Azəri
Thursday 28th of March 2024
0
نفر 0

QUR᾽ANDA TİLAVƏTİN NƏSX olunması

QUR᾽ANDA TİLAVƏTİN NƏSX olunması

Əhli-sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə mövcud olan Qur᾽an bir qədər fərqli idi» rəvayətinə istinad edərək, bə᾽zi ayələrin müxtəlif səbəblər üzündən Qur᾽anda yazılmadığını iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq istəyirik. Belə ki, ayələrin bə᾽zilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.

BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

İbni Abbas deyir: «Ömər minbərə çıxıb dedi: Allah-taala, Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə tə᾽yin etdi. Ona «Daşqalaq» ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi. Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram elə bir zaman gəlib çatsın ki, müsəlmanlardan birisi «Qur᾽anda daşqalaq barəsində bir şey deyilməmişdir» deyib zəlalətə (günaha) düçar olmuş olsun.»

Ömər sözünü davam etdirib dedi:

«Bəli, Allah-taala Öz kitabında zinakarlıq edən evli kişi və qadınların daşqalaq olunmasını açıq-aşkar bəyan etmişdir. Qur᾽anda oxuduğumuz ayələrdən biri də bu idi:

و لا ترغبوا  عن أبائكم فانه كفر

«Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə küfrə düçar olmuş olarsınız» və ya belə olmalı idi:

ان كفرا بكم ان ترغبوا عن أبائكم

«Ata-babalarınızdan üz çevirərsəniz küfr etmiş olarsınız.» (Səhihi-Buxari, 8-ci cild, 26-cı səh.).

Süyuti deyir: İbni Əştə özünün «Əl-musahif» adlı kitabında Leys ibni Sə᾽ddən nəql edərək deyir: Qur᾽anı ilk dəfə bir yerə yığan şəxs Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər də «Daşqalaq» ayəsini Qur᾽ana əlavə etmək istəmişdir. Lakin, onun Qur᾽an ayəsi olduğunu təsdiq edəcək ikinci bir şəxs olmadığı üçün Qur᾽an nüsxəsinə daxil edilməmişdir. (İtqan 2-ci cild, 101-ci səh.).

Müəllif: Ömərin Qur᾽ana əlavə etmək istədiyi daşqalaq ayəsi və onun bu təklifinin qəbul olunmaması hadisəsi müxtəlif şəkillərdə fərqli olaraq nəql olmuşdur.

اذا زني الشيخ و الشيخة فارجموهما البتة  نكالا من الله  و الله عزيز حكيم

«Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq edin. Bu ilahi bir hökmdür. O Allah ki, yenilməz qüvvət və hikmət sahibidir.»

Lakin hal-hazırda mövcud olan Qur᾽an nüsxələrində biz daşqalaq hökmünə dəlalət edən bu kimi ayələrlə qarşılaşmırıq. Əgər bu rəvayəti mö᾽təbər hesab edəriksə, ayənin Qur᾽anın orijinal nüsxəsindən ixtisara salındığını qəbul etməliyik.

2. Təbərani, mö᾽təbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan nəql edərək deyir: «Qur᾽anda bir milyon iyirmi yeddi hərf vardır.» (İtqan, 1-ci cild, 101-ci səh.).

Bir halda ki, mövcud olan Qur᾽an nüsxələrində hərflərin sayı bu rəqəmin heç üçdə birini də təşkil etmir. Bu rəvayətə əsaslansaq, onda Qur᾽anın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik.

3. Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: «Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə tə᾽yin edib, ona kitab [Qur᾽anı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı zinakarlara dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım olduqda ona əməl edərik. Sonra əlavə edərək dedi: Biz Qur᾽anda bu ayələri oxuyardıq:

ان كفرا بكم ان ترغبوا عن أبائكم

«Ata-babalarınızdan üz çevirməyin...»

«Ata-babalarınızdan üz çevirsəniz...» (Müsnədi-Əhməd, 1-ci cild, 47-ci səh.).

4. Nafe᾽, İbni Ömərdən nəql edərək deyir: «Mütləq sizlərdən biriniz özünü öyərək, mən Qur᾽anı bütünlüklə hifz etdim deyəcəkdir. Lakin o haradan bilsin ki, Qur᾽anın böyük bir hissəsi ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Qur᾽anın mövcud olan hissəsini hifz etdim» desin.» (İtqan, 2-ci cild, 40-41-ci səh.).

5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin (s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın xilafəti dövründə Qur᾽an vahid nüsxə halına salındıqdan sonra orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.» (İtqan, 2-ci cild, 40-41-ci səh.).

6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni oxudu:

«Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!] (İtqan, 2-ci cild, 100-cü səh.).

Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Qur᾽anı yığmazdan əvvəl baş vermişdir.»

7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu Musa Əş᾽əri, Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh insanlar, Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların qəlblərinə qəsavət möhrü vurmuşdur.»

Sonra sözlərinə əlavə edərək dedi:

Əvvəllər Qur᾽anda həcm və qafiyə baxımından Bəraət surəsinə bənzər bir surə oxuyardıq. Lakin həmin surədən mənim yadımda qalan yalnız bu ayə olmuşdur.

«Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa heç bir şey doyuzdurmayacaqdır.»

Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız bu ayə yadımda qalmışdır.

«Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual olunacaqsınız.» (Səhihi-Müslüm, 3-cü cild, 100-cü səh.).

8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kə᾽b məndən soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim: Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür. (Müsnədi Əhməd, 2-ci cild, 43-cü səh.).

9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud olmuş Qur᾽anlar həcm baxımından hal-hazırkı Qur᾽an nüsxələrindən daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Qur᾽an hafizlərinin həlak olması nəticəsində Qur᾽anın böyük bir hissəsi aradan getmişdir. (Müsnədi Əhməd ibni Hənbəl, 2-ci cild, 50-ci səh.).

10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər «[Uşaq anadan] on dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm olmuş olur» ayəsi Qur᾽an nüsxələrində mövcud olmuş, lakin «Xəmsu mə᾽lumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı. (Səhihi Buxari, 4-cü cild, 167-ci səh.).

11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni Əbdürrəhman ibni Ovf deyərdi: Sən də «Əgər döyüşərsinizsə, əvvəl döyüşdüyünüz kimi döyüşün» ayəsini Qur᾽anda tapa bilmirsən?! Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan getmişdir. (İtqan, 2-ci cild, 42-ci səh.).

12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni Muxlid Ənsari bizə dedi: Əvvəllər Qur᾽anın bir hissəsini təşkil edən, lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz?

Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni Muslimə özü bu iki ayəni oxudu:

«İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!

Onlara [mö᾽minlərə] sığınacaq verən, [çətinliklərdə] kömək edən və Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər, kimsənin təsəvvür etmədiyi ne᾽mətlərlə mükafatlandırılarlar. Bütün bunlar onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.»

Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kə᾽bin yazdıqları səhifələrdə Xələ᾽ və Həfəd adlı surələrə də rast gəlmək olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.

«İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şə᾽ninə şükür və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir, qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid edirik. Çünki əzabın yalnız kafirlərə şamil olar.»

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha çox əhəmiyyət veririk.

Cavab: Qur᾽anın bə᾽zi ayələrinin tilavət olunması, bə᾽zilərinin isə ixtisara salınaraq onun orijinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir şey deyildir. Bir sözlə Qur᾽anın təhrif olunduğuna dair irəli sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bə᾽zi ayələrin ixtisara salınması da tamamilə batil və əsassız nəzəriyyədir. Çünki bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata keçirilməli idi.

Birinci nəzər:

Qur᾽an ayələrinin Peyğəmbər (s) tərəfindən ixtisara salınmasını (və ya əvəz olunmasını) sübuta yetirmək üçün əsaslı dəlillərə istinad etmək lazımdır. Bu kimi məntiqsiz rəvayətlərlə belə bir əhəmiyyətli mətləbin sübuta yetirilməsi qeyri-mümkündür. Çünki alimlərin fikrincə, Qur᾽anın vahid xəbər ilə əvəz olunması və ya ixtisara salınması qeyri-mümkündür. Belə ki, onlardan bə᾽ziləri öz kitablarında bu mətləbə xüsusi diqqət yetirmişlər.

Şafei və onun davamçıları Qur᾽anın zahiri mə᾽nasına istinad edərək, Qur᾽anın sünnət və mö᾽təbər rəvayətlərlə nəsx olunmasını (əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır. Bə᾽ziləri Qur᾽anın nəsx olunmasını mütəvatir rəvayətlərlə düzgün hesab etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-mümkün hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql olunduğunu nəzərə alaraq, Qur᾽anın nəsx olunmasını Peyğəmbərə (s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu rəvayətlərin məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki, onlardan bə᾽zilərində nəsxin Peyğəmbərin (s) özü tərəfindən, bə᾽zilərində isə onun vəfatından sonra baş verdiyinə işarə olunur.

İkinci nəzər:

Qur᾽anın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr dövründə təhrif olunmasına gəldikdə isə, bunu deyə bilərik ki, belə bir nəzəriyyəni qəbul etmək, Qur᾽anın təhrif olunmasını qəbul etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki, Qur᾽an tilavətində nəsxə yol verildiyinə e᾽tiqadı olan əhli-sünnə alimlərinin bir çoxu, Qur᾽anın özündə də təhrifə yol verildiyinə istinad edirlər. Çünki onlar Qur᾽an ayələrinin tilavətinin nəsx olunmasına əsaslanırlar. Hətta əhli-sünnə alimlərinin bə᾽ziləri, bu ayələrlə bağlılığı olan şər᾽i məsələlərdə bir sıra çətinliklərlə qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti nəsx olmuş ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər bu ayələrə toxuna bilərlərmi?

Bə᾽ziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü gəlmiş və həmçinin dəstəmazı olmayan şəxslərə, nəsx olmuş ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu da əhli-sünnənin Qur᾽an ayələrinin nəsx olunduğuna dair olan e᾽tiqadlarını bir daha sübuta yetirir. Əhli-sünnə məzhəbinin bir hissəsini təşkil edən mö᾽təzilə məzhəbinin davamçıları isə bu nəzəriyyəni qətiyyətlə rədd edirlər.

Lakin təəccüb doğuran budur ki, əhli-sünnə alimlərinin bə᾽ziləri əhli-sünnə davamçılarının belə bir e᾽tiqada əsaslanmadığını inkar və təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli-sünnə alimlərinin heç biri Qur᾽anın təhrif olunmasına dair fikir irəli sürməmişdir.

Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Qur᾽anın təhrif olma nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki, Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir. (Ruhul-Məani, 1-ci cild, 24-cü səh.).

Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif nəzəriyyəsini» qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin» batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir. (Məcməul-bəyan, 1-ci cil, 15-ci səh.).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment