Azəri
Friday 19th of April 2024
0
نفر 0

İRANDA İSLAM

İRANDA İSLAM

Səhra sakinlərinin xislətlərini sadaladıqda yaşadıqları mühitin icbari olaraq onlara daimi münaqişədə olmaq və döyüşkənlik əxlaqını öyrətdiyini qeyd etdik. İslamı qəbul etdikdən sonra isə onlar dini tə’limlər nəticəsində öz aralarındakı kin-küdurəti kənara qoyub onu qardaşlıqla əvəz etmişdilər. İslam dini yolunda döyüşməyi özləri üçün vəzifə sayırdılar. Keçmişdə dəvə və qoyun mübahisəsinə görə qan tökülürdüsə, indi artıq Allah yolunda fədakarlıqlar göstərilirdi. Beləliklə təşkil olunmuş qüvvə İran sərhəddində yerləşdi. Artıq ya qələbə, ya da ki, şəhadət şüarı ilə dinə möhkəm bağlı olan bir qüvvə müharibə meydanına qədəm qoyurdu.

Keçən fəsillərdə qeyd etdik ki, cənub dövlətləri dağıldıqdan sonra bir dəstə əhali yarmadanın ayrı-ayrı məntəqələrinə hicrət etmişdilər. Onlar Ərəbistanın şimalında və ya şərqində yaşamağa münasib yer tapıb məskunlaşdılar. Xarici qüvvələrin (İran və Rum) nüfuzu Ərəbistanın daxilində genişləndikcə bu iki imperiyanın sərhəddinə yaxın ərazidə yaşayanlar onlara qoşularaq iki imperiya arasında müharibə baş verəndə yaxın olduğu qüvvəni müdafiə edərək ona köməklik göstərirdilər. O vaxtlar bu günkü İraq ərazisi Sasani hökumətinə tabe idi. Həmçinin çöldə yaşayan qəbilələrin İrana daxil olmağın qarşısını almaq üçün bir mane sayılırdı. Xosrov Pərviz buradakı yerli hökuməti məhv etdikdən sonra qəbilələrin qarşısında artıq mane gözə çarpırdı.

Xosrov Pərvizin hakimiyyəti dövrü Bəkr ibni Vail ilə Şəyban tayfalarının ərəb tarixində zi-qar adı ilə məşhur olmuş münaqişədə onlar İran qoşununu məğlub etdikdən sonra yarmadanın şərq nahiysində məskunlaşmış ərəblər belə bir fikrə düşdülər ki, Sasani qoşununa qalib gəlmək çox da çətin deyilmiş.

 

Keçmiş tarixçilərin yazdığına əsasən Bəkr ibni Vail qəbiləsinin rəhbəri Musənna ibni Haris Şəybani hicri tarixi ilə doqquzuncu ildə müsəlman olaraq öz qəbiləsi ilə birlikdə Fərat çayı sahilində yaşayırdı. Fürsət düşdükcə o İranla həmsərhəd ərazilərə hücum edərdi. Əbu Bəkrə məktub yazıb İranın daxili vəziyyətinin korlanmasından, ölkənin idarə olunmasında Sasani şahlarının zəifləməsindən xəbərdar edərək bu dövlətin işğal etdiyi ərazilərə hücum etmək üçün icazə istədi. Xəlifə icazə verərək Xalid ibni Vəlidi qoşuna əmir tə’yin etdi. Tutaq ki, verilən mə’lumat düzgündür və ya Musənnanın özünün Mədinəyə gedib İranın daxili vəziyyəti haqda mə’lumat verməsi də həqiqətdir. Amma mə’lumdur ki, ilk əvvəl nə xəlifə, nə sərkərdələr və nə də peyğəmbərin yaxın adamları İrana qoşun yürütmək fikrində olmamışlar. Bildiyiniz kimi, islamdan əvvəl Ərəbistanın daxilində baş vermiş müharibələr kiçik münqişələrdən ibarət olmuşdur. Bu münaqişələrdə bir qəbilə bir neçə qəbilə ilə ittifaq bağlayıb öz düşmənlərinə hücum edərdilər. Belə müharibələrdə köməkçi qoşuna, geniş və uzun müddətli planların qabaqcadan hazırlanmasına ehtiyac duyulmurdu. Peyğəmbər (s) zamanı baş vermiş müharibələr də müəyyən hüdud və müddət çərçivəsində olmuşdur. Demək olar ki, İrana qoşun yürütmək də müdafiə xarakteri daşıyırdı. Cisr Yuvəyb və həmçinin Qadisiyyə döyüşlərində İran ordusunun məğlubiyyətindən sonra məhz xəlifə və onun məsləhətçiləri ölkələri fəth etməyi genişləndirmək fikrinə düşdülər. Çox tezliklə əldə edilən qələbələr İrandakı məhəlli hökumətləri qorxuya saldı. Onlar artıq yəqin etdilər ki, belə bir qüdrətli orduya müqavimət göstərmək gücünə malik deyillər və müsəlmanların qorxusu onların ürəyinə elə hopmuşdu ki, silahın ərəb əskərlərinin bədəninə əsər etmədiyini güman edirdilər. Bu yürüşdə ərəb qəbiləsinin ən başlıca amili onların güclü imana malik olmasından əlavə, İrandakı ictimai-siyasi durumun da tə’sirini nəzərdən qaçırmaq olmaz.

İranın o dövrdəki ictimai-siyasi vəziyyətini təhlil etdikdə Zi-qar döyüşündən sonra ərəblərin bu ölkə barədə düşündüklərinin həqiqətə uyğun olduğu aydınlaşır. Sasani hökmdarlarının son dövrlərində xalq ağır vəziyyətlə üzləşərək bu durumdan yaxa qurtarmaq istəyirdilər.

Xosrov Pərvizin ölümündən üçüncü Yəzdəgürdün taxta əyləşməsinə qədər hələ dörd il ötməmişdi. Bu ötən dörd il ərzində Buraz şəhərinin şahını hesaba almasaq, bir-birinin ardınca 11 nəfər şahlıq taxtına əyləşmişdi. Hakimlərin bu sür’ətlə bir-birini əvəz etməsi son illərdə siyasi durumun nə qədər qeyri sabit olduğunu göstərir. Bu hadisələr belə bir geniş imperiyanın yalnız şah sarayını qorumaqdan başqa heç bir qüdrətə malik olmamasından xəbər verir. İlk illəri çıxmaq şərtilə İranla Rum arasında iyirmi il müddətində baş vermiş müharibələrdə həmişə zərər çəkmiş və xalq da təzyiqlərə məruz qalmışdı. Bu müharibələrdə çoxlu sayda insan tələfatı olmuş, neçə şəhər və kəndlər viran edilmiş, müharibənin xərcini ödəmək üçün uzun illər boyu xalqdan nə qədər vergilər tutulmuşdur! Şəhər yollarının qorxulu olması, ticarətin pisləşməsi, iqtisadi böhran və ümumiyyətlə hər bir amil təklikdə xalqın dövlətdən giley-güzar edib narazı qalmaları üçün kifayətdir, o ki qalmışdı bu problemlərin hamısı meydana çıxmış olsun.

Aydındır ki, belə bir vəziyyətdə hakimiyyəti xalq çevrilişindən qorumaq üçün casus şəbəkələrindən istifadə olunur və əhali də onların təhlükəsindən amanda qalmaq üçün zahirdə bir cür, batində isə bir ayrı cür olmalı idi. Onlar üzdə hökumətə vəfalı (tərəfdar), gizlində isə narazı olub azad olmaq arzusu ilə yaşayırdılar. Belə bir cəmiyyətdə hökumət və xalq bir-birlərini aldadır, öz həqiqi şəxsiyyətlərini gizlətməli olurdular.

Xosrov Pərvizin şahlıq dövrünün ikinci yarsından üçüncü Yəzdəgürdün taxt-taca sahib olduğu dövrə qədər İran xalqı iki əsas hissəyə bölünmüşdü: 1.Azlıq təşkil edən saray əyanları, onların qohumları, ordu, ruhanilər və ümumiyyətlə varlı sinif və torpaq sahibləri; 2.Əksəriyyət təşkil edən kasıb və yoxsul əhali; Şübhəsiz, Turanduxtun şahlığı ərəblərdə bu təsəvvürü yaratdı ki, artıq İranda kişi qalmamışdır, ona görə də orada qadın şahlıq edir və bu səbəbdən də onlar İrana hücum etdilər. Bu səbəbdən də İran əhalisi artıq təzyiqlərə dözməyib özləri üçün bir xilaskar axtarırdılar. Belə bir həssas şəraitdə xilaskar müsəlmanlıq fəryadı idi ki, ilk dəfə İranın işğal olunmuş cənub torpaqlarında, sonra isə qərb sərhədlərində eşidilməyə başladı.

Əgər Muğəyrə ibni Şö’bənin İran sərkərdəsi Rüstəmlə görüşü haqda deyilən dastan doğru olsa ərəb sərkərdəsinin bu məclisdə dediklərinin tə’siri böyük bir ordunun vurduğu zərbədən ağır olmuşdur.

Təbəri yazır: “Muğəyrə Rüstəmin sarayına daxil olarkən gəlib onun taxtının üzərində əyləşdikdə keşikçilər onu oradan yerə salırlar. Muğəyrə deyir: Biz sizin haqqınızda çox dastanlar eşitmişik, lakin ağılsız olduğunuzu bu gün dərk etdik. Biz müsəlmanlar bərabər hüquqa malik insanlarıq, bizlərdən heç biri digərini özünə kölə etməz. Mən güman edirdim ki, siz də bizim tək xalqla bərabər hüquqa maliksiniz, ancaq indi başa düşdüm ki, sizin bə’ziləriniz digərlərinə Allahlıq edir. Sizin aqibətiniz xeyirli olmayacaqdır. Həqiqətən də bərabərlik müjdəsi səbəb oldu ki, 25 il ərzində ərəb qoşunları Fərat sahilindən Hirmənd çayı sahilinə qədər çata bildi. İranın “Şahnamə” yazanları İran ordusunun Qadisiyyə müharibəsindəki məğlubiyyətini yersiz olaraq havanın yaxşı olmaması ilə əlaqələndirmişlər. (Keçmişdə İran ordusunun yürüşündəki məğlubiyyəti belə şeylə əlaqələndirmələri nəzərə çarpır). Lakin heç bir tə’sir kiçik bir qoşunun az bir müddət ərzində geniş bir ölkəni işğal etməsində xalqın öz vəziyyətindən narazı olması qədər tə’sirli olmamışdır.

Hirədən İrana üz tutan qoşunun sayını 8000-dən 10000-ə qədər yazmışlar. Lakin 8000-in özü də şişirdilmiş rəqəmdir. Belə bir rəqəmin doğru olduğunu fərz etsək belə, onlar sərhəd yaxınlığında yerləşmiş İran ordusundan yenə az idi. Əsgərlərin böyük əksəriyyəti piyada olmuş və nizədən başqa silahları olmamışdır. Necə oldu ki, belə kiçik bir qüvvə az bir zamanda böyük qələbələrə nail oldu. Danılmaz həqiqətdir ki, ərəb ordusunu hərəkətə gətirib ona arxa olan dini qüdrət olmuşdur, yalnız çox kiçik bir hissə qənimət üçün vuruşardı. Ancaq belə bir geniş ölkədə bə’zi müqavimətləri çıxmaq şərti ilə bütövlükdə əhali (xalq) tərəfindən heç bir əks-əməl göstərilmədi. Bu məsələ onların Sasani hökumətindən narazı olmalarını göstərir.

Xalid və Musənna dindən çıxmışları tənbih etdikdən sonra işləri Hirəyə və Fəratın qərb sahilində yerləşən şəhərlərə tərəf irəliləməkdən ibarət idi.

Qeyd etdiyimiz kimi, Musənnanın istəyi ilə Əbu Bəkr bu günkü İraq ərazisinə irəliləmək əmrini verdikdə müsəlmanların ilk növbədə nəzərini Hiyrə cəlb etdi. Hiyrə bu günkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. Ərəb ordusu oraya yollandıqda şəhərin hakimi barışıq edib doxsan min dirhəm ödəyərək tabeliyində olan ərazini hücumdan qoruya bildi. Deyilənlərə görə bu islamda ilk dəfə olaraq sülhlə əldə edilən müvəffəqiyyət olmuşdur. Hiyrədən sonra bə’zi şəhərlər, o cümlədən Abilə, Eynüttəmr də döyüş və ya sülh müqaviləsi ilə təslim oldular.

Təbəri və Bəlazorinin (tarixçi) yazılarında bir şəhərin bir neçə dəfə fəth olunmasında və ya müharibələrin tarixində müxtəlifliyə rast gəlinir. Görünür keçmiş tarixçilər baş vermiş hadisələrin tarixini dəqiq yazmağa əhəmiyyət verməmişlər. Bundan əlavə, ehtimal olunur ki, fəth olunmuş şəhərlərdən bə’zisini yenidən İran qoşunu geri almış və ya yerli əhali üsyan etdikdə ikinci dəfə qoşun üsyançıları yatırtmaq üçün yenidən şəhərə daxil olmuşlar. Təbii ki, belə olduqda bir şəhər, kənd və ya məntəqə bir neçə dəfə əldən-ələ düşmüşdür. Bununla da bir şəhərin fəth olunma tarixi başqa-başqa formalarda yazılmışdır.

Hiyrənin fəthi sona yetdikdən sonra Əbu Bəkr Xalidi İraqdan çağırıb Şamda yaşayan müsəlmanların köməyinə göndərdi. Yazılanlara görə Xalid icazəsiz olaraq həccə getmiş, bu işə görə Əbu Bəkr onu danlamış və cəzalandırmaq üçün İraq ordusuna rəhbərlik vəzifəsindən azad etmişdir. Lakin bu heç də məntiqi səbəb ola bilməz. Çünki Əbu Bəkr və onun müşavirələri çox uzaq görən olmuşlar və bilirdilər ki, belə çətin anda layiqli sərkərdəni iş başından uzaqlaşdırmaq olmaz. Həqiqətə uyğun olan budur ki, Hiyrədə bağlanan sülh Ənbar və Əynüttəmr şəhərləri tutulduqdan sonra müsəlmanların şərq nahiyəsində mövqeləri möhkəmləndi. Digər tərəfdən də göndərilmiş qoşunun Rum imperiyası tərəfindən məğlub edilməsi təhlükəsi olduğundan Əbu Bəkr Xalidi Şama göndərir. Şamda baş verən hadisələrdən də mə’lum olur ki, Xalidin vəzifəsinin dəyişlməsi müsəlmanlara üçün çox faydalı olmuşdur.

Xalidin İraqdan getməsi ilə Musənna orduya başçılığı öz üzərinə götürdü. O, Hiyrədən Babilə (bu gün onun ətrafında Hillə şəhəri tikilən yerə qədər) tərəf yollandı.

Təbəri yazır: Elə bu zaman Şəhrburaz ona bu məzmunda məktub yollayır. Səninlə vuruşmaq üçün donuz otaran və toyuq saxlayanları göndərəcəyəm. Musənna isə cavabında yazır: Bu iki haldan xaric deyil: Sən ya zülmkar və təcavüzkar, yaxud da yalançısan. Bil ki, Allahın və xalqın nəzərində ən yalançı və rüsvayçı adam şahlardır. Belə mə’lum olur ki, çarəsizlikdən bu işi görürsən. Şükr olsun Allaha ki, sənin hiylən donuz otaran və toyuq saxlayanlara sirayət edib.

Əgər belə bir məktubun Musənnaya yazılması doğru olsa (qətiyyən doğru deyil), Şəhrburaz İran sərhədini qoruyan qoşun başçılarından biri olub. İbni Əsir (tarixçi) onun adını Şəhiran Kəsra yazmışdır ki, bu doğru deyil, çünki Sasani sülaləsinin arasında Şəhiran adına rast gəlinməyib, onu da qeyd etmək lazımdır ki, müsəlmanlar İraqa hücum etməzdən qabaq onu qətlə yetirmişdilər. Daha düzgünü budur ki, əgər belə bir məktub yazılmışdısa da, Musənnaya deyil,  Şəhburaz Tisfuna hücum edib üçüncü Ərdəşiri öldürdükdən sonra İran imperiyası ərazisinə hərdən hücum edən ərəb sərkərdələrindən birisinə yazılmışdır.

İraqdakı döyüşlər yavaş-yavaş müsəlmanların xeyrinə sona yetməkdə ikən 13-cü il cəmadiul-axir ayında Əbu Bəkr vəfat etdi. Tarixdən mə’lumdur ki, o, vəfat etməmişdən əvvəl Ömər ibni Xəttabı xəlifə tə’yin etdi. İraq ərazisindəki müsəlmanların sür’ətlə irəliləməsi İran müdafiəçiləri və sərkərdələrində belə bir təsəvvür oyatdı ki, ərəblərə qarşı fikirləşdikləri qədər müqavimət göstərmək asan deyilmiş. Digər tərəfdən isə ərəb ordusunu da Sasani hökumətinin əsas torpaqalarına hücum etməyə ruhlandırdı.

Ərəblərin irəliləməsində və ölkələrin fəth olunmasında ən başlıca amil Peyğəməbərin tə’limləri ilə onlarda yaranan iman hissi, bir də qeyri müsəlmanlarla döyüşdə iki qələbədən birini (qalibiyyət ya da şəhadət) əldə edəcəklərinə e’tiqadlı oluduqları olmuşdur. İran ordusunun müqavimət göstərməsi və ya ardıcıl olaraq məğlubiyyətə uğramaları daxili səbəblərdən irəli gəlirdi. Tarix özü şahiddir ki, ölkə başçıları və sərhədçilər nə qədər çalışsalar da əsgərləri müqavimət göstərməyə vadar edə bilmirdilər. Görəsən bu ümidsizlik və soyuqluq nədən irəli gəlirmiş?

Ümumilikdə keçmişdə baş vermiş münaqişələrə nəzər saldıqda bu nəticəyə gəlmək olur ki, məğlubiyyətə səbəb olan amilin ən başlıcası hücum edənin qüdrətindən çox xalqın hakimiyyətdən narazı qalmaları olmuşdur. Xüsusilə ərəblərin hücumu zamanı xalq sadə əsgərləri yenilməz və qüdrətli bir qoşun təsəvvür edirlər. Digər tərəfdən isə xalq sinfi bərabərsizliyin hakim kəsildiyi bir vaxtda islam ədaləti haqda xəbərlər eşidirdilər. Əgər bu münaqişələrdə xalq həqiqətən dövlət və ordu başçıları ilə həmrəy olub, islam əsgərlərinə yolu açmasaydılar, bəlkə də kiçik bir vaxt ərzində ardıcıl məğlubiyyətə düçar olmazdılar. İran sərkərdələri, o cümlədən Hörmüzan, Bəhmən Cadviyə və Rüstəm Fərroxzad feodal və sərhəd qoşunlarını ərəb qüvvələrinin qarşısını almağa ruhlandırmalarına baxmayaraq ümumi kütlə onlardan narazı idi. Hər halda Musənna Xalidin işini davam etdirirdi. Həmçinin Ömər Əbu Ubeydə Səqəfinin başçılığı altında ona kömək üçün yenidən bir qoşun da göndərdi.

Bu dövrdə İranın şahı üçüncü Yəzdəgürd idi. O, işgüzar, şücaətli və iradəli bir cavan idi. Az bir müddət ərzində dağınıq Sasani sarayına əl gəzdirdi. Belə mə’ulm olur ki, ölkənin daxilindən və xalqın vəziyyətindən düzgün surətdə mə’lumat əldə etməmiş və ya əhalinin hökumətdən narazı olması haqda xəbəri olmamışdır. Ancaq xəbəri olsaydı belə, bundan artıq bir iş görə bilməzdi. Yəzdəgürd xalqın islam dinini və ərəb ordusunu ölkənin ayin və ordu başçılarından üstün saymalarının səbəbini öyrənmək əvəzinə, böyük bir ordunu müsəlmanların hücumunun qarşısını almaq üçün yollayırdı. Əlbəttə ki, o, bu addımı atanda riyakar müşavirlərdən də məsləhət almışdı. Onun ordusunun başçıları layiqli olmalarına baxmayaraq, biri digərinin ardınca məğlub edilib öldürülmüş və ya müsəlmanlarla sülh müqaviləsi bağlamışlar. Yalnız Cisr döyüşündə iranlılar qələbə əldə edə bildilər. Qoşunun başçısı Bəhmən Cadaviyə Fərat çayının şərqində mövqe tutdu. Bu döyüşdə onlar özləri ilə bir neçə fil də gətirmişdilər. Ərəb atları bu iri cüssəli heyvanı görüb hürkərək dağılışdılar. Qoşun başçısı Əbu Ubeydə qılınc çəkib döyüş fillərinə hücum etdi, lakin fillərin ayaqları altında qalıb öldü. Ərəblər başçının öldüyünü görcək qaçmağa başladılar. Müsəlmanlardan biri qoşunun düşmən müqabilində qaçdığını görüb körpünü sındırıb onları hücum etməyə çağırdı. Ancaq bunun da bir faydası olmadı. Qaçanlardan bir hissəsi özlərini çaya atdı, az qalmışdı ki, qoşun bütövlükdə tələf olsun. Musənna böyük qırğının qarşısını almaq üçün yeni körpü tikilməsi əmrini verdi. Bu şücaətli addımı ilə qoşunu tam surətdə qırğından qoruyaraq sağ qalanları Fərat çayının o biri sahilinə keçirtdi. İran qoşunu bu müharibədən qalib çıxmışdı. Onlar adət üzrə irəliləyərək döyüşü davam etdirməli idilər, lakin Tisfunda vəziyyətin pisləşməsi ilə əlaqədar məcbur olub geri döndülər.

Elə bu hadisənin özü sübut edir ki, o günkü İran xalqı hökumətdən nə dərəcədə narazı imişlər, hakimin müharibə meydanına getməsindən istifadə edərək ayağa qalxıb üsyan etmişlər.

Hicrətin on üçüncü ili baş vermiş Cisr (körpü) döyüşü Mədinə ordusunu çox narahat etmişdi. Ancaq bu hadisdən bir il sonra Musənnanın qoşunu Buvəybə məntəqəsində qələbə çalaraq Cisrdəki məğlubiyyətin əvəzini çıxdılar. Buvəybə döyüşündən sonra Qadisiyyə müharibəsi baş verdi. Bu müharibədə müsəlmanların başçısı Sə’d ibni Əbi Vəqqas, İran ordusunun başçısı isə Rüstəm Fərroxzad olmuşdur. Tarixçilər hər iki qoşunun sayını həddən artıq çox yazmışlar. Ancaq bir şey aydındır ki, İran qoşununun sayı ərəb ordusundan çox olmuşdur. Qədim tarixçilərdən olan Bəlazori İran ordusunun 120000, ərəblərin isə 9000-dən 10000-ə qədər olduğunu qeyd etmişdir. Halbuki ibni Əsir ərəblərin sayını 30000-dən artıq, İran ordusunun isə Qadisiyyə döyüşündə 100000-dən artıq olduğunu qeyd etmişdir.

Təbiidir ki, o vaxtlar belə hadisələri nəql etdikdə rəqəmlərin düzgünlüyünə çox diqqət yetirilməmişdir. (Təəssüflər olsun ki, bu gün də belədir). Bu yürüşdə hər iki tərəfin coğrafi mövqeyinə, hərbi əməliyyat qərərgahına, qüdrət və imkanına nəzər saldıqda aydınlaşır ki, iranlıların sayı ərəb qoşunundan artıq olmuşdur.

Müasir tarixçilər hələ mübarizə başlamazdan əvvəl hər iki qoşun başçıları arasında baş vermiş danışıqlar və ərəb nümayəndələrinin Yəzdəgürdün yanına gedərkən onun əsəbləşməsi və nümayəndələrin ona cavab vermələri haqqında dastanlar qoşmuşlar. Danışıqların olması haqda şübhə yoxdur, lakin sonradan əsas mətnə əlavələr olunmuşdur. Aydındır ki, bu danışıqlar Sə’d ibni Vəqqasın nümayəndəsi ilə Rüstəmin göndərdiyi nümayanədə arasında olmuşdur, lakin ərəb nümayəndəsi Tisfuna gedərək Yəzdəgürdlə görüşməmişdir. Firdovsi “Şahnamə” əsərində Rüstəmin Sə’də, onun da öz növbəsində Rüstəmə verdiyi cavabını nəzmə çəkmişdir. Təbii ki, Rüstəm ölkənin və əhalinin vəziyyəti ilə Yəzdəgürddən daha yaxın tanış idi və o, ilk əvvəl müharibə tərəfdarları olmayıb, ərəbləri İrana hücum etmək fikrindən yayındırmaq istəyirdi. Lakin həmin şəraitdə gələcəkdən daha çox, özü haqda düşünüb öyünürdü. Bu danışıqlarda müsəlmanların sərkərdəsi iki şeydən birini - ya islamı qəbul etməyi, ya da vergi verməyi istəyirdi. Rüstəm isə deyirdi: Sizin hamınızı öldürməyincə əl çəkən deyilik. Müsəlmanların nümayəndəsi deyirdi: Bizim heç bir qorxumuz yoxdur, bizdən ölənin yeri cənnət, sizdən ölənin yeri isə cəhənnəmdir. Bizdən sağ qalanlar mütləq sizə qalib gələcəklər. Sülh danışıqları nəticəsiz qaldığından döyüş başlandı. Tarixçilər İran ordusunun məğlubiyyətini çətin hava şəraiti ilə əlaqələndirməyə çalışmışlar. Deyilənlərə görə döyüş gecəsi Rüstəm yuxuda olarkən göydən bir mələyin gəlib İran əsgərlərinin kamanlarını möhürləyib yenidən geriyə döndüyünü görür. Və ya döyüşün son gecəsində külək əksinə əsərək iranlıların məğlubiyyətinə səbəb olur. Lakin ölkədə və ordunun öz içərisində əsən külək o günkü əsən əks küləkdən daha da tə’sirli və güclü idi. İllər boyu ən yaraşıqlı paltarlarını geyib ən dəyərli qılınc qalxanını taxıb döyüşə gedən Sasani sərkərdə və əsgərləri əynində köhnə paltarları, əlində qırıq nizə və paslı qılınc götürmüş ərəb qoşunu ilə üzləşdikdə heyrətləndilər. Onlar ona görə təəccübləndilər ki, görəsən belə bir qoşun bu günə qədər İraqın yarısını necə tutub, demək onlara səmavi bir qüvvə kömək edir.

Rüstəm Sə’din göndərdiyi nümayəndələrdən hər dəfə birinin gəldiyini soruşduqda onlar cavab verdilər ki, bizim əmirimiz əsgərlər arasında bərabərliyə riayət edir və bu məs’uliyyətin ağırlığının bir nəfərin üzərinə düşməsini bəyənmir. Orada olanlar ordu içərisində olan bu bərabərliyə hakimin rəiyyətlə rəftarında ədalətə riayət etməsinə təəcüb etdilər. Qadisiyyə müharibəsi dörd gün çəkərək müsəlmanların qələbəsi ilə sona yetdi. (Hicri qəməri 14-cü il Məhərrəm ayı). Bu mühribədə Sə’d xəstə idi, birbaşa döyüşdə iştirak etməsə də uzaqdan qoşuna rəhbərlik edirdi.

 

Bu hekayəni nəql edənlər görünür adlı-sanlı sərkərdə olan Rüstəmin ölümünü adi ərəb sərkərdəsi ilə bir cərgədə çəkmək istəməmişlər. Həmin döyüşdə İranın məğlubiyyəti qətiləşdi, müsəlmanların Sasanilərin qışda paytaxtı olan Tisfun şəhərinə irəliləməsini daha da asanlaşdırdı.

Bir neçə sərkərdə Sə’din qoşunun qarşısını almaqda mübarizəni davam etdirməyə çalışsalar da, müsbət nəticə əldə edə bilmədilər. Onlardan biri Nəhavəndə, o birisi isə Əhvaza qaçdı, bir neçəsi də elə yoldaca qətlə yetirildi.

Tisfun şəhərinə girməklə müsəlmanlar Sasanilərin sarayını ələ keçirdilər. Bu qələbə nəticəsində əldə olunmuş qənimətlər şişirdilmiş olsa da, az da olmamışdır. Dastan qoşanlar sarayları ələ keçirmək haqqında həqiqətə uyğun olmayan çox şeylər söyləmişlər. Görəsən bu hadisələr doğrudanmı baş verib, yoxsa hücum edənləri təhqir etmək məqsədi ilə söylənilib. Doğru və düzgününü Allah bilir! Beləki deyilənlərə görə ərəblər duz əvəzinə kafur tökərdilər və ya itlərə qızılı suya çəkilmiş qablarda yemək verərmişlər. Və ya Bəharistan xalçasını parçalayıb öz aralarında bölüşdülər (Xosrovun yazı xalçası). Bunların əksəriyyəti, xüsusilə də sonuncu söz qondarmaya oxşayır. Guya xəlifə o qədər sadəlöhv olub ki, müşavirlər və tacirlər xalçanın parçalanmasının müsbət hal olduğunu ona çatdırmışlar. Belə olduqda xalçanın dəyəri aşağı düşmüş olar və əsgərlər arasında onun əsl dəyərinin əvəzinə sıradan çıxmış olan dəyərini bölmək lazım gələcəkdir. Hər halda döyüşlərdə belə hadisə və faktların meydana çıxması danılmazdır.

Yəzdəgürd Tisfundan qaçıb İranın qərbinə getmişdir. O, güman edirdi ki, ərəbləri İranın qərbindəki dağlıq ərazinin ətəklərinə çəkib sonradan qüvvə toplayaraq onlara zərbə endirib ötən məğlubiyyətin əvəzini çıxacaqdır. Lakin belə olmadı. Müsəlmanlar bir tərəfdən Xuzistana tərəf irəliləyib oranı ələ keçirdilər. Digər tərəfdən də qərbdə Cəlaulada baş verən müharibə nəticəsində İran qoşunu ağır məğlubiyyətə uğradı. Yəzdəgürd son səyini göstərmək qərarına gəldi. Nəhavəndə də böyük qoşun toplandı, ancaq bu qoşun da darmadağın edilərək müsəlmanların qələbəsi ilə sona yetdi. Bu müharibə (Nəhavənd) hicri qəməri tarixi ilə 21-ci ildə baş vermişdir.

Bu müharibə iranlıların ərəblər müqabilində sonuncu müqaviməti olduğuna görə islam tarixində fəthlər fəthi adlanmışdır. Nəhavənd müharibəsindən sonra Yəzdəgürd arvadları, qohumları, keşikçiləri və qoşunu ilə birlikdə Fars əyalətinə, oradan Xorasana getmiş və nəhayət 31-ci ildə Mərvdə qətlə yetirilmişdir.

Ərəblərin dinə və özlərinə inamdan əlavə, 10 ildən az bir müddət ərzində belə bir böyük imperiyanı süquta uğratmalarının səbəblərindən bir neçəsi aşağıdakılardan ibarət olmuşdur:

1.Sonuncu Sasani sülaləsindən xalqın narazı olması;

2.Hakim təbəqənin xalqı təzyiqə mə’ruz qoyması;

3.Təbəqələr arasında olan ayrı-seçkilik, müəyyən təbəqənin üstünlüklərə malik olması ilə yanaşı əksəriyyətin bu imtiyazdan məhrum olması;

4.Şahqubadın dövründən bu yana zərdüşt dininin əsas e’tibarilə aradan getməsi;

5.İslam göstərişlərinin İranda yayılması, bu dinin çox sadə və məntiqi olması; Xüsusilə xalqın öz gözləri ilə müşahidə etdikləri bərabərlik, ədalət ki, onlar bu xüsusiyyətləri bir-birlərinə müjdə verirdilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
USTADIN ƏSƏRLƏRİ

 
user comment