Azəri
Friday 29th of March 2024
0
نفر 0

QUR᾽AN — QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN

QUR᾽AN — QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN

Söhbət Qur᾽anın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən şəxs özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mə᾽nalarını dərk etməkdə aciz olduğunu e᾽tiraf etsin. Bəlkə də belə bir səmimi e᾽tiraf Qur᾽an barəsində nə isə deməkdən daha münasib olardı?!

İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis bir varlıq olduğu halda, Özünün elm və qüdrəti hər şeyi əhatə edən, hər şeyi yoxdan yaradan kamil və mütləq bir varlığı dərk edə bilərmi?

Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qur᾽andan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tə᾽rif etməyi bacararmı?

Qur᾽anın əzəmətini layiqincə bəyan etməyə qadir olan, yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s) vasitəsilə) haqqa hidayət, habelə xoşbəxt həyatlarının tə᾽min olunmalarının mö᾽cüzəsi ola bilər.

Bu səmavi kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat tə᾽minatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.

Qur᾽anın bir çox ayələrində bu haqda deyilir:

إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ

«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [İslama] yönəldir». (9/17).

الر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın yoluna [İslam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).

هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ

«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/3).

Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:

«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»

Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Qur᾽anın həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.

Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.

Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:

اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي: كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي، لَنْ يَفْتَرِقَا حَتّي يَرِدَا عَلَيَّ الْحَوْضَ

«Mən özümdən sonra sizin üçün iki çox qiymətli və ağır əmanət qoyub gedirəm: Qur᾽an və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaq və o gün Kövsər hovuzunun kənarında mənə qovuşacaqlar.»

Buradan belə mə᾽lum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Qur᾽anı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Qur᾽anı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.

Qur᾽anın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:

Birinci hədis:

Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: «Siz Allahın nazil etdiyi Qur᾽anla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Qur᾽an elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mə᾽nasız ifadəyə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar və fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qur᾽andan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Qur᾽an Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Qur᾽an, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.

Qur᾽an vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və hər bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Qur᾽an ayələri ətrafında araşdırmalar aparar və heç vaxt “yoruldum” deməzlər. İllər, əsrlər keçdikcə, Qur᾽an öz mö᾽cüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.

Qur᾽an hətta cinləri belə, heyrətə gətirmiş və onlar Qur᾽an haqqında bu sözləri demişlər:

«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Qur᾽an eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik».

Qur᾽anla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qur᾽ana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.

Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu: «Ey Ə᾽vər, bu hədisi məndən yadigar saxla.» (Sünəni Darəmi, 2/435, Səhihi Termizi, 11/30).

Hədisin izahı:

Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:

 «Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə çarpır:

a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki Qur᾽anın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda Əli (ə)-ın buyurduğu «Qur᾽anla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Qur᾽an sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir.

b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Qur᾽anın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Qur᾽an ayələri nazil olduqdan sonra baş vermişdir.

v) Bu barədə verilən üçüncü nəzəriyyə Qur᾽anın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Qur᾽an onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə “İnşiqaq” surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ

«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».

Yə᾽ni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.

Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ən᾽ənələrini davam etdirəcəksiniz.» (Kənzu-ummal, 6/40).

2. «Qur᾽an elə bir kitabdır ki, zalımlar və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Qur᾽anın zalım və bid᾽ətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.

Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Qur᾽anı əyləncə vasitəsinə çevirməyə və onun hökmlərini dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinil-Mustəfa», 1/34).

«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.»

Biz bilirik ki, bəşər Qur᾽an ayələrini öz şəxsi rə᾽y və nəzərləri ilə təfsir və oradan müxtəlif mə᾽nalar əldə etmişdir. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mə᾽nası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.

3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Qur᾽anın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir: «Allahın nazil etdiyi Qur᾽anla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.» Bu bir daha Qur᾽anın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.

Bəli, əgər müsəlmanlar öz maddi və mə᾽nəvi həyatlarında Qur᾽ana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Qur᾽anla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin tə᾽yin etmişdir.

Həqiqətən, əgər müsəlmanlar Qur᾽anı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Qur᾽an nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.

Amma təəssüflər olsun ki, müsəlmanlar Qur᾽ana arxa çevirib cahiliyyət dövrünün adət-ən᾽ənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lə᾽nət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə mə᾽lumdur. Qur᾽andan uzaq düşmək, onu şəxsi rə᾽y, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.

İkinci hədis:

Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Qur᾽an belə vəsf edilir: «Qur᾽an sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Qur᾽an haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Qur᾽anın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Qur᾽an bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Qur᾽anı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Qur᾽anın tərəfdarları bir an belə olsun, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Qur᾽an iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.

Qur᾽an İslamın təməli və geniş həqiqət düzənliyidir. Qur᾽an suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Qur᾽an öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapmazlar. Allah-taala Qur᾽anla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qur᾽ana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Qur᾽an ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Qur᾽an dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Qur᾽an mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)

Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bə᾽zilərini şərh edirik.

«Qur᾽an, nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd, Qur᾽anın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Qur᾽anın bə᾽zi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq, onun ümumi məfhum və mə᾽nası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi şeylərə aid olacaqdır.

Əyaş, İmam Baqir (ə)-ın «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rə᾽d-7) ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.»

Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.

Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Qur᾽an ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Qur᾽an üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Qur᾽an ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu mə᾽lumatlar onlar üçün də e᾽tibarlı sayılır.

İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:

«Qur᾽an, diri və əbədi bir kitabdır. O heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu, günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Qur᾽an da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mə᾽nəviyyat nuru olmuş və olacaqdır.»

Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:

«O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, mö᾽minlərə hörmət edir]» (Rə᾽d-21) ayəsinin mə᾽nasını İmam Sadiq (ə)-dan soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Mö᾽minlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».

Fərat Kufinin təfsirində deyilir: «Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, indi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, yer və göylər durduqca, Qur᾽an da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol oynayacaqdır. Belə ki, Qur᾽an bütün qövm və millətlərin istər müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».

Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma biz bir neçə hədislə kifayətlənib xütbənin izahını davam etdiririk.

2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar:» Buradan məqsəd Qur᾽anın insanları haqq yola hidayət etməsidir. Hər kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki Allah-taala Qur᾽anı bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının tə᾽min olunması üçün nazil etmişdir. Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.

3. «Qur᾽anın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.»

Burada iki ehtimal vermək olar:

a). Qur᾽anın maarif və tə᾽lim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.

b). Qur᾽anın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orijinallığını itirmədən qorunub saxlanmış, hətta cüz᾽i əlavə və ya ixtisara yol verilməmişdir.

4. «Qur᾽an haqq-ədalət gülüstanıdır» deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu səbəbdən də Qur᾽an ədalət ağaclarının becərildiyi «gülüstan» adlanır.

5. «Qur᾽an imanın təməlidir». Buradan məqsəd İslam dininin istər əxlaqi, istərsə də əməli hökmlərinin Qur᾽an ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.

6. «Qur᾽an geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər bir şey maneə olmadan necə varsa elə də göründüyü kimi, Qur᾽an da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Qur᾽an burada geniş səhra və düzənliyə və orada maneiəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq üçün yalnız Qur᾽ana üz tutmalarıdır. Hər kim həqiqəti Qur᾽anda deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini yəqin etməlidir.

7. «Qur᾽an suyu tükənmyən bir dənizdir.» Yə᾽ni, hər kim Qur᾽anın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki onun kəşf olunan sirləri nə tükənmək bilir, nə də öz e᾽tibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi, Qur᾽anın da əsrarəngiz sirləri tükənmək bilmir.

Qur᾽anın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.

Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin açıldığının şahidi olurlar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment