Azəri
Friday 29th of March 2024
0
نفر 0

QƏLƏBƏLƏRİN ÇOXALMASI VƏ PROBLEMLƏRİN MEYDANA ÇIXMASI

QƏLƏBƏLƏRİN ÇOXALMASI VƏ PROBLEMLƏRİN MEYDANA ÇIXMASI

Hadisələrin təhlilində dəfələrlə qeyd etmişik ki, müsəlmanlar əvvəllər qeyri müsəlmanlarla döyüşdə (Bədr döyüşündə) elə də yüksək təchizata malik deyildilər. Qoşuna daxil olmayan müsəlmanlar da çox sadə həyat tərzi sürür, bə’ziləri isə hətta çətinlikdə yaşayırdılar. Sonrakı dövrlərdə də (Əbu Bəkrin, Ömərin xilafəti dövrü) bu sadə həyat tərzi davam edirdi. Peyğəmbər (s), Əbu Bəkr və Ömərin dövründə baş vermiş müharibələrdə müsəlmanların hədəfi təkallahlığı yaymaqdan ibarət olub. Ancaq yaddan çıxarmaq olmaz ki, bə’zilərinin hədəfi dünyəvi mənfəət əldə etmək də olub. Təqribən 25 il müddətində Qur’ani-kərimin tə’limləri və Peyğəmbərin (s) müsəlmanlara verdiyi islami tərbiyə (mühacir və ənsar) elə tə’sir bağışlamışdı ki, onlar Allahdan başqa heç nə düşünmür və islamın adını ucaltmaqdan başqa bir şey haqda fikirləşmirdilər. Qur’ani-kərimdə bu iki dəstənin tə’rifi haqda çoxlu sayda ayələr görmək olar. Mə’lumdur ki, Peyğəmbər (s) dünyadan köçərkən onların bir neçəsindən narazı idi. İslamı ilk olaraq qəbul etdiklərinə görə bu dəstə adamlara müsəlmanlar tərəfindən ehtiram olunurdu. Lakin onların özlərini başqalarında üstün sayma hallarına rast gəlinməmişdi. Qoşuna başçılıq etmək (sərkərdə) və ya islam hökmlərini başqalarına öyrətmək onlar üçün rütbə deyil, dini vəzifə sayılırdı.

Peyğəmbər (s)-ın dostları arasında mənsəb, məqam hərisliyi mövcud deyildi, hansı ailədən və soydan olması mühüm sayılmazdı. Hətta ictimai baxımdan islamı tez və ya gec qəbul etmək də fəzilət sayılmazdı. Keçən fəsildə Gördüyünüz kimi, yeniyetmə cavan olan Usamə ibni Zeyd qocalardan, əsirlikdən azad olunmuşlardan və islamı ilk əvvəl qəbul edənlərdən təşkil olunmuş bir qoşuna başçı seçilir. Peyğəmbər (s) dövründə müsəlmanların əhəmiyyət verdikləri şey təqva olmuş və onun da mükafatını xalqdan deyil, yalnız Allahdan istəmişlər. Qur’ani-kərim belə müsəlmanlar haqda buyurmuşdur:

“Allah onların qəlblərini imanla imtahana çəkmişdir.”

Lakin Peyğəmbər (s) Ərəbistan yarmadasını müsəlman edib bu fani dünyanı tərk edən zaman müsəlmanların hamısı belə bir əxlaqa malik deyildilər. Sınaqdan çıxmış müsəlmanların sayı çox az idi. Bəli, tarixdə həmişə belə olmuşdur (sınaq meydanında dindarlar həmişə az olmuşdur).

Yenicə müsəlman olmuş səhra sakinləri, həyatlarında Peyğəmbəri görməyib onun əxlaqı və davranışı ilə tanış olmayanlar və ya ömründə yalnız bir-iki dəfə Peyğəmbəri görən müsəlmanlar özlərini islam əxlaqı ilə nə dərəcədə ziynətləndirə bilərdilər? Bir gün onlar təsəvvür etmədikləri sərvətə malik olduqda, Qur’anın xəbərdar etdiyi kimi, necə tüğyan etməyəydilər?! İslam dini onların qəlblərində hələ kök salmadığı bir surətdə öz nəfsləri ilə necə mübarizə apara bilərdilər? Allah bilir!

Əbu Bəkrin xəlifə olduğu dövrdə əskərlər bir tərəfdən dindən xaric olmuşların üsyanını yatırtmağa məşğul olmuş, digər tərəfdən də xəzinəyə (beytül-mala) az gəlir gəldiyindən müsəlmanların ictimai həyatında köklü dəyişklik meydana gəlmişdi. İctimai problemlər Ömərin dövründə meydana çıxmasına baxmayaraq, o, onun qarşısını müəyyən qədər ala bildi. Ən mühüm problemlər aşağıdakılardan ibarət idi:

1.Ömərin on illik xilafəti dövründə müxtəlif millətlər islam dinini qəbul etdilər. Mədəniyyət və adət-ən’ənə baxımından təkcə ərəbistan əhalisi deyil, müsəlman olmuş bütün xalqlar bir-biri ilə kəskin şəkildə fərqlənirdilər. Nəticədə bu adətlər yavaş-yavaş əhalinin sadə həyatına daxil olmağa başladı. Ömər çalışırdı ki, ərəblərin əcnəbi adət-ən’ənələrini öyrənməsinin qarşısını alsın və o, bu məsələdə yeri gəldikdə onlarla sərt rəftar edirdi. Bə’zən Qüreyş qəbiləsinin böyüklərindən bir neçəsi onun yanına gəlib cihad etmək bəhanəsi ilə (bəlkə də doğrudan cihad etmək məqsədi ilə olub) Ərəbistandan xaricə səfərə getmələrini istəmişlər. Ömər onların rəftar və əxlaqlarının dəyişməsindən ehtiyat edərək belə demişdi: Peyğəmbər (s) zamanı etdiyin cihad sənin üçün kifayət edər, yaxşısı budur ki, evində otur, nə sən bir nəfəri gör və nə də bir kəs səni görsün.

2.Fəth olunmuş ölkələrin hər birisi özünəməxsus məhsuldar əraziyə malik olduğundan bu torpaqlardan lazımınca istifadə etmək zərurəti meydana çıxırdı. Bu ərazilərdən faydalı surətdə bəhrələnmək üçün təcrübəli və iş bacaran insanlara ehtiyac duyulurdu, lakin Mədinədə belə təcrübəli adamlar yox dərəcəsində idi və ya olsaydı da onların sayı çox az idi.

3.Sülh yolu ilə əldə olunmuş ərazilərin idarə olunması (sülh müqaviləsinə əsasən onlar islam hökumətinə vergi ödəyirdilər) hökumət üçün heç də çətinlik törətmirdi, lakin əsgərlərin hücum edərək işğal etdikləri ərazilərin idarə olunması yeni problemlər doğururdu. Belə ki, fəth olunmuş belə ərazilər əsgərlər arasında bölünməli idi. Aydındır ki, Hicazda yaşayan müsəlmanların hər il gəlib bu əraz

iləri əkib-becərib məhsulunu toplaması və sonradan geri dönməsi mümkün deyildi. Ömərin məsləhəti ilə həmin ərazilər orada çalışan əkinçilərin öhdəsinə verildi və onlarla bunun müqabilində hər il müəyyən vergi ödəmələri haqda müqavilə bağlandı. Mə’lum deyil ki, bu onun şəxsi fikri ilə və ya böyük səhabələrin məşvərəti ilə həyata keçirilmişdir.

 

 İlk başlanğıcda belə bir addımın problem doğuracağı elə də nəzərə çarpmadı, lakin sonralar Osmanın xilafəti dövründə bu məsələnin böyük bir tufana səbəb olacağını görəcəyik.

4.Hakimlərin, şahzadələrin, zadəganların və torpaq sahiblərinin qoyub qaçdıqları ərazilər, beytül-mal adı ilə zəbt olundu və ondan əldə olunan gəlir də xəzinəyə daxil edildi.

Ömər məsləhət gördü ki, fəth olunmuş ərazilərin siyasi cəhətdən idarə edilməsi əvvəldən orada hakim olan məmurların öhdəsində qalsın, lakin onlar da öz növbəsində xəlifə tərəfindən göndərilmiş hakimin nəzarəti altında bu vəzifəni yerinə yetirməli idilər.

On dörd əsrdən sonra dünyanın müxtəlif siyasi quruluşlarını təhlil etdikdən sonra bu hadisələri araşdırarkən bəlkə də belə bir addımın atılması bizim üçün çox da əhəmiyyətli olmasın. Lakin bir az diqqət yetirsək o vaxta qədər məhdud mühitdən kənara çıxmayan, öz ailəsinə və ya tayfa və qəbiləsinə başçılıq etməkdən başqa bir şey bacarmayan məs’ul şəxslərin böyük ölkələri idarə etmələrinə, Afrika və Asiyanın yarısını necə də bacarıqla idarə etməsinə nəzər salsaq bizdə heyrət və təəccübdən başqa bir şey doğurmayacaqdır.

İrandan Mədinəyə yetişən qənimətin miqdarı o qədər çox idi ki, müsəlmanlar o günəcən o miqdarda mal görməmişdilər. Ömər nə edəcəyi barədə dostları ilə söhbət etdi. Bə’ziləri Peyğəmbər sünnəsinə əsasən əldə olunmuş malın xalq arasında birdəfəlik bölünməsi prinsipini dəstəklədi. Nəhayət qərara gəldilər ki, idarə yaradılsın və buradan müsəlmanlara müəyyən miqdarda pul ayrılsın. Bu addım məntiqi və düzgün bir iş idi, lakin gəlirin bölünməsindəki ayrı-seçkiliyin gələcəkdə problem doğuracağına diqqət yetirmədilər.

Bəlkə də o gün xəlifə və müsəlmanlar belə bir məsləhətin nə ilə nəticələnəcəyindən xəbərsiz idilər. Bəlkə də onların ağlına gəlmirdi ki, bir neçə böyük adamlara müəyyən edilmiş pul onların məxaricindən daha artıq idi.

Xəzinədən maaş alan adamların sıra sayı ilə müəyyən edilməsi haqda tarixçilər arasında ixtilaf mövcuddur. Bir şey aydındır ki, məvacibin miqdarının tə’yin olunmasında müsəlman olma müddətinin birbaşa tə’siri var idi. Döyüşçülərin məvacibi onların iştirak etdikləri döyüşdən asılı idi. Misal üçün Bədr döyüşündə iştirak edənlərin məvacibi Hüdeybiyyə sülhündən sonrakı müharibədə iştirak edən şəxslərin məvacibindən artıq idi. Şamın və Mədinənin fəthindən bir il keçmişdi ki, Ömər özünün və müsəlmanların böyük bir təhlükə ilə üzləşdiyini hiss etdi.

Ərəblərin qüdrətli və zadəgan qəbiləsi sayılan Qüreyş tayfası Mədinə qoşunu Məkkəyə daxil olduqdan sonra müsəlman olmuşdular. Müsəlman olduqdan sonra başqaları kimi Rum və İran imperiyaları ilə müharibələrdə iştirak edərək islam fiqhinə əsasən döyüşdə əldə olunmuş qənimətlərə (sərvət, torpaq) yiyələnmişdilər. Keçən fəsillərdə Qeyd etdiyimiz kimi, bu qəbilə islamdan əvvəl ticarət etmək səriştəsinə malik idilər. İslam qoşunlarının fəthi genişləndikdən sonra əldə etdikləri sərmayə vasitəsi ilə öz köhnə peşələrini davam etdirmək fikrinə düşdülər.

Təbəri bir rəvayətə əsasən belə deyir: Ömər Qüreyşin böyüklərini Mədinədə bir növ həbs etmişdi, onların bu şəhərdən kənara çıxmalarına izn vermirdi. Deyərdi: Qüreyş Allah malını öz işləri üçün sərf etmək və başqalarını bu işdən məhrum etmək istəyirlər. Nə qədər ki, Xəttabın oğlu sağdır, bu iş baş tutmayacaqdır. Mən Hərrə dərəsinin ağzında dayanıb Qüreyşin boğazından yapışacağam ki, onlar cəhənnəmə düşməsinlər.

O, dəfələrlə dövlət məmurlarının işini təftiş edər, onların özü üçün sərvət topladığını gördükdə deyərdi: Sən ki, xəzinədən (beytül-maldan) maaş alırsan, bəs bu qədər malı haradan toplayıbsan, dərhal onun əmlakını müsadirə edib xəzinəyə qaytarardı. Fəth olunmuş ərazi sahiblərini (Qüreyşdən olan şəxsləri) Hicaz əyalətindən kənara çıxmalarına icazə verməzdi.

Qüreyş başçılarından bir dəstə adam həm Ömərin qətiyyətindən, həm də Peyğəmbərin təqvalı dostlarının nəzarətindən ehtiyat edib bacardıqca qorunurdular. Lakin onlar Ömərin sərt rəftarından narazı idilər. Ömər özü də islamı ilk əvvəl qəbul etmələrinə və müharibədə iştirak etdiklərinə əsasən xəzinədən onlara xususi maaş ayrılmasının səhv addım olduğunu artıq başa düşmüşdü. Elə bu səbəbdən deyirdi: Əgər indi başa düşdüyümü əvvəlcədən anlamış olsaydım onların əlində olan sərvəti alıb xəzinəyə qaytarardım. Aydındır ki, çoxlu sərvət toplayanların belə bir siyasətlə barışacaqları mümkün olmazdı. Sonda xəlifə bu dəstə ilə etdiyi rəftarın nəticəsini gördü.

Ərəb tarixçiləri Ömərin qətlə yetirilməsinin əsas səbəbini iranlıların ərəblərə qarşı olan nifrəti ilə əlaqələndirmişlər. Belə deyirlər ki, Əbu Lö’lö Ömərin əlindən zara gəlmişdi. Bir tərəfdən ölkəsi Ömərin qoşunlarının əlinə düşdüyündən, digər tərəfdən isə o, öz sahibindən Ömərə şikayət edərkən onun şikayətinə əhəmiyyət vermədiyindən ilk əvvəl onu hədələmiş, sonra isə münasib fürsət əldə edərək öldürmüşdür. Əbu Lö’lö ilə Ömər arasında belə bir danışığın olması mümkündür. Lakin bir şey daha aydındır ki, Qüreyşdən olan bir sıra böyük adamlar Əbu Lö’lödən də artıq Ömərdən incimiş və narazı idilər. Onun bir dəstə şəxslərlə sərt davranışı, o cümlədən Əbu Lö’lönün sahibi Muğəyrə də bu dəstəyə daxil olmaq şərtilə, apardığı maliyə siyasətindən peşiman olması bu dəstə insanları nigaran etməyə bilməzdi. Belə nəzərə çarpır ki, Ömər başqa adamların qurduqları plan nəticəsində Əbu Lö’lönün əli ilə qətlə yetirilmişdir. Ömərin xilafəti dövrü görülən mühüm işlərdən biri də müsəlmanların tarixinin tə’sis olmunması olmuşdur. İbni Əsirin (tarixçi) nəql etdiyinə əsasən bu iş hicrətin 16-cı ilində Əli (ə)-ın məşvərəti ilə görülmüşdür. Tarixin başlanğıcı Peyğəmbərin hicrəti, ilin ilk ayı isə Məhərrəm ayı tə’yin olunmuşdur. Bə’zi mənbələrdə hicrətin beşinci və on üçüncü ilinə aid tarixi məktublara rast gəlinir. Lakin bu məktubların doğruluğunda şəkk vardır. Hər halda dövlət işlərində tarixin rəsmiləşməsi on altıncı ildə (hicri) Əli (ə)-ın göstərişi ilə qüvvəyə minmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment