Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ƏQL VƏ QUR᾽AN NÖQTEYİ-NƏZƏRİNDƏN QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB

ƏQL VƏ QUR᾽AN NÖQTEYİ-NƏZƏRİNDƏN QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

QUR᾽ANIN, QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI

Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Qur᾽anın bir çox ayələri ilə də düz gəlmir.

Əvvəla bunu qeyd etmək lazımdır ki, Qur᾽an nazil olduğu ilk gündən onun bə᾽zi surələri kitab əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), İslamla mübarizə aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Qur᾽an kimi ikinci bir kitab, buna qadir olmadıqları təqdirdə Qur᾽an surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Qur᾽an nüsxələri nəinki əhli-kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.

Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Qur᾽anın «kitab» adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Qur᾽an pərakəndə olaraq kağız, dəri və sümük parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə halına salınmış yazı toplusuna deyilir.

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR

Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qur᾽ana verdiyi əhəmiyyət, qiraət və yazılışı haqda nəql etdiyi hədislər, Qur᾽anın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir. Bir sözlə Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Qur᾽anın kamil yazılı nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.

Çünki Qur᾽an özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə bilmişdir. Qur᾽ana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də azyaşlı uşaqlarda böyük tə᾽sir qoymuşdur.

İndi isə sizi Qur᾽anın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bə᾽ziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Qur᾽anın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.

1. QUR᾽ANIN BƏLAĞƏTİ

Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şe᾽r, xütbələr əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar İslamı qəbul etmiş şe᾽rsevər ərəblərin Qur᾽anın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O Qur᾽an ki, bəlağətli şe᾽rləri ilə şöhrət tapmış şe᾽r ustalarını mübarizə meydanına də᾽vət edir və onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.

Bəli, ərəblər (istər mö᾽min olsun, istərsə də kafir) Qur᾽ana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi. Mö᾽minlər, Qur᾽ana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Qur᾽anla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.

2. PEYĞƏMBƏR

Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Qur᾽anın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə tə᾽kid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Qur᾽an oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Qur᾽an hafizlərinin sayının artıb çoxalması Qur᾽anın tə᾽lim və tədrisinin geniş vüs᾽ət almasına zəmin yaratdı.

3. QUR᾽ANIN ƏZBƏRLƏNMƏSİ

Qur᾽anın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Qur᾽an hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.

4. SAVAB

Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Qur᾽anın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Qur᾽anın əzbərlənməsinə var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.

Belə ki, evdar qadınların bir çoxu Qur᾽an səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.

İbni Məs᾽ud özünün«Təbəqat» adlı kitabında yzır: Fəzl ibni Dəkkin deyir: Vəlid ibni Abdulla ibni Cəmi᾽ nənəsindən nəql edərək deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Qur᾽anın bütün ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (İtqan, 1-ci cild, 125-ci səh).

Demək, əgər qadınlar Qur᾽anın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qur᾽ana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Qur᾽an hafizləri haqda mə᾽lumat əldə etmək istəyənlər, mö᾽təbər tarix kitablarına müraciət edə bilərlər.

Qurtubi deyir: Yəmamə döyüşündə Qur᾽an hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş «Bi᾽r məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.

Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.

Qur᾽an hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Qur᾽anın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Qur᾽an, Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə tə᾽kid edərdi.

Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Qur᾽an ayələrini bir yerə yığırdıq.

Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mö᾽təbər hesab etmiş, lakin onu öz kitablarında nəql etməmişlər. Amma necə olursa-olsun, biz bunu Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (Mustədrak. 2-ci cild, 611-ci səh).

Qur᾽anın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.

İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı olmadıqda Qur᾽an öyrətmək üçün bizim yanımıza göndərərdi.

Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən ucalan Qur᾽an səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (Kənzul-ummal, 2-ci cild, 185-ci səh).

İbadə nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s) ətraf məntəqələrdən Qur᾽an öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən Qur᾽an sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə, Qur᾽anı yavaş və aram-aram oxumalarını əmr etdi. (Kənzul-ummal, 2-ci cild, 185-ci səh).

Bəli, Qur᾽anın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bə᾽zən Qur᾽anın tə᾽limini özlərinə mehriyyə tə᾽yin edərdilər.

Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Qur᾽anın Əbu Bəkrin xilafəti dövrünədək tə᾽xirə düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri tə᾽yin etməsini iddia etmək olarmı? Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qur᾽ana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment