil, gah da qeyri-kamil şəkildə öz kitablarında nəql etmişlər ki, burada onların bəzilərinə işarə edirik:

1- Müslüm ibnil-Həccac ən-Neysaburi (206-261 h. q.) özünün “Səhih” adlı kitabında (“Səhabələrin fəzilətləri” bölümünün “Əli ibn Əbi Talibin (ə) fəzilətləri”nə aid hissəsi, 1043-cü səhifə və 2408-ci hədisdə) “Qədir-Xum” xütbəsini Zeyd ibn Ərqəmdən nəql etmişdir. Lakin o, bu xütbənin yalnız bir hissəsini yəni Peyğəmbərin (s) “Səqələyn” (Quran və Əhli-beyt) barəsində olan vəsiyyət və tövsiyələrini nəql etməklə kifayətlənmişdir.

2- Əl-Hafiz Əbu Əbdür-Rəhman Əhməd ibn Şüəyb ən-Nisai (215-303 h. q.) “Xəsaisu Əmiril-möminin Əli ibn Əbi Talib” adlı dəyərli kitabının müxtəlif hədislərində (məsələn; 9-cu, 78-ci, 96-cı, 99-cu və s. hədislərdə) “Qədir-Xum” hədisinin bə’zi hissələrini nəql etmişdir.

3- Əl-Hafiz Əmr ibn Əbi Asim əz-Zəhhak (vəfat: 287 h. q.) “Kitabus-sünnə” adlı kitabının bir neçə hissəsində (1354, 1355, 1356, 1357, 1360, 1362 və 1370-ci hədislərdə “Qədir-Xum” hədisinin bəzi hissələrini (o cümlədən: Mən hər kimin mövlasıyamsa, Əli də onun mölasıdır) –sümləsini Peyğəmbərin (s) səkkiz səhabəsindən (o cümlədən; Əbu Əyyub Ənsari, Cabir ibn Əbdullah, Zeyd ibn Ərqəm, Əli ibn Əbi Talib (ələyhis-salam) və s. -dən nəql etmişdir.

4- Übeydullah ibn Əbdullah ibn Əhməd əl-Hakim əl-Həsəkani (hicri-qəməri ilinin beşinci əsrində yaşamışdır) özünün “Şəvahidut-tənzil” adlı kitabının 245, 247, 249 və 250-ci hədislərində “Təbliğ” ayəsinin (Maidə surəsi, ayə 67) nazil olma səbəbini aydınlaşdıran bəzi hissələrini nəql etmişdir.

5- Əbu İsa Məhəmməd ibn İsa ət-Termezi (209-297-ci h. q.) “Camius-səhih” adlı kitabının 5-ci cildinin 632-ci səhifəsindəki 3712 və 3713-cü hədislərdə Peyğəmbərin (s) Qədir-Xum” –da buyurduğu hədisini nəql etmişdir.

O, 3713-cü hədisdə “Qədir-Xum” hədisini nəql etmiş və onu səhih (mötəbər və qəbul ediləsi) adlandırmışdır.

6- Əl-Hafiz Əbu Əbdullah əl-Hakim ən-Neyşaburi (vəfat: 405 h. q.)“əl-Müstədrək ələs- səhihəyn” adlı kitabının 5-ci cildinin 109-cu səhifəsində “Qədir-Xum” yəni; - (Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır) hədisini Peyğəmbərdən (s) nəql edərək, onu səhih və mötəbər bilmişdir.

7- Əli ibn Əhməd əl-Vahidi ən-Neysaburi (vəfat: 468 h. q.) “Əsbabun-nüzul” adlı kitabının 164-cü səhifəsində Əbu Səid əl-Xüdridən rəvayət nəql edərək, “Təbliğ” ayəsinin nazil olma səbəbini “Qədir-Xum” hədisi və Əli ibn Əbi Talibin (ə) vilayəti barədə olduğunu bildirmişdir.

8- Əl-Muvəffiq ibn Əhməd ibn Məhəmməd Məkki əl-Xarəzmi (vəfat: 568 h. q.) “əl-Mənaqib” adlı kitabının 155-156-cı səhifələrindəki 183-cü hədisdə, habelə həmin kitabın 154-cü səhifəsindəki 182-ci hədisində “Qədir-Xum” hadisəsi və orada Peyğəmbərin (s) söylədiyi xütbənin bəzi hissələrini nəql etmişdir.

9- Əllamə Əlaüddin Müttəqi ibn Hisamüddin əl-Hindi (vəfat: 975 h. q.) “Kənzül-ümmal fi sünənil-əqval vəl-əfal” adlı kitabının birinci cildinin 187-ci səhifəsindəki 953-cü hədisdə Zeyd ibn Ərqəmdən nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur:

“Həqiqətən Allah mənim mövlam, mən isə hər bir möminin mövlasıyam. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmən olana düşmən ol.” 

O, həmin kitabın 957-ci hədisində “Qədir-Xum” hədisini Zeyd ibn Ərqəmdən nəql edir ki, bu hədisə əsasən, Peyğəmbər (s) buyurmuşdur:

“Allahdan başqa bir məbudun olmaması və Məhəmmədin Onun bəndəsi və elçisi olması barədə şəhadət verirsinizmi?

Cənnət və cəhənnəm və öldükdən sonra məhşərə çağırılacağınızın haqq olduğu barədə şəhadət verirsinizmi?

Cavab verdilər: Biz bunların hamısına şəhadət veririk.

Peyğəmbər (s) buyurdu: Mən də sizinlə birgə bunlara şəhadət verirəm. Eşidirsinizmi?!

Şübhəsiz ki, mən sizdən qabaq “Kovsər” hovuzuna yetişəcəm və siz məndən sonra hovuzun kənarına və mənim yanıma gələcəksiniz. O hovuzun eni “Səna”dan “Busra”ya kimidir və onda ulduzların sayı qədər gümüş qədəhlər vardır. “Səqələyn” ilə necə rəftar edəcəyinizə diqqət edin.!

Camaat soruşdu: Ya Peyğəmbər! “Səqələyn” nədir?

Həzrət (s) buyurdu: “Onlardan biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Buna görə də ona itaət edin və yolunuzu azmayın. O biri isə mənim yaxınlarım olan (Əhli-beytimdir).

Lətif və agah olan Allah mənə xəbər vermişdir ki, onlar hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar və bunu, mən Allah-taaladan xahiş etmişəm. Odur ki, onlardan qabağa düşməyin ki, həlak olarsınız və onlardan geri qalmayın ki, yenə də həlak olarsınız. Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər. Mən hər kimə, onun özündən daha önəmliyəmsə, Əli də onun mövlası və başçısıdır.

İlahi! Əlini sevəni sev və ona düşmən olana düşmən ol! 

10- İbn Həcər ən-Heysəmi əl-Məkki əş-Şafei “əs-Səvaiqul-mühriqə” adlı kitabının 25-ci səhifəsində bu xütbəni nəql etmiş və onun düzgün və mötəbər olduğunu bildirmişdir.

11- Əl-Heysəmi əş-Şafei “Məcməüz-zəvaid” adlı kitabının 9-cu cildinin 164-cü səhifəsində bu xütbəni nəql etmişdir.

12- İbn Əsakir əş-Şafei “Tarixu-Dəməşq” adlı kitabının 2-ci cildinin 45-ci səhifəsində yerləşən 545-ci hədisdə bu xütbəni nəql etmişdir.

13- İbn Səbbağ əl-Maliki “Əl-Füsulul-mühimmə” adlı kitabının 24-cü səhifəsində bu xütbəni nəql etmişdir.

14- Ət-Termezi əl-Şafei “Navadirül-üsul” adlı kitabının (Misir çapı) 289-cu səhifəsində də bu xütbəni nəql etmişdir.

15- İbn Məğazəli əş-Şafei “Mənaqibu Əli ibn Əbi Talib” adlı kitabında bu xütbəni nəql edibdir.

16- Əl-Bədəxşi bu xütbəni “Nəzəlül-Əbrar” adlı kitabının 18-ci səhifəsində nəql etmişdir.

17- Ət-Təbərani isə bu xütbəni “əl-Möcəmül-kəbir” adlı kitabında nəql etmişdir.

Qeyd etmək lazımdır ki, bu barədə əhli-sünnə qardaşlarımızın elmi mənbələrdəki sübutlar yuxarıda qeyd etdiklərimizdən qat-qat çoxdur.

Əllamə Əmini (r.ə) "əl-Qədir" hədisini həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Ayişə və s.  gözə dəyir. 

Həmçinin deməliyik ki, bu qiymətli xütbə Əhli-beyt (ə) məzhəbinin təfsir, hədis və digər elmi mənbələrində də həm kamil, həm də qeyri-kamil surətdə mövcuddur.

İndi isə əsas mətləbə keçək:

İslam Peyğəmbəri (s) ilahi fərmana əsasən “Qədir-Xum” adlı məkanda dayanaraq, geniş bir xütbə söylədikdən sonar, Əli ibn Əbi Talibi (ə) özündən sonra fasiləsiz olaraq canişin təyin etmişdir.

Sonra öz səhabələrinə fərman vermişdir ki, Əli ibn Əbi Taliblə (ə) özlərinin gələcək rəhbəri ünvanında beyət etsinlər və beləliklə səhabələr o həzrətlə (ə) beyət etmişlər.

Nəql olunan rəvayətlərə əsasən, Peyğəmbərin (s) bu fərmanından sonra Ömər ibn Xəttab, İmam Əlinin (ə) hüzuruna gələrək belə demişdir:

“Yəni; Ey Əbu Talibin oğlu! Xoş halına ki, hər bir mömin kişi və qadının mövlası oldun.” 

Həmçinin Fəxri Razinin (544-601 h. q.) nəql etdiyi rəvayətə əsasən, Ömər ibn Xəttab belə demişdir:

“Ey Əbu Talibin oğlu! Xoş halına ki, həm mənim və həm də bütün mömin kişi və qadınların mövlası oldun!” 

Mötəbər və səhih hədislərə əsasən, bu hədisdən sonra Allah-taala “İkmal” (Maidə/3) ayəsini nazil etdi:

“Bu gün mən sizin dininizi kamilləşdirdim və öz ne’mətimi sizin üçün tamamladım. Və İslam dinini sizin üçün (əbədi din olaraq) qərar verdim.” 

İslam Peyğəmbəri (s) isə bu ayə nazil olduqdan sonra belə buyurmuşdur:

“Dinin kamilləşməsi, nemətin tamamlanması və Allahın mənim risalətimdən və məndən sonra Əliyyibni Əbi Talibin rəhbərliyindən razı qaldığı üçün Allah daha böyükdir.” 

Bəziləri bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş "mövla" sözünə rəhbər deyil, dost və s. bu kimi mənalar verirlər!

Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb "Əli mənim dostumdur" sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!

Halbuki bu iş, ilahi Peyğəmbərdən deyil, adi bir insandan belə baş versəydi, gülünc bir iş olardı. Peyğəmbərin (s) bu sözləri təkidlə buyurması və s. əlamətlər bəzilərinin iddia etdiyi sözün əsassız olmasını yetirir.

Bu mövzuya aid olan bir çox ayələr vardır ki, onların zikr olunması ilə söz uzanar. Ona görə də bunları geniş şəkildə bilmək istəyənlər təfsir, mənqəbət, hədis və tarix kitablarına müraciət edə bilərlər. Burada isə onlardan bir neçəsini xülasə şəkildə qeyd edəcəyik:

HİDAYƏTÇİ AYƏSİ

Allah-taala Rəd surəsinin 7-ci ayəsində buyurur:

«(Ya Peyğəmbər!) Sən, yalnız (cəhənnəm əzabından xalqı) qorxudansan və hər qövm üçün bir hidayətçi vardır».

Rəvayət edilmişdir ki, Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu:

«Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır; Hər xalqın bir yol göstərəni vardır».

O Həzrət əli ilə Əliyə (ə) işarə edib buyurdu:

«Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar». 

Həmin hədisi Təbəri öz təfsirində, Fəxri Razi Kəbir təfsirində və Süyuti əd-Dürrül-mənsur təfsirində zikr olunan ayələrin izahında nəql etmişlər.

MÖMİN AYƏSİ

Səcdə surəsinin 18-ci ayəsində buyurulur:

«Mömin adam fasiq adam kimidirmi? Onlar (heç vaxt) bərabər ola bilməzlər.»

Bu ayədə «mömin» sözündən həzrət Əli (ə) və «fasiq» sözündən isə «Valid ibn Öqbə» nin nəzərdə tutulduğu deyilmişdir. 

ŞAHİD AYƏSİ

Allah-taala Hud surəsinin 17-ci ayəsində buyurur:

«Rəbbi tərəfindən aşkar sübut və şahidi olan adamı (necə inkar edilər)».

Ayədə zikr olunan «Rəbbindən aşkar sübut olan» sözündən məqsəd Peyğəmbər (s) və şahid sözündən isə həzrət Əli (ə)-dir. 

SALEHUL-MÖMİNİN AYƏSİ

Qurani-kərimin Təhrim surəsinin 4-cü ayəsində oxuyuruq:

«Şübhəsiz (peyğəmbərin) dostu və köməyi Allah, Cəbrail və möminlərin salehidir».

Təfsirçilər və hədis alimlərinin rəyinə görə bu ayədə «möminlərin salehi» sözü ilə işarə olunan şəxs həzrət Əli (ə)-dir. 

MƏHƏBBƏT AYƏSİ

Məryəm surəsinin 96-cı ayəsində buyurulur:

«İman gətirib saleh əməl edənlərin məhəbbətini Rəhman (Allah) tezliklə qəlblərə salar».

Peyğəmbər (s) bir gün Əliyə (ə) buyurdu:

«Ya Əli! Söylə ki, ey Allah! Məni öz əhd-peymanına bağlı et və mənim məhəbbətimi möminlərin qəlbinə sal!» Sonra bu ayə həzrət Əlinin (ə) haqqında nazil oldu  

XƏYRUL-BƏRİYYƏ AYƏSİ

Allah-taala Bəyyinə surəsinin 7-ci ayəsində buyurmuşdur:

«İman gətirib saleh əməl edənlər, insanların ən yaxşılarıdırlar».

Peyğəmbər (s) buyurdu:

«Ey Əli! (Ayədə qeyd olunan daha yaxşı) şəxslərdən məqsəd sən və sənə tabe olan davamşılarındır.» 

Süyuti də bu hədisi «əd-Dürrül-mənsur» təfsirində müxtəlif sənədlər ilə nəql etdikdən sonra əlavə edib yazır:

Həmişə Əli (ə) gələndə, Peyğəmbərin (s) səhabələri deyərdilər: “İnsanların ən yaxşısı gəldi”.

SİQAYƏ AYƏSİ

Allah-taala Tövbə surəsinin 19-cu ayəsində buyurmuşdur:

«Hacılara su verməyi və Məscidül-Həramı təmir etməyi, Allaha və qiyamət gününə iman gətirən şəxslərə bərabər sanırsınızmı?»

Əldə olan bir sıra hədis və rəvayətlərə əsasən, ayənin birinci hissəsində Abbas və Təlhə, ikinci hissəsində isə həzrət Əli (ə) nəzərdə tutlmuşdur. 

2- ÜMUMİ AYƏLƏR:

İndi isə Əhli-beytə (ə) aid olan umumi ayələrin bir neçəsi barədə söhbət açacaq və beləliklə də Əhli-beytin (ə) müqəddəs Quran baxımından olan məqamını müəyyən həddə qədər açıqlayacağıq:

TƏTHİR AYƏSİ

Allah-taala müqəddəs Quranda buyurur:

«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyir.» 

Təfsir və hədis kitablarına görə «Əhli-beyt» sözündən məqsəd həzrət Peyğəmbərin (s) ailəsidir və onlar «Əli, Fatimə, Həsən və Hüseyn» əleyhimus-səlamdan ibarətdir. Süyuti «əd-Dürrül-mənsur» kitabında Təbəridən, o da Möminlərin anası Ümmü Sələmədən nəql edərək deyir:

Həzrət Peyğəmbər (s) öz qızı Fatiməyə belə buyurdu: «Ərini və yşaqlarını mənim yanıma çağır.» O, da gedib onları Həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Həzrət Peyğəmbər (c) onların üstünə bir Fədək əbacı atdı və mübarək əlini onların çiyninə qoyub bu duanı oxudu: «Ey Allah! Bunlar Məhəmmədin Əhli-beytidir. Rəhmət və bərəkətini Məhəmmədin Əhli-beytinə qərar ver. Necə ki, İbrahimin (ə) əhli- beytinə qərar verdin. Həqiqətən Sən ibadət olunmuş və yüksəksən.»

Ümmü-Sələmə deyir: Mən əbanı qaldırıb onlarla birlikdə onun altına daxil olmaq istədim, lakin həzrət Peyğəmbər (s) əbanı çəkərək mənə mane oldu və buyurdu: «Əlbəttə sən xoşbəxt və səadətlisən.»

Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə deyir:

«Həzrət Peyğəmbər (s) mənim evimdə üstünə bir Xeybər örtüyü olan bir yataqda yatmışdı. Bu vaxt xanım Fatimə (ə) saxsı qazanda bir qədər yemək gətirdi. Həzrət Peyğəmbər (s) buyurdu:

«Ey Fatimə, ərini və oğlanlarını (Həsən və Hüseyni) mənim yanıma çağır». O da onları çağırdı və onlar əyləşib birlikdə yemək yeməyə məşğul oldular. Bu zaman həzrət Peyğəmbərə (s) «Təthir» ayəsi nazil oldu. Həzrət Peyğəmbər (s) üstünə örtdüyü örtüyün qalan hissəsini onların üstünə çəkib əlini göyə qaldıraraq buyurdu:

«İlahi! Bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et.»

Həzrət Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etdi.

Ümmü Sələmə deyir: Mən də başımı o örtüyün altına daxil etdim və dedim: «Ya Pəsuləllah! Mən də sizinlə bərabərəmmi?» O Həzrət cavabımda iki dəfə buyurdu: «Sən xoşbəxt və səadətlisən, amma Əhli-beytdən sayılmazsan»  

Əziz Peyğəmbərimiz (s) ardıcıl olaraq bu ayənin mənasını şərh edirdi ki, xalq onları yaxşı şəkildə başa düşsün və bunun vasitəsi ilə daim hidayət və həqiqət yolunda hərəkət etməyə nail olsunlar.

O həzrət (s) buyurmuşdur: «Təthir ayəsi beş nəfərin haqqında nazil olmuşdur: Mən, Əli, Fatimə, Həsən və Hüseyn».  

Möminlər anası Aişədən bu ayənin təfsirində Əhli-beytin (ə) kimlərdən ibarət olduğu barədə belə rəvayət edilmişdir: «Bir gün həzrət Peyğəmbər (s) çiynində qara yundan toxunmuş naxışlı bir parça olduğu halda bayıra çıxdı. Həsən ibn Əli onun yanına gəldi. Həzrət Peyğəmbər (s) onu o əbasının altına daxil etdi, sonra Hüseyn, daha sonra Fatimə və Əli gəldilər. Həzrət Peyğəmbər (s) onları da parçanın altına daxil etdi və buyurdu: İlahi! Bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et»  Digər bir rəvayətdə nəql edilmişdir: Həzrət Peyğəmbər (s) sübh namazına gedəndə qızı Fatimənin (ə) qapısından keçərkən belə buyurdu:

«Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı... Həqiqətən, Allah fəqət siz Əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» 

Bəli, Qurani-kərim Əhli-beyt (ə) haqqında bu şəkildə bəhs etməklə, onların hər cür günah və pisliklərdən, xoşagəlməz nəfsani istəklərdən pakizə olduqlarını və şəxsiyyətlərinin yüksəkliyini bəyan edir. Məhz buna görə onların yüksək dərəcə və məqamları müsəlmanlar üçün nümunə və örnək olmalıdır. Quranın bu şəxsiyyətləri tanıtmaq və uca mərtəbələrini bəyan etməyindən əsas məqsədi, müsəlmanların kimə inanıb bel bağlamağı, həqiqi İslamı kimdən öyrənmələrini, işlərində kimlərdən nümunə götürmələrini, ixtilaflı məsələlərdə və əqidə köklərində kimə müraciət etmələrini müəyyən etməkdir. Quranın bu hədəfini və Əhli-beyti (ə) həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlara nümunə və rəhbər kimi tanıtmaq qərarında olduğunu müxtəlif ayələrdə görmək mümkündür.

Həzrət Peyğəmbərin (s) neçə ay müntəzəm olaraq həzrət Əli və Fatimənin qapısından keçib sübh namazına getdiyi vaxt onları «Əhli-beyt» adı ilə namaza çağırması və bu çağırışın ardınca Təthir (Əhzab/33) ayəsini oxuması, yuxarıda qeyd etdiyimiz məqsədlərə naul olmaq üçün idi. Yəni, bu hərəkəti ilə həmən ayənin mənasını təfsir edərək, Əhli-beytin (ə) kimlərdən ibarət olduğunu və ümmətin belə şəxsiyyətləri özləri üçün, nümunə və rəhbər seçməklərinin vacib olmasını söyləmək istəyirdi.

Təbərani Əbu Həmradan belə rəvayət edir:

«Alti ay həzrət Peyğəmbərin (s) Əli (ə) və Fatimənin (ə) qapısına gəlib, Təthir ayəsini oxumasını gördüm.» 

Fəxri Razi də öz təfsir kitabında belə nəql etmişdir:

«Ey Peyğəmbər! Öz əhlini (ailəni) namaza dəvət et və bu işdə səbrli ol» 

Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) altı ay hər gün sübh vaxtı həzrət Əli və Fatimənin evinin kənarından keçib buyururdu:

«Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı... Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.» 

«Ey Peyğəmbər, əhlini namaza dəvət et...» ayəsi nazil olduqdan sonra həzrət Peyğəmbərin (s) o şəkildə onları çağırması müsəlmanlar üçün bir daha onların kim olduğu başa salmaq və onların yüksək dərəcələrinə verilən əhəmiyyəti göstərmək üçün idi.

Bu ayənin mənası və həmçinin, əvəzliyin qadın cinsindən deyil, kişi cinsindən işlənməyi sübut edir ki, «Əhli-beyt» kəlməsindən məqsəd həzrət Peyğəmbərin (s) həyat yoldaşları yox, o, beş nəfərdir. Çünki, təfsir kitablarında deyilən kimi, əgər burada həzrət Peyğəmbərin (s) xanımları nəzərdə tutulsaydı, «yutəhhirəkum» deyil, «yutəhhirəkunnə» kəlməsi ilə onlara müraciət edilərdi. Yəni, şəxs əvəzliyi qadın cinsindən işlədilərdi.

Bu ayə biz müsəlmanları işıqlı bir yola istiqamətləndirir və diqqətimizi İslam xalqlarının həyatındakı bir çox əsil  həqiqətlərə cəlb edir. Haqqı tanımaqda qarşılaşacaqları hər bir şəkk-şübhəni aradan aparmaq və Quranın, əsasını paklıq və ədalət təşkil edən və bütün günah və çirkinliklərdən uzaq olan ideal bir ümmət yaratmağa və Əhli-beytin (ə) o cəmiyyətin əsil mərkəzi olmasına dair olan ülvi hədəflərin aradan getməməsini istəyir.

Müsəlmanların arasında Əhli-beytdən (ə) başqa bu ayədəki (paklıq və s.) keyfiyyətlərə malik olan və Quran tərəfindən təsdiq olunan bir kimsə yoxdur. Bunlar yalnız həzrət Peyğəmbərin (s) «Ya Əhləl-beyt» deyə müraciət etdiyi şəxslərdir.

ULİL-ƏMR AYƏSİ

Allah-taala Qurani-kərimdə İslam ümmətinə xitab edərək buyurur:

“Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son künə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur.”  

Allah-taala bu ayədə möminlərin Ona itaət etmələrinin vacibliyini qeyd etməklə yanaşı, İslam peyğəmbərinə itaət etməyin də onlar üçün vacib olduğunu buyurmuşdur. Bu itaət əslində Allah-taalanın özünə itaət hesab olunur.

Qeyd etmək lazımdır ki, “Ulu”  və “Uli” sözləri ərəb dili qrammatikasına görə, “zu”, yəni; sahib sözünün cəm formasıdır.

“Əmr” sözü isə iş, məqam, rütbə, fərman, göstəriş və s. kimi mə`nalar daşıyır  

Deməli, ayədə buyurulmuş “Ulil-əmr” sözü, doğma ana dilimizə “Əmr və fərman sahibləri” kimi tərcümə olunur.

Təfsir və hədis kitablarında bu mövzu ilə bağlı nəql olunan müxtəlif rəvayətlər ayənin nümunəsi baxımından bir-birini inkar etsə də onları nəql etmək məcburiyyətindəyik.

Birinci rəvayət:

“Abdullah ibn Abbas nəql edir ki, İslam peyğəmbəri (s) Xalid ibn Vəlidin başçılığı ilə (müşrik qəbilələrdən biri ilə döyüşmək üçün) kiçik bir qoşun göndərdi. Əmmar Yasir də onunla birgə idi. O qəbilədən bir nəfər Əmmar Yasirin yanına gəlib İslam dinini qəbul etdi və ondan aman (toxunulmamazliq haqqında fərman, yaxud vəd) istədi. Əmmar Yasir özü ona aman verdi. Xalid ibn Vəlid isə Əmmarın bu işindən bərk qəzəblənib, onunla savaşdı...

Nəhayət, yaranmış mübahisənı həll etmək məqsədi ilə həzrət Peyğəmbərə (s) şikayətləndikdə, İslam peyğəmbəri (s) Əmmar Yasirə bir daha icazəsiz başqasına aman verməməsini tapşırdı və eyni zamanda onun o şəxsə verdiyi amanı da qəbul etdi. Sonra bu ayə (Nisa/59) nazil oldu və əmr sahiblərinə itaət etməyin vacib olduğunu müsəlmanların nəzərinə catdırdı.”

Bu rəvayətdə deyilir ki, Xalid ibn Vəlid Peyğəmbərin (s) hüzurunda Əmmar Yasir ilə savaşıb, ona nalayiq söz dedikdə, həzrət Peyğəmbər (s) ona buyurdu:

“Ey Xalid! Əmmara nalayiq söz demə. Hər kəs ona nalayiq söz desə, Allah da ondan öz inayətini kəsər. Hər kəs Əmmarı qəzəbləndirsə, Allah da ona qarşı qəzəb edər və hər kəs Əmmara lənət göndərsə, Allah da ona lənət edər.” 

İkinci rəvayət:

“Mücahid nəql edir ki, bu ayə (Nisa/59) İslam peyğəmbəri (Təbuk döyüşünə gedərkən) Əli ibn Əbi-Talibi Mədinə şəhərində öz canişini tə`yin etdiyi zaman nazil olmuşdur. O zaman Əli (ə) Peyğəmbərə (s) dedi: (Ya Peyğəmbər!) Məni qadınların və uşaqların yanında qoyub gedirsənmi? Həzrət Peyğəmbər (s) isə buyurdu:

Mənim üçün Harunun Musaya olduğu nisbət və məqamda olmağına razı deyilsənmi?...” 

Üçüncü rəvayət:

“Abdullah ibn Abbasın nəql etdiyi digər rəvayətdə deyilir ki, bu ayə (Nisa/59) Abdullah ibn Həzafənin İslam peyğəmbəri (s) tərəfindən kiçik bir qoşunla müharibəyə göndərildiyi zaman, onun haqqında nazil olmuşdur.” 

Qeyd olunmuş hədislər, hədis elmi baxımından mötəbər sayılsa belə, onlara əsaslanıb bu ayəni (Nisa/59) yalnız onun nazil olduğu zamana və adları sadalanmış şəxslərə aid etmək heç cür qənaətbəxş sayıla bilməz. Çünki Qurani-kərim yalnız müəyyən bir zaman və ya müəyyən bir millət üçün nazil olmamış, əksinə bütün zamahlar və millətlər üçün göndərilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz hədislər ayəni yalnız müəyyən bir zaman və ya məkana aid etmədən, yalnız nazil olma səbəbini aydınlaşdırır.

Unutmamalıyıq ki, Peyğəmbərin (s) təyin etdiyi rəhbər və başçıya itaət etmək müqəddəs şəriət çərçivəsində vacib sayılır.

Həmçinin bunu da qeyd etmək lazımdır ki, “Əmr sahibləri” (Nisa/59) ayəsi heç də üç dəfə ayrı-ayrı hadisələrdə nazil olmamışdır. Əksinə, qeyd olunmuş rəvayətlərin hər üçü mö`təbər sayıldığı halda, bu ayə bir dəfə nazil olmuş, qalan iki dəfə isə çox güman ki, İslam peyğəmbəri (s) və müsəlmanlar tərəfindən təkrar edilmiş və xatırlanmışdır.

İtaətkarlıq məsələsinin hər bir insanın dini, dünyəvi və uxrəvi həyat və müqəddəratında mühüm rola malik olduğunu nəzərə alsaq, “Əmr sahibləri” (Nisa/59) ayəsinin hansı əhəmmiyyətə malik olmasının, habelə “Əmr sahibləri”ndən məqsədin hansı şəxslər olmasının əsaslı bir sual olaraq, hər bir müsəlmanı maraqlandıracağı aydın olar. Elə buna görə də hər bir müsəlman, şəxsi və məzhəbi təəssübkeşliyini kənara qoyaraq, ayədə buyurulmuş “Əmr sahibləri”nin hansı şəxslər olduğunu aydinlaşdırmalı və bu vasitə ilə özünü dünya azğınlığından və axirət peşmançılığından qoruyub, səadətə nail olmağı üçün şərait yaratmalıdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi
Londonda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 12 nəfərə ...
İraq ordusu Dəclə çayının şərq ətrafında nəzarəti bərpa etdi
Nigeriyanın bir neçə şəhəri ayağa qalxdı, Şeyx Zəkzəkiyə Azadlıq!
Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.
İslami Oyanışın Mərkəzi olan Tunisdə Peyğəmbərin Milad Bayramı

 
user comment