Azəri
Thursday 25th of April 2024
0
نفر 0

MÜAVIYƏDƏN SONRA BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRININ DÖVRÜNDƏ

MÜAVIYƏDƏN SONRA BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRININ DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz istisna olmaqla Bəni Üməyyə xəli‌fə‌ləri xümsü öz şəxsi mülkiyyətləri hesab edir və bə`zən onu is‌tə‌diyi şəxsə bağışlayırdılar. Bə`zi vaxtlar da onu əldə et‌dikləri digər mal-dövlətlə birlikdə öz xəzinələrində bir yerə yığırdılar. Belə ki, Vəlid ibni Əbdül-məlik («Sünəni Nəsai» kitabında nəql olunana əsasən) onu öz oğlu Ömərə bağışladı.

O deyir: Ömər ibni Əbdül-Əziz bir məktub yazaraq Ömər ib‌ni Vəlidə dedi: – ...Və sənin atan bütün xümsü sənin payın qə‌rar vermişdir, halbuki, atanın payı adi bir müsəlmanın pa‌yı qədərdir! Xümsdə, Allahın haqqı, Peyğəmbərin haqqı, Pey‌ğəmbərin qohum-əqrəbaları, yetimləri, miskinləri və yolda qa‌lan‌ları üçün tə`yin edilmişdir. Atandan haqq tələb edənlər nə qədər də çoxdur! Bu qədər düşmənin varlığı ilə, bunla‌rın əlindən necə qurtara bilər?! Həmçinin, sənin musiqi və ləhv alətləri ilə həmdəm olmağın Islamda qoyulan bir bid`ət‌dir. Buna görə də qərara almışam ki, bir nəfəri sənə doğru göndərim, sənin çirkin məclislərinin kökünü kəssin.»[1]

Biz bu rəvayətdən əlavə, elə bir hədis tapmamışıq ki, Müa‌viyədən sonra Ömər ibni Əbdül-Əzizin vaxtına qədər xüms və Peyğəmbərin mirası barəsində, eləcə də onun Müa‌viyənin vaxtında olduğu vəziyyətin dəyişdirilməsi barəsində bir söz demiş olsun.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz Mədinənin qazisi Əbu Bəkr ibni Mə‌həmmədə yazdı ki, Kətibə (Xeybər qalalarından biridir) ba‌rə‌sində araşdırma aparıb görsün ki, o, Peyğəmbərin Xey‌bər‌dən olan xümsüdur, yoxsa o həzrətin şəxsi əmlakındandır. O, təhqiqat aparıb belə cavab yazdı: «Kətibə Peyğəmbərin xüm‌südür.» Ömər ibni Əbdül-Əziz dörd, yaxud beş min dinar qı‌zıl pulu onun üçün göndərdi və fərman verdi ki, Kəti‌bə‌dən əldə etdiyi beş-altı min dinar qızıl pulu da ona əlavə edib on min dinara çatdırsın və onu Bəni Haşim arasında – qadın-kişi, böyük-kiçik arasında heç bir fərq qoymadan – bölüş‌dürsün. O da belə əməl etdi.[2]

Ibni Sə`d, Cə`fər ibni Məhəmməddən belə rəvayət etmiş‌dir: «Ömər ibni Əbdül-Əziz «zil-qurba» payını Əbdül-Müt‌təlib övladları arasında bölüşdürdü və onların Əbdül-Müt‌t‌əlib övladlarından olmayan arvadlarına heç bir pay ver‌mə‌di.»

Həmçinin rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əzizin mək‌tubu Mədinənin valisinə çatdıqda xümsü Bəni Haşimin ara‌sında bölüşdürdü. Vali qərara aldı ki, Əbdül-Müttəlib öv‌ladlarını xümsdan məhrum etsin, amma bu zaman dedilər: «On‌lar almasa, biz də bir nəfər kimi almayacağıq!» Vali onu Ömər ibni Əbdül-Əzizə xəbər verdi və o, cavabda dedi: «Mən on‌ları bir-birindən ayrı hesab etmirəm. Onlar qədim pey‌manda Əbdül-Müttəlib övladlarından hesab olunurlar. Belə isə, onları da Əbdül-Müttəlib övladlarından hesab et.» Bun‌dan sonra onlara da pay verildi.[3]

Əbu Yusif «Xərac» kitabında rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əziz Peyğəmbərin payını və «zəvil-qurba»nın payını Bəni Haşim üçün göndərdi.[4]

Ibni Sə`d deyir: Hüseynin qızı Fatimə bir məktub ya‌za‌raq onun bu tədbiri qarşısında təşəkkür etdi və yazdı: «Hə‌qi‌qətən, xadimsizlərə xidmət etdin, çılpaqlara paltar ge‌yin‌dirdin!» Ömər ibni Əbdül-Əziz bu sözdən sevinib şad ol‌du. Həmçinin, deyir: Ömər ibni Əbdül-Əziz belə demişdir: «Əgər diri qalsam, sizin hüquqlarınızın hamısını özünüzə qayta‌racağam.»[5]

FƏDƏKIN TALEYI

Yaqut Həməvi «Mö`cəmül-büldan» kitabında yazır: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman özünün Mədinədəki iş‌çilərinə yazaraq fərman verdi ki, Fədəki Fatimənin nəvələrinə qaytarsınlar.[6]

«Nəhcül-bəlağənin şərhi»ndə deyilir: Əbu Bəkr ibni Həzəm onun işçilərinə cavab olaraq yazdı: «Fatimə -ın nəvələri ali-Osman, ali-filan və ali-filanda doğulmuşlar. Fədəki onlardan hansı birinə qaytaracaqsan?» Cavabında yazıldı: «Əmma bə`d. Mən əgər yazsam və fərman versəm ki, bir qoyunu qurbanlıq et, mənim üçün yazacaqsan ki, buynuzlu olsun, yoxsa buynuzsuz?! Əgər göstəriş versəm ki, bir inək qurbanlıq edəsən, məndən soruşacaqsan ki, hansı rəngdə olsun? Bu məktubum sənə çatan kimi Fədəki Fatimənin Əlidən olan övladları arasında bölüşdür! Vəssəlam!»

O deyir: Bəni Üməyyə Ömər ibni Əbdül-Əzizin bu tədbi‌rini xoşlamadılar və onu danlayaraq dedilər: «Şeyxeynin (Əbu Bəkr və Ömərin) işini qəbahətli etdin!»

Kufə əhalisindən bir qrupu e`tiraz əlaməti olaraq onun yanına getdilər və bu işlə əlaqədar onu danladılar, o dedi: «Siz də bilmədiniz, mən də bilmədim: siz unutdunuz, mən xa‌tır‌ladım! Həqiqətən Əbu Bəkr ibni Ömər ibni Həzəm ata‌sın‌dan, o da babasından mənim üçün rəvayət etmişdir ki, Pey‌ğəm‌bəri Əkrəm ¡ buyurmuşdur: "Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir, hər kəs onu sevindirsə, məni sevindirmişdir." Fədək Əbu Bəkr və Ömərin dövründə Peyğəmbəri Əkrəm ¡-in safiyəsi və xalisəsi idi. Ondan sonra Mərvanın ixtiyarına keçdi və o, Fədəki atam Əbdül-Əzizə bağışladı, mən və qardaşlarım da onu irs apardıq. Mən qardaşlarımdan istədim ki, öz paylarını mənə satsınlar. Onların bə`ziləri satdı, bə`ziləri isə bağışladı. Nəhayət onun hamısı mənim ixtiyarıma keçdi. Mən qərara aldım ki, onu Fatimənin nəvələrinə qaytarım.» Onlar dedilər: «Əgər belədirsə, onda əslini saxla, taxılını isə onların arasında bölüşdür.» O, belə etdi.[7]

Digər rəvayətdə deyilir: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman onun qaytardığı ilk məzalim Fədək idi. O, Əli ibni Hüseyni çağırdı və Fədəki ona qaytardı. Fədək Ömər ibni Əbdül-Əzizin hakimiyyəti dövründə Fatimənin nəvələri‌nin əlində idi.»[8]

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Ömər ibni Əbdül-Əzizdən sonra xüms barəsində heç bir söhbət olunmur. Amma Fədəkə gəldikdə isə, Yaqut Həməvi və Ibni Əbil Hədid belə yazırlar: Yezid ibni Atikə (Yezid ibni Əbdül-məlik)[9] hakimiyyətə çatan zaman onu Fatimə -ın övladlarından aldı və yenə də mərvanlıların ixtiyarına verdi. Onlar da bunu, xilafəti əldən verdikləri vaxta qədər əldən-ələ dolandırdılar. Onlardan sonra Əbu Cə`fər Mənsur imam Həsən -ın nəvələrinin qiyamından sonra onu öz ix‌ti‌yarına keçirtdi, daha sonra Mənsurun oğlu Mehdi onu Fa‌timə övladlarına qaytardı. Ondan sonra Musa ibni Meh‌di və onun qardaşı Harun onu geri aldılar və axıra qə‌dər – Mə`munun hakimiyyəti dövrünə qədər – onların ixti‌ya‌rında oldu. Mə`mun onu Fatimə övladlarına qaytardı.

Əbu Bəkr Məhəmməd ibni Zəkəriyyadan, o da Mehdi ibni Sabiqdən rəvayət edir ki, belə demişdir: Mə`mun məzalimi qaytarmaq üçün bir məclis təşkil etdi. Əlinə çatan birinci məktuba baxdı və ağladı. Onun başı üstündə dayanan adama dedi: «Car çəkərək belə de: Fatimənin vəkili haradadır?!» Bu zaman ləbbadə və əmmamə geymiş qoca bir kişi ayağa qalxaraq irəli gəldi və onunla Fədək barəsində mübahisəyə başladı. Mə`mun onun üçün bir dəlil gətirdi, o da Mə`muna dəlil gətirdi. Sonra fərman verdi ki, Fədəki onların adına keçirtsinlər. Yazıldıqdan sonra ona oxundu və Mə`mun onu möhürlədi. Di`bil ayağa qalxıb Mə`muna xitabən bir neçə şe`r oxudu ki, onun əvvəli belədir:[10]

اَصْبَحَ وَجْهُ الزَّمَانِ قَدْ ضَحِكَا                        بِرَدِّ مَاْمُونَ هَاشِمَ فَدَكًا

"Ruzigarın siması nə qədər gülərüz oldu!

Fədək Mə`mundan Haşimə qaytarıldı."

«Fütuhul-büldan»ın müəllifi Mə`munun yazısını şərh et‌miş və demişdir: 210-cu hicri ilində Harun ər-Rəşidin oğlu əmirəl-mö`minin Mə`mun fərman verdi ki, Fədəki Fati‌mə‌nin nəvələrinə qaytarsınlar. O, özünün Mədinədə olan iş‌çi‌lərinə belə yazdı: «Əmma bə`d. Həqiqətən əmirəl-mö`minin Al‌la‌hın dini, Peyğəmbərin xilafəti və onunla qohumluğa gö‌rə malik olduğu məqama əsasən, onun sünnəsinə əməl etməyə, fər‌manını qüvvəyə mindirməyə hamıdan artıq layiqdir ki, onun bağışladıqlarını təslim edib, sədəqələrini yerində təs‌bit etsin. Əmirəl-mö`mininin tovfiqi və isməti Allah‌dan‌dır və Allaha doğrudur. Bu işi Allahın dərgahına yaxın‌laş‌maq üçün yerinə yetirir, onun sədəqəsi qaytarılır. Bu, Pey‌ğəm‌bər Əhli-beytinin arasında məxfi saxlanan bir məsələ idi və onun barəsində heç bir ixtilaf yox idi. Buna ən çox haq‌lı olan şəxsə (yə`ni Fatiməyə) hədiyyə edilmişdi və Fa‌timə də onu tələb edirdi. Indi əmirəl-mö`minin qərara alır ki, onu Fatimənin varislərinə qaytarsın, onlara təhvil ver‌sin ki, bununla da Allaha və Peyğəmbərə yaxınlaşsın, Ilahi ədalət və haqqı bərqərar etsin, Peyğəmbərin sədəqə və fər‌ma‌nı‌nı qüvvəyə mindirsin. Buna görə də fərman verir ki, bu hök‌mü onun divanlarında qeydə alsınlar və onu e`lan şək‌lin‌də bütün işçilərinə çatdırsınlar. Əgər Peyğəmbərin vəfa‌tın‌dan sonra hər bir mövsümdə sədəqə bağışlanan, hədiyyə ve‌ri‌lən, bir şeyə və`də verilən şəxslər səslərini qaldırsalar və onların sözləri təsdiqlənsə, onların və`dəsinə əməl olun‌sa, şübhəsiz, Fatimə (rəziyəllahu ənha)-nın onun üçün nəzərdə tu‌tul‌muş şey barəsindəki sözünü təsdiqləmək daha yaxşı olar‌dı.

Buna görə də mö`minlərin əmiri Fədəkdəki xidmətçisi və işçisi Mübarək Təbəriyə fərman verir ki, Fədəki bütün sər‌həd‌ləri, onda xərclənən pullar, işçilər və məhsullarla bir‌lik‌də Peyğəmbərin qızı Fatimənin varislərinə qaytarsın və onu Məhəmməd ibni Yəhya ibni Hüseyn ibni Zeyd ibni Əli ib‌ni Hüseyn ibni Əli ibni Əbi Talibə və Məhəmməd ibni Əb‌dül‌lah ibni Həsən ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbi Ta‌libə qaytarsın ki, mö`minlərin əmiri bu ikisini həmin əra‌ziyə sərpərəst tə`yin etdi ki, sahiblərinin işçiləri olsun.

Bil ki, mö`minlərin əmirinin bu tədbiri Allah-taaladan Ona itaət etdiyinə, Onun dərgahına yaxınlaşdığına və Pey‌ğəm‌bərə sileyi-rəhim etdiyinə görə verilən bir ilhamdır. In‌di onu (Mübarək Təbəri) agah et və Məhəmməd ibni Yəhya və Məhəmməd ibni Əbdüllah ilə də Mübarəklə rəftar etdiyin ki‌mi rəftar et. Fədəkin tə`mir olunub islah edilməsində, taxı‌lının artmasında kömək ol, inşaallah, vəssəlam!»

Bu hökm 210-cu hicri ili, Zil-qə`də ayının ikisində çər‌şən‌bə günü yazıldı. Amma Mütəvəkkil Ələllah Mə`munun cani‌şini olan zaman fərman verdi ki, onu Mə`mundan qabaq ma‌lik olduğu vəziyyətə qaytarsınlar.[11]

Ibni Əbil Hədid bu rəvayətin ardını xatırladaraq deyir: Fədək bu minvalla həmişə onların əlində oldu, nəhayət Mü‌tə‌vək‌kilin dövrü çatdı və onu Əbd ibni Ömərə qaytardı. Fə‌dək‌də on bir xurma ağacı var idi ki, Peyğəmbəri Əkrəm ¡ onu öz əli ilə əkmişdi. Fatimənin nəvələri onun xur‌masını dərir və hacılar gələn zaman onlara hədiyyə ve‌rir‌dilər. Buna görə də onlara çoxlu mal-dövlət çatırdı. Əbd ib‌ni Ömər Büşran ibni Əbi Üməyyə Səqəfini Mədinəyə gön‌dərdi ki, onların hamısını kökündən kəssin. Sonra Bəsrəyə qayıtdı və orada iflic oldu.[12]

Bura qədər qeyd olunanlar xəlifələrin xüms və Fədək barəsindəki nəzəri idi. Amma onların alimlərinin bu barə‌dəki nəzərləri isə, aşağıda qeyd olunur:



[1] «Sünəni Nəsai», «qismul-fey» babı, 2-ci cild, səh.178; «Tarixul-xüləfa», Süyuti, səh.223-224. Orada deyilir: Vəlid (Ömər ibni Əbdül-Əzizin atası) çox zalım bir şəxs idi, danışanda çoxlu ədəbi səhvlər buraxırdı. 86-cı hicri ilində xilafətə çatmış və 96-cı hicri ilinin Cəmadiul-axir ayının ortalarında əlli bir yaşında dünyadan getmişdir.

[2] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.287-288. Biz onun xülasəsini qeyd etdik. Əbu Həfs Ömər ibni Əbdül-Əziz Mərvan Əməvi 63-cü hicri ilində dünyaya gəlmiş, 99-cu hic‌ri ilində onunla bey`ət olunmuş və xilafəti iki il beş ay davam etmişdir. 101-ci ilin Rəcəb ayında vəfat etmişdir. Onun tərcümeyi-halı Ibni Sə`din «Təbəqat» kita‌bın‌da 5-ci cild, səh.243; «Tarixül-xüləfa», Süyuti, səh.228 və «Əl-ibər», 1-ci cild, səh.120-də qeyd olunmuşdur. Əbu Bəkr ibni Məhəmməd (Mədinənin qazisi) 120-ci hicri ilin‌də vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. «Təq‌ribut-təhzib», 2-ci cild, səh.399.

[3] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.289.

[4] «Əl-xərac», səh.25.

[5] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288-289.

[6] «Mö`cəmül-büldan», «Fədək» maddəsi.

[7] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.103.

[8] Yenə orada, 4-cü cild, səh.81.

[9] Yezid ibni Əbdül-məlik Mərvanın anası Atikə Yezid ibni Müaviyənin qızıdır. O, Ömər ibni Əbdül-Əzizdən sonra xilafətə çatmışdı və qardaşı Süleymanın vəsiy‌yə‌ti‌‌nə əsasən Ömər ibni Əbdül-Əzizin tutduğu yolla getməli idi ki, onun ətrafında olan‌lar 40 nəfər şeyxi onun yanına gətirdilər, onlar şəhadət verdilər ki, xəli‌fə‌lə‌rə hesab-kitab və əzab yoxdur. Onun Hübabə adlı mə`şuqəsi valiləri işə tə`yin edir, iş‌dən götürürdü və digər hökumət işlərini ələ almışdı. Bir gün məst halda dedi: «Mə‌ni buraxın, havada uçum!» Onun mə`şuqəsi dedi: «Bu ümməti kimə tapşırırsan?» De‌di: «Sənə!» Bu qadın vəfat edən zaman üç gün onun cənazəsini buraxmadı və onun üs‌tü‌‌nə düşüb, iyləyir, öpür və ağlayırdı. Özü də ondan bir neçə gün sonra, hicrətin 105-ci ilində dünyadan getdi. Deyilmişdir ki, o, eşqinin şiddətindən öldü. Ondan başqa heç bir xəlifə eşq yolunda ölməmişdir. Bax: «Fehresti Əğani», «Tarixi ibni Əsir», 5-ci cild, səh.90-93; «Tarixul-xəmis», 2-ci cild, səh.318; «Mir`atul-cənan», 1-ci cild, səh.224-225.

[10] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81; «Fütuhul-büldan» «Fədək» maddəsi.

[11] «Fütuhul-büldan», «Fədək hadisəsi», səh.37-38.

[12] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...
Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib
Vilayəti-fəqihin zəruriliyi
Bİr daha Bəhreyn xalqı Şeyx Səlmanın azad olunmasını tələb etdi
İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir

 
user comment