Azəri
Friday 26th of April 2024
0
نفر 0

QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ

QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ

8-ci irad:

Onlar deyirlər:

Qur᾽anın bəyan tərzi ilə, mahir ədib və şe᾽r ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Qur᾽anda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.

Cavab:

Qur᾽an, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Qur᾽an fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.

Şübhəsiz, Qur᾽anın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Qur᾽an surələrindən hər birini mütaliə etdikdə yaradılış, mə᾽ad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli mə᾽lumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şər᾽i məsələləri ilə yaxından tanışlıq hasil olur.

Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi mə᾽na baxımından heç bir nizamsızlıq müşahidə etmirik.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Qur᾽anın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yə᾽ni kamala çatmaqdan məhrum olardı.

Qur᾽ana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.

Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi, başqa bir ciddi çatışmazlıqla qarşılaşardı. O da Qur᾽anda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Qur᾽an öz təravət və cazibədarlığını itirər və belə olduqda, təkrar heç bir mə᾽na kəsb etməzdi.

QUR᾽ANLA MÜBARİZƏ

9-cu irad:

«Husnul iycaz» kitabının müəllifi deyir: Qur᾽anda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Qur᾽an kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Qur᾽anın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan mə᾽lumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.

Cavab:

Bir qədər sonra müəllifin Qur᾽anla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhatul-e᾽caz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.

FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ

Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:

الحمد للرحمان، رب الاكوان، الملك الديان، لك العبادة، و بك المستعان،اهدنا صراط الايمان

«Həmd olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»

Dərin mə᾽nalı Qur᾽an ayələrini, heç bir mə᾽na kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik!

Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.

O bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr mə᾽na və heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.

Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Qur᾽anla mübarizə aparmağa cəsarət etmirdilər.

Onlardan bə᾽ziləri həqiqəti, yə᾽ni Qur᾽anın ilahi mö᾽cüzə olduğunu dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Qur᾽anı sehr və cadu adlandıraraq dedilər:

فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ

«Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24).

Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir mə᾽lumatı olmamışdırmı?

1. Axı necə demək olar ki, «Şükür olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükür Allaha» kəlməsi ilə mə᾽na və məfhum baxımından eynidir. Halbuki, «Allah» kəlməsi Allah-taalanın bütün sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir.

Demək, «Əlhəmdulillah – həmd olsun Allaha» kəlməsindəki şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması, «Şükür Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq Allahın digər sifətləri nəzərdə tutulmur.

2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq mö᾽minlərə mərhəmətli olana» ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan edir. Bu qısa ifadə isə hər iki ayənin mə᾽na və məfhumunu bütünlüklə aradan aparır. Çünki hər iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.

Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mə᾽nasız bir ifadədən əldə etmək olarmı?

Halbuki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mə᾽nalarını verir. Malik və başçı mə᾽nasını verən «Rəbb» kəlməsini məsdər halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, «xaliq» ifadəsindən istifadə edərək «xaliqul əkvan» – yə᾽ni «varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə gəldikdə isə, onu nə aləmlər mə᾽nasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan daimi rəhmətinə.

3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir mə᾽na əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [mö᾽minlərə] mükafat verəcəyinə dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir mə᾽na nəzərə çarpmır. Mə᾽lum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu mə᾽na ilə də qarşılaşırıq.

Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi mə᾽naların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini mə᾽naları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.

4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.»

Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hislərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca məqsəd, mö᾽minlərin bu həqiqəti e᾽tiraf etmələridir ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.

Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?

5. «Bizi doğru yola yönəlt»

Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə, bütün insani dəyərlərə hidayət etmiş olsun.

Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.

(İhdinas-siratəl iman) «Bizi iman yoluna hidayət et.»

Qeyd olunan ifadədən bu mə᾽nalardan heç birini əldə etmirik.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapmayacaqlarına heç bir işarə edilməmişdir.

Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin mə᾽na və məfhumunu dərk etmişdir. Çünki surənin ardı, yə᾽ni «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!»

6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun yolçuları və ilahi ne᾽mətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mə᾽nalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə e᾽timad etmək olarmı?

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment