Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

ӘDALӘT NӘDIR?

ӘDALӘT NӘDIR?

Aydınlaşması zəruri olan ilk məsələ ədalətin nə olmasıdır. Әdalət nədir? Zülm nədir? Әdalətin düzgün və dəqiq məfhumu aydınlaşmayınca, hər bir sə`y puça çıxacaq və səhvlərə yol veriləcəkdir. Ümumiyyətlə bu kəlmənin dörd mə`nası və ya dörd işlənmə yeri vardır.

1. Mütənasiblik; Müxtəlif hissələrdən təşkil edilmiş və müəyyən hədəf daşıyan bir toplumu nəzərə alsaq görərik ki, həmin şeyin müxtəlif hissələrinin sayı, keyfiyyəti və onların bir-biri ilə əlaqə və bağlılığı xüsusi şəraitə məxsusdur. Həmin toplum yalnız deyilən şəraitdə qalaraq istənilən tə`sirini göstərib lazımı rolunu oynaya bilər. Məsələn, yaşamaq və qalmaq istəyən cəmiyyət mütənasib olmalıdır, yə`ni onda hər bir şey bərabər şəkildə deyil, mütənasib şəkildə olmalıdır. Mütənasib cəmiyyət iqtisadi, siyasi, mədəni, hüquqi və tərbiyəvi işlərə möhtacdır və həmin işlər şəxslər arasında bölüşdürülməlidir. Işlərin hər birinə lazım və zəruri olan qədər adam tə`yin edilməlidir. Ictimai tənasüblük baxımından zəruri olan məsələ budur ki, ehtiyacların qədəri nəzərdə tutulmalı və ona uyğun və mütənasib şəkildə büdcə və güc sərf edilməlidir. Burada ortaya məsləhət, yə`ni ümumi kütlənin mənafe məsələsi çıxır. Burada kütlənin qalması və həmin ümumi kütlədən nəzərdə tutulan hədəflər nəzərə alınır. Bu baxımdan «fərd» (və ya azlıq) yalnız vasitədir və o özü üçün xüsusi hesaba malik deyil.

Fiziki tənasüblük də bu cürdür. Belə ki, məsələn müəyyən hədəflər üçün düzəldilən və tam düzəldilməsi üçün müxtəlif şeylərə ehtiyacı olan maşının mütənasib olması üçün, onun düzəldilməsində hər bir maddədən lazım və zəruri olan və ehtiyac duyulan qədər istifadə edilməlidir.

Kimyəvi tarazlıq da belədir. Hər bir kimyəvi tərkib müəyyən formula malikdir və onu təşkil edən ünsürlər arasında xüsusi nisbət və uyğunluq vardır. Yalnız həmin formul və həmin müxtəlif uyğunluqların riayət edilməsi ilə tənasüb yaranır və həmin formul düzəlir.

Dünya da mütənasibdir. Әgər belə olmasaydı, yerində qalmaz və müəyyən və müntəzəm cərəyan və axına malik olmazdı. Qur`ani-kərimdə deyilir:

وَالسَّمَاء رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ

«Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!» (ər-Rəhman-7).

Təfsirçilərin dedikləri kimi, bu ayədən məqsəd budur ki, dünyanın quruluşunda tənasüb riayət edilib; hər bir şeydə hər bir maddədən lazım olan qədər istifadə edilib, fasilələr ölçülüb və sair. Peyğəmbərdən (s) nəql edilmiş hədisdə deyilir: «Göylər və yer ədalət vasitəsi ilə dayanıb.»

Әdalətin bu mə`nasının müqabil nöqtəsi zülm deyil, qeyri-mütənasiblikdir. Buna görə də ədalətin bu mə`nası bizim söhbətimizin mövzusundan xaricdir.

Ilahi ədalətə ayrı-seçkiliklər, fərqlər və pisliklər baxımından tutulan iradlara cavab vermək istəyənlərin çoxu, məsələni ədalət və zülm baxımından irəli sürmək əvəzinə, onu tənasüb və qeyri-mütənasiblik baxımından araşdırıblar. Buna görə də bütün ayrı-seçkiliklər, fərqlər və pislikləri dünyanın ümumi quruluşu baxımından lazımı və zəruri bilməklə kifayətləniblər.

Dünyanın ümumi quruluşu baxımından və onda olan zəruri tənasüb nöqteyi-nəzərindən, mövcud şeylərin olmasının labüdliyində heç bir şübhə yoxdur. Amma bu mətləb zülm barəsində olan iradlara cavab vermir.

Tənasüb mə`nalı ədalət, dünyanın ümumi quruluşunda və ümumi baxışda tənasübsüzlüyün müqabilində durur. Amma zülm müqabilində olan ədalət bəhsi, hər bir şəxs və dünyanın tək-tək hər bir hissəsi barəsindədir. Birinci mə`nalı ədalətdə ümumi mənfəət, ikinci mə`nada isə fərd və şəxslərin haqq məsələləri irəli sürülür. Buna görə də irad tutan şəxs deyir ki, mən dünyada tənasübün olmasını inkar etmirəm, sadəcə olaraq deyirəm ki, bu tənasüblərin riayət edilməsi istər-istəməz bə`zi ayrı-seçkiliklərin olmasını tələb edir; həmin ayrı-seçkiliklər, ümumi mənfəəti nəzərə alanda rəva, cüz`i və fərdi cəhətləri nəzərə alanda isə xoşagəlməzdir.

Tənasüb mə`nalı ədalət, Allahın həkim və alim olmasının şə`nindəndir. Həkim və alim olan Allah hərtərəfli elmi və ümumi hikməti nəticəsində hər bir şeyin quruluşu üçün nədən nə qədər lazım və zəruri olmasını bilir və onda, həmin şeydən lazım olan qədər də qoyur.

2. Әdalətin ikinci mə`nası bərabərlik və hər bir ayrı-seçkiliyin rədd edilməsidir. Bə`zən filankəs ədalətlidir deyəndə, onun insanlar arasında heç bir ayrı-seçkilik qoymaması nəzərdə tutulur. Buna görə də burada ədalətdən məqsəd bərabərlikdir.

Bu tə`rifin izaha ehtiyacı var. Belə ki, əgər məqsəd ədalətin heç bir ləyaqəti nəzərə almamağı tələb etməsi və hər bir şey və hər bir şəxsə bir gözlə baxılmasını zəruri sayması nəzərdə tutulursa, məhz bunun özü zülmdür. Әgər bərabər bölüşdürmək ədalətdirsə, bərabər bölüşdürməmək də ədalət olacaqdır. Avamcasına deyilən «Bərabər zülm də ədalətdir» cümləsi də bu nəzərdən yaranıb.

Amma, əgər məqsəd bərabər layiqlilik və haqlarda bərabərliyin riayət edilməsidirsə bu, düzgün mə`na daşıyır. Әdalət bu cür bərabərliklərin riayət edilməsini tələb edir və həmin bərabərliklər ədalətin tələblərindəndir. Amma belə olan surətdə bu mə`na izah edəcəyimiz üçüncü bir mə`naya qayıdır.

3. Әdalətin üçüncü mə`nası şəxslərin haqlarının riayət edilməsi və hər bir haqq sahibinə öz haqqını verməkdir. Zülm isə başqalarının hüquqlarını pozmaq və onların haqlarını zəbt etməkdir. Ictimai ədalətin həqiqi mə`nası, yə`ni insani qanunlarda riayət edilməsi zəruri olan və bəşəriyyətin hörmətlə yanaşmalı olduğu ədalət bu mə`nadadır. Bu ədalət iki şeyə əsaslanır.

Onlardan biri hüquq və üstünlüklərdir. Belə ki, insanlar bir-birlərinə nisbətdə və bir-birləri ilə müqayisədə bir növ hüquq və üstünlüklər qazanırlar. Məsələn, öz zəhməti ilə məhsul yetişdirən və ya istehsal edən şəxs təbii olaraq həmin məhsuldan istifadədə başqalarına nisbətdə üstünlüyə malik olur. Bu üstünlüyün mənşəyi onun zəhmət və fəaliyyətidir. Həmçinin anadan doğulmuş uşaq ana südünə qarşı haqq və üstünlüyə malik olur və uşağın bu üstünlüyü əldə etməsinin səbəbi həmin südü bu uşaq üçün yaratmış hədəfli yaradılış qanunudur.

Digəri isə insanın zati xüsusiyyətidir. Insan elə yaradılıb ki, o, çarəsiz olaraq öz işlərində şərti düşüncələr adlandırdığımız xüsusi düşüncələrdən istifadə edir. O, həmin şərti düşüncələrdən «iş aləti» kimi istifadə edərək öz təbii məqsədlərinə çatır. Həmin düşüncələr bir sıra «inşai» düşüncələrdir ki, bir sıra «gərək»lərlə müəyyənləşdirilir. Bunlara misal olaraq demək olar ki, hər hansı bir cəmiyyətin üzvləri, öz səadət və xoşbəxtliklərinə daha yaxşı çatmaları üçün hüquq və üstünlüklərə riayət etməlidirlər, yə`ni onlar «gərək» hüquq və üstünlüklərə riayət etsinlər. Hər bir şəxsin vicdanının təsdiqlədiyi və bunun müqabil nöqtəsi olan zülmü məhkum edərək pislədiyi insani ədalətin mə`nası budur.

Mövləvi məşhur şe`rlərinin birində belə deyir:

Әdl çe bud? Vəz`əndər mozeəş  Zolm çe bud? Vəz`dər namozeəş

Әdl çe bud? Ab de əşcarra         Zolm çe bud? Ab dadən xarra

Moze`e rox, şəh nəhi viranist    Moze`e şəh? Pil həm nadanist

`nası: Әdalət nədir? Hər şeyi öz yerinə qoymaq. Zülm nədir? Şeyi öz yerinə qoymamaq. Әdalət nə oldu? Ağaclara su vermək. Zülm nə oldu? Tikanı sulamaq. (Şahmatda) topun yerinə şah qoymaq virançılıqdır. Şahın yerinə fil qoymaq da nadanlıqdır.

Әdalət və zülmün bu mə`nası, bir tərəfdən üstünlüklər prinsipi əsasında olması, digər tərəfdən isə insanın naçar olaraq bir sıra şərti düşüncələrdən istifadə etməsi və «gərək»lər və «olmamalı»lar düzəldərək «yaxşı və pislər» formalaşdırması olan zati xüsusiyyətindən yarandığı üçün, bəşəriyyətə məxsusdur və Allahdan uzaqdır. Çünki əvvəllər dediyimiz kimi O, mütləq malikdir və heç bir varlıq onunla müqayisədə bir şeyə sahib olmaqda üstünlüyə malik deyil. O, mütləq malik olduğu kimi həm də mütləq «üstün»dür. Onun, hər bir şeydən istənilən formalı istifadəsi, öz mülkündən istifadə etməsidir. Buna görə də bu mə`nalı zülm, yə`ni başqasının haqq və üstünlüyünə təcavüz və başqasının haqqından istifadə və başqasının mülkiyyətinə qədəm qoymaq Onun barəsində qeyri-mümkündür. Bu, ona görə qeyri-mümkündür ki, həmin iş zahirdə gerçəkləşə bilmir.

4. Әdalətin digər mə`nası isə vücud verilməsində haqqın riayət edilməsi və vücuda gəlmək və ya kamala çatmaq imkanı olan yerdə feyz və rəhmət verilməsindən imtina etməməkdir. Biz sonrakı söhbətlərimizdə varlıqların, varlıq aləmində ləyaqət və tutumları və varlığın başlanğıcından feyzi qəbul etmək baxımından bir-birləri ilə fərqli olmaları barəsində danışacağıq. Hər bir varlıq tutduğu dərəcədən asılı olmayaraq, feyzi qəbul etmə baxımından özünəməxsus ləyaqət və tutuma malikdir. Mütləq kamal, xeyir və feyz verən olan Haqqın müqəddəs zatı, hər bir varlığa vücud və kamaldan onun imkanı olan qədər əta edir və heç nəyi əsirgəmir. Bu nəzəriyyəyə əsasən, ilahi ədalət yaradılışda, tutduğu dərəcədən asılı olmayaraq hər bir varlığa layiq olduğu və qəbul etmək imkanı olan qədər əta etmək mə`nasınadır. Zülm isə varlığın layiq olduğu feyz və bərəkəti ondan əsirgəmək deməkdir.

Islam filosoflarının fikrincə, Allahın zatına layiq olan və Onun zatı üçün kamillik sifəti kimi isbat edilən ədalət sifəti və həmçinin, naqislik sifəti olan və Ondan uzaqlaşdırılan zülm də həmin mə`nadadır.

Filosoflar deyirlər ki, heç bir varlığın, Allahın boynunda, verilməsi vacib olan və borcun qaytarılması sayılan haqqı yoxdur və Allah-taalanın ədalətli hesab edilməsinin səbəbi Onun başqaları müqabilində olan həmin vəzifəsini diqqətlə yerinə yetirməsi deyil. Allah-taalanın ədaləti eynilə Onun fəzl və bəxşişidir, yə`ni Allahın ədaləti budur ki, O heç bir varlıqdan onun imkanı olan qədər fəzl göstərməsini əsirgəmir. Həzrət Әli (ə)-ın Nəhcül-bəlağənin 214-cü xütbəsindəki sözünün mə`nası da budur. O həzrət buyurur: «Haqq birtərəfli deyil. Әgər birinin digərinin boynunda haqqı olursa, digərinin də onun boynunda haqqı olur. Yalnız Allah-taaladır ki, varlıqların boynuna haqq qoyur və varlıqlar Onun müqabilində bir sıra vəzifələr yerinə yetirməli olurlar. Amma heç bir varlığın onun boynunda haqqı olmur.»

Әgər biz yeganə və düzgün miqyas olan bu me`yarla araşdırma aparsaq «şər», «ayrı-seçkilik», «zülm» və bu kimi digər şeylərin arasında, hansısa varlığın doğrudan da vücuda gəlmək imkanına malik ola-ola vücuda gətirilməməsinin olub-olmamasına və ya ümumi varlıqda hansısa kamillik mərtəbəsinə çatmaq imkanına malik olmasına baxmayaraq, ondan əsirgənilməsinə baxmalıyıq. Görəsən hansısa bir varlığa verilməməli olan bir şey verilibmi? Yə`ni Haqqın zatı tərəfindən xeyir və bərəkət verilməsi əvəzinə, şər və bədbəxtlik, kamillik yerinə isə, əksinə tam naqislik olan bir şey verilibmi?

Sədrul-Mütəəllihin «Әsfar» kitabının ikinci cildinin «növün formaları» bəhsində «kainatın (zaman hadisliyi ilə hadis olan varlıqlar) vücuda gəlmə tərzi necə vücuda gəlməlidir?» adlı bir fəsil var. O həmin fəsildə filosof baxışları ilə ilahi ədalətin mə`na və məfhumuna işarə edərək belə deyir:

«Bundan əvvəl bildiniz ki, maddə və forma təbii işlərin iki yaxın səbəbidir və onların bir-birlərindən ayrılmazlıqları bəhsində belə nəticəyə gəlindi ki, maddiyyatdan üstün bir amil də vardır. Gələcəkdə — ümumi hərəkətlər bəhsində hərəkətlərin maddiyyatdan da üstün, son hədəflərinin olmasını isbat edəcəyik; maddiyyatdan üstün olan amil və hədəf, maddi varlıqlardan uzaq olan iki səbəbdir. Әgər həmin iki uzaq səbəb, maddi varlıqların yaranmasında kifayət etsəydi, maddi varlıqlar həmişəlik olaraq qalar, fanilik və yoxluq onlara yol tapmazdı və onlar elə əvvəldən özlərinin bütün layiqli kamilliklərinə sahib olar və onların əvvəlləri eynilə axırları kimi olardı. Amma həmin iki uzaq səbəb kifayət deyil və iki yaxın səbəb (maddə və forma) də tə`sirlidirlər. Başqa bir tərəfdən formalar arasında ziddiyyət bərqərardır və ilkin keyfiyyətlər fəsada uğrayır və hər bir maddə ziddiyyətdə olduğu surətlərin imkanlarına malikdir. Buna görə də hər bir varlıq iki ziddiyyətli imkan və ləyaqət əldə edir və onda iki növ ziddiyyətli tələbat yaranır. Həmin ziddiyyətlərdən biri forma, digəri isə maddə tərəfindəndir. Forma qalmaq və mövcud vəziyyəti qorumağı, maddə isə vəziyyəti dəyişərək əvvəlki formada zidd hala düşməyi tələb edir. Bu iki zidd ləyaqət tələbatın bir anda yerinə yetməsi mümkün deyil, çünki maddə eyni anda bir-birinə zidd formalara malik ola bilməz. Ilahi bəxşiş aləmlərin ən aşağı səviyyəlisi olan bu aləmin maddəsinin formalar vasitəsi ilə təkmilləşdirilməsini tələb edir. Buna görə də ilahi hikmət, formaların daimən zaman boyu dəyişərək yerini əvəz etməsi və hər bir hal və formanın zəruri olaraq müəyyən zamana aid olması və varlıqlardan bəhrələnə bilməsi üçün dövrü hərəkət, fasiləsiz zaman və dəyişkən maddəni yaradıb. Həmçinin maddə müştərək olduğu üçün, hər bir forma digər formanın yanında sahibinə verilmək haqqına malikdir; «ədalət» bu formanın maddəsinin digərinə, digərinin isə buna verilməsini və beləliklə maddənin formalar arasında dövr etməsini tələb edir. Həmin ədalət və haqların riayət edilməsi xatirinə görədir ki, aləmin quruluşu fərdlərin deyil, növlərin qalmasına əsaslanır».

Söz bura çatanda qarşıya digər bir sual çıxır: Bütün əşyalar Allah müqabilində bərabər nisbətlə dayandıqları üçün, ortada haqq məsələsi yoxdur ki, ədalət haqların riayət edilməsi mə`nasında gerçəkləşsin? Әgər Allah barəsində hər hansı ədalət gerçəkləşirsə o, bərabərliklərin riayət edilməsi mə`nasında olan ədalətdir. Çünki deyildiyi kimi, haqların riayət edilməsi baxımından ortada heç bir fərq məsələsi yoxdur. Deməli, haqların riayət edilməsi və bərabərliklərin nəzərə alınması mə`nasında olan ədalət, Allah barəsində olduqca müəyyən bir nəticə verir. Buna görə də ilahi ədalət məxluq və yaradılmışlar arasında heç bir ayrı-seçkilik və fərqin olmamasını tələb edir, halbuki onlar arasında müxtəlif fərqlər var. Ümumiyyətlə mövcud olan şey fərq, çeşidlilik, səviyyə və dərəcə ayrılıqlarıdır.

Bu sualın cavabı budur ki, əşya barəsində Allaha nisbətdə işlədilən haqq və ləyaqətlərin mə`nası, yaranma ehtiyacı və imkanı və ya varlığın kamalıdır. Yə`ni Allah-taala mütləq amil və feyz verməsi vacib olan vücud olduğu üçün, vücuda gəlmək və ya bir növ kamal əldə etmək imkanı olan hər hansı bir varlığa vücuda gəlmə imkanı və ya kamal əta edir. Sədrul-Mütəəllihindən nəql etdiyimiz kimi, Allah ədalətinin mə`nası Onun, heç bir əsirgəmə olmadan varlıq imkanı olan və varlıqda kamal imkanına malik bütün varlıqlara qarşı ümumi feyz və bəxşişindən ibarətdir.

Bəs imkan və haqqa malik olmalardakı fərqlərin kökü haradadır? Ilahi feyzin ümumi və sonsuz olmasına baxmayaraq, əşyaların zatında imkan, tutum və ləyaqətlər baxımından fərqlənmələri məsələsi xüsusi bir bəhsdir ki, inşallah iradlara cavab verərkən onları da izah edəcəyik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment