Azəri
Friday 26th of April 2024
0
نفر 0

ÜHÜD MÜHARİBƏSİ

ÜHÜD MÜHARİBƏSİ

Əbu Süfyan Bədr müharibəsindəki məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi. Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək olmaz. Ona görə dedi: “Müharibə zamanı əyninə geyinmiş döyüş paltarını yenidən çıxarmaq Peyğəmbərə yaramaz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək oradan Yəsribin şimalına hərəkət edib Ühüd dağı ətrafında yerləşdilər. Bu yürüşdə Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibarət idi. Müharibə başlandı, əvvəl Abdullah e’tiraz əlaməti olaraq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi: Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşaqların sözünü qəbul etdi. Aşağıdakı ayə Abdullahın vəsfi haqda nazil olmuşdur:

*******Və münafiqləri onlardan fərqləndirsin. Onlara gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə dayanın! (Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”-deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər.

Abdullah öz dəstəsi ilə Peyğəmbərin qoşunundan ayrıldıqdan sonra yalnız 700 nəfər qaldı ki, onların nə dəvəsi, nə də atı var idi. Qoşun bölünüb mövqe tutduğu zaman Peyğəmbər ox atanların başçısı Abdullah ibni Cubeyrə dedi: Gözdə-qulaqda ol ki, düşmən arxadan bizə hücum etməsin. Döyüşdə bizim üstün olub-olmamağımızdan asılı olmayaraq sən öz durduğun mövqeni tərk etmə. İlk hücumda müsəlmanlar düşməni geriyə oturtdular. Lakin düşmən süvarilərinin irəliləməsinin qarşısını almaq vəzifəsinə götürmüş ox atanlar, qəniməti toplamaq ehtirası ilə öz mövqelərini tərk etdilər. Xalid ibni Vəlidin başçılıq etdiyi düşmən atlıları gözlənilmədən hücuma keçərək müsəlmanları məğlub etdilər. Bu müharibədə Peyğəmbər yaralandı, əmisi Həmzə isə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyan ucadan qışqırdı “Hubəl (büt adıdır, ucadır.” Peyğəbmər (s) durduğu mövqedən dedi: Ona cavab verin ki, “Cəlal sahibi və uca yalnız Allahdır.” Peyğəmbər dişinə və alnına dəyən zərbədən müşriklərin müsəlmanlar qarşısında qazdıqları qalaya düşmüşdü. Bu zaman müşriklər şüar verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmanlar dağıldılar. Təbərinin yazdığına görə bir nəfər dağın üstündə dayanaraq dedi: İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Abdullah ibni Ubəyyin yanına göndərək ki, Əbu Süfyandan bizə aman istəsin. Ey camaat, necə ki ölməyibsiniz evlərinizə dönün. Ancaq bu anda Ənəs ibni Nəzr ucadan dedi: Ey camaat, Məhəmməd (s) ölmüşsə də Məhəmmədin Allahı sağdır. İlahi! Mən bunların dediyi sözə görə üzr istəyirəm. Sonra isə düşmən üzərinə hücuma keçdi. Nəhayət o ağır vəziyyətdə Əli (ə) Peyğəmbərin əlindən tutaraq qaldırdı və Təlhət ibni Ubeydullah yaralı olmasına baxmayaraq onu çiyninə alıb yuxarı qaldırdı ki, müsəlmanlar onun ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya uzaqlaşdırır, ya da öldürürdü. Nəhayətdə müsəlmanlardan bir dəstə adam geri dönüb Peyğəmbərin ətrafına toplaşdılar və qoşun yenidən təşkil oldu. Əbu Süfyan döyüşdə qalib gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri döndü, ancaq söz verdi ki, bir ildən sonra yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyan Mədinəni ələ keçirməkdən vaz keçdi, bu ancaq qeybdən olan köməklik vasitəsi ilə ola bilərdi. Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə şəhərini mühasirə etməkdən yayınsın.

Bə’zi Avropa şərqşünasları deyirlər ki, Əbu Süfyan lazımi təchizatı olmadığından Mədinə şəhərini mühasirəyə almadı, lakin bu heç də düzgün izah deyildir. Düzgünü budur ki, Qur’ana istinad edərək deyək ki, Allah onların ürəyinə qorxu saldı.

Ühüd müharibəsi üçüncü hicri ili Şəvval ayında baş vermişdir. Müharibədən bir gün sonra Peyğəmbər əhaliyə düşmənin ardınca getməyi əmr etdi. Bundan məqsəd o idi ki, düşmən güman etməsin ki, qoşun tamamilə dağılıb. Hər halda Məkkəlilər bu döyüşdən lazımi nəticəni əldə edə bilmədilər. Birincisi müsəlmanların verdiyi itkiləri də nəzərə alsaq bərabər səviyyədə idi. Hər iki tərəf iki müharibənin nəticəsində bərabər itki vermişdilər ki, qəbilə adət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqayisədə üstünlüyə malik deyildi. Bundan əlavə müşriklər söz verdikləri kimi (onlar söz vermişdilər ki, Mədinə əhalisinə elə bir dərs verəcəklər ki, bir də özbaşınalıq etməsinlər) Yəsrib şəhərinə ziyan vura bilmədilər. Deyilənlərə görə Əbu Süfyan məkkəlilərin ilk hücumda geri çəkilib qaçmalarını bir növ döyüş taktikası adlandırmış, amma ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çaşdırmaq üçün etdiyini iddia etmişdi. Hər halda belə böyük qələbədən sonra Əbu Süfyanın geri qayıtmasında məqsədəuyğunluq görünmür. Yalnız bir şey demək olar, Allah onun ürəyinə qorxu, vəlvələ saldı ki, Mədinə şəhərinə toxunmadan geri dönsün.

Ühüd müharibəsində müsəlmanlar məğlub olsalar da, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Ali-imran” surəsinin bə’zi ayələrini oxuduqda bu dəyərlər aydınlaşır. Siz Bədr müharibəsində zəif idiniz, Allah sizə yardımçı oldu. Allah sizə yardım edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyan görmüşdür. Məgər siz Allah yolunda ölmək (şəhid olmaq) istəmirsinizmi, indi öz arzunuza çatdınız.

Bu səmavi nəsihətlər müsəlmanlara xatırlatdı ki, onlar Bədr müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah onlara yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxaraq qənimət və dünya malı dalınca getdikləri üçün məğlub oldular.

Ühüd müharibəsində itkilərlə yanaşı ictimai problemlər də meydana çıxdı. Bir çox arvad və uşaq başsız qaldılar. “Nisa” surəsinin əvvəlində görürük ki, müsəlmanlara 4 qadın almaq icazəsi verilir. Və onlara tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mallarını qorusunlar və ona əl uzatmasınlar.

FİTNƏKARLAR

Ühüd şəhidləri barəsində nazil olan Qur’an ayələri ürəyi dağlı ailələrə təskinlik verdi və həmçinin müsəlmanların Peyğəmbərə olan imanları sayəsində Allah və din yolunda verdikləri qurbanları öz ailələri üçün fəxr hesab edirdilər. Lakin bununla yanaşı, Mədinədə işin sona yetəcəyini gözləyən münafiqlər də yaşayırdı. Müsəlmanların bu məğlubiyyətindən sonra onlar fitnəkarlıqlarını aşkar etmək üçün fürsət əldə etmişdilər. Bədr müharibəsindəki qələbədən sonra müsəlmanlarla saziş bağlamış qəbilələr tərəddüd keçirirdilər və Yəsrib ətrafında məskunlaşmış islam düşmənləri də bu məğlubiyyətdən istifadə etmək fikrinə düşmüşdülər.

ƏBU SƏLƏMƏ SƏRİYYƏSİ

Bu səriyyə haqda Vaqidən (tarixçi) “Məğazi”də (kitab adıdır) yazmışdır. Bu əhvalat qısaca olaraq belədir ki, Peyğəmbər (s) Əbu Sələməyə dedi: Bəni Əsəd Mədinəyə hücum etmək qəsdindədir, onlar gəlməmiş sən gərək onlara hücum edəsən! Onunla birgə 150 nəfər yola salaraq onlara təqvalı olmalarını tövsiyə etdi.

Bu dəstə düşmən xəbərdar olmasın deyə gecələr yol gedib gündüzlər gizlənməli idilər. Əbu Sələmə verilən göstərişə əməl edərək Nəcd ərazisində yerləşən Qətan dağına yetişdikdə düşmənin qaçıb ketdiyindən xəbərdar oldu. Əbu Sələmə qənimət əldə edərək Yəsribə döndü. Məğlubiyyətdən sonrakı bu qələbə müsəlmanların mövqeyini münafiq və yəhudilərin nəzərində dəyişdirdi. Onlar artıq bildilər ki, Peyğəmbər və onun silahdaşları hələ təsəvvür etdikləri kimi zəifləməyibdir.

RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ HAZIRLIQ

Ühüd müharibəsindən sonra baş vermiş bu iki hadisə müsəlmanlara böyük zərbə vurdu və münafiqləri fəallaşdırdı. Rəci’ hadisəsi belə baş vermişdir ki, Əzəl və Qarə qəbiləsindən bir neçə nəfər Peyğəməbərin yanına gələrək onların tayfasından bir dəstə adamın müsəlman olduğunu dedilər. Onlar dedilər: Biz bir neçə nəfər istəyirik ki, onlardan dini hökmələri öyrənək. Peyğəmbər (s) 6 nəfər müsəlmanı oraya yolladı. Onlar Hicaz ərazisindəki bəni Huzeylə məxsus olan Rəci’ su hövzəsinə yetişdikdə müsəlmanlara hücum etdilər. Müsəlmanlar Huzeylə qəbiləsindən kömək istədilər, lakin heç kəs onlara yardım etmədi. Müşriklər altı nəfər müsəlmandan dördünü öldürərək ikisini əsir götürüb özləri ilə Məkkəyə apardılar. Məkkəlilər Bədr müharibəsində ölənlərin əvəzini çıxmaq üçün o iki nəfəri qətlə yetirdilər.

Be’r Məunə hadisəsi Rəci’ hadisəsindən daha ürək ağrıdıcı olmuşdur. Bəni Amir qəbiləsindən bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib Nəcd əhalisinin müsəlman olması ümidi ilə öz səhabələrindən bir neçəsini oraya göndərməyini istədilər. Peyğəmbər (s) dedi: Mən qorxuram ki, Nəcd əhalisi müsəlman olmasın. Bu dəstənin rəhbəri Əbu Bəra dedi: Nəcdə gedən hər bir şəxsə mən cavabdehəm. Peyğəmbər (s) 40 nəfər seçilmiş müsəlmanı onunla göndərdi. Bu dəstə bəni Amirlə bəni Suləym arasında yerləşən Be’r Məunəyə yetişdilər, bir qasidlə Peyğəmbərin (s) yazdığı məktubu Amir ibni Tüffeylin yanına göndərdilər. O, məktubu oxumadan qasidi öldürdü. Bu zaman o bəni Amir qəbiləsinin bu dəstəyə hücum etməsini istədi, lakin onlar qəbul etmədilər. Amir bəni Suləym qəbiləsindən yardım istədikdə isə onlar qəbul etdilər. Bu hadisədə Kə’b ibni Zeyddən savayı bütün müsəlmanlar həlak edildi. Bu dəstənin arxasınca gələn iki nəfər o yerə çatdıqda öldürülənləri görüb qatillərlə vuruşmağa başladılar. O iki nəfərdən birini öldürüb o birisinə isə dağ basıb buraxdılar. O şəxs Əmr ibni Üməyy idi ki, Mədinəyə dönəndə bəni Amirdən iki nəfəri də qətlə yetirdi.

 

Be’r Məunə hadisəsi Peyğəmbərə (s) çox tə’sir etmişdi. Tarixçilər bu hadisə haqda yalnız qısa mə’lumat vermişlər və onu doğuran səbəblərə isə toxunmamışlar. Görünür Ühüd müharibəsindəki müsəlmanların məğlubiyyətindən bir az sonra baş vermiş bu iki hadisə ona görə olmuşdur ki, Mədinə ətrafında, Hicaz və Məkkə ətrafında yaşayan qəbilələrin Qüreyşlə gizli əlaqələri olmuşdur. Onlar fikirləşirdilər ki, belə işləri görməklə Peyğəmbəri (s) və müsəlmanları zəiflədib Qüreyşi özlərindən razı sala bilərlər. Buna dəlil isə Rəci’ hadisəsində əsir götürdükləri iki nəfəri öz qəbilələrinə deyil, birbaşa Məkkəyə aparıb Qureyşə təslim etmələridir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ
Riya və təkəbbür
ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ

 
user comment