Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

MƏNFƏƏT GÜDƏNLƏR

MƏNFƏƏT GÜDƏNLƏR

Məzhəb və soy əsasında təşkil olunmuş bu üç dəstədən əlavə İraqda digər bir siyasi hərəkat da mövcud idi ki, şiəliyi dini cərəyan gördüklərindən tarixçilər onlara e’tina etməmişlər. Ötən fəsildə Ərəbistanın islamdan əvvəlki siyasi-ictimai durumunu şərh edərkən Ərəbistanın şimal və şərqində yerləşən kiçik dövlətlərin iki böyük imperiya Rum və İranın əlində alətə çevrildiyini də demişdik. Bu iki imperiya Asiyadan Avropa və Afrikaya uzanan ticarət yolunu əldə etmək üçün bir-birləri ilə vuruşmuş, ərəblər, daha doğrusu bu iki məntəqənin (Şam və İraq) sakinləri də onların arxasınca düşmüşdülər. Hər iki məntəqənin hakimiyyətinin güclü və zəif olması iki imperiya arasında əldə olunan qələbə və məğlubiyyətdən asılı idi. İki qüdrətdən birinin məhv olması, o birinin isə zəifləməsi ilə islam dininin yayılması sayəsində İraq islamın əhatə dairəsinə daxil olmasına baxmayaraq, onlar arasındakı düşməçiliyi də unutmadılar. Lakin dini qəbul etdiklərinə və müsəlmanların fəthlərə başları qarışdığına görə iraqlılarla şamlılar arasındakı düşmənçilik müvəqqəti unuduldu. Əbu Bəkrin, Ömərin, həmçinin Osmanın xilafəti zamanı hansı nahiyə və qəbilədən olmasından asılı olmayaraq ərəblər ərəb olmayan ölkədə qeyri-ərəb və qeyri-müsəlmanlara qarşı vuruşar, bə’zən də şamlılarla iraqlılar bir cəbhədə düşmənə qarşı döyüşərdilər. Əli (ə) öz xilafəti zamanı İraqı özünə mərkəz seçdikdən sonra iraqlılar onun ətrafına toplaşaraq şamlılarla qarşı döyüşdülər. İraq hakiminin Şam hakiminə aldanması ilə onlar yenidən Şama tabe olacaqlarını anladılar. Aydındır ki, bu dəstə insanlar həmişə öz arzularına yetişmək üçün dini əqidələrindən bir vasitə kimi istifadə etmişlər. Belə insanlar təhlükə hiss etməyib işləri düyünə düşməyincə zamanın məsləhətinə uyğun olaraq dini dəstələrin kənarında dayanmışlar. Xəvaric quru təfəkkürə malik olduğundan, həmçinin saylarının az olmasına görə peşəkar siyasətçilər kimi öz məsləhət və xeyirlərini şiələrin arxasında dayanmaqda, zahirdə Əli (ə)-ın ailəsinə tərəfdar olmaqda görürdülər.

Bu haqda yazdığımız mə’lumatlar tarixi faktlara əsaslanır. Biz görürük ki, Əli (ə) qələbə çaldıqda (Cəməl döyüşü və Süffeyn döyüşünün başlanğıcı) İraq əhalisi ondan uzaqlaşmırlar. Süffeyn müharibəsində siyasi uğursuzluqları gördükdən sonra onun əleyhinə qalxdılar. Əli (ə) onları döyüşə çağırdıqda bəhanə gətirirdilər. Əgər bunlar həqiqətən də Əli (ə)-ın davamçıları olub, onu İmam hesab edir və ona tabe olmağı vacib bilirdilərsə gərək həmrəy və müttəfiq olub onun arxasında dayanaydılar, ancaq belə etmədilər. Zahirdə Əli (ə)-la birgə olsalar da gizlində öz mənfəətlərini güdürdülər. Əlidən (ə) sonra övladları Həsən (ə), Hüseyn (ə) və nəvəsi Zeydlə də belə rəftar etdilər. Bu çirkin üslub Əməvi hakimiyyətinin sonuna qədər davam etdi. Başlarının üstünü qəddar və qüdrətli hakim aldıqda sakit oturar, siyasi qarmaqarışıqlıq düşdükdə isə gizli yuvadan eşiyə çıxaraq dəstələr və cəmiyyətlər təşkil edərdilər. Peyğəmbər övladlarından birinə arxa olub onu irəli verərdilər. Müqavimət göstərə bilməyəcəkləri aydınlaşdıqda isə onu və onun doğru ardıcıllarını düşmən müqabilində yalqız buraxıb yenidən yuvalarına dönər, münasib bir şəraitin yaranmasını gözləyirdilər. Əgər bunlar həqiqətən saf əqidə sahibləri olsaydılar xəvaric tək ölümdən qorxmamalı, dindar olsaydılar Hüseyn (ə) köməkçiləri tək son nəfərə qədər düşmənlə vuruşmalıydılar. Lakin bunlar belə deyildilər. Çünki din qayğısı çəkmirdilər, istədikləri əsas şey İraqın Şamın müstəmləkəsinə çevrilməməsi məsələsi olmuşdur. Mə’lum olduğu kimi, orada yenidən Ləxmililərlə Ğəssanilər arasındakı düşmənçilik başqa formada üzə çıxmışdı.

İraqda, xüsusilə də Kufədə başqa bir dəstə mövcud idi ki, təşkilati quruplaşmya malik olmasalar da get-gedə hökumətlərin qarşısında böyük bir problemə çevrilirdilər. Bunlar fəth olunmuş ərazilərdən gətirilmiş yeni müsəlmanlar idilər ki, hər biri ayrı-ayrı ərəb qurplaşmalarına bağlı idi. Bu səbəbdən də islam tarixində onları azad edilmiş qullar və ya nökərlər adlandırmışlar. Bu nökərlər və onların hərəkatı haqda söhbət açacağıq. Bunlar hansı siyasi qruplaşmalardan daha artıq mənfəət əldə edəcəklərini bildikdən sonra ona yaxınlaşırdılar.

Böyük müsəlman əyalətlərinin dini, siyasi və ictimai vəziyyətləri verdiyimiz qısa mə’lumatla aydınlaşdı. Bu üç əyalət (Şam, Hicaz və İraq) müsəlmanların üç dairəsində həlledici rola malik olduqları üçün böyük əhəmiyyət kəsb edirdilər. Gördüyünüz kimi, hicrətin 35-ci ilindən bu yana islami ərazilərin idarə olunmasında ən başlıca rolu İraq və Şam oynamışdır.

ŞƏRQ MƏNTƏQƏSİ

Digər nahiyələrdən, xüsusilə də şərq nahiyəsi barədə əlimizdə çox az mə’lumat vardır. Bu ərazinin tarixi uzun illər boyu araşdırılmamış qalmışdır. Buna görə də bu ərazidə bir-birinin ardınca baş vermiş hadisələrə dəqiq münasibət bildirmək olmur. Lakin bu dəyişikliklərin orada nəzərə çarpacaq dərəcədə tə’sir buraxmasını güman etmək olmaz. Əsrlər boyu təşkilata malik olan geniş bir ərazinin dağıldıqdan sonra az bir zamanda yenidən formalaşması üçün uzun illərin ötməsi lazım idi. Ancaq bir şey aydındır ki, o zaman şərq nahiyəsi bütövlükdə Kufənin ardınca gedirdi. Əgər Şamın və Müaviyənin müxalifətini nəzərə almasaq, bu illər boyu geniş islam dairəsinin müqəddəratını tə’yin edən Kufə şəhəri olmuşdur. Yenidən Kufəyə dönək.

 

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRAKI KUFƏ

Əvvəldə yazmışdıq ki, Əli (ə)-ı dəfn etdikdən sonra Kufədə şiələr onun oğlu imam Həsən (ə)-la bey’ət etdilər. Lakin o həzrətin xilafətinin ilk günündən problemlərlə üzləşəcəyi aydın idi. O, ilk növbədə Kufədə təhlükəsizlik yaratmalı, Misirə, Hicaza və şərq nahiyəsinə (Xorasan, Azərbaycan və sair) hakimlər seçməli idi. Ən başlıcası isə Müaviyəni işdən kənar edib Şam problemini həll etməli və ya onun İraqa uzanan əlini kəsməli idi. Hələ Əli (ə)-ın dövründə Şam problemi çox ağır bir məsələ idi. Müaviyə özünü müsəlmanların xəlifəsi e’lan etdikdən sonra bu məsələ daha da çətinləşmişdi. Dəməşqin işi asanlıqla həll olunası bir problem deyildi. İmam Həsən (ə) hansı qüvvə ilə Müaviyəyə qarşı vuruşacaqdı? O, atasının ömrünün son günlərində İraq əhalisini Müaviyə ilə mübarizəyə çağıran zaman onun çağrışına cavab verənlərin az olduğunu görmüşdü. Şamı hesaba almasaq belə, əlçatmaz və geniş əyalətlərdəki böyük və məs’uliyyətli dövlət işlərini kimə həvalə edəcəkdi? Bu vəzifənin öhdəsindən gələ biləcək imanlı, işbilən, şücaətli və bunların üçündən də mühüm hesab edilən tamahsız müsəlmanlara ehtiyac duyulurdu. Onun ətrafına toplaşanların əksəriyyəti düzgün iman sahibi deyildilər. Müaviyənin ətrafındakılara verdiyi saysız-hesabsız peşkəşlər onların gözünü heyrətə salmışdı. Bunlar atası Əli (ə)-ın ürəyini qana döndərən əhali idi. Artıq az bir müddət ərzində qruplaşmalar müəyyən olmuşdu. Bəsrədən və Osmanın tərəfdarlarından da bir şey gözləmək olmazdı, çünki onlar Müaviyədən əl çəkən deyildilər. Xəvaric də ona müvafiq üz göstərməyəcəkdi, onlar ötən il sadə bir şeyi özlərinin təsəvvürünə görə xoşagəlməz bilib onun əleyhinə idilərsə, bu il daha böyük məsələləri iddia edib hakimiyyət və xilafət istəyində idilər. Onun arxası yalnız şiəlik iddiasında olanlar idisə də, onların da bir çoxu özünü yalnız zahirdə şiəyə oxşatmışdı. O kəslər imamın atasını Hicazdan İraqa çağırıb sonda onu tək qoyanlar, ya onunla üzləşib ikiüzlü rəftar edənlər olmuşlar.

Özlərini şiə cildinə salanlar həmin siyasi dəstələr idi ki, onların dini cəbhədə durumaqla nə məqsəd güddüklərini yuxarıda qeyd etmişdik. Təbiidir ki, belə insanlar ataya göstərdikləri münasibətdən oğula da göstərəcəkdilər. Lakin saf ürəkli, əqidəsində möhkəm olan, atasının və özünün sadiq sirdaşları sayılan şiələr bə’zi hallarda bu saxtakarların yalanına uyub onların tələsinə düşürdülər. Çünki onlar təsəvvür edə bilmirdilər ki, bir belə hay-küylü qalmaqal Allah razılığı üçün deyil, dünyəvi məqsədlər üçün də ola bilər. Digər tərəfdən Müaviyə də sakit oturmamışdı. Onun muzdurları Hicazda, Misirdə, hətta İraqın daxilində belə, əks təbliğatla məşğul idilər. Qəbilə başçılarını ələ almaqla, rüşvət vermək və ya onları öldürməklə, İraq ərazisində şayə və yalan yaymaqla, sərhəd şəhərlərini qarət edib sakinlərini qorxutmaqla, Müaviyənin əli açıqlığı, zirəkliyi və hökuməti idarə etməkdə xüsusi bacarığa malik olması haqda əfsanələr uydurmaqla məşğul idilər. Bütün bunların hamısı İraqı ələ keçirmək üçün Müaviyəyə kömək idi.

Müaviyə öz qoşunu ilə İraqa yaxınlaşaraq Məskində mövqe tutdu. Əli (ə) ömrünün son günlərində Şama hücum etmək üçün qoşun toplamışdı, bu qoşun öz vəzifəsini yerinə yetirməli idi. Lakin sərkərdə kim olmalı idi? Sə’d ibni Ubadə, ya Əş’əs ibni Qeysm və ya Abbasın oğlu Ubeydulla? Qeys Şama tərəf getməyə hazırlaşdı, imam Həsən (ə) isə Mədainə yollandı. Lakin qoşunun içərisində hər gün yeni xəbərlər eşidilirdi. Bir gün Qeysin öldürülrmək xəbəri yayıldı. Bu xəbərin yayılması ilə qoşunun içində çaxnaşma baş verdi.

Əhali İmamın çadırına hücum edib oradakı əşyaların hamısını qarət etdilər, hətta ayaq altına salınan palazı belə çəkib apardılar. İmam bir yerə sığınmaq üçün yola düşdükdə yolda ona hücum edib qılıncla ayağını yaraladılar. Təbəri yazır: Həsən (ə)-ın çadırı qarət edilən gün o, Sə’d ibni Məs’ud Səqəfinin (Muxtarın əmisi) evinə getdi. Sə’d İmam tərəfindən Mədainə hakim tə’yin edilmişdi. Bu vaxtlar cavan oğlan olan Muxtar Sə’də dedi:

Sərvət və şərəf sahibi olmaq istəyirsənmi?

Necə?

Həsəni tutub Müaviyəyə təslim et və bunun müqabilində nə qədər pul istəsən ondan al!

Allah sənə lə’nət etsin! Nə pis adamsan!

Peyğəmbər nəvəsini onun düşməninə necə təslim edim.

Muxtar 25 il sonra Kufədə Əməvilər əleyhinə baş vermiş hərəkata rəhbərlik etmişdir (onun barəsində geniş söhbət açacağıq). Bəlkə də sonrakı dastan qoşanlar (Zübeyrin oğlunun havadarları) Muxtara bu töhməti vurmuşlar, lakin bu mə’lumatın doğru olması da mümkündür. Ancaq hər halda bu mə’lumatlardan bir şey aydın olur ki, hər bir hərəkatda dəyişkən və sabit qalan ünsürlər mövcud olur. O günlər Kufədə müsəlmanların ümumi asayişindən daha çox öz mənfəətlərini güdən bir dəstə də var idi.

İmam Həsən (ə) dostluq iddiası edənlərin itaətsizliyini və özbaşnalıqlarını gördükdə, müqavimət göstərməyin faydasız olduğunu hesab etdi. Əgər Müaviyəyə qarşı müqavimət göstərib qoşuna (əgər onun ətrafında qoşun qalmış olsaydı) irəli getmək əmri versəydi belə, onlar Mədaindən çıxmamış qaçardılar. Muxtarın öz əmisinə təklif edərək onun qəbul etmədiyi fikri yerinə yetirərdilər, yə’ni imamı tutub düşməninə təslim edərdilər. Nəhayət imam Həsən (ə) Müaviyə ilə sülh sazişi imzaladı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ
İSLAMDAN SONRA MİSİRDƏ BAŞ VERƏN İKİ MÜHÜM HADİSƏ
SÜLEYMAN İBNİ ƏBDÜLMƏLİK

 
user comment