Azəri
Thursday 28th of March 2024
0
نفر 0

DÖRDÜNCÜ FƏSİL

DÖRDÜNCÜ FƏSİL

PEYĞƏMBƏR (S)-DAN SONRA XİLAFƏT

ƏBU BƏKRİN XİLAFƏTİ

Əli (ə) və Haşim övladları Peyğəmbərin (s) dəfninə məşğul ikən bə’zi qəbilə başçıları Peyğəmbərin iki ay bundan əvvəl dediklərini unudaraq ümmətə hakim tə’yin etmək (seçmək) fikrinə düşdülər. Məkkə (mühacir) və Mədinə (ənsar) əhalisindən bir dəstə adam bəni Saidə adlı məşhur eyvanın altında toplaşdılar. Onlar tezliklə müsəlmanların hakimini seçmək istəyirdilər. Ancaq bu vəzifəyə kimi seçəydilər? Söhbətlər və mübahisələr başladı. Peyğəmbər (s) sağlığında onun də’vətini ilk gündən qəbul edənlər (mühacir) və onu Məkkədən Mədinəyə də’vət edənlərlə (ənsar) böyük problemin həlli məsələsində məşvərət edərdi. Eyvan altına toplaşanların fikri bu idi ki, müsəlmanların hakimi və ya xəlifəsi bu iki dəstənin arasından seçilməlidir. Hər iki dəstə – mühacir və ənsar özlərini digərindən ləyaqətli hesab edirdilər. Məkkə əhalisi deyirdi ki, islam bizim aramızda və bizim şəhərdə meydana gəlib. Peyğəmbər bizim əhalidəndir, biz də onun qohumlarıyıq. Biz sizdən qabaq dini qəbul etmişik, beləliklə müsəlmanların hakimi gərək mühacirlərdən olsun. Ənsar isə deyirdi: Məkkə bütövlikdə Məhəmməd (s)-ın də’vətini qəbul etmədi. Onunla mübarizə və düşmənçilik apardılar. Ona olmazın əzab-əziyyətini verdilər ki, məcbur olub Məkkəni tərk edib bizim yanımıza, Yəsribə gəldi. Bizlər ona yardım göstərib islama rövnəq verdik, bəs müsəlmanların hakimi gərək ənsardan seçilsin. Ənsardan bir dəstə adam hökumətin hər iki dəstənin nümayəndələrindən təşkil olunması razılığını əldə edərək dedilər: Bir nəfər sizdən, bir nəfər də bizdən hakim seçilsin. Lakin Əbu Bəkr bu təklifi qəbul etmədi və dedi: Belə bir addım müsəlmanların birliyinə xələl gətirər. Sonda peyğəmbərdən bu hədisi söylədi:

“İmamlar Qüreyşdəndir.” Doğrudur ki, bu hədisin sənədi və ibarəsi barədə ixtilaf mövcuddur. Lakin onun belə mühüm bir toplantıda söylənilməsinin böyük tə’siri oldu və ənsarın iddiasına son qoyuldu.

Əbu Bəkrin söylədiyi hədisdən əlavə, bu işdə Ous və Xəzrəc qəbilələri arasında olan keçmiş düşmənçiliklərin də mühacirlərin qələbə çalmasında az tə’siri olmamışdır. Belə ki, əgər ənsar hakimiyyətə sahib olsaydı bu iki qəbilədən heç biri digərinin hakim olmasına razı olmayacaqdı.

Xəzrəc qəbiləsindən olan Bəşir ibni Sə’din Əbu Bəkrin sözünü təsdiq etməsi, mühacirlərin hökumətinə razılıq verməsi bu narazıçılığın ən bariz nümunəsidir. Qüreyşin (mühacirlərin) hakimiyyəti aydınlaşdıqdan sonra hakim olacaq şəxs barədə söhbət ortaya çıxdı. Bu məclisi idarə edən iki-üç nəfər bu işi bir-birinin üzərinə qoydular. Lakin sonda Ömər və Əbu Ubəyyə Cərah Əbu Bəkri hakimiyyətə qəbul edib onunla bey’ət etdilər. İştirak edənlərnin əksəriyyəti onların gördüyü işi qəbul etdilər.

Səhərisi gün Əbu Bəkr peyğəmbər məscidinə gəldi. Ömər Əbu Bəkrin fəzilətli olması haqda, islamı ilk vaxtlar qəbul etməsi, dinə yardımçı olması və Peyğəmbəri Məkkədən Mədinəyə gələn zaman müşayiət etməsi haqda xütbə oxuyaraq xalqın onunla bey’ət etməsini istədi. Toplantıda iştirak edənlər ənsardan kiçik bir hissəsi və peyğəmbərin yaxın qohumlarını çıxmaq şərti ilə qalanlar onunla bey’ət etdilər. Beləliklə Əbu Bəkr xəlifə seçildi. Mühacir və ənsarın toplanıb Əbu Bəkri xəlifə tə’yin etməsi, başqalarının da bunu qəbul etməsi işi gələcək üçün bir ən’ənəyə çevrildi.

Əbu Bəkr həmin məclisdə çıxış edərək dedi: Məni hakim tə’yin etməyinizə baxmayaraq sizin içərinizdə ən yaxşısı deyiləm, bu məs’uliyyəti öhdəmdən götürməyə hazıram. Mən müsəlmanların işinin idarə olunmasında Allah kitabına və peyğəmbər sünnəsinə istinad edəcəyəm.

Əbu Bəkrə bey’ət etməklə müsəlmanlara rəhbər tə’yin edilməsi demək olar ki, sona yetdi. Ancaq belə seçki sonralar pis nəticə versə də peyğəmbərin vəfatından az bir müddət keçdiyi üçün çox nəzərə çarpmışdı. Lakin o illər ötdükcə bu ilin xoşagəlməz tə’sirləri üzə çıxırdı. Şəhristani “Millətlər və təriqətlər” adlı əsərində yazır: “İslamda heç bir dövrdə imamət üstündə axıdılan qan başqa bir şey üstə tökülməyib.” Ənsar və mühacir arasında hakimiyyət üstündə olmuş ixtilaf demək olar ki, sona yetdi, lakin bu ixtilafın kökləri kiçik bir dəstənin ürəyində qalaraq bir əsrdən sonra aşkar oldu və onun şö’ləsi şərqi islam ölkələrini, bəlkə də bütövlükdə islam dünyasını bürüdü.

ÇƏTİNLİKLƏRİN BAŞLANMASI

Keçmiş fəsillərdə qeyd etdik ki, islam Məkkədə ikən din olaraq qalmış, Mədinədə isə din əsasında hökumət də qurulmuşdu. Müsəlmanların bir çox ictimai işlərdə azad olmalarına baxmayaraq hökmlərin əsasını Qur’ani-kərim və vəhy müəyyən edirdi. Əgər bu quruluş (din əsasında qurulmuş hökumət) səfa və səmimiyyəti, güzəşti ən əsası təqva və ədaləti əldən verməsəydi bu gün müsəlmanların tarixi gözəl surətdə formalaşardı.

Peyğəmbər (s)-ın vəfatı günü qəbilə başçılarının hakim seçilməsində tələsmələri, rəhbərin mümkün qədər tez seçilməsi fikrindən irəli gəlmişdir, lakin onlar hökumətin necə idarə olunması haqqında heç bir şey fikirləşməmişdilər.

Doğrudur ki, bizim bu kitabımız qısaca da olsa islam tarixi haqqındadır, lakin bir məsələyə heç göz yummaq mümkün deyildir. Görəsən müsəlmanların taleyini həll edən belə bir məşvərət məclisinə nəyə görə Peyğəmbər (s) ailəsindən adam çağırılmadı? Nəyə görə Haşimin övladlarından birini və ya bir neçəsini o məclisə də’vət etmədilər? Əsl həqiqətdə bu tələsgənlik nə üçün idi?

Peyğəmbər (s) cənazəsi Aişənin evində idi. Yaxın adamları onun ətrafında toplanmışdılar. İslam fiqhinə (şəriət elmi) əsasən meyidin yuyulması və ona namaz qılınması gərək tez yerinə yetirilə. Müsəlmanın hər hansı bir müsəlman qardaşına namaz qılıb dəfnində iştirak etməsi bəyənilmiş əməllərdən hesab olunur. Bu ayin hər bir müsəlmana şamildir, həzrət Peyğəmbərə gəldikdə isə onun dəfninə biganə olmaq və bu mərasimdə iştirak etməməyə heç cür haqq qazandırmaq olmur. Bəs görəsən bu böyüklər nəyə görə özlərini belə bir fəzilətli işdən məhrum etdilər? Bəlkə fitnə baş verəcəyindən qorxub tezliklə müsəlmanlara rəhbər seçmək istəyirdilər. Lakin dəfn mərasimi nə qədər vaxt aparcaqdı?

Bəlkə də o günlər bə’ziləri din əsasında qurulmuş islam hakimiyyətinin yalnız bir tərəfinə - hökumət tərəfinə diqqət yetirmişlər. Ənsar tayfasının başçısının və digərlərinin söylədikləri bizim bu sözümüzü təsdiq edir. Orada söylənilənlər ilahi qanunlarla deyil, qəbilə quruluşu ilə uyğun gəlir. O toplantıda və ya ondan kənarda peyğəmbər ailəsidən olan rəhbərliyə səlahiyyəti çatan şəxslər nəyə görə hakim olmamalı idilər. Bunlar bir sıra suallardır ki, hələ də cavabı verilməmişdir. Verilən cavablar da həqiqəti aydınlaşdırmaq üçün deyil, höcət edənə qələbə çalmaq üçün verilən cavaba oxşayır.

O gündən 14 əsr ötüb keçmişdir. Orada toplaşanlar bilmirəm islamın qayğısına qalmış və ya müsəlmanların dağılmasından qorxub belə bir yolu seçmişlər. Hər halda onlar haqq dünyadadırlar və onların hesabı artıq Allahladır. Lakin elə o gündə müsəlmanlar arasında elə bir ayrılıq baş verdi ki, onlar hələ də birləşməyə müvəffəq bilmirlər.

Əbu Bəkrə bey’ət etməyənlərdən biri də Xəzrəc qəbiləsinin başçısı Sə’d ibni Ubadə olmuşdur. Ömərin xilafəti zamanı Şama gedərək Hauranda yaşamış, günlərin bir günündə gecə yarısı onun ox yarasından öldüyünü görmüşlər. Deyirdilər ki, onu cinlər öldürüb, hətta onun naməlum ölmü haqda şe’r də qoşdular.

Sə’d, Əli (ə) və Haşim övladlarından başqa bir neçə səhabə də bir müddət Əbu Bəkrə bey’ət etmədilər. Bə’zi tarixçilərin yazdığına görə Əli (ə) peyğəmbərin vəfatından 6 ay sonra, yə’ni Fatimə (s)-nın vəfatına qədər Əbu Bəkrə bey’ət etmədi. Lakin bu deyilənlər heç də həqiqətə yaxın deyil. Birincisi Fatimə (s) altı aydan tez olaraq vəfat etmiş, ikincisi Əli (ə) ümmət arasına düşə biləcək təfriqədən ehtiyat edərək bey’ət etməyi gecikdirməmişdir. Bundan əlavə qövm başçıları hakimiyyəti möhkəmləndirmək xatirinə onu bu müddət ərzində öz başına qoymadılar.

Əbu Bəkrə bey’ət etməkdə tərəddüddə qalmış Abbas, Zübeyr və başqalarını müxtəlif yollarla bey’ətə vadar edib hakimiyyəti möhkəmləndirdilər. Xəlifənin seçilməsi ilə Mədinə sakitləşdi, ancaq bundan sonra həm xəlifə, həm də müsəlmanlar böyük çətinliklərlə üzləşdilər.

DİNDƏN ÇIXANLAR

Qeyd etdiyimiz kimi, yarmadada yaşayan bir çox qəbilələr, həmçinin Məkkə, Mədinə və Taif ətrafında məskunlaşmış tayfalar Məkkənin peyğəmbər müqabilində təslim olmasından və o günün böyük və güclü qəbiləsi olan Qüreyşin məğlubiyyətindən sonra müsəlman oldular. Qüreyş qəbiləsinin təslimindən sonra onlar islamın qüdrəti müqabilində davam gətirə bilməyəcəklərini başa düşdülər. O andan peyğəmbərin vəfatına qədər çox da uzun müddət ötməmişdi.

Mə’lum olduğu kimi öz qəbilələrinin müqəddəratını həll edən bir dəstə şeyxlər qorxudan və ya tamahdan müsəlman olmuşdular. Onların bə’ziləri peyğəmbərlə görüşmüş, əksər qəbilələrin əhalisi isə peyğəmbəri şəxsən görməmiş və onun dediklərini eşitməmişdilər. Bu az vaxt ərzində fürsət olmadığından peyğəmbər tərəfindən müəllim göndərilməmişdir ki, onları Allahın kitabı və islam hökmləri ilə tanış etsin. Beləliklə onlar islam şəriətinin əsas mahiyyəti ilə tanış deyildilər. Bir çox qəbilələr islamın vacib qanunlarından sayılan zəkatı ödəməkdə çətinlik çəkirdilər. Belə ki, heç bir qayda-qanuna baş əyməyən səhra sakinləri zəkatı bir növ bac hesab edirdilər. Onlar peyğəmbərin vəfat xəbərini eşitdikdən sonra baş qaldırıb əmrdən çıxmağa başladılar. Qeyd olunduğu kimi peyğəmbərin həyatının son illərində bir neçə yalançı peyğəmbərlər də xalqı aldadaraq öz ətrafına toplamışdılar. Bir dəstə adamlar Əbu Bəkrin əmrinə tabe olmaqlarından əsla xəbərləri yox idi.

Məkkədə yaşayan Qüreyş, Taifədə yaşayan Səqifə qəbiləsi islam dinində qaldılar. Peyğəmbərin vəfatı xəbəri Məkkəyə çatdıqda şəhərin hakimi Əttab ibni Usəyd qorxusundan qaçıb gizləndi. Şəhər böyük bir nigarançılıqla üzləşdi, hamı qorxurdu ki, Məkkə əhlisi də dindən üz döndərəcəkdir. Elə bu an Süheyl ibni Əmr Kə’bə evinin qapısı qarşısında dayanıb ucadan qışqırdı: Ey Məkkə əhalisi! Məbada siz sonuncu müsəlman və ilk olaraq dindən üz döndərənlərdən olasınız! And olsun Allaha ki, islam dininin işləri düzələcək Peyğəmbərin və’dəsi yerinə yetəcəkdir. Süheylin bu çıxışı Məkkənin islam dinindən üz döndərməməsinə səbəb oldu. Bu həmin Süheyl idi ki, 5 il əvvəl Hüdeybiyyədə sülh sazişi imzalandıqda “Bismillahir-rəhmanir-rəhim” kəlməsini gördükdə demişdi: Mən Rəhman, rəhim tanımıram. Mən Məhəmməd (s)-ı peyğəmbər saymıram. Lakin bu qısa müddət ərzində başa düşmüşdü ki, yeni dinin müqabilində müqavimət göstərmək faydasız və qəbilə hakimiyyətini bərpa etmək isə imkansızdır. Qüreyşdən olan bə’ziləri imanlı müsəlman olmuş, qəbilə başçılarının bir çoxu isə öz xeyirlərini müsəlmançılıqda görüb xəlifə ilə həmkarlıq edirdilər. Nəcd, Yəmamə və bəni Təğləb qəbilələri yalançı peyğəmbərlərin ətrafına toplaşdıqdan sonra bu peyğəmbərin fəaliyyəti rövnəq tapmışdı.

Əbu Bəkr hakimiyyətə çatdıqdan sonra hər an dindən çıxan üsyankarların Mədinəyə hücumu gözlənilirdi. O, səy göstərib Usamənin qoşununu Mu’təyə göndərmək istəmədi, lakin Usamə və bə’zi böyük səhabələr ona e’tiraz edib cavab verdilər ki, nəyin bahasına olursa-olsun gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər ömrünün son günlərində bu qoşunu yola salmaq istəyirdi. Mən onun sünnəsinin əksinə çıxa bilmərəm. Nəhayət Usamənin qoşunu hərəkət etdi. Sonrakı hadislərdə üsyançıların yerinə oturdulmasında bu işin nə qədər tə’sirli olduğunu göstərdi. Onlar öz-özlərinə dedilər ki, əgər islam böyük qüvvəyə malik olmasaydı Əbu Bəkr bu çətin şəraitdə qoşunu uzaq bir səfərə göndərməzdi.

Usamənin qoşununu yola saldıqdan sonra xəlifə və dostları iğtişaşları bir-birinin ardınca yatırtmağa çalışdılar. Ərəbistanda sakitlik yaratmaq üçün Xalid ibni Vəlidin böyük rolu olmuşdur. Ancaq o, cəsarətli insan olmasına baxmayaraq heç də təqvalı bir müsəlman deyildi. Nəhayət peyğəmbərlik iddiası edənlər, o cümlədən Tuleyhə, Səcah, Müsəyləm, Əyas ibni Abdullah bir-birinin ardınca ya tutuldular, ya da qaçıb aradan çıxdılar. Cənub və şərqdə yerləşən şəhər və qəbilələr yenidən Mədinənin hakimiyyətinə tabe oldular. Həzrəmaut sakitləşdi, Yəmən də kiçik münaqişədən sonra təslim oldu.

İğtişaşlar yatırıldıqdan sonra baş vermiş ən mühüm hadisə bu oldu ki, artıq bədəvilər və qəbilə başçıları başa düşdülər ki, müqavimət göstərməyin və daxili münaqişələrin sonu gəlib çatmışdır. İslam hökumətinə tabe olub Əbu Bəkrə itaət etmələrinin onların xeyrinə olduğunu hiss etmişdilər. Nəticədə əqidəvi ictimai vəziyyətin dəyişməsi ilə tarixdə “Rəddə” müharibəsi adı ilə məşhurlaşmış daxili çəkişmələr sona yetdi. Qəbilələrdən təşkil olunmuş qüvvələr meydana gəldi ki, islam adı ilə Mədinədə əyləşmiş xəlifəylə müharibə etməyə başladılar. Daxili çəkişmələrin alovu yatırıldıqdan sonra təşkil edilmiş döyüşkən dəstələr özlərini iki böyük imperiyaya qarşı döyüşə hazırladılar (Rum və İranla). Çox həssas bir şərait yaranmışdı, – müsəlman ərəblərin İran və Rumla döyüşəcəkləri qəti bir məsələyə çevrilmişdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Əbu Talibin mömin olması barədə varid olmuş hədislər

 
user comment