Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

SIFIRDAN AŞAĞI

SIFIRDAN AŞAĞI

Indiyə kimi olan söhbətimiz qeyri-müsəlman şəxslərin yaxşı və müsbət əməllərinin qəbul edilib-edilməyəcəyi barəsində idi. Başqa sözlə desək, sıfırdan yuxarı, yə`ni onların yaxşı və xeyirli əməllərinin onları yuxarı aparıb aparmayacağı barəsində idi.

Indi isə sıfırdan aşağı olan əməllər, yə`ni qeyri-müsəlmanların günah və şər əməllərinin necə olacağı barəsində danışacağıq. Onların hamısı bu cəhətdən bərabərdirlərmi? Onlar arasında fərq varmı? Bundan əlavə sıfırdan aşağıda, yə`ni şər və insanı aşağı endirən əməllərdə müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında fərq varmı? Görəsən müsəlmanlar, xüsusilə şiələr sıfırdan aşağı əməllər baxımından bir növ tə`minata malikdirlər, yoxsa yox?

Keçən söhbətimizdən mə`lum oldu ki, insan müqəssir olduqda, yə`ni çatışmazlıq ucbatından deyil, bilərəkdən və qəsdən günaha mürtəkib olanda Allah tərəfindən əzaba düçar olur. Biz bundan əvvəlki söhbətlərimizin birində üsul alimlərinin «deyilməmiş şey üçün cəza verilməsinin qəbahəti» qanununu çıxardıqları ayəni tərcümə və təfsir etdik. Indi qeyri-müsəlmanların sıfırdan aşağıdakı vəziyyətlərini aydınlaşdırmaq, yə`ni onların mürtəkib olduqları şər və pis işlərə görə olan cəzalarını araşdırmaq üçün İslam maarifi məsələlərinin digər birisi barədə danışmaq məcburiyyətindəyik və o, «qüsur» (acizlik) və «istiz`af» (zəiflik) dir.

ACIZ VӘ MÜSTӘZ`ӘFLӘR

Islam alimləri belə bir termin və ifadə işlədirlər ki, insanların bə`ziləri «müstəz`əf» və ya «Allaha ümid bəsləyən»dirlər. Müstəz`əfdən məqsəd, biçarə və imkansızlardır. «Allaha ümid bəsləyən»lər isə işləri yalnız Allaha qalmış adamlardır və Allah-taala onlarla hikmət və rəhmətinə uyğun olaraq rəftar edəcəkdir. Bu iki terminin hər ikisi Qur`andan götürülüb.

Nisa surəsinin 97-99-ci ayələrində belə deyilir:

إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا

«Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlərin içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz?. Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara) Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz? - deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir! Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edən və bağışlayandır!»

Birinci ayədə Allah mə`murlarının bə`zi insanlarla ölümdən sonra olan söhbəti nəql edilib. Mələklər onlardan soruşurlar ki, siz dünyada nə vəziyyətdə idiniz? Onlar üzr gətirirlər ki, biz biçarə idik, əlimiz heç kəsə və heç nəyə çatmırdı. Mələklər deyirlər ki, siz müstəz`əf deyildiniz, çünki Allahın yeri geniş idi və siz oradan hicrət edərək hər cür imkanı olan başqa bir yerə köçə bilərdiniz, belə isə, siz müqəssirsiniz və əzaba layiqsiniz.

Ikinci ayədə doğrudan da müstəz`əf olan digər bir qrup kişi, qadın və uşağın vəziyyəti barəsində danışılıb. Onlar doğrudan da əlləri heç yerə çatmayan və əllərindən bir iş gəlməyən adamlardır.

Üçüncü ayədə Kərim olan Allah ikinci qrupu bağışlayacağı barədə müjdə verərək onları ümidvar edir.

Әziz ustadım Әllamə Təbatəbai özünün «Təfsirul-mizan» kitabında bu ayənin təfsirində belə deyir:

«Allah-taala dini işlərdə nadanlığı və dini işlərin yerinə yetirilməsinə mane olmağı zülm hesab edib və Allahın əfvi həmin şəxslərə şamil olmur. Amma mühiti dəyişdirmək və ya oradan köçmək imkanına malik olmayan müstəz`əflər istisna ediliblər. Istisna elə formada qeyd edilib ki, müstəz`əfliyin yalnız bu formasına aid deyil. Belə ki, müstəz`əflik mühitin dəyişilə bilinməməsi ola bildiyi kimi, insanın zehninin həqiqəti başa düşə bilməməsi nəticəsində həqiqətdən uzaq qalması da ola bilər». (Təfsirul-mizan; 5-ci cild; səh 51).

Müəyyən səbəblərdən aciz qalan insanların müstəz`əf sayılmaları barəsində çoxlu rəvayətlər də vardır. (Bu barədə geniş mə`lumat əldə etmək istəyənlər Təfsirul-mizanın 5-ci cildinin 56-61-ci səhifələrinə müraciət edə bilərlər.)

Tövbə surəsinin 106-cı ayəsində belə oxuyuruq:

وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

«...Bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir və hikmət sahibidir!»

«Allaha ümid bəsləyənlər» termini bu ayədən çıxarılıb. Rəvayətdə deyilir ki, imam Baqir (ə) bu ayə barəsində belə buyurub:

«Islamın ilkin çağlarında bir qrup var idi ki, onlar əvvəlcə müşrik idilər və böyük günahlara mürtəkib olmuş, Həmzə, Cə`fər və bu kimi şəxsiyyətləri öldürmüşdülər. Onlar sonra müsəlman oldular, şirk əqidəsindən üz döndərərək tövhidə üz tutdular. Lakin onların qəlblərinə iman daxil olmadı ki, onlar mö`minlərin sıralarına daxil olsunlar və cənnətə girmək ləyaqəti əldə etsinlər, amma eyni halda onlar, əzaba düçar olmalarına səbəb ola biləcək inad və cuhuddan da əl çəkmişdilər. Onlar nə mö`min, nə inadkar və nə də kafir idilər. Işləri yalnız Allaha qalmış «Allaha ümid bəsləyənlər» qrupu bunlardır.»

Digər bir hədisdə Həmran ibni Ә`yən deyir:

Imam Sadiqdən (ə) müstəz`əf barəsində sual soruşdum. Imam buyurdu ki, onlar nə mö`min və nə də kafirlərin zümrəsinə daxil olanlardır, onlar «Allaha ümid bəsləyənlərdir.»

Allaha ümid bəsləyənlər ayəsinin məzmunundan, onlara «işləri Allaha qalmışlar» deyilməsinin daha yaxşı olmasının başa düşülməsinə baxmayaraq, müstəz`əf ayəsinin məzmunundan ilahi əfvin ümumiliyi nəticəsi əldə edilir.

Ümumi nəticə budur ki, Allah hər hansı bir formada təqsirli deyil, qüsurlu olan insanlara əzab verməyəcək.

«Kafi «kitabında Həmzə ibni Təyyardan, imam Sadiqin (ə) belə buyurduğu nəql edilib:

«Insanlar altı dəstə, nəticə baxımından isə üç dəstədirlər: Iman, küfr və azğınlıq firqələri. Bu firqələr Allahın cənnət və cəhənnəm barsindəki cəza və mükafat və`dələrindən yaranıblar. (Yə`ni insanlar bu əzab və mükafat və`dələrinə uyğun vəziyyətləri baxımından bir neçə firqəyə bölünürlər.) O altı dəstə isə mö`minlər, kafirlər, müstəz`əflər, Allaha ümid bəsləyənlər, günahlarını, yə`ni saleh əməlləri ilə saleh olmayan əməllərini bir-birinə qatanlar və «ə`raf» əhlindən ibarətdir».

Həmçinin Kafidə Zürarədən nəql edilib:

«Qardaşım Həmran və ya o biri qardaşım Bükeyr ilə imam Baqirin (ə) yanına getdik. O həzrətə dedim ki, biz camaatı şaqul ilə ölçürük. Әli övladı olub-olmamasına baxmayaraq, hər kim bizim kimi şiə olsa, onunla (müsəlman və nicat əhli kimi) dostluq əlaqələri bərqərar edirik və kim əqidəmizlə müxalif olsa, ondan (azğın və həlakət əhli kimi) uzaqlaşırıq.

Imam Baqir (ə) belə buyurdu: Ey Zürarə, Allahın sözü səninkindən daha düzdür. Әgər sən deyən kimi olsa, bəs onda Allahın «Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır» kəlamı hara gedir? Bəs «Allaha ümid bəsləyənlər» və «pis və yaxşı əməllərini bir-birinə qatışdıranlar» necə olurlar? Ә`raf əhli nə olur?» Ürəkləri (müsəlmanlığa) isnişməkdə olanlar» kimlərdir?

Həmad öz rəvayətində bu macəra barəsində Zürarədən belə nəql edir: Mən həmin vaxt imamla mübahisə etməyə başladım və hər ikimizin səsi elə ucalmışdı ki, evdən çöldə olanlar bizim səsimizi eşidirdilər.

Cəmil ibni Dərrac bu hadisə barəsində Zürarədən nəql edir ki, imam belə buyurdu: Ey Zürarə, (kafir və inadkarları deyil,) yolunu azanları cənnətə aparmaq Allahın boynunda bir haqdır».

Həmçinin «Kafi»də imam Musa ibni Cə`fərdən (ə) nəql olunub:

«Әli (ə) hidayət qapılarından biridir, hər kim bu qapıdan girsə mö`min, hər kim ondan çıxsa kafirdir. Bu qapıya nə girən və nə də çıxanlar isə «işləri Allaha qalanlardandır». (Yə`ni orta mövqedə olanlar).

Imam bu hədisdə nə iman, təslim və nicat əhli və nə də inkar və həlakət əhlindən olan bir qrupa işarə edib.

Həmçinin «Kafi»də imam Sadiqdən (ə) nəql edilib:

«Insanlar bilmədikləri yerdə dayanaraq inkar etməsələr kafir olmazlar.»

Әgər kimsə mə`sum imamlardan (ə) nəql edilmiş və əksəriyyəti «Kafi»nin «höccət kitabı» və «iman və küfr kitabı» adlı fəsillərində qeyd edilmiş hədislərə diqqət etsə, belə bir nəticəyə gələr ki, onların əsas tə`kidləri budur ki, insanın başına nə gəlirsə, o, haqla qarşılaşanda onun müqabilində təəssübkeşlik göstərərək inadkarlıq etməsindən və ya araşdırma aparmalı olduğu halda səhlənkarlıq etməsindəndir. Amma dərk və şüurun naqisliyi və ya digər səbəblərdən inkar edən və ya araşdırma aparmamaqda müqəssir sayılmayanlar inadkar və müxalif sıralarında deyil, müstəz`əf və Allaha ümid bəsləyənlərdəndirlər. Həmçinin rəvayətlərdən belə bir nəticə əldə edilir ki, imamlar camaatın çoxunu bu sinifdən hesab edirlərmiş.

Kafinin «höccət kitabında» belə rəvayətlər nəql edilib:

«Hər kəs Allaha ibadət etməklə itaət etsə və özünü çətinliyə salsa, amma Allahın ona tə`yin etdiyi imama malik olmasa, əməli qəbul deyil.»

Həmçinin deyilir: «Allah-taala zəmanəsinin imamını tanımayanların əməllərini qəbul etmir.»

Eyni zamanda həmin kitabda imam Sadiqdən (ə) nəql edilib: «Bizi tanıyan mö`min, inkar edən kafir, tanımayan və inkar etməyən isə hidayət yoluna qayıtmayınca azğındır. Әgər o həmin vəziyyətdə ölsə, işi Allaha qalanlardandır».

Məhəmməd ibni Müslim deyir: Imam Sadiqin (ə) yanında idim və mən, o həzrətin sol tərəfində, Zürarə isə sağ tərəfində oturmuşdu. Bu vaxt Әbu Bəsir otağa daxil oldu və imamdan soruşdu: Allah barəsində şəkk edən şəxslərə qarşı nəzəriniz nədir? Imam buyurdu: Kafirdir.

Әbu Bəsir bir daha soruşdu: Allahın peyğəmbərində şəkk edən barəsində nə deyirsiniz? Imam buyurdu: Kafirdir.

Imam bu vaxt Zürarəyə tərəf baxaraq belə dedi: Həmin şəxs o vaxt kafirdir ki, inkar edərək inadkarlıq etsin».

Həmçinin «Kafi»də Haşim ibni Büreydin belə dediyi nəql edilib:

«Mən, Məhəmmd ibni Müslim və Әbul-Xəttab bir yerə toplaşmışdıq. Әbul-Xəttab dedi ki, sizin imaməti tanımayan şəxs barəsində nəzəriniz nədir? Mən dedim ki, mənim fikrimcə həmin şəxs kafirdir. Әbul-Xəttab dedi ki, ona höccət və dəlil çatdırılmayınca, kafir deyil. Amma əgər ona dəlil və sübutlar göstərilsə və o, onları qəbul etməsə onda kafirdir. Məhəmməd ibni Müslim dedi: Sübhanəllah, əgər imamı tanımasa, inadkarlıq və inkar etməsə necə, kafir sayıla bilər? Xeyr, əgər agah olmayan şəxs inadkar olmasa, kafir deyil. Beləliklə, hər üçümüzün bir-birinə zidd əqidələrimiz var idi.

Həcc ziyarəti vaxtı çatdı və mən həcc ziyarətinə getdim. Məkkədə imam Sadiqin (ə) hüzuruna yetişdim. Üçümüzün arasında olan mübahisəni imama danışdım və o həzrətin nəzərini soruşdum. Imam buyurdu ki, mən sizin aranızda o vaxt hökm çıxararaq bu suala cavab verərəm ki, o iki nəfər də olsun. Imam dedi ki, bu axşam Minada orta Cəmərənin yanı siz üç nəfərlə görüş yerimiz olsun.

Axşam biz üç nəfər həmin yerə getdik. Imam sinəsinə bir balış söykəmiş halda suala başladı:

Xidmətçiləriniz, arvadlarınız və ailəniz barəsində nə deyirsiniz? Onlar Allahın birliyinə şəhadət verirlər?

Mən dedim: Bəli.

Peyğəmbərin peyğəmbərliyinə şəhadət verirlər?

–Bəli.

–Onlar da sizin kimi imamət və vilayəti tanıyırlar?

–Xeyr.

–Bəs sizcə onların işi necə olacaq?

–Məncə imamını tanımayan kafirdir.

–Sübhanəllah, sən küçə-bazar camatını, su paylayanları görməmisən?

–Bəli, görmüşəm və görürəm.

–Onlar namaz qılmırlar? Oruc tutmurlar? Həccə getmirlər? Allahın birliyi və Peyğəmbərin peyğəmbərliyinə şəhadət vermirlər?

–Verirlər.

–Yaxşı, onlar imamı sizin kimi tanıyırlar?

–Xeyr.

–Bəs onların vəziyyəti necə olacaq?

–Mənim əqidəmə görə imamı tanımayan kafirdir.

–Sübhanəllah! Sən Kə`bənin vəziyyəti və bu camaatın təvafını görmürsən? Yəmənlilərin Kə`bənin pərdələrinə necə yapışmalarını görmürsən?

–Görürəm.

–Onlar tövhid və nübüvvəti iqrar və e`tiraf etmirlər? Namaz qılmırlar? Oruc tutmurlar? Həcc ziyarətini yerinə yetirmirlər?

–Edirlər.

–Onlar da sizin kimi imamı tanıyırlar?

–Xeyr.

–Sizin onlar barəsindəki əqidəniz nədir?

–Mənim fikrimcə imamı tanımayan kafirdir.

–Sübhanəllah, bu əqidə Xəvaricin əqidəsidir.

Imam sonra belə buyurdu: –Indi istəyirsiniz həqiqəti deyim?

Mərhum Feyzin dili ilə desək, imamın qəzavətinin onun əqidəsinin ziddinə olacağını bilən Haşim dedi:

–Xeyr.

Imam buyurdu: –Sizin bizdən eşitmədiyiniz şeyi öz başınızdan deməyiniz çox pisdir.

Haşim sonralar başqalarına belə deyib: Imamın Məhəmməd ibni Müslimin nəzərini təsdiq edəcəyini və bizi onun fikrinə qaytarmaq istəməsini güman etdim.

«Üsuli-kafidə» bu hədisdən sonra Zürarənin imam Baqirlə (ə) bu barədə olan mübahisəsini nəql edən müfəssəl bir hədis vardır. Həmin kitabın «iman və küfr» fəslinin axırında «imanla heç bir əməl ziyan gətirmir və küfrlə heç bir əməlin xeyri yoxdur» adlı bir fəsil var.

Amma həmin ad altında nəql edilmiş rəvayətlər həmin başlığı təsdiqləmir. Aşağıdakı rəvayət də onlardandır:

Yaqub ibni Şueyb deyir ki, imam Sadiqdən (ə) soruşdum: Allah-taalanın mö`mindən başqa, mükafat verməsi lazım olan bəndəsi də var? Imam cavabımda buyurdu: Xeyr.

Bu rəvayətin məqsədi budur ki, Allah-taala ancaq mö`minləri mükafatlandıracağını və`d edib və verdiyi və`də mütləq əməl edəcək, amma Allah iman əhlindən başqasına əməl etməsi lazım olan və`də verməyib. Deməli, və`də vermədiyi üçün mükafat verib-verməyəcəyi onun öz istəyi ilədir.

Imam bu sözləri ilə başa salmaq istəyir ki, mö`mindən başqaları Allahın onlara mükafat verib–verməyəcəyi baxımından «müstəz`əflər» və «Allaha ümid bəsləyənlər» kimidirlər. Onlara mükafat verib-verməmək Allaha qalıb.

Kafinin həmin fəslində bə`zi rəvayətlər də var ki, biz «müsəlmanların günahları» başlığı altında danışarkən onları gətirəcəyik.

Әlbəttə, bu məsələ ilə əlaqədar rəvayətlər bizim burada nəql etdiklərimizlə məhdudlaşmır və bunlardan başqa bir sıra digər rəvayətlər də var. Bizim həmin rəvayətlərdən əldə etdiyimiz nəticə isə dediklərimiz idi. Әgər kimsə bundan başqa bir nəticəyə gələrək bizim nəzərimizi qəbul etmirsə, öz nəzərini dəlillə təqdim etsə biz də qəbul edərik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment