Azəri
Thursday 18th of April 2024
0
نفر 0

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ

ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ

ƏSL HƏQİQƏTDƏ XƏVARİC NƏ İSTƏYİRDİ?

Qeyd etdiyimiz kimi, xəvaric dəstəsi əvvəldə hakim tə’yin etmək məsələsi ilə razılaşdılar. Lakin bir neçə ay ötəndən sonra Allah dinində hakim tə’yin etdiyinə görə Əli (ə)-a irad tutdular. Əli (ə) bundan sonra onlara: “Biz şamlılarla döyüşə hazırıq, lakin müvvəqqəti barışığın müddəti başa çatmalıdır” dedikdə, onlar qəbul etmədilər.

Dini işlərdə ifrata varanlar görəsən “əhdlərinizə vəfa edin” ilahi kəlamından xəbərsiz idilərmi? Biz tarixi mə’lumatlarda yalnız bir neçə sənədlərlə kifayətlənsək onların rəylərini dəyişdirməsindən heyrətə düşərik.

Doğrusu xəvaric hər iki tərəfdən hakim tə’yin olunmasını qəbul edəndən son həddə qədər, yə’ni Əli (ə)-dan uzaqlaşana qədər bir sözün üstündə durmamışlar. Onlar əvvəldə bir şeyi qəbul etsələr də sonda başqa bir şeyi tələb etdilər. İllər boyu tarixçilər bu iki əqidəni bir-birinə qarışdırıb onun bir problem olduğunu qeyd etmişlər. İlk tarixi mənbələrdə də bu ikiliyə (iki aspektə) işarə olunmamışdır, ancaq hadisələri dəqiq şəkildə tədqiq edib danışıqları araşdırsaq əsl həqiqət üzə çıxacaqdır.

Dediyimiz kimi, Müaviyənin başında xilafət sevdası dolanırdı. İraqı ələ keçirib dövrün xəlifəsini kənarlaşdırmaq üçün hazırlıq görsə də bu istəyi aşkar şəkildə dilə gətirmirdi. Çünki müsəlmanların xeyir və şərlərini həll edən mühacir və ənsarlardan yalnız bir-ikisinin Əli (ə)-ın əleyhinə müttəfiq olduğunu görürdü. Əgər Əli (ə)-ın imamətini qəti şəkildə qəbul etməsə də müsəlmanların sünnəsinə tabe olmaqdan boyun qaçıra bilməzdi. Elə bu səbəbdən də o, Osmanın qisasını bəhanə edərək deyirdi: “Əlinin ətrafındakılar Osmanı zalımcasına öldürmüşlər. Osmanın elə bir günahı olmayıb ki, islam fiqhi ona ölüm hökmü tə’yin etsin. Mən bir qohum kimi onun intiqamını alacağam. Osmanın qatillərindən qisas alınmalıdır, ancaq onlar Əlinin ətrafına toplaşıblar. Bəs o, qatillərə sığınacaq verdiyi üçün Allah hökmünü pozmuşdur”.

Osmanı öldürənlər deyirdilər: Osman bir çox böyük günahlara əl atdığından onun cəzası ölüm olmuşdur.

Şam hakiminin xalqı aldadıb müsəlmanları Qur’an hökmünə də’vət etməsindən məqsəd guya qiyamçıların Osmanı düzgün və ya nahaq yerə öldürmələrini aydınlaşdırmaq idi. Qərara alındı ki, hakimlər Allah kitabına və peyğəmbər sünnəsinə əsasən həqiqətin nədən ibarət olmasını müəyyən etsinlər. Əgər Osman haqq olaraq öldürülmüş olsaydı Müaviyənin onun intiqamını almağa ixtiyarı yox idi, yox əgər haqsız yerə öldürülmüş olsaydı, o, məzlum xəlifənin intiqamçısı sayılacaqdı. Hər iki qoşunun müştərək bir rə’yə gəldikləri məsələ bundan ibarət idi, sonralar xəvaric adı ilə məşhurlaşmış dəstə də ilk əvvəl bu məsələni qəbul etmişdilər.

Təbəri yazır ki, Əş’əs ibni Qeys barışıq sazişini İraq qoşununa oxuyan gün yalnız Urvət ibni Udəyy bu işlə müxalifət edib dedi ki, sizin hakim tə’yin etməyə haqqınız yoxdur. Lakin ətrafındakılar onun tərəfindən üzrxahlıq istədilər.

Şamın hakim tə’yin etdiyi nümayəndə öz rə’yini söylədikdən sonra xəvaric qəzəblənib dedi: “Hakimiyyət yalnız Allaha məxsusdur.”

Onlar nəyə görə belə deyirdilər? Bu sualın cavabı aydınlaşmayıb. Bütövlükdə tarixi və qeyri tarixi sənədləri araşdırarkən bu nəticəyə gəlmək olur ki, xəvaric, hakimlərin xilafət məsələsinə qarışmasını və onun səlahiyyətinin müəyyən edilməsini Əli (ə) razılığı ilə olduğunu düşünürdü. Xəvaric, hakimlərin onlara aid olmayan işə dəxalət etdiklərini iddia edirdilər (xəlifə tə’yin etmək və ya çıxarmaq). Onlar bu məsələni düzgün başa düşməmək ucbatından və ya pis niyyətli olduqlarından bu səhv hakimliyin günahını dövrün xəlifəsinin ayağına yazaraq bu hakimliyin məs’uliyyətini onun üzərinə qoyurdular. Onların nəzərincə xəlifənin səlahiyyətlərini bütövlükdə müsəlmanlar tə’yin etməli idi. Ona görə də Əli (ə) müsəlmanların ona verdiyi böyük məqamın səlahiyyətlərini tə’yin etməyi məxsus bir şəxsin öhdəsinə qoya bilməzdi və gördüyü bu günah işə görə  tövbə etməlidir.

Şübhəsiz onlar belə bir iş görmək üçün hakim seçilməmişdilər, əslində arada heç belə bir məsələ də yox idi. Hakimlər yalnız həddi aşaraq səlahiyyətləri çatmayan işə qarışmışdılar. Əli (ə) da heç vaxt belə bir hakimliyi qəbul etməzdi, çünki bu məsələ sırf özbaşnalıq və xəyanət idi. O həzrət yalnız barışıq müddətini sona çatmazdan əvvəl müharibənin başlamasına razı deyildi. Ortada hansı hiyləgərliklərin olmasını aydınlaşdırmaq üçün az da olsa burada izah verməyimiz lazımdır. Həqiqətdə Şam hakiminin hiyləgərliyi və İraq hakiminin sadəlövhlüyü bu ixtilaflar üçün zəmin yaratmışdı. İki hakim birinci dəfə görüşdükləri zaman Əmr ibni As Əbu Musa Əş’əridən soruşdu:

“Bilirsənmi Osman məzlumcasına öldürülmüşdür? Dedi: Bəli!

Bilirsənmi Müaviyə onun intiqamını almaq istəyir? Dedi: Bəli!

Bəs nəyə görə Müaviyənin tərəfinə keçmirsən”

Gördüyünüz kimi, ilk anda söhbət Müaviyənin intiqam almağa hüququ olub-olmamağından gedirdi. Əgər hakimlər öz həddlərini aşmasaydılar bəlkə də xəvaricin əməli bu şəkildə qurtarmazdı. Lakin onlar xəlifəni tə’yin etmək və vəzifədən azad etmək işinə də qarışdılar. Son görüşdə (məclisdə) ilk olaraq Əbu Musa Əli (ə)-ı və Müaviyəni xilafətdən kənar etdikdən sonra Əmr ibni As dedi: “Mən də Əlini xilafətdən azad edib Müaviyəni xəlifə tə’yin edirəm.” Əbu Musa acıqlanaraq dedi: “Bizim qərarımız belə deyildi.” Beləliklə hər iki hakim bir-birlərini ağır sözlərlə söyüb təhqir etdilər. İraqlılar artıq bundan sonra Müaviyə və onun tə’yin etdiyi hakimə aldandıqlarını başa düşdülər. Elə buradaca xəvaric düşüncəsizlikdən və ya üzdə özünü dost kimi aparan qoşun daxilindəki düşmənlərin təhrikləri ilə araya başqa söz atdılar. Onlar öz əməllərinə belə don geyindirdilər ki, Əli (ə) hakim tə’yin etməklə özünün xilafəti barəsində şübhəyə düşmüşdür. Müsəlmanlar Əli (ə)-a bey’ət etmək ilə onu xəlifə seçmişlər, onun və ya başqasının xilafət barədə hakimlik etməyə hüququ yoxdur. İbni Abbasla xəvaric arasında olan danışıqlara bir nəzər salın:

“Niyə hakimin tə’yin edilməsinə irad tutursunuz, bir halda ki, Allah-təala buyurur:

Bir sıra məsələlərdə Allah bəndəsi hökm edə bilər, lakin bə’zi məsələlər vardır ki, xalqın o barədə hökm etməsi rəva deyildir.”

Belə nəzərə çarpır ki, xəvaricin son sözü müsəlmanların Əbu Musa ilə Əmr Ası Əli (ə)-ın və ya Müaviyənin xilafətə layiq olmasını araşdırmaq üçün göndərmədikləri olmuşdur. Nəyə görə? Çünki müsəlman cəmiyyəti Əli (ə)-ı xəlifə kimi qəbul etmişdi, Müaviyə və ondan başqaları onun hakimiyyətini qəbul etməli idilər. Onun hakim tə’yin edib özünün xilafətə layiq olub-olmamasını aydınlaşdırmağa haqqı yox idi. Məhəmməd ibni Cərirdən bir az əvvəl yazılmış tarix kitabında Yə’qubi yazır: Xalq Əbu Musa ilə Əmrin sözünü eşitdikdən sonra səs-küy salıb hər iki hakimin Allah kitabının və qoyulmuş şərtin əksinə rəy verdiklərini dedilər. Buradan aydınlaşır ki, xəvaricin hakim məsələsinə olan ilk iradı hansı nəzərdən olmuşdur. Onlar rəhbərlik məsələsini iki nəfərin öhdəsinə qoyulmasını qeyri-mümkün sayırdılar. Xəlifə tə’yin etməyi ümumxalq işi hesab edirdilər. Elə bu səbəbdən də Əli (ə)-a dedilər: Sən öz işində hakim tə’yin etməklə şəkkə düşüb günah işlətmisən. Əgər xilafətə layiq idinsə, nəyə görə hakimləri seçib öz işini onlara tapşırdın? Əgər özünün xilafətə layiq olmağın haqda şübhəyə düşmüsənsə, onda başqaları gərək səndən artıq dərəcədə şəkk-şübhəyə düşmüş olsunlar. Bu danışıqlardan mə’lum olur ki, xəvaric ilk dəfə hakim tə’yin olunmasına deyil, onların çıxardıqları rə’ylərə irad tutmuşlar. Hər halda əgər onların sözü bu da olsa, gördüyünüz kimi, onlar hakimlərin ölməsi haqda deyil, xilafət məsələsində hökm vermələrinə irad tutmuşlar. Qeyd etmək lazımdır ki, həzrət Əli (ə) hakimlik məsələsini məcburiyyət qarşısında, onların təhdid və təhqirləri müqabilində qəbul etmişdi. Əgər əvvəlcədən onun sonu mə’lum olsaydı nəinki o, bəlkə heç bir müsəlman bu məsələni qəbul etməzdi. Lakin o hakimlərin hər ikisi öz işlərində xəyanət etdilər.

Bir şeyi də unutmaq olmaz ki, bir dəstə adamlar nə hakimiyyətdən baş çıxara bilir, nə də xalqın gözündən yayınan siyasi quruplaşmalardan xəbərləri var idi. Bunlar yalnız şüar verməklə kifayətlənən, nə istədiklərini özləri də bilməyən adamlar idi.

Əli (ə) onlar haqqında buyururdu: “Bunlar haqq söz əsasında batil arxasınca düşənlərdir.” Hər halda başlanğıcda irad məhdud olmuşdur. Qeyd etdiyimiz kimi, xəvaric Əli (ə)-la döyüşə qalxdılar, çoxlu tələfat (itki) verdikdən sonra dağıldılar. Arada sağ qalmış bir-iki nəfər yayınaraq ucqar yerlərdə gizləndilər. Ancaq zaman ötdükcə kiçik sayılan bu mübahisə (münsiflər məhkəməsi) yeni ixtilafların doğmasına, bu məsələ ətrafında çoxlu sorğu-sualların meydana gəlməsinə səbəb oldu. Xəvaric Əli (ə)-ın münsiflər məhkəməsinin hakimliyini qəbul etməkdə kafir olduğunu deyirdilər (Allaha pənah aparırıq). Düzgün olmayan bu nəticədən yeni mübahisələr və e’tiqadi suallar ortaya çıxdı. Məsələn, bir müsəlman kafir olub tövbə etməsə Allah-təala onunla necə rəftar edəcək? Bunun ardınca Əli (ə)-la Osmandan söz açıb onların günah iş gördükdən sonra tövbə edib-etmədiklərini müzakirə edirdilər. Bu məsələ yenidən ayrı bir mübahisəni də doğurdu. Günah edən xəlifə tövbə etməzsə, müsəlmanlar yenidən ona tabe olmalıdırlar, yoxsa yox? O vaxtlar Kufə və bütövlükdə İraq (uzun illər boyu) belə mübahisələrin açıq meydanına çevrilmişdi. Mübahisə və müzakirələr “nə etmək lazımdır” ətrafında deyil, “nələr etmişlər” üzərində dolanırdı.

 

Xəvaricin mübahisələrinin son nəticəsi bu oldu ki, Əli və Osman heç biri xilafətə layiq olmamışlar. Rəhbər tə’yin olunmasında bütün müsəlmanların haqqı var, bu iş məxsus bir dəstəyə (mühacir və ənsardan ibarət şura) aid edilmir. Qüreyşdən əlavə də hər bir şəxs xəlifə ola bilər. Belə ki, onlar “İmamlar Qüreyşdəndir” hədisini qəbul etmirdilər. Yavaş-yavaş məxluq barəsində yaranmış söz-söhbətlər həddini aşaraq xaliqə də şamil edildi ki, görəsən Allah mükafat və cəzanı hansı ümumi qayda əsasında verir. Mübahisə və müzakirələr genişləndikcə xəvaric çoxlu sayda firqələrə bölünürdülər. Şəhristani öz kitabında bu dəstəyə aid olan 22 firqə saymışdır.

Nəhrəvan döyüşü qurtardıqdan sonra Əli (ə) Şama gedib Müaviyəni məğlub etmək üçün hazırlıq görürdü. Lakin o həzrət hicri tarixi ilə 40-cı il Ramazan ayının 19-da sübh vaxtı namaz üstündə bəni Murad qəbiləsindən olan Əbdürrəhman ibni Mülcəmin vasitəsilə yaralanaraq həmin ayın 21-də vəfat etdi. Əbdürrəhmanın məqsədi barədə hekayələr yazılmışdır ki, onların bir hissəsi dastan yazanların uydurmasıdır. Bütövlükdə tarixçilər bu qətli xəvaricin işi olduğunu qeyd etmişlər, lakin xəvaric firqəsinin ardıcıllarından sayılan müasir tarixçilər Əbdürrəhmanı bəni Murad qəbiləsindən və xəvaricdən olmadığını iddia edirlər. Tarixi faktlardan aydın olur ki, İmamın şəhadəti ilə nəticələnən bu sui-qəsddə Kində qəbiləsinin rəisi Əşə’s ibni Qeysin də əli olmuşdur. Əşə’s təhlükəli bir münafiq idi, Əli (ə)-ın qoşununda olmasına baxmayaraq onunla düşmən olmuş və Müaviyə ilə gizli əlaqələr yaratmışdır. Təəccüblü deyil ki, Əşə’sdən əlavə başqaları da İmamın şəhid edilməsində iştirak etmişlər. İmama edilən sui-qəsd planının Müaviyə tərəfindən hazırlanıb-hazırlanmaması sualına cavab vermək çətindir. Bu günlər Əlcəzairdə yaşayan Əbaziyyə firqəsindən olan (xəvaric) bir tarixçi öz kitabında (onun bir nüsxəsini mənə də göndərmişdir) Əli (ə)-ın qətlində xəvaricin iştirak etməsini təkzib etmişdir! Onun nəzərinə görə, Əli (ə)-ın qətli planını Müaviyənin göstərişi ilə Əşə’s hazırlamışdır. O, hətta xəvaricdən olan üç nəfərin məşvərət edib Əli (ə)-ı, Müaviyəni və Əmr ibni Ası öldürmək qərarını da qəbul etmir və ümumiyyətlə tarixdə belə şəxslərin olmadığını yazır. Əli (ə)-ın qatili Əbdürrəhman bəni Murad qəbiləsindən olmuş və bu qəbilənin də xəvaricdən sayılmadığını qeyd etmişdir. Təəccüb doğuran bu nəzərin ikinci tərəfidir və onu heç bir şəkildə qəbul etmək olmaz, çünki bütün tarixi mənbələrdə Əli (ə)-ın qatilinin xəvaricdən olduğu yazılmışdır. Ancaq məsələnin birinci tərəfi-yə’ni Əli (ə)-ın qətlində Əşə’sin iştirak etməsi düzgün nəzərə çarpır.

Beləliklə zahid bir xəlifə, ümmətin qayğısını çəkən bir imam, Allah kitabı və Peyğəmbər (s) sünnəsini kamil surətdə bilən, islama artırılmış bid’ətləri təmizləyib mə’nəvi dəyərləri yenidən dirçəltmək istəyən bir şəxs nadan müsəlmanların əli ilə şəhadətə yetirildi. Müaviyə hakimiyyəti ələ aldı, Qüreyş fürsəttələbləri, xüsusilə Əməvi tayfası öz keçmiş arzusuna çatdı. Bununla da müsəlman cəmiyyətində varislik prinsipinə əsaslanan və Rum imperatorluğundan götürülmüş bər-bəzəkli hakimiyyət meydana gəldi.

Əbu Bəkrin xilafətindən Əli (ə)-ın şəhadətinə qədər ötən 30 illik dövrü “Raşidin xəlifələri” dövrü adlandırmışlar. Çünki bu illər ərzində az-çox peyğəmbər sünnəsinə riayət edilir və hakimiyyət irsən əldən-ələ ötürülmürdü.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
USTADIN ƏSƏRLƏRİ

 
user comment