Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ŞİMAL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ

ŞİMAL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ

Ötən fəsildə Qeyd etdiyimiz kimi, hicrətin səkkizinci ili baş vermiş Mu’tə müharibəsində müsəlmanlar məğlub oldular və peyğəmbərin əmisi oğlu Cə’fər ibni Əbi Talib bu döyüşdə şəhid edildi. Bu qüdrətli Rum imperiyası ilə baş verəcək müharibə üçün müqəddimə oldu.

Peyğəmbər (s) həyatının son günlərində Usamə ibni Zeydin başçılığı ilə Mu’təyə qoşun göndərməyi əmr etmişdi, lakin o həzrətin vəfatı nəticəsində bu iş təxirə düşmüş və Əbu Bəkrin xilafətinin əvvəllərində qoşun hərəkət etmişdi. Usamə 40 və ya 70 günlük uzun sürən səfərdən çoxlu sayda qənimət əldə edərək geri dönmüşdü.

On ikinci ilin sonu dindən çıxmışlarla (mürtədlər) mübarizə sona yetdikdən sonra Əbu Bəkr İordaniya və Fələstinə qüvvə yolladı. Müsəlmanların qoşunu Rum sərhədçiləri ilə döyüşdə qələbə çaldılar. Şərqi Rum imperatoru Heraklyus (610-641 miladi) böyük bir qoşun toplayaraq müsəlmanlarla döyüşə hazırlaşdı. Hər iki qoşun Yərmuk adlı yerdə üz-üzə gəldilər. İlk anda müharibənin taleyi mə’lum deyildi, Əbu Bəkr qoşuna şücaətli bir sərkərdəni başçı tə’yin edilməsini düşünürdü. Elə buna görə də İraqda olan Xalid ibni Vəlidi Şama göndərdi. Xalid kiçik bir dəstə ilə quru və susuz Şam çölünü qət edərək özünü müsəlmanların qoşununa çatdırdı. Belə quru səhranı qət etmək böyük dözüm və iradə tələb edirdi. Xalidin o gün gördüyü iş bir igidlik sayılırdı. Belə səfərə çıxmaqla o, qoşunun gözündə daha da ucaldı. Xalidin Yərmuka gəlməsiylə qoşunda canlanma əmələ gəldi və onlar misilsiz bir şücaətlə Rumluları məğlub etdilər. Rumlular Dəməşqə geriyə çəkilməyə məcbur oldular. Bu ərəfədə Əbu Bəkr vəfat edir və Ömər xəlifə seçilir. Məğlub olmaq istəməyən Heraklyus yenidən böyük bir qüvvə topladı, ancaq bu qoşun da məğlub oldu. Məüsəlmanlar İordaniya və Suriya şəhərlərini ardıcıq olaraq ələ keçirdilər.

Bu münaqişələr içərisində Ömərin xilafəti zamanı baş vermiş ən başlıca hadisə 17-ci ildə Fələstinin və 19-cu ildə isə Qeysəriyyənin fəthi olmuşdur. Fələstinin fəthi istər hərbi, istərsə də təbliğat baxımından böyük əhəmiyyət kəsb etmişdir. Çünki müsəlmanların ilk qibləsi olan Əqsa məscidi bu məntəqədə yerləşmişdir. Elə bu səbəbdən də Ömər şəxsən özü Dəməşqin 80 kilometrliyində yerləşən Cabiyə kəndinə səfər edərək xaçpərəstlərlə möhtərəm davranmış və onların hüquqlarını müəyyyən edə biləcək bir saziş bağlamışdı. Şam və Fələstin əhalisi illər boyu Rum hökumətinin cah-cəlalını gördükdən sonra islam ordusunun adiliyi, sadəliyi və müsəlman xəlifəsinin mülayim rəftarı ilə üzləşdikdə heyrətə gəldilər.

QƏLƏBƏNİN SƏBƏBLƏRİ

Yarmadanın şərq nahiyəsində əldə edilən qələbənin (İranın fəthi) ən başlıca amili olan iman və dini əqidədən əlavə, mövcud vəziyyət və şəraitin də bu qələbədə oynamış müstəsna rolunu qeyd etdik. Ərəbistanın şimalında baş vermiş döyüşdə də bir neçə səbəbin xüsusi rol oynadığına rast gəlinir ki, onlar aşağıdakılardır:

1.Bu ərazidə yaşayan əhalinin ərəb olmasalar və ərəb dilində danışmasalar da belə, adət ən’ənə və dil baxımından Rumlılardan daha çox ərəblərə yaxınlıq və bağlılıq əlaqələri olmuşdur.

2.Qeyd etdiyimiz kimi, qədim zamanlardan bəri (islamdan əvvəl) cənubdan bir dəstə əhali ticarət və ya işləmək məqsədilə bu torpaqlara gəlmiş və burada yaşayan əhali ilə qaynayıb-qarışmışdır. Təbii haldır ki, baş verən müharibələrdə onlar Rumlularla deyil, ərəblərlə birgə olmuşlar.

3.Qalib gəlmiş ordu imperiyanın nümayəndəsi ilə müqayisədə xalqla daha mülayim rəftar etmişdir. Əhali bunun ən bariz nümunəsini müsəlmanların xəlifəsinin Beytül-müqəddəsə gəlişində görmüşlər.

4.Müsəlmanların tutulmuş ərazilərdəki əhalidən aldıqları vergi onların öz hökumətlərinə verdikləri vergidən qat-qat az olmuşdur. Bütövlükdə bütün bu fəthlərin əsas səbəbini islamın ədalətində və sadəliyində axtarmaq lazımdır.

5.Başqa bir səbəbi də diqqətdən yayındırmaq olmaz. Əvvəldə Qeyd etdiyimiz kimi, bu günkü Suriya, İordaniya və Fələstində məskunlaşmış əhali xaçpərəstliyi qəbul etmişdilər. Misir əhalisi də xristian idilər. Lakin zaman ötdükcə xristianlıqda kəlami (sxolostika) mübahisələr meydana gəlmiş, müxtəlif e’tiqadi məktəblər və firqələr zühur etmiş, onların arasında münaqişə get-gedə şiddətlənmişdir. Katolik kilsəsi əqidə ixtilafına səbəb olan bütün firqələri sıxışdıraraq şiddətli mübarizə apardığından onlar da kilsədən üz döndərmişlər. Belə kəlami mübahisələr beşinci əsrdə özünün ən uca zirvəsinə çatmışdı. İslam dininin zühuruna yaxın bir vaxtda şərqi Rum imperatoru Heraklyus bu firqələri birləşdirməyə çalışmış, müsbət nəticə əldə edə bilməmiş və sonda özünə qarşı güclü nifrət hissi yaratmışdı. Müsəlmanlar bu torpaqları ələ keçirdikdən sonra xaçpərəstlərdən vergi alaraq öz din və ayinlərini yerinə yetirməkdə azadlıq verdilər. Onlar katolik kilsəsinin təzyiqləri altından çıxaraq azad nəfəs aldılar. Yenidən Rum istilası altına düşməmək üçün onları devirməkdə ərəblərə kömək etdilər.

Suriya ərazisi fəth olunduğu ilk gündən ərəblərin rumlularla müqayisədə yerli əhali ilə daha mülayim rəftar etmələri haqda sənəd mövcuddur. Ömər tərəfindən ordu başçısı tə’yin edilmiş Əbu Ubeydə Cərrah Heraklyusun qoşun toplayıb onlarla döyüşə hazırlaşdığını eşitdikdən sonra fəth olunmuş şəhərlərdəki nümayəndələrinə göstəriş verdi ki, xaçpərəstlərdən aldıqları vergini özlərinə qaytarsınlar. Eyni zamanda onlara desinlər ki, biz bunu sizləri qorumaq üçün almışdıq. Ancaq indi bizim aqibətimiz mə’lum deyil, ola bilsin döyüşdə məğlub olub üzərimizə götürdüyümüz öhdəçiliyə əməl edə bilməyək. Lakin xristianlar onların ərazilərini tutmuş adamların ədalətli rəftarını görcək belə cavab verdilər: Biz sizin rumlular üzərində qələbə çalmağınızı istəyirik, onların zülmündənsə sizin ədalətli rəftarınızı daha çox xoşlayırıq, Heraklyusun ordusu ilə döyüşdə sizinlə bərabər olacağıq.

MİSİRİN FƏTHİ

On doqquzuncu ildə Beytül-müqəddəsdə olan Əmr ibni A’s Misirə hücum etmək üçün Ömərdən izn istəyir. Deyilənlərə görə o, icazə almadan Misirə hücum etmişdir. Misirdəki vəziyyət də eynilə Suriya və İrandakı mövcud olan vəziyyət kimi idi. Bu ölkə miladi tarixinin ilk əsrində Rum imperiyasının tərkibinə daxil olmuşdur. Bol məhsul və çoxlu gəlir verən bu ölkə onlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Şərqi Rum imperiyası yarandıqdan sonra paytaxtın Konstantinopola köçməsi ilə xaçpərəstlik bu diyarda geniş surətdə yayılmışdı. Digər tərəfdən isə yüz illər əvvəl Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlaşmışdılar. Beləliklə Misirdə qibtilər, xaçpərəstlər və yəhudilər arasında ixtilaf üçün zəminə yaranmışdı.

615-ci ildə Xosrov Pərviz tərəfindən göndərilmiş Şəhrburaz 619-cu ildə Misiri bütövlükdə ələ keçirdi. Bu hücum nəticəsində Misir əhalisinin vəziyyəti daha da ağırlaşdı.

Digər tərəfdən bu ərazidə yaşayan xaçpərəstlərlə katoliklər arasında kəlami mübahisələr baş verirdi. O cümlədən, İsa (ə)-ın ilahiliyi və insani xüsusiyyətlərinin insan bədənində bir yerə sığması, hələ dünyaya gəlməmişdən əvvəl Məryəmin bətninə daxil olan ruh barədə mübahisələr gedirdi?

Belə mübahisə məclislərinin təşkil olmasına baxmayaraq problemlər həll olunmurdu. Təssübkeş başçıların oraya hakim tə’yin edilməsi ilə katolik kilsənin təzyiqi daha da güclənirdi. Məzhəb və əqidə cəhətdən kilsə başçıları ilə müxalif olanlar işgəncəyə məruz qalır və ya sürgün olunurdular. Məsələn, Benyamin Mətran katolik kilsəsi ilə müxalif olduğuna görə 13 il gizli bir daxmada yaşamış, İsgəndəriyyənin fəthindən sonra üzə çıxmışdır. Beləliklə soylar və məzhəblər arasında baş qaldırmış ixtilaf və vergi təzyiqləri iqtisadiyyatı dağılmış Misiri böhrana düçar etmişdi.

Əmr ibni As bir məsələni anlamışdı ki, Misir özünü müdafiə etmək qüdrətinə malik deyil. 19-cu il Rəcəb ayında Əmr Misirə yollandı və müqavimətə rast gəlmədən Bilbisə qədər irəlilədi. Orada yerli qoşunla kiçik bir döyüş oldu və ondan sonra Ummu Dunəyn adlı məşhur yerə qədər irəlilədi. Burada onunla imperiya qoşunları arasında toqquşma baş verdi. Lakin Əmr köməkçi qüvvə gəlincə qoşunla üzləşmədən vaz keçdi. Ömər on dörd min nəfərlik bir qoşunu onun köməyinə göndərdi. Bu qoşuna böyük səhabələrdən Zübeyr ibni Əvvam, Miqdad və Ubadə ibni Samit kimiləri da daxil idi. Əmr bu qüvvə ilə imperiya qoşunlarını məğlub etdikdən sonra orada onunla sülh müqaviləsi imzaladı. Lakin Herakl bu sazişi bir xəyanət kimi qəbul etdi. 641-ci ildə Heraklın ölümündən bir neçə ay sonra oğlunun da ölümü ilə 11 yaşlı nəvəsinin hakimiyyətə gəlməsi nəticəsində Misirin müdafiəsi daha da zəiflədi. Əmr Eyn Şəmsi və Babilyunu ələ keçirdi, lakin İsgəndəriyyə möhkəm qala divarları və 5000 nəfər əsgər vasitəsilə müdafiə olunduğundan hələ fəth olunmamışdı. Lakin Əmr 12000-dən artıq qoşunu olmasına baxmayaraq şəhəri mühasirəyə aldı və on dörd hücum cəhdindən sonra İsgəndəriyyə şəhəri də müsəlmanların əlinə keçdi. Misirin istər xaçpərəst, istər qibti, istərsə də yəhudi əhalisi imperiya qoşunlarının getməsindən qəmgin olmadılar. Müsəlmanlar onları dini vəzifələrini yetirməkdə azad buraxdıqlarına görə çox şad idilər. 645-ci ildə (25 hicri) rumlular İsgəndəriyyəyə hücum etdikdə Misir əhalisi müsəlmanlara kömək edərək onları qovdular.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ

 
user comment