Azəri
Saturday 20th of April 2024
0
نفر 0

BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİ

BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİ

Be’r Məunə hadisəsində sağ qalmış Əmr ibni Üməyyə bəni Amirdən iki nəfəri qətlə yetirməsi yeni çətinliklər yaratdı. Bəni Amir Peyğəmbərlə (s) bağladıqları sazişə əsasən o iki nəfərin qan pulunu tələb etdilər. Bəni Nəzir yəhudilərinin bəni Amirlə sazişləri olduğundan Peyğəmbər (s) onlardan bu məsələdə vasitəçilik etməsini istədi. Bu bəni Nəzir yəhudilərinin müsəlmanlar qarşısında olan niyyətlərini aşkar etmək üçün çox münasib fürsət idi. Rəci’ və Be’r Məunə hadisələrindən sonra yəhudilər fəallaşaraq əks təbliğata başlayıb deyirdilər: Allahın göndərdiyi Peyğəmbər (s) belə məğlubiyyətə uğramaz.

Peyğəmbər (s) onların yanına gedib vasitəçilik etmələrini istədikdə dedilər ki, sənə köməklik edəcəyik. Lakin onlar gizlində məşvərət etdilər ki, bundan münasib fürsət ələ düşməyəcək. Peyğəmbər (s) divarın kənarında dayandığı zaman bir nəfər göndərdilər ki, damdan onun başına bir daş salsın. Peyğəmbər (s) onların niyyətindən agah olub Mədinəyə dönərək bu qəbiləni Mədinədən çıxarmaq qərarına gəlir. Bəni Nəzir qəbiləsinin mühasirəsi 6 gün çəkdi, nəhayət onlar təslim oldular. Onlardan ikisi müsəlman olaraq öz mallarına sahib oldular, lakin yerdə qalanların hamısı öz əmlaklarından məhrum oldular. Peyğəmbər (s) onları Suriyada yerləşən Əzrua’t adlı əraziyə sürgün etdi. İbni Hişamın dediyinə görə şərabın haram olması haqda hökm bu dövrdə nazil oldu.

ĞƏTƏFANLA MÜHARİBƏ

Hicrətin dördüncü ili Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi. Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə, digər cəhətdən çox mühüm sayılırdı.

Ühüd müharibəsindəki məğlubiyyətdən sonra bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizam-intizam gözə çarpırdı. Bildiyiniz kimi, bu yer Suriyanın yaxınlığında yerləşən ərazidir ki, oradan Dəməşqə 5 günlük yoldur. İsti ayda bir belə məsafəni qət etmək elə bir şey deyildi ki, qəbilələrin nəzərindən qaçsın. Onlar fikirləşirdilər ki, artıq Qüreyşdən qorxmaq lazım deyil. Digər tərəfdən müsəlmanların dalbadal qələbələri bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sayda qənimət əldə etmələri, ən əsası isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbər (s)-ın hərbi qüdrət nümayiş etdirməsi Qüreyşi narahat və nigaran etmişdi. Onların ticarəti sarsılmış, yetmiş nəfərdən artıq böyük adamları həlak olmuşdu. Ən əsası isə Məkkə başçıları arasında ixtilaf meydana gəlmişdi.

XƏNDƏK MÜHARİBƏSİ

Qeyd edildiyi kimi Əbu Süfyan hicri tarixi ilə dördüncü ildə bir dəstə ilə Məkkədən çıxaraq yolda peşiman olub geri dönür. Onun bu hərəkəti Qüreyş başçılarının nəzərində nüfuzdan saldığına görə yenidən böyük təchizatlı bir qoşun düzəltmək qərarına gəlir. Nəhayət ki, beşinci ildə yeddi mindən on iki min arasında olan bir qoşun düzəldir ki, onun 600 nəfərini süvarilər təşkil edirdi. Bu qoşun Mədinəyə tərəf yollanır. Ordu müxtəlif ərəb qəbilələrindən təşkil olunmasına görə bu müharibə dəstələr müharibəsi (əhzab) də adlanmışdır. Bundan əlavə Xeybərdə yaşayan bəni Nəzir yəhudilərindən bir dəstə və Ğətəfan qəbiləsi Qüreyşlə birləşərək bu müharibədə Peyğəmbərə (s) qarşı vuruşmağa hazırlaşdılar. Mədinə kənarında məskunlaşmış bəni Qurəyzə yəhudiləri Qüreyşə kömək etməyəcəklərinə söz verdikləri halda, sazişi pozaraq Məkkə əhalisi ilə əlbir oldular. Belə böyük bir qoşun müqabilində Peyğəmbərin (s) qoşunu üç min nəfərdən ibarət idi ki, bir neçə atlıdan savayı hamısı piyada idi.

Ühüd müharibəsinin əksinə olaraq Mədinə əhalisi şəhərdə müdafiə mövqeyi tutmağı qərara aldı. Bu müharibədə Salman Farsinin təşəbbüsü ilə şəhəri düşməndən qorumaq üçün xəndək qazıldı. Mədinə üç tərəfdən xurma bağları və tikililərlə əhatə olunduğu üçün düşmənin bu üç səmtdən şəhərə daxil olma imkanı yox idi. Şimal tərəfdə xəndək qazılması süvarilərin hücumunun qarşısını almışdı. Məkkə qoşunu Mədinəyə çatmamış xəndək qazılmışdı. Düşmən ora çatan kimi təəccübləndi ki, hələ bu günə kimi irəliləyiş üçün belə bir maneyə rast gəlməmişdir. Süvarilər atlanıb xəndəki keçə bilmir və irəli gəldikdə isə ox atanlar onlara macal vermirdilər.

Əmr və İkrimət ibni Əbi Cəhl qərara gəldilər ki, xəndəkdən ötüb keçsinlər. Şücaətli və şöhrətli pəhlivan olan Əmr ibni Əbduvəd həzrət Əli (ə) vasitəsi ilə öldürüldü. Zahiri görünüşdə Xəndək müharibəsi Mədinə üçün zərər gətirdi. Müsəlmanların kiçik bir qoşunu böyük bir qoşun müqabilində nə edə bilərdi? Peyğəmbər (s) başda Ğətəfan qəbiləsini düşmən qoşunundan ayırmaq istədi. Onlara xəbər göndərdi ki, Qüreyşlə əlbir olmasanız Mədinənin məhsulunun üçdə biri sizə veriləcək. Ənsar Peyğəmbərdən (s) soruşdu: Bu saziş vəhyidirmi? Dedi: Xeyr. Dedilər: Onda biz belə bir məğlubiyyətə razı deyilik. Allah bizi islama, dinə hidayət etmədiyi vaxtlarda belə, bu kimi zəlalətə razı olmamışıq, indi isə Allah sənin vasitənlə bizə nicat verdiyi zaman özümüzü necə aciz saya bilərik. Sonda bu saziş (sülh) baş tutmadı.

Öz əqidəsini aşkar etməyən bir-iki müsəlman bir tərəfdən bəni Qurəyzə, digər tərəfdən isə Ğətəfan tayfasının içərisinə girərək onları bir-birinə qarşı bədbin etdi. İlahi təqdirin burada köməkliyi oldu. Külək əsərək havanı soyutdu. Məkkəlilərin işi daha da ağırlaşdı. Əbu Süfyan geriyə dönmək əmrini verdi. On beş gün mühasirədə qalan Mədinə təhlükədən yaxa qurtardı.

Xəndək müharibəsinin sonu müsəlmanlar üçün ümidverici olsa da məkkəlilər üçün həddən artıq sarsıdıcı oldu. Qüreyş tacirləri üçün aydın oldu ki, artıq Mədinə bazarlarını birdəfəlik əldən verdilər. Bundan əlavə Mədinə Məkkə tacirlərinin Suriyaya gedən ticarət yollarını təhlükə altına almaqla yanaşı, onların rahat öz işləri ilə məşğul olmalarına da imkan verməyəcəyini bilirdilər. Əbu Süfyanın rəhbərlik mövqeyi də Qureyşin nəzərində alçaldı. Ümumiyyətlə Qüreyş qəbiləsinin əzəməti digər qəbilələrin nəzərində nüfuzdan düşdü. Gözlənilməz hadisənin baş verməsi bə’zi bədəvi ərəblərin islama olan meylini artırdı və onlar artıq yəqin etdilər ki, qeyri-adi bir qüvvə müsəlmanlara yardım edir. Elə bu müharibədən sonra bütün hadisələr müsəlmanların xeyrinə tamamlandı.

Xəndək müharibəsi qurtardıqdan sonra Peyğəmbər (s) bəni Qureyzə qəbiləsinin üzərinə yürüş etdi. Qeyd etdiyimiz kimi, onlar Mədinə sazişinə əsasən müsəlmanlar əleyhinə qiyam etməsəydilər amanda qalacaqdılar, lakin onlar Xəndək müharibəsində islam düşmənləri ilə birləşdilər. Aydındır ki, belə təhlükəli bir dəstə ilə xoş rəftar etmək olmazdı. Peyğəmbər (s) onları mühasirəyə aldı və onlar iyirmi beş gün keçdikdən sonra təslim oldular. Bəni Qurəyzə ilə həmsaziş olan Ous qəbiləsi Peyğəmbərə (s) dedi: Bəni Qurəyzə bizim həmpeymanımızdır, gördükləri işdən də peşiman olublar. Onlarla Xəzrəc həmpeymanlarıyla davrandığın kimi rəftar et. Göründüyü kimi, bəni Qəynuqa yəhudilərinin əsirlərini onların həmsazişi olan Abdullah ibni Ubəyyəyə bağışladı. Peyğəmbər (s) bəni Qurəyzə əsirləri haqda hökm çıxarmağı Ous qəbiləsinin başçısı Sə’d ibni Muaza tapşırdı. Bəni Qurəyzə bu işə razı oldular. Elə ki, Sə’d məclisə daxil oldu Peyğəmbər (s) əyləşənlərə öz başçılarına ehtiram etmək üçün ayağa qalxmalarını dedi və onlar da ayağa qalxdılar. Məclisdə əyləşənlərdən biri dedi: Peyğəmbər (s) “öz başçınız” dedikdə mühacirləri deyil ənsarı nəzərdə tutmuşdur. Sə’d bəni Qurəyzədən soruşdur ki, onun hakim olmağına razıdırlarmı? Onlar dedilər: Bəli. Sonra Peyğəmbər (s) o tərəfə üz tutaraq ehtiram əlaməti olaraq onun adını çəkmədən dedi: Burada iştirak edənlər necə razıdırlarmı? Peyğəmbər (s) dedi: Bəli! Sə’d dedi: Mənim nəzərimcə onların kişiləri öldürülməli, qadın və uşaqları əsir götürülməlidir. Sə’din çıxardığı hökmə əsasən xəndəklər qazaraq bəni Qurəyzənin kişilərini ora aparıb başlarını bədəndən ayırdılar.

İbni İshaq bəni Qurəyzə əhvalatının sonunu eynilə belə yazmış, Təbəri də həmçinin onun yazdıqlarını öz kitabında qeyd etmişdir. Lakin 207-ci hicri ilində vəfat etmiş Vaqidi (tarixçi) bu hadisəni çox həyacanlı bir ifadə ilə yazmışdır. Bir tərəfdən o yazır: Bir xəndək qazıldı və əsirləri dəstə-dəstə xəndəyin yanına gətirdilər. Əli (ə) və Zübeyr ibni Əvvam onların boynunu vurdular. Digər tərəfdən isə belə yazır: Sə’d ibni Ubadə və Hubab ibni Munzər Peyğəmbərin (s) yanına gəlib dedilər: Ous qəbiləsi bəni Qurəyzə ilə həmsaziş olduğundan onların öldürülməsi onları narahat edir. Sə’d ibni Məaz isə dedi: Belə deyildir. Əgər Ous qəbiləsindən hər kim bu işdən narahat olsa Allah ondan razı qalmaz. Sonra Peyğəmbər (s)-a dedi: Bu əsirləri Ous qəbiləsinin arasında bölüşdür. Hər ailə öz payına düşən əsiri özü öldürsün və birinci olaraq mənim evimə göndər və Peyğəmbər (s)-da belə etdi. Əlli birinci hicri ilində anadan olub 124 hicri ilində vəfat etmiş İbni Şəhab Zöhri də Sə’din hökm çıxarmasına işarə etmiş, lakin məhkumların sayı barəsində mə’lumat verməmişdir. Yalnız ibni Əxtəbin ölümünü qeyd etmişdir. Bildiyiniz kimi, müəmmalarla əhatələnmiş bu əhvalat son əsrlərdə şərqşünaslar, xüsusilə yəhudi islamşünasların əlində bəhanəyə çevrilmişdir.

Görəsən bu əhvalat necə olmuşdur, doğrudanmı Əli (ə) bir günün ərzində 700 nəfərin boynunu vurub? Hadisənin bu tərzdə düzgün olduğunu qəbul etmək çox çətindir. İlk əvvəl bizi şübhəyə salan ölənlərin sayıdır ki, onların sayını 600-dən 900-ə qədər qeyd etmişlər. Bu doqquz yüz nəfəri Əli (ə)-la Zübeyr bir gün ərzində necə qətlə yetirə bilərdilər. Bəni Qurəyzə qəbiləsinin ümumi əhalisi nə qədər imiş ki, onun 900 nəfərini həddi-buluğa çatmış kişi təşkil edib? Məgər o dövrdə Mədinədə və onun ətrafında nə qədər əhali yaşayırmış ki, onun dörd minini bəni Qurəyzə əhalisi təşkil edib? Gördüyünüz kimi, bəni Qurəyzə qəbiləsinin qətli hekayəsi Ousla Xəzrəc arasında qurulmuşdur. Belə ki, Ous qəbiləsi Peyğəmbərə deyir: Bizim həmpeymanlarımızla Xəzrəc qəbiləsinin həmsazişləri ilə davrandığın kimi rəftar et, yə’ni onları bizə bağışla! Lakin Peyğəmbər bağışlamayıb onlara hakimlik etməyi Sə’d ibni Muazın öhdəsinə qoydu. Bu hekayəti söyləyən bəlkə də Xəzrəc tayfasından olmuşdur və o, bu əhvalatı öz qəbəlisini xeyrinə söyləmişdir. Bununla da o, öz qəbiləsinin Peyğəmbər nəzərində Ous qəbiləsindən hörmətli olduğunu nümayiş etdirmək istəyib.

Əsirlərin qətlə yetirilməsindəki müxtəlifliyə diqqət yetirilməlidir. İbni İshaqın dediyinə görə əsirləri xəndəklərin yanında qətlə yetirdilər. Vaqidi isə deyir: Əsirləri Ousdan olan ailələrə payladılar ki, onları qətlə yetirməklə Peyğəmbərin əmrinə tabe olduqlarını göstərmiş olsunlar. Bu məşhur əhvalat tarixi ziddiyyətlərə görə təhqiqatçı olan hər bir kəsi tərəddüdə salır.

Bundan əlavə biz, Peyğəmbərin (s) qabaqkı müharibələrində olan rəftarı ilə tanışıq. O, həmişə mehribançılığı, güzəştə getməyi intiqam və qətldən üstün tutmuşdur. Fərz edək ki, bəni Qurəyzənin sazişi pozduqları onu çox narahat etmişdir və onları bağışlamamışdır (belə bir fərziyyə təsəvvür edilməzdir). Ancaq Mədinəyə daxil olduğu ilk gündən hər iki Ous və Xəzrəc qəbiləsi ilə rəftarı eyni dərəcədə olmuş, onların hər ikisinin istəklərinə bərabər səviyyədə cavab vermişdir. Belə bir məsələdə Peyğəmbər (s)-ın onlar arasında ayrıseçkilik salması ağıla sığmır. Bu işin hakimliyini Ous qəbiləsinin başçısına tapşırmağın özü təqdirə layiq bir hadisədir.

Həqiqət budur ki, Peyğəmbərin Yəsribə gəlişi ilə Ousla Xəzrəc arasında olan rəqabət aradan getdi və yalnız o həzrətin vəfatından sonra bu məsələ yenidən baş qaldırdı. Gələcək bəhslərdə görəcəksiniz ki, ixtilafın ilk nişanələri bəni Saidə adlanın məkanda baş vermişdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Qüreyş və mühacirlər keçmiş arzularına çatdılar. Onun göstərişi ilə tarixçilər və şairlər Mədinə əhalisini və ənsarı təhqir edən əsərlər yaratdılar. Ənsarı əzmək yollarından biri də Ousla Xəzrəc arasında olan keçmiş kin-küdurətləri oyatmaq olmuşdur. Ondan sonra bəni Üməyyə hökumətinin bütün ərazisində Peyğəmbər dövrünün bütün müharibələri, xilafət dövründə hicri qəməri tarixinin qırxıncı ilinə qədər olan mə’lumatlara əl gəzdirilmiş, ənsarın xeyrinə olan mə’lumatlar isə dəyişdirilmişdir. 172 hicri tarixində vəfat etmiş Zübeyr ibni Bəkar “Əl-müvəffəqiyyət” adlı kitabında Əbban ibni Osmandan bizim sözümüzü təsdiqləyən bir əhvalat nəql etmişdir ki, onun xülasəsi belədir:

Süleyman ibni Əbdül-məlik vəliəhd olduğu dövrdə Mədinəyə gedərək Peyğəmbər (s)-ın müharibə etdiyi meydanlara tamaşa etdikdən sonra Əban ibni Osmana Peyğəmbərin (s) müharibələri haqda bir kitab yazmasını tapşırır. Əban isə belə bir kitabın onda olduğunu deyir. Süleyman həmin kitabın üzündən köçürülməsini istəyir. Lakin kitabı oxuduqdan sonra ənsarın vəsfini görərək bəyənmir və onun yandırılması əmrini verir. Şama döndükdən sonra bu məsələni atası Əbdül Məliklə müzakirə etdikdə deyir: Çox düzgün iş görmüsən, Şam əhalisi belə sözləri eşidib ənsarın fəzilətindən xəbərdar olmasalar yaxşıdır.

Əgər bu əhvalat da düzgün olmasa demək olar ki, Abbasilər dövləti zamanı Zübeyr Müvəffəq və onun atası Mütəvəkkilin xoşuna gəlmək üçün bunu yazmışdır. Bunların heç biri düzgün olmayan surətdə bilmək lazımdır ki, birinci və ikinci əsrdə (yazılı sənəd olmayan dövr) ravilərin söylədiklərinə istinad etmək olmaz. Bəlkə hər rəvayəti digər şahid və uyğunluqlarla müqayisə və ya tutuşdurmaq lazımdır.

Görünür bəni Qurəyzə əhvalatı o hadisədən neçə illər sonra, mühasirəyə düşənlər öldükdən sonra Xəzrəc qəbiləsindən olan yazıçı tərəfindən təhrif edilmişdir. Bununla o, istəmişdir Ousla Xəzrəcin Peyğəmbər (s) nəzərində bərabər səviyyədə olmadığını göstərsin. Elə buna görə də o, Peyğəmbər (s)-ın Xəzrəc həmpeymanlarını öldürməməsini, Ous qəbiləsinin həmsazişlərini isə qətlə yetirdiyini yazmışdır. Həmçinin Ous qəbiləsi rəhbərinin həmsazişlərinin hüquqlarına riayət etmədiyini göstərmək istəmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment